Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin 1433-cü hicri-qəməri ilinin Fitr bayramı namazında söylədiyi xütbələr

Allahın salamı və rəhməti nəsibiniz olsun!

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

و الحمد للّه ربّ العالمين. احمده و استعينه و استغفره و اتوكّل عليه و اصلّى و اسلّم على حبيبه و نجيبه و خيرته فى خلقه و حافظ سرّه و مبلّغ رسالاته بشير رحمته و نذير نقمته سيّدنا و نبيّنا ابى‌القاسم المصطفى محمّد و على ءاله الأطيبين الأطهرين المنتجبين الهداة المهديّين سيّما بقيّةاللّه فى الأرضين. و صلّ على ائمّة المسلمين و هداة المستضعفين و حماة المؤمنين

Bütün qardaş və bacılarımı ilahi təqvaya riayət etməyə çağırır, hamını mübarək Fitr bayramı münasibəti ilə təbrik edirəm. Bu gün rəhmət günüdür, bağışlanma günüdür; möminlər, xeyir əməl sahibləri, Allah yolunda və Allah naminə bir iş görmüş, bir hərəkət etmiş, bu yolla qəlbini mərhəmətli və bağışlayan Allaha yaxınlaşdırmış insanlar üçün əcr və mükafat günüdür. Allaha şükürlər edirəm ki, bizə daha bir Ramazanı, daha bir Fitr bayramını nəsib etdi. Bu ilahi nemətin qədrini bilməliyik!

Əlhəmdulillah, müxtəlif yerlərdən aldığımız xəbərlərə və müşahidə etdiklərimizə əsasən, builki Ramazan ayı mübarək bir Ramazan ayı oldu. Qəlblər Allaha, mənəviyyat və həqiqətə diqqət kəsildi, xalqın müxtəlif təbəqələrinin nümayəndələri dini mərasimlərdə, Quran tilavəti məclislərində, xeyir-bərəkət dolu mübarək Qədr gecələrində iştirak etdilər, təvəssüll və duaları ilə ölkədə təsirli və qalıcı bir mənəvi atmosfer yaratdılar. Bütün bunların qədrini bilməli, bu mənəvi dəstəyi bizə verən Uca Yaradana şükürlər etməliyik.

Xalqımız həmçinin başqa bir müstəvidə – İslam dünyasının və İslam ümmətinin problemlərinə yanaşma müstəvisində də parlaq və diqqətəlayiq davranış nümayiş etdirdi. Mən Qüds gününü nəzərdə tuturam. İnsanlarımız İmam Xomeyninin (r.ə) bu böyük yadigarına ehtiram nümayiş etdirdilər, məzlum Fələstin xalqını, İslam dünyasının əsas və mühüm bir problemini dəstəklədilər, isti havada, ağzı oruc halda yürüşdə iştirak etdilər. Buna görə xalqımıza təşəkkür etmək yerinə düşər. Yerində və vaxtında atılan, inşallah, İslam dünyasına, heç şübhəsiz, böyük təsirlər göstərəcək bu addıma görə bütün İran xalqına təşəkkürümü bildirirəm!

Bu il başqa millətlər də İran xalqı ilə əvvəlki illərdən daha çox həmrəylik nümayiş etdirdilər, səsimizə daha çox səs verdilər. Despot rejimlərin qalıqlarının ağalığı altında olan, xalqın Fələstin məsələsi ilə bağlı emosiyalarını büruzə verməsinə əngəl törədilən bəzi ölkələrdə də bu il, əlhəmdulillah, camaat meydanlara çıxa bildi. Və bu cərəyan, inşallah, davam edəcək.

Uca Yaradana dualar etməliyik ki, əziz xalqımızın bu ayda etdiyi ibadətləri qəbul etsin, xüsusi bəndələrinə aid etdiyi lütfü ilə əməllərimizə dəyər və etibar bəxş etsin. “Səhifeyi-Səccadiyyə” duasında qeyd olunduğu kimi:

يا من يجتبى صغير ما يتحف به و يشكر يسير ما يعمل له
 
... يا من يدنو الى من دنا منه و يا من يدعو الى نفسه من ادبر عنه

“Ey ən kiçik hədiyyəni qəbul edib ən kiçik əməli belə mükafatlandiran!

Ey sənə yaxınlaşana yaxınlaşan, ey səndən üz döndərəni yenidən özünə doğru çağıran!”

Bu, İmam Səccadın (ə) bugünkü gün – Fitr bayramı – kimi günlərdə oxuduğu, oxunması üçün başqalarına da öyrətdiyi bir duadır.

Allaha tərəf bir addım atın, O, sizi özünə yaxınlaşdıracaq! Uca Yaradan sonsuz mərhəmət sahibi olduğu üçün həqiqətdən, mənəviyyatdan, Allahdan və dindən üz çevirənləri də özünə tərəf çağırır, dininə dəvət edir. Bu ilahi lütf və mərhəmətdir! Əziz gənclərimiz bu ayda əldə etdikləri nurlu mənəvi keyfiyyətləri, inşallah, qoruyub saxlasınlar! Bu ehtiyatı bütün ömürləri boyu, ən azından, gələn Fitr bayramı və Ramazan ayına qədər özlərində saxlasınlar. Quranla ünsiyyəti, Allaha diqqəti, zikri, Yaradanın öz bəndələrini görmək istədiyi müstəvilərdə olmağı (istər bu, öz daxilimiz, mənəviyyatımızla bağlı müstəvilər olsun, istərsə də geniş miqyasda İslam dünyası, cəmiyyətimiz və İslam ümməti ilə bağlı müstəvilər) – bütün bunları özümüz üçün qoruyaq, saxlayaq! Belə olsa, Uca Yaradan da əməllərimizə bərəkət verəcək.

Pərvərdigara! Öz rəhmət və bərəkətini bu xalqa və bütün müsəlman ümmətinə nazil et! Pərvərdigara! Bu dəyərli xalqı, həmçinin İslam ümmətini düşmənləri üzərində qalib et! Pərvərdigara! Mənəviyyatla, həqiqi ruhaniyyətlə olan bu daxili-mənəvi bağlılığımızı günü-gündən artır!

بسم‌اللّه‌الرّحمن‌الرّحيم

قل هو اللّه احد. اللّه الصّمد. لم يلد و لم يولد. و لم يكن له كفوا احد

Bismillahir–rəhmanir-rəhim!

“(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur); Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O əzəlidir, əbədidir!) O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!) Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!” (“İxlas” surəsi)

بسم‌اللّه‌الرّحمن‌الرّحيم‌

الحمد للّه ربّ العالمين و الصّلاة و السّلام على سيّدنا و نبيّنا محمّد و ءاله الطّاهرين و صلّ على اميرالمؤمنين و الصّدّيقة الطّاهره سيّدة نساء العالمين و الحسن و الحسين سبطى الرّحمة و امامى الهدى و علىّ‌بن‌الحسين و محمّد بن علىّ و جعفربن‌محمّد و موسى‌بن‌جعفر و علىّ‌بن‌موسى و محمّدبن‌علىّ و علىّ‌بن‌محمّد و الحسن‌بن‌علىّ و الخلف القائم المهدىّ صلواتك عليهم اجمعين و صلّ على ائمّة المسلمين و حماة المستضعفين و هداة المؤمنين. اوصيكم عباداللّه بتقوى اللّه

Bu möhtəşəm toplantıda iştirak edərək namaz qılan bütün qardaş və bacılarımı təqva və pəhrizkarlığa riayət etməyə dəvət edirəm. Bu xütbədə öz ölkəmiz, cəmiyyətimiz və İslam ümməti ilə bağlı bir neçə məsələni qeyd edəcəyəm. Özümüzlə bağlı qeyd edəcəklərim, ilk növbədə, dəyərli həmvətənlərimizdən bir qrupunun başına gəlmiş acı və müsibətli zəlzələ hadisəsidir. Bu hadisə nəticəsində ölkəmizin müəyyən nöqtəsində əhalinin bir qrupu zərər çəksə də, bütün xalqımız qəm içərisindədir. Biz bilirik, hiss edirik, təcrübələr də bunu göstərir ki, xalqımız ölkənin hansısa guşəsində baş verən bu tip hadisələrə qarşı heç vaxt etinasız qalmayıb. Budəfəki hadisədə də, əlhəmdulillah, camaatımız dərhal köməyə tələsdi və yardımlar bundan sonra da davam etməlidir. Baş verən hadisə çox acınacaqlı bir hadisədir. Dağıntılar çoxdur, insan tələfatı da olub. Rəsmilər statistikanı açıqlayıblar. Rəsmi şəxslərin və sadə xalqın nümayəndələrinin öhdəsinə düşən iş budur ki, bizim öz vəzifəmizi icra etməyimizə yardımçı olsunlar.

Əlhəmdulillah, çox müsbət işlər görülüb. Gedib vəziyyətlə yaxından tanış olanda bunu görmək olur. Xəsarət almış insanlardan soruşanda da çox yaxşı işlərin həyata keçirildiyini bilmək olur. Lakin iş davam edir. Qarşıda daha böyük və daha ağır vəzifələr durur. İnşallah, rəsmilər bu hadisənin nəticələrini bütünlüklə aradan qaldırmağa müvəffəq olmalıdırlar. Bundan əlavə, baş vermiş zəlzələni bu regionun öz həyatında yeni və parlaq bir səhifə açması üçün vasitəyə çevirməlidirlər. Həyata keçirilən abadlıq işləri rəsmilərin səyi, əhalinin öz əzmkarlığı və qarşılıqlı əməkdaşlıq sayəsində, inşallah, kədərli xatirələri bu regiondan uzaqlaşdıracaq.

Qüds günü məsələsini də qeyd etmək yerinə düşər. Qüds günü – dahi İmam Xomeynimizin (r.ə) başlatdığı, əlhəmdulillah, günü-gündən daha gözəl, il-ildən daha coşqulu şəkildə davam etdirilən bu hərəkat son dərəcə dərin və mənalı bir hərəkatdır. Bu, yalnız bir küçə yürüşü deyil. Bu, həmin gün İslam ümmətinin damarlarında qaynayan qandır. Fələstin məsələsini, Fələstin xalqını unutdurmaq istəyənlərə rəğmən, Qüds günü bu məsələni günü-gündən daha da aktuallaşdırır, canlandırır. Və bu, gələcəkdə də belə olacaq. Müsəlman ölkələrinin rəsmilərinin çiyninə ağır vəzifələr düşür. Ümidvarıq ki, Uca Yaradan öhdəsinə düşən vəzifəni dərk etməsi üçün hər kəsi hidayət edər və bu vəzifələri həyata keçirmək üçün hamıya yardımçı olar.

Əlbəttə ki, hazırkı etapda İslam dünyasında gedən proseslər misilsizdir. İslam dünyasında baş verən dəyişikliklər heyrətamiz, təkanverici, İslam ümmətinin gələcək kursunu müəyyən edən dəyişikliklərdir. Ümidvarıq ki, region xalqları indiyə qədər böyük işlər görməyə, rəsmilər layiqli addımlar atmağa müvəffəq olduqları kimi, inşallah, gələcəkdə də bu davranış tempi davam edəcək, İslam ümmətinin günü-gündən daha dolaşıq planlar quran, var-gücünü səfərbər edib, hər tərəfdən hücum edən düşmənləri ümmətin əzminə və qeyrətinə qalib gələ bilməyəcəklər. Əlbəttə ki, inşallah, qalib gələ bilməyəcəklər də! Yeni bir dövran başlayıb, İslam dünyasında yeni bir vəziyyət yaranıb. Bu vəziyyət tədricən bütün dünya xalqlarının yaşayışına öz təsirini göstərəcək. باش تا صبح دولتت بدمد - inşallah!

Gəlin çalışaq ki, təhlillərimizdə, hadisələri dərk etməmizdə səhvə yol verməyək. Amerika və sionizmin İslam ümmətinin düşmənləri olduğunu bilək; diktator rejimlərin başında duranların İslam ümmətinin düşmənləri olduğunu bilək. Onların hardasa, hansısa səmtə yönəldiyini görsək, həmin səmtin yanlış, batil olduğunu bilək. Təhlillərimizdə səhvə düçar olmayaq. Müsəlman xalqlarına onların heç vaxt ürəyi yanmayacaq. Bacardıqları qədər təxribat törədəcək, işimizə pəl vuracaqlar. Bu gün, bütün bu qalmaqalları, əslində, onlar törədirlər (hərçənd bunları bəzi qafil insanlar da onların dilindən təkrar edirlər). Etnik, dini, irqi və dil zəminində qarşıdurmalar – bunları qəsdən edirlər; İslamda bunlar yoxdur.

انّ اكرمكم عند اللّه اتقيكم

“Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir)”. (“Hucurat” surəsi, ayə 13)

Hamısı birdir, hamısı bir-birinə qardaşdır. Hamımız sayıq, uzaqgörən, gözüaçıq olmalıyıq, təhlillərimizdə səhvə yol verməməliyik. Pərvərdigara! Məhəmməd (s) və Ale-Məhəmməd (ə) xətrinə, İslam ümmətinin əzəmətli hərəkatını bu ümmətin ümumi xeyir və səadəti ilə başa çatdır! İslam ümmətinin düşmənlərini zəlil et!

بسم‌اللّه‌الرّحمن‌الرّحيم‌

والعصر. انّ الانسان لفى خسر. الّا الّذين ءامنوا و عملوا الصّالحات‌ و تواصوا بالحقّ و تواصوا بالصّبر

Bismillahir–rəhmanir-rəhim!

And olsun axşam çağına (ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin əsrinə) ki,

İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir.

Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!) (“Əsr” surəsi)

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun!