Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
    • Suların hökmləri
    • Təxəllinin hökmləri
    • Dəstəmazın hökmləri
    • Allahın adlarına və Quran ayələrinə toxunmaq
    • Cənabət qüslünün hökmləri
    • Batil olan qüslün hökmləri
    • Təyəmmümün hökmləri
    • Qadınların hökmləri
    • Meyitin hökmləri
      Çap versiyası  ;  PDF
       
      Meyitin hökmləri

       

      Sual 226: Cənazəyə qüsl verən, onu kəfənləyən və dəfn edən şəxsin cənazə ilə eyni cinsdən olması şərtdirmi? Yoxsa kişi qadının və qadın da kişinin cənazəsinə qüsl verə, onu kəfənləyə və dəfn edə bilər?
      Cavab: Təkcə cənazəyə qüsl verəndə qüsl verən şəxsin cənazə ilə eyni cinsdən olması şərtdir. Əgər kişinin cənazəsinə kişinin və qadının cənazəsinə qadının qüsl verməsi mümkündürsə, kişinin cənazəsinə qadının və qadının cənazəsinə kişinin qüsl verməsi düzgün deyildir və meyit qüslü düzgün olmayacaq. Amma kəfənləməyə və dəfn etməyə gəlincə, bu işləri görən şəxs ilə cənazənin eyni cinsdən olması şərt deyildir.

       

      Sual 227: Kəndlərdə cənazəyə yaşayış evlərində qüsl vermək adətdir. Bəzən dünyasını dəyişmiş şəxsin vəsisi[1] olmur və bir neçə azyaşlı övladı olur. Sizin bu barədə nəzəriniz nədir?
      Cavab: Cənazəyə qüsl vermək, onu kəfənləmək və dəfn etmək kimi işləri adi qaydada yerinə yetirmək azyaşlı övladın qəyyumunun icazəsindən asılı deyildir və azyaşlı övladların olması baxımından bir maneə yaranmır.

       

      Sual 228: Bir şəxs avtomobil qəzasında və ya hündürlükdən yıxılma nəticəsində vəfat etmişdir və onun cənazəsindən qan gəlir. Qanın öz-özünə və ya tibbi vasitələrlə dayanmasını gözləmək lazımdırmı? Yoxsa qanaxma olduğu halda cənazəsini dəfn etmək olar?
      Cavab: Qüsldən qabaq cənazəni paklamaq mümkün olduğu təqdirdə, cənazəni paklamaq vacibdir. Əgər qanın dayanmasını gözləmək və ya qanaxmanın qarşısını almaq mümkündürsə, bunu etmək vacibdir.

       

      Sual 229: Qırx ya əlli il qabaq dəfn edilmiş və qəbrinin yeri itərək ümumi sahəyə çevrilmiş bir cənazənin sümükləri həmin sahədə arx qazarkən üzə çıxmışdır. Bu sümüklərə baxmaq məqsədilə onlara toxunmağın maneəsi vardırmı? Bu sümüklər napakdırmı?
      Cavab: Meyit qüslü verilmiş müsəlmanın cənazəsinin sümükləri napak deyildir. Amma bu sümükləri yenidən torpağa dəfn etmək vacibdir.

       

      Sual 230: İnsan özü üçün aldığı kəfənlə atasını, anasını və ya qohumlarından birini kəfənləyə bilərmi?
      Cavab: Maneəsi yoxdur.

       

      Sual 231: Bir həkim qrupu tibbi tədqiqat aparmaq məqsədilə cənazənin ürəyini və bəzi əzalarını onun bədənindən ayırmalı olurlar. Bu əzaların üzərində tədqiqat apardıqdan bir gün sonra onları dəfn edirlər. Ümid edirəm ki, lütf edib aşağıdakı sualları cavablandıracaqsınız:
      1) Üzərində bu cür tibbi tədqiqatların aparıldığı cənazələrin müsəlman şəxslərin cənazələri olduğunu nəzərə alaraq, biz bu işi görə bilərikmi?
      2) Cənazədən ayrılmış ürək və başqa əzaları cənazədən ayrı dəfn etmək olarmı?
      3) Ürək və başqa əzaları cənazədən ayrı dəfn etmək bizim üçün çətinliklər yaratdığını nəzərə alaraq, bu əzaları başqa bir cənazə ilə birlikdə dəfn etmək olarmı, yoxsa olmaz?
      Cavab: Əgər insan həyatını qurtarmaq, yaxud insanların ehtiyac duyduqları tibbi nailiyyətləri əldə etmək, yaxud da insanların həyatını təhdid edən bir xəstəliyi öyrənmək meyitin yarılmasından asılı olarsa, meyitin yarılmasına icazə verilir. Amma qeyri-müsəlmanın cənazəsindən istifadə etmək imkanı olduğu təqdirdə müsəlmanın cənazəsindən istifadə etməmək lazımdır. Müsəlmanın cənazəsindən ayrılan əzaların hökmü isə budur ki, bu əzalar bədənlə dəfn edilsin. Mümkün olmadığı təqdirdə isə, onların ayrıca və ya başqa bir cənazə ilə birlikdə dəfn edilməsinin maneəsi yoxdur.

       

      Sual 232: Əgər bir şəxs özünə kəfən alsa və həmişə vacib və ya müstəhəb namazları qılanda, yaxud Qurani-Kərimi oxuyanda kəfəni açıb onun üstündə namazlarını qılsa və Quran oxusa, öləndə də ondan kəfən kimi istifadə etsə, buna icazə verilirmi? İslama görə insanın özünə kəfən alıb, onun üstünə Quran ayələri yazması və ondan yalnız kəfən kimi istifadə etməsi düzgündürmü?
      Cavab: Yuxarıda qeyd olunan halların heç bir maneəsi yoxdur.

       

      Sual 233: Bu yaxınlarda təxminən yeddi yüz il tarixi olan qədim bir qəbirdən bir qadın cənazəsi tapılmışdır. Bu cənazə iri sümükləri olan və sümükləri bir-birindən ayrılıb-dağılmamış insan skletidir, baş sümüyündə də bir qədər saç vardır. Bunu tapan arxeoloqların sözlərinə görə, bu cənazə müsəlman bir qadının cənazəsidir. Təbiət elmləri muzeyi tərəfindən bu sklet (qəbrin maketi hazırlanaraq və cənazə qəbrə yerləşdirərək) nümayiş etdirilə bilərmi? Belə ki, muzeyə baxmağa gələnlərə ibrət dərsi olsun, yaxud uyğun ayələr və hədislər yazmaqla onlar üçün xatırlatma və öyüd-nəsihət olsun.
      Cavab: Əgər bu skletin müsəlmanın cənazəsinə aid olduğu sübuta yetərsə, onu dərhal dəfn etmək vacibdir.

       

      Sual 234: Bir kənddə bir qəbiristanlıq vardır ki, heç kimin şəxsi mülkü deyildir və vəqf də edilməyibdir. Bu kəndin əhalisi şəhərdən gətirilən cənazələrin, yaxud başqa kəndlərdən gətirilən cənazələrin, yaxud da bu qəbiristanlıqda dəfn edilməsini vəsiyyət edən mərhumun bu qəbiristanlıqda dəfn edilməsinə mane ola bilərlərmi?
      Cavab: Əgər sözügedən ümumi qəbiristanlıq kiminsə şəxsi mülkü deyildirsə və ya xüsusilə həmin kəndin əhalisinə vəqf edilməyibdirsə, bu kəndin əhalisi başqalarının ölülərinin bu qəbiristanlıqda dəfn edilməsinə mane ola bilməzlər. Əgər bir şəxs həmin qəbiristanlıqda dəfn edilməsini vəsiyyət edibdirsə, vəsiyyətə uyğun əməl etmək vacibdir.

       

      Sual 235: Bir sıra hədislər (məsələn, “Ləalil-əxbar” kitabında qeyd edilən hədislər) qəbirlərin üstünə su səpməyin müstəhəb olduğuna dəlalət edir. Yalnız dəfn günü qəbrin üstünə su səpmək müsətəhəbdir, yoxsa bu əməl hər bir vaxt müstəhəbdir? “Ləalil-əxbar” kitabının müəllifi bu əməlin hər bir vaxt müstəhəb olduğunu qeyd etmişdir. Bu barədə sizin nəzəriniz nədir?
      Cavab: Dəfn günü qəbrin üstünə su səpmək müstəhəbdir. Başqa vaxtlar isə bu əməli qəsdi-rəca ilə yerinə yetirməyin maneəsi yoxdur.

       

      Sual 236: Nə üçün cənazəni gecə dəfn etmirlər? Gecə vaxtı cənazəni dəfn etmək haramdırmı?
      Cavab: Gecə vaxtı cənazəni dəfn etməyin maneəsi yoxdur.

       

      Sual 237: Bir şəxs avtomobil qəzasında vəfat etmişdir. Ona qüsl verib, kəfənlədikdən sonra qəbiristanlığa gətirdilər. Amma onu dəfn etmək istədikdə tabutun və kəfənin onun bədənindən axan qana bulaşdığını gördülər. Bu vəziyyətdə onun kəfənini dəyişmək vacibdirmi?
      Cavab: Əgər kəfənin qana bulaşmış hissəsini yumaq, yaxud həmin hissəni kəsmək və ya dəyişdirmək mümkün olarsa, bu işi etmək vacibdir. Amma əgər mümkün olmazsa, cənazəni həmin vəziyyətdə dəfn etmək olar.

       

      Sual 238: Əgər kəfəni qana bulaşmış o cənazənin dəfnindən üç ay ötübsə, bu halda qəbrin açılmasına icazə verilirmi?
      Cavab: Sualda deyilənləri nəzərə alaraq, qəbrin açılmasına icazə verilmir.

       

      Sual 239: Sizdən xahiş edirəm ki, aşağıdakı üç suala cavab verəsiniz:
      1) Əgər hamilə qadın doğuş zamanı vəfat etsə, aşağıdakı hallarda onun bətnindəki dölün hökmü nədir?
      a) Əgər dölə təzə ruh verilmiş olsa (yəni üç aylıq və ya bir qədər böyük olarsa) və ananın bətnindən çıxarıldığı təqdirdə onun ölüm ehtimalı çox böyük olsa, hökm nədir?
      b) Əgər döl yeddi aylıq və ya daha böyük olsa, hökm nədir?
      c) Əgər döl ananın bətnində ölmüş olsa, hökm nədir?
      2) Əgər hamilə qadın doğuş zamanı vəfat etsə, dölün öldüyünü, yoxsa yaşadığını tam araşdırmaq başqalarına vacibdirmi?
      3) Əgər hamilə qadın doğuş zamanı ölsə və döl onun bətnində sağ qalsa, bir nəfər də döl sağ olduğu bir halda adətə zidd olaraq ananın döl ilə birlikdə dəfn edilməsini göstəriş versə, bu barədə sizin nəzəriniz nədir?
      Cavab: Əgər ananın ölümü ilə döl də ölsə, yaxud ana dölə ruh verilməmişdən qabaq vəfat etsə, dölü ananın bətnindən çıxarmaq vacib deyildir, əksinə, buna icazə verilmir. Amma əgər dölə ruh verilmiş olsa və döl ölən ananın bətnində sağ olsa, habelə, ananın bətnindən çıxarana qədər onun sağ qalma ehtimalı olsa, onu tez bir zamanda ananın bətnindən çıxarmaq vacibdir. Dölün ananın bətnində öldüyü dəqiqləşməyənə qədər ananın döl ilə birlikdə dəfn edilməsinə icazə verilmir. Əgər sağ olan döl ana ilə birlikdə dəfn edilsə və dəfn edildikdən sonra da onun sağ olduğu ehtimalı mövcud olsa, qəbrin açılması və sağ olan dölün ananın bətnindən çıxarılması vacibdir. Həmçinin əgər ananın bətnində dölün həyatını qorumaq ananın dəfn edilməməsindən asılı olsa, zahir budur[2] ki, ananın dəfn edilməsini təxirə salmaq vacibdir. Əgər bir şəxs hamilə qadın ilə onun bətnində sağ olan dölün birlikdə dəfn edilməsinə icazə verildiyini desə və başqaları da onun sözünün doğru olduğunu güman edib qadını dəfn etsələr və bu iş körpənin qəbirdə ölməsi ilə nəticələnsə, diyə ödəmək dəfn işini görən şəxsə vacibdir. Amma əgər dölün ölümü həmin şəxsin sözü əsasında olsa, bu təqdirdə diyə ödəmək həmin şəxsə vacibdir.

