Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin yeni ilin başlaması və Məbəs bayramı münasibətilə televiziya vasitəsilə etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفیٰ محمّد (صلّی الله علیه و آله) و علی اهل بیته الطّیّبین الطّاهرین المعصومین سیّما بقیّة الله فی الارضین. اللهمّ صلّ علی علیّ بن موسی الرّضا ولیّک عدد ما فی علمک صلاة دائمة بدوام ملکک و سلطانک. اللهمّ سلّم علی ولیّک علیّ بن موسی الرّضا عدد ما فی علمک سلاماً دائماً بدوام ملکک و سلطانک و جبروتک

Hər il biz yeni ilin başlaması münasibətilə ilk görüşümüzü İmam Rzanın (ə) müqəddəs hərəmində əziz Məşhəd əhalisi və ölkənin dörd bir yanından ora gələn zəvvarlarla birlikdə keçirirdik. Novruzumuz o görüşlərlə zinətlənirdi; bu il bundan məhrumuq. Şair deyir:

گر چه دوریم به یاد تو سخن میگوییم
بُعد منزل نبود در سفر روحانی

 – Uzaq olsaq da, söhbətimizdə səni xatırlayırıq. Mənəvi səfərin yaxını-uzağı olmaz. (1) Düşünürəm ki, hər birimiz olduğumuz yerdən İmam Rzaya (ə) məxsus salavatı (2) zikr etsək, daha yaxşı olar: 

اَللَهُمَّ‌ صَلِّ‌ عَلیٰ‌ عَلیِّ‌ بنِ‌ موسَی‌ الرِّضَا المُرتَضَی الاِمامِ التَّقیِّ النَّقیِّ وَ حُجَّتِکَ عَلیٰ مَن فَوقَ الاَرضِ وَ مَن تَحتَ الثَّرَی الصِّدّیقِ الشَّهیدِ صَلاةً کَثیرَةً نامیَةً   زاکیَةً مُتَواصِلَةً مُتَواتِرَةً مُتَرادِفَةً کَاَفضَلِ ما صَلَّیتَ عَلیٰ اَحَدٍ مِن اَولِیائِک 

Mübarək Məbəs bayramı münasibətilə hamınızı təbrik edirəm. Bu gün bizim ən böyük dini bayramlarımızdan biridir. Həmçinin bir daha bütün xalqımızı Novruz bayramı, baharın gəlişi münasibətilə də təbrik edirəm.

Məbəs çox əzəmətli bir gündür. Biz Məbəsin əhəmiyyətini anlamalı, bilməliyik. İslam peyğəmbərinin besəti elə bir hadisədir ki, Allah-taala digər peyğəmbərlərdən bu hadisə ilə bağlı öhdəlik sözü almış, bu barədə onlarla əhd-peyman bağlamışdır.

وَ اِذ اَخَذَ اللهُ‌ میثاقَ‌ النَّبِیّینَ لَما ءاتَیتُکُم مِن ‌کِتٰبٍ‌ وَ حِکمَةٍ ثُمَّ جاٰءَکُم رَسولٌ مُصَدِّقٌ لِما مَعَکُم ‌لَتُؤمِنُنَّ بِه وَ لَتَنصُرُنَّه

“O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: "Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz", – deyə əhd almışdı”. (“Ali-İmran” surəsi, 81-ci ayə)

Bu şərif ayəyə əsasən, Allah-taala tarix boyu böyük peyğəmbərlərdən əhd alıb ki, nə vaxtsa onlara İslam peyğəmbəri göndərilsə, ona iman gətirəcək və kömək edəcəklər. Bəli, iman gətirmək məsələsi aydındır, kömək etmək isə bu mənadadır ki, onu öz adamlarına, öz ümmətlərinə, öz davamçılarına təqdim edəcək və ona iman gətirmələrini, ona qoşulmalarını istəyəcəklər. Peyğəmbərlərə yardım etməyin ən aşağı həddi budur. Allah-taala digər peyəmbərlərdən bu barədə əhd alıb. Elə buna görə də, gördüyümüz kimi, Quranın ayələrindən birində buyurulur:

اَلَّذی یَجِدونَه مَکتوبًا عِندَهُم فِی التَّوریٰةِ وَ الاِنجیل

“O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula – ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar...” “(Əraf” surəsi, 157-ci ayə)

– yəni bizim peyğəmbərimizin adı və əlamətləri təhrif olunmamış Tövrat və İncildə olub.  Yaxud başqa bir ayədə Allah-taala Həzrət İsanın dilindən belə buyurur:

وَ اِذ قالَ عیسَی ابنُ مَریَمَ یٰبَنی اِسراءیلَ  اِنّی رَسولُ اللهِ اِلَیکُم مُصَدِّقًا لِما بَینَ یَدَیَّ مِنَ التَّوریٰةِ وَ مُبَشِّرًا بِرَسولٍ یَأتی مِن بَعدِی اسمُه اَحمَد

“Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!” (“Saff” surəsi, 6-cı ayə)

Həzrət İsa o həzrətin adını da deyir. Odur ki besət bu qədər böyük və önəmli bir hadisədir. Bu məsələyə “Nəhcül-bəlağə”də də toxunulur. Həzrət Əli (ə) buyurur:

اِلی اَن بَعَثَ اللَهُ مُحَمَّداً رَسُولَ اللَهِ صلّی الله علیه و آله لِاِنجازِ عِدَتِه وَ تَمامِ نُبُوَّتِه مَأخُوذاً عَلَی النَّبیّینَ مِیثاقُه

– yəni Allah-taala peyğəmbərlərdən də öhdəlik alıb ki, ona belə bir münasibət göstərəcəklər.

Bəli, besət möhtəşəm bir mənaya malik olub. Mən bu məna barədə qısaca danışacaq və bu məsələni bizim öz vəziyyətimiz, bu günümüzlə əlaqələndirəcəyəm. Belə ki besətin bizim üçün praktik cəhətdən də təsiri var, sırf bir inanc, etiqad deyil.

Besət, ilahi vəhy insanlar üçün müəyyən həqiqətləri aydınlaşdırdı, bəşəriyyəti bəzi həqiqətlərdən agah etdi. Bu elə həqiqətlərdir ki, əgər bəşər övladları, müxtəlif toplumlar onlara iman gətirib əməli surətdə reallaşdırmağı özlərinə borc bilsələr, gözəl həyata qovuşarlar. Gözəl həyat nədir? Yəni xoş, faydalı, arzulanan bir yaşayış. Bu həyatın gözəlliyi xoş və arzulanan olmağında, insanın kamala gedən yolda irəliləyişinə yardım etməyində, bütün gözəllik və yaxşılıqlardan faydalanmağındadır; həm bu dünyada, həm də axirətdə. Gözəl həyat budur. Qəlblər bu təlimlərlə, bu həqiqətlərlə tanış olsalar, onlara bağlansalar, onların tələblərinə əməl edib sadiq qalsalar, heç şübhəsiz, onları gözəl həyat gözləyəcək. 

Bu həqiqətlərin bir hissəsi İslam dininin epistemioloji sistemi, yəni bu dinin varlıq, insan, insanın yer üzündəki rolu, Allahın müqəddəs zatı, ad və sifətləri ilə bağlıdır. “Kumeyl” duasında oxuyuruq:

مَلَأَت اَرکانَ کُلِّ شَیء

Və ya rəcəb ayının duasında oxuyuruq:

بِهِم مَلَأتَ سَمائَکَ وَ اَرضَک

Bu dualarda insanın bu dünyada və ölümdən sonra keçdiyi yol və sair bu kimi mühüm həqiqətlər var. Bunlar İslam dininin epistemioloji sistemini, epistemiloji fikirlər silsiləsini təşkil edir. İlahi vəhy bunları bəşəriyyətə öyrədir, insanlara xəbərdarlıq edir və onları oyadır. 

Bu həqiqətlərin digər bir hissəsi isə İslam dininin dəyərlər sistemindən, İslamın təsbit etdiyi, yəni dəyər olaraq tanıdığı dəyərlərdən ibarətdir. İnsanların, toplumların vəzifəsi bu dəyərlərə yaxınlaşmaq, onlara doğru irəliləməkdir; xoşəxtlikləri bundadır. Bura səbir, mülayimlik, güzəşt və sair bu kimi fərdi keyfiyyətlər, azadlıq, sosial ədalət, insanın aliliyi və həyat tərzi kimi həyatda konstruktiv təsirə malik olan ümumi məfhumlar daxildir. Bunlar İslam dininin bizə bəyan etdiyi, anlatdığı dini dəyərlər silsiləsidir. Bəziləri yanlış olaraq düşünürlər ki, sosial ədalət, azadlıq və sair bu kimi günümüzdə geniş təbliğ olunan anlayışlar İslam dünyasına Qərbdən gətirilib, yaxud İslam mütəfəkkirləri bunları qərblilərdən öyrəniblər. Bu, tamamilə səhvdir. Qərbin bu anlayışlarla tanış olduğu heç 3-4 əsr deyil. Qərblilər bu məfhumlarla renessansdan sonra tanış olublar. Halbuki İslam dini 1400 il bundan əvvəl bu anlayışları aydın bir şəkildə Quranda bəyan edib. Bir fərqlə ki, qərblilər bu anlayışları ortaya atdıqlarına baxmayaraq, heç vaxt onlara səmimiyyətlə əməl etməyiblər – nə azadlığa əməl ediblər, nə sosial ədalətə əməl ediblər – deyiblər, amma əməl etməyiblər. İslamda isə bu məfhumlar olub və Peyğəmər (s) dövründə onlara əməl olunub. 

اُمِرتُ لِاَعدِلَ بَینَکُم

“Mənə sizin aranızda ədalətlə hökm etmək (ədalətli olmaq) əmr olunmuşdur” (3) ifadəsi Qurandandır da! Peyğəmbərə (s) ədaləti icra etmək tapşırılıb; bu elə sosial, çoxcəhətli ədalət deməkdir. Və ya buyurur:

اِنّا اَرسَلنا رُسُلَنا بِالبَیِّنٰتِ وَ اَنزَلنا مَعَهُمُ الکـِتٰبَ وَ المیزانَ  لِیَقومَ النّاسُ بِالقِسط

“Biz onlara birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər”.  (“Hədid” surəsi, 25-ci ayə)

Yəni bütün peyğəmbərlərin və müqəddəs kitabların yer üzünə göndərilməsində əsas məqsəd insanlar arasında ədalətin – yəni həmin o sosial, iqtisadi ədalətin – bərqərar olunmasıdır. Odur ki bunlar İslam dininin qədim anlayışlarıdır.

Yaxud götürək elə azadlıq məsələsini; Əmirəlmöminin Əli (ə) Fransa və digər onun kimi Qərb dövlətlərindən 1000 il əvvəl “Nəhcül-bəlağə”də azadlıq məsələsini önə çəkərək buyurur:

لا تَکُن‌ عَبدَ غَیرِکَ‌ وَ قَد جَعَلَکَ اللهُ حُرّا

– Allahdan başqasına qul olma, çünki Allah səni azad yaradıb.(4)

Daha bundan da aydın nə ola bilər?! İnsanların azad olduğunu açıq-aşkar bəyan edir. Azadlıq deyərkən də hər cür azadlıq nəzərdə tutulur. Və ya digər bir məşhur cümləsi:

استعبدتم النّاس و قد خلقهم الله احرارا

Burada o dövrün bəzi hökm sahiblərinə xitab olunur: Allah isanları azad yaratdığı halda, siz onlarla qul kimi rəftar etmək istəyirsiniz? Bunlar İslam maarifidir, İslam təlimləridir. İslamda bu cür təlimlər çoxdur; “Nəhcül-bəlağə” və digər islami mənbələrdə bu qəbildən olan anlayışları ifadə edən çoxsaylı söz və ifadələr var. Odur ki İslam dininin dəyərlər sistemi, təlimləri, epistemioloji fikirlər toplusu bunlardan ibarətdir. Bunların arxasında isə hökmlər durur; yəni “olar” və “olmaz”, “et” və “etmə” göstərişləri. İslamın bütün bu hökmləri – istər fərdi, istərsə də ictimai hökmlər – həmin o təlimlərə əsaslanır, o dəyərlərlə səsləşir. Yəni Allah-taalanın bir müsəlman üçün müəyyənləşdirdiyi bütün vəzifələr öz başlanğıcını həmin o əsas təlimlərdən götürür, o dəyər məfhumlarına uyğundur və bu yolda yüksəlişə xidmət edir. Bəli, besətlə insanlığa təqdim olunmuş töhfələrin məcmusu budur.

İndi əgər bunların reallaşmasını, bu təlimlərin toplumun ideoloji atmosferində sözün həqiqi mənasında gerçəkləşməsini, bu dəyərlərin insanların əməllərində, davranışlarında özünü göstərməsini, inkişafa yol açan bu hökmlərin həyata keçməsini istəyiriksə, bunun üçün siyasi iqtidara ehtiyac var. Siyasi iqtidar olmasa, soyğunçular tabe olmayacaq, tənbəllər qaydalara əməl etməyəcək, soyğunçuların, imperialistlərin, kapitalistlərin qaragüruhu onların arxasınca gedəcək, yəni peyğəmbərlərin göndərilməsində izlənən məqsəd həyata keçməyəcək. Elə buna görə də Quranda buyurulur ki,

ماِّ اَرسَلنا مِن رَسولٍ اِلّا لِیُطاعَ بِاِذنِ الله

“Biz hər bir peyğəmbəri ancaq ona Allahın iznilə itaət olunsun deyə göndərdik”.  (“Nisa” surəsi, 64-cü ayə)

Bu təkcə bizim peyğəmbərimizə yox, bütün peyğəmbərlərə aiddir. Onlara itaət olunmalıdır, insanlar onlara tabe olmalıdırlar. Elə buna görə də Mədinədən bir dəstə adam gəlib Peyğəmbəri (s) ora dəvət etdikləri, Mədinəyə hicrət etməsinə israr etdikləri zaman o həzrət oradaca onların beyətini qəbul etdi.

“Beyət” o deməkdir ki, siz mənim əmrimə tabe olacaqsınız, ora bu şərtlə gəlirəm. Daha sonra Peyğəmər (s) Mədinə şəhərinə daxil olduğu zaman da ilk işi siyasi və ictimai iqtidar yaratmaq olmuşdu; yəni hökumət təşkil etmişdi. Odur ki bu, peyğəmbərlərin missiyasının vacib tələblərindən biridir. Əlbəttə, peyğəmbərlərin çoxlu düşmənləri olur:

وَ کَذٰلِکَ جَعَلنا لِکُلِّ نَبِیٍّ عَدُوًّا شَیٰطینَ الاِنسِ وَ الجِنّ

“ Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq”. (“Ənam” surəsi, 112-ci ayə)

Hökumət yaradandan sonra bu düşmənlərin sırasına xarici düşmənlər də əlavə olunur. Hökumətin təşkil olunması ilə daxili düşməndən əlavə, xarici düşmənlər də ortaya çıxır. Bu, məlumdur. Çünki siyasət aləmində olmasan, siyasi iqtidara sahib olmasan, xarici düşmən adama bir o qədər də əhəmiyyət vermir, dediyin sözün dərinliyinə getmir. Siyasi iqtidara çatanda isə ədalətə, azadlığa, hər bir insanın yaxşı, müstəqil yaşamaq hüququna müxalif olan xarici düşmən, təbii ki, sənə də qarşı çıxır.

Bəli, bu gün mən nəyi demək istəyirəm: mən demək istəyirəm ki, İmam Xomeyni (r.ə) də bu model əsasında hərəkət etdi; eynən Peyğəmbərin besəti modeli idi. Təlimlər eynilə Peyğəmbərin Allah-taala tərəfindən insanlara bəyan etdiyi təlimlərdir. Dəyərlər həmin dəyərlərdir. Hökmlər də eynidir. Və bu hökmlərin reallaşması üçün güclü bir imana, qırılmaz bir əzmə, Allaha təvəkkül edən bir qəlbə ehtiyac var idi. Bütün bu xüsusiyyətlər İmam Xomeyninin simasında cəmləşmişdi. O, ilk addımı atıb işə başladı və Allah-taalanın yardımı ilə bu hərəkat gerçəkləşdi. Əlbəttə, İmam bilirdi ki, İran xalqının varlığının dəriniklərində, mayasında İslam dininə iman çox güclüdür, bu xalq mömin bir xalqdır. Bu özü ayrıca bir söhbətin mövzusudur və tam olaraq sübut olunub ki, üzdə nəzərə çarpan bəzi məqamlara baxmayaraq, həm o dövrdə, həm də günümüzdə İran xalqı çox güclü imana sahib olub, dini iman bu xalqın qəlbinə çox dərin köklər atıb. Əlhəmdulillah, xalqımızın özünəməxsus keyfiyyətlərindən biri də məhz budur.

İmam bunu bilirdi və elə buna görə də İslam, İslam hökuməti, İslam dövləti məsələsini gündəmə gətirdi. Bunun üçün zəmin də var idi və imam bu zəmini də düzgün dəyərləndirdi. Zəmin isə Pəhləvi diktaturasının artıq çox geniş miqyas almış zülmü və bitmək bilməyən korrupsiyasından ibarət idi; həm xaricdən asılı idilər, həm korrupsiyalaşmışdılar, həm zalım idilər, həm də onlarda həqiqi insani dərk yox idi. Bütün bunlar da xalqın üzərinə yağdırılırdı, o korrupsioner və zalım rejimin nə vəziyyətdə olduğunu hər kəs görürdü. Bu, çox münasib bir zəmin idi. İmam Xomeyni bu zəmindən istifadə edərək İslam İnqilabı və İslam Respublikası möcüzəsini yaratdı. İslam İnqilabının və İslam Respublikasının gerçəkləşməsi, həqiqətən də, bir möcüzə idi. Bu möcüzə o nəhəng hərəkatın bərəkəti sayəsində mümkün oldu.                   

İlk İslam cəmiyyəti, yəni Peyğəmbərin Mədinə şəhərində təşkil etdiyi cəmiyyət – o insanlar Mədinə əhalisi idi, sayları, tutalım, 7,8, uzağı 10 mindən artıq olmazdı – Peyğəmbərin apardığı maarifləndirmə işinin, qoyduğu hökmlərin və onlara töhfə verdiyi təlimlərin bərəkəti sayəsində o qədər köklü və möhkəm bir cəmiyyət oldu ki, Peyğəmbərdən sonra bəzi əsaslı problemlərin yaşanmasına baxmayaraq, bu hərəkat inkişaf etdi, günbəgün daha da gücləndi. Belə ki, tarixi mənbələrdə də əks olunduğu kimi, hicri 4-cü əsrdə, yəni Peyğəmbərin besətindən, ilk İslam cəmiyyətinin yaranmasından 300 il sonra müsəlman cəmiyyəti siyasi cəhətdən dünyada ən geniş yayılmış cəmiyyət idi. Hərbi cəhətdən dünyanın ən güclü ordusuna sahib idi. Elm və mədəniyyət baxımından bütün dünyada ən yüksək səviyyədə idi. Yəni besətdən 3 əsr sonra bu cəmiyyət bu cür inkişaf edərək siyasi, hərbi, elmi və mədəni cəhətdən dünyada belə bir status qazanmışdı. Hələ bu, Bəni-Üməyyə və Bəni-Abbas kimi səriştəsiz və fasid xəlifələrin hakimiyyətdə olduğu dövrlər idi. Əgər onların əvəzinə, məsum imamlar (ə) və ya imamlara yaxın olan insanlar iş başında olsaydılar, heç şübhəsiz, uğurlar olduğundan on qat çox olardı. İslamın hərəkatı budur; inkişaf etmək, güclənmək bu hərəkatın təbiətindədir.

Bu gün də eynilə o cürdür. Bu gün biz vicdanla hərəkət etsək, tənbəllik, səhlənkarlıq etməsək, məsələlərə primitiv yanaşmasaq, İranı o zirvəyə çatdıra bilərik. Əlbəttə, İranı siyasi, hərbi, iqtisadi, mədəni, elmi və sair cəhətlərdən zirvəyə yetişdirmək bizim yaxın hədəfimizdir. Uzaq hədəf isə İslam sivilizasiyasıdır ki, bu da ayrı bir mövzudur.

Düşmənçiliklərə isə təəccüblənməməliyik. Bəli, bizim xeyli düşmənimiz var; buna təəccüblənmək lazım deyil. Qeyd etdiyim kimi, Quranda Allah-taala buyurur:

وَ کَذٰلِکَ جَعَلنا لِکُلِّ نَبِیٍّ عَدُوًّا شَیٰطینَ الاِنسِ وَ الجِنِّ یوحی بَعضُهُم اِلیٰ بَعضٍ زُخرُفَ القَولِ غُرورا

“Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər təlqin edərlər”.  (Ənam” surəsi, 112-ci ayə)

Həm insanlardan, həm də cinlərdən olan düşmənlər var və onlar bir-birinə kömək də edirlər. Bir sıra ölkələrin kəşfiyyat sistemləri bizim əleyhimizə əməkdaşlıq edir;

یوحی بَعضُهُم اِلیٰ بَعضٍ زُخرُفَ القَولِ غُرورا

– bir-birini aldatmaq üçün bir-birinə təmtəraqlı sözlər təlqin edirlər.

Məhz buna görə İslamın yer üzünə gəldiyi ilk vaxtlar Əhzab döyüşündə Peyğəmbərin ərəb qəbilələrindən – Məkkə və Taifdə, digər yerlərdə yaşayan müxtəlif qəbilələrdən olan düşmənləri əlbir olub, Mədinə yaxınlığında gördükləri yəhudiləri də özləri ilə götürüb müharibəyə gəldikləri zaman bu, çox qəribə bir hadisə olduğuna baxmayaraq, müsəlmanlar buna təəccüblənməmişdilər. Quran buyurur:

وَ لَمّا رَءَا المُؤمِنونَ الاَحزابَ قالوا هذا ما وَعَدَنا اللهُ وَ رَسولُه وَ صَدَقَ اللهُ  وَ رَسولُه

“Möminlər (müttəfiqlərin) ordu hissələrini gördükdə dedilər: “Bu, Allahın və Peyğəmbərinin bizə olan vədidir. Allah və Peyğəmbəri düz buyurmuşlar!” (“Əhzab” surəsi, 22-ci ayə) 

Yəni möminlər düşmənlərin onların üzərinə bu cür gəldiklərini gördükdə dedilər ki, Allah-taala bizə bunu vəd etmişdi, sizin düşmənləriniz olacaq, üstünüzə hücum edəcəklər demişdi, budur, o düşmənlər indi gəliblər. Odur ki düşmənin bu hərəkəti bizim etiqadımızın daha da artmasına səbəb oldu, çünki Allah və Peyğəmbərinin dedikləri düz çıxdı, onların bu proqnozu reallaşdı.

وَ ما زادَهُم ‌اِلّاٰ ایمانًا وَ تَسلیما

“Bu (vəziyyət) yalnız onların (Allaha) imanını və itaətini artırdı”. (“Əhzab” surəsi, 22-ci ayə)

Əlbəttə, bu gün bizim və İslam Respublikasının ən xəbis düşmənimiz Amerikadır. Düzdür, düşmənlərimiz çoxdur, amma aralarında ən xəbis və qatı olanı Amerikadır. Amerikanın rəsmiləri həm yalançı, hiyləgər, həyasız, tamahkar və şarlatandırlar (hərəkətlərinə, dediklərinə baxın, görəcəksiniz ki, necə şarlatan sözlər danışırlar; yəni ən çirkin əxlaqi keyfiyyətlər onların simasında cəmlənib), həm də bütün bunlarla yanaşı, zalımdırlar, ürəkləri daşdır, son dərəcə amansızdırlar, terrorçudurlar. Yəni bu gün bizim qarşımızda belə bir düşmən var.

Allah-taala düşmənçiliklərə qarşı mübarizə aparmaq üçün Peyğəmbərə təlimatlar verir. Besətin əvvəlindən Allah-taala Peyğəmbərə səbirli olmağı əmr edir. Bu dövrdə nazil edilmiş surələrdən olan “Müddəsir” surəsində Allah-taala buyurur:

وَ لِرَبِّکَ فَاصبِر

“və öz Allahın üçün səbir et!” (“Müddəsir” surəsi, 7-ci ayə)

Quranın ilk surələrindən olan “Müzəmmil” surəsində də buyurur:

وَ اصبِر عَلیٰ ما یَقولون

“və danışılanlara səbir et!” (“Müzəmmil” surəsi, 10-cu ayə)

Bu məsələ Quranın digər ayələrində də dəfələrlə vurğulanır. İki yerdə – “Hud” və “Şura” surələrində buyurulur:

وَ استَقِم کَماٰ اُمِرت

 “ ... və sənə əmr edildiyi kimi (bu yolda) səbatlı ol”. (“Şura” surəsi, 15-ci ayə)

Odur ki Peyğəmbərə necə davranmalı olduğu barədə təlimat verilib. 

Yaxşı, bəs səbir etmək nə deməkdir? Səbir etmək əlini əlinin üstünə qoyaraq oturub hadisələrin nəticəsini gözləmək deyil. Səbir etmək mübarizə aparmaq, müqavimət göstərmək, düşmənin hiyləsi ilə öz düzgün, dəqiq hesablamalarını dəyişməmək deməkdir. Səbir etmək özümüz üçün müəyyən etdiyimiz hədəfləri ardıcıl surətdə izləməkdir. Səbir əzmlə öz işinə davam etməkdir. Səbrin mənası budur. Bu səbat və müqavimət üstəlik ağıl, tədbir və məşvərətlə də birləşəndə – Quranda da buyurulduğu kimi, “اَمرُهُم شوریٰ بَینَهُم” – “Aranızda məsləhətləşərək iş görün”  (5) – qələbə, mütləq, nəsibimiz olacaq. Əlbəttə, mən qətiyyətlə deyə bilərəm ki, İran xalqı səbirli bir xalqdır; səbirli olduğunu göstərib. Biz rəsmilər, əlbəttə ki, bəzən səbirsizlik etmişik; xalq isə yox; xalqımız tam səbirli olub. Geridə qoyduğumuz 40 il bunu bizə açıq-aydın nümayiş etdirir. Təəssüflər olsun ki, bizim bəzi psevdo-ziyalılarımız da səbirsizlik göstəriblər, onlardan bəziləri bu səbirsizliklərini hətta düşmənlə əməkdaşlığa, düşmən qüvvələrlə dilbir olmağa qədər inkişaf etdiriblər. Əlbəttə, bəziləri belə davranıblar, amma buna tam əks mövqedə bizim mömin gənclərimiz durur. Əlhəmdulillah, sayları da kifayət qədər çoxdur, inşallah, günbəgün daha da artacaqlar. Mədəniyyət, elm, texnologiya, siyasət arenalarında, beynəlxalq proseslərin dərki – yəni qlobal arenada gedən prosesləri düzgün dərk etmək baxımından, tam tərsinə, bax belə gənclərimiz də var ki, qeyd etdiyim kimi, onların sayı günbəgün daha da artır. Deməli, səbir etmək təslim olmamaq, zəifləməmək, tərəddüd keçirməmək, ağıl və cəsarətlə düşmənin qarşısını alıb onu məğlub etmək deməkdir. Quran buyurur: 

اِن یَکُن‌ مِنکُم‌ عِشرونَ‌ صٰبِرونَ‌ یَغلِبوا مِائَتَین

İçərinizdə iyirmi səbirli kişi olsa, iki yüz kafirə, yüz səbirli kişi olsa, min kafirə qalib gələr. (“Ənfal” surəsi, 65-ci ayə)

Sizdən 10 nəfər onlardan 100 nəfərlə, 20 nəfər  200 nəfərlə üz-üzə gəlib qələbə qazana bilər; şəraitdən asılı olaraq; müəyyən şərait üçün sayca özünüzdən 10 dəfə artıq qoşunla,  digər şərtlər üçünsə 2 dəfə artıq qoşunla üz-üzə gələ bilərsiniz deyir.

Mən son vaxtlar etdiyim çıxışlarda dəfələrlə vurğulamışam ki, ölkəmiz güclənməlidir. (6) Ölkənin güclənməsi bizim hədəflərimizdən biridir. Bu da besətin əsas prinsiplərindəndir; bu da besətdən götürülüb; bu da Qurana əsaslanır. Quran buyurur:

وَ اَعِدّوا لَهُم مَااستَطَعتُم مِن قُوَّة

“(Ey möminlər).... düşmənləri (münafiqləri) qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə tədarük edin”. (“Ənfal” surəsi 60-cı ayə)

Əlinizdən gəldiyi qədər gücünüzü artırın. İlk baxışdan burada hərbi gücün nəzərdə tutulduğunu düşünmək olar, lakin görünür, hərbi gücdən daha geniş bir məna əhatə olunur. Güc anlayışının müxtəlif aspektləri var; iqtisadi güc ola bilər, elmi güc ola bilər, mədəni güc ola bilər, siyasi güc ola bilər – hansı ki siyasi güc üçün də siyasi müstəqillik zəmin yaradır – təbliğat gücü ola bilər. Vaxt keçdikcə ölkə və xalqın güclənməsinin digər müxtəlif sferaları ortaya çıxır. Misal üçün, hazırda demoqrafik baxımdan gənc əhalinin say göstəricisinin qorunması ölkənin güc faktorlarından biridir. Elə buna görə də mən daim doğumun səviyyəsinin yüksəldilməsi məsələsi üzərində bu qədər dururam. Bu gün bizim ölkəmiz gənc bir ölkədir. Ölkədə doğumun səviyyəsi lazımi həddə və kifayət qədər olmasa – misal üçün, hazırda lazımi həddə deyil – bir neçə il sonra ölkədə gənc nəsil azalacaq. Gəncləri az olan ölkənin isə inkişafı da aşağı olur. Güc faktorlarından biri cəmiyyətdə gənclərin say çoxluğunu qoruyub saxlamaqdır. Yaxud bu gün kiberməkanda güclü olmaq həyati əhəmiyyət daşıyır. Bu gün kiberməkan bütün dünyada insanların həyatına hakimdir. Bəziləri bütün işlərini internet üzərindən həyata keçirirlər. Bu sferada güclü olmaq həyati əhəmiyyətə malikdir. Və ya misal üçün, səhiyyə sahəsində güclü olmaq həyat əhəmiyyətli bir məsələdir. Allaha şükürlər olsun ki, bu sahədə bizim həkimlərimiz, elm adamlarımız, mütəxəssislərimiz çox işlər görüblər.

Mənim cari ilin şüarı olaraq seçdiyim “Sıçrayışlı istehsal” məsələsi də, əslində, güc faktorlarından biridir. İstehsalda sıçrayış müşahidə olunmalıdır. Təkcə ötən il vurğuladığımız istehsalın rövnəqlənməsi kifayət etmir. İstehsalın rövnəqlənməsi bu sahədə bir hərəkətliliyin meydana gəlməsi deməkdir ki, bu da artıq ölkədə baş tutub. Amma bu, kifayət deyil. Bizim bundan daha artığına – sıçrayışlı istehsala ehtiyacımız var. Əlbəttə ki, sıçrayışlı istehsalın öz tələb və şərtləri var. Məsələ yalnız inevstorların, yaxud zavod direktorlarının daha çox istehsala cəhd göstərməsi ilə bitmir. Bunun üçün bütün aidiyyətli qurumlar öz işini görməlidir: qaçaqmalçılığın qarşısı alınmalıdır, lüzumsuz idxalın qarşısı alınmalıdır, istehsalçılar üçün həvəsləndirici tədbirlər görülməlidir, dövlətin maliyyə dəstəyindən sui-istifadə edən şəxslər ciddi  surətdə hüquqi məsuliyyətə cəlb olunmalıdır. Bu kimi bir sıra işlər var ki, əgər onlar həyata keçirilsə – inşallah, bu il həyata keçirilməlidir – istehsalda sıçrayış reallaşar.

Əlbəttə ki, hazırda biz qlobal pandemiya şəklini almış bir xəstəliklə üz-üzə qalmışıq. Bu virus, demək olar, dünyanın bütün ölkələrində genişlənməkdə və tələfatlara səbəb olmaqdadır. İndi bəziləri ölkələrində nə baş verdiyini açıq deyir, bəziləri isə gizlədirlər. Bəzi bəyanatlara diqqət yetirəndə anlamaq olur ki, onlar heç də həqiqətə uyğun deyil. Bu virus genişlənir. Bu xəstəlik Quranın bu şərif ayəsinin təcəssümüdür:

وَ لَنَبلُوَنَّکُم بِشَیءٍ مِنَ ‌الخَوفِ وَالجوعِ وَ نَقصٍ مِنَ الاَموالِ وَ الاَنفُسِ وَ الثَّمَرٰت

“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik”. (“Bəqərə” surəsi, 155-ci ayə)

Həm özü ilə qorxu gətirib – bəzi insanlar, həqiqətən də, qorxuya düşüblər – həm iqtisadi problemlər ortaya çıxarıb, həm də mal, can və məhsul qıtlığı yaradıb. Lakin bunun ardınca Allah-taala buyurur:

وَ بَشِّرِ الصٰبِرین

“(Ya Rəsulum! Belə imtahanlara) səbir edən şəxslərə müjdə ver!”

Burada da səbir etmək lazımdır. Bu yerdə səbir etmək düzgün davranmaq, ağılla iş görməkdir. Əlbəttə, aidiyyətli qurumların rəsmiləri lazımi göstərişləri veriblər və inşallah, bu göstərişlərə əməl olunmalıdır. Bu tövsiyə və göstərişlərə hər kəs əməl etməlidir. Bütün bunlar vətəndaşların özlərinin və ümumilikdə cəmiyyətin sağlamlığının qorunması, bu təhlükəli xəstəliyin kontrol altına alınması üçündür. Odur ki hamı bu göstərişlərə əməl etməlidir.

Koronavirusla bağlı bir məqamı da qeyd etməyim pis olmaz: ABŞ rəsmiləri İrana dərman və tibbi ləvazimat baxımından yardım etməyə hazır oldulqarını indiyə qədər bir neçə dəfə deyiblər. Bunu artıq bir neçə dəfə bəyan ediblər ki, siz bircə istəyin, biz sizə kömək etməyə hazırıq. Bu dedikləri çox qəribədir. Əvvəla, sizin özünüzdə bu ləvazimatların çatışmazlığı var. Bu gün Amerikadan xəbərlər gəlir, yəni özlərinin dediklərindən belə məlum olur, ayrı-ayrı şəhərlərin merləri, ştatların səhiyyə rəsmiləri, xəstəxana rəhbərləri özləri açıq-aşkar bildirirlər ki, qorxunc bir çatışmazlıqla üzləşiblər; həm xəstəliyin, yoluxmanın qarşısının alınması, həm də yoluxmuş insanların müalicəsi baxımından. Varınızdırsa, belə əliaçıqsınızsa, özünüzə işlədin. İkincisi, siz amerikalılar özünüz bu virusu yaratmaqda ittiham olunursunuz. Mən bu ittihamın reallığa nə qədər uyğun olub-olmadığını bilmirəm, amma ortada belə bir ittiham olduğu bir halda, hansı ağıllı sizə inanıb sizdən dərman yardımı qəbul edər?! Ola bilsin, sizin verdiyiniz dərman bu xəstəliyin daha da genişlənməsi üçün bir vasitədir. Sizin heç bir etibarınız yoxdur, sizə inanmaq olmaz. Ola bilsin, sizin buraxdığınız, yaxud bizə göndərdiyiniz dərman bu virusu daha da qalıcı edəcək, qurtarmasına əngəl olacaq. Bu ittiham doğru olsa və bu virusu siz yaratmış olsanız, sizdən bu işləri də gözləmək olar. Yaxud ola bilsin ki, həkim adı ilə göndərdiyiniz mütəxəssis də bura özünüzün istehsal etdiyiniz zəhərin təsirini yaxından müşahidə etmək üçün gələcək. Çünki deyilənə görə, xalqımızın genetik xüsusiyyətləri ilə bağlı müxtəlif yollarla əldə etdikləri məlumatlar əsasında bu virusun bir hissəsini özəlliklə İran üçün düzəldiblər. Ola bilsin, o mütəxəssisləri də gələcək görsün ki, necə təsir göstərir; daha geniş məlumat toplayıb düşmənçiliklərini daha da artıracaqlar. Odur ki bu yardım söhbəti İran xalqı içərisindən kiminsə qəbul edə biləcəyi bir məsələ deyil.

Və son olaraq üzümü xalqımıza tutub demək istəyirəm ki, mənim əzizlərim! 40 ilin təcrübəsi bizə göstərir ki, ölkəmiz istənilən müstəvidə ona əngəl olan qüvvələrlə mübarizə aparmaq, problemlərini həll etmək potensialına sahibdir. Yəni ölkəmiz indiyə qədər qarşılaşdığı və ya bundan sonra qarşılaşacağı bütün problem və çətinliklərə sinə gərib qələbə qazanmaq üçün fövqəladə imkan və potensiala malikdir. Ölkəmizin potensialı çox yüksəkdir. Əsas odur ki, rəsmilər bu potensialı aşkarlasın, tanısın və bütün sferalarda mömin insanlar, stimullu gənclər işə cəlb olunsun; gənc, stimullu, mömin, şəriətin tələblərinə əməl edən kadrlar. Çünki şəriətə əməl edn insanın xəyanət etmək ehtimalı dinə inanmayan insanla müqayisədə daha azdır. Bizi hədəfimizə yaxınlaşdıracaq amil budur.

Mən bir daha tövsiyə edirəm ki, Koronavirusa Qarşı Mübarizə Milli Komitəsinin elan etdiyi, yayımladığı göstərişlərə, inşallah, hamı əməl etsin. Hətta dini toplantılara da fasilə verilib. Ölkəmizin tarixində belə bir şey olmayıb ki, hətta məsələn, müqəddəs ziyarətgahlar bağlansın, cümə və camaat namazları qılınmasın. İndiyə qədər heç vaxt belə bir şey olmayıb, amma nə etmək olar? Başqa çarə olmayıb, belə məsləhət olub, belə də ediblər. Bütün göstərişlərə əməl etsinlər ki, Allah-taala tez bir zamanda bu bəlanı İran xalqının, bütün müsəlman xalqlarının, bütün bəşəriyyətin üzərindən yox etsin, inşallah.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

___________________

(1) Hafiz, Qəzəliyyat 
(2) Kamilüz-ziyarat, səh. 309 
(3) “Şura” surəsi, 15-ci ayə
(3) Nəhcül-bəlağə, 31-ci məktub
(4) “Şura” surəsi, 38-ci ayə
(5) O cümlədən Şərqi Azərbaycan əhalisi ilə görüş (29.11.1398)