Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin 6-cı “Fələstin Xalq Müqavimət Hərəkatına Dəstək” Beynəlxalq Konfransında etdiyi çıxış 


Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

الحمدلله ربّ العالمین و صلوات الله و تحیّاته علی سیّدالانام محمّدٍ المصطفی و آله الطّیّبین و صحبه المنتجبین

Allah-taala Qurani-Kərimdə buyurur:

وَ لا تَهِنوا وَ لا تَحزَنوا وَ اَنتُمُ الاَعلَونَ اِن کُنتُم مُؤمِنین

“Ruhdan düşməyin və qəmgin olmayın. Əgər möminsinizsə, siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursunuz!” (“Ali-İmran” surəsi, 139-cu ayə)

Həmçinin buyurur:

فَلا تَهِنوا وَ تَدعوٓا اِلَی السَّلمِ وَ اَنتُمُ الاَعلَونَ وَ اللَهُ مَعَکُم وَ لَن یَتِرَکم اَعمالَکُم

“Buna görə də (cihada) zəiflik göstərməyin və (kafirlərə) üstün (qalib) gəldiyiniz zaman (onları) sülhə dəvət etməyin. Allah sizinlədir. O, sizin əməllərinizi boş (mükafatsız) buraxmaz”. (“Muhəmməd” surəsi, 35-ci ayə)

Əziz qonaqlar, möhtərəm məclis başçıları, Fələstinin müxtəlif müqavimət qruplarının liderləri, İslam dünyasının mütəfəkkirləri, ziyalıları, görkəmli şəxsiyyətləri və digər bütün azadlıqsevər insanları! İlk növbədə hamınızı salamlayıb xoşgəldin demək və bu dəyərli toplantıda iştirakınızı yüksək qiymətləndirdiyimi bildirmək istəyirəm.

Hüzn dolu Fələstin hekayəsi, bu səbirli, dözümlü, mübariz xalqın məzlumiyyətinin ürək yandıran kədəri azadlıq aşiqi olan, haqqı tələb edən, ədalət axtaran hər bir bəşər övladı üçün, həqiqətən də, üzücüdür, insanın qəlbinə böyük bir kədər çökdürür. Fələstinin, onun zalımcasına işğalının, milyonlarla insanın öz yurd-yuvasından didərgin düşməsinin və bu qəhrəman xalqın cəsarətli müqavimətinin tarixi eniş-yoxuşlarla doludur. Tarixin səhifələrini düşünərək vərəqləsək görərik ki, tarixin heç bir mərhələsində dünyadakı heç bir xalq belə bir kədərlə, belə bir ağrı-acı ilə belə bir zülmə məruz qalmayıb; belə bir şey heç vaxt görünməyib ki, trans-regional miqyaslı bir məkrli plan nəticəsində bütöv bir ölkə tamamilə işğal oluna, xalqı yurd-yuvasından qovula və onların yerinə dünyanın müxtəlif yerlərindən bir qrup başqa insan gətirilib məskunlaşdırıla; gerçək bir mövcudiyyət görməzliyə vurula və yerinə saxta bir mövcudiyyət yerləşdirilə. Tarixin ləkəli səhifələrindən biridir, amma Allahın izni və köməyi ilə, başqa bütün ləkəli səhifələr kimi, bu da bir gün qapanacaq. Necə ki Qurani-Kərimdə də buyurulur:         

إِنَّ‌ الْبَاطِلَ کانَ‌ زَهُوقًا

“Batil (öz-özlüyündə) yoxluğa (heçliyə) məhkumdur”. (“İsra” surəsi, 81-ci ayədən)

Həmçinin buyurulur:

اَنَّ الاَرضَ یَرِثُها عِبَادِیَ الصَّٰلِحُون

 “(Müqəddəs) torpağa yalnız Mənim saleh bəndələrim daxil olacaq”. (“Ənbiya” surəsi, 105-ci ayədən)

Sizin konfransınız dünya və regionda çox çətin bir şərait yaşandığı vaxt keçirilir. Qlobal güclərin Fələstin xalqı əleyhinə yürütdüyü məkrli plana qarşı mübarizəsində fələstinlilərə həmişə arxa-dayaq olmuş regionumuz bu günlərdə çoxsaylı konflikt və böhranların qurbanına çevrilib. Regionun bir neçə müsəlman ölkəsində mövcud olan böhranlar Fələstin məsələsini dəstəkləmə prinsipinin, “Qüdsə azadlıq!” müqəddəs amalının bir qədər arxa plana keçməsinə səbəb olub. Bu böhranların nəticəsinə diqqət yetirsək, onlardan mənfəət əldə edən güclərin hansılar olduğunu anlaya bilərik. Bir vaxtlar regionumuzda sabitlik və inkişafın bərqərar olunmasına əngəl olmaq üçün burada İsrail rejiminin əsasını qoyub region ölkələrini uzunmüddətli bir konfliktə düçar edənlər indi də hazırda şahidi olduğumuz fitnələri törədirlər. Region xalqlarının öz güc və potensialını bir-birini neytrallaşdırmaq uğrunda qarşıdurmalara sərf etməsinə səbəb olmuş bu fitnələr sonda hamını passiv bir vəziyyətə gətirməklə qəsbkar İsrail rejiminin mümkün qədər çox güc və hakimiyyət əldə etməsinə şərait yaratmaq məqsədi daşıyır. Bu arada İslam ümmətinin müdrik və xeyirxah insanlarının ürək yanğısı ilə bu konfliktlərin həllinə çalışdığını da görürük, amma təəssüf ki, düşmən öz dolaşıq planları sayəsində bəzi dövlətlərin qəflətdə olmasından yararlanaraq region xalqlarını vətəndaş müharibəsinə sürükləməyə, onları bir-birinin canına salmağa və bununla da İslam ümmətinin yaxşılığını istəyən o insanların səylərinin təsirini azaltmağa nail olub. Burada önəmli olan isə Fələstin məsələsinin əhəmiyyətini zəiflətmək, onu prioritet problem mövqeyindən çıxarmaqdır. Müsəlman ölkələri arasında müəyyən konfliktlər yaşandığına baxmayaraq (onlardan bəziləri təbiidir, bəziləri düşmənin məkrli planlarının nəticəsidir, bəziləri isə qəflətdən qaynaqlanır) Fələstin məsələsi yenə də onların hamısının birliyinin məhək daşı ola bilər və olmalıdır da. Bu dəyərli konfransın nailiyyətlərindən biri də İslam dünyasının, eləcə də Yer üzündəki bütün azadlıqsevər insanların birinci dərəcəli prioritetini, yəni Fələstin məsələsini ortaya qoyub, Fələstin xalqına, onun haqq-ədalət tələb edən mübarizəsinə dəstək olmaq kimi ülvi bir hədəfin reallaşması üçün həmrəylik atmosferi yaratmaqdır. Fələstin xalqına siyasi dəstək olmaq məsələsi müasir dünyada xüsusi prioritetə malikdir və bu məsələnin əhəmiyyətini heç bir zaman diqqətdən qaçırmaq olmaz. Hansı siyasi ideya və görüşlərin daşıyıcısı olmalarından asılı olmayaraq, bütün müsəlman və azadlıqsevər xalqlar bir hədəf ətrafında toplaşa bilərlər: o hədəf Fələstin məsələsidir, onun azadlığı uğrunda çalışmağın vacibliyidir. İsrail rejiminin süqutunun, həmçinin xüsusilə də ABŞ olmaqla onun əsas müttəfiqlərinin zəifləməsinin əlamətləri müşahidə olunmağa başlayandan sonra yavaş-yavaş beynəlxalq aləmin də İsrailin qanunsuz, insanlığa zidd, düşmənçi davranışlarına qarşı çıxmağa meyilləndiyini görürük. Əlbəttə, hələ ki dünya ictimaiyyəti və region ölkələri bu humanitar problem qarşısında öhdələrinə düşən məsuliyyəti layiqincə yerinə yetirə bilməyib. 

Fələstin xalqına vəhşicəsinə göstərilən təzyiqlər, genişmiqyaslı həbslər, qətl və qarətlər, fələstinlilərə məxsus torpaqların işğalı və yerində yəhudi yaşayış məskənlərinin salınması, müqəddəs Qüds şəhərinin, Məcidül-əqsanın və orada olan, müsəlman və xristian dininə aid digər müqəddəs məkanların sima və mahiyyətinin dəyişdirilməsi üçün göstərilən səylər, vətəndaşların ilkin hüquqlarının əllərindən alınması və digər bir sıra zülmlər hələ də davam etməkdədir. Təəssüf ki, dünya ictimaiyyəti Amerika və bəzi digər Qərb dövlətlərindən hərtərəfli dəstək alan bu zülmkar davranışlara layiqli reaksiya vermir. Fələstin xalqı Allah-taalanın lütfkarlıq edib bu müqəddəs diyarı, Məscidül-əqsanı qorumaq kimi böyük bir missiyanı onlara həvalə etməsindən qürur duyur. Bu xalqın Allah-taalaya təvəkkül edib öz güc və bacarığına arxalanaraq mübarizə alovunun şöləsini qoruyub saxlamağı qarşısına məqsəd qoymaqdan başqa yolu yoxdur və indiyə qədər bunu, həqiqətən də, edib. Hazırda xalqın işğal edilmiş torpaqlarda başladığı 3-cü müqavimət dalğası əvvəlki ikisindən daha məzlum olsa da, əməli cəhətdən daha parlaq və ümidvericidir. İnşallah, bu müqavimət dalğasının Fələstin xalqının mübarizə hərəkatı tarixində olduqca önəmli bir mərhələ olduğunu, qəsbkar İsrail rejiminə daha bir məğlubiyyət yaşatdığını görəcəyik. Bu “xərçəng şişi” yarandığı gündən mərhələli şəkildə inkişaf edərək hazırkı bəlaya çevrilib, onun əlacı da mərhələli şəkildə edilməlidir. Xalqın ardıcıl müqavimət dalğaları ayrı-ayrı etaplara aid olan olduqca önəmli hədəfləri reallaşdırmağa müvəffəq olub və Fələstinin tam azadlığı təmin olunana qədər digər hədəflərini gerçəkləşdirmək üçün yenə də ildırım kimi gurlayaraq irəli sıçrayacaq. 

Dünya sionizmi və onların hegemon himayəçilərinə qarşı mübarizənin ağır yükünü təkbaşına çiyinlərinə götürmüş böyük Fələstin xalqı müxtəlif iddialarla çıxış edən qrupların öz iddialarının doğruluğunu praktikada sübuta yetirmələri üçün səbir və dözümlə, lakin möhkəm və sarsılmaz bir şəkildə imkan yaradıb. Bir vaxtlar çox ciddi bir şəkildə İsrail rejimi ilə kompromisə getmək təklifləri ortaya atılmışdı və bu təklifi irəli sürənlər onu belə bir yanlış iddia ilə əsaslandırırdılar ki, hüquqların tam pozulmasının qarşısını almaq üçün təklif olunan minimum hüquqları qəbul etmək, vəziyyətə realist yanaşmaq lazımdır. O zaman da Fələstin xalqı, hətta bu yanaşmanın doğru olmadığına əvvəlcədən əmin olan cərəyanlar onların reallaşması üçün şərait yaratdılar. Əlbəttə, İran İslam Respublikası kompromisə getmək metodunun doğru olmadığını elə əvvəldən vurğulamış, bunun nəticələrinin çox ağır və zərərli olacağı barədə xəbərdarlıq etmişdi. Kompromis təkliflərinə fürsət verilməsi Fələstin xalqının mübarizə və müqavimət yoluna dağıdıcı təsir göstərsə də, bunun yeganə faydası vəziyyətə realist yanaşma təsəvvürünün yanlışlığının praktikada öz təsdiqini tapması oldu. İsrail rejimi kökündən elə bir üsulla formalaşıb ki, o, ekspansionistlikdən, təcavüzkarlıqdan, fələstinlilərin həqiqi hüquqlarını pozmaqdan əl çəkə bilməz. Çünki onun varlığı və mahiyyəti Fələstinin varlığı və mahiyyətinin tədricən yox olmasından asılıdır. İsrailin qeyri-legitim varlığı yalnız o zaman davam edə bilər ki, Fələstinin varlığı və mahiyyətinin xarabalıqları üzərində qurulmuş olsun. Elə buna görə də fələstinli kimliyini qoruyub saxlamaq, bu həqiqi və təbii kimliyin bütün nişanələrinin keşiyində durmaq vacib bir iş, müqəddəs bir cihaddır. Nə qədər ki Fələstinin adı, xatirəsi yaşayır, bu xalqın hərtərəfli müqavimətinin odu şölələnir, işğalçı rejimin əsaslarının möhkəmlənməsi mümkün deyil.

Kompomis metodunun problemi təkcə bunda deyil ki, bir xalqın hüquqlarının tapdanmasına göz yumaraq qəsbkar dövlətə legitimlik qazandırır – doğrudur, bunun özü də böyük və bağışlanmaz bir səhvdir – problem daha çox ondadır ki, Fələstin məsələsinin hazırkı durumu ilə qətiyyən uyğun gəlmir və sionistlərin ekspansionist, təcavüzkar və hegemon xislətini nəzərə almır. Buna baxmayaraq, Fələstin xalqı kompromis təklifləri üçün də fürsət yaradaraq bu iddiaların yanlış olduğunu sübut edə bilib və nəticədə bu xalq arasında öz həqiqi hüquqlarını təmin etmək uğrunda düzgün mübarizə metodları ilə bağlı, bir növ, milli konsensus formalaşıb.

Fələstin xalqı geridə qoyduğu 30 ildə 2 fərqli metodu təcrübədən keçirib və hər birinin onun vəziyyətinə nə dərəcədə uyğun gəlib-gəlmədiyini görüb. Kompromis metoduna  əks qütbdə bu xalqa böyük nailiyyətlər qazandırmış “müqəddəs intifada” – yəni xalqın qəhrəmancasına və ardıcıl müqaviməti modeli durur. Bu günlərdə müqavimət cəbhəsinin üzdəniraq beynəlxalq qurumlar tərəfindən hücumlara məruz qalması, “intifada” hərəkatı üzərinə şübhə kölgəsinin salınması heç də səbəbsiz deyil. Düşməndən bundan artığını heç gözləmək də olmazdı, çünki o, xalqın müqavimətinin doğru və effektiv bir yol olduğunu yaxşı bilir. Bununla belə, bəzən müəyyən cərəyanların, hətta üzdə özünü Fələstin məsələsini dəstəkləyirmiş kimi göstərdiklərinə baxmayaraq, əslində bu xalqı doğru yolundan sapdırmaq niyyətində olan bəzi ölkələrin müqavimətə hücumlar etdiyini görürük. Onlar iddia edirlər ki, xalqın müqavimət hərəkatı artıq bir neçə onillik müddətində davam etdiyinə baxmayaraq, hələ də Fələstinin azadlığını gerçəkləşdirə bilməyib, ona görə də bu metodu bir daha nəzərdən keçirmək lazımdır. Bu iddianın cavabı belədir: doğrudur, müqavimət hərəkatı hələ özünün son məqsədinə, yəni Fələstinin tam azad edilməsinə nail ola bilməyib, lakin müqavimət Fələstin məsələsini gündəmdə saxlamağı bacarıb. Baxmaq lazımdır ki, əgər müqavimət olmasaydı, indi biz nə vəziyyətdə olardıq? Müqavimətin ən mühüm uğuru sionistlərin planları qarşısında əsaslı maneə yaratmaq olmuşdur. Müqavimətin uğuru düşməni üzücü bir müharibə aparmağa məcbur etməsindədir; yəni İsrailin əsas planı olan regionda ağalığı bütünlüklə ələ keçirmək planını iflasa uğrada bilib. Müqavimət modelinin özünü, habelə İsrail rejiminin qurulması oyununa başlandığı ilk dövrdən bəri müxtəlif etaplarda mübarizəyə qoşulmuş, canından keçərək müqavimət bayrağını yüksəklərdə saxlamış və nəsildən-nəsilə ötürmüş qəhrəmanları, həqiqətən də, yüksək qiymətləndirmək lazımdır. İşğaldan sonrakı dövrdə müqavimətin nə qədər önəmli rol oynadığı heç kəsə gizli deyil və heç şübhəsiz, müqavimətin hətta 1352-ci – miladi təqvimlə 1973-cü ildə baş verən müharibədə qazanılmış kiçik belə olsa qələbədə malik olduğu rolu da görməzliyə vurmaq mümkün deyil. Müqavimətin yükünün faktiki olaraq Fələstin camaatının üzərinə düşdüyü 1361-ci (miladi təqvimlə 1982-ci) ildən bəri isə fələstinlilərin mübarizə yolunda onlara dəstək olmaq üçün  Livanın islami müqaviməti – “Hizbullah” yarandı. Müqavimət İsrail rejiminin gücünü sarsıtmasaydı, hazırda onun regionun digər ölkələrinə – Misirdən tutmuş İordaniyaya, İraqa, Fars Körfəzinə və sairə də əl uzatdığının şahidi olacaqdıq. Bəli, bu çox əhəmiyyətli bir nailiyyətdir, lakin bu, müqavimətin yeganə nailiyyəti deyil. Cənubi Livan və Qəzzanın azad edilməsi Fələstinin azadlığı prosesində konkret mərhələyə aid olan iki mühüm hədəfin gerçəkləşməsi kimi qiymətləndirilir. Bu 2 nailiyyət İsrailin coğrafi ərazisinin genişləndirilməsi prosesini əksinə çevirə bilmişdir. Hicri-şəmsi tarixlə 60-cı, miladi təqvimlə isə 80-ci illərin əvvəllərindən bəri artıq İsrail rejiminin təklikdə yeni ərazilər işğal etməyə gücü çatmamışdır. Onun geri çəkilməsi Cənubi Livandan rüsvayçı şəkildə çıxması ilə başlamış və Qəzzanı yenə də rüsvayçı bir formada tərk etməsi ilə davam etmişdir. Birinci intifadada müqavimət cəbhəsinin əsaslı və həlledici rol oynadığını heç kim inkar edə bilməz. İsraili sonda Qəzzadan çıxmağa məcbur etmiş ikinci intifadada da müqavimətin rolu əsaslı və qabarıq idi. Livandakı 33 günlük müharibə, həmçinin Qəzzada 22, 8 və 51 gün davam etmiş hərbi əməliyyatlar hamısı müqavimət cəbhəsinin fəaliyyətinin parlaq səhifələridir. Bu uğurlar bütün region xalqlarına, İslam dünyasına və yer üzündəki bütün azadlıqsevər insanlara qürur hissi yaşatmışdır. 

33 günlük müharibədə Livan xalqına və qəhrəman hizbullahçılara yardım etmək üçün bütün yollar faktiki olaraq bağlanmışdı, lakin Allahın köməyi, mübariz Livan xalqının möhtəşəm gücü sayəsində İsrail rejimi və onun əsas himayəçisi olan ABŞ elə biabırçı bir məğlubiyyətə uğradı ki, artıq o torpağa hücum etməyə o cür asanlıqla cürət edə bilməyəcəklər.  Hazırda müqavimət cəbhəsinin alınmaz qalasına çevrilmiş Qəzzanın bir-birinin ardınca baş vermiş bir neçə müharibədə ardıcıl müqaviməti İsrail rejiminin bir xalqın iradəsi qarşısında duruş gətirə bilməyəcək qədər zəif olduğunu göstərdi. Qəzza döyüşlərinin əsl qəhrəmanı bir neçə il iqtisadi blokadaya məruz qaldığına baxmayaraq, yenə də öz imanının gücünə arxalanıb bu qalanı müdafiə edən mübariz və cəngavər xalqdır.  Fələstində fəaliyyətdə olan və bu müharibələrdə dəyərli rol oynamış bütün müqavimət dəstələrinə: İslami Cihad Hərəkatından “Əl-Qüds” briqadalarına, HƏMAS-dan “Əl-Qəssam” briqadalarına, FƏTH-dən “Əl-Əqsa şəhidləri” briqadalarına,  Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsindən “Əbu Əli Mustafa” briqadalarına təşəkkür etmək yerinə düşər. 

Əziz qonaqlar! İsrail rejiminin varlığından irəli gələn təhlükələri heç vaxt diqqətdən qaçırmaq olmaz, buna görə də müqavimət cəbhəsi öz işini davam etdirmək üçün ehtiyac duyduğu bütün vasitələrlə təmin olunmalıdır. Regionun bütün dövlət və xalqlarının, dünyanın bütün azadlıqsevər insanlarının öhdəsinə bu mübariz xalqın əsas ehtiyaclarını təmin etməkdə müəyyən vəzifələr düşür. Çünki müqavimətin əsl dayağı belə qeyrətli və mübariz övladlar yetişdirməyi bacarmış Fələstin xalqının möhkəmliyi və sarsılmazlığıdır. Fələstin xalqının və Fələstin müqavimət hərəkatının ehtiyaclarının təmin olunması hamının çiyinlərinə düşən həyat əhəmiyyətli bir vəzifədir. Eyni zamanda hazırda Qəzzada məzlum intifadanın əsas yükünü çiyinlərinə götürmüş müqavimət qüvvələrinin də əsas ehtiyaclarına etinasız yanaşmaz olmaz. Fələstinin müqavimət qüvvələri də öz keçmişindən ibrət götürərək bir məqama diqqət yetirməlidir ki, “Fələstin” və “müqavimət” prinsipləri müsəlman-ərəb ölkələri arasında və ya bu ölkələrin öz daxilində gedən konfliktlərə, yaxud məzhəb qarşıdurmalarına baş qoşmaqdan daha uca və dəyərlidir. Fələstinlilər, xüsusilə də müqavimət qrupları sahib olduqları dəyərli mövqeyin qədrini bilməli və bu konfliktlərə qarışmamalıdır. Müsəlman və ərəb ölkələri, bütün milli və dini cərəyanlar Fələstin ideyasına xidmət etməlidir. Müqavimət cəbhəsini dəstəkləmək bizim hamımızın borcudur və heç kəsin etdiyi yardımın qarşılığında onlardan nə isə xüsusi bir şey gözləməyə haqqı yoxdur. Bəli, yardımın yeganə şərti budur ki, bu yardımlar Fələstin xalqını və müqaviməti gücləndirmək üçün sərf olunsun. Düşmən qarşısında bütün miqyaslarda müqavimət göstərib mübarizə aparmaq ideyasına sədaqət bu yardımların davamlı olmasını zəmanət altına alır. Bizim müqavimət hərəkatına münasibətdə tutduğumuz mövqe prinsipial bir mövqedir və konkret olaraq hansısa bir qrupla əlaqəsi yoxdur. Biz bu yolda möhkəm dayanan istənilən qrupu dəstəkləyirik, bu yoldan çıxan istənilən qrup isə bizdən uzaqlaşmış olur. Bizim islami müqavimət qrupları ilə əlaqələrimizin nə dərəcədə dərin olması yalnız onların müqavimət prinsipinin özünə nə dərəcədə sadiq olub-olmamağından asılıdır. 

Qeyd edilməsi vacib olan digər bir mühüm məqam isə Fələstindəki müxtəlif müqavimət qrupları arasında yaşanan fikir ayrılıqlarıdır. Ayrı-ayrı qruplar arasında siyasi görüşlərlə bağlı olan fikir ayrılığı təbii, dərk olunan bir şeydir və nə qədər ki bu çərçivədə qalır, çox güman ki, Fələstin xalqının daha sıx həmrəyliyinə və mübarizəsinin daha da zənginləşməsinə səbəb olacaqdır. Problem isə oradan başlayır ki, bu fikir ayrılıqları çəkişmələrlə və Allah eləməmiş, qarşıdurmalarla nəticələnə; belə olan halda müxtəlif cərəyanlar bir-birinin gücünü neytrallaşdırmaqla, faktiki olaraq, hamısının ortaq düşməni olan qüvvələrin dəyirmanına su tökür. Bütün əsas cərəyanlar aralarındakı fikir ayrılıqlarını, siyasi görüşləri ilə bağlı fərqliliyi düzgün idarə etməli, öz mübarizə fəaliyyətini elə planlaşdırmalıdırlar ki, yalnız düşmənə təzyiq göstərsinlər və mübarizənin güclənməsinə səbəb olsunlar. Cihad əsasında milli birlik Fələstin xalqı üçün bir zərurətdir və ümidvaram, müxtəlif cərəyanlar hamısı bütün Fələstin xalqının iradəsini yerinə yetirərək bu zərurətin reallaşmasına çalışacaq.

Günümüzdə müqavimət cəbhəsi daha bir məkrli planla üz-üzə qalıb: özünü dost kimi qələmə verənlər Fələstin xalqının müqavimətini doğru yolundan sapdırıb, onu xalqın düşmənləri ilə əldə etdikləri gizli razılaşmalara qurban vermək istəyir. Müqavimət cəbhəsi belə tələlərə düşməyəcək qədər müdrikdir; xüsusilə də Fələstin xalqının mübarizə və müqavimətin əsl lideri olması və bu günə qədər baş vermiş proseslər göstərir ki, bu xalq vəziyyəti düzgün dərk edərək bu cür sapmalara mane olur və əgər Allah eləməmiş, müqavimət cərəyanlarından hansısa belə bir tələyə düşsə, öz ehtiyacını yenidən təmin edib onun yerini doldura bilər. Əgər hansısa bir qrup mübarizə bayrağını yerə qoysa, heç şübhəsiz, Fələstin xalqının içərisindən o bayrağı əlinə alacaq başqa bir qrup çıxacaq.

Hörmətli iştirakçılar, sözsüz ki, siz bu toplantıda yalnız Fələstin problemi ilə məşğul olacaqsınız. Təəssüf ki, son illərdə bu məsələyə lazımi qədər diqqət yetirilmir, etinasızlığa yol verilir. Regionun və İslam dünyasının müxtəlif yerlərində mövcud olan böhranlar, sözsüz ki, diqqətəlayiqdir, lakin bu konfrans məhz Fələstin problemi ilə bağlıdır, bu məqsədlə təşkil olunub.  Bu konfrans bütün müsəlmanların və region xalqlarının get-gedə aralarındakı ortaq cəhətləri rəhbər tutaraq yaşanan konfliktləri cilovlaması, onları bir-bir həll edərək Məhəmməd (s) ümmətini mümkün qədər daha çox gücləndirməsi üçün bir örnək ola bilər.

Möhtərəm qonaqlar, dəyərli iştirakınıza görə sonda bir daha sizə təşəkkür etməyi lazım bilirəm. Həmçinin İslami Şura Məclisinin sədrinə və onun 10-cu parlamentdəki həmkarlarına da bu konfransın təşkil olunması üçün çəkdikləri zəhmətə görə təşəkkürümü bildirirəm. Allah-taaladan sizin hamınıza İslam dünyasının başlıca problemi, bütün müsəlmanları, eləcə də yer üzünün bütün azadlıqsevər insanlarını birləşdirən əsas mehvər kimi Fələstin probleminin həllinə xidmət etməkdə mənəvi dəstək olmasını diləyirəm.

Bütün İslam şəhidlərinin, xüsusilə də İsrail rejiminə qarşı müqavimət göstərərək dünyadan getmiş aliməqam şəhidlərin, müqavimət cəbhəsinin bütün sadiq döyüşçülərinin, habelə İslam Respublikasının banisi, Fələstin məsələsinə ən çox can yandıran İmam Xomeyninin (r.ə) pak ruhuna Allahdan rəhmət diləyirəm. Sizə qələbə və müvəffəqiyyət arzulayıram.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.