Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

XÜMSÜN HÖKMLƏRİ

  • Müqəddimə
  • BİRİNCİ FƏSİL: XÜMS DÜŞƏN MALLAR
  • İKİNCİ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
    • Məişət xərcləri
    • İş xərcləri
    • Nəfəqə
    • İrs
    • Mehriyyə
    • Vəqf
    • Diyə (qanbahası)
    • Sığorta
      Çap versiyası  ;  PDF
       
      Sığorta

       

      Sığorta şirkətinə ödənilən pul
      Sual 215. Sığorta şirkətinə (sərmayə ünvanında deyil,) həyat, pensiya, bədbəxt hadisələr, yanğın, avtomobil sığortaları və ya bu kimi başqa sığortalar müqaviləsi əsasında ödənilən pula xüms düşürmü?
      Cavab: Sığorta olunan şəxsin sığorta rüsumu ünvanında tədricən və ya birdəfəyə ödədiyi pul ödəniş ilinin iş gəlirindən olduğu təqdirdə, bu pul məişət ehtiyacı hesab olunur və ona xüms düşmür. Amma sərmayə və yatırım ünvanında ödənilən pul iş gəlirindən olduğu təqdirdə, hər xüms ilinin sonunda sığorta şirkətinə ödənilən məbləğ hesablanmalı və onun xümsü verilməlidir.
       
      Sığorta şirkətindən alınan pul
      Sual 216. Ziyanın ödənilməsi üçün sığorta şirkətlərinin müqavilə əsasında sığorta olunan şəxsə ödədikləri pula xüms düşürmü?
      Cavab: Avtomobil, yanğın, əkinçilik məhsulları və bu kimi başqa sığortalarda ziyanın ödənilməsi üçün sığorta şirkətlərinin sığorta olunan şəxsə ödədikləri pul “iş gəliri” hesab olunur.
       
      Sual 217. Avtomobil qəzasında vurduğum xəsarətə görə qarşı tərəfə ödədiyim pula xüms düşürmü?
      Cavab: Əgər pulu ödədiyiniz şəxs sığorta müqaviləsinin tərəf müqabili deyildirsə, bu pula xüms düşmür.
       
      Sual 218. Beş il olar ki, mən özüm üçün, həmçinin övladlarım və həyat yoldaşım üçün “həyat sığortası” hesabı açdırmışam və hər ay bu hesaba müəyyən məbləğ pul köçürürəm. Qeyd edim ki, bu məbləğ hər il dəyişir. Bir müddətdən, məsələn, otuz ildən sonra sığorta şirkəti bizim hər birimizə müəyyən məbləğ pul ödəyəcəkdir. Sığorta müqaviləsinə əsasən, bizim beş il ərzində hesabdan pul götürmək və ya müqaviləni pozmaq hüququmuz yoxdur. Hər ay sığorta hesabına köçürdüyüm və bir növ bizim üçün ehtiyatda yığılan pul olan bu məbləğə xüms düşürmü? Əgər xüms düşürsə, onu necə hesablamaq lazımdır? Övladlarımın büluğ həddinə çatmadıqlarını və bu hesaba köçürülən pulun onlara bir növ hədiyyə olduğunu nəzərə alaraq, bu pulun hökmü nədir?
      Cavab: Əgər sığorta şirkətinə ödədiyiniz pul yatırım ünvanında deyil, “həyat sığortası”na görə olarsa, bu pul məişət ehtiyaclarından hesab olunur və ona xüms düşmür. Həmçinin sığorta şirkətinin sizin həyat yoldaşınıza və övladlarınıza ödədiyi pula xüms düşmür. Amma sığorta şirkətinin sizə ödədiyi pula gəlincə, bu pul ödəniş ilinin gəliri hesab olunacaq. Ödənişin edildiyi xüms ilinin sonunadək bu pul xərclənmədiyi təqdirdə, onun xümsü verilməlidir. Amma əgər sığorta şirkətinə ödədiyiniz pul yatırım ünvanında olarsa, bu pul iş gəlirindən olduğu təqdirdə, hər xüms ilinin sonunda sığorta hesabına köçürülən məbləğ hesablanmalı və onun xümsü verilməlidir.
       
      Tibbi sığorta
      Sual 219. Şəxs müalicə xərclərini xəstəxanaya ödəyir, sığorta şirkəti də üzərinə götürdüyü öhdəliyə görə bu xərclərin səksən faizini şəxsə geri qaytarır. Əgər bu şəxsin xüms ili başa çatıbsa, bu pula xüms düşürmü?
      Cavab: Əgər bu şəxs müalicə xərclərini il ərzindəki gəliri ilə ödəyibsə, bu pula xüms düşür.
       
      Sual 220. Xəstəxanaya ödədiyim müalicə xərclərini sığorta şirkəti mənə borcludur və bu pulu tezliklə mənə ödəyəcək. Bu pula xüms düşürmü?
      Cavab: Əgər müalicə xərclərini ilin gəlirindən ödəmisinizsə və həmin xüms ilində sığorta şirkətindən pulu almısınızsa, bu pul xüms ilinin sonunadək məişət ehtiyaclarına xərclənmədiyi təqdirdə onun xümsü verilməlidir. Amma əgər xüms ilindən sonra pulu alsanız, aldığınız zaman dərhal onun xümsünü verməlisiniz.
       
      Qeyd: Müalicə xərcləri və bu kimi xərclər iş gəlirindən ödənildiyi və sığorta şirkəti onu sonradan ödədiyi təqdirdə, bu pul yeni gəlir deyildir, əksinə xərcləri azaltmaqdır və xümsün hökmləri bu pula aid olur.
       
      İşsizlik sığortası
      Sual 221. Mən bir neçə aydır ki, işlədiyim zavodda kadr ixtisarına düşmüşəm və işsizlik sığortamdan mənə vəsait verilir. Əgər xüms ilinin sonunda bu puldan artıq qalsa, ona xüms düşürmü?
      Cavab: Əgər işsizlik sığortası ünvanında ödənilən pul iş gördürən tərəf ilə sığorta şirkəti arasında bağlanan müqavilə əsasındadırsa, bu pula xüms düşmür. Amma əgər işçi ilə sığorta şirkəti arasında bağlanan müqavilə əsasındadırsa, yaxud əmək müqaviləsində işçi iş gördürən tərəfin qarşısında işsizlik sığortasını ödəyəcəyini şərt qoyubdursa, bu iki halda həmin pula xüms düşür.
       
      Sual 222. Xəstəlik məzuniyyəti üçün ödənilən pula xüms düşürmü? (Belə ki, həkim xəstəliyin müalicəsi üçün posiyentə istirahət etməsini təyin etmiş və sığorta da bir və ya iki ay müddətində hər gün üçün məsələn, iyirmi manat həmin şəxsə ödəyir.) Sığorta müəssisəsi bu ay pulu ödəmişdir, amma sonrakı ay mənim xüms ilim başa çatır. Mən bu pulun xümsünü verməliyəmmi?
      Cavab: Əgər sığortanın ödədiyi pul sığorta şirkəti ilə pulu alan şəxs arasında bağlanan müqavilə əsasında olarsa, yaxud işi görən tərəfin iş gördürən tərəf qarşısında qoyduğu şərt əsasında iş gördürən tərəf sığorta haqqını ödəyərsə, bu iki halda sözügedən pul “iş gəliri” hökmündədir. Əks halda, bu pul hədiyyə hökmündə olacaq və onun xümsünü vermək vacib deyildir.

       

      Ölümündən sonra kişinin pensiyasının həyat yoldaşına verilməsi
      Sual 223. Atam vəfat etdikdən sonra onun pensiyası anama verilir. Bu pula xüms düşürmü?
      Cavab: Sığortalanan şəxsin ölümündən sonra onun ailəsinə verilən pensiyaya xüms düşmür.

       

  • ÜÇÜNCÜ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ
  • DÖRDÜNCÜ FƏSİL: XÜMSÜN SƏRF EDİLDİYİ YERLƏR
  • BEŞİNCİ FƏSİL: XÜMSÜN MÜXTƏLİF MƏSƏLƏLƏRİ
700 /