Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin ramazan ayının ilk günü İmam Xomeyni (r.ə) adına namazgahda Quran məclisinin iştirakçıları ilə videogörüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین و لعنة الله علی اعدائهم اجمعین

Mübarək ramazan ayının gəlişi münasibətilə əziz İran xalqımızı və bütün böyük İslam ümmətini təbrik edirəm. Ümidvaram, bu mübarək ay sözün əsl mənasında xalqımız və böyük müsəlman ümməti üçün bərəkətli olacaq, inşallah. Bu gözəl, rəngarəng, təşəbbüs dolu görüşü təşkil etmiş əziz qardaşlarımıza təşəkkürümü bildirirəm. Həmçinin bugünkü görüşümüzün çox hörmətli moderatoru  cənab Yaraqbafa da məclisi yüksək səviyyədə idarə etdiyi üçün çox sağ ol deyirəm. Öz tilavəti ilə bizi, həqiqətən də, feyzyab edən qardaşlarımızın hamısına təşəkkürümü bildirirəm. Ötən günlərin xatirələrini yada salmağınızdan çox məmnun oldum və ümidvaram, Allah-taala ömrümüz boyu, bütün bu illər ərzində bizi Quranla yoldaş etdiyi kimi, bundan sonra da son nəfəsimizə qədər bizi Quranla birgə, Quranın xidmətində edəcək, Quranla yaşadacaq, Quranla bu dünyadan aparacaq və Məhşər meydanına da Quranla gətirəcək, inşallah.

İranın dünya ölkələri arasında iqtisadi reytinqi ilə bağlı açıqlama

Bu gün mən Quranın hidayəti, Quranın insanı doğru yola yönəltməsi barədə qısaca danışacağam. Əlbəttə, Quranın hidayəti bir görüşdə, belə bir söhbət çərçivəsində  hərtərəfli açıqlana biləcək bir mövzu deyil.  Mən sadəcə bu barədə qısaca bir söhbət etmək istəyirəm. Vaxtımız olsa, digər mövzularla da bağlı möhtərəm dinləyicilərimizin, tamaşaçılarımızın, əziz İran xalqımızın diqqətinə bəzi məqamları çatdıraram. Mətləbə keçməmişdən əvvəl bir məqamı qeyd etmək istəyirəm. Bunu hələ 2-3 həftə əvvəl əziz xalqımıza demək niyyətində idim, sadəcə fürsət olmadı; yəni deməyim üçün münasib şərait yaranmadı. İndi deyirəm: yeni ilin ilk günü etdiyim çıxışda (2) mən xalqımıza bir statistik rəqəm təqdim etmişdim, daha sonra bir neçə nəfər mənə bu statistikanın doğru olmadığı barədə məlumat verdi. Mən baş idarəmizə mövzunu araşdırmağı tapşırdım. Araşdırdılar, məlum oldu ki, o insanlar haqlıdırlar, düz deyirmişlər, mənim qeyd etdiyim statistika doğru deyilmiş və mənim dediyim – İranın öz iqtisadiyyatına görə dünya üzrə 18-ci yeri tutması – 4-5, yaxud 5-6 il bundan əvvələ aid imiş. Bu barədə mənə xatırlatma etmiş insanlara səmimi təşəkkürümü bildirirəm. Onların sayəsində səhvimizi aradan qaldırmış olduq.

Quranda toxunulan mövzular arasında Quranın hidayəti olduqca yüksək mövqeyə malikdir

Quranın hidayətinə gəlincə; baxın, Allah-taala mübarək ramazan ayının çoxsaylı üstünlükləri içərisində Quranın bu ayda nazil olmasını da qeyd edir:

شَهرُ رَمَضانَ الَّذی اُنزِلَ فیهِ القُرءان

“Ramazan ayı Quranın nazil edildiyi aydır”. (“Bəqərə” surəsi, 185-ci ayədən)

Aydındır ki, bu, ramazan ayının ən əhəmiyyətli üstünlüyüdür. Quranın üstünlükləri, gözəl xüsusiyyətləri içərisində isə – Quranın minlərlə üstün xüsusiyyəti var, onlardan çoxunu biz heç dərk etməyə qadir deyilik – Allah-taala onun hidayətini, doğru yol göstərməsini önə çəkir:

شَهرُ رَمَضانَ الَّذی اُنزِلَ فیهِ القُرءانُ هُدًی لِلنّاسِ وَ بَیِّنٰتٍ مِنَ الهُدیٰ وَ الفُرقان

“Ramazan ayı insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan Quranın nazil edildiyi aydır”.  (“Bəqərə” surəsi, 185-ci ayə)

Bu da aydındır ki, Quranla bağlı mövzular içərisində onun hidayəti daha üstün mövqeyə malikdir. Qurani-Məcidin özü hidayət məsələsi ilə başlanır. “Həmd” surəsində bu barədə belə deyilir:

اِهدِنَا الصِّراطَ المُستَقیم

– bizi doğru yola istiqamətləndir.

Mərhum Təbatəbayinin təbiri ilə desək, “Həmd” surəsi əvvəlindən axırına qədər bizə Allah-taala ilə danışmağın ədəb-ərkanını öyrədir; yəni Allah-taala özü bizə Onunla necə danışmaq lazım olduğunu öyrədir. Əvvəldəki “bismillah”dan başlamış sondakı hidayət xahişinə qədər;

اِهدِنَا الصِّراطَ المُستَقیم، صِراطَ الَّذینَ اَنعَمتَ عَلَیهِم

“Bizi doğru yola yönəlt. Nemət verdiyin kəslərin yoluna”. (“Fatihə” surəsi, 6-7-ci ayələr)

Doğru yol Allahın nemət verdiyi kimsələrin yoludur. Özü də nemət verilmiş o kəslər ki, onlar yollarını azmamışlar, qəzəbə düçar olmamışlar.

Həmçinin “Bəqərə” surəsinin əvvəlində də bu mövzuya toxunulur:

بِسمِ اللهِ الرَّحمنِ الرَّحیمِ، الم ذٰلِکَ الکِتٰبُ لارَیبَ فیهِ هُدًی لِلمُتَّقین

“Bismillahir-rəhmanir-rəhim! Əlif, Lam, Mim. Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır”. (“Bəqərə” surəsi, 1-2-ci ayələr)

Odur ki Quranın özü də onun hidayət etmə xüsusiyyətinin qeyd olunması ilə başlayır. Bundan başqa, müqəddəs kitabın digər çoxsaylı ayə və surələrində də Quranın hidayətindən, bəndələrin əlindən tutub doğru yola yönəltməsindən danışılır.

Quran bütün bəşəriyyətə müraciət edir. Özü də bu hidayət məxsusi olaraq hansısa bir qrup insana aid deyil. Quran bütün bəşəriyyətə müraciət edir və bütövlükdə insanlığı doğru yola, düzgün məqsədlə sonlanacaq düzgün həyat tərzinə istiqamətləndirmək istədiyini iddia edir:

اِن هُوَ اِلّا ذِکرٌ لِلعٰلَمین

“Bu (Quran) aləmlərə (həm insanlara, həm də cinlərə) ancaq bir öyüd-nəsihətdir!” (“Sad” surəsi, 87-ci ayə)

Quranın hidayəti insan həyatının bütün sferalarını əhatə edir

Burada qeyd olunası vacib bir məqam var: Quranın hidayəti insan həyatının konkret olaraq hansısa bir sferasına aid deyil. Bu hidayət bəşər həyatının nəhəng əhatə dairəsinə bütövlüklə şamildir. Yəni Quran hansısa sferada bəşəriyyəti doğru yola yönəldib, ehtiyac duyduğu hansısa digər sferada etinasızlıqla başlı-başına buraxmır. Quran həyat səhnəsinin, bəşəriyyətin varlıq meydanının bütün epizodları üçün insana bələdçilik edir və təlimatlar verir. İnsanın mənəvi kamal və yüksəlişindən tutmuş (hansı ki insanın ən böyük istəyi də elə mənəvi yüksəliş, Allahı tanımaq, Rəbbinə yaxın olmaq, Allahı sevməkdir:

هَب لی کَمالَ الاِنقِطاعِ اِلَیکَ وَ اَنِر اَبصارَ قُلوبِنا بِضیاءِ نَظَرِها اِلَیک

Ən böyük ehtiyacımız budur) bəşər cəmiyyətlərinə, onların idarəçiliyinə, haqq-ədalətin bərqərar edilməsinə, toplumların idarə olunması üçün tələb olunan davranışlara, müxtəlif düşmənlərin – batini və zahiri, insanlardan və cinlərdən olan düşmənlərin səy göstərib cihad etmək yolu ilə dəf edilməsinə, yaxud düşmənçiliklərin aradan qaldırılması metodlarına qədər;

فَاِذَا الَّذی بَینُکَ وَ بَینَه‌ عَداوَةٌ کَاَنَّه‌ وَلِیٌّ حَمیم

“Sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! (“Fussilət” surəsi, 34-cü ayə)

Quranın hidayəti bütün bu sferalara aiddir; əxlaqa qədər, ailəyə qədər; məsələn:

رَبَّنا هَب لَنا مِن اَزواجِنا وَ ذُرِّیَّٰتِنا ‌قُرَّةَ اَعیُن

“ Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur...” (“Furqan” surəsi, 74-cü ayə)

Və ya:

وَ اَنکِحُوا الاَیٰمیٰ مِنکُم وَ الصّٰلِحینَ مِن عِبادِکُم وَ اِمائِکُم اِن یَکونوا فُقَراءَ یُغنِهِمُ اللهُ مِن فَضلِه

“Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər”. (“Nur” surəsi, 32-ci ayə)

Yaxud övlad tərbiyəsi və sair bu kimi mövzulara, mənəvi-psixoloji sakitliyə qədər; mənəvi-psixoloji cəhətdən rahatlıq insanın ən mühüm ehtiyaclarından biridir:

فَاَنزَلَ اللهُ سَکینَتَه عَلیٰ رَسولِه وَ عَلَی المُؤمِنین

“Allah Peyğəmbərinə və möminlərə öz dərgahından arxayınlıq (qəlb rahatlığı, mənəvi möhkəmlik) göndərmişdi...” (“Fəth” surəsi, 26-cı ayə)

Quran insana həyatda üzləşdiyi müxtəlif hadisələr zamanı daxilində yaranan  təlatümü necə yatırmağın yollarını göstərir.

Quran insana elm öyrənməyi, təbiəti tanımağı tövsiyə edir:

وَ استَعمَرَکُم فیها

“O sizi (atanız Adəmi) yerdən (torpaqdan) yaradıb orada sakin etdi”.  (“Hud” surəsi, 61-ci ayə)

– insan elmə, biliyə, təbiətin, varlıq aləminin həqiqətlərini kəşf etməyə can atmalıdır. Quran insanın fərdi davranışları ilə də bağlı göstərişlərini verir:

وَ لا تُصَعِّر خَدَّکَ لِلنّاسِ وَ لا تَمشِ فِی الاَرضِ مَرَحًا

“Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma”. (“Loğman” surəsi, 18-ci ayədən)

Və ya:

وَ اقصِد فی مَشیِکَ وَ اغضُض مِن صَوتِک

“ Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışanda) səsini qaldırma”. (“Loğman” surəsi, 19-cu ayə)

Və sair bu qəbildən olan müxtəlif mövzular da daxil olmaqla həyatın bütün sferaları ilə bağlı Quranda hidayətedici göstərişlər mövcuddur. Yəni Quran insan həyatının bütün sferalarına diqqət ayırır və onların hər biri üçün bir istiqamətləndirici, öyrədici təlimatı var. Mən mühüm məqamlardan bəzilərini qeyd etdim, digər bir sıra önəmli mövzular da var ki, Quranda onların hamısına toxunulur. Nə qədər bixəbər olmaq lazımdır ki, Quranın həyatın müxtəlif məsələlərinə, siyasətə, iqtisadiyyata, hakimiyyətə aidiyyəti olmadığını düşünəsən! Xeyr, Quranın böyük bir qismi məhz elə həyatın ictimai tərəfi ilə bağlıdır.

Quran təlimlərini dərk etmək üçün düşünmək lazımdır

Quran bəşəri kitablar kimi deyil, yəni burada mövzular fəsillərə, başlıqlara ayrılmayıb.  Quranda Allah-taala bəzən kiçik bir işarə ilə insana dərya qədər bilik və mərifət bəxş edir. Dərindən düşünüb müxtəlif aspektləri nəzərə alsaq, ağlımızı işə salsaq, bəzən bir kəlmədən heyrətamiz dərəcədə böyük biliklər qazanmaq mümkündür. Yaxud tutalım, Quranda nəql edilən bir hekayə ilə bizə hansısa mətləb çatdırılır (uzun və ya qısa, peyğəmbərlər və ya qeyri insanlar haqqında olsun; Quranda keçmiş qövmlərdən söz açan bir çox hekayələr var). Misal üçün, biz iki nəfərin dialoqundan bəhrələnib nəsə öyrənirik. Və ya konkret olaraq hansısa hadisə baş verib, Quranda bununla bağlı nəsə bəyan edilir, amma deyilənlər o hadisə ilə bağlı olsa da, yalnız həmin hadisəyə aid deyil, ümumi xarakter daşıyır. Buna misal gətirmək istəsəm, “Ali-İmran” surəsinin bu şərif ayəsini qeyd edə bilərəm:

الَّذینَ قالَ لَهُمُ النّاسُ اِنَّ النّاسَ قَد جَمَعوا لَکُم فَاخشَوهُم فَزادَهُم ایمانًا وَ قالوا حَسبُنَا اللهُ وَ نِعمَ الوَکیل

“O kəslər ki, xalq onlara: “Camaat (Əbu Süfyan və tərəfdarları) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!” – dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər”. (“Ali-İmran” surəsi, 173-cü ayə)

Ayə Uhud döyüşündən sonrakı hadisələrlə bağlıdır. Müsəlmanlar Uhud döyüşündən məğlubiyyətlə, yorğun, yaralı, şəhid vermiş və müsibətlərlə üzləşmiş halda qayıtdıqdan sonra münafiqlərdən bir qrupu ortalığa düşüb belə söz-söhbətlər yaymağa başladı ki, siz burada oturmusunuz, düşmənlərsə orada hazır vəziyyətdədir, Mədinənin yaxınlığında bir yerdə toplaşıblar, tezliklə hücuma keçib atanızı yandıracaqlar. Peyğəmbər buyurdu ki, yalnız Uhud döyüşündə yaralananlar gəlsin. Gecə ilə qalxıb getdilər, həmin yerdə toplaşmış düşmənləri məğlub edib geri qayıtdılar.

اِنَّ النّاسَ قَد جَمَعوا لَکُم

– münafiqlər şayiə yayırdılar ki, düşmənlər atanızı yandıracaqlar, sizə elə edəcəklər, belə edəcəklər, bunlarsa gedib problemi kökündən həll edərək geri qayıtdılar:

فَانقَلَبوا بِنِعمَةٍ مِنَ اللهِ وَ فَضلٍ لَم یَمسَسهُم سوء

“Sonra da Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər”. (“Ali-İmran” surəsi, 174-cü ayə) 

Baxın, bu məsələ konkret hadisə ilə bağlı olsa da, yalnız o dövrə aid deyil. Belə şeylər bu gün də var, bütün dövrlərdə də olub.

Quranın hidayəti daimidir, meydanda olub iş görmək vacibdir

Biz oxşar situasiyalarda nə vaxt Qurana müraciət edib cavabı onda axtarsaq, Quranın bizə doğru yol göstərməsini  istəsək, Qurani-Kərim həmin mövzuda bizə bələdçilik edəcək. Bu gün də eynilə o cürdür, bu gün də kimlərsə gəlib bizim aramızda şayiə yaya bilər ki, “filan dövlət, filan qüvvə, filan super-dövlət, filankəslər sizin əleyhinizə ittifaqa girir, işiniz bitib, çıxılmaz vəziyyətdəsiniz” və sair. Burada da eyni vəziyyətdir:

فَزادَهُم ایمانًا وَقالوا حَسبُنَا اللهُ وَ نِعمَ الوَکیل

“...(bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!" – deyə cavab verdilər”. (“Ali-İmran” surəsi, 173-cü ayə)

Əlbəttə, “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” deməklə evin bir küncündə oturub qalmaq uyğun gəlmir. O dövrdə müsəlmanların etdiyi kimi, meydana çıxıb iş görmək lazımdır. Quranın bizə öyrətdiyi dərs budur: meydanın ortasına çıxıb lazım olan işi görün və “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyin.

Həzrət Baqir (ə) və Həzrət Sadiqin (ə) inanılmış, üstün səhabələrindən olan Füzeyl ibn Yəsar nəql edir ki, İmam Baqirdən bir rəvayətin mənası barədə soruşdum. Söhbət aşağıdakı rəvayətdən gedir:

ما فِی القُرآنِ آیَةٌ اِلّا وَ لَها ظَهرٌ و بَطن

– “Quranın bütün ayələrinin üzü və astarı, zahiri və batini var”; əlbəttə ki, rəvayətin davamı da var. Deyir, soruşdum ki, bu zahir və batin nə deməkdir. Həzrət buyurdu:

بَطنُهُ تَأویلُه

– ayənin batini onun yozumu, izahıdır. Zahiri ilə məsələ aydındır, zahir zahirdir. Batin isə ayənin yozumudur. Ayənin yozumu deyəndə onun məzmununa uyğun olan, məzmuna uyğun nəzərdə tutula biləcək məna və məqsəd başa düşülür.

(3) مِنهُم ما مَضیٰ وَ مِنهُم ما لَم یَکُن بَعدُ یَجری کَما تَجرِی الشَّمسُ وَ القَمَر

– daim insanın başı üzərində olan, hansısa ayrıca bir günə aid olmayan günəş və ay kimi, bu ayələr də daim bizim başımız üzərindədir, həmişə var. Belə deyil ki, bir gün olsunlar, o biri gün isə olmasınlar. Odur ki Quranın hidayəti bu cürdür.

Quran insan həyatının bütün ictimai-siyasi arenalarında iştirak edir

Quranı və İslam dinini şəxsi məsələlərlə, ibadətlə məhdudlaşdıran, insanları guşənişinliyə dəvət edib, cəmiyyətə daxil olarkən Quranı bir kənara qoymalı olduqlarını düşünənlər Quranı bilmir, tanımırlar. Doğrudan da, Qurana bələd deyillər, Quranla tanışlıqları yoxdur. Hətta deməliyəm ki, Quranı oxumayıblar. Ona görə də belə yanlış mühakimə yürüdüb səhv edirlər. Həqiqətən, Quranla tanış deyillər. Quran ictimai-siyasi proseslərdən əsla kənar durmur, tağutlar, imperialistlər, müstəmləkəçilər və zalımlarla mübarizə aparmaqdan çəkinmir. Quran həmişə belələrinin qarşısında durub və əgər siz Qurana iman gətirmisinizsə, artıq təbii olaraq Quran sizin həyatınızda var. Bəli, deməli, Quran həyatın bütün sferalarında bəşər övladının əlindən tutub onu istiqamətləndirməyi öz öhdəsinə götürüb. Buna əsla şübhə yoxdur.

Quranın hidayətindən istifadə etməyin vacib şərti: təqva

Burada digər bir məqam da var: Quran bizim istifadəmiz üçün hazırdır, amma bizim ondan istifadə edib-etməməyimiz, bunu bacarıb-bacarmamağımız özü mühüm bir məsələdir. Bəli, Quran öz təlimlərini, hidayətini bizə təqdim edir, amma biz Quranın bu hidayətindən nə zaman yararlana bilirik?

هُدًی لِلمُتَّقین

“.... müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır”. (“Bəqərə” surəsi, 2-ci ayə)

Təqva olanda, təqvalı olduğumuz zaman. Təqva olarsa, bu hidayət sözün əsl mənasında, tam mənada bizim ixtiyarımızda olacaq. Əlbəttə, Quranda bu mövzuda bir çox təbirlər, ifadələr var, amma hamısının istinad etdiyi əsas tezis birdir. Burada – Quranın əvvəlində “هُدًی لِلمُتَّقین”  deyilir, başqa bir yerdə “هُدًی وَ بُشریٰ لِلمُؤمِننینَ” – “möminlər üçün hidayət və müjdəçi” (4), başqa bir yerdə “هُدًی وَ رَحمَةً لِقَومٍ یُؤمِنون” –  “inanan bir qövm üçün hidayət və mərhəmət” (5), digər bir yerdə “هُدًی وَ بُشریٰ لِلمُسلِمین” – “müsəlmanları doğru yola yönəldən və müjdə verən”  (6) şəklində gəlir. Bir yerdə də “هُدًی لِلنّاس” – “insanlara yol göstərən” ifadəsi ilə qeyd olunur. Bu, hidayətin müxtəlif mərtəbələridir. “هُدًی لِلنّاس” – yəni Quran bütün insanların ixtiyarındadır, hamı ondan istifadə edə bilər. “هُدًی لِلمُتَّقین”,  yaxud

“هُدًی وَ بُشریٰ لِلمُؤمِنین” isə bu hidayətdən bəhrələnməyin mərtəbələrini insanlar üçün müəyyənləşdirir. Bəli, deməli, Quranda təqva hidayətin mərtəbələrindən biri kimi göstərilmişdir.

Allah qorxusu

Digər ayələrdə hidayətin meyarı kimi “خشیت” – “Allah qorxusu” qeyd olunur. Bir qədər sonra qeyd edəcəyim kimi, Quranda Allah qorxusu da yenə təqva ilə əlaqələndirilir:

اِنَّما تُنذِرُ مَنِ اتَّبَعَ الذِّکرَ وَ خَشِیَ الرَّحمٰنَ بِالغَیبِ فَبَشِّرهُ بِمَغفِرَةٍ وَ اَجرٍ کَریم

“Sən ancaq Qurana tabe olub, Rəhmandan (Onu) görmədən qorxan kimsəni qorxuda bilərsən. Beləsinə (axirətdə) bağışlanacağı və çox gözəl bir mükafata (Cənnətə) nail olacağı ilə müjdə ver!”(“Yasin” surəsi, 11-ci ayə)

– mübarək Yasin surəsindədir; Quranın çəkindirici, qorxuducu təlimlərindən yalnız o adamlar yararlana bilərlər ki, onlarda Allah qorxusu var; Quranın təbliğatı yalnız belələrinə təsir göstərə, əllərindən tutub doğru yola istiqamətləndirə bilər. Və ya mübarək “Taha” surəsində:

ماٰ اَنزَلنا عَلَیکَ القُرءانَ لِتَشقیٰ، اِلّا تَذکِرَةً لِمَن یَخشیٰ

“Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik! (Biz onu Allahın əzabından) qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq (göndərdik)”. (“Taha” surəsi, 1-3-cü ayələr)

Quranda Allah qorxusu ilə bağlı bir neçə digər ayə də var. Allah qorxusu da təqvalı olanların xüsusiyyətidir. Yəni təqvalı olduğumuz zaman Allah qorxusu da bizə sarı gəlir. Bu yerdə mən aşağıdakı ayəni qeyd edərdim:

وَ لَقَد ءاتَینا موسیٰ وَ هٰرونَ الفُرقانَ وَ ضِیاٰءً وَ ذِکرًا لِلمُتَّقین

“Biz Musa və Haruna Furqanı (haqqı batildən ayıran Tövratı doğru yolu göstərən) bir nur və müttəqilərdən ötrü öyüd-nəsihət olaraq vermişdik”. (“Ənbiya” surəsi, 48-ci ayə)

Musa və Haruna müttəqilərə öyüd-nəsihət verib onları doğru yola hidayət etmək verilmişdi. Müttəqilər kimdir? Bu suala Quran aşağıdakı kimi cavab verir:

الَّذینَ یَخشَونَ رَبَّهُم بِالغَیب

“O kəslər ki, onlar öz Rəbbindən Onu görmədən qorxarlar”. (“Ənbiya” surəsi, 49-cu ayə)

Deməli, təqva və Allah qorxusu da yanaşıdır, yaxud da əsasən bir-birindən ayrı deyil, eyni məfhumun içərisinə daxildir.

Xof və qorxunun fərqi

Əlbəttə ki, qorxu xofdan fərqlənir. Qorxu insanda qarşı tərəfin əzəmətini dərk etməkdən qaynaqlanan bir haldır. Buna qorxu deyilir. Varlıq aləmini yaradanın qarşısında keçirilən qorxu hissi Həzrəti-Həqqin əzəmətini dərk etməkdən irəli gəlir:

اِنَّما یَخشَی اللهَ مِن عِبادِهِ العُلَمَاءُ

“Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar”. (“Fatir” surəsi, 28-ci ayə)

Məhz Allahı daha çox tanıyan, Yaradan haqqında bilikləri daha yüksək olan insanlar Allahdan qorxarlar. Əlbəttə ki, qorxu və xofun mənaları yanlış dərk olunmamalı, bu şeylər Allah-taalanın müqəddəs zatının qorxuducu olması kimi qəbul edilməməlidir. Xeyr,

اِنَّما تُنذِرُ مَنِ اتَّبَعَ الذِّکرَ وَ خَشِیَ الرَّحمٰنَ بِالغَیب

Allah qorxusu var, lakin Allahın rəhmi də öz yerindədir. Bəşəriyyətə lütf və inayətin təzahürü olan Rəhman Allahın qarşısında keçirilən qorxu hissi Onun əzəmətindən qaynaqlanır.

Xülasə, ramazan ayı Quran ayıdır və bu ayda, həqiqətən də, Quranın hidayətindən bəhrələnmək mümkündür. Quran oxuyaq, çox oxuyaq, diqqətlə oxuyaq, düşünərək, şüurlu oxuyaq, Allah-taalaya diqqət yönəldərək oxuyaq, Quran oxumaq üçün Allah-taalanın özündən kömək istəyək və bilək ki, ürəklər Quranla cilalanıb parlaqlıq qazanır. Əmirəlmöminin (ə) buyurur: 

وَ اِنَّ اللَهَ سُبحانَهُ لَم یَعِظ اَحَداً بِمِثلِ هَذَا القُرآن

“Nəhcül-bəlağə”-nin 176-cı xütbəsidir, Quran haqqında bəhs olunur, olduqca gözəldir. Bəzən mən söhbətlərimdə bu xütbədən sitatlar gətirirəm. Burada buyurur:

وَ اِنَّ اللَهَ سُبحانَهُ لَم یَعِظ اَحَداً بِمِثلِ هَذَا القُرآن

– Allah-taala heç bir səmavi kitabında Quranda olduğu qədər bəşəriyyətə öyüd-nəsihət verərək insanlığı doğru yola istiqamətləndirməyib.

فَاِنَّهُ حَبلُ اللهِ المَتینُ وَ سَبَبُهُ الاَمینُ وَ فیهِ رَبیعُ القَلب

– Quran qəlbin baharıdır, ürəklərə baharı gətirir, qəlbləri təravətləndirir, canlandırır, onları həqiqi bilgi və maraqların cücərməsi üçün hazır vəziyyətə gətirir.

وَ فیهِ رَبیعُ القَلبِ وَ یَنابیعُ العِلمِ وَ ما لِلقَلبِ جِلاءٌ غَیرُه

– qəlblər üçün Qurandan başqa cilalayıcı yoxdur. Bayaq qeyd etdiyim “cilalamaq” ifadəsi Əmirəlmöminin Əlinin (ə) kəlamındandır.

Quranın təbliğatçıları olaraq qarelər müqəddəs kitabı itaətkarlıqla və mənaya diqqət yetirərək oxumağa önəm verməlidirlər

Əziz Quran qareləri, indi deyəcəklərim ilk olaraq sizə aiddir: siz özünüzü Quran təbliğatçısı bilməlisiniz; təkcə Quran qaresi, Quran oxuyan bir şəxs yox, Quran təbliğatçısı. Bayaq keçmiş qarelərdən bəzilərinin adları çəkildi, səs yazıları səsləndirildi. Onlardan bəziləri oxuyanda, elə bil, Quran insana nazil olur; yəni nə dediklərini, nə oxuduqlarını başa düşürlər. Mənaya diqqət yetirərək, ürəkdən oxuyurlar (əlbəttə ki, bəzi qarelər belə deyil), ona görə də dinləyənlərə daha çox təsir göstərə bilirlər. Qare özünü Quranın təbliğatçısı bilməlidir.

Siz bilməlisiniz ki, Quranı təbliğ edirsiniz. Tilavətçilərin, tilavət məclislərinin, həqiqətən də, böyük rolu var, tilavətçilərin yetişdirilməsi çox böyük və önəmli bir işdir. Allaha şükürlər olsun ki, ölkəmizdə bu iş həyata keçirilir, geniş yayılıb, mənaya dərindən diqqqət yetirərək, itaətkarcasına Quran tilavət edənlər var. Mənaya, mütləq, diqqət yetirin; hansısa məkanda Qurandan bir hissə tilavət etmək istəyirsinizsə, əvvəlcədən beyninizdə buna hazırlaşın. Təfsirə, yaxud tərcüməyə müraciət etmək lazımdırsa, edin. Sevindirici haldır ki, tilavətçilərimizin çoxu Quranı dərk edir, ayələrin mənasını başa düşür və tərcüməyə ehtiyacları yoxdur, lakin tərcümə və ya təfsirə ehtiyac olduğu təqdirdə mənbələrə müraciət etmək, Quranı tam diqqətlə və ifadəli şəkildə oxumaq lazımdır.

Hədlərə düzgün riayət etmək şərtilə gözəl səs və avazdan istifadə etmək

Bəzilərinin səs vasitəsilə etdiyi bəzi priyomlara (onların qareləri də edir, bizim uşaqlarımızdan da edənlər var) o qədər də diqqət yönəltməyin. Yəni mənaya daha çox diqqət yetirmək lazımdır. Əlbəttə, mən yaxşı səs və avazı yüzdə-yüz qəbul edirəm. Gözəl avazlar seçib öyrənmək, onları tətbiq etmək yaxşı bir şeydir, lakin diqqət etmək lazımdır ki, düzgün hədlərdən, doğru yoldan kənara çıxmayasan. Quranla bağlı mənim deyəcəklərim bunlar idi.

Koronavirusla mübarizədə səhiyyə mütəxəssislərinin xəbərdarlıqlarına diqqətli yanaşmaq və qəti qərarlar qəbul etmək lazımdır

Digər bir mövzuya da toxunmağı vacib hesab edirəm. Bu, ölkəmizi və bütün dünyanı cənginə almış, hamımızın, bütün vətəndaşlarımızın həyatına təsir göstərən, həqiqətən də, mənhus bir təzahür olan bu pandemiya, koronavirus mövzusudur. İlin ən gözəl günləri, doğrudan da, baharın ilk günləridir. Təəssüflər olsun ki, bu il bu xəstəlik ilin ən gözəl, ən ürəkaçan günlərini xalqımıza zəhər etdi. Vəfat edənlərin, yoluxanların sayı artdı. Bu şeylərin üzərindən asanlıqla keçmək mümkün deyil. Bu kədərli və sarsıdıcı statistika hamımızı – həm rəsmiləri, həm də sadə insanları – ayıltmalıdır, diqqətli olmalıyıq. Gəlin xəstəliklə zarafat etməyək. Rəsmilər tələb olunan işləri qətiyyətlə görməlidirlər. Yəni bu işi bilən adamların – həkimlərin, səhiyyə rəsmilərinin və sairin müəyyən etdiyi qaydalara onların dediyi kimi əməl olunmalıdır. Yəni belə düşünün ki, bu pandemiya istənilən başqa problemdən daha acınacaqlıdır. Çünki pandemiya həm xəstəlik deməkdir, həm işsizlikdir, həm məişət problemləridir, həm də insanın əzizlərinin həyatdan getməsidir. Bu xəstəlik ölkənin bütün planlarına öz təsirini göstərir. Hazırda da bu belədir. Elə etməliyik ki, bu xəstəlik dayansın, ona qalib gələk, onu yenək. Bu isə yalnız konkret fəaliyyət proqramları və siyasətlər hazırlayıb onları icra etməklə, həmçinin biz vətəndaşların sağlamlığımızın qorunması üçün müəyyən olunmuş qaydalara riayət etməyimizlə mümkündür.

Səhiyyə işçilərinə minnətdarlıq

Bu məqamda ölkəmizin səhiyyə işçilərinə öz dərin hörmət və minnətdarlığımı bildirmək istərdim. Onları uca tutmaq, minnətdarlıq etmək, həqiqətən də, borcumuzdur. O maskanı taxırsan – hələ təkcə o maskanı – bir az çox taxanda, görürsən ki, adama əziyyət verir. O gənclər, o həkimlər, tibb bacıları, sanitarlar və digər səhiyyə işçiləri bu istidə o əziyyətli paltarlarla xəstəxanalarda, yaxud haradasa kənarda saatlarla işləyirlər. Görün nə qədər çətindir. Onların gördüyü bu iş, həqiqətən də, Allah yolunda cihaddır. Allah yolunda cihaddır və düşünürəm ki, çox böyük savabı var.

Cihad qüvvələri səhiyyə işçilərinə yardım və əməkdaşlıq üçün işə qoşulmalıdır

Camaat da dəstək olmalıdır. Ötən ilin əvvəllərində, pandemiya təzə başlayanda işə qoşulub xəstəxanalarda tibb bacılarına və sanitarlara kömək edən, həmçinin xəstəxanalardan kənarda əlindən gələn köməyi əsirgəməyən vətəndaşlarımız var idi. Qoy hazırlıqlı insanlar yenə də könüllü olaraq bu işə yardım etsinlər.

İctimai dəstək hərəkatını, mömincəsinə yardımları davam etdirərək genişləndirmək və daha da yüksək səviyyəyə qaldırmaq lazımdır

Bu sahədə növbəti mühüm məqam xalqdan gələn maddi yardımlardır. Ramazan ayı ehsan ayıdır, həmişə də belə olub. Adi halda da ramazan ayında imkanı çatan möminlər ehtiyaclı insanlar üçün ehsan süfrələri açır. Koronavirus şəraitində isə bu məsələ ikiqat əhəmiyyət kəsb edir. Bu ramazan ayında camaatımız öz aralarında bu cür mömincəsinə yardımları, bu ictimai dəstək hərəkatını daha da genişləndirib, həqiqətən də, pik həddə çatdırmalıdır. Əlbəttə, mən bilirəm ki, bir qrup insan mənim tapşırığımı gözləmədən özləri bu işə start verib, ölkənin dörd bir yanında, şəhər mərkəzlərindən uzaq yerlərdə ehtiyacı olanlara yardımlar göstərməklə məşğuldur. Ya bu işə başlamağa hazırlaşırlar, ya da artıq başlayıblar. Mən bunu bilirəm, amma bir daha qeyd etmək istəyirəm ki, bu işi davam etdirin, daha da genişləndirin. Hamı əlindən gələni etsin ki, bu mömincəsinə yardım aksiyaları ən yüksək səviyyəyə çatsın. Koronavirus məsələsi, bu xəstəliklə bağlı deyəcəklərim, tövsiyələrim də bu qədər.

Nüvə razılaşması ilə bağlı ölkənin siyasəti aydın və konkretdir, danışıqlarda iştirak edən rəsmilərimiz yorucu müzakirələrdən çəkinməlidirlər

Günümüzün aktual məsələləri olan nüvə razılaşması və sanksiyalar barədə də bir-iki cümlə deyim. Bu mövzuda çox danışılır. Biz ölkənin siyasətini elan etmişik, rəsmilərə də demişik. Üzbəüz görüşlərimizdə də demişik, rəsmi şəkildə də yazıb göndərmişik, iclaslarda və ümumi çıxışlarımızda da qeyd etmişik. Ölkənin siyasəti, rəsmilərin nə etməli olduqları məlumdur. İndi rəsmilər belə qərara gəliblər ki, bu siyasəti icra etmək üçün danışıqlarda iştirak etməlidirlər. Mənim buna heç bir sözüm, etirazım yoxdur, intəhası bir şeyə diqqət etmək lazımdır ki, danışıqlar yorucu xarakter almasın. Tərəflərin bu danışıqları uzun-uzadı davam etdirmək istəməsi ölkəmiz üçün zərərlidir.

Amerikalılar öz qanunsuz istəklərini zorla qəbul etdirmək üçün danışıqlar aparırlar

Bir məqama da diqqət yetirin: amerikalılar daim danışıqlardan dəm vurur, “Biz İranla birbaşa danışıqlara hazırıq” və sair bu kimi sözlər deyirlər. Lakin amerikalıların danışıqlara getmək istəməkdə məqsədi haqq olan sözü qəbul etmək deyil. Xeyr, onlar danışıqları öz haqsız fikirlərini qəbul etdirmək üçün istəyirlər! Onların əməli və niyyəti ümumiyyətlə bu prinsip üzərində qurulub, hansısa haqq sözü eşidib təsdiq etmək, qəbul etmək niyyətində deyillər. Baxmayaraq ki, o avropalı cənablardan bəziləri də qapalı iclaslarda İranın haqlı tərəf olduğunu etiraf edirlər. Bizim rəsmilərimiz, danışıqlara göndərdiyimiz diplomatlar bu barədə bizə məlumat verirlər. Biz demişik ki, əvvəlcə sanksiyalar qaldırılsın. Çünki biz onların verdikləri vədə əməl edəcəklərinə arxayın deyilik. İndiyə qədər on dəfələrlə söz verib əməl etməyiblər, yaxud əksini ediblər, indi də o cür edəcəklər. Ona görə də əvvəlcə onlar bizim dediyimizi etməlidirlər ki, biz arxayın olaq, ondan sonra öz öhdəmizə düşən nədirsə, ona əməl edək. Danışıqlarda Avropa tərəfdən iştirak edən nümayəndələr bəzən qapalı iclaslarda bu siyasətin doğru olduğunu, İranın haqlı olduğunu təsdiqləyirlər, amma qərar qəbul etmək vaxtı gələndə, doğrudan da, amerikalılardan asılı olduqlarına görə müstəqil hərəkət edə bilmirlər. Amerika öz istəklərini başqalarına zorla qəbul etdirməyə çalışan, hegemon bir dövlətdir, ona görə də elə təhqiramiz və yekəxana təkliflər irəli sürür ki, o təklifləri heç gözdən keçirmək də mümkün olmur. Ümidvaram, ölkəmizin rəsmiləri tamamilə gözüaçıq bir şəkildə, qətiyyətlə, Allaha təvəkkül edərək, dillərində “حَسبُنَا اللهُ وَ نِعمَ الوَکیل” – “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” zikri ilə irəli gedəcəklər, Allah-taala gördükləri işdə onlara uğur qazandıracaq və xalqımızı sevindirə biləcəklər, inşallah.

Ümidvaram, Allah-taala bu şərafətli ayı bizim xalqımız və bütün müsəlman xalqlar üçün mübarək edəcək, bizə öz bərəkətini nazil edəcək, quru və təşnə canlarımıza öz rəhmətini yağış kimi yağdıracaq, xalqımızın hər bir nümayəndəsinə, haqq yolunun bütün mücahidlərinə özünün maddi və mənəvi bərəkətlərini nəsib edəcək, inşallah; dahi liderimiz İmam Xomeyninin pak ruhunu qiyamət meydanına şəhidlərlə,  şəhidlərimizin pak ruhlarını ilkin İslam dövrünün şəhidləri ilə birgə gətirəcək, inşallah. Uca Allahım bizim salamımızı, sevgimizi və ixlasımızı aləmin mövlası İmam Mehdi Sahibəzzamanın (Ruhlarımız ona fəda olsun!) qədəmlərinin tozuna yetirsin, bizi o həzrətin razılığına və duasına layiq etsin, inşallah.

______________________

(1) Proqramın əvvəlində qarelərdən bir neçəsi Qurandan ayələr tilavət etmiş, çıxışların arasında isə Ali Məqamlı Rəhbərin ötən illərdə qarelərlə keçirdiyi ramazan görüşlərindən kadrlar nümayiş olunmuşdur.  
(2) Ali Məqamlı Rəhbərin Novruz bayramı ilə əlaqədar çıxışı (01.01.1400) 
(3) Biharül-ənvar, c. 89, səh. 94
(4) “Bəqərə” surəsi, 97-ci ayə
(5) “Əraf” surəsi, 52-ci ayə 
(6) “Nəhl” surəsi, 102-ci ayə