Yüklə:
XÜMSÜN HÖKMLƏRİ
- Müqəddimə
Müqəddimə
“Furuiddin”in bəndlərindən biri olan “xüms” İslam dinində vacib əmlak vergisidir. Xüms İslam dinini yaymaq və ehtiyaclı təbəqənin ehtiyaclarını aradan qaldırmaq istiqamətində İslam hökumətinə mühüm iqtisadi dəstəkdir. Şəri vəzifəni yerinə yetirmək niyyətilə xüms ödəmək həm İlahi mükafata layiq görülür, həm də xüms ödəyən şəxsin malının və ruhunun maddiyyat çirkindən təmizlənməsinə səbəb olur. İslam dininə görə şəri vəzifə daşıyan hər bir şəxs öz gəlirinin beşdə birini qarşıdakı məsələlərdə açıqlanacaq qaydada lazımi ünvana ödəməlidir. Bu vəsait İslamın və müsəlmanların mənafeyi istiqamətində sərf edilir.
Xüms barəsində olan ayə və hədislərə nəzər salaq. “Tövbə” surəsinin 103-cü ayəsində buyurulur:
خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَ تُزَکِّیهِمْ بِهَا وَ صَلِّ عَلَیْهِمْ إِنَّ صَلَاتَکَ سَکَنٌ لَهُمْ وَاللهُ سَمِیعٌ عَلِیمٌ.
“Onların mallarından sədəqə al və bununla onları pak edib təmizlə. Onlar üçün dua et, çünki sənin duan onlar üçün aramlıqdır. Allah eşidəndir, biləndir”.
Əhli-beytin (ə) hədislərinə istinadən bu ayənin şamil olduğu hallardan biri İmama (ə) verilən hədiyyə və bəxşişdir (yəni xümsdür).
İmam Sadiq (ə) buyurub:
مَا أُرِیدُ بِذٰلِکَ إِلَّا أَنْ تُطَهِّرُوا
“Sizin dirhəminizi almaqda mənim yeganə məqsədim sizi paklamaqdır”.
İmam Sadiq (ə) başqa bir hədisdə buyurub ki, xüms vermək malın təmizlənməsinə səbəb olur:
یُؤَدِّی خُمْسَنَا وَ یُطَیِّبُ لَهُ
“Xümsümüzü verin və bununla malınızı təmizləyin”.
Məhəmməd ibn Zeyd Təbəri nəql edir ki, İmam Rzanın (ə) ardıcıllarından olan bir fars tacir o Həzrətə məktub yazıb xüms verməmək üçün icazə istədi. İmam Rza (ə) onun məktubunun cavabında yazdı: “Rəhman və rəhim Allahın adı ilə. Həqiqətən də Allah bolluq verən və çox bəxş edəndir. Yaxşı əmələ savab verəcəyinə zamindir. Amma yaxşı əməli yerinə yetirməkdən özünü məhrum edən şəxsi qəm-qüssəyə düçar edir. Allahın halal etdiyi yoldan qeyri bir yolla əldə edilən mal halal deyildir.”
O Həzrət sözünün davamında xümsün təsirlərinə toxunaraq buyurdu:
1- Dini gücləndirmək:
إِنَّ الْخُمْسَ عَوْنُنَا عَلَی دِینِنَا
“Həqiqətən xüms dinimizə olan köməyimizdir”.
2- Dostlara köməklik:
إِنَّ الْخُمْسَ عَوْنُنَا عَلَی عِیَالَاتِنَا، إِنَّ الْخُمْسَ عَوْنُنَا عَلَی مَوَالِینَا
“Xüms qohumlara və dostlara köməkliyimiz üçün bir vasitədir”.
3- Müxaliflər qarşısında heysiyyəti qorumaq:
مَا نَبْذُلُهُ وَ نَشْتَرِی مِنْ أَعْرَاضِنَا مِمَّنْ نَخَافُ سَطْوَتَهُ
“Xüms vasitəsilə biz özümüzün və ardıcıllarımızın heysiyyətini müxaliflərin təhdidləri qarşısında qoruyuruq”.
4- İmamın (ə) duası:
وَ لَا تَحْرِمُوا أَنْفُسَکُمْ دُعَاءَنَا مَا قَدَرْتُمْ عَلَیْهِ
“Bacardığınız qədər özünüzü bizim duamızdan məhrum etməyin”.
5- Ruzi açarı:
فَإِنَّ إِخْرَاجَهُ مٍفْتَاحُ رِزْقِکُمْ
“Xüms vermək ruzinizin açarıdır”.
6- Günahların kəffarəsi və axirət azuqəsi:
فَإِنَّ إِخْرَاجَهُ ... تَمْحِیصُ ذُنُوبِکُمْ وَ مَا تَمْهَدُونَ لِأَنْفُسِکُمْ لِیَوْمِ فَاقَتِکُمْ
“Malın xümsünü vermək günahların bağışlanması səbəbidir, Qiyamət gününün və ehtiyaclı olduğunuz günün azuqəsidir”.
7- Vəfadarlıq nişanəsi:
اَلْمُسْلِمُ مَنْ یَفِی اللهَ بِمَا عَهِدَ إِلَیْهِ وَ لَیْسَ الْمُسْلِمُ مَنْ أَجَابَ بَاللِّسَانِ وَ خَالَفَ بَالْقَلْبِ، وَ السَّلَامُ
“Həqiqi müsəlman o kəsdir ki, İlahi əhd-peymana vəfadar olsun. Dildə müsbət cavab verib, ürəkdə isə mənfi cavab verən kəs, əslində, müsəlman deyildir”.
Ayətullah Xameneinin fətvaları əsasında tərtib edilən bu kitab xüms mövzusu barəsində lazımlı məsələləri özündə ehtiva edir. Kitab “İslam İnqilabı Nəşriyyatı”nda hazırlanıb və çap edilib. “Şəri suallara cavab” adlı kitabda yer alan sual-cavablardan əlavə, bu kitabda yeni sual-cavablar da qeyd edilib. Xüms düşən mallar, xüms düşməyən mallar, xümsün hesablanması və ödənilməsi, xümsün sərf edildiyi yerlər, xümsün müxtəlif məsələləri bu kitabı təşkil edən fəsillərdir. Kitab hamının istifadə edə biləcəyi bir üslubda hazırlanıbdır. Qeyd edək ki, Ayətullah Xameneinin “Şəri sualların cavablandırılması” ofisi bu kitabı təsdiqləmiş və ona əməl etməyin yetərli olduğunu bildirmişdir.
Mütəal Allah bizi İslam dininin göstərişlərinə əməl etmək, Qurani-Kərimə söykənmək və Həzrət Peyğəmbərin (s) və Məsum İmamların (ə) sünnəsinə tabe olmaqda müvəffəq etsin.
İslam İnqilabı Nəşriyyatı
- BİRİNCİ FƏSİL: XÜMS DÜŞƏN MALLAR
- İKİNCİ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
- Məişət xərcləri
- İş xərcləri
İş xərcləri
Qazanc əldə edilməsi üçün iş gəlirindən çəkilən və yeri başqa bir mal ilə dolmayan xərclər (məsələn, yüklərin daşınması, işçinin zəhmət haqqısı, mağazanın icarə pulu, kommunal xərclər, vergilər və s.) “tələf” hökmündədir və onlara xüms düşmür. Əgər bu işlər üçün iş gəlirindən qeyri bir pul xərclənərsə, bu pul həmin ilin gəlirindən çıxılır.
Sual 145. Mən mağazanın dekorasiyası və dizaynı üçün müəyyən məbləğ pul xərcləmişəm. Bu dekorasiyaya xüms düşürmü?
Cavab: Əgər bu dekorasiya iş obyektinin dəyər və qiymətinin artmasına səbəb olarsa, yaxud da daşınan və satıla bilən dekorasiya olarsa, ona xüms düşür. Əks halda, bu dekorasiya “tələf” hökmündədir və ona xüms düşmür.
Sual 146. Bir şəxsin xümsü verilən mağazası və ticarət obyekti vardır. O, bu mağazanı satmaq məqsədilə saxlamır. Əgər bu şəxs mağazada müəyyən dəyişikliklər aparsa, məsələn, mağazanın çöl tərəfdən divarlarına dekorativ daşlar vurdursa və ya mağazanın daxili dekorasiyasını dəyişsə, bu dəyişikliklər də mağazanın qiymətinin artmasına səbəb olsa, artan qiymətin xümsünün hökmü nədir?
Cavab: İş gəliri olan pul sözügedən işlərə sərf edildikdə və bunun nəticəsində mağazanın qiyməti artdıqda, artan qiymətə xüms düşür.
Sual 147. Bir şəxs məişət ehtiyacı olmayan bir ev tikib və məqsədi bu evi kirayə verməkdir. O, torpaq sahəsini və istifadə etdiyi bütün tikinti materiallarını xümsü verilən pul ilə alıb. Amma fəhlə pulu, yük daşınması və bu qəbildən olan xərcləri il ərzindəki gəliri ilə ödəyib. Bu evin xümsünün hökmü nədir?
Cavab: Evin tikildiyi xüms ilinin sonunda evin məzənnədəki qiymətindən torpaq sahəsinə və tikinti materiallarına xərclənən pul – pulun inflyasiya miqdarı da hesablanaraq – çıxılır, daha sonra qalan məbləğin xümsü verilir.
Vergilər
Sual 148. Mənim maaşımdan hər ay dövlət vergisinin tutulduğunu nəzərə alaraq, mən xüms verməkdən azad olurammı? Dövlət idarələrinin işçiləri deyirlər ki, hər ay maaşımızdan vergi tutulduğuna görə biz daha xüms vermirik.
Cavab: Vergilər cəmiyyətin idarə edilməsi üçün lazım olan xərclərə sərf edilir və hər bir vətəndaş qanun əsasında öz payına düşən məbləği ödəməlidir. Vergilər insanın digər xərcləri kimi məişət ehtiyaclarından sayılır, amma bunun xümsə aidiyyatı yoxdur.
Sual 149. Bu ilə aid olan və məbləği də məlum olan, amma ödəmədiyim vergini ilin sonundakı gəlirdən çıxa bilərəmmi?
Cavab: Əgər vergi ilin gəlirinə aiddirsə, gəlirdən çıxılır.
Sual 150. Mən keçən il mağazamın sərmayəsinin birillik xümsünü hesablayıb ödədim. Amma bu xüms ilinin sonuna az müddət qalmış mənə məlum oldu ki, ötən iki ilin gəlirinin vergisini ödəməliyəm. Sualım budur ki, vergi verməli olduğumu bilmədiyimə görə, mən bu ilin xümsünü hesablayarkən ötən illərin vergisini sərmayədən çıxa bilərəmmi?
Cavab: Siz xüms ili başa çatmamışdan qabaq ötən illərin borcunu bu ilin gəlirindən ödəyə bilərsiniz. Amma borc bu ilə aid olduğu halda, onu sərmayədən çıxmaq olar.
Borc
Xüms ili başa çatdıqdan sonra beş gün ərzində məişət ehtiyaclarına aid olan borcları, həmçinin cari il və ya ötən illərdə iş ilə əlaqədar çəkilən və yeri başqa bir mal ilə dolmayan xərcləri (məsələn, fəhlə pulu, kommunal xərclər və s.) cari ilin gəlirindən ödəmək olar. Həmçinin cari ilin məişət ehtiyaclarına aid olan və ilin ilk gəliri əldə edildikdən sonra yaranan borcları – hətta ödənilməsə belə – ilin gəlirindən çıxmaq olar. Amma cari ilin ilk gəliri əldə edilməmişdən qabaq yaranan borcları (o cümlədən hansısa bir məişət ehtiyacı nisyə şəklində alındığı üçün yaranan borcu və ya nağd pul şəklində alınan borcu) ehtiyat-vacibə görə, ilin gəlirindən çıxmaq olmaz.
Xüms düşməyən pul, məsələn, hədiyyə verilən, irs çatan və ya xümsü verilən pul ilin ilk gəliri əldə edildikdən sonra yuxarıda qeyd edilən yerlərə sərf edildiyi təqdirdə, bu pulu ilin gəlirindən çıxmaq olar.
Qeyd:
1- Xüms ili başa çatdıqdan sonra şəxs beş gün ərzində əlində olan pulu məişət ehtiyaclarına və ya məişət ehtiyaclarına görə yaranan borca sərf edə bilər.
Əgər iş xərclərinə görə yaranan borc xüms ilinin sonunadək ödənilməsə, yalnız o halda gəlirdən çıxıla bilər ki, borc məhz həmin gəliri əldə etmək üçün yaranmışdır. Beləliklə, əgər borc, məsələn, ticarətə aid olsa, amma gəlir iş maaşı olsa, ticarətə aid olan borc iş maaşı olan gəlirdən çıxıla bilməz.
2- Əgər şəxs xüms ili başa çatdıqdan sonra çox az bir müddət ərzində borcunu o ilin gəlirindən ödəmək istəsə, belə ki, onun bu əməli ürfə görə “gəlirin ilin xərclərinə sərf edilməsi” hesab edilsə, borc miqdarı o ilin gəlirindən çıxılır. Əks halda, şəxsin əlində qalan və xərclənməyən gəlirin hamısının xümsü verilməlidir.
Məişət ehtiyacı üçün alınan borc
Sual 151. Mən məişət ehtiyacım üçün borc almışam. Əgər mənim xüms ilim başa çatsa və borc verən şəxs pulunu istəməsə, amma il ərzində əldə etdiyim gəlirdən bu borc məbləğində və ya ondan az məbləğdə pulum qalsa, borcumu bu puldan çıxa bilərəmmi?
Cavab: Əgər cari xüms ilinin ilk gəlirini əldə etdikdən sonra bu məişət ehtiyacı üçün borc alıb xərc çəkmisinizsə, bu xərci xüms ilinin sonunda əlinizdə qalan puldan çıxa bilərsiniz.
Sual 152. Əgər bir şəxs məişət ehtiyacı üçün borc alsa və borcu qaytarmaq üçün bir neçə il möhləti olsa, bu şəxs ilin gəlirindən borc məbləğini çıxa bilərmi?
Cavab: Əgər borcu cari xüms ilində və ilin ilk gəlirini əldə etdikdən sonra alıbsa, borcu qaytarmasa belə, bu məbləği ilin gəlirindən çıxa bilər. Amma əgər borc əvvəlki illərə aid olsa, xüms ili başa çatdıqdan sonra beş gün ərzində borcu qaytara bilər və bu halda bu pula xüms düşməyəcəkdir.
Sual 153. Əgər adi bir məişət ehtiyacımı alarkən bank çeki versəm və xüms günümdə çekdə qeyd edilən məbləği ödəsəm, bu məbləğ həmin ilin məişət ehtiyaclarından sayılırmı? Ona xüms düşürmü?
Cavab: Bu pula xüms düşmür.
Sual 154. Mənim əlimdə müəyyən məbləğ nağd pul var və müəyyən məbləğ pulu da ayrı-ayrı şəxslərə borc vermişəm. Digər tərəfdən, ev tikmək üçün ötən il aldığım torpaq sahəsinə görə borcum vardır və bir neçə ay sonra borcun bir hissəsini qaytarmalıyam. Mən torpaq sahəsinin alışına görə olan borcumu həm əlimdəki nağd puldan, həm də borc verdiyim puldan çıxa və qalan məbləğin xümsünü verə bilərəmmi?
Cavab: Əgər torpaq sahəsini cari ildə və ilin ilk gəlirini əldə etdikdən sonra almısınızsa, borc məbləğini ilin gəlirindən çıxa bilərsiniz. Amma əgər onu cari xüms ilindən əvvəlki ildə almısınızsa, xüms ili başa çatdıqdan sonra beş gün ərzində borcunuzu qaytara bilərsiniz. Əgər borcunuzu qaytarmasanız, bu məbləği gəlirdən çıxa bilməzsiniz.
Sual 155. Mən övladımın sənədlərini ödənişli orta məktəbə təqdim edərkən ödəniş etmək üçün vaxt istədim və bunun üçün iki bank çeki verdim. Mənim xüms ilim başa çatdıqda bu məbləğ mənim borcum olaraq hesablanacaq, yoxsa bu pulu gələn ilin gəlirindən ödəməliyəm?
Cavab: İlin ilk gəlirini əldə etdiyiniz tarixdən etibarən sizin övladınıza göstərilən təhsil xidməti nisbətindəki məbləğ ilin gəlirindən çıxılır. Amma qalan məbləği xüms ili başa çatdıqdan sonra ən çoxu beş gün ərzində ilin gəlirindən ödəyə bilərsiniz. Ödəmədiyiniz təqdirdə, bu məbləğ ilin gəlirindən çıxılmır.
Nağd və ya kredit borcu olan işçilər
Sual 156. Əgər xüms ilinin sonunda işçinin il ərzində əldə etdiyi gəlirdən müəyyən məbləğ pul qalsa və illik xərclərə sərf edilməmiş olsa, amma eyni zamanda onun nağd və ya kredit borcları olsa, ona xüms vermək vacib olurmu?
Cavab: Əgər işçi ilin ilk gəlirini əldə etdikdən sonra həmin ilin xərclərini təmin etmək üçün borc alıbsa və ya borc il ərzində ehtiyac olan bəzi malları nisyə şəklində almaq nəticəsində yaranıbsa, borc məbləği ilin gəlirindən çıxılır.
İş xərcləri üçün yaranan borc
İş xərcləri ilin gəlirindən çıxıla bilər. Hətta ödəniş vaxtı çatmayan, amma şəxsin boynunda borc sayılan xərclər belə, ilin gəlirindən çıxıla bilər.
Sual 157. İstifadə edilən su və elektrik enerjisinin pulunu, həmçinin fəhlənin zəhmət haqqısını və bu kimi borcları ilin axırında gəlirdən çıxmaq olarmı?
Cavab: Gəlir əldə etmək üçün çəkilən xərcləri həmin ilin gəlirindən çıxmaq olar.
Sual 158. Bir şəxsin alacağı müəyyən məbləğ pul vardır, amma özünün də eyni məbləğdə borcu vardır. O, alacağı pul ilə borcunu qaytarmaq niyyətindədir. Bu şəxsə xüms vermək vacib olurmu?
Cavab: Əgər onun alacağı pul maaşı və ya zəhmət haqqısıdırsa və onu hələ ala bilməyibsə, bu halda bu pula xüms düşmür. Amma əgər o, öz iş gəlirindən başqasına pul borc veribsə, burada bir neçə surət mövcuddur:
a) Əgər bu şəxs həmin ilin gəlirini əldə etmək üçün və ya ilin ilk gəlirini əldə etdikdən sonra məişət ehtiyacını təmin etmək üçün borc verdiyi məbləğdə borc alıbsa, bu məbləği ilin gəlirindən çıxa bilər.
b) Əgər bu borc ötən illərin məişət ehtiyacını təmin etməyə və ya ötən illərin gəlirini əldə etməyə aid olan borcdursa, bu şəxs xüms ili başa çatmamışdan qabaq borc verdiyi pulu geri aldığı təqdirdə, borcunu həmin ilin gəlirindən ödəyə bilər. Bundan qeyri halda, borc gəlirdən çıxılmır.Xərclənməmiş borc pul
Sual 159. Mənim xüms ilim başa çatdı, amma bank hesabımda ayrı-ayrı şəxslərdən aldığım iki min manat pul mövcuddur. Borcu bütövlükdə və ya müəyyən hissəsini qaytarmağın da vaxtı çatmamışdır. Digər tərəfdən də mən bu pulu lazımi yerə hələ sərf edə bilməmişəm. Bu pula xüms düşürmü?
Cavab: Bu pula xüms düşmür.
Sual 160. Mən bir neçə il öncə bankdan pul krediti götürdüm və onu bank hesabıma bir il müddətinə depozit qoydum. Mən bu pulu lazımi yerə hələ istifadə edə bilməmişəm, amma hər ay kreditini ödəyirəm. Bu pula xüms düşürmü?
Cavab: Əgər mövcud pulun məbləği ödənilməyən kreditlərin məbləğindən çox olarsa, aradakı fərqin xümsü ödənilməlidir.
Uzunmüddətli pul krediti
Sual 161. Mən məişət xərcləri üçün pul krediti götürmüşəm və bir neçə il onu ödəyəcəyəm. Hər il ödənilən kredit məbləğinə xüms düşürmü?
Cavab: Bu pul məişət xərclərinə sərf edildiyinə görə ona xüms düşmür.
Sual 162. Əgər mən uzunmüddətli pul krediti götürsəm və illərcə onun kreditlərini ödəsəm, hər il ödənilən kredit məbləğinə xüms düşürmü?
Cavab: Əgər sözügedən pul məişət ehtiyaclarına sərf edilibsə, ödənilən kreditlərə xüms düşmür. Amma əgər pulun hamısı və ya bir hissəsi xərclənməyibsə, mövcud məbləğ ödənilməyən kreditlərin məbləğindən çox olduğu təqdirdə, aradakı fərqin xümsü ödənilməlidir.
Sual 163. Mən ev tikdiyimə görə müəyyən məbləğ pul borc almışam və bu borcu on iki il müddətində qaytarmalıyam. Xüms barəsində mənim vəzifəmi açıqlamağınızı xahiş edirəm. Bu borc ilin gəlirindən çıxılırmı?
Cavab: Ümumiyyətlə, əgər borc məişət ehtiyacını təmin etmək üçün (məsələn, yaşayış evi tikmək üçün) yaranarsa, bu borcu ilin gəlirindən, hətta sonrakı illərin gəlirindən ödəməyin iradı yoxdur və ödənilən pula xüms düşmür. Borcun gəlirdən çıxılmasına gəlincə, bu borc yalnız onun xərcləndiyi ilin gəlirindən çıxıla bilər, bu şərtlə ki, ilin ilk gəliri əldə edildikdən sonra bu borc məişət ehtiyacına sərf edilmişdir.
Sual 164. Borcu olan şəxsə xüms ödəmək vacibdirmi?
Cavab: Borcun olması xümsün vacib olmamasına səbəb olmur.
Sual 165. Mən bankdan pul krediti götürmüşəm və onun ödəniş vaxtı mənim xüms ilim başa çatdıqdan sonradır. Mən qorxuram ki, bu məbləği bu il ödəmədiyim təqdirdə, gələn il onu ödəməyə imkanım olmasın. Xüms ilim başa çatdıqda xüms ödəmək baxımından mənim vəzifəm nədir?
Cavab: Krediti ödəməyin, hətta gələn ilin kreditini ödəməyin iradı yoxdur. Amma əgər pul xərclənməyibsə və ya sərmayə olaraq yatırım edilibsə, ödənilən kreditlərin xümsü hesablanıb verilməlidir.
Əmanət pulun xümsü
Sual 166. Əgər bir şəxsin pulu mənim yanımda əmanətdirsə, bu pula xüms düşürmü?
Cavab: Bu pulun xümsü sizin öhdənizdə deyildir.
Kirayə pulu əvəzinə pul borc vermək
Sual 167. Bir şəxsin ikimərtəbəli evi vardır və o, evin ikinci mərtəbəsində yaşayır. Birinci mərtəbəni isə başqa bir şəxsə yaşayış üçün verib. Evin sahibi həmin şəxsdən müəyyən məbləğ pul borc alıb, amma evə görə ondan kirayə pulu almır. Bu borc pula xüms düşürmü?
Cavab: Bu pula xüms düşmür. Amma bilməlisiniz ki, sualda qeyd edilən şəkildə evi kirayə vermək düzgün deyildir.
Sual 168. Mən bir obyekti ayı min manata icarəyə vermişəm. Eyni zamanda icarəçi şəxsdən on min manat pul borc almışam. Borc aldığım pula xüms düşürmü?
Cavab: Bu pula xüms düşmür.
Sual 169. Əgər icarəçi şəxs ev sahibinə müəyyən məbləğ pul borc vermək (bir növ girov və depozit qoymaq) məcburiyyətindədirsə, bu pula xüms düşürmü?
Cavab: Əgər icarəçi şəxs icarə pulunu tam ödəyə bilmirsə və ya icarə verən şəxs pulun tam verilməsini qəbul etmirsə, digər tərəfdən də icarəçi şəxs bu pulun xümsünü ödədiyi təqdirdə özünə uyğun bir evi kirayələyə bilməyəcəksə, bu halda bu pula xüms düşmür. Bu pul məişət ehtiyacı hökmündə olacaqdır.
Xümsü verilən mal
Bir dəfə xümsü verilən gəlirə yenidən xüms düşmür.
İlin sonunda xümsü verilən pulun çıxılması
Sual 170. Maaş alan bir şəxs xümsünü verdikdən sonra onun əlində yüz manat xümsü verilən pul qalır. Növbəti ilin sonunda onun yüz əlli manat pulu olur. Bu halda o, əlli manat pulun xümsünü verməlidir, yoxsa yüz əlli manat pulun xümsünü verməlidir?
Cavab: Əgər xümsü verilən yüz manat pul il ərzində xərclənməyibsə və ya ilin ilk gəliri əldə edildikdən sonra məişət ehtiyaclarına sərf edilibsə, bu halda yalnız əlli manat pulun xümsü verilməlidir.
Sual 171. Mən indiyədək xümsümü bu qaydada hesablamışam:
lk gəliri əldə etdiyim tarixi xüms ilimin başlanğıcı təyin etmişəm. Daha sonra hər xüms ilimin sonunda əlimdə olan nağd pulu, həmçinin evdə qalan ərzaq və bu kimi malların qiymətini hesablayıram və ümumi məbləği ötən ilin sonunda artıq qalan məbləğ ilə müqayisə edirəm. Builki məbləğ ötənilki məbləğdən çox olduğu təqdirdə, aradakı fərqin xümsünü verirəm. Bu qayda düzgündürmü, yoxsa düzgün deyildir?Cavab: Əgər yeni ilin ilk gəliri əldə edilməmişdən qabaq ötən ildən qalan pul və mal istifadə olunarsa, sualda açıqladığınız qayda, ehtiyat-vacibə görə, düzgün deyildir. Bu halda ilin sonunda qalan pul və malın hamısının xümsü hesablanmalıdır. Amma əgər yeni ilin ilk gəliri əldə edildikdən sonra ötən ildən qalan və xümsü verilən pul-mal istifadə edilərsə, ötən ilə aid olan məbləğ ilin sonunda mövcud gəlirdən çıxılacaqdır.
Xüms düşməyən malın sərmayəyə əlavə olunması
Sual 172. Əgər xüms düşməyən mal sərmayəyə əlavə olunsa, ilin sonunda bu mal sərmayədən çıxılırmı?
Cavab: Bəli, bu mal inflyasiya miqdarı ilə birlikdə sərmayədən çıxılır.
Xümsü verilən iş alətləri
Xümsü verilən iş alətləri satılmayanadək onlara xüms düşmür. Amma satıldığı zaman satışdan əldə edilən puldan alətin əvvəllər xümsü verilən qiyməti və onun inflyasiya miqdarı çıxılır, daha sonra artıq qalan məbləğ satış ilinin gəliri sayılır.
Sual 173. Mən iş alətlərimin xümsünü onları aldığım xüms ilinin sonunda ödədim. Sonrakı illərdə alətlərin inflyasiya miqdarına və ya artan qiymətinə xüms düşürmü?
Cavab: Bu iş alətləri satılmayanadək onlara xüms düşmür. Amma satıldığı zaman satışdan əldə edilən puldan alətin əvvəllər xümsü verilən qiyməti və onun inflyasiya miqdarı çıxılır, daha sonra artıq qalan məbləğ satış ilinin gəliri sayılır.
Sual 174. Mən xümsü verilən iş alətlərimi alış qiymətindən baha qiymətə satdım. Onun xümsünü necə hesablamalıyam?
Cavab: Satışdan əldə edilən puldan iş alətlərinin əvvəllər xümsü verilən qiyməti və onun inflyasiya miqdarı çıxılır, daha sonra artıq qalan məbləğ satış ilinin gəliri sayılır. Əgər bu gəlir xüms ilinin sonunadək məişət ehtiyaclarına sərf edilməzsə, bu halda ona xüms düşür.
Dövriyyədə olan xümsü verilmiş sərmayə
Hər xüms ilinin sonunda dövriyyədə olan sərmayə (yəni ticarət malı) hesablanır, daha sonra xümsü verilən sərmayə və onun inflyasiya miqdarı ümumi sərmayədən çıxılır. Artan sərmayənin xümsü – malın alıcısı olduğu təqdirdə – verilməlidir.
Sual 175. Mağazada mövcud olan və ötən il xümsü verilən malların qiymətləndirilməsi və hesablanması hansı şəkildə aparılmalıdır?
Cavab: Xüms ilinin sonunda mağazada mövcud olan malların qiyməti – dəqiq qiyməti hesablamaq çox çətin olduğu təqdirdə, təxmini qiyməti – hesablanır, daha sonra bu məbləğdən ötən il xümsü verilən malların qiyməti və onun inflyasiya miqdarı çıxılır. Artıq qalan məbləğin xümsü verilir.
Sual 176. Mən bir mağaza sahibiyəm. Hər xüms ilimin sonunda nağd pulumu və mallarımı hesablayıram. Bəzi malların xüms ilinin sonunadək satılmadığını nəzərə alaraq, mən ilin sonunda və mal satılmamışdan qabaq bu malların xümsünü verməliyəmmi? Yoxsa mallar satıldıqdan sonra onların xümsü verilməlidir? Əgər malın xümsünü versəm və sonra onu satsam, gələn il hesabatı necə aparmalıyam? Əgər malı satmasam və onun qiyməti dəyişsə, bunun hökmü nədir?
Cavab: Mala xümsün düşməsi məsələsində malın satılıb-satılmaması rol oynamır. Hər bir halda, siz xüms ilinin sonunda mal hansı qiymətə satıla bilərsə və alıcı onu hansı qiymətə alarsa, bu qiyməti hesablamalı və onun xümsünü çıxarmalısınız. Mal gələn il satıldığı təqdirdə, malın satışından əldə edilən gəlir xüms ilinin sonunda inflyasiya miqdarından çox olduğu təqdirdə, ona xüms düşür.
Sual 177. Mən ticarətçiyəm və bir il üç aydır ki, ticarətə başlamışam. Xüms barəsində bir neçə sualım vardır:
1) Bir ildir ki, alınan, amma satılmayıb anbarda qalan, başqa sözlə, istifadəsiz qalan və hətta alış qiymətindən də aşağı qiymətə satılmalı olan mallara xüms düşürmü? Əslində, bu mallara görə ticarətçi ziyan etmişdir.
2) Əgər mən bu gün mal alsam və sabah mənim xüms ilim başa çatsa, bu mala xüms düşürmü? Yoxsa malın alışından bir il keçməlidir?
3) Əgər mən malı nisyə alsam və onun pulunu hələ ödəməmiş olsam, bu mala xüms düşürmü?
4) Əgər mənim dövriyyədə olan əsas sərmayəm on min manat olsa və bu pul mənə hədiyyə verilən və ya xümsünü verdiyim pul olsa, yenə də xüms ilinin sonunda satılmayan mallara xüms düşürmü?Cavab: 1 və 2) Əgər mallar maaş və ya iş gəliri ilə alınıbsa, xüms ilinin sonunda alıcı bu malları hansı qiymətə alarsa, bu qiymətə xüms düşür.
3) Xüms ilinin sonunda malın artan qiymətinə xüms düşür.
4) Əgər malların artan qiyməti inflyasiya miqdarından çox olmazsa, onlara xüms düşmür.Xüms düşən iş gəliri ilə xüms düşməyən pulun qarışması
Əgər ilin iş gəlirindən olan və xüms düşən pul ilə xüms düşməyən pul eyni bank hesabına qoyulsa, hesabda xüms düşən pul mövcud olduğu təqdirdə, məişət ehtiyacları üçün hesabdan götürülən pul “xüms düşən pul”dan çıxılır – istər xüms düşən puldan istifadə edildiyi niyyət edilsin, istərsə də edilməsin – və xüms düşməyən pul olduğu kimi qalır.
Sual 178. Dövlətin mənə verdiyi subsidiya maaş kartıma köçürülür. Mən kartdan pul çıxaranda hansı pulu çıxardığımı təyin etməliyəmmi? Əgər təyin etməliyəmsə, hansı pulu çıxardığımı təyin etmədiyim hallar necə hesablanacaq?
Cavab: Hansı pulu çıxardığınızı təyin etməyə ehtiyac yoxdur. Kartda maaşdan olan pul mövcud olduğu təqdirdə, məişət ehtiyacları üçün kartdan çıxarılan pul maaş pulundan çıxılır, subsidiya pulu olduğu kimi qalır.
Sual 179. Əgər mənim depozit hesabımda, məsələn, min manat xümsü verilmiş pul olsa, daha sonra mən bu pulun üzərinə beş yüz manat xümsü verilməyən pul əlavə etsəm, il ərzində bu hesabdan pul götürdüyüm təqdirdə, xüms ilinin sonunda hesabda qalan bütün pulun xümsünü hesablamalıyam, yoxsa beş yüz manatdan artıq qalan məbləğin xümsünü hesablamalıyam?
Cavab: Əgər xüms ilinin sonunda hesabdakı pul min manatdan çox olarsa, min manatdan çox olan məbləğin xümsünü verməlisiniz.
Sual 180. Bu il mart ayında xümsümü verdikdən sonra mənim bank hesabımda beş min beş yüz manat pul qaldı. Gələn ayların maaşından olan pul tədricən bu pulun üzərinə əlavə olundu, belə ki, xümsü verilən pul ilə xümsü verilməyən pul bir-birinə qarışdı. Bu pulları xərcləyərkən mənim vəzifəm nədir?
Cavab: Bu ilin ilk maaşını aldığınız zaman bank hesabınızda mövcud olan məbləğ xüms ilinin sonunda hesabda mövcud olan ümumi məbləğdən çıxılır və artıq qalan məbləğin xümsü verilir.
Sual 181. Bir şəxsin əlində həm toy hədiyyəsi ünvanında ona verilən pul, həm izdivac üçün verilən pul krediti, həm də maaşı var idi. Əgər ümumi məbləğdən onun əlində yalnız pul krediti ilə toy hədiyyəsi olan pul məbləğində pul qalarsa, ona xüms düşürmü?
Cavab: Əgər o, bu pulu adi yaşayış xərclərinə sərf edibsə, həmçinin pul kreditinin aylıq ödənişlərini iş gəlirindən ödəməyibsə, bu pula xüms düşmür.
Sual 182. Ötən xüms ilində mənim bank hesabımda müəyyən məbləğ pul var idi və mən xüms ilinin sonunda bu pulun xümsünü ödəmişdim. Cari xüms ili ərzində bank hesabıma bir neçə dəfə pul qoyub, götürdüm. İndi xüms ilim başa çatmışdır. Mən bank hesabımda olan pulun xümsünü necə hesablamalıyam? Pulun müəyyən həddə dövriyyədə olduğunu nəzərə alaraq, hesabımda olan pulun hamısına xüms düşürmü, yoxsa hazırda hesabımda mövcud olan pul ötən il ilə müqayisədə artdığı təqdirdə, aradakı fərqə xüms düşür?
Cavab: Əgər ötən il ilə müqayisədə artan məbləğ maaş və iş gəliri olan puldursa, cari xüms ilinin ilk maaşını aldığınız zaman bank hesabınızda mövcud olan məbləği ilin sonunda hesabınızda mövcud olan məbləğdən çıxmalı və alınan fərqin xümsünü verməlisiniz.
Sərmayəyə dəyən ziyanın kompensasiyası
Xüms ilinin sonunda il ərzində sərmayəyə dəyən ziyan, o cümlədən malın tələf olması, qiymətlərin düşməsi və ya hadisə nəticəsində dəyən ziyan ilin gəlirindən çıxılır. Bu halda, məişət ehtiyaclarından fərqli olaraq, ziyanın ilin ilk gəliri əldə edilməmişdən qabaq, yoxsa əldə edildikdən sonra sərmayəyə dəyməsi arasında fərq yoxdur.
Sual 183. Mən istehsalçı sahibkaram. Xüms ili ərzində iş avadanlıqlarından bəzisi istifadəyə yararsız vəziyyətə düşdü. Bəzi avadanlıqların da qiyməti düşdü. Dəyən ziyanın miqdarını ilin sonunda iş gəlirindən çıxa bilərəmmi? Əgər bu müddət ərzində sərmayəmin bir hissəsini oğurluq və ya hadisə nəticəsində, məsələn, yanğın nəticəsində itirsəm, hökm nədir?
Cavab: Sualda qeyd edilən halların hamısında dəyən ziyan ilin gəlirindən çıxılır və bundan sonra xüms hesablanır.
Sual 184. Ötən il mən əmlakımın xümsünü hesabladım və özümə xüms ili təyin etdim. O vaxt mənim doxsan səkkiz baş qoyunum və müəyyən məbləğ nağd pulum var idi. Qoyunlar tədricən satıldı və onların sayı azaldı, amma nağd pulum artdı. Hal-hazırda mənim altmış baş qoyunum və müəyyən məbləğ nağd pulum vardır. Bu pulun hamısının xümsünü verməliyəm, yoxsa yalnız artan məbləğin xümsünü verməliyəm?
Cabab: Əgər hal-hazırda sahib olduğunuz qoyunların qiyməti ilə nağd pulunuzun cəmi ötən il sahibi olduğunuz doxsan səkkiz baş qoyunun qiyməti ilə nağd pulunuzun cəmindən və bu məbləğin inflyasiya miqdarından çoxdursa, artan məbləğə xüms düşəcək.
Hədiyyə
Ümumiyyətlə, insana bağışlanan (başqa sözlə, insanın tələb edə bilmək hüququna malik olmadığı) mülk, mal və ya pula xüms düşmür, məsələn, hədiyyə, bank mükafatları, yardımlar və s. Əlbəttə, əgər xüms ilinin sonunda bu puldan artıq qalarsa, onun xümsünü vermək ehtiyat-müstəhəbə müvafiqdir.
Hədiyyə verilən malın qiymətinin artması
Əgər hədiyyə verilən mal ticarət məqsədilə saxlanılmazsa, satıldığı zaman onun xümsünü vermək, hətta malın qiyməti artmış olsa belə, vacib olmur. Amma əgər satışa çıxarılacaq sərmayə məqsədilə saxlanılarsa, satıldığı zaman satış qiymətindən malın ilkin qiyməti və bu qiymətin inflyasiyası çıxılır, qalan məbləğ, ehtiyat vacibə görə, satış ilinin gəliri hesab olunur. Bu pul xüms ilinin sonunadək məişət ehtiyaclarına sərf edilmədiyi təqdirdə, onun xümsü verilməlidir.
Həyat yoldaşına aid olan məbləğ
Sual 185. Mən pensiyaya çıxmışam və hər ay pensiya alıram. Neçə müddətdən bir mənə həyat yoldaşıma aid olan məbləğ verilir və mən bu pulu ona verirəm. O da bu pulu banka depozit qoyur. Bu pula xüms düşürmü?
Cavab: Xüms düşmür.
Süd pulu
Sual 186. Bəydən alınan süd puluna xüms düşürmü?
Cavab: Xüms düşmür.
Bayram pulu və mükafat
Bayramlığın və mükafatın xümsünü vermək vacib deyildir.
Sual 187. İşçilərə verilən bayram puluna və ya mükafata xüms düşürmü?
Cavab: Bu pulun xümsünü vermək vacib deyildir.
Sual 188. Mən əsirlikdən azad olunan şəxslərdənəm. Dövlət qayğısı olaraq mənə əsirlik müddətimin iki misli qədər iş stajı yazıldı. Hal-hazırda mən pensiyaya çıxmışam. Qeyd olunanları nəzərə alaraq, əmək fəaliyyətimin sonunda mənə verilən mükafatın xümsünü necə hesablamalıyam?
Cavab: Bu pulun xümsünü vermək vacib deyildir.
On üçüncü maaş
Sual 189. On üçüncü maaşa xüms düşürmü? Əgər xüms düşürsə, ilin məişət xərclərindən artıq qaldığı təqdirdə ona xüms düşür, yoxsa bu maaşı alan kimi ona xüms düşür?
Cavab: İş müqaviləsi və ya əmək məcəlləsi əsasında işi gördürən tərəfin iş qarşılığında işçiyə verdiyi on üçüncü maaş iş gəliri hesab olunur. Bu maaşı aldıqdan sonra xüms ilinin sonunadək məişət ehtiyaclarına sərf edilmədiyi təqdirdə, ona xüms düşür.
Yardım
Sual 190. Dövlət bəzən yardım ünvanında işçilərə pulsuz və ya yarı qiymətə müxtəlif məhsullar verir. Əgər ilin sonunda bu məhsullardan qalarsa, onlara xüms düşürmü?
Cavab: Pulsuz verilən məhsullara heç bir halda xüms düşmür. Amma yarı qiymətə verilən məhsullara gəlincə, əgər xüms ilinin sonunda bu məhsulların yarısından çoxu qalmış olarsa, yarıdan çox olan hissəyə xüms düşür.
Qazilərə, əsirlikdən azad olunanlara və şəhid ailələrinə verilən müavinət
Sual 191. Qazilərə verilən müavinətə xüms düşürmü? Onların həyat yoldaşına verilən əmək haqqına xüms düşürmü?
Cavab: Qazilərə verilən müavinətə xüms düşmür. Qaziyə xidmət göstərməsi qarşılığında onun həyat yoldaşına verilən əmək haqqına gəlincə, əgər bu pul ilin xərclərindən artıq qalarsa, ona xüms düşür. Əks halda, xüms düşmür.
Sual 192. Dövlət əsirlik müddətinin məzuniyyət müddətini hesablayaraq, məzuniyyət pullarını vermişdir. Bu pul iş gəliri hesab olunurmu və ona xüms düşürmü?
Cavab: Bu pula xüms düşmür.
Sual 193. Əsirlikdən azad olunanların ata və anasına dövlətin verdiyi müavinət xərclənmədiyi və yığıldığı təqdirdə, bu pula xüms düşürmü?
Cavab: Bu pulun xümsünü vermək vacib deyildir.
Sual 194. Şəhid fondunun şəhid ailələrinə verdiyi müavinətə xüms düşürmü?
Cavab: Bu pulun xümsünü vermək vacib deyildir.
Şəhid övladlarının sərmayəsi
Sual 195. Şəhid fondunun şəhid övladlarına verdiyi müavinətə xüms düşürmü? Bu pul xərclənmədiyi və yığıldığı təqdirdə, ondan əldə edilən gəlirə xüms düşürmü?
Cavab: Müavinətin özünə xüms düşmür. Amma bu puldan əldə edilən gəlirə xüms düşür. Belə ki, xüms ilinin sonunda bu gəlirdən artıq qalan məbləğ əsas məbləğin inflyasiya miqdarından çox olduğu təqdirdə, çox olan miqdara xüms düşür.
Sual 196. Şəhidlərdən onların övladlarına irs qalan mala xüms düşürmü? Belə ki, şəhid övladlarının dolanışığı bu maldan əldə edilən gəlir ilə təmin edilir.
Cavab: Ümumiyyətlə, irsə xüms düşmür. Amma irsdən əldə edilən gəlir, il ərzində əldə edilən gəlir hesab olunur.
Pul mükafatı (premiya)
Sual 197. İdarələrdə idarə rəhbərliyinin rəyi əsasında, yaxud hər ilin sonunda işçilərə müəyyən məbləğ pul mükafatı (premiya) verilir. Bu pula xüms düşürmü, yoxsa xüms düşmür?
Cavab: Əgər bu pul maaşın bir hissəsi olarsa, ona xüms düşür. Amma əgər hədiyyə ünvanında olarsa, ona xüms düşmür.
Sual 198. Maaşın daxilində ödənilən bütün məbləğlərə xüms düşürmü?
Cavab: Əgər işçi müqavilə əsasında hansısa bir məbləği almaq hüququna malikdirsə və bu məbləğ ona verilmədiyi təqdirdə onu tələb edə bilərsə, bu pula xüms düşür. Bu pul ilin xərclərindən artıq qaldıqda, artıq qalan məbləğə xüms düşəcəkdir. Amma əgər hansısa bir məbləğ işçinin haqqı olmadığı təqdirdə ona verilirsə, bu pulun xümsünü vermək vacib deyildir.
Bank mükafatı
Sual 199. Bankın öz müştərilərinə verdiyi mükafat və hədiyyələrə xüms düşürmü?
Cavab: Bu pula xüms düşmür.
Evin xərcliyi üçün verilən pul
Sual 200. Mən evdar qadınam. Həyat yoldaşım özünün, övladlarının və evin xərcliyi üçün mənə pul verir. Əslində, o, bu pulu mənə bağışlayır, çünki bu pulun hara xərcləndiyini, puldan artıq qalıb-qalmadığını məndən soruşmur. Əgər bu pul ilə alınan geyimlər və ev əşyaları (əlbəttə, bu geyimlər və əşyalara ehtiyac vardır və bizim şənimiz həddindədir) bir müddət istifadə edilməzsə, onlara xüms düşürmü? Mən özümə ayrıca xüms ili təyin etməliyəmmi?
Cavab: Suala əsasən, bu pul ehtiyac duyulan məişət xərclərinə sərf edilir və sizə hədiyyə verilməsə belə, bu pula xüms düşmür.
Tələbə təqaüdü
Sual 201. Tələbə təqaüdünə və ya din elmləri tələbələrinə verilən aylıq müavinətə xüms düşürmü? Əgər təhsil aldığı müəssisədə əmək fəaliyyəti göstərən tələbəyə maaş ünvanında müəyyən məbləğ pul ödənilirsə, bu pula xüms düşürmü?
Cavab: Tələbə təqaüdünə və ya din elmləri tələbələrinə verilən aylıq müavinətə xüms düşmür. Amma tələbəlik dövründə tələbənin aldığı maaşa xüms düşür.
Sual 202. Bir çox tələbələr qarşıya çıxa biləcək və təxmin edilməyən çətinliklərin həlli üçün dolanışıq xərclərində qənaət edir və onlara verilən tələbə təqaüdündən artıq qalan pulu yığırlar. Bu pulun qənaət nəticəsində yığıldığını nəzərə alaraq, ona xüms düşürmü?
Cavab: Bu pula xüms düşmür.
- Nəfəqə
Nəfəqə[1]
Qadının öz ərindən, övladın öz atasından və ya valideynin öz övladından aldığı xərcliyə xüms düşmür.
Sual 203. Əgər ər öz zövcəsinin xərcliyi üçün müəyyən bir miqdar təyin etməsə və ona “nə qədər istəyirsən, özün götür” desə, qadın da tədricən götürdüyü pulun bir hissəsini kənara qoyub yığsa, xüms ilinin sonu çatdıqda bu pula xüms düşürmü, yoxsa xüms düşmür?
Cavab: Əgər ərin niyyəti qadının bu pulu özünə götürməsi olubsa, bu halda sözügedən pula xüms düşmür.
Sual 204. Mən anayam və dolanışıq xərclərimi övladlarım təmin edir. Xüms ilimin sonunda onların mənə verdikləri puldan bir miqdar artıq qalır. Bu pula xüms düşürmü?
Cavab: Bu pula xüms düşmür.
Sual 205. Övladın öz atasından və ya anasından aldığı xərcliyə xüms düşürmü? Əgər xərclik verən şəxs malına düşən xümsü vermirsə, xərclik alan şəxs aldığı pulun xümsünü verməlidirmi?
Cavab: Nəfəqəyə heç bir halda xüms düşmür.
[1] Atanın öz övladına, yaxud övladın öz valideyninə, yaxud da ərin öz zövcəsinə verdiyi xərcliyə “nəfəqə” deyilir.
- İrs
İrs
İrsə, eləcə də irsin satışından əldə edilən pula, hətta irs çatan malın qiyməti artsa belə, xüms düşmür. Amma əgər irs “satışa çıxarılacaq sərmayə” məqsədilə saxlanılarsa, bu halda ehtiyat-vacibə görə, irs satıldıqdan və əldə edilən məbləğdən inflyasiya miqdarı çıxıldıqdan sonra irsin artan dəyəri ilin gəliri hesab olunur. Bu məbləğ xüms ilinin sonunadək məişət ehtiyaclarına sərf edilmədiyi təqdirdə, ona xüms düşəcəkdir.
Uşağa çatan irsdən əldə edilən gəlir il ərzində uşağın məişət xərclərinə sərf edilmədiyi təqdirdə, bu gəlirə xüms düşür. Uşağın şəri başçısı bu gəlirə düşən xümsü ödəyə bilər. Amma əgər o, xümsü ödəməsə, uşağın özü büluğa çatdıqdan sonra bu xümsü ödəməlidir.
Sual 206. Mənə bir neçə gümüş sikkə irs çatıb. Bu sikkələrə xüms və ya zəkat düşürmü?
Cavab: İrs çatan mala xüms düşmür. Sözügedən sikkələrlə hazırkı dövrdə alğı-satqı baş tutmadığına görə onlara zəkat da düşmür.
İrsin qiymətinin artması
Sual 207. Atanın bağı oğula irs çatıb. Bu bağ oğula irs çatan zaman onun qiyməti o qədər də baha olmayıb. Amma hal-hazırda bağın qiyməti artıbdır. Artan qiymətə xüms düşürmü?
Cavab: İrsə və irsin satışından əldə edilən pula, hətta onun qiyməti artsa belə, xüms düşmür. Amma əgər irs ticarət və qiymətin artması məqsədilə saxlanılarsa, bu halda ehtiyat-vacibə görə, irs satıldıqdan və əldə edilən məbləğdən inflyasiya miqdarı çıxıldıqdan sonra irsin artan dəyəri ilin gəliri hesab olunur. Bu məbləğ xüms ilinin sonunadək məişət ehtiyaclarına sərf edilmədiyi təqdirdə ona xüms düşəcəkdir.
- Mehriyyə
Mehriyyə
Sual 208. Qadının aldığı mehriyyəyə xüms düşürmü?
Cavab: Ümumiyyətlə, mehriyyəyə xüms düşmür.
Sual 209. Mənim mehriyyəm on dörd qızıl sikkə idi. Mən onu almışam və saxlayıram. Ona xüms düşürmü?
Cavab: Mehriyyəyə xüms düşmür. Amma əgər bu qızıl sikkələri gəlir əldə etmək və qiymətin artması məqsədilə saxlasanız, sikkələr satıldıqdan və əldə edilən məbləğdən inflyasiya miqdarı çıxıldıqdan sonra, ehtiyat-vacibə görə, onun artan dəyərinə xüms düşür. Bu məbləğ xüms ilinin sonunadək məişət ehtiyaclarına sərf edilmədiyi təqdirdə ona xüms düşəcəkdir.
Sual 210. Mənim mehriyyəm müəyyən məbləğ pul idi. Mən onu alıb banka yatırım etdim və aylıq gəlirini alıram. Bu pula xüms düşürmü?
Cavab: Mehriyyənin özünə xüms düşmür. Amma mehriyyədən əldə edilən gəlirə gəlincə, əgər bu gəlir əsas məbləğin inflyasiya miqdarından çox olarsa, ona xüms düşür. Bu məbləğ xüms ilinin sonunadək məişət ehtiyaclarına sərf edilmədiyi təqdirdə, xümsü verilməlidir.
- Vəqf
Vəqf
Sual 211. Vəqf edilən ərazi və ya maldan gələn gəlirin xüms baxımından hökmü nədir?
Cavab: “Moqufun ələyh”ə[1] vəqf edilən mala, hətta “xüsusi vəqf”[2] olsa belə, xüms düşmür. Malın artımına[3] da xüms düşmür. Amma əgər artım iktisabi şəkildə olarsa, xüms düşəcək.
Sual 212. Mənim ana tərəfdən olan babalarım öz mallarını vəqf ediblər və bu yolla mənə müəyyən məbləğ pul çatır. Bu pulun xümsünü verməliyəmmi?
Cavab: Vəqf vasitəsilə “moqufun ələyh”ə çatan malın xümsünün verilməsi vacib deyildir, baxmayaraq ki, onun xümsünü vermək ehtiyata müvafiqdir.
[1] Müəyyən bir şeydən istifadə etmək kimə vəqf edilibsə, bu şəxs “moqufun-ələyh” adlanır. “Moqufun-ələyh” xüsusi vəqfdə müəyyən şəxs və ya şəxslər, ümumi vəqfdə isə bütün insanlardır.
[2] Əgər bir məkandan və ya əşyadan faydalanmaq haqqı müəyyən şəxslər üçün, məsələn, övladlar üçün təyin olunarsa, buna “xüsusi vəqf” deyilir. Amma əgər hamı üçün təyin olunarsa, buna “ümumi vəqf” deyilir.
[3] Burada artım iki cür ola bilər: 1- “Birləşik artım”, məsələn, qoyunun kökəlməsi. 2- “Ayrı olan artım”, məsələn, qoyundan doğulan quzular.
- Diyə (qanbahası)
Diyə (qanbahası)
Sual 213. Diyəyə xüms düşürmü?
Cavab: Diyəyə xüms düşmür.
Sual 214. Avtomobil qəzasına görə mənə müəyyən məbləğ diyə verildi. Mən bu pulu banka depozit qoydum və onun gəlirini alıram. Bu pula xüms düşürmü?
Cavab: Diyənin özünə xüms düşmür. Amma diyədən əldə edilən gəlirə gəlincə, əsas məbləğin inflyasiya miqdarı əldə edilən gəlirdən çıxıldıqdan sonra qalan məbləğə xüms düşür. Bu məbləğ xüms ilinin sonunadək məişət ehtiyaclarına sərf edilmədiyi təqdirdə, xümsü verilməlidir.
- Sığorta
Sığorta
Sığorta şirkətinə ödənilən pul
Sual 215. Sığorta şirkətinə (sərmayə ünvanında deyil,) həyat, pensiya, bədbəxt hadisələr, yanğın, avtomobil sığortaları və ya bu kimi başqa sığortalar müqaviləsi əsasında ödənilən pula xüms düşürmü?
Cavab: Sığorta olunan şəxsin sığorta rüsumu ünvanında tədricən və ya birdəfəyə ödədiyi pul ödəniş ilinin iş gəlirindən olduğu təqdirdə, bu pul məişət ehtiyacı hesab olunur və ona xüms düşmür. Amma sərmayə və yatırım ünvanında ödənilən pul iş gəlirindən olduğu təqdirdə, hər xüms ilinin sonunda sığorta şirkətinə ödənilən məbləğ hesablanmalı və onun xümsü verilməlidir.
Sığorta şirkətindən alınan pul
Sual 216. Ziyanın ödənilməsi üçün sığorta şirkətlərinin müqavilə əsasında sığorta olunan şəxsə ödədikləri pula xüms düşürmü?
Cavab: Avtomobil, yanğın, əkinçilik məhsulları və bu kimi başqa sığortalarda ziyanın ödənilməsi üçün sığorta şirkətlərinin sığorta olunan şəxsə ödədikləri pul “iş gəliri” hesab olunur.
Sual 217. Avtomobil qəzasında vurduğum xəsarətə görə qarşı tərəfə ödədiyim pula xüms düşürmü?
Cavab: Əgər pulu ödədiyiniz şəxs sığorta müqaviləsinin tərəf müqabili deyildirsə, bu pula xüms düşmür.
Sual 218. Beş il olar ki, mən özüm üçün, həmçinin övladlarım və həyat yoldaşım üçün “həyat sığortası” hesabı açdırmışam və hər ay bu hesaba müəyyən məbləğ pul köçürürəm. Qeyd edim ki, bu məbləğ hər il dəyişir. Bir müddətdən, məsələn, otuz ildən sonra sığorta şirkəti bizim hər birimizə müəyyən məbləğ pul ödəyəcəkdir. Sığorta müqaviləsinə əsasən, bizim beş il ərzində hesabdan pul götürmək və ya müqaviləni pozmaq hüququmuz yoxdur. Hər ay sığorta hesabına köçürdüyüm və bir növ bizim üçün ehtiyatda yığılan pul olan bu məbləğə xüms düşürmü? Əgər xüms düşürsə, onu necə hesablamaq lazımdır? Övladlarımın büluğ həddinə çatmadıqlarını və bu hesaba köçürülən pulun onlara bir növ hədiyyə olduğunu nəzərə alaraq, bu pulun hökmü nədir?
Cavab: Əgər sığorta şirkətinə ödədiyiniz pul yatırım ünvanında deyil, “həyat sığortası”na görə olarsa, bu pul məişət ehtiyaclarından hesab olunur və ona xüms düşmür. Həmçinin sığorta şirkətinin sizin həyat yoldaşınıza və övladlarınıza ödədiyi pula xüms düşmür. Amma sığorta şirkətinin sizə ödədiyi pula gəlincə, bu pul ödəniş ilinin gəliri hesab olunacaq. Ödənişin edildiyi xüms ilinin sonunadək bu pul xərclənmədiyi təqdirdə, onun xümsü verilməlidir. Amma əgər sığorta şirkətinə ödədiyiniz pul yatırım ünvanında olarsa, bu pul iş gəlirindən olduğu təqdirdə, hər xüms ilinin sonunda sığorta hesabına köçürülən məbləğ hesablanmalı və onun xümsü verilməlidir.
Tibbi sığorta
Sual 219. Şəxs müalicə xərclərini xəstəxanaya ödəyir, sığorta şirkəti də üzərinə götürdüyü öhdəliyə görə bu xərclərin səksən faizini şəxsə geri qaytarır. Əgər bu şəxsin xüms ili başa çatıbsa, bu pula xüms düşürmü?
Cavab: Əgər bu şəxs müalicə xərclərini il ərzindəki gəliri ilə ödəyibsə, bu pula xüms düşür.
Sual 220. Xəstəxanaya ödədiyim müalicə xərclərini sığorta şirkəti mənə borcludur və bu pulu tezliklə mənə ödəyəcək. Bu pula xüms düşürmü?
Cavab: Əgər müalicə xərclərini ilin gəlirindən ödəmisinizsə və həmin xüms ilində sığorta şirkətindən pulu almısınızsa, bu pul xüms ilinin sonunadək məişət ehtiyaclarına xərclənmədiyi təqdirdə onun xümsü verilməlidir. Amma əgər xüms ilindən sonra pulu alsanız, aldığınız zaman dərhal onun xümsünü verməlisiniz.
Qeyd: Müalicə xərcləri və bu kimi xərclər iş gəlirindən ödənildiyi və sığorta şirkəti onu sonradan ödədiyi təqdirdə, bu pul yeni gəlir deyildir, əksinə xərcləri azaltmaqdır və xümsün hökmləri bu pula aid olur.
İşsizlik sığortası
Sual 221. Mən bir neçə aydır ki, işlədiyim zavodda kadr ixtisarına düşmüşəm və işsizlik sığortamdan mənə vəsait verilir. Əgər xüms ilinin sonunda bu puldan artıq qalsa, ona xüms düşürmü?
Cavab: Əgər işsizlik sığortası ünvanında ödənilən pul iş gördürən tərəf ilə sığorta şirkəti arasında bağlanan müqavilə əsasındadırsa, bu pula xüms düşmür. Amma əgər işçi ilə sığorta şirkəti arasında bağlanan müqavilə əsasındadırsa, yaxud əmək müqaviləsində işçi iş gördürən tərəfin qarşısında işsizlik sığortasını ödəyəcəyini şərt qoyubdursa, bu iki halda həmin pula xüms düşür.
Sual 222. Xəstəlik məzuniyyəti üçün ödənilən pula xüms düşürmü? (Belə ki, həkim xəstəliyin müalicəsi üçün posiyentə istirahət etməsini təyin etmiş və sığorta da bir və ya iki ay müddətində hər gün üçün məsələn, iyirmi manat həmin şəxsə ödəyir.) Sığorta müəssisəsi bu ay pulu ödəmişdir, amma sonrakı ay mənim xüms ilim başa çatır. Mən bu pulun xümsünü verməliyəmmi?
Cavab: Əgər sığortanın ödədiyi pul sığorta şirkəti ilə pulu alan şəxs arasında bağlanan müqavilə əsasında olarsa, yaxud işi görən tərəfin iş gördürən tərəf qarşısında qoyduğu şərt əsasında iş gördürən tərəf sığorta haqqını ödəyərsə, bu iki halda sözügedən pul “iş gəliri” hökmündədir. Əks halda, bu pul hədiyyə hökmündə olacaq və onun xümsünü vermək vacib deyildir.
Ölümündən sonra kişinin pensiyasının həyat yoldaşına verilməsi
Sual 223. Atam vəfat etdikdən sonra onun pensiyası anama verilir. Bu pula xüms düşürmü?
Cavab: Sığortalanan şəxsin ölümündən sonra onun ailəsinə verilən pensiyaya xüms düşmür.
-
- ÜÇÜNCÜ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ
- DÖRDÜNCÜ FƏSİL: XÜMSÜN SƏRF EDİLDİYİ YERLƏR
DÖRDÜNCÜ FƏSİL: XÜMSÜN SƏRF EDİLDİYİ YERLƏR
Xüms iki bərabər paya ayrılır. Bir pay İmamın (ə), bir pay da seyidlərindir. Xümsün istifadəsi aşağıdakı məsələlərdə açıqlanacaqdır. Qeyd edək ki, xüms mərcəyi-təqlidin ofisinə və ya onun vəkilinə təhvil verilməlidir.
Xüms işləri başçısı
Xüms, hətta başqa bir şəxsin vasitəsilə olsa belə, xüms işləri başçısına təhvil verilməli və onun möhürü ilə möhürlənmiş qəbz alınmalıdır. Bu hökm baxımından İmam (ə) payı ilə seyid payı arasında fərq yoxdur, yəni hər iki pay xüms işləri başçısına təhvil verilməlidir. Ümumiyyətlə, xüms – istər İmam (ə) payı, istərsə də seyid payı – xüms işləri başçısının icazəsi ilə istifadə olunmalıdır.
Xümsün xüms işləri başçısından qeyri bir şəxsə verilməsi
Sual 272. İmam Xomeyninin (r.ə), sizin və bəzi fəqihlərin nəzərinə görə, xüms “müsəlmanların başçısı”na verilməlidir. Əgər xüms ondan qeyri bir şəxsə verilərsə, hökm nədir?
Cavab: Əgər hər bir şəxs öz mərcəyi-təqlidinin fətvasına müvafiq şəkildə xümsünü ödəyərsə, öz vəzifəsinə əməl etmişdir.
Həyatda olan mərcəyi-təqlidin icazəsi
Sual 273. Əgər bir şəxsin xümsü təhvil almağa dair bizim əvvəlki mərcəyi-təqlidimizdən icazəsi var idisə, indi o Ayətullah Xameneidən bu iş üçün icazə almalıdırmı?
Cavab: Bəli, icazə almalıdır.
İmam (ə) payı
Sual 274. İmam (ə) payını xeyriyyə işlərinə, məsələn, din elmləri mərkəzinə və ya yetimlər evinə sərf etmək üçün şəxs öz mərcəyi-təqlidindən icazə almalıdırmı, yoxsa başqa mərcəyi-təqlidlərdən icazə alması kifayət edir? Ümumiyyətlə, mərcəyi-təqliddən icazə almaq vacibdirmi?
Cavab: Ümumiyyətlə, xümsün (həm İmam (ə) payının, həm də seyid payının) istifadəsi xüms işləri başçısının ixtiyarındadır. Xümsdən hər hansı bir şəkildə istifadə etmək onun icazəsi əsasında olmalıdır.
Sual 275. Şəxs xümsün hamısını və ya bir hissəsini fəqirlərə – istər seyid fəqirə, istərsə də qeyri-seyid fəqirə – verə bilərmi?
Cavab: O, öz mərcəyi-təqlidindən icazə almadan bu işi görə bilməz.
Sual 276. Şəri əmlak vergisi (xüms, məzalim[1], zəkat) hökumət işlərindəndirmi, yoxsa yox? Öhdəsində xüms olan şəxs seyid payını fəqir seyidə verə bilərmi? Yaxud şəxs məzalimi və zəkatı haqq sahibinə verə bilərmi?
Cavab: Şəxsin özü zəkatı dindar və iffətli yoxsula verə bilər. Məzalimi isə şəri-hakimin izni ilə verməsi ehtiyat-müstəhəbə müvafiqdir. Amma xümsü bizim nümayəndəliyimizə və ya nümayəndələrdən birinə təhvil verməli, yaxud da xümsün istifadəsi üçün icazə almalıdır.
Sual 277. Bəzi şəxslər mərcəyi-təqliddən icazə almadan seyidlərin su pulu və işıq pulu qəbzini ödəyirlər. Bu məbləği xümsdən hesab edə bilərlərmi, yoxsa hesab edə bilməzlər?
Cavab: Bu iş üçün bizim nümayəndəliyimizin və ya vəkilimizin icazəsi olmalıdır. Əvvəlki ödənişlərin məbləğini “Şəri əmlak vergiləri” şöbəsinə açıqlayın.
Sual 278. Xümsü dövlət məktəblərinə sərf etmək olarmı?
Cavab: Bu kimi işlər üçün xeyriyyəçilərin ianələrindən və möminlərin maddi köməkliklərindən istifadə olunsun.
Sual 279. İmam (ə) payını dini kitabların alınıb paylanmasına sərf etmək olarmı?
Cavab: Ümumiyyətlə, xümsün istifadəsi xüms işləri başçısının icazəsi əsasında olmalıdır.
Sual 280. Mənim boynumda müəyyən məbləğ İmam (ə) payı vardır və onu sizə təhvil verməliyəm. Digər tərəfdən də köməyə ehtiyacı olan bir məscid vardır. Bu pulun məscidin tikintisi və təmirinə xərclənməsi üçün onu məscidin imam-camaatına verməyimə icazə verirsinizmi?
Cavab: Bu kimi işlər üçün möminlərin maddi köməkliklərindən istifadə olunsun.
Sual 281. Biz belə ehtimal edirik ki, atamız həyatda ikən öz malının xümsünü tam ödəməyibdir. O, vəfat etdikdən sonra biz onun torpaq sahələrindən birini xəstəxana tikintisi üçün bağışladıq. Bu torpaq sahəsini mərhumun malının xümsü olaraq hesab edə bilərikmi?
Cavab: Bu, xüms ünvanında hesab olunmur.
Seyid payı
Sual 282. Mən xümsümün seyid payını tanış seyidlərə vermək üçün sizin vəkilinizdən icazə almışam. Seyid payını hansı seyidə verməliyəm? Xahiş edirəm ki, izah edəsiniz.
Cavab: Seyid payı aşağıdakı xüsusiyyətlərə malik olan seyidə verilməlidir:
1- Bu şəxs sizin himayənizdə olan, başqa sözlə, dolanışıq xərcləri sizin öhdənizdə olan şəxs olmamalıdır;
2- Seyid “şəri fəqir” olmalıdır, yəni onun illik gəliri xərclərini ödəmir. Əgər onun fəqir olmadığı sonradan məlum olarsa, verilən xüms kifayət etmir və yenidən fəqir seyidə verilməlidir.
3- Seyid payı olan pulun özü fəqir seyidə təhvil verilməlidir, bu pul ilə hansısa bir malı alıb ona verməyə icazə verilmir. Amma əgər xümsü vermək istədiyiniz fəqir seyid buna icazə verərsə, bu halda bu işi görməyin maneəsi yoxdur.
4- Xüms verilən fəqir seyid on iki imam şiəsi olmalıdır.Sual 283. Əgər seyid şəxsin işi və qazancı vardırsa, xüms almaq haqqına malikdirmi, yoxsa xüms ala bilməz?
Cavab: Əgər işi və qazancı olmasına rəğmən, yenə də xərclərini təmin edən və şəninə uyğun olan qazancı yoxdursa və fəqir sayılırsa, o, xüms almaq haqqına malikdir.
Qeyd: Kəffarələri, məzalimləri və sədəqələri (istər müstəhəb sədəqə olsun, istərsə də vacib sədəqə olsun, məsələn, nəzir, vəsiyyət və bu kimi səbəblərə görə vacib olan sədəqələri) fəqir seyidlərə vermək olar.
Sual 284. Seyid payını xeyriyyə işlərinə, məsələn, seyidlərin izdivacına sərf etmək olarmı?
Cavab: Əgər seyid payını seyidlərə verməyə icazəniz vardırsa, seyid payı olan pulu nağd şəkildə fəqir seyidə verməlisiniz. Əlbəttə, əgər seyid payını vermək istədiyiniz seyid sözügedən işləri görmək üçün sizə vəkalət verərsə, onu görməyinizin maneəsi yoxdur.
Sual 285. Xüms işləri başçısından icazə alaraq seyid payını əri və övladları olan, amma əri seyid olmayan seyidə qadına vermək olarmı? Bu qadın həmin pulu öz övladlarına və ərinə xərcləyə bilərmi?
Cavab: Əgər seyidə xanım fəqirdirsə, xüms işləri başçısının və ya onun vəkilinin icazəsi ilə seyid payını ona vermək olar. O, bu pulu övladlarına və ərinə xərcləyə bilər.
Sual 286. Bir seyidə qadının əri vəfat etmişdir və onun atası ailənin dolanışıq xərclərini təmin etməkdə səhlənkarlıq göstərir. Halbuki həmin məntəqənin əhalisi bu qadının atasını imkanlı, amma eyni zamanda ailəsinə qarşı xəsis şəxs kimi tanıyırlar. Seyid payından qadının vacib dolanışıq xərcləri məbləğində ona pul vermək olarmı? Fərz edək ki, əgər onun atası: “Mənə ancaq yemək və geyim xərclərini vermək vacibdir. Başqa xərcləri, məsələn, qadınlara aid əşyaları almaq və ya uşaqların gündəlik xərcliklərini vermək mənə vacib deyildir” – desə, ehtiyaclarını təmin edəcək məbləğdə pulu seyid payından ona vermək olarmı?
Cavab: Hər bir halda, əgər bu xanım fəqirdirsə, xüms işləri başçısının və ya onun vəkilinin icazəsi ilə seyid payını ona vermək olar. O, bu pulu adi dolanışıq xərclərinə sərf edə bilər.
Xümsü fəqir ata-anaya və ya övlada vermək
Şəxs öz xümsünü onun himayəsində olan, başqa sözlə, dolanışıq xərcləri onun öhdəsində olan şəxslərə, məsələn, valideynlərinə, babalarına, övladlarına və ya nəvələrinə verə bilməz.
Sual 287. Mən iyirmi beş yaşında bir gəncəm və idarə işçisiyəm. Subayam və ata-anamla birlikdə yaşayıram. Atam yaşlıdır və gəliri də yoxdur. Dörd ildir ki, dolanışıq xərclərini mən təmin edirəm. Mənim elə bir maddi imkanım yoxdur ki, həm illik gəlirimin xümsünü verim, həm də dolanışıq xərclərini təmin edim. Hətta əvvəlki illərin gəlirindən doqquz yüz manat xüms borcum vardır və mən onu bir yerə qeyd etmişəm ki, sonradan ödəyim. Sualımı cavablandırmağınızı xahiş edirəm. Mən ilin gəlirinin xümsünü atama və anama verə bilərəmmi?
Cavab: Ata və ananızın dolanışıq xərcləri sizin öhdənizdə olduğuna görə siz xümsünüzü onlara verə bilməzsiniz. Sizin maddi imkanınız olduğuna görə xüms ili ərzində onların dolanışıq xərclərini təmin etməlisiniz.
Sual 288. Seyid olan bir şəxs öz xümsünü köməklik məqsədilə övladlarına verə bilərmi?
Cavab: Seyid bir şəxs onun himayəsində olan, yəni dolanışıq xərcləri onun öhdəsində olan şəxsə öz xümsünü, hətta qeyri-vacib xərclər üçün belə, verə bilməz.
[1] Məzalim – insanın boynunda olan, amma sahibi bilinməyən və ya sahibi əlçatmaz olan mala deyilir.
- BEŞİNCİ FƏSİL: XÜMSÜN MÜXTƏLİF MƏSƏLƏLƏRİ
BEŞİNCİ FƏSİL: XÜMSÜN MÜXTƏLİF MƏSƏLƏLƏRİ
Xüms düşən malın istifadəsi
Sual 289. Xümsü verilməyən bir mal irs qalmışdır. Varis şəxs bu malın xümsünü verməlidirmi?
Cavab: Ümumiyyətlə, mərhumun borclu qaldığı və ödəmədiyi xüms irs bölünməmişdən qabaq ödənilməlidir.
Sual 290. Atam həyatda ikən bir torpaq sahəsini rəsmi sənədlə mənim adıma keçirib və o, vəfat etdikdən sonra bu torpaq sahəsi mənə irs çatıbdır. Atam vəsiyyətnaməsində yazmışdır ki, onun əmlakının xümsü verilsin. Mən bu torpaq sahəsinin xümsünü verməliyəmmi?
Cavab: Əgər sizin atanız vəsiyyətnaməsində bu torpaq sahəsinin xümsünü verməyi qeyd edibdirsə, ilk öncə vəsiyyətə əməl olunmalıdır. Bundan sonra bu torpaq sahəsi sizin mülkiyyətinizə keçir. Amma əgər atanız həyatda ikən sözügedən torpaq sahəsini sizin mülkiyyətinizə keçiribsə və siz də onu təhvil almısınızsa, eyni zamanda bu torpaq sahəsinə xüms düşürdüsə, verilən hədiyyə düzgündür. Amma bu torpaq sahəsinin xümsü mərhumun digər borcları kimi, onun irsi bölünməmişdən qabaq verilməlidir.
Sual 291. Bir şəxs vəfat etmişdir və onun boynunda xüms borcu vardır. Bəzi varislər atanın xümsünün verilməsinə mane olur və irsin bölünməsini tələb edirlər. Bizim vəzifəmiz nədir?
Cavab: Əgər mərhumun özü xüms borcu olduğunu vəsiyyət edibdirsə və ya varislərin buna yəqinliyi vardırsa, mərhumun xüms borcu verilməyənədək varislər irsdən istifadə edə bilməzlər. Yalnız o halda istifadə edə bilərlər ki, mərhumun xüms borcunu səhlənkarlıq göstərmədən verməyi ciddi şəkildə qərara alıblar.
Sual 292. Əgər varis şəxs mərhumun boynunda xüms borcu olduğunu və irs bölünməmişdən qabaq xümsün ödənilmədiyini bilsə, onun vəzifəsi nədir? Əgər o, xümsü verməmişdən qabaq maldan istifadə etsə və ya onunla alğı-satqı həyata keçirsə, hökm nədir?
Cavab: Bu şəxs irsdən ona çatan pay nisbətində mərhumun xüms borcunu ödəməlidir. Məsələn, əgər mərhumun əmlakının onda biri ona irs çatıbdırsa, mərhumun xüms borcunun onda birini ödəməlidir. Xümsü verməmişdən qabaq maldan etdiyi istifadələrin iradı yoxdur və alğı-satqı da düzgündür.
Xüms verməyən şəxs ilə ünsiyyət
Xüms verməyən şəxs ilə ünsiyyətdə olmaq onun əməlinə haqq qazandırmaq hesab olunmadığı təqdirdə, iradsızdır. Əlbəttə, əgər “pis işlərdən çəkindirmək” şəri vəzifəsinin şərtləri mövcud olarsa, onu bu işdən çəkindirmək lazımdır. Hətta əgər “pis işlərdən çəkindirmək” şəri vəzifəsini yerinə yetirmək onunla müvəqqəti olaraq əlaqələri kəsməyə bağlı olarsa, bu işi etmək lazımdır.
Xüms verməyən şəxsin malından istifadə etməyin iradı yoxdur. Hətta əgər bu şəxsin malından istifadə edən bir şəxs istifadə etdiyi mala xüms düşdüyünü yəqinliklə bilsə, ondan istifadə etməsinin iradı yoxdur.
Əgər ailə başçısı xüms vermirsə, ailə üzvlərinin onun malından istifadə etmələrinin iradı yoxdur, baxmayaraq ki, ailə başçısı xüms vermədiyinə görə günah edir.
Sual 293. Mən atamın xüms vermədiyinə əminəm. Ona bu barədə bir söz deyəndə, deyir ki, bizim özümüzə xüms verilməlidir, bizə xüms vermək vacib deyildir. Atanın aldığı ev əşyalarından və ərzaqlardan ailə üzvlərinin istifadə etməsinin iradı vardırmı?
Cavab: Ümumiyyətlə, xüms verməyən şəxsin malından başqalarının istifadə etməsinin iradı yoxdur.
Sual 294. Dini göstərişlərə əməl etməyən, xüsusilə də namaz qılmayan və xüms verməyən müsəlmanlarla ünsiyyətdə olmağın hökmü nədir? Onların evində yemək yeməyin iradı vardırmı? Əgər iradı vardırsa, onların evində bir neçə dəfə yemək yeyən şəxsin vəzifəsi nədir?
Cavab: Ümumiyyətlə, xüms verməyən şəxslərin malından istifadə etməyin iradı yoxdur. Amma əgər onlarla ünsiyyətdə olmaq onların əməllərini dəstəkləmək hesab olunarsa və ya “yaxşı işlərə dəvət etmək” və “pis işlərdən çəkindirmək” şəri vəzifəsini yerinə yetirmək onlarla ünsiyyəti kəsməyə bağlı olarsa, onlarla ünsiyyətdə olmaqdan çəkinmək lazımdır.
Xüms verməyən şəxs ilə alğı-satqı etmək
Xüms verməyən şəxs ilə alğı-satqı etmək və onunla şərik olmağın iradı yoxdur, alğı-satqı və şəriklik düzgündür. Əlbəttə, “yaxşı işlərə dəvət etmək” və “pis işlərdən çəkindirmək” şəri vəzifəsinin şərtləri mövcud olduğu təqdirdə, bu şəri vəzifəni yerinə yetirmək vacibdir.
Sual 295. Biz xüms verməyən və xüms ili olmayan şəxslərlə alğı-satqı edirik, onlarla görüşürük və bir süfrədə əyləşib yemək yeyirik. Bu məsələnin hökmü nədir?
Cavab: Sizin üzərinizə “yaxşı işlərə dəvət etmək” və “pis işlərdən çəkindirmək” şəri vəzifəsini yerinə yetirməkdən qeyri bir vəzifə düşmür.
Sual 296. Əgər müştəri aldığı mala xüms düşdüyünü və satıcının bu malın xümsünü ödəmədiyini bilsə, müştəri bu maldan istifadə edə bilərmi?
Cavab: İstifadə edə bilər.
Sual 297. Əgər mənim şəriklərimin xüms ili yoxdursa, mənim vəzifəm nədir?
Cavab: Şəriklərin hər biri öz payının hesabatını aparmalı və xümsünü ödəməlidir, bu vəzifə hər bir şərikin öz öhdəsindədir. Bu baxımdan başqalarının üzərinə heç bir vəzifə düşmür.
Sual 298. Əgər bir neçə şəxs şərik olsalar, onların hər biri öz gəlirinin xümsünü ayrıca olaraq verməlidir, yoxsa xüms ümumi büdcədən verilməlidir?
Cavab: Hər bir şərik öz payının gəlirinin xümsünü hesablayıb ödəməlidir.
Əvvəlki mərcəyi-təqlidin fətvasına əsasən xüms düşən mal
Sual 299. Əvvəlki mərcəyi-təqlidimin fətvasına əsasən, hədiyyələrə, bayramlıqlara xüms düşür. Mən o zaman aldığım hədiyyələr və bayramlıqların xümsünü verməmişəm. İndi sizə təqlid edirəm. Mən onların xümsünü verməliyəmmi?
Cavab: Onların xümsünü verməyiniz vacib deyildir.
Sual 300. İmam Xomeyninin (r.ə) nəzərinə görə, məişət ehtiyacı olan bir şey satıldığı zaman onun xümsü dərhal verilməlidir. Mən İmam Xomeyniyə (r.ə) təqlid etdiyim illərdə bu məsələni bilməmişəm və ona əməl etməmişəm. İndi illərdir ki, sizə təqlid edirəm. Həmişə xüms ilim olubdur və malımın xümsünü tam şəkildə ödəməyə çalışmışam. Sizdən xahiş edirəm ki, İmam Xomeyniyə (r.ə) təqlid etdiyim illərdə əgər həmin məsələyə əməl etməmişəmsə, mənim üzərimdən vəzifəni götürəsiniz.
Cavab: Bu baxımdan sizin üzərinizdə heç bir vəzifə yoxdur.
Artıq ödənilən məbləğin xüms borcu əvəzinə hesablanması
Sual 301. Mən xüms düşməyən malın səhvən xümsünü vermişəm. Verdiyim bu məbləği hal-hazırda xüms düşən malımın xümsü ünvanında hesab edə bilərəmmi?
Cavab: Siz “Şəri əmlak vergiləri və şəri sualların cavablandırılması” şöbəsinə müraciət edib, vəzifənizi öyrənə bilərsiniz.
Sual 302. Əgər bir şəxs bu il xüms məbləğindən əlavə, bir qədər artıq məbləğ ödəsə, o, artıq ödədiyi məbləği sonrakı illərdə xüms ünvanında hesablaya bilərmi?
Cavab: Bu şəxs “Şəri əmlak vergiləri və şəri sualların cavablandırılması” şöbəsinə müraciət edib, vəzifəsini öyrənə bilər.
Ödənilən xümsü geri almaq
Sual 303. Əgər bir şəxs mərcəyi-təqlidin icazəsi ilə müəyyən məbləğ xümsü müəyyən bir yerə və ya şəxsə ödəsə, hansısa bir səbəbə görə onu geri istəyə və ala bilərmi?
Cavab: Mərcəyi-təqlidin icazəsi olmadan onu geri ala bilməz.
Sual 304. Mən xüms ünvanında müəyyən məbləğ pul ödəmişəm, amma sonradan malıma xüms düşmədiyini və səhvən xüms ödədiyimi başa düşmüşəm. Mən bu pulu geri istəyə və ala bilərəmmi?
Cavab: Müxtəlif hallar mövcuddur. Siz mərcəyi-təqlidinizin ofisinə və ya vəkilinə müraciət edin.
Qəsdi-qürbət etmədən xüms ödəmək
Sual 305. Bir şəxs xümsünü verərkən qəsdi-qürbət etməyib (yəni Allaha yaxınlaşmaq niyyəti etməyib). Bu halda o, xüms borcundan çıxmış sayılırmı?
Cavab: Şəxs qəsdi-qürbət etmədən belə, xümsünü ödədiyi təqdirdə xüms borcundan çıxır.
Başqasının xümsünü vermək
Sual 306. Bir şəxs başqa bir şəxsin xümsünü verə bilərmi?
Cavab: Bunun maneəsi yoxdur.
Xümsün ödənilməsi üçün başqa şəxsi vəkil etmək
Sual 307. Bir şəxs öz torpaq sahələrini övladları arasında bölüşdürmüş və onlara demişdir ki, mən bu torpaq sahələrinin xümsünü ödəməmişəm. Odur ki, hər biriniz aldığınız torpaq sahəsinin xümsünü ödəyin. Övladlar da bu şərti qəbul edərək torpaq sahələrini alıblar. Əgər övladlar torpaq sahələrinin xümsünü ödəməsələr, bu şəxsin boynunda xüms borcu vardırmı?
Cavab: Bu şəxsin boynunda xüms borcu vardır.
Sual 308. Mənim müəyyən məbləğ borcum vardır. Borc verən şəxs mənə tapşırdı ki, ona olan borcumu onun xümsü ünvanında mərcəyi-təqlidin ofisinə ödəyim. Hal-hazırda borcu qaytarmağa mənim maddi imkanım yoxdur. Mən bu pulu tədricən və imkan yarandıqca ödəyə bilərəmmi?
Cavab: Borc verən şəxs öz xümsünü imkan daxilində yubatmadan və ilk fürsətdə ödəməlidir. O, borcunu ödəməyə maddi imkanı olmayan bir şəxsə onun xümsünü ödəməsini tapşıra bilməz. Əks halda, xüms borc verən şəxsin boynundadır və xüms ödənilməyənədək, o, borcdan çıxmamışdır.
Xümsün bank vasitəsilə ödənilməsi
Sual 309. Mən xümsümü hesablayıb kənara qoymuşam. Bu pulun özünü sizə və ya ofisinizə çatdırmaq bir qədər çətindir. Bu pulu bank vasitəsilə sizə göndərə bilərəmmi? Amma qeyd edim ki, sizin bankdan təhvil alacağınız pul mənim banka ödədiyim pulun özü deyildir.
Cavab: Bunun iradı yoxdur.
Xümsün bağışlanması və müsalihə edilməsi
Sual 310. Hansı hallarda xüms bağışlana bilər?
Cavab: Xüms bağışlanmır.
Sual 311. Mən izdivac etmək istəyirəm. Gəlir əldə etmək üçün müəyyən məbləğ pulumu universitetə yatırım etmişəm. Bu pulun xümsünü müsalihə etmək mümkündürmü?
Cavab: Vacib olan xüms bağışlanmır və müsalihə edilmir.
Ödənişi üçün möhlət alınan xüms borcu
Sual 312. Belə deyirlər ki, mərcəyi-təqlidin hansı ofisində xüms hesablanıb və ödənişi üçün möhlət alınıbsa, sonradan xümsü həmin ofisə ödəmək lazımdır. Xüms borcunu sizin bölgələrdə yerləşən istənilən ofisinizə ödəyə bilərikmi?
Cavab: Xümsü istənilən ofisimizə ödəsəniz, kifayət edir.
Xümsün vasitəçi şəxsin əlində tələf olması
Sual 313. Əgər bir şəxs müəyyən məbləğ xüms pulunu başqa bir şəxsə versə ki, onu mərcəyi-təqlidin ofisinə çatdırsın, amma yolda bu pul itsə və ya oğurlansa, kim bu pulu ödəməlidir? Bu halda xüms verən şəxsin boynundan xüms borcu götürülürmü?
Cavab: Əgər vasitəçi şəxs pulu qorumaqda səhlənkarlıq etməyibsə, bu pulu borclu deyildir və onu öz tərəfindən ödəməsi lazım deyildir. Əgər vasitəçi şəxs mərcəyi-təqlidin vəkili deyildirsə, xüms borcu xüms verən şəxsin boynundan götürülmür və o, xümsü ödəməlidir.
Xüms ödənildiyi təqdirdə həcc üçün müstəti olmaqdan xaric olmaq
Sual 314. Bir şəxs həcc üçün müstəti olubdur, amma təməttu həcci üçün ödəniş etməmişdən qabaq onun xüms ili başa çatıbdır. Əgər o, xümsünü ödəsə, bu halda həcc ziyarətinin ödənişi üçün kifayət qədər pulu qalmayacaqdır. Onun malına xüms düşürmü? Bu şəxs müstəti olmaqdan xaric olurmu?
Cavab: Xüms ili başa çatdıqda xümsü ödəmək vacibdir. Əgər ötən illərdə bu şəxsə həcc vacib olmayıbsa və hal-hazırda xümsü verdiyi təqdirdə müstəti olmayacaqdırsa, həcc ona vacib olmur.