Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

XÜMSÜN HÖKMLƏRİ

  • Müqəddimə
  • BİRİNCİ FƏSİL: XÜMS DÜŞƏN MALLAR
  • İKİNCİ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
  • ÜÇÜNCÜ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ
  • DÖRDÜNCÜ FƏSİL: XÜMSÜN SƏRF EDİLDİYİ YERLƏR
    Çap versiyası  ;  PDF
     
    DÖRDÜNCÜ FƏSİL: XÜMSÜN SƏRF EDİLDİYİ YERLƏR
     
    Xüms iki bərabər paya ayrılır. Bir pay İmamın (ə), bir pay da seyidlərindir. Xümsün istifadəsi aşağıdakı məsələlərdə açıqlanacaqdır. Qeyd edək ki, xüms mərcəyi-təqlidin ofisinə və ya onun vəkilinə təhvil verilməlidir.
     
    Xüms işləri başçısı
    Xüms, hətta başqa bir şəxsin vasitəsilə olsa belə, xüms işləri başçısına təhvil verilməli və onun möhürü ilə möhürlənmiş qəbz alınmalıdır. Bu hökm baxımından İmam (ə) payı ilə seyid payı arasında fərq yoxdur, yəni hər iki pay xüms işləri başçısına təhvil verilməlidir. Ümumiyyətlə, xüms – istər İmam (ə) payı, istərsə də seyid payı – xüms işləri başçısının icazəsi ilə istifadə olunmalıdır.
     
    Xümsün xüms işləri başçısından qeyri bir şəxsə verilməsi
    Sual 272. İmam Xomeyninin (r.ə), sizin və bəzi fəqihlərin nəzərinə görə, xüms “müsəlmanların başçısı”na verilməlidir. Əgər xüms ondan qeyri bir şəxsə verilərsə, hökm nədir?
    Cavab: Əgər hər bir şəxs öz mərcəyi-təqlidinin fətvasına müvafiq şəkildə xümsünü ödəyərsə, öz vəzifəsinə əməl etmişdir.
     
    Həyatda olan mərcəyi-təqlidin icazəsi
    Sual 273. Əgər bir şəxsin xümsü təhvil almağa dair bizim əvvəlki mərcəyi-təqlidimizdən icazəsi var idisə, indi o Ayətullah Xameneidən bu iş üçün icazə almalıdırmı?
    Cavab: Bəli, icazə almalıdır.
     
    İmam (ə) payı
    Sual 274. İmam (ə) payını xeyriyyə işlərinə, məsələn, din elmləri mərkəzinə və ya yetimlər evinə sərf etmək üçün şəxs öz mərcəyi-təqlidindən icazə almalıdırmı, yoxsa başqa mərcəyi-təqlidlərdən icazə alması kifayət edir? Ümumiyyətlə, mərcəyi-təqliddən icazə almaq vacibdirmi?
    Cavab: Ümumiyyətlə, xümsün (həm İmam (ə) payının, həm də seyid payının) istifadəsi xüms işləri başçısının ixtiyarındadır. Xümsdən hər hansı bir şəkildə istifadə etmək onun icazəsi əsasında olmalıdır.
     
    Sual 275. Şəxs xümsün hamısını və ya bir hissəsini fəqirlərə – istər seyid fəqirə, istərsə də qeyri-seyid fəqirə – verə bilərmi?
    Cavab: O, öz mərcəyi-təqlidindən icazə almadan bu işi görə bilməz.
     
    Sual 276. Şəri əmlak vergisi (xüms, məzalim[1], zəkat) hökumət işlərindəndirmi, yoxsa yox? Öhdəsində xüms olan şəxs seyid payını fəqir seyidə verə bilərmi? Yaxud şəxs məzalimi və zəkatı haqq sahibinə verə bilərmi?
    Cavab: Şəxsin özü zəkatı dindar və iffətli yoxsula verə bilər. Məzalimi isə şəri-hakimin izni ilə verməsi ehtiyat-müstəhəbə müvafiqdir. Amma xümsü bizim nümayəndəliyimizə və ya nümayəndələrdən birinə təhvil verməli, yaxud da xümsün istifadəsi üçün icazə almalıdır.
     
    Sual 277. Bəzi şəxslər mərcəyi-təqliddən icazə almadan seyidlərin su pulu və işıq pulu qəbzini ödəyirlər. Bu məbləği xümsdən hesab edə bilərlərmi, yoxsa hesab edə bilməzlər?
    Cavab: Bu iş üçün bizim nümayəndəliyimizin və ya vəkilimizin icazəsi olmalıdır. Əvvəlki ödənişlərin məbləğini “Şəri əmlak vergiləri” şöbəsinə açıqlayın.
     
    Sual 278. Xümsü dövlət məktəblərinə sərf etmək olarmı?
    Cavab: Bu kimi işlər üçün xeyriyyəçilərin ianələrindən və möminlərin maddi köməkliklərindən istifadə olunsun.
     
    Sual 279. İmam (ə) payını dini kitabların alınıb paylanmasına sərf etmək olarmı?
    Cavab: Ümumiyyətlə, xümsün istifadəsi xüms işləri başçısının icazəsi əsasında olmalıdır.
     
    Sual 280. Mənim boynumda müəyyən məbləğ İmam (ə) payı vardır və onu sizə təhvil verməliyəm. Digər tərəfdən də köməyə ehtiyacı olan bir məscid vardır. Bu pulun məscidin tikintisi və təmirinə xərclənməsi üçün onu məscidin imam-camaatına verməyimə icazə verirsinizmi?
    Cavab: Bu kimi işlər üçün möminlərin maddi köməkliklərindən istifadə olunsun.
     
    Sual 281. Biz belə ehtimal edirik ki, atamız həyatda ikən öz malının xümsünü tam ödəməyibdir. O, vəfat etdikdən sonra biz onun torpaq sahələrindən birini xəstəxana tikintisi üçün bağışladıq. Bu torpaq sahəsini mərhumun malının xümsü olaraq hesab edə bilərikmi?
    Cavab: Bu, xüms ünvanında hesab olunmur.
     
    Seyid payı
    Sual 282. Mən xümsümün seyid payını tanış seyidlərə vermək üçün sizin vəkilinizdən icazə almışam. Seyid payını hansı seyidə verməliyəm? Xahiş edirəm ki, izah edəsiniz.
    Cavab: Seyid payı aşağıdakı xüsusiyyətlərə malik olan seyidə verilməlidir:
    1- Bu şəxs sizin himayənizdə olan, başqa sözlə, dolanışıq xərcləri sizin öhdənizdə olan şəxs olmamalıdır;
    2- Seyid “şəri fəqir” olmalıdır, yəni onun illik gəliri xərclərini ödəmir. Əgər onun fəqir olmadığı sonradan məlum olarsa, verilən xüms kifayət etmir və yenidən fəqir seyidə verilməlidir.
    3- Seyid payı olan pulun özü fəqir seyidə təhvil verilməlidir, bu pul ilə hansısa bir malı alıb ona verməyə icazə verilmir. Amma əgər xümsü vermək istədiyiniz fəqir seyid buna icazə verərsə, bu halda bu işi görməyin maneəsi yoxdur.
    4- Xüms verilən fəqir seyid on iki imam şiəsi olmalıdır.
     
    Sual 283. Əgər seyid şəxsin işi və qazancı vardırsa, xüms almaq haqqına malikdirmi, yoxsa xüms ala bilməz?
    Cavab: Əgər işi və qazancı olmasına rəğmən, yenə də xərclərini təmin edən və şəninə uyğun olan qazancı yoxdursa və fəqir sayılırsa, o, xüms almaq haqqına malikdir.
    Qeyd: Kəffarələri, məzalimləri və sədəqələri (istər müstəhəb sədəqə olsun, istərsə də vacib sədəqə olsun, məsələn, nəzir, vəsiyyət və bu kimi səbəblərə görə vacib olan sədəqələri) fəqir seyidlərə vermək olar.
     
    Sual 284. Seyid payını xeyriyyə işlərinə, məsələn, seyidlərin izdivacına sərf etmək olarmı?
    Cavab: Əgər seyid payını seyidlərə verməyə icazəniz vardırsa, seyid payı olan pulu nağd şəkildə fəqir seyidə verməlisiniz. Əlbəttə, əgər seyid payını vermək istədiyiniz seyid sözügedən işləri görmək üçün sizə vəkalət verərsə, onu görməyinizin maneəsi yoxdur.
     
    Sual 285. Xüms işləri başçısından icazə alaraq seyid payını əri və övladları olan, amma əri seyid olmayan seyidə qadına vermək olarmı? Bu qadın həmin pulu öz övladlarına və ərinə xərcləyə bilərmi?
    Cavab: Əgər seyidə xanım fəqirdirsə, xüms işləri başçısının və ya onun vəkilinin icazəsi ilə seyid payını ona vermək olar. O, bu pulu övladlarına və ərinə xərcləyə bilər.
     
    Sual 286. Bir seyidə qadının əri vəfat etmişdir və onun atası ailənin dolanışıq xərclərini təmin etməkdə səhlənkarlıq göstərir. Halbuki həmin məntəqənin əhalisi bu qadının atasını imkanlı, amma eyni zamanda ailəsinə qarşı xəsis şəxs kimi tanıyırlar. Seyid payından qadının vacib dolanışıq xərcləri məbləğində ona pul vermək olarmı? Fərz edək ki, əgər onun atası: “Mənə ancaq yemək və geyim xərclərini vermək vacibdir. Başqa xərcləri, məsələn, qadınlara aid əşyaları almaq və ya uşaqların gündəlik xərcliklərini vermək mənə vacib deyildir” – desə, ehtiyaclarını təmin edəcək məbləğdə pulu seyid payından ona vermək olarmı?
    Cavab: Hər bir halda, əgər bu xanım fəqirdirsə, xüms işləri başçısının və ya onun vəkilinin icazəsi ilə seyid payını ona vermək olar. O, bu pulu adi dolanışıq xərclərinə sərf edə bilər.
     
    Xümsü fəqir ata-anaya və ya övlada vermək
    Şəxs öz xümsünü onun himayəsində olan, başqa sözlə, dolanışıq xərcləri onun öhdəsində olan şəxslərə, məsələn, valideynlərinə, babalarına, övladlarına və ya nəvələrinə verə bilməz.
     
    Sual 287. Mən iyirmi beş yaşında bir gəncəm və idarə işçisiyəm. Subayam və ata-anamla birlikdə yaşayıram. Atam yaşlıdır və gəliri də yoxdur. Dörd ildir ki, dolanışıq xərclərini mən təmin edirəm. Mənim elə bir maddi imkanım yoxdur ki, həm illik gəlirimin xümsünü verim, həm də dolanışıq xərclərini təmin edim. Hətta əvvəlki illərin gəlirindən doqquz yüz manat xüms borcum vardır və mən onu bir yerə qeyd etmişəm ki, sonradan ödəyim. Sualımı cavablandırmağınızı xahiş edirəm. Mən ilin gəlirinin xümsünü atama və anama verə bilərəmmi?
    Cavab: Ata və ananızın dolanışıq xərcləri sizin öhdənizdə olduğuna görə siz xümsünüzü onlara verə bilməzsiniz. Sizin maddi imkanınız olduğuna görə xüms ili ərzində onların dolanışıq xərclərini təmin etməlisiniz.
     
    Sual 288. Seyid olan bir şəxs öz xümsünü köməklik məqsədilə övladlarına verə bilərmi?
    Cavab: Seyid bir şəxs onun himayəsində olan, yəni dolanışıq xərcləri onun öhdəsində olan şəxsə öz xümsünü, hətta qeyri-vacib xərclər üçün belə, verə bilməz.
     

    [1] Məzalim – insanın boynunda olan, amma sahibi bilinməyən və ya sahibi əlçatmaz olan mala deyilir.
  • BEŞİNCİ FƏSİL: XÜMSÜN MÜXTƏLİF MƏSƏLƏLƏRİ
700 /