Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin istehsalçılarla videogörüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə. (1)

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّة ‌الله فی‌ الارضین

Bugünkü görüşümüz çox maraqlı və ürəkaçan oldu. Mən bu videokonfransın təşkil olunmasında zəhməti olan hər kəsə, eləcə də az öncə çıxış edən müəssisə rəhbərlərinə və digər dostlarımıza təşəkkürümü bildirirəm. Onlar çox gözəl hesabatlar təqdim etdilər və mən israr edirəm ki, bu hesabatlar geniş ictimaiyyətə də çatdırılsın. Mən xahiş edirəm, yalnız mənim çıxışım yox, dostlarımızın, çox hörmətli zavod direktorlarının, zəhmətkeşlərin, icraiyyə strukturlarının rəsmilərinin səsləndirdiyi fikirlər də media vasitəsilə yayımlansın, geniş ictimaiyyətə təqdim olunsun ki, camaatımız onlardan yararlana bilsin. Bunun ictimaiyyətin ölkədə əməyin gələcəyinə olan ümumi baxışına mütləq şəkildə müsbət təsiri olacaq. 

Fəhlə və zəhmətkeşlərin problemlərinin həllinə səy göstərilməsi 

Əvvəla, bütün fəhlə və zəhmətkeşlərimizi Əmək günü münasibətilə təbrik edirəm və ümidvaram ki, az öncə səsləndirilən fikirlər, bu həftə ərzində, bu günlərdə həyata keçirilmiş və keçirilən tədbirlər sayəsində onların problemlərinin bir qismi, inşallah, öz həllini tapacaq. Fəhlə ictimaiyyətinin müəyyən problemləri var və bizim qarşımızda duran mühüm məsələlərdən biri bu problemləri həll etməkdir ki, buna da ciddi səy göstərmək lazımdır. Mən burada iki mövzuya toxunacağam: birincisi, fəhlə və zəhmətkeşlər, onların əməyi barədə bir neçə cümlə deyəcəyəm, daha sonra isə bu ilin şüarı olan “Sıçrayışlı istehsal” məsələsi ətrafında bir qədər danışacağam. 

İslamda “əmək” məfhumu; ümumi və iqtisadi-terminoloji mənada 

İslam dinində “əmək” məfhumu iki məna daşıyır: həm ümumi mənada əmək – yəni bura həm mənəvi, dünyəvi, axirət üçün görülən, iqtisadi, intellektual, fiziki və sair işlər, başqa sözlə ümumilikdə insanın gördüyü bütün işlər, əməllər daxildir – həm də terminoloji mənada, yəni iqtisadi termin kimi əmək. Bu gün dünyada əmək və zəhmətkeşlər məsələsi xüsusi – terminoloji mənada nəzərdən keçirilir. İslam dinində isə “əmək” məfhumu hər iki mənada işlənir. 

“Əmək” məfhumunun birinci – ümümi mənasına gəlincə, buna misal olaraq görüşümüzün əvvəlində tilavət olunan ayəni misal gətirmək olar: 

لَیسَ لِلاِنس‌ـانِ اِلّا ما سَ‌عیٰ

“İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!” (“Nəcm” surəsi, 39-cu ayə) 

Və ya Əmirəlmöminin buyurur: 

(2) العَمَلَ العَمَلَ ثُمَ‌ النِّهایَةَ النِّهایَة 

İşləmək, işləmək! Bu bir şüardır, Əmirəlmöminin Əlinin irəli sürdüyü bir şüardır: işləmək, işləmək! Ardınca isə “اَلنِّهایَة” – yəni o işi sona, bir nəticəyə çatdırmaq. Bizim problemlərimizdən biri budur ki, bəzən bir işə başlayırıq, amma onu yarımçıq qoyuruq. Bu gün ölkədə bizim üzləşdiyimiz problemlərdən biri də yarımçıq qalmış, tamamlanmamış layihələrdir. İşi sona çatdırmamaq bizim nöqsanlarımızdan biridir. Məhz bu yerdə Əmirəlmöminin buyurur ki, işləmək və işi sona çatdırmaq lazımdır. Bu, işin, əməyin iqtisadi yox, ümumi mənasıdır; əməli iş, dini işlər, dünəvi işlər, ictimai işlər, siyasi işlər, cihad hərəkatı. Bu mənada əmək məfhumunun içərisinə hər cür iş daxildir. Gördüyünüz kimi, Quranda da “عَمِلُوا الصّالِحٰت” – “yaxşı işlər görənlər” ifadəsi dönə-dönə təkrarlanır:

الَّذینَءامَنوا وَعَمِلُوا الصّالِحٰت

“... iman gətirib yaxşı işlər görənlər...” (“Maidə” surəsi, 9-cu ayə)

وَ عَمِلَ صلِحًا 

“... yaxşı iş görənlər...” (“Kəhf” surəsi, 88-ci ayə)   

Quranda əməl, əmək, iş məsələsinə dəfələrlə toxunulur.   

Öz əməyinin nəticəsini gözləmək və müftəxorluqdan çəkinmək 

Bu mənada əməyin əksi müftəxorluqdur. Yəni diqqətli olmalıyıq ki, nəyisə müftə, zəhmətsiz əldə etmək həvəsində olmayaq. İstər dini məsələlərdə, yəni axirət mükafatı əldə etmək baxımından, istər dünyəvi məsələlərdə, istərsə də ölkənin mühüm məsələləri, siyasi və ictimai problemlərin həlli baxımından. Yalnız işləmək, səy göstərmək və öz əməyindən, öz çəkdiyin zəhmətdən hansısa bir nəticə gözləmək lazımdır. Müftəxorluq, müftə qazanc axtarmaq yanlışdır. Deməli, bu mənada əməyi məhz bu xüsusiyyətinə görə önə çəkirik. 

Lakin İslamda əmək məfhumu ikinci, yəni iqtisadi mənasında da işlənir. Peyğəmbəri-Əkrəmin (s) fəhləlik edən bir insanın əlindən tutub o əli öpməsi çox önəmli bir məsələdir. Və ya hədislərdən birində Peyğəmbər (s) buyurur: 

وَ لَکِنَّ اللَهَ یُحِبُّ عَبداً اِذا عَمِلَ عَمَلاً اَحکَمَه

Allah-taala iş görən və o işi möhkəm, əsaslı, məsuliyyətli bir şəkildə görən insanı sevir. 

Odur ki İslam dinində əmək məfhumu hər iki mənada işlənir, lakin mən bu gün bu məfhumun ikinci, yəni terminoloji mənası haqda danışmaq istəyirəm. 

Ölkə iqtisadiyyatının hədəfi: sərvət istehsalı və onun vətəndaşlar arasında ədalətli bölgüsü 

Ölkə iqtisadiyyatının hədəfi nədir? İqtisadiyyatın hədəfi sərvət istehsal etmək və onun ədalətli bölgüsünü aparmaqdır. Sağlam iqtisadiyyat məhz o iqtisadiyyatdır ki, ölkədə sərvət istehsal edə bilə və o sərvəti vətəndaşlar arasında ədalətli, düzgün bir şəkildə bölməyi bacara. Belə iqtisadiyyat sağlam bir iqtisadiyyatdır. 

Sərvət istehsalında birinci dərəcəli faktorlardan biri – fəhlələr

Belə sağlam iqtisadiyyata nail olmaq üçün əsas 2-3 dayaq olmalıdır. Həmin əsas dayaqlardan biri fəhlələrdir. Deməli, ölkədə sərvət istehsalının birinci dərəcəli amillərindən biri də fəhlələrdir. Əlbəttə, fəhlələr nə qədər bacarıqlı, kreativ, novator olsalar, təbii ki, gördükləri işin nəticəsi də bir o qədər yaxşı və yüksək səviyyədə olar (az öncə təqdim olunan hesabatlardan da göründüyü kimi, bu gün bizim fəhlələrimiz kreativlik, novatorluq, məharət nümayiş etdirirlər). Elə buna görə də bu gün fəhlələrlə bağlı bizim üzərimizə düşən vəzifələrdən biri də insan resurslarımızın bilik və bacarıqlarını artırmaqdır. Hesabatlardan müşahidə etdiyim qədər, bəzi firmalar bu vəzifəyə lazımi diqqət ayırır. İqtisadi subyektlərin vəzifələrindən biri də işçi qüvvəsinin, mövcud insan resurslarının bilik və bacarıqlarını artırmaqdır. Bu, arzuolunan nəticələr verə bilər.

Və bunun qarşılığında, təbii ki, fəhlələr daha yüksək peşəkarlıqla, daha artıq məsuliyyət hiss edərək işlərini düzgün, yüksək səviyyədə, möhkəm, əsaslı şəkildə görməli, səhlənkarlığa yol verməməlidirlər; hansı ki bu məsuliyyət dini mənbələrimizdə elə “فَاَتقَنَه” – “əsaslı şəkildə iş görmək”, “فَاَحکَمَه” – “möhkəm iş tutmaq” kəlmələri ilə ifadə olunur. Sahibkarlarla fəhlələr arasındakı müştərək vəzifə bundan ibarətdir. 

İstehsalın artırılması işçi qüvvəsi ilə investorlar arasında real ikitərəfli əməkdaşlıqdan asılıdır

İşçi qüvvəsi ilə investorlar arasında – adətən onlara sahibkar deyilir – real ikitərəfli əməkdaşlıq istehsalı və əlavə dəyəri artıra bilər; fəhlələrlə sahibkar və ya inevstorlar arasında müştərək bir əməkdaşlıq. İşçi qüvvəsi, fəhlələr öz peşəkarlığını, məsuliyyətini artırsın, işini daha böyük diqqət və məsuliyyətlə görsün, sahibkarlar da müəssisənin gəlirlərindən fəhlələrin payını artırsınlar. Bu çox lazımlı bir şeydir. 

Dostlarımız qəbul edilən bəzi qərarlarda fəhlələrin rəyinin nəzərə alınmadığından şikayətləndilər. Doğrudur, bu qərarlar ədalətli yanaşma əsasında tənzimlənməli və müəssisə rəhbərləri bu məqama diqqət yetirməlidirlər. Məhz buna görə biz müqavimət iqtisadiyyatının siyasətləri içərisində bu məsələni, yəni bu iki tərəfin əmədaşlığını qeyd etmişik. Bu əməkdaşlıq təmin olunduğu zaman bu ikisi – yəni həm fəhlələr, həm də sahibkarlar müştərək surətdə iqtisadi inkişaf və iqtisadi artımın əsas dayağını təşkil edirlər. 

Zəhmətkeşlər günü ilə əlaqədar fəhlələr barədə söz açmışkən bir məsələni də qeyd etmək yerinə düşər: işçi qüvvəsinin hüquqlarının təmin olunması. İşçilərin təbii haqlarına riayət olunmalıdır; yəni onlara ədalətli bir məbləğdə əməkhaqqının verilməsi, əməkhaqqının müntəzəm surətdə, gecikdirmələrə yol verilmədən ödənilməsi, məşğulluqda sabitlik, yəni zəmanətli məşğulluq. Mən bu zəmanətli məşğulluq məsələsini hələ illər öncə vurğulamışdım; çox mühüm məsələlərdən biridir. Bayaq söhbət edən cənablardan bəziləri qeyd etdilər ki, bu müddər ərzində işçilərin ixtisarına qətiyyən yol verməyiblər. Bu çox yaxşıdır, çox gözəl bir davranışdır. Məşğulluq zəmanət altına alınmalıdır. Sığorta məsələsi, ixtisas artırma, işçilərin rifahının yaxşılaşdırılması üçün göstərilən sosial xidmətlər, səhiyyə xidmətləri – bunlar hamısı işçilərin hüquqları sırasına daxildir və işəgötürənlərin təbii vəzifələridir. Əlbəttə, işçilərə daha artıq diqqət və qayğı ilə yanaşılsa, misal üçün ailələrinin ehtiyacları, övladlarının təhsili və ya özlərinin evlilik məsələsi ilə də bağlı onlara dəstək verilsə, təbii ki, bunun işçilərlə işəgötürənlər arasında daha yaxşı və sağlam münasibətlərin qurulmasına təsiri böyük olacaq. Bu isə gözəl və mübarək bir işdir. 

Təhsil – sənaye və kənd təsərrüfatı müəssisələri, firmalar üçün zəruri məsələlərdən biri 

Bu barədə onu qeyd edim ki, hazırda dünyda texnoloji dəyişikliklərin baş verməsi an məsələsidir – düşünürəm, belə deməklə mübaliğəyə yol vermiş olmaram – yəni bu dəyişikliklər həddən artıq sürətlə gedir. Odur ki texnoloji dəyişikliklər ardıcıl şəkildə və sürətlə baş verdiyinə görə də sənaye və kənd təsərrüfatı müəssisələri, istehsalçı firmalar üçün ən vacib məsələlərdən biri daim öyrənməkdir. Bura həm nəzəri biliklərin, həm də praktik bacarıqların öyrənilməsi aiddir. Bəzən iş təcrübəsi olan insanların gələcək nəslə faydası yeni nəzəri biliklərdən də çox olur. Misal üçün, bayaq bir fermer ailəsi burada Xorasan haqda məlumat verdi; əminəm ki, onların 3-cü nəslinin öz ata-babalarından öyrəndikləri təcrübə sayəsində əldə etdiyi mənfəət heç də öyrəndikləri yeni elmi məlumatlar sayəsində əldə etdikləri mənfəətdən az deyil. Odur ki həm elmi biliklərdən, həm də peşəkar kadrların təcrübəsindən yararlanmaq lazımdır. 

İşin keyfiyyətinin artırılması və iqtisadiyyatın rövnəqlənməsi əmək məhsuldarlığının artırılmasından asılıdır 

Digər bir vacib məqam isə budur ki, əgər işçi qüvvəsinin məhsuldarlığı artırılsa, işin keyfiyyəti də artacaq. Qeyd etdiyimiz təhsil məsələsi reallaşsa – hansı ki o zaman təbii olaraq işçi qüvvəsinin məhsuldarlığı da artacaq – maya dəyəri və ya xərclər də azalacaq, bu isə, təbii ki, keyfiyyətin artmasına gətirib çıxaracaq. Keyfiyyət artdığı zamansa rəqabət qabiliyyəti artır, iqtisadiyyat rövnəqlənir, özəlliklə ixracat sahəsində canlanma müşahidə olunur. 

İslam Respublikası ilə zəhmətkeşlər arasında daimi bağlılıq

Fəhlə və zəhmətkeşlərlə bağlı qeyd edilməsi vacib olan məqamlardan biri də budur ki, ötən 2 əsrdə fəhlələrin siyasi proseslərə aktiv təsiri müşahidə olunub. Bütün dünyada; Avropada da, digər ölkələrdə də fəhlələr siyasi həyata mühüm təsir göstərib. Elə bizim ölkəmizdə də fəhlələrin ölkənin siyasi həyatına sözün əsl mənasında təsiri olub. Görüşümüzün əvvəlində də qeyd olunduğu kimi, İslam İnqilabının qələbəsində, inqilabi proseslərin inkişafında fəhlələrin, neft şirkətinin və digər sferaların fəhlələrinin, həqiqətən də, təsiri böyük olub. 

Daha sonra İslam Respublikasının hakimiyyəti dövründə də dövlətin hədəflərinə dəstək verən ən fəal kəsimlərdən biri fəhlə ictimaiyyəti oldu. İstər Müqəddəs Müdafiə dövründə, istər ondan sonra baş verən müxtəlif olaylarda fəhlələr həmişə öndə oldular, İslam Respublikasının xeyrinə çalışıb-vuruşaraq dövlətə xidmət etdilər. Odur ki İslam Respublikası ilə fəhlə və zəhmətkeşlər arasındakı bağlar daimidir və ümidvarıq, bu bağlılıq bundan sonra da davam edəcək. Əlbəttə ki, bu, İslam Respublikası rəsmilərinin fəhlə və zəhmətkeşlərə qarşı məsuliyyətini daha da artırır. Fəhlə ictimaiyyətinə münasibətdə hər kəsin öhdəsinə bir sıra vəzifələr düşür –  hakimiyyətin 3 qolunun rəsmilərindən tutmuş sadə xalqın nümayəndələrinə, işəgötürənlərə, sənaye və kənd təsərrüfatı müəssisələrinin rəhbərlərinə qədər. 

“Sıçrayışlı istehsal” şüarını həyata keçirmək üçün münasib fürsət 

Sıçrayışlı istehsala gəlincə; bəli, biz bu ili “Sıçrayışlı istehsal ili” elan etmişik. Hazırda ordibeheşt ayındayıq, hələ ilin əvvəlidir,  yəni bu il sözün əsl mənasında sıçrayışlı istehsalın reallaşdırılması üçün hələ imkan və fürsət var; yəni vaxt bizi sıxmır. Hazırda çox gözəl fürsət var – qarşıda 10-11 ay var – aidiyyətli qurumlar sıçrayışlı istehsala yol aça biləcək vəzifələrini, inşallah ki, yerinə yetirmək imkanına malikdirlər. Ona görə də mən sıçrayışlı istehsalla bağlı bir neçə məqamı qeyd etmək istəyirəm: 

İstehsal iqtisadiyyatın müdafiə və təhlükəsizlik sistemidir

Əvvəla, istehsal haqqında çox danışılıb. Mən də danışmışam, ölkə iqtisadiyyatının rövnəqlənməsini istəyən, bu işə can yandıran rəsmilər də. Mən bunu demək istəyirəm ki, istehsalı orqanizmin müdafiə və immun sisteminə bənzətmək olar. Koronavirus məsələsinin aktual olduğu bu günlərdə hər kəs bilir ki, orqanizmin virus və mikroblardan, sağlamlığımızı təhlükə altına salan faktorlardan müdafiəsində bədənin immun sisteminin rolu nə qədər böyükdür. Elə o koronavirus, sözsüz ki, bir çox insanların orqanizminə düşdü, amma hamı xəstələnmədi. Nəyə görə? Ona görə ki onları qoruyub orqanizmlərinin təhlükəsizliyini təmin edə biləcək yaxşı və sağlam bir immun sistemləri var idi. Ölkə iqtisadiyyatını bir insan orqanizminə bənzətsək, onun immun və təhlükəsizlik sistemini istehsal təşkil etmiş olar. Yəni iqtisadiyyata hücum edən mikrob və virusları neytrallaşdırmağa, onun sağlamlığını qorumağa qadir olan faktor ölkənin istehsalatıdır. Əgər ölkədə hər zaman yaxşı, layiqli, inkişaf edən istehsalatımız olsa, təbii olaraq mövcud olan bu virusların qarşısında müqavimət göstərə bilərik; əlbəttə, təəssüflər olsun ki, iqtisadiyyatımız bir sıra təbii mikrob və viruslarla üzləşir; sanksiyalar, neftin qiyməti kimi süni viruslar da var; bütün bunlar iqtisadiyyata zərbə vuran hadisələrdir. İstehsal məsələsinin bu dərəcədə heyrətamiz təsiri var, ona görə də təbii ki, ona önəm verib diqqət ayırmaq lazımdır. Əgər biz ölkə iqtisadiyyatı üçün belə bir təhlükəsizlik və müdafiə sistemi qurub, onu hər cəhətdən hazır bir vəziyyətə gətirə bilsək, şübhəsiz, bu problemlər, bu qlobal şoklar, müxtəlif iqtisadi böhranlar ölkəyə əsaslı və əhəmiyyətli ziyan vura bilməyəcək. 

İstehsalın iqtisadiyyatda və cəmiyyətin özünəinamının artmasında həyat əhəmiyyətli rolu    

Bəli, istehsalat ölkədə güclü bir milli iqtisadiyyat formalaşdıra bilər; yəni güclü bir iqtisadiyyatın qurulmasında birinci dərəcədə istehsal rol oynayır. İstehsal ölkənin idarə olunmasında inkarolunmaz və həyat əhəmiyyətli təsirə malikdir. Mənim fikrimcə, istehsal yalnız iqtisadiyyatla bağlı bir məsələ də deyil. Əlbəttə, iqtisadiyyat üçün istehsal həyati əhəmiyyət kəsb edir. Ölkə iqtisadiyyatı, sağlam iqtisadiyyat üçün daxili istehsal həyat əhəmiyyətli bir faktordur, lakin təkcə bu deyil. İstehsal siyasi cəhətdən də bir ölkəyə özünəinam qazandırır, xalqda özünəhörmət hissi yaradır. Bir xalq üçün ona lazım olan hər bir şeyi başqalarından almaq, kiməsə ağız açmaq məcburiyyətində qalmaqdansa, öz ehtiyaclarını öz ölkəsinin daxilində, öz güc və potensialı hesabına ödədiyini bilmək çox qürurvericidir; başqaları da ki, ya verəcəklər, ya verməyəcəklər; verəndə də, bilmək olmaz, hələ necəsini verəcəklər; yəni gah yaxşısını verirlər, gah da pisini. Bir xalqın öz ehtiyaclarını öz hesabına təmin etməyi, özünə lazım olanı özünün istehsal etməyi ona özünəinam qazandırır, qürur hissi yaşadır. Deməli, gördüyünüz kimi, istehsal sırf iqtisadiyyatdan daha geniş aspektə malikdir. Hələ orasını demirəm ki, istehsal ölkədə bütün iqtisadi meyarlara təsir göstərə bilər. Yəni istehsal ümumi daxili məhsul, məşğulluq – hansı ki çox mühüm bir məsələdir – məhsul və xidmətlərin təklifi, cəmiyyətin ümumi rifahı, ixracat kimi iqtisadi meyarlara, ixrac olunan məhsulların ideoloji və mədəni təsiri kimi məsələlərə təsir göstərmək iqtidarındadır. Bundan əlavə, qeyd etdiyimiz kimi, istehsal milli qürur mənbəyidir, xalqa özünəinam qazandırır və sair və ilaxır. Odur ki istehsalın əhəmiyyəti barədə bundan artıq daha nə demək olar? Daxili istehsal ölkə üçün, həqiqətən də, həyat əhəmiyyətlidir. 

İndi biz cari ili “Sıçrayışlı istehsal ili” adlandırmışıq. Nəyə görə sıçrayışlı istehsal deyirik? Çünki biz istehsalat baxımından geriyik. Az öncə dostlarımız görülən işlərdən danışdılar, çox gözəl, hamısı çox yaxşıdır, lakin bunlar kifayət etmir, istehsalın daha da genişləndirilməsinə, daha da gücləndirilməsinə, daha da çox inkişaf etdirilməsinə ehtiyacımız var. İndi mən bu barədə bir neçə məqamı qeyd edəcəyəm. 

Ölkə iqtisadiyyatının hərəkətlənməsi xalqın iştirakından asılıdır

İlk olaraq bunu bilməyimiz lazımdır ki, hətta ən güclü dövlətlər belə, xalqın iştirakı olmadan ölkəsinin iqtisadiyyatını hərəkətə gətirib irəli aparmağa qadir deyil. Xalqın iştirakı olmadan heç bir dövlət iqtisadiyyatını yoluna qoya bilməz. Sosializmin bəzi ideoloji, siyasi və struktur cərəyanları – əlbəttə ki, hamısı yox, bəziləri – iqtisadiyyatın məsuliyyətini yalnız dövlətin üzərinə qoymaq istədilər, lakin uğursuzluqla üzləşdilər. Mümkün deyil, xalqın iştirakı olmadan heç bir dövlət iqtisadiyyatını yoluna qoya, hərəkətə gətirib inkişaf etdirə bilməyəcək. Odur ki bizim qarşımızda duran mühüm məsələlərdən biri xalqın istedadını, əhalinin növbənöv potensialını, insanlarımızın təşəbbüsünü iqtisadi inkişaf meydanına çəkib gətirməkdir. 

Sıçrayışlı istehsalda dövlətin öhdəsinə düşən vəzifələr: 

1. Dəstək olmaq və əngəlləri aradan qaldırmaq  

Bəli, xalqla yanaşı, bu məsələdə dövlətin də öhdəsinə müəyyən vəzifələr düşür. Dövlət deyilərkən təkcə icraedici hakimiyyət deyil, hakimiyyətin hər 3 qolu nəzərdə tutulur. Yəni İslam Respublikasının timsalında həm icraedici hakimiyyət, həm qanunverici hakimiyyət, həm də məhkəmə hakimiyyəti. Bunların öhdəsinə çox mühüm vəzifələr düşür və əgər dövlət, rəsmilər onları yerinə yetirməsə, sıçrayışlı istehsal reallaşmayacaq. Həmin vəzifələrdən biri budur ki, dövlət istehsala və istehsalçılara dəstək olub onları himayə etməlidir. 

Bir cümlə ilə desək, dövlət dəstəyi olmalıdır. Yaxşı, bəs bu dövlət dəstəyi nə deməkdir? Biz “dəstək” deyəndə bəziləri elə başa düşür ki, söhbət nağd vəsaitdən gedir. Bəli, ola bilsin, haradasa maliyyə resursuna ehtiyac var,  amma bəzi yerlərdə bu, əksinə, ziyanlı ola bilər. Dövlət dəstəyi deyəndə sırf maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmur. Söhbət meydan açmaqdan, şərait yaratmaqdan gedir. Belə bir bənzətmə aparaq: xalqın işçi qüvvəsi, investorlar, mühəndislər, yeni ideyası olanlar, fəhlələr sürətli qaçışçılardır. Sizin onlara nə etməli olduqlarını öyrətməyinizə ehtiyac yoxdur, çünki özlərinin içində qaçışa bir meyil və həvəs var. Siz meydanı açın, maneələri aradan qaldırın, yeri təmizləyin, imkan verin, onlar öz işlərini görsünlər. Dövlət bunu etsə (hansı ki bu çox əhəmiyyətlidir və mən az sonra bəzi misallar çəkəcəyəm), ondan sonra işlər düzgün istiqamətdə gedəcək. Odur ki “dövlət dəstəyi” deyərkən mən əngəllərin ortadan qaldırılmasını nəzərdə tuturam. Nə kimi əngəllər? Misal üçün, istehsalçıların əl-qolunu bağlayan qanunların ortadan götürülməsi. Bəzi qanunların heç bir xeyri yoxdur, əksinə, ziyanlıdır. Belə qanunlar faydalı istehsalçıların, fəal iqtisadi subyektlərin işinə maneçilik törədir. 

2 və 3. Qaçaqmalçılıqla mübarizə və lüzumsuz idxalın ciddi surətdə qadağan edilməsi 

Dövlətin istehsalçılara göstərə biləcəyi vacib dəstək tədbirlərindən biri qaçaqmalçılıqla mübarizədir. Qaçaqmalçılıq, doğrudan da, ölkə üçün bir bəladır və bu bəla ilə sözün həqiqi mənasında mübarizə aparmaq lazımdır. 

Mühüm işlərdən biri də lüzumsuz idxalın ciddi şəkildə qadağan edilməsidir. Bu məsələni mən dönə-dönə vurğulamışam, amma yenə də görürsən ki, haradasa müxtəlif bəhanələrlə lüzumsuz idxal hallarına rast gəlinir. Bizə məktub yazıb şikayət edirlər; hansısa şirkət deyir ki, biz min bir zəhmətlə filan məhsulu yarı qiymətinə, 1\3 qiymətinə istehsal etmişik, amma bu məhsula ehtiyacı olan filan dövlət qurumu gedib xarici istehsalçı ilə müqavilə bağlayıb kənardan gətirir. Belə etmək lazım deyil.  Önəmli situasiyalarda belə işlərə yol verilərsə, bunun adını cinayət, xəyanət qoymaq lazımdır. Əlbəttə, həmişə belə olmur, bəzən bunu bilmədən edirlər, amma bəzən, həqiqətən də, cinayət və xəyanətdir. 

4. Administrativ və maliyyə korrupsiyasına qarşı mübarizə

Dövlət dəstəyinin önəmli bir nümunəsi də maliyyə korrupsiyasına qarşı ciddi mübarizədir. Baxın, bu gün hesabat verən şirkətlər – və yüzlərlə bu tip müəssisələr – ölkədə sağlam iqtisadi fəaliyyətlə məşğuldur. Onların öz hədəfinə çatmasını istəyirsinizsə, gərək korrupsiya, rüşvət, mənimsəmə yolu ilə iş görənlərə qarşı ciddi mübarizə aparasınız. Korrupsiyaya qarşı mübarizə aparmaq lazımdır: həm administrativ korrupsiyaya, yəni iqtisadiyyat sahəsi ilə əlaqəli dövlət qurumlarında korrupsiyaya əl atanlara qarşı, həm də öz istehsal işində, iqtisadi fəaliyyətində belə hallara yol verənlərə qarşı. 

Problemlərdən biri də bürökratik əngəllərdir. Mənə məlumat gəlib çatır; bu illər ərzində dəfələrlə şahidi olmuşuq ki, hansısa müəssisə rəhbəri, şirkət prezidenti böyük həvəs və maraqla nəyisə etmək istəyir, hansısa işin arxasınca düşür, amma o iş reallaşmır. Göstəriş də verilir, iclas da keçirilir, tədbir də görülür, amma nəticə sıfırdır. Səbəbi isə budur ki, ortada kimsə işə pəl vurur. Əmirəlmöminin Əlinin “ثُمَّ النِّهایَةَ النِّهایة” – cümləsi elə bu mənadadır. Yəni təkcə sizin müəssisə rəhbəri olmağınız və hansısa işi görmək istəməyiniz kifayət deyil. İşin arxasınca sona qədər getmək lazımdır ki, ortada kimsə işinizə pəl vura bilməsin. 

5,6 və 7. Mülkiyyət hüququnun qorunması, zərərli biznesdən çəkinmək, vergi güzəştləri və zəruri vergilər  

Mühüm məsələlərdən biri də mülkiyyət hüququnun qorunmasıdır. Bu, məhkəmə hakimiyyətinn öhdəsinə düşən bir işdir. Digər bir mühüm məsələ spekulyasiya və ziyanlı sövdələşmələrə yardımçı olmaqdan çəkinməkdir ki, bunun üçün də müvafiq qanunlara ehtiyac var; yəni parlamentin işi ilə əlaqəli bir məsələdir. Deputatlar diqqətli olmalıdırlar ki, tənzimlədikləri qanunlar bu cür sövdələşmələrə yox, düzgün, sağlam iqtisadi fəaliyyətlərə yardımçı olsun. Bəzi situasiyalarda vergi güzəştləri olmalıdır, bəzilərində isə əksinə, vergilər tətbiq olunmalıdır; göydəndüşmə sərvət kimi. Əlbəttə ki, mən burda konkret halları sadalamaq istəmirəm; bir sıra hallar, müəyyən məşğuliyyətlər var ki, insanlar göydəndüşmə sərvət əldə edir və heç bir vergi də ödəmirlər. Onlara vergi tətbiq olunmalıdır. Və əksinə, elə hallar da var ki, vergiləri ləğv etmək, yaxud azaltmaq lazımdır. Bir çox istehsal sahələrinə bu cür dəstək verilməlidir. Bir qədər əvvəl dövlət dəstəyinin vacibliyindən danışdıq; istehsala real dəstək bu şeylər, bu kimi tədbirlərdir. 

Gördüyümüz kimi, koronavirus məsələsində dövlət xalqa dəstək oldu, yəni şərait yaratdı. Əgər dövlət, misal üçün, “kim maska istehsal etmək istəyirsə, bizdən icazə almalıdır” desəydi, yəni elementar olaraq bu şərti ortaya qoysaydı, bu kifayət idi ki, ölkədə tibbi maska istehsal olunmasın.  Amma meydanı hər kəs üçün açdılar, dedilər, kim istehsal edə bilirsə, etsin. Ona görə də şirkətlər istehsal etdilər, fabriklər istehsal etdilər, İcraiyyə Komitəsi istehsal etdi, Yoxsullar Fondu istehsal etdi, insanlar öz evlərində, məscidlərdə istehsal etdilər. Elə bir vəziyyət yaranıb ki, hazırda ölkəmizdə ehtiyac olduğundan da artıq maska var, hətta başqalarına da verə bilərik. Bu ona görə belə oldu ki, dövlət əngəlləri ortadan qaldırdı. Müxtəlif sahələrdə bu cür tədbirlər görülsə, sözsüz ki, bu, işin xeyrinə olacaq. 

Biznes mühitinin yaxşılaşdırılması

3-cü məqam biznes mühitinin yaxşılaşdırılmasıdır. Mən bu məsələ üzərində dəfələrlə durmuşam (3) və az öncə ikinci məqam ətrafında danışarkən dövlət dəstəyi, qanunların azaldılması və sair barədə söylədiklərim, əslində, elə biznes mühitinin yaxşılaşdırılmasının göstəriciləridir. Mənə İqtisadiyyat Nazirliyindən bizim baş ofisimizə göndərilmiş mütəxəssis araşdırmaları barədə danışmışdılar. Mütəxəssislərin fikrincə, əgər ölkədə iqtisadiyyat sahəsində 2 tədbir görülsə, biznes mühiti baxımından ölkəmiz 40-50 pillə irəliləyər. Bunu İqtisadiyyat Nazirliyinin ekspertləri deyir.

Həmin iki tədbirdən biri lisenziyaların verilməsində vahid pəncərə sisteminin yaradılmasıdır. 2-3 il bundan qabaq – dəqiq vaxtı yadımda deyil – mən hökumət kabinetindəki dostlarımızla keçirdiyimiz iclasda demişdim ki, hansısa iqtisadi fəaliyyət üçün lisenziya almaq istəyən şəxslər 30-40 yerə müraciət etməli olurlar. Belə olanda da 1 günə görülə biləcək olan iş 6 ay uzanır, ya da ümumiyyətlə alınmır. Görüləsi 2 vacib işdən biri budur: lisenziyaların verilməsində vahid pəncərə sisteminin yaradılması. Yəni bütün qurumlar bir nöqtədə cəmlənsin, lisenziya almaq istəyən adam da vaxt itirmədən yarım gün ərzində lisenziyasını alıb öz işinin dalınca getsin.    

İkincisi isə iqtisadi sahədə mübahisəli məsələləri həll etmək üçün iqtisad məhkəmələrinin yaradılması. Ekspertlər deyib ki, bu iki iş reallaşsa, biznes mühiti baxımından ölkəmiz 40-50 pillə yüksələr. Bəli, bu kimi məsələlər çox önəmlidir. 

Lüzumsuz idxalın qadağan olunması

Dördüncü məqam, bundan öncə də qeyd etdiyim kimi, idxalın qadağan edilməsidir. Əlbəttə ki, biz idxala qarşı deyilik, bunu hər kəs bilir, anlayır. Mən ölkədə analoqu istehsal olunan, yaxud istehsalı mümkün olan məhsulların idxalını nəzərdə tuturam. Demək istədiyim budur. Təkcə istehsal olunanlar yox, habelə istehsalı üçün şərait olanlar da qadağan olunmalıdır. Yəni o məhsullar ki, onların kənardan idxalının qarşısını almaqla ölkədəki fəal və təşəbbüskar istehsalçıların həmin məhsulun istehsalına başlamasına kömək edə bilərik. Bu işi görə bilsək, fikrimcə, bunun həmin istehsalçılara köməyi böyük olar. 

Bəzən icraiyyə qurumları müəyyən bəhanələrlə lüzumsuz idxal üçün yaşıl işıq yandırırlar; misal üçün, rəqabət məsələsi. Onlardan soruşanda ki, xarici avtomobillərin bu şəkildə ölkəyə idxalına nə üçün icazə verirlər, dərhal rəqabət məsələsini bəhanə gətirirlər. Deyirəm, yaxşı, əgər rəqabət yaratmaqla keyfiyyəti yüksəltmək istəyirsinizsə, keyfiyyəti başqa yollarla da yüksəltmək olar. Yoxsa keyfiyyəti yüksəltmək üçün daxili məhsula ikiqat ziyan vermək heç bir vəchlə düzgün bir addım deyil. Sıçrayışlı istehsal dedikdə kəmiyyətin də artırılması nəzərdə tutulur və əlbəttə ki, keyfiyyətin də. Hər birinin də yolları var. İdxal yolu ilə bunu təmin edə bilməzsiniz. Bəzilərinin də başqa məqsədləri var. Həqiqətən də, bəzən lüzumsuz idxal ucbatından daxili istehsala güclü zərbə dəyir. Belə faktlar çoxdur. İnsanlar bizə müraciət edirlər, əlbəttə, biz də onları aidiyyətli qurumlara yönəldir və məsələni diqqətdə saxlayırıq ki, problem aradan qalxsın. Deməli, növbəti bir məsələ ölkədə analoqu istehsal olunan və ya istehsalı mümkün olan malların ölkəyə idxalının qadağan edilməsidir. 

Kəmiyyət artımı ilə yanaşı, keyfiyyət artımının da zəruriliyi 

Növbəti məsələ, qeyd etdiyimiz kimi, keyfiyyət artımıdır. Bu da çox vacib bir prinsipdir. Biz təkcə kəmiyyəti artırıb, keyfiyyətə önəm verməsək, irəli gedə bilməyəcəyik. Yəni keyfiyyət yüksəlməsə, daxili istehlak baxımından da problemlərimiz olacaq. Yerli istehlakçı daxili məhsulun keyfyyətsiz olduğunu görsə, təbii olaraq xarici məhsula üz tutacaq. İstehlakçı olanda isə, şübhəsiz, idxalçı da olacaq və məlum deyil ki, dövlət də onun qarşısını ala biləcək, ya yox. Elə etməliyik ki, yerli istehlakçı daxili məhsulun keyfiyyətindən razı qalsın. Sevindirici haldır ki, bu gün ölkəmizdə istehsal olunan məhsulların əksəriyyəti belədir; yəni müxtəlif sahələrdə (mən indi ayrı-ayrı sahələrin adlarını sadalamaq istəmirəm, amma bilirəm, hamısından xəbərim var) sənayemizin istehsal etdiyi məhsullar xarici məhsullardan daha keyfiyyətlidir. Amma buna baxmayaraq, yenə də müəyyən məhsullar kənardan idxal olunur. Odur ki keyfiyyət artımı məsələsi də çox önəmlidir. Bu, yerli istehlaka da, ixraca da xeyli dərəcədə təsir göstərir. Yəni əgər məhsullarımızın ölkədən xaricdə rəqabət qabiliyyətli olmasını istəyiriksə, keyfiyyəti yüksəltməliyik və bu, çox vacib bir məsələdir. Bu da bir məqam. 

Əməyə ümidi artırmağın vacibliyi 

Növbəti bir məqam budur ki, biz ölkədə əməyə, zəhmətə, fəaliyyətə olan ümidi günbəgün artırmalıyıq. Mən ona görə bugünkü görüşümüzün televiziya ilə geniş ictimaiyyətə yayımlanmasını istəyirəm ki, bir qrup adam durmadan xalqa belə bir təhlükəli və ziyanlı yanaşma aşılayır: xeyri yoxdur, bacarmayacağıq, mümkün deyil. Halbuki mümkündür, biz bir çox böyük işləri həyata keçirə bilərik. Baxın, mən demək istəyirəm ki, əgər biz bu sürətlə, yəni saniyədə 7500 metr – 7.5 kilometr hərəkət edə bilən bir peyk daşıyıcısı düzəldə biliriksə, öz peykimizi açıq kosmosda nəzərdə tutduğumuz orbitdə yerləşdirə biliriksə, deməli, bir çox başqa işləri də görə bilərik.  Bu gün o peyk daşıyıcısını istehsal edən və o peyki kosmosa çatdıran o adam, o niyyət, o əllər sabah-birigün o peyki bizim nəzərdə tutduğumuz 36 min kilometr uzaqda olan orbitə də çatdıra bilər. Biz 36 min kilometr uzaqda orbitə peyk buraxmaq istəyirik. Bu, mütləq, olacaq, buna 100 faiz imkanımız var. 

Yəni bu gün peyki, tutalım, 400 və ya 450 kilometr uzağa çatdırmağı bacaran o əllər, o niyyət, o əzm sabah onu 36 min kilometr uzağa da çatdırmağa müvəffəq olacaq. Ümid, inkişaf hissi, öz gücünə və bacarığına inam olandan sonra bu olacaq. Mənim dediyim budur. İndi bəziləri deyirlər ki, “Siz kosmosa peyk göndərməyinizə, yaxud başqa nəyəsə sevinirsiniz, amma bunlar ölkəyə təhlükəsizlik qazandırmır, peyk, silah və sairlə ölkənin təhlükəsizliyini təmin etmək olmaz. Əsas iqtisadiyyatdır”. Bəli, bunu mən də çox yaxşı bilirəm. Mən deyirəm ki, əgər müdafiə, yaxud aerokosmos sənayesi sahəsində belə böyük uğurlara imza ata biliriksə, nəyə görə 100 kilometrə 5 litr benzin sərf edən avtomobil istehsal edə bilməyək? Elə həmişə 12, 10, yaxud 8 litr benzin içən avtomobillərdə qalmalıyıq? Yəni əgər bu bacarıq, bu təşəbbüs ruhu bizdə varsa, ölkənin bütün sahələrində uğur qazana bilərik; sənaye sahəsində də, kənd təsərrüfatı və xidmətlər kimi digər müxtəlif sahələrdə də.  Mənim dediyim budur. 

Öncül sahələrə prioritet yer ayırmaq

Digər bir məqam bundan ibarətdir ki, sıçrayışlı istehsalda bəzi sahələr öndə durur, onlara prioritet yer ayırmaq lazımdır. Mən burda bir neçə sahəni özüm üçün qeyd etmişəm: məsələn, neft sahəsində emal müəssisələrinin potensialını genişləndirmək lazımdır. Bəndər-Abbasda açılmış kondensat zavodu kimi; o layihənin növbəti mərhələləri də nəzərdə tutulur. Təbii ki, o mərhələlər reallaşdıqca ölkəyə daha çox sərvət gətirəcək. Yaxud da Siraf Emal Kompleksi; bayaq da qeyd olundu ki, çox önəmli bir müəssisədir, çox böyük təsiri olacaq. Və ya neft-kimya layihələrinin icrası; mənə verilən məlumata görə, o layihələr icra olunsa, hasilat 50 milyon tondan əvvəlcə 100 milyon tona, daha sonra isə 130 milyon tona yüksələcək və dəyəri də 3 dəfə artacaq. Bu çox əhəmiyyətli bir məsələdir.  Xüsusilə də hazırkı şəraitdə, ölkənin valyutaya ehtiyacı olduğu bir vaxtda bu, təbii ki, çox dəyərlidir. Və ya əsas məhsullarda özünütəminetmənin artırılması üçün kənd təsərrüfatı layihələri. Kənd təsərrüfatı sahəsində mütləq görülməli olan işlərdən biri də əsas məhsullarda özünütəminetməyə nail olmağa çalışmaqdır. Bəli, ola bilsin ki, bəzən buğdanın alış qiyməti daha ucuz olsun. Hazırda elə deyil, amma vaxt var idi, ölkəyə kənardan buğdanın alınıb gətirilməsi istehsaldan daha ucuz başa gəlirdi. Amma o şəraitdə də istehsal prioritet əhəmiyyət kəsb edir. Necə ki bütün dünyada da belə edirlər, yəni ölkələrinin xaricdən gətirilən buğdadan asılı olmasına imkan vermirlər. Fərz edək ki, hazırda olduğu kimi, Amerikanın o xəbis əlaltıları nələrəsə qadağa qoyarlar. Hazırda bunu edirlər axı! O zaman siz ölkəni idarə edə bilməlisiniz. Odur ki başlıca məhsullar, mütləq, ölkədə istehsal olunmalı və bu sahədə özünütəminetməyə nail olunmalıdır. Əlbəttə, Allaha şükürlər olsun ki, bu gün su problemimiz yoxdur. Bir vaxtlar elə hey deyirdilər ki, su yoxdur, su problemimiz var, suyumuz çatışmır. Sevindirici haldır ki, bu gün su çatışmazlığı kimi bir problemimiz yoxdur; həm dəmyə əkinçilik, həm də suvarma baxımından. Odur ki buğda, bitki yağları, dərman bitkiləri, heyvan yemləri, dəniz məhsulları kimi strateji məhsulların istehsalını diqqətdə saxlamalıyıq. Bunlar elə məhsullardır ki, onları, mütləq, diqqətdə saxlamaq lazımdır. Həmçinin kənd təsərrüfatında müasir suvarma metodları, su resurslarının idarə olunması, su təsərrüfatı və sair bu kimi sahələr də diqqət ayrılması tələb olunan, prioritet sahələrdir.

Bu cür xüsusi diqqət tələb edən sahələrdən biri də infrastruktur məsələsidir. Allaha şükür, bu gün ölkəmiz infrastruktur cəhətdən çox inkişaf edib; heç şübhəsiz. Yəni bu gün ölkəmizdə limanlar, magistral yollar, bəndlər və sair bu kimi infrastrukturlar baxımından vəziyyət inqilabdan əvvəlki dövrlə əsla müqayisə oluna bilməz. Fövqəladə inkişaf göz önündədir. Lakin eyni zamanda hələ də ehtiyaclarımız var, liman, elektrik, nəqliyyat,  xüsusilə də olduqca önəmli olan dəmir yol daşınmaları kimi infrastrukturlara hələ də ehtiyac duyuruq. 

Öndə duran digər bir sahə detal istehsalı sahəsidir. Sevindirici haldır ki, bugünkü hesabatlarda bu sahəyə aid məlumatlar yer alırdı. Bəzən, tutalım, xaricdən gətirilməli olan kiçik bir detala görə böyük bir maşının işi dayanır. Biz müxtəlif sahələr üçün detal istehsalı üzərində işləməliyik. Zənnimcə, bir qədər əvvəl təqdim olunan hesabatda əsasən avtomobil hissələri haqda danışılırdı, lakin bütün böyük maşın və aqreqatlar üçün detal istehsalı olduqca önəmli bir məsələdir. 

Və ya mədən sahəsi; bu sahədə biz çox geriyik, diqqət tələb edən sahələrdən biri də elə budur. Yaxud dərman və vaksin sahəsi; eşitdiyimə görə, xoşbəxtlikdən, bu yeni virusun müalicəsi üçün dərman preparatının, həmçinin qarşısının alınması üçün vaksinin istehsalı sahəsində ciddi araşdırmalar həyata keçirilir. Hazırda dünyada belə təbliğat aparılır ki, hələ müəyyən müddətə qədər – 1 ilə, 6 aya və sair – vaksinin ərsəyə gəlməsi mümkün deyil, amma nə bilmək olar? Qoy bizim gənc, istedadlı elm adamlarımız, peşəkar mütəxəssislərimiz koronavirus vaksininin və digər vaksinlərin istehsalı üzərində işləsinlər. Bəlkə, vaksini onlardan da qabaq tapıb istifadə edə biləcəklər. Mühüm sahələrdən biri də budur. 

Və ya geyim, ayaqqabı və məişət əşyalarının istehsalı. Bu da öndə duran bir məsələdir. Əlbəttə, sevindirici haldır ki, ölkəmizin bu sahədə imkanları genişdir, amma eyni zamanda biz qədimdən bəri geyim məhsullarının istehsalı baxımından inkişaf etmiş ölkələrdən biri olduğumuza, bu sahədə çox yaxşı və geniş imkanlara sahib olduğumuza, həmçinin ayaqqabı və məişət əşyalarının istehsalı sahəsində bu illər ərzində diqqətəlayiq nailiyyətlər əldə etdiyimizə baxmayaraq, təəssüf ki, yenə bu sahədə də idxal ziyanlı bir faktor kimi öz təsirini göstərir. Düşünürəm ki, bu sahələrdə idxalın qarşısı ciddi surətdə alınmalı, pioritet və önəmli sahələr kimi onlara diqqət ayrılmalıdır. Sevindirici haldır ki, gördüyümüz kimi, ötən illərdə – yəni 1397 və 1398-ci illərdə ölkəmizdə gənc yaş qrupları və uşaqlar üçün gödəkçələrə ehtiyac yaranıb. Mən demişdim ki, qətiyyən bu malları xarici bazardan almasınlar, qoy istehsal etsinlər, özləri tiksinlər. Getdilər, materialı hazırladılar, dərzilər tapdılar, müəyyən qədər istehsal olundu. Xarici mallardan da yaxşı idi; daha qəşəng, daha möhkəm, daha yaxşı. İndi də istehsal olunur. Yaxşı, əgər bunu daxildə istehsal edə biliriksə, nəyə görə xaricdən gətirməliyik? Mənim özümün 2 dənə xarici gödəkçəm var idi, hədiyyə olunmuşdu, dağa-filana gedəndə geyirdim. Onları verdim getdi, dedim bunun yerli istehsal olanını alıb gətirsinlər. 

Burada bir şeyi də qeyd edim ki, geyim istehsalı ölkəmizdə qədim, köklü bir sənaye sahəsi olduğuna və şükürlər olsun ki, çox yaxşı bir səviyyədə olduğuna baxmayaraq, böyük bir nöqsanı var: yerli malların üzərinə yalandan xarici etiketlər vururlar. Bu, yanlış bir addımdır. O aldırdığım yerli gödəkçədə də mən gördüm ki, üstünə yalandan xarici etiket vurulub. Axı dərzini mən özüm tanıyırdım, o gödəkçəni kimin və nə vaxt tikdiyini yaxşı bilirdim. Mən o etiketi kəsdirib atdırdım. Odur ki öndə duran məsələlədən biri də elə bu geyim istehsalı məsələsidir. 

Sıçrayışlı istehsala nail olmaq üçün təşəbbüskar və işgüzar gənclərdən istifadə etmək

Bir sözlə, Allaha şükürlər olsun ki, ölkədə istehsal sahəsində artıq irəliləyişə start verilib. Lakin mən bir şeyi demək istəyirəm: adi irəliləyişlə biz heç nəyə nail ola bilmərik, sıçrayış lazımdır, ikiqat artıq sürət tempi ilə irəliləməyə ehtiyac var. Xoşbəxtlikdən, belə bir irəliləyiş üçün ölkədə zəmin mövcuddur. Çox yaxşı, təşəbbüskar, işgüzar, işləməyə hazır olan gənclərimiz var, onların varlığından istifadə edib ölkədə istehsalı sıçrayışla inkişaf etdirə bilərik, sıçrayışlı istehsal isə ölkə iqtisadiyyatını dirçəldə bilər. 

Mən bugünkü videogörüşümüzün təşkilatçılarına, çıxış edən, hesabat təqdim edən dostlarımıza, həmçinin ölkədə iqtisadiyyat sahəsində fəaliyyət göstərən hər kəsə təşəkkürümü bildirirəm. Ümidvaram, inşallah xalqımızın ramazan ayında etdiyi saf dualar sayəsində ölkəmizdə ehtiyac duyulan bütün sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində mühüm və əsaslı dəyişikliklər baş verəcək. Bu koronavirusun ortaya çıxması camaatımızı sanki silkələdi, yeni, qeyri-adi bir vəziyyət yarandı – o karantin, yaranan ehtiyaclar, onların təmin olunması, sözün əsl mənasında dəyərli olan o əməkdaşlıqlar. Ümidvaram, inşallah, bunun özü müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyatda yeni-yeni işlər, yeni-yeni dəyişikliklər üçün bir başlanğıc olacaq. Allah-taala özü kömək etsin, bərəkət versin, xalqımızın dualarını müstəcab etsin. Biz də ölkənin müxtəlif sahələrində –  iqtisadiyyat sahəsində, mədəniyyət sahəsində və sair sahələrdə  çalışan bütün rəsmilər, rəhbər kadrlar, fəallar üçün həmişə dua edirik. Ümidvaram, Allah-taala onlara böyük uğurlar nəsib edəcək, hamısını öz lütf, mərhəmət və bərəkətinə layiq görəcək. Bir daha hamınıza təşəkkür edir, dahi liderimiz İmam Xomeyninin və şəhidlərimizin pak ruhlarına salam və salavat göndərirəm. 

Allahın salamı, mərhəməti və bərəkəti nəsibiniz olsun.    

_________________________

(1) Videokonfrans zamanı əvvəlcə 7 fəal istehsalat müəssisəsinin rəhbərləri və aparıcı işçiləri çıxış etmişlər.  
(2) Nəhcül-bəlağə,176-cı xütbə 
(3) Ali Məqamlı Rəhbərin sahibkarlarla görüşü (16.06.1389)