       

      Sual 240: Şəhər İcra Hakimiyyəti torpaq sahələrindən səmərəli istifadə edilməsi üçün qəbirlərin ikimərtəbəli qazılmasını göstəriş vermişdir. Xahiş edirik ki, bunun şəri hökmünü açıqlayasınız.
      Cavab: Müsəlmanların qəbrinin bir neçə mərtəbəli qazılmasına icazə verilir. Bu şərtlə ki, bu iş qəbrin açılmasına və müsəlmanın hörmətinin sınmasına səbəb olmamalıdır.

       

      Sual 241: Bir uşaq quyuya düşüb ölmüşdür. Quyudakı su onun cəsədinin çıxarılmasına mane olur. Bunun hökmü nədir?
      Cavab: Uşağın cəsədi həmin quyuda qalsın və quyu onun qəbri olacaqdır. Əgər quyu kiminsə şəxsi mülkü deyilsə və ya onun maliki quyunun bağlanmasına razı olarsa, quyunu bağlamaq vacibdir.

       

      Sual 242: Bizim məntəqədə adət budur ki, ənənəvi sinəvurma və zəncirvurma mərasimi yalnız İmamların (ə), şəhidlərin və din böyüklərinin əzasında təşkil olunur. Belə mərasimlər könüllü silahlı qüvvələrdən olan fərdlərin və ya İslam hökumətinə və bu müsəlman millətə hər hansı bir şəkildə xidmət göstərən şəxslərin vəfatı münasibətilə təşkil oluna bilərmi?
      Cavab: Bunun heç bir maneəsi yoxdur.

       

      Sual 243: Gecə vaxtı qəbiristanlığa getməyin məkruh olduğunu nəzərə alaraq, əgər bir şəxs gecə vaxtı qəbiristanlığa getməyin islami tərbiyədə təsirli rol oynadığına etiqad bəsləyib, gecə vaxtı qəbiristanlığa getsə, hökmü nədir?
      Cavab: Maneəsi yoxdur.

       

      Sual 244: Qadınlar dəfn mərasimində iştirak edə və cənazə daşıya bilərlərmi?
      Cavab: Maneəsi yoxdur.

       

      Sual 245: Bəzi köçəri tayfalar arasında bir adətdir ki, bəzi şəxslər vəfat edəndə borc edib çox sayda qoyun alır və yas mərasimində iştirak edənlərin hamısına yemək verirlər. Bu iş onlara böyük maddi ziyan vurur. Adət-ənəni qoruyub-saxlamaqdan ötrü bu ziyanları qarşılamağa icazə verilirmi?
      Cavab: Əgər yemək üçün çəkilən xərclər yaşı böyük olan varislərin malından və onların icazəsi ilə olarsa, icazə verilir. Amma əgər bu iş maddi çətinliklərin və ziyanların ortaya çıxmasına səbəb olursa, bu işdən çəkinmək lazımdır. Əgər infaq[3] mərhumun malından verilirsə, onun necə vəsiyyət etdiyinə bağlıdır. Ümumiyyətlə, bu kimi işlərdə ilahi nemətlərin zay edilməsinə səbəb olan israfdan çəkinmək lazımdır.

       

      Sual 246: Əgər indiki zamanda bir şəxs bir məntəqədə minaya düşüb ölsə, şəhid hökmündədirmi?
      Cavab: Şəhidin qüslsüz və kəfənsiz dəfn edilməsi hökmü, yalnız müharibə meydanında öldürülən şəhidlərə aiddir.

