Yüklə:
XÜMSÜN HÖKMLƏRİ
- Müqəddimə
Müqəddimə
“Furuiddin”in bəndlərindən biri olan “xüms” İslam dinində vacib əmlak vergisidir. Xüms İslam dinini yaymaq və ehtiyaclı təbəqənin ehtiyaclarını aradan qaldırmaq istiqamətində İslam hökumətinə mühüm iqtisadi dəstəkdir. Şəri vəzifəni yerinə yetirmək niyyətilə xüms ödəmək həm İlahi mükafata layiq görülür, həm də xüms ödəyən şəxsin malının və ruhunun maddiyyat çirkindən təmizlənməsinə səbəb olur. İslam dininə görə şəri vəzifə daşıyan hər bir şəxs öz gəlirinin beşdə birini qarşıdakı məsələlərdə açıqlanacaq qaydada lazımi ünvana ödəməlidir. Bu vəsait İslamın və müsəlmanların mənafeyi istiqamətində sərf edilir.
Xüms barəsində olan ayə və hədislərə nəzər salaq. “Tövbə” surəsinin 103-cü ayəsində buyurulur:
خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَ تُزَکِّیهِمْ بِهَا وَ صَلِّ عَلَیْهِمْ إِنَّ صَلَاتَکَ سَکَنٌ لَهُمْ وَاللهُ سَمِیعٌ عَلِیمٌ.
“Onların mallarından sədəqə al və bununla onları pak edib təmizlə. Onlar üçün dua et, çünki sənin duan onlar üçün aramlıqdır. Allah eşidəndir, biləndir”.
Əhli-beytin (ə) hədislərinə istinadən bu ayənin şamil olduğu hallardan biri İmama (ə) verilən hədiyyə və bəxşişdir (yəni xümsdür).
İmam Sadiq (ə) buyurub:
مَا أُرِیدُ بِذٰلِکَ إِلَّا أَنْ تُطَهِّرُوا
“Sizin dirhəminizi almaqda mənim yeganə məqsədim sizi paklamaqdır”.
İmam Sadiq (ə) başqa bir hədisdə buyurub ki, xüms vermək malın təmizlənməsinə səbəb olur:
یُؤَدِّی خُمْسَنَا وَ یُطَیِّبُ لَهُ
“Xümsümüzü verin və bununla malınızı təmizləyin”.
Məhəmməd ibn Zeyd Təbəri nəql edir ki, İmam Rzanın (ə) ardıcıllarından olan bir fars tacir o Həzrətə məktub yazıb xüms verməmək üçün icazə istədi. İmam Rza (ə) onun məktubunun cavabında yazdı: “Rəhman və rəhim Allahın adı ilə. Həqiqətən də Allah bolluq verən və çox bəxş edəndir. Yaxşı əmələ savab verəcəyinə zamindir. Amma yaxşı əməli yerinə yetirməkdən özünü məhrum edən şəxsi qəm-qüssəyə düçar edir. Allahın halal etdiyi yoldan qeyri bir yolla əldə edilən mal halal deyildir.”
O Həzrət sözünün davamında xümsün təsirlərinə toxunaraq buyurdu:
1- Dini gücləndirmək:
إِنَّ الْخُمْسَ عَوْنُنَا عَلَی دِینِنَا
“Həqiqətən xüms dinimizə olan köməyimizdir”.
2- Dostlara köməklik:
إِنَّ الْخُمْسَ عَوْنُنَا عَلَی عِیَالَاتِنَا، إِنَّ الْخُمْسَ عَوْنُنَا عَلَی مَوَالِینَا
“Xüms qohumlara və dostlara köməkliyimiz üçün bir vasitədir”.
3- Müxaliflər qarşısında heysiyyəti qorumaq:
مَا نَبْذُلُهُ وَ نَشْتَرِی مِنْ أَعْرَاضِنَا مِمَّنْ نَخَافُ سَطْوَتَهُ
“Xüms vasitəsilə biz özümüzün və ardıcıllarımızın heysiyyətini müxaliflərin təhdidləri qarşısında qoruyuruq”.
4- İmamın (ə) duası:
وَ لَا تَحْرِمُوا أَنْفُسَکُمْ دُعَاءَنَا مَا قَدَرْتُمْ عَلَیْهِ
“Bacardığınız qədər özünüzü bizim duamızdan məhrum etməyin”.
5- Ruzi açarı:
فَإِنَّ إِخْرَاجَهُ مٍفْتَاحُ رِزْقِکُمْ
“Xüms vermək ruzinizin açarıdır”.
6- Günahların kəffarəsi və axirət azuqəsi:
فَإِنَّ إِخْرَاجَهُ ... تَمْحِیصُ ذُنُوبِکُمْ وَ مَا تَمْهَدُونَ لِأَنْفُسِکُمْ لِیَوْمِ فَاقَتِکُمْ
“Malın xümsünü vermək günahların bağışlanması səbəbidir, Qiyamət gününün və ehtiyaclı olduğunuz günün azuqəsidir”.
7- Vəfadarlıq nişanəsi:
اَلْمُسْلِمُ مَنْ یَفِی اللهَ بِمَا عَهِدَ إِلَیْهِ وَ لَیْسَ الْمُسْلِمُ مَنْ أَجَابَ بَاللِّسَانِ وَ خَالَفَ بَالْقَلْبِ، وَ السَّلَامُ
“Həqiqi müsəlman o kəsdir ki, İlahi əhd-peymana vəfadar olsun. Dildə müsbət cavab verib, ürəkdə isə mənfi cavab verən kəs, əslində, müsəlman deyildir”.
Ayətullah Xameneinin fətvaları əsasında tərtib edilən bu kitab xüms mövzusu barəsində lazımlı məsələləri özündə ehtiva edir. Kitab “İslam İnqilabı Nəşriyyatı”nda hazırlanıb və çap edilib. “Şəri suallara cavab” adlı kitabda yer alan sual-cavablardan əlavə, bu kitabda yeni sual-cavablar da qeyd edilib. Xüms düşən mallar, xüms düşməyən mallar, xümsün hesablanması və ödənilməsi, xümsün sərf edildiyi yerlər, xümsün müxtəlif məsələləri bu kitabı təşkil edən fəsillərdir. Kitab hamının istifadə edə biləcəyi bir üslubda hazırlanıbdır. Qeyd edək ki, Ayətullah Xameneinin “Şəri sualların cavablandırılması” ofisi bu kitabı təsdiqləmiş və ona əməl etməyin yetərli olduğunu bildirmişdir.
Mütəal Allah bizi İslam dininin göstərişlərinə əməl etmək, Qurani-Kərimə söykənmək və Həzrət Peyğəmbərin (s) və Məsum İmamların (ə) sünnəsinə tabe olmaqda müvəffəq etsin.
İslam İnqilabı Nəşriyyatı
- BİRİNCİ FƏSİL: XÜMS DÜŞƏN MALLAR
- İKİNCİ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
- ÜÇÜNCÜ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ
- DÖRDÜNCÜ FƏSİL: XÜMSÜN SƏRF EDİLDİYİ YERLƏR
DÖRDÜNCÜ FƏSİL: XÜMSÜN SƏRF EDİLDİYİ YERLƏR
Xüms iki bərabər paya ayrılır. Bir pay İmamın (ə), bir pay da seyidlərindir. Xümsün istifadəsi aşağıdakı məsələlərdə açıqlanacaqdır. Qeyd edək ki, xüms mərcəyi-təqlidin ofisinə və ya onun vəkilinə təhvil verilməlidir.
Xüms işləri başçısı
Xüms, hətta başqa bir şəxsin vasitəsilə olsa belə, xüms işləri başçısına təhvil verilməli və onun möhürü ilə möhürlənmiş qəbz alınmalıdır. Bu hökm baxımından İmam (ə) payı ilə seyid payı arasında fərq yoxdur, yəni hər iki pay xüms işləri başçısına təhvil verilməlidir. Ümumiyyətlə, xüms – istər İmam (ə) payı, istərsə də seyid payı – xüms işləri başçısının icazəsi ilə istifadə olunmalıdır.
Xümsün xüms işləri başçısından qeyri bir şəxsə verilməsi
Sual 272. İmam Xomeyninin (r.ə), sizin və bəzi fəqihlərin nəzərinə görə, xüms “müsəlmanların başçısı”na verilməlidir. Əgər xüms ondan qeyri bir şəxsə verilərsə, hökm nədir?
Cavab: Əgər hər bir şəxs öz mərcəyi-təqlidinin fətvasına müvafiq şəkildə xümsünü ödəyərsə, öz vəzifəsinə əməl etmişdir.
Həyatda olan mərcəyi-təqlidin icazəsi
Sual 273. Əgər bir şəxsin xümsü təhvil almağa dair bizim əvvəlki mərcəyi-təqlidimizdən icazəsi var idisə, indi o Ayətullah Xameneidən bu iş üçün icazə almalıdırmı?
Cavab: Bəli, icazə almalıdır.
İmam (ə) payı
Sual 274. İmam (ə) payını xeyriyyə işlərinə, məsələn, din elmləri mərkəzinə və ya yetimlər evinə sərf etmək üçün şəxs öz mərcəyi-təqlidindən icazə almalıdırmı, yoxsa başqa mərcəyi-təqlidlərdən icazə alması kifayət edir? Ümumiyyətlə, mərcəyi-təqliddən icazə almaq vacibdirmi?
Cavab: Ümumiyyətlə, xümsün (həm İmam (ə) payının, həm də seyid payının) istifadəsi xüms işləri başçısının ixtiyarındadır. Xümsdən hər hansı bir şəkildə istifadə etmək onun icazəsi əsasında olmalıdır.
Sual 275. Şəxs xümsün hamısını və ya bir hissəsini fəqirlərə – istər seyid fəqirə, istərsə də qeyri-seyid fəqirə – verə bilərmi?
Cavab: O, öz mərcəyi-təqlidindən icazə almadan bu işi görə bilməz.
Sual 276. Şəri əmlak vergisi (xüms, məzalim[1], zəkat) hökumət işlərindəndirmi, yoxsa yox? Öhdəsində xüms olan şəxs seyid payını fəqir seyidə verə bilərmi? Yaxud şəxs məzalimi və zəkatı haqq sahibinə verə bilərmi?
Cavab: Şəxsin özü zəkatı dindar və iffətli yoxsula verə bilər. Məzalimi isə şəri-hakimin izni ilə verməsi ehtiyat-müstəhəbə müvafiqdir. Amma xümsü bizim nümayəndəliyimizə və ya nümayəndələrdən birinə təhvil verməli, yaxud da xümsün istifadəsi üçün icazə almalıdır.
Sual 277. Bəzi şəxslər mərcəyi-təqliddən icazə almadan seyidlərin su pulu və işıq pulu qəbzini ödəyirlər. Bu məbləği xümsdən hesab edə bilərlərmi, yoxsa hesab edə bilməzlər?
Cavab: Bu iş üçün bizim nümayəndəliyimizin və ya vəkilimizin icazəsi olmalıdır. Əvvəlki ödənişlərin məbləğini “Şəri əmlak vergiləri” şöbəsinə açıqlayın.
Sual 278. Xümsü dövlət məktəblərinə sərf etmək olarmı?
Cavab: Bu kimi işlər üçün xeyriyyəçilərin ianələrindən və möminlərin maddi köməkliklərindən istifadə olunsun.
Sual 279. İmam (ə) payını dini kitabların alınıb paylanmasına sərf etmək olarmı?
Cavab: Ümumiyyətlə, xümsün istifadəsi xüms işləri başçısının icazəsi əsasında olmalıdır.
Sual 280. Mənim boynumda müəyyən məbləğ İmam (ə) payı vardır və onu sizə təhvil verməliyəm. Digər tərəfdən də köməyə ehtiyacı olan bir məscid vardır. Bu pulun məscidin tikintisi və təmirinə xərclənməsi üçün onu məscidin imam-camaatına verməyimə icazə verirsinizmi?
Cavab: Bu kimi işlər üçün möminlərin maddi köməkliklərindən istifadə olunsun.
Sual 281. Biz belə ehtimal edirik ki, atamız həyatda ikən öz malının xümsünü tam ödəməyibdir. O, vəfat etdikdən sonra biz onun torpaq sahələrindən birini xəstəxana tikintisi üçün bağışladıq. Bu torpaq sahəsini mərhumun malının xümsü olaraq hesab edə bilərikmi?
Cavab: Bu, xüms ünvanında hesab olunmur.
Seyid payı
Sual 282. Mən xümsümün seyid payını tanış seyidlərə vermək üçün sizin vəkilinizdən icazə almışam. Seyid payını hansı seyidə verməliyəm? Xahiş edirəm ki, izah edəsiniz.
Cavab: Seyid payı aşağıdakı xüsusiyyətlərə malik olan seyidə verilməlidir:
1- Bu şəxs sizin himayənizdə olan, başqa sözlə, dolanışıq xərcləri sizin öhdənizdə olan şəxs olmamalıdır;
2- Seyid “şəri fəqir” olmalıdır, yəni onun illik gəliri xərclərini ödəmir. Əgər onun fəqir olmadığı sonradan məlum olarsa, verilən xüms kifayət etmir və yenidən fəqir seyidə verilməlidir.
3- Seyid payı olan pulun özü fəqir seyidə təhvil verilməlidir, bu pul ilə hansısa bir malı alıb ona verməyə icazə verilmir. Amma əgər xümsü vermək istədiyiniz fəqir seyid buna icazə verərsə, bu halda bu işi görməyin maneəsi yoxdur.
4- Xüms verilən fəqir seyid on iki imam şiəsi olmalıdır.Sual 283. Əgər seyid şəxsin işi və qazancı vardırsa, xüms almaq haqqına malikdirmi, yoxsa xüms ala bilməz?
Cavab: Əgər işi və qazancı olmasına rəğmən, yenə də xərclərini təmin edən və şəninə uyğun olan qazancı yoxdursa və fəqir sayılırsa, o, xüms almaq haqqına malikdir.
Qeyd: Kəffarələri, məzalimləri və sədəqələri (istər müstəhəb sədəqə olsun, istərsə də vacib sədəqə olsun, məsələn, nəzir, vəsiyyət və bu kimi səbəblərə görə vacib olan sədəqələri) fəqir seyidlərə vermək olar.
Sual 284. Seyid payını xeyriyyə işlərinə, məsələn, seyidlərin izdivacına sərf etmək olarmı?
Cavab: Əgər seyid payını seyidlərə verməyə icazəniz vardırsa, seyid payı olan pulu nağd şəkildə fəqir seyidə verməlisiniz. Əlbəttə, əgər seyid payını vermək istədiyiniz seyid sözügedən işləri görmək üçün sizə vəkalət verərsə, onu görməyinizin maneəsi yoxdur.
Sual 285. Xüms işləri başçısından icazə alaraq seyid payını əri və övladları olan, amma əri seyid olmayan seyidə qadına vermək olarmı? Bu qadın həmin pulu öz övladlarına və ərinə xərcləyə bilərmi?
Cavab: Əgər seyidə xanım fəqirdirsə, xüms işləri başçısının və ya onun vəkilinin icazəsi ilə seyid payını ona vermək olar. O, bu pulu övladlarına və ərinə xərcləyə bilər.
Sual 286. Bir seyidə qadının əri vəfat etmişdir və onun atası ailənin dolanışıq xərclərini təmin etməkdə səhlənkarlıq göstərir. Halbuki həmin məntəqənin əhalisi bu qadının atasını imkanlı, amma eyni zamanda ailəsinə qarşı xəsis şəxs kimi tanıyırlar. Seyid payından qadının vacib dolanışıq xərcləri məbləğində ona pul vermək olarmı? Fərz edək ki, əgər onun atası: “Mənə ancaq yemək və geyim xərclərini vermək vacibdir. Başqa xərcləri, məsələn, qadınlara aid əşyaları almaq və ya uşaqların gündəlik xərcliklərini vermək mənə vacib deyildir” – desə, ehtiyaclarını təmin edəcək məbləğdə pulu seyid payından ona vermək olarmı?
Cavab: Hər bir halda, əgər bu xanım fəqirdirsə, xüms işləri başçısının və ya onun vəkilinin icazəsi ilə seyid payını ona vermək olar. O, bu pulu adi dolanışıq xərclərinə sərf edə bilər.
Xümsü fəqir ata-anaya və ya övlada vermək
Şəxs öz xümsünü onun himayəsində olan, başqa sözlə, dolanışıq xərcləri onun öhdəsində olan şəxslərə, məsələn, valideynlərinə, babalarına, övladlarına və ya nəvələrinə verə bilməz.
Sual 287. Mən iyirmi beş yaşında bir gəncəm və idarə işçisiyəm. Subayam və ata-anamla birlikdə yaşayıram. Atam yaşlıdır və gəliri də yoxdur. Dörd ildir ki, dolanışıq xərclərini mən təmin edirəm. Mənim elə bir maddi imkanım yoxdur ki, həm illik gəlirimin xümsünü verim, həm də dolanışıq xərclərini təmin edim. Hətta əvvəlki illərin gəlirindən doqquz yüz manat xüms borcum vardır və mən onu bir yerə qeyd etmişəm ki, sonradan ödəyim. Sualımı cavablandırmağınızı xahiş edirəm. Mən ilin gəlirinin xümsünü atama və anama verə bilərəmmi?
Cavab: Ata və ananızın dolanışıq xərcləri sizin öhdənizdə olduğuna görə siz xümsünüzü onlara verə bilməzsiniz. Sizin maddi imkanınız olduğuna görə xüms ili ərzində onların dolanışıq xərclərini təmin etməlisiniz.
Sual 288. Seyid olan bir şəxs öz xümsünü köməklik məqsədilə övladlarına verə bilərmi?
Cavab: Seyid bir şəxs onun himayəsində olan, yəni dolanışıq xərcləri onun öhdəsində olan şəxsə öz xümsünü, hətta qeyri-vacib xərclər üçün belə, verə bilməz.
[1] Məzalim – insanın boynunda olan, amma sahibi bilinməyən və ya sahibi əlçatmaz olan mala deyilir.
- BEŞİNCİ FƏSİL: XÜMSÜN MÜXTƏLİF MƏSƏLƏLƏRİ
BEŞİNCİ FƏSİL: XÜMSÜN MÜXTƏLİF MƏSƏLƏLƏRİ
Xüms düşən malın istifadəsi
Sual 289. Xümsü verilməyən bir mal irs qalmışdır. Varis şəxs bu malın xümsünü verməlidirmi?
Cavab: Ümumiyyətlə, mərhumun borclu qaldığı və ödəmədiyi xüms irs bölünməmişdən qabaq ödənilməlidir.
Sual 290. Atam həyatda ikən bir torpaq sahəsini rəsmi sənədlə mənim adıma keçirib və o, vəfat etdikdən sonra bu torpaq sahəsi mənə irs çatıbdır. Atam vəsiyyətnaməsində yazmışdır ki, onun əmlakının xümsü verilsin. Mən bu torpaq sahəsinin xümsünü verməliyəmmi?
Cavab: Əgər sizin atanız vəsiyyətnaməsində bu torpaq sahəsinin xümsünü verməyi qeyd edibdirsə, ilk öncə vəsiyyətə əməl olunmalıdır. Bundan sonra bu torpaq sahəsi sizin mülkiyyətinizə keçir. Amma əgər atanız həyatda ikən sözügedən torpaq sahəsini sizin mülkiyyətinizə keçiribsə və siz də onu təhvil almısınızsa, eyni zamanda bu torpaq sahəsinə xüms düşürdüsə, verilən hədiyyə düzgündür. Amma bu torpaq sahəsinin xümsü mərhumun digər borcları kimi, onun irsi bölünməmişdən qabaq verilməlidir.
Sual 291. Bir şəxs vəfat etmişdir və onun boynunda xüms borcu vardır. Bəzi varislər atanın xümsünün verilməsinə mane olur və irsin bölünməsini tələb edirlər. Bizim vəzifəmiz nədir?
Cavab: Əgər mərhumun özü xüms borcu olduğunu vəsiyyət edibdirsə və ya varislərin buna yəqinliyi vardırsa, mərhumun xüms borcu verilməyənədək varislər irsdən istifadə edə bilməzlər. Yalnız o halda istifadə edə bilərlər ki, mərhumun xüms borcunu səhlənkarlıq göstərmədən verməyi ciddi şəkildə qərara alıblar.
Sual 292. Əgər varis şəxs mərhumun boynunda xüms borcu olduğunu və irs bölünməmişdən qabaq xümsün ödənilmədiyini bilsə, onun vəzifəsi nədir? Əgər o, xümsü verməmişdən qabaq maldan istifadə etsə və ya onunla alğı-satqı həyata keçirsə, hökm nədir?
Cavab: Bu şəxs irsdən ona çatan pay nisbətində mərhumun xüms borcunu ödəməlidir. Məsələn, əgər mərhumun əmlakının onda biri ona irs çatıbdırsa, mərhumun xüms borcunun onda birini ödəməlidir. Xümsü verməmişdən qabaq maldan etdiyi istifadələrin iradı yoxdur və alğı-satqı da düzgündür.
Xüms verməyən şəxs ilə ünsiyyət
Xüms verməyən şəxs ilə ünsiyyətdə olmaq onun əməlinə haqq qazandırmaq hesab olunmadığı təqdirdə, iradsızdır. Əlbəttə, əgər “pis işlərdən çəkindirmək” şəri vəzifəsinin şərtləri mövcud olarsa, onu bu işdən çəkindirmək lazımdır. Hətta əgər “pis işlərdən çəkindirmək” şəri vəzifəsini yerinə yetirmək onunla müvəqqəti olaraq əlaqələri kəsməyə bağlı olarsa, bu işi etmək lazımdır.
Xüms verməyən şəxsin malından istifadə etməyin iradı yoxdur. Hətta əgər bu şəxsin malından istifadə edən bir şəxs istifadə etdiyi mala xüms düşdüyünü yəqinliklə bilsə, ondan istifadə etməsinin iradı yoxdur.
Əgər ailə başçısı xüms vermirsə, ailə üzvlərinin onun malından istifadə etmələrinin iradı yoxdur, baxmayaraq ki, ailə başçısı xüms vermədiyinə görə günah edir.
Sual 293. Mən atamın xüms vermədiyinə əminəm. Ona bu barədə bir söz deyəndə, deyir ki, bizim özümüzə xüms verilməlidir, bizə xüms vermək vacib deyildir. Atanın aldığı ev əşyalarından və ərzaqlardan ailə üzvlərinin istifadə etməsinin iradı vardırmı?
Cavab: Ümumiyyətlə, xüms verməyən şəxsin malından başqalarının istifadə etməsinin iradı yoxdur.
Sual 294. Dini göstərişlərə əməl etməyən, xüsusilə də namaz qılmayan və xüms verməyən müsəlmanlarla ünsiyyətdə olmağın hökmü nədir? Onların evində yemək yeməyin iradı vardırmı? Əgər iradı vardırsa, onların evində bir neçə dəfə yemək yeyən şəxsin vəzifəsi nədir?
Cavab: Ümumiyyətlə, xüms verməyən şəxslərin malından istifadə etməyin iradı yoxdur. Amma əgər onlarla ünsiyyətdə olmaq onların əməllərini dəstəkləmək hesab olunarsa və ya “yaxşı işlərə dəvət etmək” və “pis işlərdən çəkindirmək” şəri vəzifəsini yerinə yetirmək onlarla ünsiyyəti kəsməyə bağlı olarsa, onlarla ünsiyyətdə olmaqdan çəkinmək lazımdır.
Xüms verməyən şəxs ilə alğı-satqı etmək
Xüms verməyən şəxs ilə alğı-satqı etmək və onunla şərik olmağın iradı yoxdur, alğı-satqı və şəriklik düzgündür. Əlbəttə, “yaxşı işlərə dəvət etmək” və “pis işlərdən çəkindirmək” şəri vəzifəsinin şərtləri mövcud olduğu təqdirdə, bu şəri vəzifəni yerinə yetirmək vacibdir.
Sual 295. Biz xüms verməyən və xüms ili olmayan şəxslərlə alğı-satqı edirik, onlarla görüşürük və bir süfrədə əyləşib yemək yeyirik. Bu məsələnin hökmü nədir?
Cavab: Sizin üzərinizə “yaxşı işlərə dəvət etmək” və “pis işlərdən çəkindirmək” şəri vəzifəsini yerinə yetirməkdən qeyri bir vəzifə düşmür.
Sual 296. Əgər müştəri aldığı mala xüms düşdüyünü və satıcının bu malın xümsünü ödəmədiyini bilsə, müştəri bu maldan istifadə edə bilərmi?
Cavab: İstifadə edə bilər.
Sual 297. Əgər mənim şəriklərimin xüms ili yoxdursa, mənim vəzifəm nədir?
Cavab: Şəriklərin hər biri öz payının hesabatını aparmalı və xümsünü ödəməlidir, bu vəzifə hər bir şərikin öz öhdəsindədir. Bu baxımdan başqalarının üzərinə heç bir vəzifə düşmür.
Sual 298. Əgər bir neçə şəxs şərik olsalar, onların hər biri öz gəlirinin xümsünü ayrıca olaraq verməlidir, yoxsa xüms ümumi büdcədən verilməlidir?
Cavab: Hər bir şərik öz payının gəlirinin xümsünü hesablayıb ödəməlidir.
Əvvəlki mərcəyi-təqlidin fətvasına əsasən xüms düşən mal
Sual 299. Əvvəlki mərcəyi-təqlidimin fətvasına əsasən, hədiyyələrə, bayramlıqlara xüms düşür. Mən o zaman aldığım hədiyyələr və bayramlıqların xümsünü verməmişəm. İndi sizə təqlid edirəm. Mən onların xümsünü verməliyəmmi?
Cavab: Onların xümsünü verməyiniz vacib deyildir.
Sual 300. İmam Xomeyninin (r.ə) nəzərinə görə, məişət ehtiyacı olan bir şey satıldığı zaman onun xümsü dərhal verilməlidir. Mən İmam Xomeyniyə (r.ə) təqlid etdiyim illərdə bu məsələni bilməmişəm və ona əməl etməmişəm. İndi illərdir ki, sizə təqlid edirəm. Həmişə xüms ilim olubdur və malımın xümsünü tam şəkildə ödəməyə çalışmışam. Sizdən xahiş edirəm ki, İmam Xomeyniyə (r.ə) təqlid etdiyim illərdə əgər həmin məsələyə əməl etməmişəmsə, mənim üzərimdən vəzifəni götürəsiniz.
Cavab: Bu baxımdan sizin üzərinizdə heç bir vəzifə yoxdur.
Artıq ödənilən məbləğin xüms borcu əvəzinə hesablanması
Sual 301. Mən xüms düşməyən malın səhvən xümsünü vermişəm. Verdiyim bu məbləği hal-hazırda xüms düşən malımın xümsü ünvanında hesab edə bilərəmmi?
Cavab: Siz “Şəri əmlak vergiləri və şəri sualların cavablandırılması” şöbəsinə müraciət edib, vəzifənizi öyrənə bilərsiniz.
Sual 302. Əgər bir şəxs bu il xüms məbləğindən əlavə, bir qədər artıq məbləğ ödəsə, o, artıq ödədiyi məbləği sonrakı illərdə xüms ünvanında hesablaya bilərmi?
Cavab: Bu şəxs “Şəri əmlak vergiləri və şəri sualların cavablandırılması” şöbəsinə müraciət edib, vəzifəsini öyrənə bilər.
Ödənilən xümsü geri almaq
Sual 303. Əgər bir şəxs mərcəyi-təqlidin icazəsi ilə müəyyən məbləğ xümsü müəyyən bir yerə və ya şəxsə ödəsə, hansısa bir səbəbə görə onu geri istəyə və ala bilərmi?
Cavab: Mərcəyi-təqlidin icazəsi olmadan onu geri ala bilməz.
Sual 304. Mən xüms ünvanında müəyyən məbləğ pul ödəmişəm, amma sonradan malıma xüms düşmədiyini və səhvən xüms ödədiyimi başa düşmüşəm. Mən bu pulu geri istəyə və ala bilərəmmi?
Cavab: Müxtəlif hallar mövcuddur. Siz mərcəyi-təqlidinizin ofisinə və ya vəkilinə müraciət edin.
Qəsdi-qürbət etmədən xüms ödəmək
Sual 305. Bir şəxs xümsünü verərkən qəsdi-qürbət etməyib (yəni Allaha yaxınlaşmaq niyyəti etməyib). Bu halda o, xüms borcundan çıxmış sayılırmı?
Cavab: Şəxs qəsdi-qürbət etmədən belə, xümsünü ödədiyi təqdirdə xüms borcundan çıxır.
Başqasının xümsünü vermək
Sual 306. Bir şəxs başqa bir şəxsin xümsünü verə bilərmi?
Cavab: Bunun maneəsi yoxdur.
Xümsün ödənilməsi üçün başqa şəxsi vəkil etmək
Sual 307. Bir şəxs öz torpaq sahələrini övladları arasında bölüşdürmüş və onlara demişdir ki, mən bu torpaq sahələrinin xümsünü ödəməmişəm. Odur ki, hər biriniz aldığınız torpaq sahəsinin xümsünü ödəyin. Övladlar da bu şərti qəbul edərək torpaq sahələrini alıblar. Əgər övladlar torpaq sahələrinin xümsünü ödəməsələr, bu şəxsin boynunda xüms borcu vardırmı?
Cavab: Bu şəxsin boynunda xüms borcu vardır.
Sual 308. Mənim müəyyən məbləğ borcum vardır. Borc verən şəxs mənə tapşırdı ki, ona olan borcumu onun xümsü ünvanında mərcəyi-təqlidin ofisinə ödəyim. Hal-hazırda borcu qaytarmağa mənim maddi imkanım yoxdur. Mən bu pulu tədricən və imkan yarandıqca ödəyə bilərəmmi?
Cavab: Borc verən şəxs öz xümsünü imkan daxilində yubatmadan və ilk fürsətdə ödəməlidir. O, borcunu ödəməyə maddi imkanı olmayan bir şəxsə onun xümsünü ödəməsini tapşıra bilməz. Əks halda, xüms borc verən şəxsin boynundadır və xüms ödənilməyənədək, o, borcdan çıxmamışdır.
Xümsün bank vasitəsilə ödənilməsi
Sual 309. Mən xümsümü hesablayıb kənara qoymuşam. Bu pulun özünü sizə və ya ofisinizə çatdırmaq bir qədər çətindir. Bu pulu bank vasitəsilə sizə göndərə bilərəmmi? Amma qeyd edim ki, sizin bankdan təhvil alacağınız pul mənim banka ödədiyim pulun özü deyildir.
Cavab: Bunun iradı yoxdur.
Xümsün bağışlanması və müsalihə edilməsi
Sual 310. Hansı hallarda xüms bağışlana bilər?
Cavab: Xüms bağışlanmır.
Sual 311. Mən izdivac etmək istəyirəm. Gəlir əldə etmək üçün müəyyən məbləğ pulumu universitetə yatırım etmişəm. Bu pulun xümsünü müsalihə etmək mümkündürmü?
Cavab: Vacib olan xüms bağışlanmır və müsalihə edilmir.
Ödənişi üçün möhlət alınan xüms borcu
Sual 312. Belə deyirlər ki, mərcəyi-təqlidin hansı ofisində xüms hesablanıb və ödənişi üçün möhlət alınıbsa, sonradan xümsü həmin ofisə ödəmək lazımdır. Xüms borcunu sizin bölgələrdə yerləşən istənilən ofisinizə ödəyə bilərikmi?
Cavab: Xümsü istənilən ofisimizə ödəsəniz, kifayət edir.
Xümsün vasitəçi şəxsin əlində tələf olması
Sual 313. Əgər bir şəxs müəyyən məbləğ xüms pulunu başqa bir şəxsə versə ki, onu mərcəyi-təqlidin ofisinə çatdırsın, amma yolda bu pul itsə və ya oğurlansa, kim bu pulu ödəməlidir? Bu halda xüms verən şəxsin boynundan xüms borcu götürülürmü?
Cavab: Əgər vasitəçi şəxs pulu qorumaqda səhlənkarlıq etməyibsə, bu pulu borclu deyildir və onu öz tərəfindən ödəməsi lazım deyildir. Əgər vasitəçi şəxs mərcəyi-təqlidin vəkili deyildirsə, xüms borcu xüms verən şəxsin boynundan götürülmür və o, xümsü ödəməlidir.
Xüms ödənildiyi təqdirdə həcc üçün müstəti olmaqdan xaric olmaq
Sual 314. Bir şəxs həcc üçün müstəti olubdur, amma təməttu həcci üçün ödəniş etməmişdən qabaq onun xüms ili başa çatıbdır. Əgər o, xümsünü ödəsə, bu halda həcc ziyarətinin ödənişi üçün kifayət qədər pulu qalmayacaqdır. Onun malına xüms düşürmü? Bu şəxs müstəti olmaqdan xaric olurmu?
Cavab: Xüms ili başa çatdıqda xümsü ödəmək vacibdir. Əgər ötən illərdə bu şəxsə həcc vacib olmayıbsa və hal-hazırda xümsü verdiyi təqdirdə müstəti olmayacaqdırsa, həcc ona vacib olmur.