Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

XÜMSÜN HÖKMLƏRİ

  • Müqəddimə
  • BİRİNCİ FƏSİL: XÜMS DÜŞƏN MALLAR
  • İKİNCİ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
    • Məişət xərcləri
    • İş xərcləri
      Çap versiyası  ;  PDF
       
      İş xərcləri

       

      Qazanc əldə edilməsi üçün iş gəlirindən çəkilən və yeri başqa bir mal ilə dolmayan xərclər (məsələn, yüklərin daşınması, işçinin zəhmət haqqısı, mağazanın icarə pulu, kommunal xərclər, vergilər və s.) “tələf” hökmündədir və onlara xüms düşmür. Əgər bu işlər üçün iş gəlirindən qeyri bir pul xərclənərsə, bu pul həmin ilin gəlirindən çıxılır.
       
      Sual 145. Mən mağazanın dekorasiyası və dizaynı üçün müəyyən məbləğ pul xərcləmişəm. Bu dekorasiyaya xüms düşürmü?
      Cavab: Əgər bu dekorasiya iş obyektinin dəyər və qiymətinin artmasına səbəb olarsa, yaxud da daşınan və satıla bilən dekorasiya olarsa, ona xüms düşür. Əks halda, bu dekorasiya “tələf” hökmündədir və ona xüms düşmür.
       
      Sual 146. Bir şəxsin xümsü verilən mağazası və ticarət obyekti vardır. O, bu mağazanı satmaq məqsədilə saxlamır. Əgər bu şəxs mağazada müəyyən dəyişikliklər aparsa, məsələn, mağazanın çöl tərəfdən divarlarına dekorativ daşlar vurdursa və ya mağazanın daxili dekorasiyasını dəyişsə, bu dəyişikliklər də mağazanın qiymətinin artmasına səbəb olsa, artan qiymətin xümsünün hökmü nədir?
      Cavab: İş gəliri olan pul sözügedən işlərə sərf edildikdə və bunun nəticəsində mağazanın qiyməti artdıqda, artan qiymətə xüms düşür.
       
      Sual 147. Bir şəxs məişət ehtiyacı olmayan bir ev tikib və məqsədi bu evi kirayə verməkdir. O, torpaq sahəsini və istifadə etdiyi bütün tikinti materiallarını xümsü verilən pul ilə alıb. Amma fəhlə pulu, yük daşınması və bu qəbildən olan xərcləri il ərzindəki gəliri ilə ödəyib. Bu evin xümsünün hökmü nədir?
      Cavab: Evin tikildiyi xüms ilinin sonunda evin məzənnədəki qiymətindən torpaq sahəsinə və tikinti materiallarına xərclənən pul – pulun inflyasiya miqdarı da hesablanaraq – çıxılır, daha sonra qalan məbləğin xümsü verilir.
       
      Vergilər
      Sual 148. Mənim maaşımdan hər ay dövlət vergisinin tutulduğunu nəzərə alaraq, mən xüms verməkdən azad olurammı? Dövlət idarələrinin işçiləri deyirlər ki, hər ay maaşımızdan vergi tutulduğuna görə biz daha xüms vermirik.
      Cavab: Vergilər cəmiyyətin idarə edilməsi üçün lazım olan xərclərə sərf edilir və hər bir vətəndaş qanun əsasında öz payına düşən məbləği ödəməlidir. Vergilər insanın digər xərcləri kimi məişət ehtiyaclarından sayılır, amma bunun xümsə aidiyyatı yoxdur.
       
      Sual 149. Bu ilə aid olan və məbləği də məlum olan, amma ödəmədiyim vergini ilin sonundakı gəlirdən çıxa bilərəmmi?
      Cavab: Əgər vergi ilin gəlirinə aiddirsə, gəlirdən çıxılır.
       
      Sual 150. Mən keçən il mağazamın sərmayəsinin birillik xümsünü hesablayıb ödədim. Amma bu xüms ilinin sonuna az müddət qalmış mənə məlum oldu ki, ötən iki ilin gəlirinin vergisini ödəməliyəm. Sualım budur ki, vergi verməli olduğumu bilmədiyimə görə, mən bu ilin xümsünü hesablayarkən ötən illərin vergisini sərmayədən çıxa bilərəmmi?
      Cavab: Siz xüms ili başa çatmamışdan qabaq ötən illərin borcunu bu ilin gəlirindən ödəyə bilərsiniz. Amma borc bu ilə aid olduğu halda, onu sərmayədən çıxmaq olar.
       
      Borc
      Xüms ili başa çatdıqdan sonra beş gün ərzində məişət ehtiyaclarına aid olan borcları, həmçinin cari il və ya ötən illərdə iş ilə əlaqədar çəkilən və yeri başqa bir mal ilə dolmayan xərcləri (məsələn, fəhlə pulu, kommunal xərclər və s.) cari ilin gəlirindən ödəmək olar. Həmçinin cari ilin məişət ehtiyaclarına aid olan və ilin ilk gəliri əldə edildikdən sonra yaranan borcları – hətta ödənilməsə belə – ilin gəlirindən çıxmaq olar. Amma cari ilin ilk gəliri əldə edilməmişdən qabaq yaranan borcları (o cümlədən hansısa bir məişət ehtiyacı nisyə şəklində alındığı üçün yaranan borcu və ya nağd pul şəklində alınan borcu) ehtiyat-vacibə görə, ilin gəlirindən çıxmaq olmaz.
      Xüms düşməyən pul, məsələn, hədiyyə verilən, irs çatan və ya xümsü verilən pul ilin ilk gəliri əldə edildikdən sonra yuxarıda qeyd edilən yerlərə sərf edildiyi təqdirdə, bu pulu ilin gəlirindən çıxmaq olar.
       
      Qeyd:
      1- Xüms ili başa çatdıqdan sonra şəxs beş gün ərzində əlində olan pulu məişət ehtiyaclarına və ya məişət ehtiyaclarına görə yaranan borca sərf edə bilər.
      Əgər iş xərclərinə görə yaranan borc xüms ilinin sonunadək ödənilməsə, yalnız o halda gəlirdən çıxıla bilər ki, borc məhz həmin gəliri əldə etmək üçün yaranmışdır. Beləliklə, əgər borc, məsələn, ticarətə aid olsa, amma gəlir iş maaşı olsa, ticarətə aid olan borc iş maaşı olan gəlirdən çıxıla bilməz.
      2- Əgər şəxs xüms ili başa çatdıqdan sonra çox az bir müddət ərzində borcunu o ilin gəlirindən ödəmək istəsə, belə ki, onun bu əməli ürfə görə “gəlirin ilin xərclərinə sərf edilməsi” hesab edilsə, borc miqdarı o ilin gəlirindən çıxılır. Əks halda, şəxsin əlində qalan və xərclənməyən gəlirin hamısının xümsü verilməlidir.
       
      Məişət ehtiyacı üçün alınan borc
      Sual 151. Mən məişət ehtiyacım üçün borc almışam. Əgər mənim xüms ilim başa çatsa və borc verən şəxs pulunu istəməsə, amma il ərzində əldə etdiyim gəlirdən bu borc məbləğində və ya ondan az məbləğdə pulum qalsa, borcumu bu puldan çıxa bilərəmmi?
      Cavab: Əgər cari xüms ilinin ilk gəlirini əldə etdikdən sonra bu məişət ehtiyacı üçün borc alıb xərc çəkmisinizsə, bu xərci xüms ilinin sonunda əlinizdə qalan puldan çıxa bilərsiniz.
       
      Sual 152. Əgər bir şəxs məişət ehtiyacı üçün borc alsa və borcu qaytarmaq üçün bir neçə il möhləti olsa, bu şəxs ilin gəlirindən borc məbləğini çıxa bilərmi?
      Cavab: Əgər borcu cari xüms ilində və ilin ilk gəlirini əldə etdikdən sonra alıbsa, borcu qaytarmasa belə, bu məbləği ilin gəlirindən çıxa bilər. Amma əgər borc əvvəlki illərə aid olsa, xüms ili başa çatdıqdan sonra beş gün ərzində borcu qaytara bilər və bu halda bu pula xüms düşməyəcəkdir.
       
      Sual 153. Əgər adi bir məişət ehtiyacımı alarkən bank çeki versəm və xüms günümdə çekdə qeyd edilən məbləği ödəsəm, bu məbləğ həmin ilin məişət ehtiyaclarından sayılırmı? Ona xüms düşürmü?
      Cavab: Bu pula xüms düşmür.
       
      Sual 154. Mənim əlimdə müəyyən məbləğ nağd pul var və müəyyən məbləğ pulu da ayrı-ayrı şəxslərə borc vermişəm. Digər tərəfdən, ev tikmək üçün ötən il aldığım torpaq sahəsinə görə borcum vardır və bir neçə ay sonra borcun bir hissəsini qaytarmalıyam. Mən torpaq sahəsinin alışına görə olan borcumu həm əlimdəki nağd puldan, həm də borc verdiyim puldan çıxa və qalan məbləğin xümsünü verə bilərəmmi?
      Cavab: Əgər torpaq sahəsini cari ildə və ilin ilk gəlirini əldə etdikdən sonra almısınızsa, borc məbləğini ilin gəlirindən çıxa bilərsiniz. Amma əgər onu cari xüms ilindən əvvəlki ildə almısınızsa, xüms ili başa çatdıqdan sonra beş gün ərzində borcunuzu qaytara bilərsiniz. Əgər borcunuzu qaytarmasanız, bu məbləği gəlirdən çıxa bilməzsiniz.
       
      Sual 155. Mən övladımın sənədlərini ödənişli orta məktəbə təqdim edərkən ödəniş etmək üçün vaxt istədim və bunun üçün iki bank çeki verdim. Mənim xüms ilim başa çatdıqda bu məbləğ mənim borcum olaraq hesablanacaq, yoxsa bu pulu gələn ilin gəlirindən ödəməliyəm?
      Cavab: İlin ilk gəlirini əldə etdiyiniz tarixdən etibarən sizin övladınıza göstərilən təhsil xidməti nisbətindəki məbləğ ilin gəlirindən çıxılır. Amma qalan məbləği xüms ili başa çatdıqdan sonra ən çoxu beş gün ərzində ilin gəlirindən ödəyə bilərsiniz. Ödəmədiyiniz təqdirdə, bu məbləğ ilin gəlirindən çıxılmır.
       
      Nağd və ya kredit borcu olan işçilər
      Sual 156. Əgər xüms ilinin sonunda işçinin il ərzində əldə etdiyi gəlirdən müəyyən məbləğ pul qalsa və illik xərclərə sərf edilməmiş olsa, amma eyni zamanda onun nağd və ya kredit borcları olsa, ona xüms vermək vacib olurmu?
      Cavab: Əgər işçi ilin ilk gəlirini əldə etdikdən sonra həmin ilin xərclərini təmin etmək üçün borc alıbsa və ya borc il ərzində ehtiyac olan bəzi malları nisyə şəklində almaq nəticəsində yaranıbsa, borc məbləği ilin gəlirindən çıxılır.
       
      İş xərcləri üçün yaranan borc
      İş xərcləri ilin gəlirindən çıxıla bilər. Hətta ödəniş vaxtı çatmayan, amma şəxsin boynunda borc sayılan xərclər belə, ilin gəlirindən çıxıla bilər.
       
      Sual 157. İstifadə edilən su və elektrik enerjisinin pulunu, həmçinin fəhlənin zəhmət haqqısını və bu kimi borcları ilin axırında gəlirdən çıxmaq olarmı?
      Cavab: Gəlir əldə etmək üçün çəkilən xərcləri həmin ilin gəlirindən çıxmaq olar.
       
      Sual 158. Bir şəxsin alacağı müəyyən məbləğ pul vardır, amma özünün də eyni məbləğdə borcu vardır. O, alacağı pul ilə borcunu qaytarmaq niyyətindədir. Bu şəxsə xüms vermək vacib olurmu?
      Cavab: Əgər onun alacağı pul maaşı və ya zəhmət haqqısıdırsa və onu hələ ala bilməyibsə, bu halda bu pula xüms düşmür. Amma əgər o, öz iş gəlirindən başqasına pul borc veribsə, burada bir neçə surət mövcuddur:
      a) Əgər bu şəxs həmin ilin gəlirini əldə etmək üçün və ya ilin ilk gəlirini əldə etdikdən sonra məişət ehtiyacını təmin etmək üçün borc verdiyi məbləğdə borc alıbsa, bu məbləği ilin gəlirindən çıxa bilər.
      b) Əgər bu borc ötən illərin məişət ehtiyacını təmin etməyə və ya ötən illərin gəlirini əldə etməyə aid olan borcdursa, bu şəxs xüms ili başa çatmamışdan qabaq borc verdiyi pulu geri aldığı təqdirdə, borcunu həmin ilin gəlirindən ödəyə bilər. Bundan qeyri halda, borc gəlirdən çıxılmır.
       
      Xərclənməmiş borc pul
      Sual 159. Mənim xüms ilim başa çatdı, amma bank hesabımda ayrı-ayrı şəxslərdən aldığım iki min manat pul mövcuddur. Borcu bütövlükdə və ya müəyyən hissəsini qaytarmağın da vaxtı çatmamışdır. Digər tərəfdən də mən bu pulu lazımi yerə hələ sərf edə bilməmişəm. Bu pula xüms düşürmü?
      Cavab: Bu pula xüms düşmür.
       
      Sual 160. Mən bir neçə il öncə bankdan pul krediti götürdüm və onu bank hesabıma bir il müddətinə depozit qoydum. Mən bu pulu lazımi yerə hələ istifadə edə bilməmişəm, amma hər ay kreditini ödəyirəm. Bu pula xüms düşürmü?
      Cavab: Əgər mövcud pulun məbləği ödənilməyən kreditlərin məbləğindən çox olarsa, aradakı fərqin xümsü ödənilməlidir.
       
      Uzunmüddətli pul krediti
      Sual 161. Mən məişət xərcləri üçün pul krediti götürmüşəm və bir neçə il onu ödəyəcəyəm. Hər il ödənilən kredit məbləğinə xüms düşürmü?
      Cavab: Bu pul məişət xərclərinə sərf edildiyinə görə ona xüms düşmür.
       
      Sual 162. Əgər mən uzunmüddətli pul krediti götürsəm və illərcə onun kreditlərini ödəsəm, hər il ödənilən kredit məbləğinə xüms düşürmü?
      Cavab: Əgər sözügedən pul məişət ehtiyaclarına sərf edilibsə, ödənilən kreditlərə xüms düşmür. Amma əgər pulun hamısı və ya bir hissəsi xərclənməyibsə, mövcud məbləğ ödənilməyən kreditlərin məbləğindən çox olduğu təqdirdə, aradakı fərqin xümsü ödənilməlidir.
       
      Sual 163. Mən ev tikdiyimə görə müəyyən məbləğ pul borc almışam və bu borcu on iki il müddətində qaytarmalıyam. Xüms barəsində mənim vəzifəmi açıqlamağınızı xahiş edirəm. Bu borc ilin gəlirindən çıxılırmı?
      Cavab: Ümumiyyətlə, əgər borc məişət ehtiyacını təmin etmək üçün (məsələn, yaşayış evi tikmək üçün) yaranarsa, bu borcu ilin gəlirindən, hətta sonrakı illərin gəlirindən ödəməyin iradı yoxdur və ödənilən pula xüms düşmür. Borcun gəlirdən çıxılmasına gəlincə, bu borc yalnız onun xərcləndiyi ilin gəlirindən çıxıla bilər, bu şərtlə ki, ilin ilk gəliri əldə edildikdən sonra bu borc məişət ehtiyacına sərf edilmişdir.
       
      Sual 164. Borcu olan şəxsə xüms ödəmək vacibdirmi?
      Cavab: Borcun olması xümsün vacib olmamasına səbəb olmur.
       
      Sual 165. Mən bankdan pul krediti götürmüşəm və onun ödəniş vaxtı mənim xüms ilim başa çatdıqdan sonradır. Mən qorxuram ki, bu məbləği bu il ödəmədiyim təqdirdə, gələn il onu ödəməyə imkanım olmasın. Xüms ilim başa çatdıqda xüms ödəmək baxımından mənim vəzifəm nədir?
      Cavab: Krediti ödəməyin, hətta gələn ilin kreditini ödəməyin iradı yoxdur. Amma əgər pul xərclənməyibsə və ya sərmayə olaraq yatırım edilibsə, ödənilən kreditlərin xümsü hesablanıb verilməlidir.
       
      Əmanət pulun xümsü
      Sual 166. Əgər bir şəxsin pulu mənim yanımda əmanətdirsə, bu pula xüms düşürmü?
      Cavab: Bu pulun xümsü sizin öhdənizdə deyildir.
       
      Kirayə pulu əvəzinə pul borc vermək
      Sual 167. Bir şəxsin ikimərtəbəli evi vardır və o, evin ikinci mərtəbəsində yaşayır. Birinci mərtəbəni isə başqa bir şəxsə yaşayış üçün verib. Evin sahibi həmin şəxsdən müəyyən məbləğ pul borc alıb, amma evə görə ondan kirayə pulu almır. Bu borc pula xüms düşürmü?
      Cavab: Bu pula xüms düşmür. Amma bilməlisiniz ki, sualda qeyd edilən şəkildə evi kirayə vermək düzgün deyildir.
       
      Sual 168. Mən bir obyekti ayı min manata icarəyə vermişəm. Eyni zamanda icarəçi şəxsdən on min manat pul borc almışam. Borc aldığım pula xüms düşürmü?
      Cavab: Bu pula xüms düşmür.
       
      Sual 169. Əgər icarəçi şəxs ev sahibinə müəyyən məbləğ pul borc vermək (bir növ girov və depozit qoymaq) məcburiyyətindədirsə, bu pula xüms düşürmü?
      Cavab: Əgər icarəçi şəxs icarə pulunu tam ödəyə bilmirsə və ya icarə verən şəxs pulun tam verilməsini qəbul etmirsə, digər tərəfdən də icarəçi şəxs bu pulun xümsünü ödədiyi təqdirdə özünə uyğun bir evi kirayələyə bilməyəcəksə, bu halda bu pula xüms düşmür. Bu pul məişət ehtiyacı hökmündə olacaqdır.
       
      Xümsü verilən mal
      Bir dəfə xümsü verilən gəlirə yenidən xüms düşmür.
       
      İlin sonunda xümsü verilən pulun çıxılması
      Sual 170. Maaş alan bir şəxs xümsünü verdikdən sonra onun əlində yüz manat xümsü verilən pul qalır. Növbəti ilin sonunda onun yüz əlli manat pulu olur. Bu halda o, əlli manat pulun xümsünü verməlidir, yoxsa yüz əlli manat pulun xümsünü verməlidir?
      Cavab: Əgər xümsü verilən yüz manat pul il ərzində xərclənməyibsə və ya ilin ilk gəliri əldə edildikdən sonra məişət ehtiyaclarına sərf edilibsə, bu halda yalnız əlli manat pulun xümsü verilməlidir.
       
      Sual 171. Mən indiyədək xümsümü bu qaydada hesablamışam:
      lk gəliri əldə etdiyim tarixi xüms ilimin başlanğıcı təyin etmişəm. Daha sonra hər xüms ilimin sonunda əlimdə olan nağd pulu, həmçinin evdə qalan ərzaq və bu kimi malların qiymətini hesablayıram və ümumi məbləği ötən ilin sonunda artıq qalan məbləğ ilə müqayisə edirəm. Builki məbləğ ötənilki məbləğdən çox olduğu təqdirdə, aradakı fərqin xümsünü verirəm. Bu qayda düzgündürmü, yoxsa düzgün deyildir?
      Cavab: Əgər yeni ilin ilk gəliri əldə edilməmişdən qabaq ötən ildən qalan pul və mal istifadə olunarsa, sualda açıqladığınız qayda, ehtiyat-vacibə görə, düzgün deyildir. Bu halda ilin sonunda qalan pul və malın hamısının xümsü hesablanmalıdır. Amma əgər yeni ilin ilk gəliri əldə edildikdən sonra ötən ildən qalan və xümsü verilən pul-mal istifadə edilərsə, ötən ilə aid olan məbləğ ilin sonunda mövcud gəlirdən çıxılacaqdır.
       
      Xüms düşməyən malın sərmayəyə əlavə olunması
      Sual 172. Əgər xüms düşməyən mal sərmayəyə əlavə olunsa, ilin sonunda bu mal sərmayədən çıxılırmı?
      Cavab: Bəli, bu mal inflyasiya miqdarı ilə birlikdə sərmayədən çıxılır.
       
      Xümsü verilən iş alətləri
      Xümsü verilən iş alətləri satılmayanadək onlara xüms düşmür. Amma satıldığı zaman satışdan əldə edilən puldan alətin əvvəllər xümsü verilən qiyməti və onun inflyasiya miqdarı çıxılır, daha sonra artıq qalan məbləğ satış ilinin gəliri sayılır.
       
      Sual 173. Mən iş alətlərimin xümsünü onları aldığım xüms ilinin sonunda ödədim. Sonrakı illərdə alətlərin inflyasiya miqdarına və ya artan qiymətinə xüms düşürmü?
      Cavab: Bu iş alətləri satılmayanadək onlara xüms düşmür. Amma satıldığı zaman satışdan əldə edilən puldan alətin əvvəllər xümsü verilən qiyməti və onun inflyasiya miqdarı çıxılır, daha sonra artıq qalan məbləğ satış ilinin gəliri sayılır.
       
      Sual 174. Mən xümsü verilən iş alətlərimi alış qiymətindən baha qiymətə satdım. Onun xümsünü necə hesablamalıyam?
      Cavab: Satışdan əldə edilən puldan iş alətlərinin əvvəllər xümsü verilən qiyməti və onun inflyasiya miqdarı çıxılır, daha sonra artıq qalan məbləğ satış ilinin gəliri sayılır. Əgər bu gəlir xüms ilinin sonunadək məişət ehtiyaclarına sərf edilməzsə, bu halda ona xüms düşür.
       
      Dövriyyədə olan xümsü verilmiş sərmayə
      Hər xüms ilinin sonunda dövriyyədə olan sərmayə (yəni ticarət malı) hesablanır, daha sonra xümsü verilən sərmayə və onun inflyasiya miqdarı ümumi sərmayədən çıxılır. Artan sərmayənin xümsü – malın alıcısı olduğu təqdirdə – verilməlidir.
       
      Sual 175. Mağazada mövcud olan və ötən il xümsü verilən malların qiymətləndirilməsi və hesablanması hansı şəkildə aparılmalıdır?
      Cavab: Xüms ilinin sonunda mağazada mövcud olan malların qiyməti – dəqiq qiyməti hesablamaq çox çətin olduğu təqdirdə, təxmini qiyməti – hesablanır, daha sonra bu məbləğdən ötən il xümsü verilən malların qiyməti və onun inflyasiya miqdarı çıxılır. Artıq qalan məbləğin xümsü verilir.
       
      Sual 176. Mən bir mağaza sahibiyəm. Hər xüms ilimin sonunda nağd pulumu və mallarımı hesablayıram. Bəzi malların xüms ilinin sonunadək satılmadığını nəzərə alaraq, mən ilin sonunda və mal satılmamışdan qabaq bu malların xümsünü verməliyəmmi? Yoxsa mallar satıldıqdan sonra onların xümsü verilməlidir? Əgər malın xümsünü versəm və sonra onu satsam, gələn il hesabatı necə aparmalıyam? Əgər malı satmasam və onun qiyməti dəyişsə, bunun hökmü nədir?
      Cavab: Mala xümsün düşməsi məsələsində malın satılıb-satılmaması rol oynamır. Hər bir halda, siz xüms ilinin sonunda mal hansı qiymətə satıla bilərsə və alıcı onu hansı qiymətə alarsa, bu qiyməti hesablamalı və onun xümsünü çıxarmalısınız. Mal gələn il satıldığı təqdirdə, malın satışından əldə edilən gəlir xüms ilinin sonunda inflyasiya miqdarından çox olduğu təqdirdə, ona xüms düşür.
       
      Sual 177. Mən ticarətçiyəm və bir il üç aydır ki, ticarətə başlamışam. Xüms barəsində bir neçə sualım vardır:
      1) Bir ildir ki, alınan, amma satılmayıb anbarda qalan, başqa sözlə, istifadəsiz qalan və hətta alış qiymətindən də aşağı qiymətə satılmalı olan mallara xüms düşürmü? Əslində, bu mallara görə ticarətçi ziyan etmişdir.
      2) Əgər mən bu gün mal alsam və sabah mənim xüms ilim başa çatsa, bu mala xüms düşürmü? Yoxsa malın alışından bir il keçməlidir?
      3) Əgər mən malı nisyə alsam və onun pulunu hələ ödəməmiş olsam, bu mala xüms düşürmü?
      4) Əgər mənim dövriyyədə olan əsas sərmayəm on min manat olsa və bu pul mənə hədiyyə verilən və ya xümsünü verdiyim pul olsa, yenə də xüms ilinin sonunda satılmayan mallara xüms düşürmü?
      Cavab: 1 və 2) Əgər mallar maaş və ya iş gəliri ilə alınıbsa, xüms ilinin sonunda alıcı bu malları hansı qiymətə alarsa, bu qiymətə xüms düşür.
      3) Xüms ilinin sonunda malın artan qiymətinə xüms düşür.
      4) Əgər malların artan qiyməti inflyasiya miqdarından çox olmazsa, onlara xüms düşmür.
       
      Xüms düşən iş gəliri ilə xüms düşməyən pulun qarışması
      Əgər ilin iş gəlirindən olan və xüms düşən pul ilə xüms düşməyən pul eyni bank hesabına qoyulsa, hesabda xüms düşən pul mövcud olduğu təqdirdə, məişət ehtiyacları üçün hesabdan götürülən pul “xüms düşən pul”dan çıxılır – istər xüms düşən puldan istifadə edildiyi niyyət edilsin, istərsə də edilməsin – və xüms düşməyən pul olduğu kimi qalır.
       
      Sual 178. Dövlətin mənə verdiyi subsidiya maaş kartıma köçürülür. Mən kartdan pul çıxaranda hansı pulu çıxardığımı təyin etməliyəmmi? Əgər təyin etməliyəmsə, hansı pulu çıxardığımı təyin etmədiyim hallar necə hesablanacaq?
      Cavab: Hansı pulu çıxardığınızı təyin etməyə ehtiyac yoxdur. Kartda maaşdan olan pul mövcud olduğu təqdirdə, məişət ehtiyacları üçün kartdan çıxarılan pul maaş pulundan çıxılır, subsidiya pulu olduğu kimi qalır.
       
      Sual 179. Əgər mənim depozit hesabımda, məsələn, min manat xümsü verilmiş pul olsa, daha sonra mən bu pulun üzərinə beş yüz manat xümsü verilməyən pul əlavə etsəm, il ərzində bu hesabdan pul götürdüyüm təqdirdə, xüms ilinin sonunda hesabda qalan bütün pulun xümsünü hesablamalıyam, yoxsa beş yüz manatdan artıq qalan məbləğin xümsünü hesablamalıyam?
      Cavab: Əgər xüms ilinin sonunda hesabdakı pul min manatdan çox olarsa, min manatdan çox olan məbləğin xümsünü verməlisiniz.
       
      Sual 180. Bu il mart ayında xümsümü verdikdən sonra mənim bank hesabımda beş min beş yüz manat pul qaldı. Gələn ayların maaşından olan pul tədricən bu pulun üzərinə əlavə olundu, belə ki, xümsü verilən pul ilə xümsü verilməyən pul bir-birinə qarışdı. Bu pulları xərcləyərkən mənim vəzifəm nədir?
      Cavab: Bu ilin ilk maaşını aldığınız zaman bank hesabınızda mövcud olan məbləğ xüms ilinin sonunda hesabda mövcud olan ümumi məbləğdən çıxılır və artıq qalan məbləğin xümsü verilir.
       
      Sual 181. Bir şəxsin əlində həm toy hədiyyəsi ünvanında ona verilən pul, həm izdivac üçün verilən pul krediti, həm də maaşı var idi. Əgər ümumi məbləğdən onun əlində yalnız pul krediti ilə toy hədiyyəsi olan pul məbləğində pul qalarsa, ona xüms düşürmü?
      Cavab: Əgər o, bu pulu adi yaşayış xərclərinə sərf edibsə, həmçinin pul kreditinin aylıq ödənişlərini iş gəlirindən ödəməyibsə, bu pula xüms düşmür.
       
      Sual 182. Ötən xüms ilində mənim bank hesabımda müəyyən məbləğ pul var idi və mən xüms ilinin sonunda bu pulun xümsünü ödəmişdim. Cari xüms ili ərzində bank hesabıma bir neçə dəfə pul qoyub, götürdüm. İndi xüms ilim başa çatmışdır. Mən bank hesabımda olan pulun xümsünü necə hesablamalıyam? Pulun müəyyən həddə dövriyyədə olduğunu nəzərə alaraq, hesabımda olan pulun hamısına xüms düşürmü, yoxsa hazırda hesabımda mövcud olan pul ötən il ilə müqayisədə artdığı təqdirdə, aradakı fərqə xüms düşür?
      Cavab: Əgər ötən il ilə müqayisədə artan məbləğ maaş və iş gəliri olan puldursa, cari xüms ilinin ilk maaşını aldığınız zaman bank hesabınızda mövcud olan məbləği ilin sonunda hesabınızda mövcud olan məbləğdən çıxmalı və alınan fərqin xümsünü verməlisiniz.
       
      Sərmayəyə dəyən ziyanın kompensasiyası
      Xüms ilinin sonunda il ərzində sərmayəyə dəyən ziyan, o cümlədən malın tələf olması, qiymətlərin düşməsi və ya hadisə nəticəsində dəyən ziyan ilin gəlirindən çıxılır. Bu halda, məişət ehtiyaclarından fərqli olaraq, ziyanın ilin ilk gəliri əldə edilməmişdən qabaq, yoxsa əldə edildikdən sonra sərmayəyə dəyməsi arasında fərq yoxdur.
       
      Sual 183. Mən istehsalçı sahibkaram. Xüms ili ərzində iş avadanlıqlarından bəzisi istifadəyə yararsız vəziyyətə düşdü. Bəzi avadanlıqların da qiyməti düşdü. Dəyən ziyanın miqdarını ilin sonunda iş gəlirindən çıxa bilərəmmi? Əgər bu müddət ərzində sərmayəmin bir hissəsini oğurluq və ya hadisə nəticəsində, məsələn, yanğın nəticəsində itirsəm, hökm nədir?
      Cavab: Sualda qeyd edilən halların hamısında dəyən ziyan ilin gəlirindən çıxılır və bundan sonra xüms hesablanır.
       
      Sual 184. Ötən il mən əmlakımın xümsünü hesabladım və özümə xüms ili təyin etdim. O vaxt mənim doxsan səkkiz baş qoyunum və müəyyən məbləğ nağd pulum var idi. Qoyunlar tədricən satıldı və onların sayı azaldı, amma nağd pulum artdı. Hal-hazırda mənim altmış baş qoyunum və müəyyən məbləğ nağd pulum vardır. Bu pulun hamısının xümsünü verməliyəm, yoxsa yalnız artan məbləğin xümsünü verməliyəm?
      Cabab: Əgər hal-hazırda sahib olduğunuz qoyunların qiyməti ilə nağd pulunuzun cəmi ötən il sahibi olduğunuz doxsan səkkiz baş qoyunun qiyməti ilə nağd pulunuzun cəmindən və bu məbləğin inflyasiya miqdarından çoxdursa, artan məbləğə xüms düşəcək.
       
      Hədiyyə
      Ümumiyyətlə, insana bağışlanan (başqa sözlə, insanın tələb edə bilmək hüququna malik olmadığı) mülk, mal və ya pula xüms düşmür, məsələn, hədiyyə, bank mükafatları, yardımlar və s. Əlbəttə, əgər xüms ilinin sonunda bu puldan artıq qalarsa, onun xümsünü vermək ehtiyat-müstəhəbə müvafiqdir.
       
      Hədiyyə verilən malın qiymətinin artması
      Əgər hədiyyə verilən mal ticarət məqsədilə saxlanılmazsa, satıldığı zaman onun xümsünü vermək, hətta malın qiyməti artmış olsa belə, vacib olmur. Amma əgər satışa çıxarılacaq sərmayə məqsədilə saxlanılarsa, satıldığı zaman satış qiymətindən malın ilkin qiyməti və bu qiymətin inflyasiyası çıxılır, qalan məbləğ, ehtiyat vacibə görə, satış ilinin gəliri hesab olunur. Bu pul xüms ilinin sonunadək məişət ehtiyaclarına sərf edilmədiyi təqdirdə, onun xümsü verilməlidir.
       
      Həyat yoldaşına aid olan məbləğ
      Sual 185. Mən pensiyaya çıxmışam və hər ay pensiya alıram. Neçə müddətdən bir mənə həyat yoldaşıma aid olan məbləğ verilir və mən bu pulu ona verirəm. O da bu pulu banka depozit qoyur. Bu pula xüms düşürmü?
      Cavab: Xüms düşmür.
       
      Süd pulu
      Sual 186. Bəydən alınan süd puluna xüms düşürmü?
      Cavab: Xüms düşmür.
       
      Bayram pulu və mükafat
      Bayramlığın və mükafatın xümsünü vermək vacib deyildir.
      Sual 187. İşçilərə verilən bayram puluna və ya mükafata xüms düşürmü?
      Cavab: Bu pulun xümsünü vermək vacib deyildir.
       
      Sual 188. Mən əsirlikdən azad olunan şəxslərdənəm. Dövlət qayğısı olaraq mənə əsirlik müddətimin iki misli qədər iş stajı yazıldı. Hal-hazırda mən pensiyaya çıxmışam. Qeyd olunanları nəzərə alaraq, əmək fəaliyyətimin sonunda mənə verilən mükafatın xümsünü necə hesablamalıyam?
      Cavab: Bu pulun xümsünü vermək vacib deyildir.
       
      On üçüncü maaş
      Sual 189. On üçüncü maaşa xüms düşürmü? Əgər xüms düşürsə, ilin məişət xərclərindən artıq qaldığı təqdirdə ona xüms düşür, yoxsa bu maaşı alan kimi ona xüms düşür?
      Cavab: İş müqaviləsi və ya əmək məcəlləsi əsasında işi gördürən tərəfin iş qarşılığında işçiyə verdiyi on üçüncü maaş iş gəliri hesab olunur. Bu maaşı aldıqdan sonra xüms ilinin sonunadək məişət ehtiyaclarına sərf edilmədiyi təqdirdə, ona xüms düşür.
       
      Yardım
      Sual 190. Dövlət bəzən yardım ünvanında işçilərə pulsuz və ya yarı qiymətə müxtəlif məhsullar verir. Əgər ilin sonunda bu məhsullardan qalarsa, onlara xüms düşürmü?
      Cavab: Pulsuz verilən məhsullara heç bir halda xüms düşmür. Amma yarı qiymətə verilən məhsullara gəlincə, əgər xüms ilinin sonunda bu məhsulların yarısından çoxu qalmış olarsa, yarıdan çox olan hissəyə xüms düşür.
       
      Qazilərə, əsirlikdən azad olunanlara və şəhid ailələrinə verilən müavinət
      Sual 191. Qazilərə verilən müavinətə xüms düşürmü? Onların həyat yoldaşına verilən əmək haqqına xüms düşürmü?
      Cavab: Qazilərə verilən müavinətə xüms düşmür. Qaziyə xidmət göstərməsi qarşılığında onun həyat yoldaşına verilən əmək haqqına gəlincə, əgər bu pul ilin xərclərindən artıq qalarsa, ona xüms düşür. Əks halda, xüms düşmür.
       
      Sual 192. Dövlət əsirlik müddətinin məzuniyyət müddətini hesablayaraq, məzuniyyət pullarını vermişdir. Bu pul iş gəliri hesab olunurmu və ona xüms düşürmü?
      Cavab: Bu pula xüms düşmür.
       
      Sual 193. Əsirlikdən azad olunanların ata və anasına dövlətin verdiyi müavinət xərclənmədiyi və yığıldığı təqdirdə, bu pula xüms düşürmü?
      Cavab: Bu pulun xümsünü vermək vacib deyildir.
       
      Sual 194. Şəhid fondunun şəhid ailələrinə verdiyi müavinətə xüms düşürmü?
      Cavab: Bu pulun xümsünü vermək vacib deyildir.
       
      Şəhid övladlarının sərmayəsi
      Sual 195. Şəhid fondunun şəhid övladlarına verdiyi müavinətə xüms düşürmü? Bu pul xərclənmədiyi və yığıldığı təqdirdə, ondan əldə edilən gəlirə xüms düşürmü?
      Cavab: Müavinətin özünə xüms düşmür. Amma bu puldan əldə edilən gəlirə xüms düşür. Belə ki, xüms ilinin sonunda bu gəlirdən artıq qalan məbləğ əsas məbləğin inflyasiya miqdarından çox olduğu təqdirdə, çox olan miqdara xüms düşür.
       
      Sual 196. Şəhidlərdən onların övladlarına irs qalan mala xüms düşürmü? Belə ki, şəhid övladlarının dolanışığı bu maldan əldə edilən gəlir ilə təmin edilir.
      Cavab: Ümumiyyətlə, irsə xüms düşmür. Amma irsdən əldə edilən gəlir, il ərzində əldə edilən gəlir hesab olunur.
       
      Pul mükafatı (premiya)
      Sual 197. İdarələrdə idarə rəhbərliyinin rəyi əsasında, yaxud hər ilin sonunda işçilərə müəyyən məbləğ pul mükafatı (premiya) verilir. Bu pula xüms düşürmü, yoxsa xüms düşmür?
      Cavab: Əgər bu pul maaşın bir hissəsi olarsa, ona xüms düşür. Amma əgər hədiyyə ünvanında olarsa, ona xüms düşmür.
       
      Sual 198. Maaşın daxilində ödənilən bütün məbləğlərə xüms düşürmü?
      Cavab: Əgər işçi müqavilə əsasında hansısa bir məbləği almaq hüququna malikdirsə və bu məbləğ ona verilmədiyi təqdirdə onu tələb edə bilərsə, bu pula xüms düşür. Bu pul ilin xərclərindən artıq qaldıqda, artıq qalan məbləğə xüms düşəcəkdir. Amma əgər hansısa bir məbləğ işçinin haqqı olmadığı təqdirdə ona verilirsə, bu pulun xümsünü vermək vacib deyildir.
       
      Bank mükafatı
      Sual 199. Bankın öz müştərilərinə verdiyi mükafat və hədiyyələrə xüms düşürmü?
      Cavab: Bu pula xüms düşmür.
       
      Evin xərcliyi üçün verilən pul
      Sual 200. Mən evdar qadınam. Həyat yoldaşım özünün, övladlarının və evin xərcliyi üçün mənə pul verir. Əslində, o, bu pulu mənə bağışlayır, çünki bu pulun hara xərcləndiyini, puldan artıq qalıb-qalmadığını məndən soruşmur. Əgər bu pul ilə alınan geyimlər və ev əşyaları (əlbəttə, bu geyimlər və əşyalara ehtiyac vardır və bizim şənimiz həddindədir) bir müddət istifadə edilməzsə, onlara xüms düşürmü? Mən özümə ayrıca xüms ili təyin etməliyəmmi?
      Cavab: Suala əsasən, bu pul ehtiyac duyulan məişət xərclərinə sərf edilir və sizə hədiyyə verilməsə belə, bu pula xüms düşmür.
       
      Tələbə təqaüdü
      Sual 201. Tələbə təqaüdünə və ya din elmləri tələbələrinə verilən aylıq müavinətə xüms düşürmü? Əgər təhsil aldığı müəssisədə əmək fəaliyyəti göstərən tələbəyə maaş ünvanında müəyyən məbləğ pul ödənilirsə, bu pula xüms düşürmü?
      Cavab: Tələbə təqaüdünə və ya din elmləri tələbələrinə verilən aylıq müavinətə xüms düşmür. Amma tələbəlik dövründə tələbənin aldığı maaşa xüms düşür.
       
      Sual 202. Bir çox tələbələr qarşıya çıxa biləcək və təxmin edilməyən çətinliklərin həlli üçün dolanışıq xərclərində qənaət edir və onlara verilən tələbə təqaüdündən artıq qalan pulu yığırlar. Bu pulun qənaət nəticəsində yığıldığını nəzərə alaraq, ona xüms düşürmü?
      Cavab: Bu pula xüms düşmür.

       

    • Nəfəqə
    • İrs
    • Mehriyyə
    • Vəqf
    • Diyə (qanbahası)
    • Sığorta
  • ÜÇÜNCÜ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ
  • DÖRDÜNCÜ FƏSİL: XÜMSÜN SƏRF EDİLDİYİ YERLƏR
  • BEŞİNCİ FƏSİL: XÜMSÜN MÜXTƏLİF MƏSƏLƏLƏRİ
700 /