Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin tələbələr və tələbə təşkilatlarının nümayəndələri ilə ənənəvi ramazan görüşü (videoformatda) zamanı etdiyi çıxış

بسم الله الرّحمن الرّحیم و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین و لعنة الله علی اعدائهم اجمعین

Allaha şükürlər edirəm və çox məmnunam ki, hazırkı vəziyyətdə, belə əlverişsiz şəraitdə, bu formatda olsa belə, əlhəmdulillah, bu görüş təşkil olundu. Əlbəttə ki, siz gənclərlə üz-üzə görüşmək mənim üçün daha cəlbedici idi, amma eybi yox, bu da bir görüş formatıdır. Ümidvaram, bugünkü görüşümüz də ölkəmiz, gənclərimiz və şəxsən mənim özüm üçün faydalı bir görüş olacaq.

Görüşdə tələbələr tərəfindən hərtərəfli düşünülmüş layihələrin irəli sürülməsi

Dostlarımızın çıxışlarında bir neçə xüsusiyyət nəzərə çarpırdı ki, mən onları qısaca qeyd etmək istəyirəm: əvvəla, çox yaxşı, sanballı, hərtərəfli düşünülmüş çıxışlar idi. İnsafən, builki söhbətlər bundan əvvəlki görüşlərdə təqdim edilən çıxışlardan, zənnimcə, daha yüksək səviyyəli idi. Ətraflı düşünülmüşdü, üzərində işlənmişdi, bu isə çox dəyərlidir. Bu baxımdan mən sizə öz təşəkkürümü bildirirəm. Bəli, çoxlu suallar da verildi. Onların hətta bir qismini cavablandırmaq istəsək, xeyli vaxtımız gedər. Mən xahiş edərdim ki, dostlarımız – universitetlərdəki nümayəndəliklərimiz, idarəmizin universitetlər və tələbələrlə əlaqəli şöbələri – o sualları cavablandırmaq işini öz öhdələrinə götürsünlər. O sualların çox aydın cavabları var,  eyni zamanda irəli sürülən şübhə və suallardan bəzilərini də məqbul bir şəkildə izah etmək, həmin mövzularda fikir mübadiləsi aparmaq mümkündür. İrəli sürülən təkliflərə gəlincə, bəli, bunlar da bir təklifdir. Hər təklif hökmən reallaşdırıla bilməz. Bu təkliflərdən bəziləri mövzu ilə bağlı şəraiti ətraflı bilməməkdən qaynaqlanır. Mən bunu müşahidə edirəm, görürəm və demək istəyirəm ki, əgər bu təkliflərlə bağlı qərar qəbul etmək istəsək – ya mən, ya aidiyyətli qurumlar – əlavə işlər görməyə ehtiyac yaranır. Ümidvaram, Allah-taala bunu etmək uğurunu bizə nəsib edəcək.

Əlbəttə, hələlik mənim baş idarəmizə tapşırığım budur ki, o təklifləri qeyd edib götürsünlər, araşdırsınlar, detallı şəkildə nəzərdən keçirsinlər. Onu da qeyd edim ki,  sizin bəzi qurumlarla bağlı səsləndirdiyiniz iradlar heç də haqlı iradlar deyil. Bəziləri haqlı iradlardır, bəziləri isə yox. Haqsız iradların da səbəbi odur ki, həmin məsələ ilə bağlı mövcud olan şəraitdən çox da məlumatlı deyilsiniz. Elə ona görə də, təbii olaraq, bu iradlar ağlınıza gəlir. Kifayət qədər məlumatlı olmayan hər kəsdə bu cür iradlar yaranır. Hər halda, bu suallar bu şübhələr, bu iradlar üzbəüz müzakirələrlə aradan qaldırıla bilər. Eyni zamanda qeyd etdiyiniz bir sıra məqamlar doğru idi və onların bu görüşdə vurğulanması, təbii ki, bu sahələrdə bir diskurs yaranmasına yardımçı olacaq. Mən bu sahələrdən bəzilərində ümumi diskussiyaların aparılmasını, geniş ictimaiyyətdə bu istiqamətdə fikir formalaşmasını alqışlayıram.

Sual verdiniz ki, mən az öncə səsləndirilən çıxışlarda, irəli sürülən təkliflərdə əksini tapan ayrı-ayrı mövzular barədə nə fikirdəyəm. Əlbəttə ki, mənim bu mövzularla bağlı fikirlərim ictimaiyyət qarşısında etdiyim çıxışlardan rahat bir şəkildə anlaşılır. Misal üçün, ədalətpərvərliklə bağlı bundan şikayətlənirsiniz ki, nəyə görə bir qrup adam bu məsələ barədə həddən ziyadə tələbkarlıqla danışan insanlara etiraz bildirir. Amma siz özünüz də bu məsələdə yol verilən ifrat tələbkarlığa etiraz etmişdiniz. Mənim ədalətpərvərlik məsələsinə yanaşmam kifayət qədər aydındır, bu barədə kifayət qədər ətraflı şəkildə danışmışam, söhbətlər də etmişəm. Bəzi digər məsələlərə də münasibət bildirmək olar ki, zənnimcə, bu iş də yenə baş idarəmizin universitetlər və tələbələrlə bağlı şöbələrində çalışan dostlarımızın, habelə universitetlərdəki nümayəndəliklərimizin öhdəsinə düşür. Əlbəttə ki, mən daha bu mövzuları açmaq istəmirəm, çünki əgər qeyd olunan məsələlər ətrafında danışmaq istəsək, uzun-uzadı söhbət etməyimiz lazım gələcək. 

Gənclərə xitab etməkdə israrlı olmağımızın səbəbi: 1. Gələcək gənclərindir

Mən diqqətəlayiq hesab etdiyim bəzi məqamları burada özüm üçün qeyd etmişəm. Əlbəttə, bu, tələbələrlə keçirilən bir görüşdür, lakin bu gün qeyd edəcəyim məsələlər təkcə tələbələrə aid deyil. Doğrudur, bizim 4 milyon tələbəmiz var və bu kifayət qədər böyük bir rəqəmdir, lakin qeyd edəcəyimiz məsələlər gənclərin əksəriyyətinə, universitet tələbələrinə, dini təhsil alan gənclərə, məzunlara, işləyən gənclərimizə –bütün gənclərimizə aiddir. Mənim gənclərə üz tutub onlarla danışmaqda, onların fikirlərini eşitməkdə, hansısa fikirlərimizi onlara  çatdırmaqda bu qədər israr etməyim qəti bir mühakiməmdən qaynaqlanır. O mühakimə isə bundan ibarətdir ki, gələcək gənclərin ixtiyarındadır, gənclərə aiddir. Şübhə yoxdur ki, sizin bu gün toxunduğunuz mövzuların əksəriyyətinin məsuliyyəti ortamüddətli perspektivdə, bəzi məsələlərdə isə yaxın gələcəkdə elə bu gün mənim üz tutub müraciət etdiyim siz gənclərin öhdəsinə düşəcək. İdarəçilik işləri sizin ixtiyarınıza veriləcək, ölkəni siz idarə etməli olacaqsınız. Buna heç bir şübhə yoxdur. Məhz buna görə də gənclərlə söhbət etmək, gəncləri eşitmək və onlarla söhbət etmək bizim üçün bu qədər önəmlidir. Ölkəmizin gələcəyi kimi maraqlandırırsa, o insan qaçılmaz olaraq, o gələcəyi, inşallah ki, ən gözəl şəkildə qurmaqda gənclərə yardımçı olmalıdır.

2. Gənclərin təbiətindəki qiymətli amillər

Gənclərlə diskussiya aparmaq məntiqinin digər bir hissəsi isə onların təbiətinə xas olan müəyyən keyfiyyətləri nəzərə almaqla bağlıdır. Siz əzizlərimin bugünkü çıxışlarından da müşahidə etdim, sizin haqqınızda elə hər zaman da bu fikirdə olmuşam ki, gənclərin təbiətinə ümid, təşəbbüskarlıq, qətiyyət, risk almaq, yorulmaq bilməmək kimi keyfiyyətlər xasdır, bunlarsa cəmiyyəti idarə etmək üçün çox qiymətli amillərdir. Bizim problemlərimizin bir qismi ya riskə getməməyimizdən, ya iş prosesində yorulmağımızdan, ya təşəbbüskar olmamağımızdan, qətiyyətsizliyimizdən və ya pessimistliyimizdən qaynaqlanır. Gənclərdə bu şeylər yoxdur, məhz buna görə də mən təbiəti etibarilə bu xüsusiyyətlərə sahib olan gənclərlə daha çox söhbətlər aparmağa meyilliyəm.

Hazırda ölkənin 3 aspektdən həssas mövqedə olduğuna diqqət yetirmək:

Əlbəttə, hazırkı şəraitdə bu məsələ daha artıq əhəmiyyət kəsb edir, bu isə ölkənin hazırkı mövqeyi ilə əlaqəlidir. Mənim fikrimcə, istənilən vacib qərarı qəbul edib addım atarkən ölkənin hazırkı son dərəcə həssas və əhəmiyyətli mövqeyini nəzərə almaq lazımdır. İndi mən bu mövzu, yəni ölkənin hazırkı mövqeyi barədə qısaca bir neçə cümlə qeyd edəcəyəm. Ümumilikdə ölkənin hazırkı mövqeyini 3 aspektdən dəyərləndirmək mümkündür:

1.    İslam Respublikası qlobal səviyyədə genişmiqyaslı və böyük bir qarşıdurmanın tərəflərindən biridir

O aspektlərdən biri budur ki, ortada aydın bir həqiqət var: bu gün İslam Respublikası qlobal səviyyədə genişmiqyaslı və böyük bir qarşıdurmanın tərəflərindən biridir. Ciddi bir qarşıdurma gedir. Onun bir tərəfində İslam Respublikası, digər tərəfində isə küfr, zülm və imperializm cəbhəsi durur. Bu gün İslam Respublikası belə bir genişmiqyaslı və nəhəng qarşıdurmanın içindədir. Buna əsla şübhə ilə yanaşmaq lazım deyil. Qarşı tərəf ixtiyarında olan cürbəcür vasitələr və əlindən gələn hər cür hiylə ilə İslam Respublikasını meydandan kənarlaşdırmağa çalışır. Və əgər buna müvəffəq olsa – inşallah ki, əsla müvəffəq olmayacaq – İslam Respublikasının bu zülm, küfr və imperializm cəbhəsi ilə qarşıdurmada geri çəkilib təslim olmağı, meydandan çıxmağı gələcəkdə ölkəyə çox baha başa gələcək.

Digər tərəfdən küfr və imperializm cəbhəsinin İslam Respubikası əleyhinə apardığı bu mübarizə onun üçündür ki, dünyada nümunəvi bir model yaranmasın. Bu günə qədər bizim üzləşdiyimiz problemlərin çoxunun da səbəbi budur. Xalqların gözü önündə o cəlbedici və nümunəvi modelin yaranmaması üçün bizim işlərimizə pəl vurduqları çox olub. Biz belə cəhdləri görməzliyə vurub nəzərə almaya bilmərik. Bunlar olub, bu gün də var. Odur ki bizim öz ölkəmizin mövqeyinə baxış aspektlərimizdən biri məhz bu məqama əsaslanmalıdır: biz bilməliyik ki, İslam Respublikası belə bir siyasi, ideoloji, yumşaq savaşın içində, geniş bir cəbhə olan zülm, küfr və imperializm cəbhəsinin sərt münasibəti ilə üz-üzədir.

2.    Mübarizə üçün ölkənin yüksək potensialı var

Ölkənin mövqeyinə digər baxış aspekti bundan ibarətdir ki, biz mübarizə aparmaq üçün ölkəmizin potensialının yüksək olduğuna diqqət etməliyik. Biz genişmiqyaslı və üstəlik güclü olan, zahiri güc faktorlarına sahib olan o cəbhə ilə mübarizə aparmaq üçün çox yüksək imkan və potensiala malikik. Bunu bizə bu günə qədər yaşadığımız təcrübələr göstərir. Bu sahədə bu illər ərzində qazandığımız bir sıra təcrübələr sübut edir ki, bizim bu nəhəng cəbhə ilə üz-üzə durub, ona qarşı durub mübarizə aparmaq üçün potensialımız var. Hərbi cihad təcrübəmiz də var, Müqəddəs Müdafiə illərinin, ondan sonra baş vermiş cürbəcür olayların, az öncə sizin əziz şəhidimiz Qasim Süleymanini yad edərkən qeyd etdiyiniz regional məsələlərin şahidi olmuşuq, elmi cihad təcrübəmiz də var. Artıq dünya miqyasında etiraf ediblər ki, İslam Respublikasının elmi inkişafının sürəti dünya ölkələrinin orta inkişaf göstəricisindən bir neçə dəfə artıqdır. Bu çox mühüm bir məsələ idi və sevindirici haldır ki, bu göstərici hələ də davam edir. Mədəni cihadda da eynilə.

Dini dəyərlərə bağlı olan nəhəng gənclər ictimaiyyəti düşmənin mədəni hücumlarının qarşısında durur

Dostlar, baxın, sizin az öncə qeyd etdiyiniz bütün zahiri amillərə rəğmən – onların varlığını mən də diqqətə alır və təsdiqləyirəm – ortada bir reallıq mövcuddur: ölkəmizə çoxsaylı mədəni hücumlar olunur. Özü də bu, bügünkü məsələ deyil; doğrudur, hazırda virtual məkan da var və bu hücumlar ikiqat-üçqat artıb, lakin əvvəllər də radio, televiziya və digər cürbəcür vasitələrlə İslam Respublikasında mədəniyyətlə bağlı məsələlərin əleyhinə iş görülür, səylər göstərilirdi. Bütün bunlara baxmayaraq, nəhəng bir gənclər ictimaiyyəti – kiçik bir ictimaiyyət, bir azlıq deyil, nəhəng bir məcmu – dini dəyərlərə, İslam Respublikasının ideoloji və mədəni dayaqlarına sadiq və bağlıdır. Bu onu göstərir ki, mədəni cihadda da biz düşməndən güclüyük. Cürbəcür məsələlər var, onlardan bəzilərini siz qeyd etdiniz, bəzilərinə isə toxunmadınız. Son illər keçirilən dini aksiyalar, Ərbəin yürüşləri, itikaflar, Hüseyn (ə) əzadarlıqları, ondan sonra, bu yaxınlarda əzizimiz Şəhid Süleymaninin xalq tərəfindən möhtəşəm bir izdihamla son mənzilə yola salınması və sair və ilaxır – bütün bunlar onu göstərir ki, İslam Respublikası imperializm cəbhəsi ilə mədəni savaşda da, qarşı tərəfin bütün səylərinə baxmayaraq, geridə qalmayıb, böyük işlər həyata keçirilib, böyük nailiyyətlər qazanılıb. Odur ki mədəni cihadda da üstünlük bizim tərəfimizdədir. Eynilə sosial cihadda da; elə bu son olaylarda, həmçinin ötən il baş vermiş sel faciəsində, zəlzələlərdə göstərilən xidmətlər, yaxud cihad qruplarının ucqar kəndlərdəki fəaliyyəti, bu sahədə reallaşdırılmış böyük hərəkat. Bunlar hamısı onu göstərir ki, bizim sosial cihad sahəsində fəaliyyətimiz, ölkəmizin bu sahədə qazandığı uğurlar və sahib olduğu potensial çox yüksək olub. Əlbəttə ki, yoxsul regionlarda və sairdə bu potensial daha yüksəkdir.

Bu məqamda mən bir məsələyə toxunmaq istəyirəm: bayaq Ali Məqamlı Rəhbərliklə əlaqəli surətdə sosial xidmətlər göstərən qurumların fəaliyyətinə toxunuldu. Sizə deyim: düşünürəm ki, sizin həmin qurumların həyata keçirdiyi işlərin əksəriyyətindən xəbəriniz yoxdur.  Yəni bu da az öncə sizin qeyd etdiyiniz, etiraz bildirdiyiniz məsələlərdən biri olan qeyri-şəffaf fəaliyyət məsələsi ilə bağlıdır. Yəni onların həyata keçirdiyi irimiqyaslı işlərdən çoxu barədə əksəriyyətin məlumatı yoxdur. Sosial xidmətlər sahəsində çox yaxşı işlər görülür; ideoloji cihad sahəsində də eynilə. İdeoloji cihad sahəsində aparılan işlər də xeyli artıb. İnqilabi şüarlara bağlılıq yaxşı səviyyədədir. Elə sizin etdiyiniz söhbətlər, toxunduğunuz məsələlər də ideoloji işin dərinliyinin və inkişafının göstəricisidir.

Əlbəttə, kimlərsə deyə bilər ki, inqilabın qələbəsindən artıq 40 il, yaxud az öncə dostlarımızdan birinin dediyi kimi, 42 il ötür. Amma belə ümumi və irimiqyaslı işlər üçün 42 il uzun bir müddət deyil, qısa bir zamandır. Bu işlərin çoxu vaxt keçdikcə tədricən həyata keçirilir; özəlliklə də ölkəmizdə mövcud olmuş problemləri nəzərə alsaq. Odur ki əgər biz ölkəmizin mövqeyinə bu nöqteyi-nəzərdən yanaşmaq istəsək, gərək etiraf və qəbul edək ki, düşmənlə istər hərbi, istər elmi, istər ictimai, istərsə də mədəni və sair məsələlərdə mübarizə aparmaq üçün ölkəmizin potensialı çox yüksəkdir və biz bu cəbhəyə qarşı rahatlıqla mübarizə aparıb ona qalib gələ bilərik. Yəni qələbəyə olan bu ümid uydurma yox, aydın bir reallığa əsaslanan bir ümiddir.

3.    Ölkədə qüdrət və özünəhörmət hissi kök ataraq möhkəmlənib

Ölkəmizin mövqeyinə digər bir baxış aspekti də mövcuddur ki, o da ölkədə güc və özünəhörmət hissinin kök atıb möhkəmlənməsidir. Bu çox önəmli bir məsələdir. Yəni cəmiyyətimizin, demək olar, əksəriyyəti güclü və nüfuzlu bir ölkənin vətəndaşı olduğuna möhkəm şəkildə inanır. Doğrudur, bəziləri neqativ düşüncələr yaymağa çalışır, özlərində olan zəif cəhətləri ölkəyə, cəmiyyətə, İslam Respublikasına aid edirlər. Lakin reallıq budur ki, xoşbəxtlikdən, ölkəmizin ictimaiyyətində ümumilikdə dərin bir hiss – güc və özünəhörmət hissi mövcuddur.

Xalqlara həqarət hissinin aşılanması istibdab və müstəmləkəçiliyin ağalığı üçün zəmin yaradır

Baxın, mən bir şeyi burada izah etmək istəyirəm: istibdadçı və müstəmləkəçi qüvvələrin xalqlara münasibətində mühüm nüanslardan biri budur ki, onlar üzərində ağalıq etmək istədikləri xalqlara zillət və həqarət hissi aşılamağa çalışırlar. Yəni o xalqı alçaltmaq, onda həqarət hissi yaratmaq, ona heç bir şey bacarmadığını, heç kim olduğunu, heç bir önəm kəsb etmədiyini aşılamaq onlar üçün vacib bir müqəddimədir. Bu onlar üçün əsas işlərdən biridir. Təəssüflər olsun ki, bunu İranda da etmişdilər; yəni Qacarlar dövrünün sonlarından etibarən bu işə start vermişdilər. Həm daxili istibdadın, sonuncu Qacar hökmdarlarının, həm də ölkədə hökm sürən xarici müdaxiləçilərin – əsasən də İngiltərənin – olduqca təhlükəli və nüfuzedici siyasəti bu prinsipə əsaslanırdı. Əlbəttə, o vaxt rus da, ingilis də – hər ikisi burada ağalıq edirdi, lakin ruslar müxtəlif səbəblərdən – hansı ki indi o söhbəti açmağın yeri deyil – bir qədər geri çəkildilər. Əsasən ingilislər ölkədə gedən proseslərə ağalıq edirdilər ki, bunun da bariz nümunələrindən biri 1919-cu ildə Vüsuquddövlənin imzaladığı o məşhur istismarçı saziş idi. Yəni bu ölkənin xalqını bütövlüklə təhqir edib alçaltdılar, heç kim hesab etdilər və bu, Rza Pəhləvi kimi birisinin hakimiyyətə gətirilməsi, hakimiyyətinin illərlə davam etməsi və ardınca oğlu Məhəmmədrzanın iş başına keçməsi üçün zəmin rolunu oynadı. Bunlar ölkəmizdə baş verən faciəli hadisələr idi və xalqımız bütün bu olayların qaşrısında seyrçi mövqedə qaldı. Rzaxan Pəhləvi hakimiyyətə gələrkən xalq sırf tamaşaçı oldu, heç bir təsiri, heç bir iştirakı olmadı, “hə” və ya “yox” deyə bilmədi. Eləcə kənardan durub baxdı ki, nə isə baş verdi, nəsə bir çevriliş oldu. Nə dalınca düşdü ki, bir görsün, kimdir, nədir, nə bir fikir bildirdi, nə də bir reaksiya verdi. Bu davranışının acı nəticələrini də gördü; yəni İran xalqı əvvəldən ona aşılanmış olan o həqarət hissi ucbatından ölkədə 50 il davam edən o istibdad və diktaturaya dözməli oldu.

İslam İnqilabı, Pəhləvi hakimiyyətinin süqutu dünyanı silkələyən bir zəlzələ idi

İslam İnqilabında isə bunun tam əksi baş verdi. İslam İnqilabında ölkənin gəncləri hər kəsin qeyri-mümkün hesab etdiyi bir işi görməyə – Pəhləvi hakimiyyətini laxlatmağa necə lazımsa qadir olduqlarını hiss etdilər. Təkcə laxlatmağa yox, hətta devirməyə də. Xaricilərin ciddi surətdə arxasında durub dəstəklədiyi bir hökuməti. Amerikalılar bu gün bəzi dövlətləri müdafiə etdikləri kimi, o zaman da Pəhləvi rejimini qəti surətdə müdafiə edir, qarşısında sinələrini sipər edib ona dayaq dururdular. Hətta Pəhləvi hakimiyyətini hazırda özlərindən asılı olan bəzi hökumətləri müdafiə etdiklərindən də artıq canfəşanlıqla himayə edirdilər.

Daxildə də son dərəcə güclü təzyiqlər var idi; yəni bugünkü gənclər o zaman xalqın, etirazçıların, müxaliflərin, mübarizlərin başına gətirilən işləri heç təxmin belə edə bilməzlər. Yəni o vaxt görülən işlər sizin heç ağlınıza da gəlməz. Təsəvvür edin ki, bir kitaba, yaxud dəftərdə yazılmış yarım sətir fikrə görə adama olmazın işgəncələr verməkdən əlavə, uzun müddətə həbsə ata bilərdilər. Yəni inanılmaz təzyiq və repressiyalar var idi. İran xalqı, İran gəncləri əl-ələ verib belə bir hökumətin kökünü kəsməyə, qeyri-mümkün olan bir işi reallaşdırıb dünyanı heyrətləndirməyə müvəffəq oldular. Yəni ölkədə şah monarxiyası devrilib İslam Respublikası hakimiyyətə gəldiyi zaman bütün dünya heyrət içərisində idi. Bir müddət hamı çaşqınlıq içində nə baş verdiyini dərk etmədi. Dünyada sözün əsl mənasında bir zəlzələ oldu. Ondan sonra da günü bu günə qədər ölkəmizdə bir-birinin ardınca güc və özünəinam faktorları yaranaraq, xoşbəxtlikdən, milli iqtidarımızı belə bir səviyyəyə gətirib çıxardı. Bu gün biz hegemonluğun qarşısında qüdrət və qətiyyətlə duran bir ölkəyik. Özü də bu təkcə barmaqla sayılası qədər hökumət nümayəndələrinə yox, bütövlükdə xalqımıza aiddir. Ümumən bütün xalqımız özündə bir güc, özünəinam və özünəhörmət hiss edir. Doğrudur, azlığı təşkil edən, marginallaşmış bir qrup da var ki, qarayaxmadan əl çəkmir, amma ümumlikdə xalqımız məhz bu hisləri yaşayır.

Düşmən bu güc və özünəinam hissini yox etməyə çalışır

Əlbəttə, düşmən xalqı alçaltmaq siyasətini davam etdirməyə çalışır; yəni o siyasəti bu gün də yürüdürlər, xalqın ruhiyyəsinə təsir edə bilməkdən ümidlərini üzməyiblər.  Biz hamımız məsələləri analiz edərkən, fikir bildirərkən, nəyəsə etiraz edərkən bu məqamı diqqətdən qaçırmamalıyıq ki, bu gün düşmən xalqımızda olan bu qüdrət, özünəhörmət, özünəinam hissini yox etmək məqsədi güdür. Əlbəttə ki, düşmən nə qədər çalışıb-vuruşsa da, Allah-taala bizim qədərimizə bunun əksini yazıb. Elə bu koronavirus hadisəsi xalqımızda daha da çox özünəhörmətin yaranmasına səbəb oldu. Baxın görün Qərbdə, Qərb ölkələrində, Amerikada nələr baş verir. Bu virus məsələsi bizdə olduğu kimi, onlarda da var. Görün onlarda vəziyyət necədir, burda bir müddət əvvəl necə idi: görülən administrativ tədbirlər, xalqın fəal iştirakı, bu sahədə həyata keçirilmiş böyük işlər. Və ya o virusun tədqiqi üçün hazırda aparılan elmi işlər, kosmosa peykin buraxılması. Bunlar hamısı Allah-taalanın istəyi ilə reallaşan hadisələrdir. Yaxud da start verilmiş o böyük sosial aksiya, mömin insanlarımızın saf niyyətlə öz soydaşlarına göstərdiyi xidmətlər. Odur ki ölkəmizin vəziyyəti budur. O cəbhələşmə var, o düşmənçilik var, amma ölkəmizin bu potensialı, xalqımızın bu güc və özünəinam hissi də var.

Müxtəlif sferalarda və orta pilləli administrasiyada gənclərin iştirakına diqqət etmək vacibdir

Bəli, bütün bunları nəzərə alaraq mən gənclərlə bağlı sizin diqqətinizə çatdırmaq istədiyim bir neçə məqamı özüm üçün qeyd götürmüşəm. Əlbəttə, bizim təkrar-təkrar vurğulamağımızın nəticəsi olaraq gənclərə diqqət və qayğı xeyli artıb. Düzdür, az öncə dostlarımızın çıxışlarında müəyyən məyusluq da hiss olunurdu, lakin məncə, belə deyil, müxtəlif sferalarda gənclərin iştirakına diqqət artıb və bu sahədə işlər görülür. Yaxşı bəs “gəncləşdirmə siyasəti” deyərkən biz nəyi nəzərdə tuturuq – bu da, az öncə qeyd etdiyim kimi, universitetlərdəki nümayəndəliklərimiz və sair tərəfindən cavablandırılmalı olan suallardandır. Gənclərin iştirakına diqqət artıb, onların orta pilləli administrativ vəzifələrə gətirilməsinə, rəy və fikirlərinə önəm verilir.

Elə ötən 1 il ərzində,  yəni ötən il bu görüşün təşkil olunmasından bu günə qədər çox yaxşı işlər həyata keçirilib. Universitetlərdə və teoloi mərkəzlərdə görülmüş belə müsbət işlərdən biri elmi diskussiya və tədqiqatlarda “problemin üzərində fokuslanma” məsələsidir. Bu bizim tövsiyələrimizdən biri idi və sevindirici haldır ki, bu mövzuya diqqət yetirilidi. Bu prinsip əsasında xüsusi və mühüm məsələlər qaldırılıb, onların üzərində işləyiblər və çox yaxşı elmi nəzəriyyələr əldə olunub. Və ya beynəlxalq məsələlərlə məşğul olmaq; bu da bizim tövsiyələrimizdən biri idi. Sevindirici haldır ki, mən bu 1 il ərzində bir sıra beynəlxalq məsələlərə diqqət yetirildiyini görürəm. Əlbəttə, mən ad çəkmək istəmirəm. Bayaq etiraz bildirdilər ki, nəyə görə filan məsələ ilə məşğul olmadılar. Sizin məlumatınız yoxdur, məşğul olublar. Qardaşlardan biri konkret bir mövzunu qeyd edərək söylədi ki, nəyə görə o məsələ ilə məşğul olmadılar. Məşğul olublar, özü də çox ciddi surətdə məşğul olublar; doğrudur, gözlənilən nəticə əldə olunmayıb, amma necə lazımsa iş aparılıb. İşin bir ucu bizim, o biri ucu isə başqalarının əlində idi, elə ona görə də təbii olaraq, bir nəticə verə bilməzdi. Hər halda, gənclərimiz beynəlxalq məsələlər üzərində işlədilər, düşündülər. Söhbət heyrətamiz cihad fəaliyyətlərindən gedir; həqiqətən də, mən dəfələrlə təşəkkür etdiyimə baxmayaraq, yenə də onlara öz təşəkkürümü bildirirəm və Allaha şükürlər edirəm ki, gənclərimizi bu cür hazırlıqlı bir səviyyəyə gətirib. Mücahid dostlarımız qərar qəbul edən qurumlar tərəfindən müxtəlif məsələlərlə bağlı əməkdaşlığa cəlb olunmadıqlarından, yaxud  həyata keçirilən sosial xidmətlər barədə rəylərinin soruşulmamasından, onlardan sırf işçi qüvvəsi, xidmətçi kimi istifadə olunmasından gileyləndilər. Bunlar doğru və haqlı iradlardır.

Bu il gənclər ictimaiyyəti ilə əlaqəli həyata keçirilən işlərdən biri də kreditlərlə bağlı məsələlərə baxılması oldu. Doğrudur, ola bilsin ki, bu sahədə bəzi ifrat addımlar atılıb, lakin düşünürəm ki, bu mövzulara diqqət yetirilməsi özü çox yaxşı bir şey idi, rəsmilərin diqqətini öz vəzifələrinə yönəltdi. Düzdür, az öncə dostlarımızdan biri belə bir irad bildirdi ki, tələbələr bu sahədə əsas icraçılar idi və bu məsələ ilə razı deyillər. Bunu müzakirə etmək olar, amma hər halda, bu mövzuların gündəmə gətirilməsi özü çox yaxşı oldu. Spontan surətdə müəyyən təşkilatlar da yarandı. Ailə və qadın problemləri də –  sevindirici haldır ki, az öncə burada da qeyd olundu –  zənnimcə mühüm mövzulardandır və gündəmə gətirilməlidir. Çox güman ki, bu sahədə də çatışmazlıqlar var, lazımi qədər iş görülməyib. Bu barədə nə qədər irad bildirilsə, etirazlar səsləndirilsə, mən qəbul edirəm və inanıram ki, bu sahədə ciddi çatışmazlıqlar var. Xoşbəxtlikdən, gənclərin də öz söhbətlərində bu mövzulara yer verdiyini gördüm.

Gənclərə bir neçə tövsiyə: 1. Fərdi və ictimai miqyasda özünüformalaşdırma

İndi isə bura qədər deyilənləri nəzərə alaraq sizə öz tövsiyələrimi vermək istəyirəm; bir neçə məqamı qeyd etmək istərdim. Əziz gənclər – istər tələbələr, istərsə də bayaq dediyim kimi, digər gənclərimiz – mənim sizin hamınıza birinci tövsiyəm budur ki, özünüzü formalaşdırın. Özünü formalaşdırmaq çox önəmlidir; həm fərdi, həm də ictimai miqyasda. Həm siz öz şəxsiyyətinizi formalaşdırmalısınız, həm də yaşadığınız toplum özünü bir toplum kimi formalaşdırmalıdır. Özünü formalaşdırmaq çox əhəmiyyətlidir. Ramazan ayı bu baxımdan gözəl bir fürsətdir. Hazırda ramazan ayının axırına yaxınlaşsaq da, elə qalan bir neçə gün də dua, minacat və Quranla ünsiyyət üçün yaxşı fürsət ola bilər. Və ramazan ayının bitməsi ilə mənəvi rabitə işini bir kənara buraxmaq lazım deyil; yəni belə olmamalıdır ki, ramazan ayında oruclu vəziyyətdə dua və minacat, mənəvi hal üçün münasib şərait olduğuna görə müəyyən işlər görülsün, ramazan ayı başa çatan kimi isə bütünlüklə hər şey bir kənara qoyulsun. Quranla ünsiyyət, Quranla rabitə, vaxtın əvvəlində və ürəkdən qılınan namaz, dualara diqqət – mən bəzi duaları qeyd etdim, bəzilərini də deyəcəyəm – bütün bunlar, zənnimcə, özünü formalaşdırmaq baxımından lazımlı işlərdir. Bu şeylər sizin azdırıcı situasiyalardan rahatlıq və salamatlıqla çıxmağınıza yardımçı olacaq. Həyatda çaşdırıcı, azdırıcı situasiyalar var. Qorxu, tərəddüd, özündə zəiflik hiss etmək, sağlam olmayan motivasiyalar – yolumuzun üstündə bu kimi bir sıra azdırıcı situasiyalar ola bilər. Xüsusilə də sosial məsələlərdə fəal olan insanların yolu üzərində. Ona görə də onların özlərini formalaşdırmağa, mənəvi-psixoloji immunitetlərini gücləndirməyə daha çox ehtiyacı var. Düşünürəm ki, sizin mənəvi-psixoloji immunitetiniz gücləndiyi zaman həm yeni ideyaların irəli sürülməsində, həm qərar qəbul etmədə, həm də əməli işdə imkanlarınız daha da artacaq. Bizim belə bir gənc nəslə ehtiyacımız var. Bu mənim əziz gənclərimizə olan birinci tövsiyəmdir. Siz sözün əsl mənasında mənim övladlarımsınız və mən öz doğma balalarım üçün nəyi istəyirəmsə, sizin üçün də, həqiqətən, o şeyləri istəyir, sizin üçün xeyirli və məsləhətli bildiklərimi sizə deyirəm. Bu mənim birinci tövsiyəm.

2. İdeoloji əsasları möhkəmləndirmək, passivlikdən və yolunu azmaqdan çəkinmək lazımdır

Mənim ikinci tövsiyəm ideoloji əsasların möhkəmləndirilməsidir. Bu, çox əhəmiyyətlidir. Əlhəmdulillah, sizin gözəl təfəkkürünüz var, bir çox sahələrdə gözəl düşünür, işləyirsiniz, lakin gənclər, xüsusilə də universitet tələbələri keçmişdən təhlükə amillərinin hədəfi olub. Həmin amillər sırasında 2 ən böyüklərindən biri passivlik, digəri isə yolunu azmaqdır. Passivlik özünü əli-qolu bağlı, lazımsız, çətin olaylar qarşısında ümidsiz hiss etməkdir. Bunu az öncə qeyd etdiyim birinci tövsiyəyə əməl etməklə aradan qaldırmaq mümkündür. Yəni mənəviyyatı gücləndiyi zaman insanda qətiyyən passivlik yaranmır. Azğınlıq – düşüncələrində azmaq, ideoloji əsaslarından uzaqlaşmaq – bu təhlükə də həmin tövsiyəyə əməl  etməklə ortadan qalxır. Baxın, inqilabın əvvəllərində bizdə elə gənclər var idi ki, müsəlman idilər, İslam dini uğrunda meydana girmişdilər, amma ideoloji əsasları zəif olduğuna görə – indi hər hansı səbəbən olursa-olsun – qarışıq ideologiyalı qruplar tərəfindən cəlb olundular, İslam uğrunda çalışıb-vuruşan, mömin və sağlam düşüncəli gənclərdən öz həmvətənlərinə silah qaldıran, gənclərə, ahıllara, bazarda öz çörəyini qazanan dükan sahiblərinə hücum edən, o faciə və cinayətləri törədən gənclərə çevrildilər. Onları o yollara, o qeyri-sağlam qruplara tərəf çəkib aparan şey ideoloji əsaslarının zəif olması idi. Axırda da başlarını Səddamın bayrağının altından çıxardılar; yəni axırları da o yerə gedib çıxdı. Bütün bunlar ideoloji səbatsızlıqdan qaynaqlanırdı. O vaxt bəzi digər adamlar da var idi ki, əsla dəyişmədilər, möhkəm durdular; biz tanıyırdıq, mən inqilabdan öncə o inqilabi dəstələrin iclaslarında və sairdə o adamların çoxu ilə rastlaşırdım. Ona görə ki möhkəm ideoloji əsaslara sahib idilər, Şəhid Mütəhhərinin kitablarını oxuyurdular, Əllamə Təbatəbainin, Əllamə Sədrin fikirləri ilə tanış idilər, ideologiyaları sarsılmaz idi. Odur ki möhkəm durdular. İdeologiyası zəif olanlar isə, təəssüf ki, dağılıb getdilər. Və ya sonralar – inqilabın əvvəllərində bəzi insanlar müəyyən inqilabi fəaliyyət göstərdilər, amma sonradan peşman oldular; peşman olanların cərgəsinə qoşuldular. Bizim inqilabımızın problemlərindən biri də elə o əvvəlcə inqilabçı olub, sonradan buna peşman olan cənablar idi.
“Səhifeyi-Səccadiyyə”nin heyrətamiz duaları

Belə şeylər ideoloji əsasların zəif olmağından irəli gəlir. Yəni insanın ideologiyası zəif olanda, təbii ki, bu ideolgiya onu müxtəlif hadisələr, suallar və qaranlıq məqamlar qarşısında qoruyub, doğru yolda saxlaya bilmir. Elə ona görə də, düşünürəm ki, sizin iman, etiqad və ideologiyaya önəm verməyiniz vacibdir. Baxın, az öncə qeyd etdiyim dua – “Səhifeyi-Səccadiyyə”nin 20-ci duası olan məşhur “Məkarimül-əxlaq” duası – belədir:

اَللَهُمَّ بَلِّغ بِایمانی اَکمَلَ‌ الایمانِ وَ اجعَل یَقینی اَفضَلَ الیَقین

Deyir, yəqinim var, əminəm, amma mənim yəqinimi ən yaxşı, ən yüksək səviyyədə olan yəqinlərdən et. Ardınca deyir:

وَ انتَهِ بِنیَّتی اِلی اَحسَنِ النِّیّات وَ بِعَمَلی اِلی اَحسَنِ الاَعمال

... və beləcə duanın sonuna qədər. Əlbəttə ki, bu, heyrətamiz bir duadır. Mən tövsiyə edirəm ki, əziz gənclərimiz “Səhifeyi-Səccadiyyə”nin bu 20-ci duası ilə tanış olsunlar. Sözsüz ki, “Səhifeyi-Səccadiyyə”nin bütün duaları heyrətamiz dərəcədə gözəldir. Yəni o dualar arasından hansılarısa seçib ayırmaq olmur. Mən 20-ci duanı dedim, amma 21-ci dua da bir başqa cür heyrətamizdir. O heyrətamiz kitabdakı digər qiymətli dualar da həmçinin. Siz 20-ci duanı – “Məkarimül-əxlaq” duasını oxuyun, ona diqqət yetirin. Nə gözəl ki, “Səhifeyi-Səccadiyyə”nin yaxşı tərcümələri də var. Mən onlardan 3-4-ünü görmüşəm, həqiqətən də, yaxşı, mötəbər tərcümələrdir. Onlara müraciət edin, bəhrələnin. Bu da mənim siz əzizlərimə olan 2-ci tövsiyəm.

3.    İdeallara doğru irəliləməyə davam etmək və bu məsələdə tələbkar olmaq vacibdir

3-cü tövsiyəm odur ki, ideallara doğru əzmlə can atmaqda davam etməkdən əl çəkməyin. Az öncə sizin saat yarım ərzində burada etdiyiniz söhbətlər, toxunduğunuz məsələlər elə tələb, tələbkarlıq idi. Tələbləriniz isə bəzən mənim özümə, bəzən bizim baş idarəmizə, bəzən də digər qurumlara ünvanlanırdı. Bu, çox dəyərli bir məsələdir. Bu tələbkarlığınızı, ideallara doğru bu şəkildə can atmağınızı əldən verməyin. Bu, ideallarını tələb etmək deməkdir. Ola bilsin ki, sizin tələb etdiyiniz şeylərdən bəzilərinin praktikada reallaşması mümkün olmaya; əslində elə belədir. Yəni insan qolunu çırmayıb işə keçəndə meydanın ortasında olub nə isə etməyin nə qədər çətin, problemli olduğu ona daha aydın olur, məlum olur ki, istədiklərimizin hamısının reallaşması ya mümkün deyilmiş, ya da bu tezliklə mümkün deyilmiş. Lakin ideallara can atmağın özü dəyərlidir. Çünki əgər bu olmasa, biz yolumuzu itirərik. İdeallara doğru can atmaq yolumuzu itirməməyimizə, yolun ortasında sağa-sola meyil etməməyimizə səbəb olur. İdealları tələb etməyə çalışın. Bu ideallar çox önəmlidir: ədalət, müstəqillik, korrupsiyanın yox edilməsi və ən nəhayət, İslam sivilizasiyası. Bizim əsl, gerçək və son idealımız İslam sivilizasiyasıdır. Bu idealları əldən verməyin, tələb edin, onlar üzərində düşünün. Əlbəttə, tələbi də məntiqi formada etmək lazımdır ki, ola bilsin, bu barədə də bir qədər sonra danışaram.

Diqqətli olmaq lazımdır ki, düşmən sizin tələbkarlığınızdan sui-istifadə etməsin

Tələbkarlıqla bağlı mən burada 2 məqamı özüm üçün qeyd etmişəm, düşünürəm, onlara diqqət yetirməyiniz yaxşı olar. Birincisi budur ki, hər bir tələb, təbii olaraq, bir növ etirazla müşayiət olunur. Bəli, nəyisə tələb etmək o deməkdir ki, haradasa nöqsan var və biz onun aradan qaldırılmasını tələb etmək istəyirik. Təbii ki, tələb budur və ona görə də etirazla müşayiət olunur. Sizin bu tələb və etirazınızın İslam dövlətinə etiraz kimi anlaşılmasına imkan verməyin. Bu, çox önəmlidir. Düşmən də elə bunu gözləyir. Ola bilsin, bəzən sizin, misal üçün, burs məsələsinə, yaxud yerli avtomobil markasının keyfiyyətinə etirazınız olur. Amma düşmən sizin etiraz şəklinizi dövlətə qarşı etiraz kimi yozur, yaxud bu cür qələmə verir. Buna imkan verməyin. Buna ciddi surətdə əngəl olun, düşmənə bəhanə verməyin ki, sizin tələbinizdən, etirazınızdan bu nəticəyə gəlsin, yaxud onu auditoriya üçün bu istiqamətdə interpretasiya etsin.

İkincisi, tələb etmək üçün təşəbbüsün sizdə olmağı yaxşı bir şeydir. Siz bu təşəbbüsdən geri çəkilsəniz, ola bilsin, fürsət elə adamların əlinə keçər ki, onların məqsədi heç də xalqın problemlərini həll etmək yox, İslam dini, İslam Respublikası və İslam dövləti ilə mübarizə aparmaq olar. Buna imkan verməyin; yəni bu olmamalıdır. Əlbəttə ki, niyyəti daim bu olan solçu marksistlərin bu gün dünyada heç bir nüfuzu yoxdur. Hazırda solçu marksist cərəyan şiddətli böhran yaşayır. Həm ideoloji, özləri demişkən, teoritik cəhətdən zəifdirlər, deməyə sözləri yoxdur, həm də siyasi cəhətdən. Başlarında duranlar hamısı gedib Amerikaya, İsrailə, imperialistlərə təslim olublar. Odur ki həm ideoloji, həm siyasi, həm də əməli cəhətdən böhran yaşayırlar. Yəni bütün bu sahələrdə meydana atılıb iş görəcək fəal, effektli və fədakar adamları yoxdur. Bir sözlə, bunlar heç kimdirlər, amma hər halda, yaxşı və doğru şüarlardan sui-istifadə etmək istəyənlər həmişə tapılır. Siz bu şüarları bir kənara buraxsanız, onlar əldə bayraq edə bilərlər. Bu da bir məqam.

4.    Tənqidlə yanaşı, təklif vermək, aqressiyadan çəkinmək lazımdır

Dördüncü məqam budur ki, nəyisə tələb etmək təkcə tənqid etmək, etiraz etmək demək deyil; hərçənd tənqidin mahiyyətində etiraz olsa da. Tənqid etməklə yanaşı, öz təklifini də ortaya qoymaq lazımdır. Əlbəttə, bu gün təkliflər səsləndirildi, bu yaxşıdır, o təkliflərdən bəziləri məqbuldur, bəziləri isə araşdırılmalıdır, lakin bu çıxışları eşidən və bu sahədə fəal olan gənclərin öz diqqətini sırf tənqid və etiraza yönəltməsi işləri irəli aparmayacaq. Ola bilsin ki, bunun başlanğıcda hansısa xırda faydaları olar, amma əsla ciddi və qalıcı bir faydası olmayacaq. Yalnız irəli sürülən təkliflər faydalı ola bilər. Baxın, İslam dinində də “nəhy əz münkər” – yəni pisliklərdən çəkindirmə “əmr be məruf” – yəni yaxşılıqlara dəvətlə yanaşıdır. “Nəhy əz münkər” elə etirazdır, “əmr be məruf” isə təklif etmək, həll yolunu, görülməli olan və görülə biləcək işləri göstərmək deməkdir. Bunlar yanaşıdır. Odur ki tələb etməklə bərabər, həmişə hökmən həll yolunu, yaxşı və məqbul çıxış yollarını göstərməyə çalışın. Eyni zamanda nəyisə tələb edərkən aqressivlikdən, kiminsə haqqında xoşagəlməz sözlər danışmaqdan çəkinin. Mənim sizdən xahişim budur. Əlbəttə, bu gün siz mənimlə çox yaxşı, hörmətlə danışdınız, çox təşəkkür edirəm. Əvvəllər – prezident olduğum dövrdə, hətta ondan da qabaq mən universitetlərə gedərkən bəzən aqressiv münasibətlə də qarşılaşmışam və heç vaxt buna əhəmiyyət verməmişəm. Yəni mən o münasibətlə də barışmağı bacarırdım və hər halda, mənim tribunada oturduğumu və tənqid edənlərlə aramda xeyli məsafə olduğunu nəzərə alsaq, məğlub olan tərəf də mən olmurdum. 

Bu gün, əlhəmdulillah, siz hamınız çox yaxşı danışdınız. Lakin bəzən elə olur ki, universitetlərə, tələbə və gənclərlə görüşüb söhbət etməyə gələn rəsmilər pozucu davranışlarla qarşılaşırlar. Bayaq siz konkret adlar çəkməklə etiraz etdiniz ki, niyə rəsmilər dəvət olunduqlarına baxmayaraq, universitetlərdə tələbələrlə görüşə gəlmir. Bəli, mən özüm də dəfələrlə rəsmilərə ali məktbələrə gedib tələbələrlə söhbət etməyi, gənclərin suallarını cavablandırmağı tövsiyə etmişəm. Mən bunun faydalı olduğuna, həqiqətən də, inanıram. Lakin onlar mənə cavabında söyləyirlər ki, ora toplaşan gənclərin məqsədi məsələləri aydınlaşdırıb anlamaq yox, pozuculuq etməkdir. Ona görə də gəlmirlər. Mən xahiş edirəm, diskussiya atmosferini məhdudlaşdırmayın. Yəni siz tərəfdən pozuculuğa, təhqirə və hörmətsizliyə yol verilərsə, təbii ki, diskussiyaların çərçivəsi daralacaq. Belə olmasına imkan verməyin. Məntiqlə, əsaslandrılmış şəkildə danışın. Bəli, nəyisə kəskin formada demək olar, bunun heç bir eybi də yoxdur. Aqressiyaya, təhqirə və sairə yol vermədən də kəskin danışmaq mümkündür. 

5.    Diskurs yaratmağın əhəmiyyəti 

5-ci məqam, söhbətimizin əvvəlində də qeyd etdiyim kimi, diskurs yaratmaqdır. Bugünkü görüşümüzün, habelə gənclərlə bu günə qədər keçirdiyimiz görüşlərin bərəkətlərindən biri də diskurs yaratmaqdır (son vaxtlar ildə azı 1 dəfə, əvvəllərsə daha tez-tez görüşlərimiz olurdu).  Yəni siz hansısa məsələni burada qeyd edən kimi, bütün ölkəyə yayılır, gənclər və gənc olmayanlar xəbər tutur və tədricən o istiqamətdə düşüncə formalaşır. O düşüncələr elə diskursdur; yəni cəmiyyətdə, belə desək, konkret bir düşüncə istiqaməti formalaşır ki, bu da çox dəyərlidir. Mənim xahişim budur ki, ölkəmizin tələbə ictimaiyyəti diskursa önəm versin. Düşünün, hökumətin problemlərini aşkara çıxarın, hərtərəfli düşünülmüş və yaxşı həll yolları axtarıb tapın, öz təkliflərinizi ortaya qoyun. Əlbəttə, Dövlət Teleradiosu, şübhəsiz ki, bu işdə sizə yardımçı olmalıdır. Hazırda, yəni bu son vaxtlar Dövlət Teleradiosunda stimullu və inqilabçı gənclərin çalışdığı departamentlər də var. Çıxış edən dostlarımız onları diqqətdən qaçırdılar. Hər halda, gənclərin fikirlərinə, onların irəli sürdüyü təkliflərə diqqət yetirmək lazımdır, cəmiyyətdə diskurs formalaşdırılmalıdır. Diskurs yaranarsa, novator gəncləri özündə birləşdirən komandalar cəmiyyət tərəfindən alqışlanar. Yəni ictimaiyyətin müsbət münasibəti qazanılar, bunun isə hökumət seçkilərinə və sairə müsbət təsirini görmək mümkündür.

Ölkənin problemlərinin çarəsi gənc və imanlı hökumətdir

Əlbəttə ki, ötən il və elə hər zaman da dönə-dönə vurğuladığım kimi, mən gənc və imanlı hökumətin effektivliyinə inanır, belə bir hökumətə ümid bəsləyirəm. Sözsüz, gənc hökumət deyərkən mən sırf gənc – məsələn, 32 yaşlı bir prezidentin iş başına gəlməli olduğunu nəzərdə tutmuram. Gənc hökumət deyərkən mən yorulmadan çalışacaq, gərgin işləyə biləcək yaşda, ayaqda, enerjili və hazırlıqlı olan bir prezidentin hakimiyyətdə olmasını nəzərdə tuturam. Mənim demək istədiyim budur. Bəzi insanlar yaşları artdığına baxmayaraq, yenə də gənc olaraq qalırlar. Elə bayaq adını çəkdiyiniz əzizimiz Şəhid Süleymani – o mənim gecə-gündüz yadımdan çıxmır – altmış neçə yaşı var idi, o qədər də gənc deyildi. O bir 10 il də sağ qalsaydı, mən də həyatda və bu postda olsaydım, onu öz vəzifəsində saxlayardım; yəni gənc olmadığına baxmayaraq, onu işdən uzaqlaşdırmazdım. Odur ki bəzən heç də gənc olmayan insanlar gənclərin görə biləcəyi işləri kifayət qədər yaxşı görə bilirlər. Hər halda, məncə ölkənin problemlərinin əlacı onu çətin mərhələlərdən keçirə biləcək gənc və imanlı hökumətdədir.

6.    İnqilab cəbhəsini genişləndirmək, əqidəli insanları meydandan kənarlaşdırmamaq lazımdır

Mənim burada qeyd götürdüyüm növbəti məqam, növbəti tövsiyə budur  ki – səhv etmirəmsə, 6-cı olacaq – inqilab cəbhəsini genişləndirin, ondan dəstək alın, inqilabçı insanları meydandan kənarlaşdırmayın. Sırf siyasi əqidəsinə, yaxud hansısa məsələdə fikirləri sizinlə üst-üstə düşmədiyinə görə insanları rədd etməyin. Elə insanlar var ki, İslam dininə, İslam İnqilabına, İslam dövlətinə və sizin önəm verdiyiniz bir sıra prinsiplərə inanır, amma hansısa məsələyə münasibətdə sizinlə eyni fikirdə deyil. Bu sizin o adamı rədd etməyiniz, inqilabçı hesab etməməyiniz üçün səbəb olmamalıdır. Bacardığınız qədər inqilab cəbhəsini genişləndirin, cəlb edin. Əlbəttə ki, mən əqidəsiz, münafiq insanları nəzərdə tutmuram. Mən siyasi görüşləri sizinkindən fərqli olan əqidəli insanları nəzərdə tuturam.

7.    İdeoloji əsaslarda tərəddüd yaradanlara, düşməni bəzəkli simada göstərənlərə qarşı sərt və qətiyyətlə çıxış etmək lazımdır

Növbəti – 7-ci məqam budur ki, bundan öncə qeyd etdiyim məsələnin, yəni inqilabçı insanların rədd edilməməsinin əksi olan bir vəziyyət də var ki, o da yanlışdır: bəzi insanlar inqilabi ideologiyanın əsaslarında daim şübhə və tərəddüd yaratmağa, ölkənin inkişafının göstəricilərini inkar etməyə çalışırlar. Belələri ilə qətiyyətlə və sərt danışın; yəni onlarla öz aranızda dəqiq sərhəd çəkin. Mən inqilabın əsaslarını qəbul etməyən, inqilabi ideologiyada şübhə və tərəddüd yaratmaq, düşməni bəzəkli göstərib bizi yanlış yola çəkmək istəyən insanlarla yumşaq rəftar etməyi qətiyyən tövsiyə etmirəm. Yox, onlarla sərt, qətiyyətli formada davranın. Onların yaratdığı şübhə və tərəddüd düşmənin mədəni-ideoloji işinin onurğa sütununu təşkil edir. Düşmənin apardığı yumşaq müharibənin əsas məğzi şübhə və tərəddüd yaratmaqdır. Ölkə daxilində də kim düşmənin bu niyyətini həyata keçirirsə, təbii ki, ona qarşı çıxmaq lazımdır. Bəzi adamlar var ki, düşmənə kömək edir, onu xalqın gözündə xoşagələn etməyə çalışırlar.

Xalqlar və hətta dövlətlər Amerikaya nifrət edir

Mən bir şeyi demək istəyirəm ki, Amerika uzun illər boyu özünü bütün dünyaya hər işi yolunda gedən, cəlbedici bir ölkə kimi göstərmək üçün böyük xərc çəkdiyinə baxmayaraq, bu gün Amerika cəmiyyəti nəinki cəlbedici deyil, hətta Amerika ölkəsi, Amerika cəmiyyəti və Amerika administrasiyası dünyanın böyük bir hissəsində müəyyən mənada mənfur bir varlığa çevrilib. Bu bir reallıqdır. Amerika bayrağının bir çox ölkələrdə və hətta elə Amerikanın özündə də yandırılması xalqların nifrətinin göstəricisidir (bir müddət əvvəl bir qrup şəxsin elə Amerikanın özündəcə bu ölkənin bayrağını yandırdığı barədə açıq-aşkar məlumatlar yayılmışdı). Hətta Amerika ilə müttəfiq olan ölkələrin dövlət başçıları da bir çox məsələlər barədə fikir bildirdikləri, ürəklərində olanı danışdıqları zaman görürsən ki, Amerikanın bütün hökumət adamlarına, ABŞ administrasiyasına nifrət və inamsızlıq bəsləyir, etinasız yanaşırlar. Əlbəttə, son illər Amerikaya qarşı daha çox müşahidə olunan bu nifrət və arzuolunmazlığın bir qismi həmin ölkədə hakimiyyətə gəlmiş o cənablarla əlaqəlidir; yəni ölkənin başında duran o “möhtərəm” cənablarla. Haqqında “Doktor Tramp!” dedikləri o prezidentləri; bizim gənclər “Doktor Salam” adlı bir satirik proqram hazırlayırdılar, adamın yadına lap o düşür. Daim orda-burda düşünülməmiş, mənasız, həqiqətə uyğun olmayan, məntiqsiz, əlaqəsiz sözlər danışan o mahiyyətsiz, çoxdanışan, yalançı Xarici İşlər Nazirləri; bunların, əlbəttə ki, təsiri var. Bu cənabların hamısının xalqların və hətta ölkə rəsmilərinin Amerikaya nifrət bəsləməsində öz rolu və təsiri var, amma təkcə bu deyil. Amerikanın uzun müddətdir gördüyü işlərin, apardığı hərbi əməliyyatların, bir sıra ölkələrdə törətdiyi əməllərin, Əfqanıstan, İraq və Suriyada etdiklərinin də təsiri var. Açıq-aşkar deyirlər ki, biz Suriyada, filan yerdə neft olduğu üçün ora qüvvə yeridirik. Yəni bunu açıq-açığına elan edirlər; bu dərəcədə həyasızlıq edirlər. Əlbəttə, amerikalılar nə Suriya, nə də İraqda həmişəlik qalası deyillər, ordan çıxmalıdırlar və hökmən çıxacaqlar. Buna əsla şübhə ola bilməz; yəni çıxarılacaqlar, amma dediyim odur ki, törətdikləri əməllər bunlardır. Törtədikləri qardaş qırğınları, müharibə və konfliktlər, istibdadçı, bütün dünyada sözün əsl mənasında bədnam olan dövlətlərə kömək etmələri, müxtəlif cinayətləri, terrora dəstək vermələri, İsrailin günbəgün artan zülmünü heç nəyi əsirgəmədən himayə etmələri, ədalətsizliklər və bu sonuncu koronavirus olayında dəhşətli idarəçilikləri – bütün bunlar Amerikaya qarşı nifrət doğuran məsələlərdir. Həmin o Amerikanı bəziləri insanların gözündə böyütməyə çalışır.

8.    Elmi inkişafa diqqət ayrılmalıdır

Növbəti – 8-ci məqam elmi inkişaf məsələsidir. Mənim artıq illərdir vurğuladığım bu məsələ hələ də aktualdır. Yenə də deyirəm:

(1) العِلمُ سُلطان 

– elm gücdür, elm qüdrətdir, elmin arxasınca getmək lazımdır. Universitetlər, elmi-tədqiqat mərkəzləri hökmən elm məsələsinə diqqət yetirməlidirlər. Mən ona görə bu məsələni həmişə təkidlə vurğulayıram ki, elm ölkənin inkişafı üçündür, elm gələcək üfüqlərin açılması üçündür. Bir neçə il öncə mən belə bir fikir səsləndirmişdim: demişdim, biz elə bir mövqeyə yetişməliyik ki, 50 il sonra elmi yeniliklər haqda məlumat almaq istəyən hər kəs fars dilini öyrənməyə məcbur olsun. Elm bax bunun üçündür. Bu niyyət və hədəflə elmin arxasınca getmək lazımdır. Dünyada elmi inkişafa nail olanlar da məhz bu cür hədəflərlə yola çıxanlar olub. Yoxsa nağd və qısamüddətli şəxsi mənafe naminə görülən elmi işlərin bir o qədər də dəyəri yoxdur. Elmə məhz bu cür –  gələcək üfüqləri hədəfə alan yanaşmanın olması önəmlidir. 

9.    Universitetlərdə hicab məsələsinə və İslam dininin həya-abır çərçivələrinə əhəmiyyət verilməlidir 

Mənim 9-cu tövsiyəm universitetlərdə hicabın və dinimizin həya-abır çərçivələrinin qorunmasına əhəmiyyət verilməsinin vacibliyidir. Mənim bu sarıdan nigarançılığım var və xahiş edirəm ki, həm rektorlar, universitetlərin rəhbərliyi, aidiyyətli nazirliklərin rəsmiləri, həm də tələbələr özləri – xüsusilə də xanımlar – hicab məsələsinə, İslam dinində qadın-kişi münasibətləri üçün qoyulmuş hüdudlara diqqət yetirsinlər, önəm versinlər, universitetlərdə şəriətin qaydalarına riayət olunsun.

10.     Düşmən ölkənin gənc ictimaiyyəti arasından özünə əsgərlər seçir

Sonuncu məqam budur ki, həm gənclər özləri, həm də onların işləri ilə bağlı qurumlar bir şeyi bilməlidir: biz ölkənin gələcəyi və inkişafı üçün gənclərə önəm verdiyimiz kimi, düşmən də ölkədə vəziyyəti korlamaq, İslam İnqilabını diz çökdürmək üçün gənclərə önəm verir, onların rolunu çox yaxşı dərk edir. Bu məqama hamı diqqət yetirsin ki, onlar da bizim gənclərimizin üzərində işləyirlər, onlar da gənclərimizdən sui-istifadə etməyə çalışırlar, onlar da öz hədəflərini izləyir və planlar qururlar. Ölkə daxilində agentə ehtiyacları olursa, gənclərin üzərində işləyirlər. Təbliğatçıya, analitikə, siyasi simaya və sairə ehtiyacları olanda da gəncləri hədəf götürürlər. Bəzən də onlara ölkəyə arxa çevirib gedəcək gənclər lazım olur; belə şeyləri də görmüşük. Hay-küy salmaqla incəsənət adamlarını, idmançıları, yarımsavad din tələbələrini, universitet tələbələrini ölkədən getməyə vadar ediblər. Düşmən gənclərimiz üzərində bu cür işlər aparır. Hər kəs diqqətli və ehtiyatlı olmalıdır ki, düşmənin cəmiyyətimizin gəncləri içərisindən özünə əsgərlər götürmək planına yardımçı olmasın.          

Ümidvaram, Allah-taala hamınızı öz lütf və mərhəmətinə layiq biləcək. Mən gənclər üçün daim, ara vermədən, yəni ən azı gündə bir dəfə dua edirəm. Sizin üçün və ölkəmizin bütün gəncləri üçün; dua edirəm ki, Allah-taala sizə kömək olsun, sizi doğru yola istiqamətləndirsin, sizi xoşbəxt etsin, problem və çətinliklərinizi aradan qaldırsın; məşğulluq probleminizi, evlilik probleminizi və digər müxtəlif problemlərinizi. İnşallah, bundan sonra da həmişə dua edəcəyəm. Ümidvaram, Allah-taala bu duaları müstəcəb edəcək və elə edir də. Mən əminəm ki, Allahın köməyi, Həzrət Mehdi Sahibəzzamanın (ə.f) lütfkar münasibətinin bərəkəti sayəsində gənc ictimaiyyətimizin sabahı bugünkündən də yaxşı olacaq. O böyük imama təvəssül etmək də həmişə yadınızda olsun, o həzrətdən də dua, kömək və şəfaət istəyin. Allah-taala o böyük imamın qəlbini sizə, bizə, bütün müsəlman xalqlarına və əziz xalqımıza qarşı mehriban etsin, mehriban saxlasın və bizi də bu mehribanlığa layiq etsin, inşallah. Dahi liderimiz İmam Xomeyninin və əziz şəhidlərimizin ruhuna salavat göndərir, Allahdan onlara rəhmət və bağışlanma diləyirik (dostlarımızın bayaq dediyi üzük, çəfyə, Quran və sairin də, inşallah, hamısını təqdim edəcəyəm).

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

_____________________

  (1)  İbni-Əbil-Hədid, «Şərhu-Nəhcül-bəlağə”,c.20, səh.319