       

      Sual 247: İslam İnqilabının Keşikçiləri Ordusundan olan qardaşlar sərhəd rayonlarının bəzi məntəqələrinə get-gəl edir və bəzən İslam İnqilabına zidd olan qruplar tərəfindən qurulan tələlərə düşürlər. Bəzi hallarda onlar bu hadisələrdə şəhid olurlar. Bu şəhidlərə qüsl və ya təyəmmüm vermək vacibdirmi? Yoxsa həmin məntəqə müharibə meydanı hesab olunur?
      Cavab: Əgər həmin məntəqə haqq dəstə ilə və nahaq dəstə arasında müharibə meydanıdırsa, haqq dəstədən orada şəhid olan şəxslər şəhid hökmündədirlər.

       

      Sual 248: Camaat namazının imamının şərtlərinə malik olmayan şəxs bir möminin cənazə namazına imamlığı öhdəsinə götürə bilərmi?
      Cavab: Başqa namazlarda camaat namazının imamı üçün əsas olan şərtlərin cənazə namazının imamında şərt olmaması uzaq ehtimal deyildir. Baxmayaraq ki, əhvətə görə bu şərtlər cənazə namazında da riayət edilməlidir.

       

      Sual 249: Əgər bir mömin dünyanın hansısa bir yerində İslamın hökmlərinin icrası yolunda, yaxud mitinqlərdə, yaxud Cəfəri fiqhinin icrası yolunda öldürülərsə, şəhid hesab olunurmu?
      Cavab: O, şəhidin əcr və savabını qazanır, amma şəhidin dəfn hökmləri yalnız müharibə meydanında gedən döyüşlərdə şəhid olanlara aiddir.

       

      Sual 250: Əgər bir müsəlman şəxs narkotik maddələrin satışı cinayətinə görə məhkəmənin hökmü ilə edama məhkum olunarsa və edam hökmü onun barəsində icra edilərsə:
      1) Ona meyit namazı qılınırmı?
      2) Onun yas məclisində iştirak etmək, bu məclisdə Quran oxumaq və Əhl-beyt (ə) üçün mərsiyələr oxumağın hökmü nədir?
      Cavab: Edam olunan müsəlman şəxs başqa müsəlmanlar hökmündədir və meyitin şəri hökmləri ona da aiddir.

       

      Sual 251: Sağ insanın bədənindən ayrılan və əti üstündə olan sümüyə toxunmaq məshi-meyit qüslünə səbəb olurmu?
      Cavab: Sağ insandan ayrılan bir üzvə toxunmağın qüslü yoxdur.

       

      Sual 252: Ölü insandan ayrılan bir üzvə toxunduqda məshi-meyit qüslü vacib olurmu?
      Cavab: Bədəni soyuduqdan sonra və meyit qüslü verilməmişdən qabaq bir cənazədən ayrılan üzvə toxunmaq, cənazəyə toxunmaq hökmündədir.

       

      Sual 253: Can verən vaxt müsəlman şəxs üzü qibləyə uzadılmalıdırmı?
      Cavab: Yaxşı olar ki, can verən vaxt müsəlman şəxs arxası üstə qibləyə tərəf uzadılsın, yəni onun ayaqlarının altı qibləyə tərəf olsun. Fəqihlərin çoxu bu əməli yerinə yetirməyi bacardığı halda can verən şəxsin özünə və başqalarına vacib bilmişlər və bu əməli yerinə yetirmək ehtiyatı tərk olunmamalıdır.

       

      Sual 254: Əgər diş çəkdirəndə damağın toxumalarından bir qədəri dişlə birlikdə qoparsa, ona toxunmaq məshi-meyit qüslünə səbəb olurmu?
      Cavab: Ona toxunmaq məshi-meyit qüslünə səbəb olmur.

       

      Sual 255: Paltarı ilə dəfn edilən müsəlman bir şəhidə məshi-meyitin hökmləri şamil olurmu?
      Cavab: Barəsində meyit qüslü və kəfənlənmə hökmü ortadan qalxan bir şəhidə toxunduqda, məshi-meyit qüslü vacib olmur.

       

      Sual 256: Mən tibb ixtisası üzrə tələbəyəm. Bəzən meyiti yararkən onun bədəninə toxunmaq məcburiyyətində qalırıq və cəsədin müsəlmana, yoxsa qeyri-müsəlmana aid olduğunu bilmirik. Yaxud da (müsəlman olduğu tədqirdə) meyitə qüsl verilib-verilmədiyini bilmirik. Amma məsul şəxslər bu cəsədlərə qüsl verildiyini söyləyirlər. Deyilənləri nəzərə alaraq, bu cəsədlərə toxunduqdan sonra bizim namaz və başqa ibadətlər barəsində vəzifəmizi açıqlamağınızı istəyərdik. Bu deyilənləri nəzərə alaraq, qüsl etmək bizə vacib olurmu, yoxsa vacib olmur?
      Cavab: Əgər meyitə qüsl verildiyi dəqiqləşməzsə və meyitə qüsl verildiyi barədə sizin şəkkiniz olarsa, cəsədə və ya ondan ayrılan üzvlərə toxunduqda sizə məshi-meyit qüslü vacib olur. Məshi-meyit qüslü etmədən namaz qılmaq düzgün deyildir. Amma əgər meyit qüslünün verildiyi dəqiqləşərsə, cəsədə və ya ondan ayrılan üzvlərə toxunduqda məshi-meyit qüslü vacib olmur, hətta əgər meyit qüslünün düzgün olduğuna şəkkiniz olsa belə.

       

      Sual 257: Adı və kimliyi məlum olmayan bir şəhid bir neçə uşaqla birlikdə bir qəbirdə dəfn edilmişdir. Bir müddətdən sonra o şəhidin, dəfn olunduğu həmin şəhərin əhalisindən olmadığına dair bir sıra dəlillər əldə olundu. Şəhidin cənazəsinin öz şəhərinə aparılması üçün onun qəbrinin açılmasına icazə verilirmi?
      Cavab: Əgər şəri qaydalar və hökmlər əsasında dəfn edilibsə, qəbrin açılmasına icazə verilmir.

       

      Sual 258: Əgər qəbir açılmadan onun daxilindən məlumat əldə etmək və orada olanları videokamera ilə çəkmək mümkün olarsa, buna “qəbrin açılması” deyilirmi, yoxsa deyilmir?
      Cavab: Qəbir açılmadan və cənazə üzə çıxmadan qəbirdə dəfn edilən cənazənin bədəninin videokamera ilə çəkilməsinə, “qəbrin açılması” deyilmir.

       

      Sual 259: Şəhər İcra Hakimiyyəti yolların genişləndirilməsi üçün qəbiristanlığın ətraf hissələrindəki qəbirləri uçurmaq istəyir. Bu işə icazə verilirmi? Həmçinin həmin ölülərin sümüklərini qəbirdən çıxarmaq və başqa bir yerdə dəfn etməyə icazə verilirmi?
      Cavab: Möminlərin qəbirlərini uçurmağa və qəbirlərini açmağa, hətta küçələrin genişləndirilməsi üçün olsa belə, icazə verilmir. Qəbir açıldığı və müsəlmanın cənazəsi, yaxud hələ də çürüməyən sümükləri üzə çıxdığı halda onu yenidən dəfn etmək vacibdir.

       

      Sual 260: Əgər bir şəxs şəri qaydalara riayət etmədən müsəlmanların qəbiristanlığını uçursa, onun qarşısında başqa müsəlmanların vəzifəsi nədir?
      Cavab: Başqa müsəlmanların vəzifəsi, “nəhy ənil-munkər”in şərtlərinə və mərhələlərinə riayət edərək onu bu işdən çəkindirməkdir. Əgər qəbirlərin uçurulması nəticəsində müsəlmanın cənazəsi üzə çıxarsa, onu yenidən dəfn etmək vacibdir.

       

      Sual 261: Atam təxminən otuz altı ildir ki, bir qəbiristanlıqda dəfn edilibdir. Mən qərara gəlmişəm ki, bu qəbirdə mənim də dəfn edilməyim üçün Vəqf İdarəsindən icazə alım. Qəbiristanlığın vəqfi ərazi olduğunu nəzərə alaraq, bu barədə qardaşlarımdan icazə almalıyammı?
      Cavab: Ölülərin dəfni üçün “ümumi vəqf”[4] edilən bir ərazidə yerləşən qəbir üçün mərhumun digər varislərindən icazə almaq şərt deyildir. Amma cənazənin sümükləri torpağa qarışmamışdan qabaq başqa bir cənazəni həmin qəbirdə dəfn etmək üçün qəbrin açılmasına icazə verilmir.

       

      Sual 262: Müsəlmanların qəbiristanlığını uçurmaq və oranı başqa bir obyektə çevirməyin bir yolu varmı? Zəhmət olmasa, izah edin.
      Cavab: Müsəlmanların ölülərinin dəfni üçün vəqf edilən qəbiristanlığın başqa bir obyektə çevirilməsinə icazə verilmir.

       

      Sual 263: Mərcəyi-təqliddən icazə aldıqdan sonra qəbrin açılmasına və ölülərin dəfni üçün vəqf edilən ərazinin başqa bir obyektə çevirilməsinə icazə verilirmi?
      Cavab: Qəbrin açılmasına və ölülərin dəfni üçün vəqf edilən ərazinin başqa bir obyektə çevirilməsinə icazə verilmədiyi hallarda mərcəyi-təqlidin icazəsinin heç bir təsiri yoxdur. Amma əgər istisna hallardan olarsa, maneəsi yoxdur.

       

      Sual 264: Bir kişi təxminən iyirmi il bundan qabaq vəfat etmişdir. Bir neçə vaxt bundan qabaq həmin kənddə bir qadın vəfat etmişdir. Səhvən o kişinin qəbrini qazıb, qadını orada dəfn ediblər. Qəbirdə o kişinin cənazəsindən heç bir əsər-əlamət olmadığını nəzərə alaraq, hal-hazırda bizim üzərimizə düşən vəzifə nədir?
      Cavab: Sualda deyilənləri nəzərə alaraq, hal-hazırda sizin üzərinizə heç bir vəzifə düşmür və bir cənazənin başqa bir cənazənin qəbrində dəfn edilməsi qəbrin açılması və cənazənin başqa bir qəbirdə dəfn edilməsinin icazəli olduğuna əsas vermir.

       

      Sual 265: Yolun ortasında dörd qəbir vardır ki, yolun davamının salınmasına mane olur. Digər tərəfdən də qəbrin açılmasının şəri baxımdan maneəsi vardır. Ümidvaram ki, Şəhər İcra Hakimiyyətinin şəriətə zidd bir əməl yerinə yetirməmələri üçün bizim üzərimizə düşən vəzifəni açıqlayardınız.
      Cavab: Əgər yolun salınması qəbrin açılmasına bağlı olmasa və yolun qəbirlərin üstündən salınması mümkün olarsa, yaxud yolun qəbirlər olan yerdən salınması zəruri və qanuna görə lazımlı olarsa, yolun salınmasının maneəsi yoxdur.
       

      [1] Vəsi – vəsiyyəti yerinə yetirməyi öhdəsinə götürən şəxsə deyilir.
      [2] “Zahir budur” ifadəsi “fətva”dır.
      [3] İnfaq – maldan verilən bəxşiş deməkdir.
      [4] Ümumi vəqf – əmlakın ümumi mənafeyi olan işlərə vəqf edilməsidir. Məsələn, məscidlərin, körpülərin, məktəblərin və s. tikintisinə edilən vəqf. Yaxud da əmlakın ümumi ünvanlara – məsələn, yoxsullara, yetimlərə və s. - vəqf edilməsidir.
    • Nəcasətlərin hökmləri
    • Məstedicilərin hökmləri
    • Vasvasılıq və onun müalicəsi
    • Kafirin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /