Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Qlobal İmperializmə Qarşı Mübarizə günü münasibəti ilə şagird və tələbələrlə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

الحمدلله ربّ العالمین والصّلاة والسّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّةالله فی الارضین

Əziz gənclər, yeniyetmələr, sizin iştirakınız sayəsində bugünkü görüşümüz hədsiz dərəcədə nurani bir görüşdür. İlahi nurların gənclərin nurlu, saf qəlbində inikası onların olduğu hər bir məkanı aydınladır, işıqlandırır, mənim kimilər də sizin saflığınızdan, ilahi nurla aydınlaşmış təmiz qəlblərinizdən bəhrələnir. Xoş gəlmisiniz! Görüşün açılışını da çox gözəl etdiniz: əziz qardaşımızın çox yüksək səviyyəli, məharətli və gözəl tilavəti, seçdiyi ayələr, ardınca da kollektiv şəkildə oxunan gözəl dini nəğmə – həm mənası, həm də müsiqisi gözəl idi – şükürlər olsun ki, bu mərasimi siz gənclərin təşəbbüskarlığı ilə rayihələndirdi.

Bu görüş aban ayının 13-ü, yəni sabahkı gün münasibəti ilə təşkil olunub. Aban ayının 13-ü bir neçə hadisənin üst-üstə düşdüyü bir tarix olduğuna baxmayaraq (dahi İmam Xomeyninin (r.ə) sürgünü, Tehran küçələrində şagirdlərin qətlə yetirilməsi), bu günü məşhur və yaddaqalan edən Amerika səfirliyinin, daha doğrusu, casus yuvasının ələ keçirilməsi olmuşdur. Odur ki 13 aban ölkəmizdə tamamilə haqlı və layiqli olaraq Qlobal İmperializmə Qarşı Mübarizə günü kimi qeyd olunsa da, fikrimcə, bu gün Gənclər günüdür; mömin, inqilabçı, şücaətli, qorxmaz, təşəbbüskar, düşmənin plan və manevrlərinin qarşısını almaq üçün qolunu çırmayıb hərəkətə keçən gənclərin günüdür. Məhz bu baxımdan bu gün Gənclər günüdür. O gündən uzun illər keçdiyinə baxmayaraq, bu tarixin daşıdığı məna hələ də yaşamaqda, davam etməkdədir. Sizin də bildiyiniz kimi, İmam Xomeyninin (r.ə) bu hadisəni “İkinci inqilab” adlandırması səbəbsiz deyildi. Düşmən inqilabın qələbə çaldığı ilk dəqiqələrdən, hətta bəlkə ondan da qabaq öz məkrli planlarına başlamışdı. Amerikalılar hələ inqilabın qələbəsindən bir neçə gün əvvəl bir çevriliş edib xalqın hərəkatını nəticəsiz qoymaq üçün bura adam göndərmişdilər, amma təbii ki, bunu bacarmadılar. İnqilab qələbə çaldıqdan sonra da cürbəcür işlər gördülər, səylər göstərdilər; istər ABŞ senatının ilk gündən etibarən İİR əleyhinə sərgilədiyi rəsmi siyasi mövqe, düşmənçilik elan etmələri, embarqo qoymaları olsun – bunlar rəsmi surətdə, açıq-aşkar görülən işlər idi – istərsə də qeyri-rəsmi yollarla həyata keçirdikləri fəaliyyətlər, ölkə daxilindəki agentləri, muzdurları ilə əlaqə yaradıb, müxtəlif etnik qruplardan xalq arasında qarşıdurma yaratmaq məqsədi ilə istifadə etmək cəhdləri olsun; paylarını da aldılar. Həm ölkəmizin ərazisində yaşayan etnik qruplar özləri Amerikaya qarşı çıxdılar – ərəbimiz, türkümüz, kürdümüz, lorumuz, türkmənimiz; hamısı bu məkrli planın hədəfi idi – həm də mömin gənclər, o vaxtlar hələ “keşikçi”, “bəsici” adını daşımayan, amma sözün həqiqi mənasında İslam İnqilabının keşikçisi, inqilab yolunun könüllüsü olan gənclər gedib Amerikanın o məkrli planını neytrallaşdırdılar. Odur ki amerikalılar hələ ilk saatlardan etibarən fəaliyyətə başlamışdılar, özü də hələ bunlar burada – Tehranda, ABŞ səfirliyinin daxilində həyata keçirilən işlərdən əlavə idi. Gənclərimiz gedib o mərkəzi ələ keçirdikdən, işçilərin kağızdoğrayanlar vasitəsi ilə doğrayıb məhv etməyə çalışdığı sənədləri böyük zəhmətlə toplayıb, yapışdırıb kitab halına saldıqdan sonra bu illər ərzində ABŞ səfirliyində hansı məkrli planların hazırlandığı ortaya çıxdı. Həmin sənədlər əsasında tərtib olunmuş kitablar 70 cildə yaxındır; sizlər heç onları oxumusunuz? Nəyə görə bizim təhsil ocaqlarımızda, orta məktəblərimizdə, universitetlərimizdə həmin kitablardan seçilmiş qısa nümunələr tədris olunmur? Nə üçün? Bu, mənim narazı qaldığım məsələlərdən biridir. Burada yeni Təhsil Naziri (1) də  iştirak edir; bu həqiqətləri nə üçün dərs proqramına daxil etmirsiniz? Nə üçün qoymursunuz ki, yetişməkdə olan gənc nəslimiz amerikalıların burada nələr törətdiklərini, hansı məkrli planlar yürütdüklərini bilsin, bütün bunlardan xəbərdar olsun? Tələbələrin səfirliyi ələ keçirmək məqsədi ilə atdığı və qələbə ilə nəticələnən bu addım, əslində, onların bütün bu alçaqlığına verilən reaksiya idi; yəni bu addımla həyasız, tamahkar Amerika imperializminin ölkədə manevr etməsinin qarşısı alındı; inqilab bu deməkdir. Bu hegemon ölkə 25-30 il boyunca burada istədiyini etməyə, İranı, onun dövlətini, hökumətini, padşahını, neftini, təbii resurslarını, mədən ehtiyatlarını, gələcəyini – bir sözlə hər şeyini öz malı hesab etməyə adət etmişdi. İnqilabın qələbəsi ilə bütün bu imkanlar onların əlindən alınmışdı, ona görə də hücuma keçmək niyyətində idilər, amma gənclərın ardıcıl olaraq onların bütün hücumlarının qarşısını aldığını, İran xalqının duruş gətirib müqavimət göstərdiyini, bu böyük hərəkatın başında isə şəxsən dahi İmam Xomeyninin (r.ə) durduğunu gördülər.

O günlər baş verən proseslərdə mən özüm də epizodik olaraq iştirak etmişəm; dəfələrlə casus yuvasına gedib-gəldik, oradakı gənclərlə, başqaları ilə, İnqilabi Şuradakılarla – o vaxt mən İnqilabi Şuranın üzvü idim – oturub söhbət etdik, bu hərəkatın qarşısının alınması üçün kənar-bucaqda hansı hadisələrin baş verdiyindən xəbərdar idik; bütün bunlara baxmayaraq, İmam (r.ə) müqavimət göstərdi. Əzizlərim, Amerikanın məsələsi belədir.

Mən burada iki yanlışlığa düzəliş vermək istəyirəm. Bu gün ictimaiyyətimizin zehninə iki yanlış düşüncə yeridilir, bunu edənlər isə, ilk növbədə, imperializm sistemi və Amerikanın özü, ikinci növbədə isə daxildəki bəzi insanlardır; o insanlar ki – mən hamını ittiham etmirəm – bəziləri Amerikanın siyasi-kəşfiyyat orqanlarına və ya xüsusi mərkəzlərinə bağlıdırlar, bəzilərinin isə həmin orqanlarla heç bir əlaqəsi yoxdur, yorulanlar, peşman olanlar, dünya ləzzətlərinin dadı dilinə dəyənlərdir. Xaricdəkilər bu iki yanlış düşüncəni bu birilərə ötürür, bunlar da yayırlar; universitetlərdə, ondan kənarda, mətbuatda, müxtəlif yerlərdə. Bu gün mən bu iki yanlış düşüncəyə düzəliş vermək istəyirəm.

Təbliğ etdikləri səhv düşüncələrdən biri İmamın (r.ə) söylədiyi “Amerikaya səsiniz çıxdığı qədər bağırın!” (2) fikri ilə əlaqədardır. Qeyd edim ki, bu fikir hazırda da keçərlidir, aktualdır. Belə bir rəy formalaşdırmağa çalışırlar ki, İmamın bu fikri təəssübkeşlik və xudbinlikdən irəli gəlir, yəni arxasında heç bir məntiq dayanmır; beyinlərə bunu yeritməyə çalışırlar. Demək istəyirlər ki, ABŞ-ın qarşısında sinəsini sipər edib duran, məkrli planlarını ifşa edən gənclərimiz, inqilabçılarımız, xalqımız, rəsmilərimiz bunu gözübağlı fanatizm, kor-koranə təəssübkeşlik üzündən edirlər; demək istədikləri budur. Halbuki reallıq bu deyilənlərin 180 dərəcə əksinədir. İmamın (r.ə) buyurduğu “Amerikaya var gücünüzlə bağırın!” cümləsinin arxasında güclü bir məntiq dayanır. Həmin məntiq budur ki, ABŞ-ın siyasəti tamahkarlığa, başqalarının haqqına əl uzatmağa əsaslanır. Yarandığı bu 250 ildə Amerikanın tarixi göstərir ki (əlbəttə, əvvəllər bu daha az müşahidə olunurdu, təxminən 100 il, ya bundan bir qədər az vaxtdan bəri isə artıb) bu ölkənin siyasəti ümumilikdə öz daxili təhlükəsizliyini dünya ölkələrinə işğalçılıq əlini uzatmaqla, böyük güc və nüfuz mənbəyi olan regionlarda ağalığı ələ keçirməklə təmin etmək üzərində qurulub; bu cür davranırlar; siyasətləri bundan ibarətdir. Qərbi Asiya regionunda, şah dönəmində İranda və bizə qonşu ölkələrdə məhz bu siyasəti həyata keçiriblər. Məhz buna görə o vaxtkı Sovet İttifaqı ilə güc yarışı aparırdılar – o, özünə tərəf çəkirdi, bu biri də özünə – İran da ABŞ-ın nüfuz dairəsində idi. İslam İnqilabının qələbəsindən sonra azacıq diqqətsizliyə yol verilməsi qapıdan qovduğumuz düşmənin pəncərədən qayıtması ilə nəticələnə bilərdi; amma İmam (r.ə) imkan vermədi, bunun qarşısını aldı. 

İmam: “Amerikaya müqavimət göstərin, səsiniz çıxdığı qədər ona bağırın!” – deməklə dəyərlərin müdafiəsini nəzərdə tuturdu; təkcə müsəlmanlara aid olan dəyərlərin yox, bütövlükdə hümanizm dəyərlərinin. Bu gün amerikalıların özlərinin də etiraf etdikləri kimi, ABŞ dövləti hümanizm dəyərlərindən kilometrlərlə uzaq düşüb. Amerika prezidentliyinə namizədlərdən (3) ikisinin seçki öncəsi deyişməsini gördünüzmü? Dilə gətirdikləri həqiqətləri gördünüzmü? Eşitdinizmi? Onlar Amerikanı ifşa etdilər, iç üzünü göstərdilər. Mənim onlar haqda dediyim, bəzi insanların inanmadığı, inanmaq istəmədiyi həqiqətlərin qat-qat artığını özləri etiraf etdilər. Maraqlısı budur ki, bu reallıqları açıq-aşkar dilə gətirən şəxs xalqın diqqətini daha çox çəkdi. Həmin namizəd bu reallıqları daha açıq və pərdəsiz şəkildə anlatdığı üçün Amerika xalqının diqqətini daha çox cəlb elədi. Rəqibi isə onu populizmdə, primitiv danışmaqda ittiham etdi; nəyə görə primitiv olur ki? Ona görə ki, xalq onun dediklərinə nəzər salıb doğru danışdığını görür, deyilən həqiqətləri öz yaşamında müşahidə edirdi?! Bu ölkədə hümanist dəyərlər yox olub, tapdalanıb; irqi ayrı-seçkilik hökm sürür. Elə bundan bir neçə gün əvvəl həmin namizəd seçkiqabağı çıxışında durub dedi ki, “Əgər dərinizin rəngli fərqlidirsə, qara və ya qırmızıdərilisinizsə, Nyu-York, Çikaqo, Vaşinqton, Kaliforniya və digər ştatlarda küçədə yol getdiyiniz zaman bir neçə dəqiqə sonra həyatda olub-olmayacağınıza əmin ola bilməzsiniz”. Diqqət edin, bunu bir neçə gün sonra Ag Evə daxil olub Amerikanı idarə edəcəyini gözləyən bir şəxs deyir! Amerikanın irqçiliyi budur.

Amerikadakı yoxsulluqdan da danışdı. Bu ölkədə 44 milyon insanın ac olduğunu dedi. O da, digər namizədlər də söylədilər ki, ölkədə vətəndaşların yalnız 1%-dən azı milli sərvətə 90% sahibdir. ABŞ-da insani dəyərlər tapdalanır; diskriminasiya, müxtəlif qarşıdurmalar, irqçilik, insan haqlarının pozulması – hamısı orada var. Sizin “Amerikaya ölüm!” şüarınız, İmamın (r.ə) buyurduğu: “Amerikaya səsiniz çıxdığı qədər bağırın!” fikri məhz bu haqsızlıqlara ölüm arzulamaq mənasındadır. Məhz bunlara görə İmam: “Səsiniz çıxdığı qədər Amerikaya bağırın!” – deyirdi.

Bütün bunlar məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi və olduqca önəmli olan başqa bir amil isə bundan ibarətdir ki, onlar elə ilk gündən İran xalqına zərbə endirmək üçün zəmin hazırladılar. Yəni Məhəmməd Rzaya Amerikada sığınacaq verdilər ki, burada şərait hazırlasınlar, ölkə daxilində onun adamlarını gücləndirsinlər, o özü də orada qalsın, daha sonra 1332-ci il mordad ayının 28-də, yəni inqilabdan 25 il öncə törətdikləri hadisəni ikinci dəfə yenidən həyata keçirsinlər. Mordadın 28-də Məhəmməd Rza İrandan qaçmışdı, amerikan və ingilislər də əl-ələ verib gizli şəkildə ölkəyə daxil olmuş, müxtəlif ölkələrin səfirliklərinə sığınaraq onların köməyindən yararlanmış, öz adamlarını hərtərəfli hazırlayıb silahlandırmış, xalqın o vaxtkı məlumatsızlığından da istifadə edib Məhəmməd Rzanı yenidən ölkəyə geri qaytarmışdılar. O qayıdışla da 25 il bu xalqa qan uddurdular. Amerika həmin senarini yenidən həyata keçirmək istəyirdi, amma İmam (r.ə) bu təxribatın qarşısını aldı, onların önünə sədd çəkdi, İran xalqını qəflətdən oyatdı və xalq da hərəkətə gəldi. Odur ki ABŞ əleyhinə olan bu şüarlar, ona bağırmaq, etiraz etmək ideyası kor-koranə təəssübkeşlikdən, nadanlıqdan, inadkarlıqdan irəli gəlmir, məntiqə əsaslanır, arxasında bir düşüncə, məntiq dayanır. Elə isə həm əziz gənclərimiz, həm də qələm və söz sahibi olan, ictimai tribunaya malik olan hər kəs – mətbuatda, universitetlərdə, məktəblərdə və digər yerlərdə – bilməli və diqqət yetirməlidir ki, əgər İran xalqı ötən otuz ildə olduğu kimi, bu gün də ABŞ əleyhinə etiraz şüarları səsləndirirsə, onun bu davranışı möhkəm bir məntiqə əsaslanır. 

Bu müddət ərzində Səddamla 8 il müharibə apardıq, ABŞ onun arxasında möhkəm durdu; gücləri yetdiyi qədər ona hərtərəfli kömək göstərdilər. Amerikalılar bizimlə müharibədən öncə bir cür, müharibə boyunca, müharibədən sonra, bu günə kimi də bir cür, nüvə danışıqları məsələsində bir cür, Birgə Kompleks Tədbirlər Planı imzalandıqdan sonra da bir başqa cür düşmənçilik ediblər. Nüvə danışıqlarında ABŞ-ın nümayəndəsi qismində iştirak etmiş o cənab (4) bundan bir neçə gün əvvəl durub açıq-aşkar dedi ki (bizim televiziya kanallarımızda da yayımlanıb), “Biz nüvə razılaşmasından sonra da İrana qarşı sanksiya tətbiq etmişik”. ABŞ budur! İran xalqının Amerikaya göstərdiyi müqavimət məntiqə əsaslanır. Demək, birinci səhv budur ki, xalqın Amerikaya kor-koranə inad üzündən müqavimət göstərdiyi barədə təsəvvür yaratmaq istəyirlər. Əslində isə əksinədir; xalq Amerikaya məntiqlə müqavimət göstərir. Bu, birinci səhvin düzəlişi. İkinci səhv; bu da yenə yanlış bir təsəvvürlə bağlıdır, amerikalılar tərəfindən bu və ya digər formada ictimaiyyətimizin beyninə yeridilir, daxildəki müəyyən insanlar da onu genişləndirir və qeyd edim ki, bu ikinci birincidən daha təhlükəlidir. Həmin yanlış təsəvvür bundan ibarətdir ki, əgər biz ABŞ-la dil tapıb yola getsək, ölkəmizin bütün problemləri həll olunacaq.

Bu çox əcaib və son dərəcə təhlükəli səhvlərdən biridir. “ABŞ-la dil tapsaq, ölkənin problemləri çözülər” – deyirlər. Bu fikrin yanlış və aldadıcı olduğunu sübut etmək üçün 10-a yaxın dəlil sadalamaq olar. ABŞ-la dil tapmaq heç bir vəchlə ölkənin problemlərini aradan qaldırmayacaq; nə iqtisadi, nə siyasi, nə təhlükəsizliklə bağlı, nə də əxlaqi problemlərini; əksinə, daha da betər olacaq. Buna 10-15 sübut saymaq mümkündür; götürək elə bu axırıncı nüvə anlaşması məsələsini. Həmin müzakirələr ərəfəsində mən onların götürdükləri öhdəliklərə əməl etməyəcəyini, yalançı olduqlarını, verdikləri sözün üzərində durmayacaqlarını dönə-dönə vurğulamışdım; indi özünüz də gördünüz! Artıq bu gün: “Onlar öhdəliklərinə əməl etmirlər” – deyən təkcə mən deyiləm; bunu möhtərəm ölkə rəsmilərimiz, o boyda zəhmətlə, bir ildən də artıq müddət ərzində müzakirələr aparmış, müxtəlif toplantılarda iştirak etmiş, ölkədən xaricdə 10-15 gün boyunca danışıqlar masası arxasında oturub zəhmət çəkmiş, tər tökmüş, o qədər əziyyətə qatlaşmış nümayəndələrimiz də deyir.

Təxminən bir ay öncə müxtəlif ölkələrin xarici işlər nazirlərinin Nyu-Yorkda keçirilən sammitində (5) bizim möhtərəm Xarici İşlər Naziri də, onlar da iştirak edirdi. Həmin toplantıda Xarici İşlər Nazirimiz onlardan çox sərt bir şəkildə haqq-hesab tələb edib; “Bu işləri görməli idiniz, görməmisiniz, bunları isə etməməli idiniz, etmisiniz”, – deyə onları ciddi ittiham edərək iddia qaldırıb. Təbii ki, heç bir cavab olmayıb; bəli, onlar belədir; “Suriya məsələsində ortaq məxrəcə gəlin”, “Hizbullah” məsələsində dil tapın”, “Əfqanıstan və Pakistan məsələsində anlaşma əldə edin”, “İraq məsələsində razılığa gəlin, “Daxili məsələlərlə əlaqəli sazişə gedin”; kiminlə sazişə gedək? Bir an belə olsun düşmənçiliyindən əl çəkməyən bir dövlətlə?! Onların hədəfi İran xalqının inkişafının, iqtisadi problemlərinin həll olunmasının qarşısını almaqdır; indi gəlib bizim problemlərimizin həllinə kömək edəcəklər?

Əvvəla, qarşı tərəf yalançı, sözünün üstündə durmayan, arxadan xəncər saplayan biridir. Özləri demişkən, görüşmək üçün bir əllərini uzatdıqları halda, o biri əllərində tutduqları daşı qarşısındakı insanın başına vurmağa hazırlaşırlar; bizimlə üz-üzə duran tərəf bu cürdür. İkincisi, İran xalqının problemlərini ABŞ həll edəcək? Amerikanın özü böhran vəziyyətindədir; bunu niyə demirlər? Bunu bu kimi məsələlərdə mühakimə yürütmək səlahiyyəti olan bütün önəmli beynəlxalq qurumlar, hətta amerikalılar özləri belə etiraf edir. ABŞ böhran yaşayır; iqtisadiyyatda, beynəlxalq münasibətlərdə, siyasətdə, əxlaq və mənəviyyatda; özləri böhran içindədir. Hazırda ABŞ-ın xarici borcları təxminən bu ölkənin ümumi daxili məhsulu həddinə yaxınlaşıb, bu isə böhranın göstəricisidir; bunu iqtisadi ekspertlər deyir. Onlar bildirirlər ki, hansısa dövlətin borcu onun ümumi daxili məhsulunun həcminə çatarsa, bu, həmin dövlətin böhran vəziyyətində olduğu deməkdir, belə ölkənin iqtisadiyyatı böhrandadır; bu gün ABŞ belə bir durumdadır. Bu dövlətin xarici borcunun həcmi ümumdaxili məhsulunun təxminən altmış neçə faizinə bərabərdir; belə bir vəziyyətdə olan dövlət kimə kömək etmək istəyir? Onun əsl niyyəti öz durumunu yaxşılaşdırmaq üçün başqalarının qanını sümürmək, sahib olduqlarını əllərindən almaqdır. Amerika gəlib İran iqtisadiyyatının inkişafına kömək edəcək?! Bu, iqtisadi baxımdan.

Siyasi cəhətdən də böhrana məruz qalıblar. Bu gün istisnasız olaraq dünyanın hər yerində – mən bunu tam əminliklə deyirəm – ayağa qalxıb zülmə, diktaturaya etiraz edən hər bir xalqın şüarı “Amerkaya ölüm!” şüarıdır. Vaxt var idi Amerikaya qarşı səslənən bu şüar yalnız bizim ölkəmizə aid idi, bu gün isə Şərqi və Qərbi Asiyanın bir çox ölkələrində, hətta Avropanın özündə, Latın Amerikasında, Afrikada etiraza qalxan hər bir xalqın birinci şüarı ABŞ əleyhinə səslənir; ABŞ-ın mövcud siyasi durumu budur. Bundan da böyük böhran?!

Qərbi Asiya regionu üçün ABŞ-ın öz planı var idi. Siz gənclərin yadında olmaz (əlbəttə, çox keçmişə də aid deyil, 10-12 il bundan öncənin söhbətidir, amma yenə də siz gənclər o günləri xatırlamazsınız) bir dəfə Amerikanın o vaxtkı Xarici İşlər Naziri çıxışlarından birində “Biz Böyük Orta Şərq yaratmaq istəyirik” cümləsini işlətmişdi. Bu fikri ilk dəfə Livan məsələsində, 33 gün çəkən hərbi əməliyyatlar getdiyi zaman səsləndirmişdi. Böyük Orta Şərq nə deməkdir? Onlar Qərbi Asiya regionunu Orta Şərq adlandırırlar, “Böyük Orta Şərq” deyəndə isə Pakistandan Aralıq dənizinə qədər olan bütün ərazini, yəni bu regionda yerləşən bütün ölkələri nəzərdə tuturlar; Amerikanın bütövlükdə bu region üçün ümumi bir planı var idi: əsas rol İsrailə aid olmaqla onların hamısını öz hakimiyyəti altında saxlamaq istəyirdi. “Böyük Orta Şərq” bu deməkdir. Bu gün həmin Xarici İşlər Nazirinin dediyi o “Böyük Orta Şərq”də – bədbəxt; özü də qadın idi (6) – vəziyyət o yerə çatıb ki, onlar Suriyada, İraqda, Livanda çıxılmaz durumda qalıblar, Şimali Afrikada, Liviyada nə edəcəklərini bilmirlər, Yəmən olaylarına müdaxilə ediblər, amma çarəsiz vəziyyətdədirlər. Amerikanın beynəlxalq siyasi durumu budur. Bundan da böyük böhran?! Bu gəlib sizə kömək etmək istəyir?! Bu gəlib bizim ölkənin problemlərini həll edəcək?! 

Biz tam əks mövqedəyik; şükür Allaha; bu, Allahın işidir; Allah-taalanın bu xalqa bəxş etdiyi şücaət, uzaqgörənlik, mübarizlik, çətinliklər qarşısında dözüm kimi xüsusiyyətlər Onun bir lütfüdür. Bu xalqın mömin kişi və qadınları elə bir yol seçdi, elə bir hərəkət etdi ki, bu gün İran xalqı Orta Şərqdə başıucadır. İraqa, Suriyaya, Livana, Yəmənə, Fars Körfəzi ölkələrinə – hara baxsanız, İranın parlaq bir simaya sahib olduğunu görərsiniz. Onlarsa iqtisadi, siyasi, beynəlxalq mövqe, əxlaq və mənəviyyat baxımından böhran yaşayır. Əxlaqi cəhətdən – istər cinsi məsələlər olsun, istərsə də maliyyə sferasındakı korrupsiya halları – böhran içindədirlər; mən bunu özlərinin dediyinə, danışdığına, mətbuatlarında çap etdiyinə (əlbəttə ki, söylənənlər reallıqdan qat-qat azdır), o iki möhtərəm (7) namizədlərinin çıxışlarına əsasən deyirəm; nəticə etibarilə onlardan biri bir neçə gün sonra Ağ Evə girib ölkənin prezidenti kimi fəaliyyətə başlayacaq, ona görə də, yəqin ki, düşünülməmiş, reallıqdan uzaq söz danışmazlar; bir-birini gözləri götürməsə də, Amerikanın iç üzünü açmaq, nüfuzunu məhv etmək üçün əl-ələ veriblər, uğur da qazanırlar (8). Belə bir ölkə İrana necə kömək etmək istəyir? Axı nəyə görə insanlara belə bir səhv düşüncə yeritməyə çalışırlar ki, guya biz Amerika ilə problemlərimizi həll edib dil tapsaq, ölkənin problemləri həll olunacaq? Xeyr, cənablar! Amerika ilə razılığa gəlmək ölkənin problemlərini həll etməyəcək, əksinə onları daha da artıracaq. Əgər siyasi, iqtisadi sferalarda hansısa problemlərimiz varsa, onları biz özümüz həll etməliyik; siz gənclər həll etməlisiniz.

Qoy mən buradaca sizə bir neçə cümlə deyim; axı siz mənim ən əziz insanımsınız; siz mənim öz balalarım kimisiniz, övladlarımsınız, bizim gənclərimiz, ümidlərimizsiniz. Bizim gələcəyimiz, bu ölkənin gələcəyi sizin əlinizdədir. Biz gedəsiyik, qalan siz olacaqsınız, bu ölkəni siz idarə edəcəksiniz. Odur ki sizə bir iki söz demək istəyirəm. Mənim əzizlərim! Özünüzü gələcək üçün, bu ölkəni idarə etmək üçün hazırlayın. Bu ölkənin problemlərinin həlli – istər bu gün yaşadığımız problemlər olsun, istər gələcəkdə üzləşəcəyimiz problemlər, istərsə də hər bir dövlətin, xalqın qarşılaşdığı problemlər; hər halda, problemi olmayan ölkə yoxdur – bu ölkənin problemlərinin əlacı xalqın daxilindən bir iradənin, dözümün baş qaldırmasındadır. Xalqın içindən sarsılmaz iradə, dözüm, müqavimət, əzm, mübarizlik püskürməlidir; xalqımız gözüaçıq, ruhiyyəsi Allah-taalaya təvəkkül və özünəinam sayəsində güclü olmalıdır. Allah-taalaya təvəkkül etsək, öz gücümüzə inansaq, sözsüz ki, ruhiyyəmiz möhkəm olacaq; həm elm sahəsində, həm də idarəçilikdə. Mən inqilabi ruhiyyə məsələsinə böyük həssaslıqla yanaşır və vacibliyini daim vurğulayıram; bu ruhiyyəni qorumaq lazımdır. İnqilabi ruhiyyə nə deməkdir? Bu o deməkdir ki, inqilabi ideyaların daşıyıcısı olan bir insan cəsarətlidir, iş görəndir, təşəbbüskardır, çıxılmaz və düyünlü situasiyalarda çıxış yolları tapmağı bacarır; heç bir şeydən qorxmur, gələcəyə ümidlə baxır, Allah-taalaya bəslədiyi inamla işıqlı gələcəyə doğru addımlayır; inqilabi ruhiyyə budur; bu özəlliklərə sahib olan insan inqilabçıdır; bu inqilabi ruhiyyəni qorumaq lazımdır.

Bəziləri bu söylənənlərin əksinə danışır, əksinə davranır, idarəçilik işlərini bunun əksinə qururlar; bununla da gənclərin sabaha, inqilaba olan inancını sarsıdır, cavanları İmamın (r.ə) ilıq nəfəsindən uzaqlaşdırır, beləcə hər şeyi korlayırlar; sonra da zəmanədən giley-güzar edirlər! Zəmanədən şikayətlənirlər. Zəmanəni kim qurmalıdır? Şair demişkən:

 جُرم زمانه‌ساز فزون از زمانه است

 – Zəmanəni quranın günahı zəmanənin özündən çoxdur (9). Zəmanənin qurucuları kimdir? Bu mənəm, sizsiniz; zəmanəni qurub-yaradan biz özümüzük. Əgər dövran pisdirsə, onda dönüb öz davranışlarımıza baxmalıyıq, çünki qurucular bizik. Addımlarımızı möhkəm atmayanda, İmamın (r.ə) tövsiyələrini qulaqardına vurub səhlənkar yanaşanda (İmam (r.ə) itigözlü, qəlbi hikmətlə dolu, müdrik bir insan idi; yaxşı görürdü, yaxşı dərk edirdi, düzgün analiz edib nəticə çıxarırdı; bizim üçün gedəcəyimiz yola işıq tutub; İmamın (r.ə) vəsiyyətnaməsi əlimizdədir; əgər kiminsə bu söylənənlərə şübhəsi varsa, İmamın vəsiyyətnaməsinə baxsın; baxın görün İmam nələr deyib) xalqı, gəncləri bu tövsiyələrdən uzaqlaşdıranda, gəncləri dinə, imana qarşı laqeydliyə sövq edəndə, iffət-namusa rəğbət duyan gəncləri bu dəyərlərə qarşı etinasızlığa təhrik edəndə, aydın məsələdir ki, nəticə mənfi olacaq, dövran pisləşəcək. Əlbəttə, xoşbəxtlikdən, onlar bu günə qədər bu məqsədlərini reallaşdırmağı bacarmayıblar və bundan sonra da bacarmayacaqlar, ona görə ki, bizim gənclərimiz çox yaxşıdır. Əgər dinə, imana qarşı etinasızlığı azadlıq, düşmən qarşısında təslimçiliyi isə rasionallıq və məntiqi yanaşma kimi qələmə versək, şübhəsiz ki, zəmanə korlanacaq; biz bu yola möhkəm addımlarla davam etməliyik. Əmirəl-möminin Əli (ə) “Nəhcül-Bəlağə”də buyurur:

فَتَزیغُ قُلوبٌ بَعدَ استِقامَةٍ وَ تَضِلُّ رِجالٌ بَعدَ سَلامَة

“Ürəklər gücləndikdən sonra alt-üst olar, insanlar sağaldıqdan sonra azğınlaşarlar” (10).

Bəziləri bir vaxtlar düz yolda idi, doğru yolda addımlayır, düzgün davranırdılar, amma sonradan onları doğru yoldan qaytardılar. Duadakı “زیغُ” – ifadəsi alt-üst olmaq, tam tərsinə çevrilmək mənasındadır. Quranda buyurulur:

 رَبَّنا لا تُزِغ قُلوبَنا

“Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma!” (“Ali-İmran” surəsi, 8-ci ayədən)

– indiyə qədər düz anlayıb düz dərk etmişiksə, bundan sonra bizi yanlışlığa, əyriliyə yönəltmə. Əmirəl-möminin Əli (ə) buyurur ki, bəziləri bir vaxtlar düz yolda idilər, ancaq sonradan yollarından sapdılar. Bəs bu sapma nəyə görə baş verir? Allah-taala heç kəsə zülm etməz, dünyaya aludə olan biz özümüzük, mənasız arzu və istəklərə bağlanan bizlərik, vəzifə və hakimiyyət düşkünü olan bizik, dostbazlıq edən, partiya və cinah tərəfkeşliyinə qapılan biz özümüzük. Axırda da qəlbimiz alt-üst olur, əvvəl tutduğumuz düzgün yoldan sapır, üz döndəririk: 

وَ تَضِلُّ رِجالٌ بَعدَ سَلامَة

– bir vaxtlar sağlam düşüncədə idilər, düz yolda addımlayırdılar, amma sonradan yollarını azdılar. Bəla bax bunlardır; bunların qarşısını almaq, bunlardan Allah-taalaya sığınmaq lazımdır.

Mənim gənclərə tövsiyəm budur ki, hadisələri gözüaçıqlıqla izləsinlər, hər deyilən sözə inanmasınlar. Bizim hərəkatımızın, bizim inqilabımızın mənbəyi dahi İmamdır (r.ə), əsas sübut kimi yalnız onun sözünü qəbul edin; baxın görün İmam nə deyib. “İmam (r.ə) da bu gün sağ olsaydı, elə belə edərdi” – deməyin; xeyr, bu, səhv fikirdir. Mən uzun illər boyu İmamla (r.ə) birlikdə olmuşam və onu bu sözləri deyənlərdən daha yaxşı tanıyıram. Əgər İmam (r.ə) sağ olsaydı, o bütləri qıran, Həzrət İbrahimsayağı fəryadını bu gün də qaldırardı; xalqı oyadıb inqilaba yetişdirən o fəryadını! “Ölüm olsun Amerikaya!” deyirsiniz, mən də razı, sözüm yoxdur.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

______________________

 (1) Fəxrəddin Əhmədi Daneşaşteyani
 (2) “Səhifeyi-İmam”, c.11, səh.121 
 (3) Donald Tramp və Hillari Klinton 
 (4) ABŞ-ın Xarici İşlər Naziri Con Kerri 
 (5) Nüvə razılaşmasının icrasına başlandıqdan sonra İran və “5+1” qrupu ölkələrinin xarici işlər nazirlərinin birinci sammiti 
 (6) Zaldakılar gülür
 (7) Ali Məqamlı Rəhbər bu sözləri deyərkən gülür
 (8) Zaldakılar gülür 
 (9) Saib, Qəzəllər divanı, “Cəsarətli olan zülmə meydan oxuyar, zəmanəni quranın günahı zəmanənin özündən daha çoxdur”. 
 (10) “Nəhcül-Bəlağə”, 151-ci xütbə