Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
    • İKİNCİ FƏSİL: TƏHARƏT
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
    • BEŞİNCİ FƏSİL: XÜMS
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
      • Yetmiş beşinci dərs: Cihadın mənası, vacibliyi və növləri
        Çap versiyası  ;  PDF
         
        Yetmiş beşinci dərs: Cihadın mənası, vacibliyi və növləri

         

        Cihadın mənası
        Burada “cihad” dedikdə, İslama dəvət etmək və dinin yayılması istiqamətində göstərilən səy, yaxud düşmənin təcavüzündən müdafiə olunmaq uğrunda aparılan mübarizə nəzərdə tutulur.
         
        Cihadın vacibliyi
        Cihad – dinin əsaslarından biridir və onun vacibliyi İslam dininin zəruri inanclarındandır.
         
        Cihadın növləri
        Cihad 2 növdür:
        1- İbtidai cihad: Bu, İslam dininin təbliği qarşısında yaranan maneələri aradan qaldırmaq üçün aparılan cihaddır. Belə ki, düşmən tərəf hücum çəkmədən İslam qoşunu İslam dininin təbliği qarşısında yaranan maneələri aradan qaldırmaq, digər məmləkətlərin əhalisinin İslama gəlişini əngəlləyən səbəbləri ortadan qaldırmaq, İslam dininin yayılması, haqq səsin ucalması, dinin dirçəlməsi, kafir və müşriklərin hidayəti, şirk və küfrün kökünün kəsilməsi üçün cihada qalxır. (Yəni “ibtidai cihad”da məqsəd, torpaqları genişləndirmək deyildir. Əksinə, kafir, müşrik və hegemon qüdrətlər tərəfindən allahpərəstlik, tövhid və ədalətdən məhrum qalan insanların təbii və fitri haqlarını bərpa və müdafiə etməkdir.)
        2- Müdafiə cihadı: Bu cihad düşmənlərin təcavüzü qarşısında müdafiəyə qalxmaqdır. Belə ki, düşmən müsəlmanların torpaqlarına, sərhədlərinə və məmləkətlərinə hücum çəkdiyi və siyasi, hərbi, mədəni və iqtisadi baxımdan onlara hakim olmaq istədiyi zaman müsəlmanlar müdafiəyə qalxmalıdırlar.
         
        1- İbtidai cihad
        1. İbtidai cihad yalnız Həzrət Peyğəmbərin (s) və Məsum İmamların (ə) dövrünə aid deyildir. Müsəlmanların vəliyyi-əmri olan camiuş-şərait fəqih məsləhət olduğu təqdirdə, ibtidai cihada hökm verə bilər.
        2. İslam dövlətinin himayəsində yaşayan kitab-əhli (yəhudilər, məsihilər, zərdüştlər) bu dövlətin qanunlarına tabe olduqları və əmniyyətə zidd bir iş yerinə yetirmədikləri müddət boyunca “muahəd” hökmündədirlər, yəni onların canı, malı və heysiyyəti qorunmalı, qanuni və şəri haqlarına riayət olunmalıdır.
        3. Əgər kafirlər İslam məmləkətinə hücum çəksələr və onların bir dəstəsi müsəlmanlara əsir düşsə, əsirlərin taleyi İslam hakiminin əlindədir və müsəlman camaat əsirlərin taleyi barədə qərar verə bilməz. Beləliklə, müsəlman bir şəxs kitab-əhli olan və ya kitab-əhli olmayan bir kafiri – istər kişi olsun, istərsə də qadın olsun – kafirlərin və ya müsəlmanların torpaqlarında öz mülkiyyətinə keçirə bilməz.
         
        2- Müdafiə cihadı
        1. İslamı və müsəlmanları müdafiə etmək vacibdir və bunun üçün valideynlərin icazəsi şərt deyildir. Amma mümkün olduğu qədər valideynlərin razılığını əldə etmək tövsiyə olunur.
        2. Əgər insan həyatını və canını qorumaq və qətlin qarşısını almaq üçün təcili və birbaşa hərəkətə keçmək lazım olarsa, bu işə icazə verilir, hətta canı qorumağın vacibliyi baxımından vacibdir. Bunun üçün şəri-hakimin icazəsi və ya bu barədə əmri lazım deyildir. Amma əgər insan həyatını qorumaq üçün hücum çəkən şəxsi qətlə yetirmək lazım gələrsə, bu halda müxtəlif surətlər ortaya çıxır və onların fərqli hökmləri ola bilər.
         
        Suallar:
        1- Cihad nədir?
        2- Cihadın növlərini izah edin.
        3- İbtidai cihadda məqsəd nədir?
        4- Məsum İmamın (ə) qeyb dövründə ibtidai cihadın hökmü nədir? Müsəlmanların vəliyyi-əmri olan camiuş-şərait fəqih ibtidai cihada hökm verə bilərmi?
        5- Müsəlman bir şəxs kitab-əhli olan və ya kitab-əhli olmayan bir kafiri – istər kişi olsun, istərsə də qadın olsun – kafirlərin və ya müsəlmanların torpaqlarında öz mülkiyyətinə keçirə bilərmi?
        6- İslam dini təhlükə qarşısında olduğu zaman valideyndən icazəsiz dinin müdafiəsinə qalxmağın hökmü nədir?
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /