Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
    • İKİNCİ FƏSİL: TƏHARƏT
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
      • Əlli səkkizinci dərs: Orucun mənası və qisimləri
      • Əlli doqquzuncu dərs: Orucun niyyəti
      • Altmışıncı dərs: Orucu pozan işlər (1)
      • Altmış birinci dərs: Orucu pozan işlər (2)
      • Altmış ikinci dərs: Ramazan ayının orucunu bilərəkdən pozmağın kəffarəsi
      • Altmış üçüncü dərs: Kəffarənin qisimləri
      • Altmış dördüncü dərs: Yalnız orucun qəzasının vacib olduğu hallar. Müsafir orucu
        Çap versiyası  ;  PDF
         
        Altmış dördüncü dərs: Yalnız orucun qəzasının vacib olduğu hallar. Müsafir orucu

         

        Yalnız orucun qəzasının vacib olduğu hallar
        1. Əgər bir şəxs Ramazan ayının orucunun niyyətini etməsə və ya riya ilə oruc tutsa, amma eyni zamanda orucu pozan işlərdən heç birini yerinə yetirməsə, yalnız orucun qəzasını tutmalıdır, ona kəffarə vacib olmur.
        2. Əgər bir şəxs Ramazan ayında cənabət qüslünü etməyi unudub cənabətli halda bir və ya bir neçə gün oruc tutsa, yalnız həmin günlərin orucunun qəzası ona vacib olur.
        3. Əgər bir şəxs Ramazan ayında sübh namazının vaxtının daxil olub-olmadığını araşdırmadan orucu pozan işlərdən birini yerinə yetirsə, amma sonradan məlum olsa ki, həmin işi yerinə yetirərkən sübh namazının vaxtı daxil olmuşdur, həmin günün orucunun qəzasını tutmalıdır. Amma əgər araşdırdıqdan sonra sübh namazının vaxtının daxil olmadığını bilsə və buna görə də orucu pozan işlərdən birini yerinə yetirsə, amma sonradan məlum olsa ki, həmin işi yerinə yetirərkən sübh namazının vaxtı olmuşdur, onun orucu düzgündür və qəzası yoxdur.
        4. Əgər bir şəxs Ramazan ayında havanın qaraldığını görüb şəri məğrib vaxtının daxil olduğuna yəqin etsə və ya sözü şəri baxımdan dəlil sayılan bir dəstə insan şəri məğrib vaxtının daxil olduğunu xəbər versələr, buna görə də bu şəxs orucunu açsa, amma sonradan məlum olsa ki, həmin vaxt şəri məğrib vaxtı daxil olmamışdır, o, həmin günün orucunun qəzasını tutmalıdır.
        5. Əgər bir şəxs hava buludlu olduğuna görə məğrib namazının vaxtının daxil olduğunu güman edib iftar etsə, amma sonradan məlum olsa ki, həmin vaxt məğrib namazının vaxtı daxil olmamışdır, həmin günün orucunun qəzası ona vacib olmur.
        6. Mükəlləf Ramazan ayında sübh namazının vaxtının daxil olduğuna yəqin etməyənədək orucu pozan işləri yerinə yetirə bilər. Amma əgər sonradan məlum olsa ki, orucu pozan işi yerinə yetirərkən sübh namazının vaxtı daxil olmuşdu, bunun hökmü 3-cü məsələdə açıqlandı.
        7. Mükəlləf Ramazan ayında məğrib namazının vaxtının daxil olduğuna yəqin etməyənədək orucu aça bilməz. Əgər o, məğrib namazının vaxtının daxil olduğuna yəqin edib orucunu açsa, amma sonradan məlum olsa ki, həmin vaxt məğrib vaxtı olmamışdı, bunun hökmü 4-cü və 5-ci məsələlərdə açıqlandı.
        8. Əgər oruc tutan şəxs suyun boğazdan keçməyəcəyinə əmin bir halda dəstəmaz alarkən ağzını yaxalasa (belə ki, dəstəmaz alarkən ağıza su alıb yaxalamaq müstəhəbdir), amma su qeyri-ixtiyari olaraq onun boğazına getsə, o, vacib namaz üçün dəstəmaz alarkən bu işi etdiyi təqdirdə, orucu düzgündür və qəzası yoxdur. Amma əgər vacib olmayan namaz üçün dəstəmaz alarkən və ya dəstəmazdan qeyri hallarda, məsələn, sərinlənmək üçün bu işi etsə və su qeyri-ixtiyari olaraq onun boğazına getsə, ehtiyata görə, həmin günün orucunun qəzasını tutmalıdır.
         
        Qəza orucunun hökmləri
        1. Əgər bir şəxs bir gün və ya bir neçə gün huşsuz vəziyyətdə olsa və vacib orucu tuta bilməsə, həmin günlərin orucunun qəzasını tutmaq lazım deyildir.
        2. Əgər bir şəxs məst olduğuna görə vacib orucu tuta bilməyibdirsə, məsələn, oruc niyyəti etməyibdirsə, gün ərzində orucu pozan işləri yerinə yetirməsə belə, onun orucu düzgün deyildir və həmin günün orucunun qəzasını tutmalıdır.
        3. Əgər bir şəxs oruc niyyəti etdikdən sonra məst olubsa və bütün gün və ya günün bir hissəsini məst vəziyyətdə olubsa – xüsusilə də ağılın aradan getdiyi bərk məstlik vəziyyətində olduğu hallarda – ehtiyat-vacibə görə, həmin günün orucunun qəzasını tutmalıdır.
         
        Diqqət:
        • Yuxarıda qeyd edilən 2-ci və 3-cü məsələlərdə istər məstedici maddəni istifadə etmək bu şəxsə haram olsun, istərsə də xəstəliyi ilə əlaqədar və ya içdiyi mayenin şərab olduğunu bilmədiyinə görə bu maddəni istifadə etmək ona halal olsun, hökm dəyişmir.
         
        4. Ramazan ayında qadın heyz və ya nifas günlərində tutmadığı orucların qəzasını Ramazan ayından sonra tutmalıdır.
        5. Əgər Ramazan ayında bir şəxs müəyyən üzrə görə bir neçə gün oruc tutmasa və günlərin sayını dəqiq bilməsə, üzrün hansı tarixdən etibarən başlandığını bilmədiyi təqdirdə (məsələn, bir şəxs Ramazan ayının 25-i, yoxsa 26-sı səfərə getdiyini bilmir və buna görə də altı gün, yoxsa beş gün qəza orucu tutmalı olduğunu müəyyənləşdirə bilmir), o, sayın azını götürüb, həmin sayda qəza orucu tuta bilər. Amma əgər üzrün hansı tarixdən etibarən başlandığını bilirsə, məsələn, Ramazan ayının 5-i səfərə getdiyini bilir, lakin ayın 10-u, yoxsa 11-i gecə qayıtdığını bilmir və buna görə də beş gün, yoxsa altı gün qəza orucu tutacağını müəyyənləşdirə bilmirsə, bu halda ehtiyat-vacibə görə, sayın çoxunu götürməli və həmin sayda qəza orucu tutmalıdır.
        6. Əgər bir şəxsin boynunda ötən bir neçə Ramazan ayının qəza orucu vardırsa, onlardan hansını birinci tutsa, maneəsi yoxdur. Amma əgər axırıncı Ramazan ayının qəza orucları üçün vaxt dar olsa, məsələn, axırıncı Ramazan ayından beş gün qəza orucu olsa və qarşıda gələn Ramazan ayınadək yalnız beş gün vaxt qalsa, bu halda ehtiyat-vacibə görə, axırıncı Ramazan ayının qəza oruclarını tutmalıdır.
        7. Əgər bir şəxs Ramazan ayının qəza orucunu tutubsa, o, zöhrdən qabaq orucunu poza bilər, amma bu şərtlə ki, qəza orucu üçün vaxt dar olmamalıdır. Əgər vaxt dardırsa, yəni qarşıda gələn Ramazan ayınadək qəza oruclarının sayı qədər gün qalıbdırsa, ehtiyata görə, bu şəxs zöhrdən qabaq orucunu pozmasın.
        8. Əgər bir şəxs xəstəliklə əlaqədar olaraq Ramazan ayının orucunu tuta bilməsə və onun xəstəliyi gələn Ramazan ayınadək davam etsə, orucların qəzasını tutmaq ona vacib olmur. Amma əgər xəstəlikdən qeyri bir üzrə görə (məsələn, səfərə getdiyi üçün) oruc tutmasa və onun üzrü gələn Ramazan ayınadək davam etsə, tutmadığı orucların qəzasını Ramazan ayından sonra tutmalıdır. Həmçinin əgər bir şəxs xəstəliklə əlaqədar olaraq oruc tutmasa, sonra sağalsa, amma qarşıya başqa bir üzr (məsələn, səfərə getmək) çıxsa və bu üzr gələn Ramazan ayınadək davam etsə, yaxud da Ramazan ayında xəstəlikdən qeyri bir üzrə görə oruc tutmasa və Ramazan ayından sonra bu üzr aradan qalxsa, amma gələn Ramazan ayınadək xəstəliklə əlaqədar olaraq oruc tuta bilməsə, tutmadığı orucların qəzasını Ramazan ayından sonra tutmalıdır.
         
        Diqqət:
        • Əgər bir şəxs fiziki gücü çatmadığına görə Ramazan ayında oruc tutmağa, həmçinin gələn ilin Ramazan ayınadək orucların qəzasını tutmağa qadir deyildirsə, orucların qəzası onun boynundan götürülmür. Orucların qəzasını tutmağa qadir olduğu zaman onları tutmalıdır. Deməli, şəri vəzifə yaşına çatan bir qız əgər fiziki baxımdan zəif olduğuna görə oruc tuta bilməsə və gələn ilin Ramazan ayınadək orucların qəzasını da tuta bilməsə, tutmadığı orucların qəzasını tutmalıdır. Həmçinin əgər bir şəxs bir neçə il oruc tutmayıbsa və indi tövbə edib, orucların qəzasını tutmağı qərara alıbdırsa, tutmadığı bütün orucların qəzasını tutmalıdır. Əgər bu orucları tuta bilməsə, onun boynundan götürülmür və boynunda qalır.
         
        Ata-ananın qəza orucu
        1. Əgər ata və ehtiyat-vacibə görə, ana öz oruclarını səfərdən qeyri bir şəri üzrə görə tutmasalar və orucun qəzasını tuta bilmələrinə rəğmən orucun qəzasını da tutmasalar, onlar dünyadan köçdükdən sonra böyük oğul onların qəza oruclarını tutmalı və ya əcir tutaraq onların qəza oruclarını tutdurmalıdır. Amma valideynlərin səfər ilə əlaqədar olaraq tutmadıqları oruclara gəlincə, onların bu orucları tutmağa fürsət və imkanı olmasa belə, bu orucları tutmaq böyük oğula vacibdir.
        2. Ata və ananın bilərəkdən və heç bir şəri üzr olmadan tutmadıqları orucları, ehtiyat-vacibə görə, böyük oğul tutmalı və ya əcir tutub bu orucları tutdurmalıdır.
        3. Əgər böyük oğulun boynunda ata və ananın həm qəza namazı, həm də qəza orucu varsa, namaz və orucdan hansı birini istəsə, birinci yerinə yetirə bilər.
         
        Müsafir orucunun hökmləri
        1. Əgər Ramazan ayında səfərə gedən şəxs bu səfərdə namazını qəsr qılmalıdırsa, səfərdə oruc tuta bilməz. Amma əgər səfərdə namazı dördrəkətli qılmalıdırsa (məsələn, müəyyən bir yerdə on gün qalmaq niyyətindədirsə və ya səfər etmək onun peşəsidirsə), orucunu tutmalıdır.
        2. Əgər oruc tutan şəxs zöhrdən sonra səfər etsə, orucunu davam etdirməlidir. Amma əgər zöhrdən qabaq səfər etsə, burada iki hal yaranır:
        - Əgər o, səfərə getməyi əvvəlki gecədən qərara alıbdırsa, orucu düzgün deyildir.
        - Amma əgər gündüz vaxtı səfər etməyi qərara alıbdırsa, ehtiyat-vacibə görə, oruc tutmalı və Ramazan ayından sonra orucun qəzasını da tutmalıdır.
        3. Əgər müsafir şəxs zöhrdən qabaq vətənə daxil olsa və ya on gün qalmağı qərara aldığı yerə çatsa, orucu pozan bir iş görmədiyi təqdirdə, orucu tutmalıdır. Orucu pozan bir iş gördüyü təqdirdə isə sonradan orucun qəzasını tutmalıdır. Amma əgər zöhrdən sonra vətənə daxil olsa və ya on gün qalmağı qərara aldığı yerə çatsa, oruc tuta bilməz.
        4. Ramazan ayında səfər etməyə, hətta orucdan yayınmaq məqsədilə olsa belə, icazə verilir. Amma səfər etməmək daha yaxşıdır. Yaxşı və ya lazımlı bir iş üçün səfər etmək isə istisna təşkil edir.
         
        Diqqət:
        • Əgər etikaf etməyi qərara alan müsafir şəxs müəyyən bir yerdə on gün qalmağı qərara alsa, yaxud səfərdə oruc tutmağı nəzir etsə, o, səfərdə etikaf edə bilər. Amma əgər müəyyən bir yerdə on gün qalmağı qərara almayıbdırsa, yaxud səfərdə oruc tutmağı nəzir etməyibdirsə, səfərdə onun orucu düzgün deyildir. Oruc düzgün olmadıqda, etikaf da düzgün deyildir.
         
        Suallar:
        1- Əgər oruc olan şəxs ağzını yaxalasa və su qeyri-ixtiyari olaraq onun boğazına getsə, orucu pozulurmu?
        2- Əgər bir şəxsin boynunda ötən bir neçə Ramazan ayının orucunun qəzası varsa, orucların qəzasını hansı şəkildə tutmalıdır?
        3- Əgər şəri vəzifə yaşına yenicə çatan qız oruc tutmağa gücü çatmadığı üçün orucunu açsa, orucun qəzası ona vacib olurmu?
        4- Atanın və ananın qəza orucunun hökmünü açıqlayın.
        5- Əgər bir şəxs şəri zöhrdən qabaq öz vətəninə çatmaq niyyətində olsa, lakin yolda müəyyən səbəblərə görə ləngisə və zöhrdən qabaq çata bilməsə, onun orucu düzgündürmü?
        6- Ramazan ayında orucu açmaq və orucdan yayınmaq məqsədilə bilərəkdən səfər etməyə icazə verilirmi?
      • Altmış beşinci dərs: Ayın əvvəlinin sübuta yetməsinin yolları
    • BEŞİNCİ FƏSİL: XÜMS
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /