Yüklə:
XÜMSÜN HÖKMLƏRİ
- Müqəddimə
Müqəddimə
“Furuiddin”in bəndlərindən biri olan “xüms” İslam dinində vacib əmlak vergisidir. Xüms İslam dinini yaymaq və ehtiyaclı təbəqənin ehtiyaclarını aradan qaldırmaq istiqamətində İslam hökumətinə mühüm iqtisadi dəstəkdir. Şəri vəzifəni yerinə yetirmək niyyətilə xüms ödəmək həm İlahi mükafata layiq görülür, həm də xüms ödəyən şəxsin malının və ruhunun maddiyyat çirkindən təmizlənməsinə səbəb olur. İslam dininə görə şəri vəzifə daşıyan hər bir şəxs öz gəlirinin beşdə birini qarşıdakı məsələlərdə açıqlanacaq qaydada lazımi ünvana ödəməlidir. Bu vəsait İslamın və müsəlmanların mənafeyi istiqamətində sərf edilir.
Xüms barəsində olan ayə və hədislərə nəzər salaq. “Tövbə” surəsinin 103-cü ayəsində buyurulur:
خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَ تُزَکِّیهِمْ بِهَا وَ صَلِّ عَلَیْهِمْ إِنَّ صَلَاتَکَ سَکَنٌ لَهُمْ وَاللهُ سَمِیعٌ عَلِیمٌ.
“Onların mallarından sədəqə al və bununla onları pak edib təmizlə. Onlar üçün dua et, çünki sənin duan onlar üçün aramlıqdır. Allah eşidəndir, biləndir”.
Əhli-beytin (ə) hədislərinə istinadən bu ayənin şamil olduğu hallardan biri İmama (ə) verilən hədiyyə və bəxşişdir (yəni xümsdür).
İmam Sadiq (ə) buyurub:
مَا أُرِیدُ بِذٰلِکَ إِلَّا أَنْ تُطَهِّرُوا
“Sizin dirhəminizi almaqda mənim yeganə məqsədim sizi paklamaqdır”.
İmam Sadiq (ə) başqa bir hədisdə buyurub ki, xüms vermək malın təmizlənməsinə səbəb olur:
یُؤَدِّی خُمْسَنَا وَ یُطَیِّبُ لَهُ
“Xümsümüzü verin və bununla malınızı təmizləyin”.
Məhəmməd ibn Zeyd Təbəri nəql edir ki, İmam Rzanın (ə) ardıcıllarından olan bir fars tacir o Həzrətə məktub yazıb xüms verməmək üçün icazə istədi. İmam Rza (ə) onun məktubunun cavabında yazdı: “Rəhman və rəhim Allahın adı ilə. Həqiqətən də Allah bolluq verən və çox bəxş edəndir. Yaxşı əmələ savab verəcəyinə zamindir. Amma yaxşı əməli yerinə yetirməkdən özünü məhrum edən şəxsi qəm-qüssəyə düçar edir. Allahın halal etdiyi yoldan qeyri bir yolla əldə edilən mal halal deyildir.”
O Həzrət sözünün davamında xümsün təsirlərinə toxunaraq buyurdu:
1- Dini gücləndirmək:
إِنَّ الْخُمْسَ عَوْنُنَا عَلَی دِینِنَا
“Həqiqətən xüms dinimizə olan köməyimizdir”.
2- Dostlara köməklik:
إِنَّ الْخُمْسَ عَوْنُنَا عَلَی عِیَالَاتِنَا، إِنَّ الْخُمْسَ عَوْنُنَا عَلَی مَوَالِینَا
“Xüms qohumlara və dostlara köməkliyimiz üçün bir vasitədir”.
3- Müxaliflər qarşısında heysiyyəti qorumaq:
مَا نَبْذُلُهُ وَ نَشْتَرِی مِنْ أَعْرَاضِنَا مِمَّنْ نَخَافُ سَطْوَتَهُ
“Xüms vasitəsilə biz özümüzün və ardıcıllarımızın heysiyyətini müxaliflərin təhdidləri qarşısında qoruyuruq”.
4- İmamın (ə) duası:
وَ لَا تَحْرِمُوا أَنْفُسَکُمْ دُعَاءَنَا مَا قَدَرْتُمْ عَلَیْهِ
“Bacardığınız qədər özünüzü bizim duamızdan məhrum etməyin”.
5- Ruzi açarı:
فَإِنَّ إِخْرَاجَهُ مٍفْتَاحُ رِزْقِکُمْ
“Xüms vermək ruzinizin açarıdır”.
6- Günahların kəffarəsi və axirət azuqəsi:
فَإِنَّ إِخْرَاجَهُ ... تَمْحِیصُ ذُنُوبِکُمْ وَ مَا تَمْهَدُونَ لِأَنْفُسِکُمْ لِیَوْمِ فَاقَتِکُمْ
“Malın xümsünü vermək günahların bağışlanması səbəbidir, Qiyamət gününün və ehtiyaclı olduğunuz günün azuqəsidir”.
7- Vəfadarlıq nişanəsi:
اَلْمُسْلِمُ مَنْ یَفِی اللهَ بِمَا عَهِدَ إِلَیْهِ وَ لَیْسَ الْمُسْلِمُ مَنْ أَجَابَ بَاللِّسَانِ وَ خَالَفَ بَالْقَلْبِ، وَ السَّلَامُ
“Həqiqi müsəlman o kəsdir ki, İlahi əhd-peymana vəfadar olsun. Dildə müsbət cavab verib, ürəkdə isə mənfi cavab verən kəs, əslində, müsəlman deyildir”.
Ayətullah Xameneinin fətvaları əsasında tərtib edilən bu kitab xüms mövzusu barəsində lazımlı məsələləri özündə ehtiva edir. Kitab “İslam İnqilabı Nəşriyyatı”nda hazırlanıb və çap edilib. “Şəri suallara cavab” adlı kitabda yer alan sual-cavablardan əlavə, bu kitabda yeni sual-cavablar da qeyd edilib. Xüms düşən mallar, xüms düşməyən mallar, xümsün hesablanması və ödənilməsi, xümsün sərf edildiyi yerlər, xümsün müxtəlif məsələləri bu kitabı təşkil edən fəsillərdir. Kitab hamının istifadə edə biləcəyi bir üslubda hazırlanıbdır. Qeyd edək ki, Ayətullah Xameneinin “Şəri sualların cavablandırılması” ofisi bu kitabı təsdiqləmiş və ona əməl etməyin yetərli olduğunu bildirmişdir.
Mütəal Allah bizi İslam dininin göstərişlərinə əməl etmək, Qurani-Kərimə söykənmək və Həzrət Peyğəmbərin (s) və Məsum İmamların (ə) sünnəsinə tabe olmaqda müvəffəq etsin.
İslam İnqilabı Nəşriyyatı
- BİRİNCİ FƏSİL: XÜMS DÜŞƏN MALLAR
- İKİNCİ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
- ÜÇÜNCÜ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ
- Xüms ili
- Mərhumun malının xümsünün hesablanması
Mərhumun malının xümsünün hesablanması
Sual 238. Əgər bir şəxs xüms ili ərzində dünyasını dəyişsə və onun azyaşlı övladları olsa, bu şəxsin il ərzindəki gəlirinin xümsü hesablanmalıdırmı, yoxsa xümsün hesablanması vacib deyildir?
Cavab: Əgər bir şəxs xüms ili ərzində vəfat etsə, vəfat tarixinədək əldə etdiyi gəlir hesablanmalı və məişət ehtiyaclarından artıq qalan gəlirin xümsü verilməlidir. Azyaşlı varislərin olması mərhumun malına xümsün düşməməsinə səbəb olmur.
Sual 239. Xüms ili ərzində vəfat edən şəxs barəsində deyilir ki, onun xüms ili vəfat etdiyi tarixdə başa çatır və həmin ilin gəlirindən məişət ehtiyaclarına sərf edilməyən məbləğin xümsü verilməlidir. Sualım budur ki, mərhumun qüsl, kəfən və dəfn xərclərini onun malından götürə və bunu məişət ehtiyacı hesab edərək onun malından çıxa, daha sonra qalan malın xümsünü verə bilərikmi? Yoxsa malın hamısının xümsü verilməlidir? Əgər mərhumun malının hamısı onun qüsl, kəfən və dəfn xərclərinə sərf olunarsa, bunun hökmü nədir?
Cavab: Əgər mərhumun qüsl, kəfən və dəfni üçün onun malından xərclənərsə, hətta onun malının hamısı bu işə sərf edilərsə, bu xərclərin xümsünü vermək vacib deyildir.
- Büluğa çatmayan şəxslərin xümsü
Büluğa çatmayan şəxslərin xümsü
Sual 240. Uşaqların malına xüms düşürmü? Əgər xüms düşürsə, onu kim verməlidir?
Cavab: Əgər uşaqların da böyüklər kimi gəliri olarsa və bu gəlir il ərzində onların məişət ehtiyaclarına sərf edilməzsə, bu gəlirə xüms düşür. Uşağın şəri başçısı onun malının xümsünü verə bilər. Əgər o, uşağın malının xümsünü verməzsə, uşağın özü büluğa çatdıqdan sonra malına düşən xümsü verməlidir.
- Büluğa çatmamışdan qabaq uşağa verilən hədiyyələrin gəliri
Büluğa çatmamışdan qabaq uşağa verilən hədiyyələrin gəliri
Sual 241. Mənim doqquz yaşım tamam olub. Uşaqlıqdan indiyədək mənə verilən bayramlıqları və hədiyyələri valideynlərim mənim adıma açdırdıqları uzunmüddətli bank hesabına depozit qoyublar. Bu pulun üzərinə onun gəliri (faizi) gəlib. Bilmək istəyirəm ki, bu il mənim büluğa çatmağımın bir ili tamamlananda mən malımın xümsünü necə hesablamalıyam?
Cavab: Hədiyyə verilən pulların özünə xüms düşmür. Amma bu puldan əldə edilən gəlir il ərzində məişət ehtiyaclarına sərf edilmədiyi təqdirdə, ona xüms düşür və xümsü verilməlidir. Həmçinin büluğa çatdıqdan sonra əldə etdiyiniz gəlir əgər xüms ilinin sonunadək məişət ehtiyaclarına sərf edilməzsə, onun da xümsünü verməlisiniz. (Qeyd edək ki, inflyasiya miqdarından artıq olan məbləğ “gəlir” hesab olunur.)
- Dəli insanın xümsü
Dəli insanın xümsü
Sual 242. Dəli insanın malına xüms düşürmü?
Cavab: Əgər dəli insanın gəliri olarsa, bu gəlir il ərzində onun məişət ehtiyaclarına sərf edilmədiyi təqdirdə, gəlirə xüms düşür. Onun şəri başçısı bu xümsü verə bilər. Əgər o, xümsü verməzsə, dəli insan ağıllandıqdan və sağaldıqdan sonra malına düşən xümsü özü verməlidir. Əgər dünyasını dəyişənədək ağıllanmazsa, xüms onun irsindən ödənilməlidir.
Sual 243. Alzaymer (tam unutqanlıq) xəstəliyinə tutulan şəxsin malına xüms düşürmü?
Cavab: Əgər alzaymer xəstəsi heç nəyi ayırd edə bilməyən dəli insan kimi olsa, onun hökmü əvvəlki sualın cavabında qeyd edilən hökmdür.
Sual 244. Tam sağlam vəziyyətdə olan bir şəxs öz övladına müəyyən məbləğ pul verir ki, bu pulu xüms ünvanında lazımi yerə ödəsin. Övlad bu pulu lazımi yerə ödəmək istədiyi zaman xəbərdar olur ki, atası yaddaşını itiribdir. Bu pulu xüms ünvanında qəbul etmək olarmı?
Cavab: Bəli, olar.
- Bir neçə müxtəlif işin gəlirinin xümsünün hesablanması
Bir neçə müxtəlif işin gəlirinin xümsünün hesablanması
Əgər şəxs bir neçə müxtəlif işdən gəlir əldə edirsə, məsələn, həm obyekt icarəyə verir, həm ticarət edir, həm də əkinçilik işləri ilə məşğuldursa, hər bir işin sərmayəsi ayrıca olduğu və gəliri-çıxarı ayrıca hesablandığı təqdirdə, xüms ilinin sonunda hər işin gəlirini ayrıca hesablamalı və xümsünü verməlidir. Əgər hansısa bir işdə ziyan edibsə, bu ziyanı başqa işdən əldə etdiyi gəlirdən ödəyə bilməz. Amma əgər işlərin hamısının gəliri-çıxarı eyni büdcədən idarə olunursa, işlərin gəliri birlikdə hesablanır. Əgər gəlirdən artıq qalarsa, artıq qalan məbləğin xümsü verilir.
Sual 245. Mənim bir neçə müxtəlif işim və gəlir mənbəyim vardır. Mən hər işim üçün ayrıca xüms ili təyin edə bilərəmmi? Əgər bunu edə bilərəmsə, bir işin gəlirinin xümsünü başqa işin gəlirindən – belə ki, bu gəlirin xüms ili başa çatmayıbdır – ödəyə bilərəmmi?
Cavab: Əgər hər işin gəliri-çıxarı və xərcləri ayrı hesablanırsa, hər iş üçün ayrıca xüms ili təyin edin. Amma bu halda bir işdə dəyən ziyanı digər işin gəliri ilə ödəyə bilməzsiniz. Həmçinin hər bir işin gəlirinin xümsünü həmin gəlirdən ödəməlisiniz. Yəni bir işin gəlirinin xümsünü digər işin gəlirindən ödəmək kifayət etmir. Dörddə birinin ödənilməsi isə istisna təşkil edir.
- Ötən il xüms düşən malın xümsünü bu ilin gəliri ilə ödəmək
Ötən il xüms düşən malın xümsünü bu ilin gəliri ilə ödəmək
Sual 246. Bir şəxsin xüms düşən mülkü (evi və ya torpaq sahəsi) vardır. O, bu mülkün xümsünü cari ilin gəlirindən verə bilərmi, yoxsa əvvəlcə cari ilin gəlirinin xümsünü verməli, daha sonra xümsü verilən gəlir ilə həmin mülkün xümsünü verməlidir?
Cavab: Əgər ötən il xüms düşən mülkün xümsünü bu ilin gəliri ilə ödəmək istəsə, əvvəlcə xüms ünvanında ödəmək istədiyi pulun xümsünü verməlidir.
Sual 247. Əvvəlki ilin xüms borcunu bu ilin gəliri ilə ödəyə bilərəmmi?
Cavab: Ümumiyyətlə, hər ilin xümsü həmin ilin gəlirindən ödənilməlidir. Amma əgər hansısa bir səbəbə görə əvvəlki ilin xüms borcunu bu ilin gəliri ilə ödəmək istəsəniz, bu xüms ilinin sonunda ötən ilin xüms borcu ünvanında ödədiyiniz məbləğin də xümsünü ödəməlisiniz. Yaxud da ötən ilin xüms borcunu bu ilin gəliri ilə ödədiyiniz zaman əvvəlcə ödəmək istədiyiniz pulun xümsünü verməli, daha sonra xümsü verilən bu pul ilə ötən ilin xüms borcunu ödəməlisiniz.
- Xümsü verilməyən pulu xümsü verilən pul ilə əvəz etmək
Xümsü verilməyən pulu xümsü verilən pul ilə əvəz etmək
Sual 248. Niyyət vasitəsilə xüms ili hələ başa çatmayan pulu xümsü verilən pul ilə əvəz etmək olarmı?
Cavab: Pulu əvəz etməyə ehtiyac yoxdur. Belə ki, əgər xüms ilinin sonunda mövcud olan pul, xümsü verilən puldan çox olmazsa, bu pula xüms düşmür, baxmayaraq ki, xümsü verilən pul xərclənmişdir və ilin gəliri olan pul qalmışdır.
- Xümsə dair yaranan şəklər
Xümsə dair yaranan şəklər
1- Şəxs əvvəlki illərin xümsünün düzgün hesablanıb-hesablanmadığına dair şəkk edir: Bu halda hesabatın düzgün olduğunu qəbul etməlidir.
2- Şəxs mala xüms düşdüyünü bilirdi, amma xümsü ödəyib-ödəmədiyinə dair şəkk edir: Bu halda xümsü ödəməlidir.
3- Şəxs malın xüms düşən mal (məsələn, iş gəliri), yoxsa xüms düşməyən mal (məsələn, hədiyyə) olduğuna dair şəkk edir: Bu halda malın xümsünü ödəmək vacib olmur.
4- Şəxs malın builki gəlir, yoxsa ötənilki gəlir olduğuna dair şəkk edir və bu da öz növbəsində iki qismə ayrılır:
1) Xüms ili başa çatmışdır və şəxs mövcud malın xüms düşən builki gəlir, yoxsa xümsünü verdiyi ötənilki gəlir olduğunu bilmir: Bu halda o, ehtiyata görə, şəri-hakim ilə müsalihə etməlidir.
2) Xüms ili başa çatmamışdır və şəxs mövcud malın xüms düşməyən builki gəlir, yoxsa xümsünü vermədiyi ötənilki gəlir olduğunu bilmir: Bu halda bu malı cari ilin gəliri hesab etməlidir.
Xümsün ödənilib-ödənilmədiyinə dair şəkk
Sual 249. Əgər bir malın xümsünü verib-vermədiyimə dair şəkk etsəm, amma onun xümsünü verdiyimi güman etsəm, üzərimə düşən vəzifə nədir?
Cavab: Onun xümsünü verməlisiniz.
◘ Mala xümsün düşüb-düşmədiyinə dair şəkk
Sual 250. Əgər əlimdə olan pulun xüms düşən, yoxsa xüms düşməyən pul olduğunu bilməsəm, üzərimə düşən vəzifə nədir?
Cavab: Əgər mövcud pulun xüms düşən pul (məsələn, iş gəliri), yoxsa xüms düşməyən pul (məsələn, hədiyyə) olduğunu bilməsəniz, onun xümsünü vermək vacib olmur. Amma əgər hesabat aparmadığınıza görə hansı məbləğə xüms düşdüyünü bilməsəniz, bu halda araşdırma və hesabat aparmalı və şəkki aradan qaldırmalısınız.
Sual 251. Əgər bir şəxs kitabının arasından müəyyən məbləğ pul tapsa və tərəddüddə qalsa ki, görəsən, bu pul ötən ilin gəlirindəndirmi və onun xümsünü dərhal verməlidir, yoxsa cari ilin gəlirindəndir və xüms ilinin sonunadək onu məişət ehtiyaclarına sərf etməyə vaxt vardır, bu halda onun vəzifəsi nədir?
Cavab: Bu pul cari ilin gəliri hesab olunacaq.
Məişət ehtiyacı olan bir şeyin nə zaman alındığına dair yaranan şəkk
Xüms ilinə sahib olan şəxs əgər yaşayış evini və ya məişət ehtiyacı olan bir şeyi iş gəliri ilə alsa, amma onu il ərzində əldə etdiyi gəlir ilə aldığını, yoxsa xüms ili başa çatdıqdan sonra və gəlirin xümsünü verməmişdən qabaq aldığını bilməsə, bu şeyin xümsünü vermək baxımından onun üzərinə bir vəzifə düşmür.
Sual 252. Təəssüflər olsun ki, xümsümü bir neçə ildir ki, hesablaya bilməmişəm. Bu müddət ərzində ev əşyaları və ya məişət ehtiyacı olan başqa şeylər almışam. Amma onların hansını il ərzindəki gəlir ilə və hansını ötən illərin gəliri ilə aldığımı bilmirəm. Xahiş edirəm, bu məsələdə mənə yol göstərəsiniz.
Cavab: Əgər sizin xüms ili hesabatınız olmayıbsa və məişət ehtiyacı olan şeyləri xüms ili başa çatan, yoxsa başa çatmayan pul ilə aldığınızı bilmirsinizsə, bu şeylərin alış qiyməti barəsində, ehtiyat vacibə görə, bizim nümayəndələrdən biri ilə müsalihə edin.
- Xümsü ödəməyə maddi imkanın çatmaması
Xümsü ödəməyə maddi imkanın çatmaması
Xümsü ödəməyə maddi imkanın çatmaması və ya xümsü ödəməyin çətin olması insanın üzərindən şəri vəzifənin götürülməsinə səbəb olmur. Hər bir halda, şəri vəzifə daşıyan şəxs ona vacib olan xümsü ödəməlidir. Əgər onun xümsü ödəməyə maddi imkanı çatmırsa, xümsü tədricən və maddi imkanı olan kimi ödəməlidir.
Sual 253. Bir şəxsə xüms vermək vacib olmasına rəğmən, o, indiyədək xüms ödəməyibdir. İndi isə xüms ödəməyə maddi imkanı yoxdur və ya xüms ödəmək onun üçün olduqca çətindir. Bu şəxsin vəzifəsi nədir?
Cavab: Əgər bir şəxsə xüms vermək vacib olsa, istənilən halda onu ödəməlidir. Əgər onun xüms verməyə maddi imkanı çatmırsa, yaranan ilk fürsətdə və imkanı çatdığı miqdarda, hətta tədricən olsa belə, xümsü ödəməlidir.
Sual 254. Bir şəxs xaricdə yaşayıb və malının xümsünü verməyibdir. O, xümsü verilməyən pul ilə ev alıb, amma hal-hazırda bu evin xümsünü verməyə onun maddi imkanı yoxdur. Amma hər il xümsünü verərkən, xüms borcu ünvanında müəyyən məbləğ artıq ödəyir. Onun bu əməli düzgündürmü?
Cavab: Suala əsasən, o, xüms borcunu hesablamalı və onu ödəməyə maddi imkanı çatmadığı təqdirdə, bizim vəkillərimizdən birinə müraciət edərək xümsü tədricən ödəməlidir.
Sual 255. Bir şəxs bir neçə ildir ki, illik gəlirinin xümsünü verməyib. İndi isə nə qədər xüms borcu olduğunu bilmir. O, xüms borcundan necə çıxa bilər?
Cavab: O, bizim vəkillərimizdən birinə müraciət edərək hesabat aparmalı və müsalihə etməlidir.
- Xümsün ödənilməsini yubatmaq və tədrici ödəmək
Xümsün ödənilməsini yubatmaq və tədrici ödəmək
Sual 256. Xümsün ödənilməsi “təxirə salınmaz vacib əməl”dirmi?
Cavab: Xüms ili başa çatdıqdan sonra xümsün ödənilməsini bir neçə gündən çox yubatmaq olmaz.
Sual 257. Mən xümsümü hesablamışam, amma onu ödəmək mənim üçün çətindir. Onu hissə-hissə ödəyə bilərəmmi?
Cavab: Əgər xümsü birdəfəyə ödəməyə maddi imkanınız çatmırsa, ödəmək imkanınız olan zaman imkan çatdığı qədər ödəyin. Qeyd edək ki, ödənişlər arasındakı zaman fasiləsi, adi kreditlər kimi, aylıq deyildir. Bu, sizin maddi imkanınıza bağlıdır.
Sual 258. Bu ilin xümsünü ödəməyi yubadıb, onu gələn il ödəməyin hökmü nədir?
Cavab: Əgər xümsü ödəməyə maddi imkanınız çatırsa, bu halda möhlət verilmir və xümsü dərhal ödəməlisiniz. Amma əgər xümsü ödəməyə maddi imkanınız çatmırsa, onu ödəməyə imkanınız olan vaxt imkan çatdığı miqdarda tədricən ödəyin.
Sual 259. Mən aylıq maaş alıram. Bu pulların xümsünü vermədən bankın sərmayə yatırımı hesabına qoya və bu hesabdan pul götürmək istədiyim vaxt həm pulun özünün, həm də gəlirinin xümsünü verə bilərəmmi?
Cavab: Xümsün ödənilməsini gecikdirməyə icazə verilmir. Xüms ilinin sonunda gəlirin xümsü hesablanmalı və ödənilməlidir.
Sual 260. Xümsün ödənilməsini gecikdirdikdə cəriməsi vardırmı?
Cavab: Xeyr, cəriməsi yoxdur. Amma əgər pul dəyərdən düşərsə, şəxs inflyasiya miqdarını da borclu olur.
Sual 261. Əgər mən bir neçə il öz illik gəlirimin hesabatını aparmasam və mənim nağd pulum və sərmayəm artsa, sonra xümsümü versəm, bunun iradı vardırmı?
Cavab: Xümsü hesablamamaq və xümsün ödənilməsini gecikdirmək icazəli deyildir. Xümsün ödənilməsi gecikdirildiyi təqdirdə pulun dəyərdən düşməsi, yəni inflyasiya miqdarı da ödənilməlidir.
Sual 262. Əgər anbarımda bir miqdar qabığı soyulmamış düyü vardırsa və mənim də xüms ilim başa çatıbsa, yalnız istifadə etmək üçün anbardan götürdüyüm düyünün xümsünü verə bilərəmmi?
Cavab: Düyünün hamısının xümsü ödənilməlidir.
Sual 263. Şəxs öz mərcəyi-təqlidinin deyil, başqa mərcəyi-təqlidin vəkilindən xümsün ödənilməsini gecikdirmək üçün icazə ala bilərmi?
Cavab: İlk növbədə qeyd edək ki, mala xüms düşdükdən və xümsün ödənilməsi vacib olduqdan sonra şəxsin xümsü ödəməyə maddi imkanı çatdığı təqdirdə, ilk fürsətdə xümsü ödəməlidir. İkinci məsələ budur ki, hər bir şəxs xüms məsələləri və icazə üçün öz mərcəyi-təqlidinin nümayəndəsinə və ya ofisinə müraciət etməlidir.
Sual 264. Yeddi il əvvəl mənə müəyyən məbləğ xüms vacib oldu və həmin vaxt mən bu məbləğin bir hissəsini ödədim, amma qalan hissə boynumda borc olaraq qaldı. O vaxtdan indiyədək mən bu borcu ödəyə bilməmişəm. Mənim vəzifəm nədir?
Cavab: Əgər bu müddət ərzində xüms borcunu, hətta onun bir hissəsini belə, ödəməyə həqiqətən də imkanınız olmayıbsa, imkanınız olan zaman imkan çatan məbləğdə onu ödəməlisiniz. Amma onu ödəməyə imkanınız çatdığı halda hansısa bir səbəbə görə onu ödəməmisinizsə, pulun dəyərdən düşməsi miqdarını da hesablayıb ödəməlisiniz.
Sual 265. Hicri-şəmsi 1368-ci ildə xümsümün hesablanması üçün sizin hörmətli nümayəndələrinizdən birinə müraciət etdim və xüms borcumun bir hissəsini həmin vaxt ödədim. Amma borcun qalan hissəsini indiyədək ödəməmişəm. Bu il isə təməttu həccinə gedirəm. Borcun qalan hissəsini o günün məbləği ilə verməliyəm, yoxsa günün məzənnəsi ilə hesablayıb verməliyəm?
Cavab: Günün məzənnəsi ilə hesablayıb verməlisiniz.
Sual 266. Xalça almaq və evin kreditini ödəmək üçün müəyyən məbləğ pulu kənara qoymuşdum. Mənim xüms ilim başa çatmışdır. Mən bu pulun xümsünü verməliyəmmi?
Cavab: Xümsün ödənilməsini, ürfə görə, pulu “ilin məişət ehtiyacına sərf etmək” hesab olunacaq həddə gecikdirməyin iradı yoxdur. Məsələn, bir şəxsin bu gün xüms ili başa çatmışdır, amma o, məişət ehtiyacı olan bir əşyanı almalı və ya borcunu ödəməlidir. Bu halda o, xümsü ödəməmişdən öncə həmin əşyanı ala və ya borcunu ödəyə bilər.
- Xümsü ayırıb kənara qoymaq
Xümsü ayırıb kənara qoymaq
Sual 267. Xüms ili başa çatdıqda gəlirin xümsünü ayırıb mərcəyi-təqlidin nümayəndəsi ilə görüşənədək, məsələn, iki həftə özümdə saxlaya bilərəmmi?
Cavab: Əgər xümsü mərcəyi-təqlidə və ya onun vəkilinə təhvil vermək imkanı vardırsa, xüms məbləğində olan pulu ayırıb kənara qoymaq xümsün ödənilməsini gecikdirməyi icazəli etmir. Mümkün olan ilk fürsətdə xümsü ödəməlisiniz.
Sual 268. Mən xüms ilimin sonunda xümsümü ayırıb kənara qoydum, amma yerinə qoymaq şərtilə bu pulun üstündən müəyyən məbləğ götürüb xərclədim. Mənim vəzifəm nədir?
Cavab: Ümumiyyətlə, xümsü ayırıb kənara qoymaq insanın üzərindən şəri vəzifənin götürülməsinə səbəb olmur. Xüms ilinin sonunda xümsü mərcəyi-təqlidə və ya onun nümayəndəsinə ödəmək lazımdır.
Sual 269. Ötən il mən xüms ünvanında müəyyən məbləğ pulu kənara qoydum ki, Qum şəhərində Ayətullah Xameneinin ofisinə verim. Amma bu pulu öz şəhərimdə ev alışı üçün alğı-satqı ofisinə beh verdim. Bu pul “xümsü verilməmiş pul”durmu və bu alğı-satqı üçün Ayətullah Xameneinin icazəsi lazımdırmı?
Cavab: Bu alğı-satqının iradı yoxdur, amma yaranan ilk fürsətdə xüms pulunu inflyasiya miqdarını da hesablayaraq ödəməlisiniz.
- Hər gəlirin xümsünü ayrıca ödəmək
Hər gəlirin xümsünü ayrıca ödəmək
Sual 270. Qərara almışam ki, hər gəliri əldə etdikdə onun xümsünü ödəyim və beləliklə də xüms ili təyin etməyə ehtiyac qalmasın. Bu iş düzgündürmü və xümsün ödənilməsi baxımından kifayət edirmi?
Cavab: Bunun iradı yoxdur.
Sual 271. Mən xüms ilinin sonuna yaxın böyük məbləğdə gəlir əldə etdim, eyni zamanda bu gəlirə çox böyük ehtiyacım vardır. Mən bu gəlir üçün ayrıca xüms ili təyin edə bilərəmmi?
Cavab: Xüms ilinin sonunda sözügedən gəlirin xümsü ödənilməlidir. Əlbəttə, əgər bu pulu xüms günündən sonrakı beş gün ərzində məişət ehtiyacına sərf etsəniz, ona xüms düşmür. Bunu da qeyd edək ki, əgər ehtimal olunan işlər üçün ehtiyatda saxlanılan pulun xümsü verildiyi təqdirdə qalan pul kifayət etməyəcəksə və şəxsin nigarançılığı aradan qalxmayacaqsa, bu pula xüms düşmür.
-
- DÖRDÜNCÜ FƏSİL: XÜMSÜN SƏRF EDİLDİYİ YERLƏR
DÖRDÜNCÜ FƏSİL: XÜMSÜN SƏRF EDİLDİYİ YERLƏR
Xüms iki bərabər paya ayrılır. Bir pay İmamın (ə), bir pay da seyidlərindir. Xümsün istifadəsi aşağıdakı məsələlərdə açıqlanacaqdır. Qeyd edək ki, xüms mərcəyi-təqlidin ofisinə və ya onun vəkilinə təhvil verilməlidir.
Xüms işləri başçısı
Xüms, hətta başqa bir şəxsin vasitəsilə olsa belə, xüms işləri başçısına təhvil verilməli və onun möhürü ilə möhürlənmiş qəbz alınmalıdır. Bu hökm baxımından İmam (ə) payı ilə seyid payı arasında fərq yoxdur, yəni hər iki pay xüms işləri başçısına təhvil verilməlidir. Ümumiyyətlə, xüms – istər İmam (ə) payı, istərsə də seyid payı – xüms işləri başçısının icazəsi ilə istifadə olunmalıdır.
Xümsün xüms işləri başçısından qeyri bir şəxsə verilməsi
Sual 272. İmam Xomeyninin (r.ə), sizin və bəzi fəqihlərin nəzərinə görə, xüms “müsəlmanların başçısı”na verilməlidir. Əgər xüms ondan qeyri bir şəxsə verilərsə, hökm nədir?
Cavab: Əgər hər bir şəxs öz mərcəyi-təqlidinin fətvasına müvafiq şəkildə xümsünü ödəyərsə, öz vəzifəsinə əməl etmişdir.
Həyatda olan mərcəyi-təqlidin icazəsi
Sual 273. Əgər bir şəxsin xümsü təhvil almağa dair bizim əvvəlki mərcəyi-təqlidimizdən icazəsi var idisə, indi o Ayətullah Xameneidən bu iş üçün icazə almalıdırmı?
Cavab: Bəli, icazə almalıdır.
İmam (ə) payı
Sual 274. İmam (ə) payını xeyriyyə işlərinə, məsələn, din elmləri mərkəzinə və ya yetimlər evinə sərf etmək üçün şəxs öz mərcəyi-təqlidindən icazə almalıdırmı, yoxsa başqa mərcəyi-təqlidlərdən icazə alması kifayət edir? Ümumiyyətlə, mərcəyi-təqliddən icazə almaq vacibdirmi?
Cavab: Ümumiyyətlə, xümsün (həm İmam (ə) payının, həm də seyid payının) istifadəsi xüms işləri başçısının ixtiyarındadır. Xümsdən hər hansı bir şəkildə istifadə etmək onun icazəsi əsasında olmalıdır.
Sual 275. Şəxs xümsün hamısını və ya bir hissəsini fəqirlərə – istər seyid fəqirə, istərsə də qeyri-seyid fəqirə – verə bilərmi?
Cavab: O, öz mərcəyi-təqlidindən icazə almadan bu işi görə bilməz.
Sual 276. Şəri əmlak vergisi (xüms, məzalim[1], zəkat) hökumət işlərindəndirmi, yoxsa yox? Öhdəsində xüms olan şəxs seyid payını fəqir seyidə verə bilərmi? Yaxud şəxs məzalimi və zəkatı haqq sahibinə verə bilərmi?
Cavab: Şəxsin özü zəkatı dindar və iffətli yoxsula verə bilər. Məzalimi isə şəri-hakimin izni ilə verməsi ehtiyat-müstəhəbə müvafiqdir. Amma xümsü bizim nümayəndəliyimizə və ya nümayəndələrdən birinə təhvil verməli, yaxud da xümsün istifadəsi üçün icazə almalıdır.
Sual 277. Bəzi şəxslər mərcəyi-təqliddən icazə almadan seyidlərin su pulu və işıq pulu qəbzini ödəyirlər. Bu məbləği xümsdən hesab edə bilərlərmi, yoxsa hesab edə bilməzlər?
Cavab: Bu iş üçün bizim nümayəndəliyimizin və ya vəkilimizin icazəsi olmalıdır. Əvvəlki ödənişlərin məbləğini “Şəri əmlak vergiləri” şöbəsinə açıqlayın.
Sual 278. Xümsü dövlət məktəblərinə sərf etmək olarmı?
Cavab: Bu kimi işlər üçün xeyriyyəçilərin ianələrindən və möminlərin maddi köməkliklərindən istifadə olunsun.
Sual 279. İmam (ə) payını dini kitabların alınıb paylanmasına sərf etmək olarmı?
Cavab: Ümumiyyətlə, xümsün istifadəsi xüms işləri başçısının icazəsi əsasında olmalıdır.
Sual 280. Mənim boynumda müəyyən məbləğ İmam (ə) payı vardır və onu sizə təhvil verməliyəm. Digər tərəfdən də köməyə ehtiyacı olan bir məscid vardır. Bu pulun məscidin tikintisi və təmirinə xərclənməsi üçün onu məscidin imam-camaatına verməyimə icazə verirsinizmi?
Cavab: Bu kimi işlər üçün möminlərin maddi köməkliklərindən istifadə olunsun.
Sual 281. Biz belə ehtimal edirik ki, atamız həyatda ikən öz malının xümsünü tam ödəməyibdir. O, vəfat etdikdən sonra biz onun torpaq sahələrindən birini xəstəxana tikintisi üçün bağışladıq. Bu torpaq sahəsini mərhumun malının xümsü olaraq hesab edə bilərikmi?
Cavab: Bu, xüms ünvanında hesab olunmur.
Seyid payı
Sual 282. Mən xümsümün seyid payını tanış seyidlərə vermək üçün sizin vəkilinizdən icazə almışam. Seyid payını hansı seyidə verməliyəm? Xahiş edirəm ki, izah edəsiniz.
Cavab: Seyid payı aşağıdakı xüsusiyyətlərə malik olan seyidə verilməlidir:
1- Bu şəxs sizin himayənizdə olan, başqa sözlə, dolanışıq xərcləri sizin öhdənizdə olan şəxs olmamalıdır;
2- Seyid “şəri fəqir” olmalıdır, yəni onun illik gəliri xərclərini ödəmir. Əgər onun fəqir olmadığı sonradan məlum olarsa, verilən xüms kifayət etmir və yenidən fəqir seyidə verilməlidir.
3- Seyid payı olan pulun özü fəqir seyidə təhvil verilməlidir, bu pul ilə hansısa bir malı alıb ona verməyə icazə verilmir. Amma əgər xümsü vermək istədiyiniz fəqir seyid buna icazə verərsə, bu halda bu işi görməyin maneəsi yoxdur.
4- Xüms verilən fəqir seyid on iki imam şiəsi olmalıdır.Sual 283. Əgər seyid şəxsin işi və qazancı vardırsa, xüms almaq haqqına malikdirmi, yoxsa xüms ala bilməz?
Cavab: Əgər işi və qazancı olmasına rəğmən, yenə də xərclərini təmin edən və şəninə uyğun olan qazancı yoxdursa və fəqir sayılırsa, o, xüms almaq haqqına malikdir.
Qeyd: Kəffarələri, məzalimləri və sədəqələri (istər müstəhəb sədəqə olsun, istərsə də vacib sədəqə olsun, məsələn, nəzir, vəsiyyət və bu kimi səbəblərə görə vacib olan sədəqələri) fəqir seyidlərə vermək olar.
Sual 284. Seyid payını xeyriyyə işlərinə, məsələn, seyidlərin izdivacına sərf etmək olarmı?
Cavab: Əgər seyid payını seyidlərə verməyə icazəniz vardırsa, seyid payı olan pulu nağd şəkildə fəqir seyidə verməlisiniz. Əlbəttə, əgər seyid payını vermək istədiyiniz seyid sözügedən işləri görmək üçün sizə vəkalət verərsə, onu görməyinizin maneəsi yoxdur.
Sual 285. Xüms işləri başçısından icazə alaraq seyid payını əri və övladları olan, amma əri seyid olmayan seyidə qadına vermək olarmı? Bu qadın həmin pulu öz övladlarına və ərinə xərcləyə bilərmi?
Cavab: Əgər seyidə xanım fəqirdirsə, xüms işləri başçısının və ya onun vəkilinin icazəsi ilə seyid payını ona vermək olar. O, bu pulu övladlarına və ərinə xərcləyə bilər.
Sual 286. Bir seyidə qadının əri vəfat etmişdir və onun atası ailənin dolanışıq xərclərini təmin etməkdə səhlənkarlıq göstərir. Halbuki həmin məntəqənin əhalisi bu qadının atasını imkanlı, amma eyni zamanda ailəsinə qarşı xəsis şəxs kimi tanıyırlar. Seyid payından qadının vacib dolanışıq xərcləri məbləğində ona pul vermək olarmı? Fərz edək ki, əgər onun atası: “Mənə ancaq yemək və geyim xərclərini vermək vacibdir. Başqa xərcləri, məsələn, qadınlara aid əşyaları almaq və ya uşaqların gündəlik xərcliklərini vermək mənə vacib deyildir” – desə, ehtiyaclarını təmin edəcək məbləğdə pulu seyid payından ona vermək olarmı?
Cavab: Hər bir halda, əgər bu xanım fəqirdirsə, xüms işləri başçısının və ya onun vəkilinin icazəsi ilə seyid payını ona vermək olar. O, bu pulu adi dolanışıq xərclərinə sərf edə bilər.
Xümsü fəqir ata-anaya və ya övlada vermək
Şəxs öz xümsünü onun himayəsində olan, başqa sözlə, dolanışıq xərcləri onun öhdəsində olan şəxslərə, məsələn, valideynlərinə, babalarına, övladlarına və ya nəvələrinə verə bilməz.
Sual 287. Mən iyirmi beş yaşında bir gəncəm və idarə işçisiyəm. Subayam və ata-anamla birlikdə yaşayıram. Atam yaşlıdır və gəliri də yoxdur. Dörd ildir ki, dolanışıq xərclərini mən təmin edirəm. Mənim elə bir maddi imkanım yoxdur ki, həm illik gəlirimin xümsünü verim, həm də dolanışıq xərclərini təmin edim. Hətta əvvəlki illərin gəlirindən doqquz yüz manat xüms borcum vardır və mən onu bir yerə qeyd etmişəm ki, sonradan ödəyim. Sualımı cavablandırmağınızı xahiş edirəm. Mən ilin gəlirinin xümsünü atama və anama verə bilərəmmi?
Cavab: Ata və ananızın dolanışıq xərcləri sizin öhdənizdə olduğuna görə siz xümsünüzü onlara verə bilməzsiniz. Sizin maddi imkanınız olduğuna görə xüms ili ərzində onların dolanışıq xərclərini təmin etməlisiniz.
Sual 288. Seyid olan bir şəxs öz xümsünü köməklik məqsədilə övladlarına verə bilərmi?
Cavab: Seyid bir şəxs onun himayəsində olan, yəni dolanışıq xərcləri onun öhdəsində olan şəxsə öz xümsünü, hətta qeyri-vacib xərclər üçün belə, verə bilməz.
[1] Məzalim – insanın boynunda olan, amma sahibi bilinməyən və ya sahibi əlçatmaz olan mala deyilir.
- BEŞİNCİ FƏSİL: XÜMSÜN MÜXTƏLİF MƏSƏLƏLƏRİ
BEŞİNCİ FƏSİL: XÜMSÜN MÜXTƏLİF MƏSƏLƏLƏRİ
Xüms düşən malın istifadəsi
Sual 289. Xümsü verilməyən bir mal irs qalmışdır. Varis şəxs bu malın xümsünü verməlidirmi?
Cavab: Ümumiyyətlə, mərhumun borclu qaldığı və ödəmədiyi xüms irs bölünməmişdən qabaq ödənilməlidir.
Sual 290. Atam həyatda ikən bir torpaq sahəsini rəsmi sənədlə mənim adıma keçirib və o, vəfat etdikdən sonra bu torpaq sahəsi mənə irs çatıbdır. Atam vəsiyyətnaməsində yazmışdır ki, onun əmlakının xümsü verilsin. Mən bu torpaq sahəsinin xümsünü verməliyəmmi?
Cavab: Əgər sizin atanız vəsiyyətnaməsində bu torpaq sahəsinin xümsünü verməyi qeyd edibdirsə, ilk öncə vəsiyyətə əməl olunmalıdır. Bundan sonra bu torpaq sahəsi sizin mülkiyyətinizə keçir. Amma əgər atanız həyatda ikən sözügedən torpaq sahəsini sizin mülkiyyətinizə keçiribsə və siz də onu təhvil almısınızsa, eyni zamanda bu torpaq sahəsinə xüms düşürdüsə, verilən hədiyyə düzgündür. Amma bu torpaq sahəsinin xümsü mərhumun digər borcları kimi, onun irsi bölünməmişdən qabaq verilməlidir.
Sual 291. Bir şəxs vəfat etmişdir və onun boynunda xüms borcu vardır. Bəzi varislər atanın xümsünün verilməsinə mane olur və irsin bölünməsini tələb edirlər. Bizim vəzifəmiz nədir?
Cavab: Əgər mərhumun özü xüms borcu olduğunu vəsiyyət edibdirsə və ya varislərin buna yəqinliyi vardırsa, mərhumun xüms borcu verilməyənədək varislər irsdən istifadə edə bilməzlər. Yalnız o halda istifadə edə bilərlər ki, mərhumun xüms borcunu səhlənkarlıq göstərmədən verməyi ciddi şəkildə qərara alıblar.
Sual 292. Əgər varis şəxs mərhumun boynunda xüms borcu olduğunu və irs bölünməmişdən qabaq xümsün ödənilmədiyini bilsə, onun vəzifəsi nədir? Əgər o, xümsü verməmişdən qabaq maldan istifadə etsə və ya onunla alğı-satqı həyata keçirsə, hökm nədir?
Cavab: Bu şəxs irsdən ona çatan pay nisbətində mərhumun xüms borcunu ödəməlidir. Məsələn, əgər mərhumun əmlakının onda biri ona irs çatıbdırsa, mərhumun xüms borcunun onda birini ödəməlidir. Xümsü verməmişdən qabaq maldan etdiyi istifadələrin iradı yoxdur və alğı-satqı da düzgündür.
Xüms verməyən şəxs ilə ünsiyyət
Xüms verməyən şəxs ilə ünsiyyətdə olmaq onun əməlinə haqq qazandırmaq hesab olunmadığı təqdirdə, iradsızdır. Əlbəttə, əgər “pis işlərdən çəkindirmək” şəri vəzifəsinin şərtləri mövcud olarsa, onu bu işdən çəkindirmək lazımdır. Hətta əgər “pis işlərdən çəkindirmək” şəri vəzifəsini yerinə yetirmək onunla müvəqqəti olaraq əlaqələri kəsməyə bağlı olarsa, bu işi etmək lazımdır.
Xüms verməyən şəxsin malından istifadə etməyin iradı yoxdur. Hətta əgər bu şəxsin malından istifadə edən bir şəxs istifadə etdiyi mala xüms düşdüyünü yəqinliklə bilsə, ondan istifadə etməsinin iradı yoxdur.
Əgər ailə başçısı xüms vermirsə, ailə üzvlərinin onun malından istifadə etmələrinin iradı yoxdur, baxmayaraq ki, ailə başçısı xüms vermədiyinə görə günah edir.
Sual 293. Mən atamın xüms vermədiyinə əminəm. Ona bu barədə bir söz deyəndə, deyir ki, bizim özümüzə xüms verilməlidir, bizə xüms vermək vacib deyildir. Atanın aldığı ev əşyalarından və ərzaqlardan ailə üzvlərinin istifadə etməsinin iradı vardırmı?
Cavab: Ümumiyyətlə, xüms verməyən şəxsin malından başqalarının istifadə etməsinin iradı yoxdur.
Sual 294. Dini göstərişlərə əməl etməyən, xüsusilə də namaz qılmayan və xüms verməyən müsəlmanlarla ünsiyyətdə olmağın hökmü nədir? Onların evində yemək yeməyin iradı vardırmı? Əgər iradı vardırsa, onların evində bir neçə dəfə yemək yeyən şəxsin vəzifəsi nədir?
Cavab: Ümumiyyətlə, xüms verməyən şəxslərin malından istifadə etməyin iradı yoxdur. Amma əgər onlarla ünsiyyətdə olmaq onların əməllərini dəstəkləmək hesab olunarsa və ya “yaxşı işlərə dəvət etmək” və “pis işlərdən çəkindirmək” şəri vəzifəsini yerinə yetirmək onlarla ünsiyyəti kəsməyə bağlı olarsa, onlarla ünsiyyətdə olmaqdan çəkinmək lazımdır.
Xüms verməyən şəxs ilə alğı-satqı etmək
Xüms verməyən şəxs ilə alğı-satqı etmək və onunla şərik olmağın iradı yoxdur, alğı-satqı və şəriklik düzgündür. Əlbəttə, “yaxşı işlərə dəvət etmək” və “pis işlərdən çəkindirmək” şəri vəzifəsinin şərtləri mövcud olduğu təqdirdə, bu şəri vəzifəni yerinə yetirmək vacibdir.
Sual 295. Biz xüms verməyən və xüms ili olmayan şəxslərlə alğı-satqı edirik, onlarla görüşürük və bir süfrədə əyləşib yemək yeyirik. Bu məsələnin hökmü nədir?
Cavab: Sizin üzərinizə “yaxşı işlərə dəvət etmək” və “pis işlərdən çəkindirmək” şəri vəzifəsini yerinə yetirməkdən qeyri bir vəzifə düşmür.
Sual 296. Əgər müştəri aldığı mala xüms düşdüyünü və satıcının bu malın xümsünü ödəmədiyini bilsə, müştəri bu maldan istifadə edə bilərmi?
Cavab: İstifadə edə bilər.
Sual 297. Əgər mənim şəriklərimin xüms ili yoxdursa, mənim vəzifəm nədir?
Cavab: Şəriklərin hər biri öz payının hesabatını aparmalı və xümsünü ödəməlidir, bu vəzifə hər bir şərikin öz öhdəsindədir. Bu baxımdan başqalarının üzərinə heç bir vəzifə düşmür.
Sual 298. Əgər bir neçə şəxs şərik olsalar, onların hər biri öz gəlirinin xümsünü ayrıca olaraq verməlidir, yoxsa xüms ümumi büdcədən verilməlidir?
Cavab: Hər bir şərik öz payının gəlirinin xümsünü hesablayıb ödəməlidir.
Əvvəlki mərcəyi-təqlidin fətvasına əsasən xüms düşən mal
Sual 299. Əvvəlki mərcəyi-təqlidimin fətvasına əsasən, hədiyyələrə, bayramlıqlara xüms düşür. Mən o zaman aldığım hədiyyələr və bayramlıqların xümsünü verməmişəm. İndi sizə təqlid edirəm. Mən onların xümsünü verməliyəmmi?
Cavab: Onların xümsünü verməyiniz vacib deyildir.
Sual 300. İmam Xomeyninin (r.ə) nəzərinə görə, məişət ehtiyacı olan bir şey satıldığı zaman onun xümsü dərhal verilməlidir. Mən İmam Xomeyniyə (r.ə) təqlid etdiyim illərdə bu məsələni bilməmişəm və ona əməl etməmişəm. İndi illərdir ki, sizə təqlid edirəm. Həmişə xüms ilim olubdur və malımın xümsünü tam şəkildə ödəməyə çalışmışam. Sizdən xahiş edirəm ki, İmam Xomeyniyə (r.ə) təqlid etdiyim illərdə əgər həmin məsələyə əməl etməmişəmsə, mənim üzərimdən vəzifəni götürəsiniz.
Cavab: Bu baxımdan sizin üzərinizdə heç bir vəzifə yoxdur.
Artıq ödənilən məbləğin xüms borcu əvəzinə hesablanması
Sual 301. Mən xüms düşməyən malın səhvən xümsünü vermişəm. Verdiyim bu məbləği hal-hazırda xüms düşən malımın xümsü ünvanında hesab edə bilərəmmi?
Cavab: Siz “Şəri əmlak vergiləri və şəri sualların cavablandırılması” şöbəsinə müraciət edib, vəzifənizi öyrənə bilərsiniz.
Sual 302. Əgər bir şəxs bu il xüms məbləğindən əlavə, bir qədər artıq məbləğ ödəsə, o, artıq ödədiyi məbləği sonrakı illərdə xüms ünvanında hesablaya bilərmi?
Cavab: Bu şəxs “Şəri əmlak vergiləri və şəri sualların cavablandırılması” şöbəsinə müraciət edib, vəzifəsini öyrənə bilər.
Ödənilən xümsü geri almaq
Sual 303. Əgər bir şəxs mərcəyi-təqlidin icazəsi ilə müəyyən məbləğ xümsü müəyyən bir yerə və ya şəxsə ödəsə, hansısa bir səbəbə görə onu geri istəyə və ala bilərmi?
Cavab: Mərcəyi-təqlidin icazəsi olmadan onu geri ala bilməz.
Sual 304. Mən xüms ünvanında müəyyən məbləğ pul ödəmişəm, amma sonradan malıma xüms düşmədiyini və səhvən xüms ödədiyimi başa düşmüşəm. Mən bu pulu geri istəyə və ala bilərəmmi?
Cavab: Müxtəlif hallar mövcuddur. Siz mərcəyi-təqlidinizin ofisinə və ya vəkilinə müraciət edin.
Qəsdi-qürbət etmədən xüms ödəmək
Sual 305. Bir şəxs xümsünü verərkən qəsdi-qürbət etməyib (yəni Allaha yaxınlaşmaq niyyəti etməyib). Bu halda o, xüms borcundan çıxmış sayılırmı?
Cavab: Şəxs qəsdi-qürbət etmədən belə, xümsünü ödədiyi təqdirdə xüms borcundan çıxır.
Başqasının xümsünü vermək
Sual 306. Bir şəxs başqa bir şəxsin xümsünü verə bilərmi?
Cavab: Bunun maneəsi yoxdur.
Xümsün ödənilməsi üçün başqa şəxsi vəkil etmək
Sual 307. Bir şəxs öz torpaq sahələrini övladları arasında bölüşdürmüş və onlara demişdir ki, mən bu torpaq sahələrinin xümsünü ödəməmişəm. Odur ki, hər biriniz aldığınız torpaq sahəsinin xümsünü ödəyin. Övladlar da bu şərti qəbul edərək torpaq sahələrini alıblar. Əgər övladlar torpaq sahələrinin xümsünü ödəməsələr, bu şəxsin boynunda xüms borcu vardırmı?
Cavab: Bu şəxsin boynunda xüms borcu vardır.
Sual 308. Mənim müəyyən məbləğ borcum vardır. Borc verən şəxs mənə tapşırdı ki, ona olan borcumu onun xümsü ünvanında mərcəyi-təqlidin ofisinə ödəyim. Hal-hazırda borcu qaytarmağa mənim maddi imkanım yoxdur. Mən bu pulu tədricən və imkan yarandıqca ödəyə bilərəmmi?
Cavab: Borc verən şəxs öz xümsünü imkan daxilində yubatmadan və ilk fürsətdə ödəməlidir. O, borcunu ödəməyə maddi imkanı olmayan bir şəxsə onun xümsünü ödəməsini tapşıra bilməz. Əks halda, xüms borc verən şəxsin boynundadır və xüms ödənilməyənədək, o, borcdan çıxmamışdır.
Xümsün bank vasitəsilə ödənilməsi
Sual 309. Mən xümsümü hesablayıb kənara qoymuşam. Bu pulun özünü sizə və ya ofisinizə çatdırmaq bir qədər çətindir. Bu pulu bank vasitəsilə sizə göndərə bilərəmmi? Amma qeyd edim ki, sizin bankdan təhvil alacağınız pul mənim banka ödədiyim pulun özü deyildir.
Cavab: Bunun iradı yoxdur.
Xümsün bağışlanması və müsalihə edilməsi
Sual 310. Hansı hallarda xüms bağışlana bilər?
Cavab: Xüms bağışlanmır.
Sual 311. Mən izdivac etmək istəyirəm. Gəlir əldə etmək üçün müəyyən məbləğ pulumu universitetə yatırım etmişəm. Bu pulun xümsünü müsalihə etmək mümkündürmü?
Cavab: Vacib olan xüms bağışlanmır və müsalihə edilmir.
Ödənişi üçün möhlət alınan xüms borcu
Sual 312. Belə deyirlər ki, mərcəyi-təqlidin hansı ofisində xüms hesablanıb və ödənişi üçün möhlət alınıbsa, sonradan xümsü həmin ofisə ödəmək lazımdır. Xüms borcunu sizin bölgələrdə yerləşən istənilən ofisinizə ödəyə bilərikmi?
Cavab: Xümsü istənilən ofisimizə ödəsəniz, kifayət edir.
Xümsün vasitəçi şəxsin əlində tələf olması
Sual 313. Əgər bir şəxs müəyyən məbləğ xüms pulunu başqa bir şəxsə versə ki, onu mərcəyi-təqlidin ofisinə çatdırsın, amma yolda bu pul itsə və ya oğurlansa, kim bu pulu ödəməlidir? Bu halda xüms verən şəxsin boynundan xüms borcu götürülürmü?
Cavab: Əgər vasitəçi şəxs pulu qorumaqda səhlənkarlıq etməyibsə, bu pulu borclu deyildir və onu öz tərəfindən ödəməsi lazım deyildir. Əgər vasitəçi şəxs mərcəyi-təqlidin vəkili deyildirsə, xüms borcu xüms verən şəxsin boynundan götürülmür və o, xümsü ödəməlidir.
Xüms ödənildiyi təqdirdə həcc üçün müstəti olmaqdan xaric olmaq
Sual 314. Bir şəxs həcc üçün müstəti olubdur, amma təməttu həcci üçün ödəniş etməmişdən qabaq onun xüms ili başa çatıbdır. Əgər o, xümsünü ödəsə, bu halda həcc ziyarətinin ödənişi üçün kifayət qədər pulu qalmayacaqdır. Onun malına xüms düşürmü? Bu şəxs müstəti olmaqdan xaric olurmu?
Cavab: Xüms ili başa çatdıqda xümsü ödəmək vacibdir. Əgər ötən illərdə bu şəxsə həcc vacib olmayıbsa və hal-hazırda xümsü verdiyi təqdirdə müstəti olmayacaqdırsa, həcc ona vacib olmur.