Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
      • BİRİNCİ DƏRS: Təqlid (1)
        Çap versiyası  ;  PDF
         
        BİRİNCİ DƏRS: Təqlid (1)

         

        Müqəddimə
        Mükəlləf namaz, oruc, təharət, bəzi alğı-satqılar və s. bu kimi gündəlik həyatda yerinə yetirilən şəri vəzifələrin hökmünü öyrənməlidir. Əgər bu hökmləri öyrənməmək vacib bir əməlin tərk olunması və ya haram bir əməlin yerinə yetirilməsi ilə nəticələnərsə, mükəlləf günahkardır.
         
        Şəri vəzifənin şərtləri
        Mükəlləf – şəri vəzifənin şərtlərinə malik olan şəxsə deyilir. Bu şərtlər aşağıdakılardır:
        1. Həddi-büluğ;
        2. Əql;
        3. Qüdrət (qadir olmaq).
         
        Həddi-büluğun əlamətləri
        • Həddi-büluğun əlamətləri aşağıdakı üç əlamətdən biridir:
        1. İnbat (qarının altında və cinsiyyətin yuxarı hissəsində qalın tüklərin çıxması);
        2. İhtilam (məninin xaric olması);
        3. Yaş həddi (qəməri ili ilə oğlanlarda 15 yaş və qızlarda 9 yaşın tamam olması).
        • Bir şəxsdə həddi-büluğun əlamətlərindən biri görünməyənədək o, şəri baxımdan həddi-büluğa çatmış hesab olunmur və şəriət hökmlərini yerinə yetirmək vəzifəsini daşımır. (Başqa sözlə, bu əlamətlərdən biri göründüyü təqdirdə, oğlan və ya qız şəri baxımdan həddi-büluğa çatmışdır.)
        • Qeyd olunduğu kimi, həddi-büluğ yaşı “qəməri ili” ilə hesablanır. Doğum tarixi “şəmsi ili” ilə məlum olduğu təqdirdə, qəməri il ilə şəmsi il arasındakı fərqi hesablayaraq həddi-büluğ yaşını əldə etmək olar. (Bir qəməri ili şəmsi ilindən 10 gün, 21 saat, 17 saniyə azdır.)
         
        Şəriət hökmlərini əldə etməyin yolları
        Şəriət hökmlərini əldə edib onlara əməl etmək üçün mükəlləfin qarşısında üç yol vardır:
        1. İctihada çatmaq;
        2. Ehtiyat etmək;
        3. Təqlid etmək.
         
        1. İctihada çatmaq
        İctihada çatmaq – şəriət hökmlərini və İlahi qanunları fəqihlərin qəbul etdikləri etibarlı mənbələrdən əldə etmək deməkdir.
         
        2. Ehtiyat etmək
        Ehtiyat etmək – elə bir şəkildə əməl etməkdir ki, mükəlləf öz şəri vəzifəsini yerinə yetirdiyinə əmin olur. Məsələn, mükəlləf bəzi müctəhidlərin haram bildikləri, bəzi müctəhidlərin isə haram bilmədikləri müəyyən bir işi yerinə yetirmir. Digər tərəfdən, bəzi müctəhidlərin vacib bildikləri, bəzi müctəhidlərin isə vacib bilmədikləri müəyyən bir işi yerinə yetirir.
        3. Təqlid etmək
        Təqlid etmək – şəriət hökmlərində “camiuş-şərait müctəhid”ə (yəni mərcəyi-təqlidin şərtlərinə malik olan müctəhidə) müraciət etməkdir. Başqa sözlə, şəri vəzifələri camiuş-şərait müctəhidin rəyinə və fətvalarına müvafiq olaraq yerinə yetirməkdir.
         
        Diqqət:
        • Təqlid etmək barədə həm “nəqli dəlillər” (hədislər) mövcuddur, həm də ağıl və məntiq hökm edir ki, şəriət hökm­lərini bilməyən bir şəxs camiuş-şərait müctəhidə müraciət etməlidir.
        • Əgər mükəlləf şəriət hökmlərində müctəhid deyildirsə, o, bir müctəhidə təqlid etməli və ya ehtiyat etməlidir.
        • Ehtiyata əməl etmək üçün ehtiyatın yerlərini və qaydasını bilmək tələb olunduğuna, həmçinin bu iş çox vaxt tələb etdiyinə görə yaxşı olar ki, mükəlləf şəriət hökmlərində camiuş-şərait müctəhidə təqlid etsin.

        • Aşağıdakı üç şərtə malik olan şəxs təqlid etməlidir:

        1. Mükəlləfdir;
        2. Müctəhid deyildir;
        3. Ehtiyat etmir.
         
        Təqlidsiz yerinə yetirilən əməllərin hökmü
        Təqlid etməyən və ya düzgün qaydada təqlid etməyən şəxsin əməlləri aşağıdakı hallarda düzgün hesab olunur:
        1. Ehtiyata müvafiqdir;
        2. Keçmişdə təqlid etməli olduğu müctəhidin nəzərinə müvafiqdir;
        3. Hal-hazırda təqlid etməli olduğu müctəhidin nəzərinə müvafiqdir.
         
        Suallar:
        1- Adətən ehtiyac duyulan şəri hökmləri öyrənməkdə səhlənkarlıq göstərən şəxs günahkardırmı?
        2- Həddi-büluğun əlamətləri hansılardır?
        3- Şəriət hökmlərini əldə etmək üçün mükəlləfin qarşısında neçə yol vardır?
        4- Ehtiyat etmək tövsiyə olunur, yoxsa təqlid etmək? Nə üçün?
        5- Təqlidsiz yerinə yetirilən əməllərin hökmü nədir?

         

      • İkinci dərs: Təqlid (2)
      • Üçüncü dərs: Təqlid (3)
      • Dördüncü dərs: Vilayəti-fəqih və rəhbərlİk
    • İKİNCİ FƏSİL: TƏHARƏT
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
    • BEŞİNCİ FƏSİL: XÜMS
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /