Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin dövlət rəsmiləri və müsəlman ölkələrinin səfirləri ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

والحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الطّیّبین الطّاهرین المعصومین و صحبه المنتجبین

Əziz qardaş və bacılar, bu gün burada qonağımız olan müsəlman ölkələrinin səfirləri, hamınızı, eləcə də bütövlükdə böyük İran xalqını mübarək Məbəs bayramı münasibətilə təbrik edirəm.

Məbəs bayramının əhəmiyyəti bundadır ki, baş vermiş bu besətdə (Həzrət Məhəmmədin (s) İslam peyğəmbəri olaraq seçilməsində – red.) Allah-taala ilə insanlar arasında yeni bir rabitənin, bəşər cəmiyyətinin bu besətlə həyata keçəcək yeni bir dəyişiminin proqramı vardır. Bu besət, bu proqram bütün dövrlərdə, istənilən şəraitdə, dünya coğrafiyasının istənilən yerində insanların həyatını eynilə o zaman olduğu kimi, bu gün də yaxşılığa, islaha, xoşbəxtliyə doğru dəyişmək potensialı və gücünə malikdir; besətin əhəmiyyəti bundadır.

Əmirəlmöminin (ə) buyurur: “Allah-taala Həzrət Məhəmmədi peyğəmbər olaraq göndərdiyi zaman yer üzü zülmətə bürünmüşdü”. 

 (2) وَ الدُّنیا کاسِفَةُ النّورِ ظاهِرَةُ الغُرور

Bəşəriyyət qaranlıqlar içərisində idi, aldanışlarla dolu idi. “Aldanış” özünü aldatmaq deməkdir; insan özünü hansısa vəziyyətdə təsəvvür edir, fantaziyalar qurur, halbuki reallıq bu cür deyil. Dünya belə bir vəziyyətdə idi. Quran da ilahi vəhyin fəlsəfəsinin məhz bunun üzərində qurulduğunu deyir:

لِیُخرِجَکُم مِنَ الظُّلُماتِ اِلَی النُّور

“Sizi zülmətdən nura çıxarmaq üçün sizə mərhəmət bəxş edən odur”. (“Əhzab” surəsi, 43-cü ayədən)

İlahi vəhy bəşəriyyəti zülmətlərdən çıxarıb nura qərq etmək üçündür. O dövrün zülmətlərinin böyük bir qismi tarixdə öz əksini tapıb; istər xurafat, cəhalət, rəhimsizlik, aqresiya, ədalətsizlik, zorakılıq, alçaq həyat tərzi və aclıqla dolu olan Ərəbistan yarımadısının özü, Məkkə və o ətraflar olsun, istərsə də o dövrün sivil dünyası. Əgər o dövrün iki başlıca və böyük sivilizasiya mərkəzinə, yəni o vaxtkı İran və Romaya baxsanız, bu zülmət və qaranlığı orada da müşahidə edə bilərsiniz. Bu iki imperiyada da xurafat, zülmət, zəiflərə qarşı diskriminasiya, ədalətsizlik və rəhimsizlik var idi. İranda ədaləti ilə məşhur olan, “ədalətli şah” kimi tanınan Nuşirəvan bir gündə bir neçə min insanı, misal üçün, məzdəki olduqlarına, başqa bir dinə qulluq etdiklərinə görə qətlə yetirib. Bir gündə bir neçə min insanın həyatına son qoyub; bu, belə. Roma imperiyasında padşah – o məşhur Neron – anasını qətlə yetirib, arvadını qətlə yetirib, bütöv bir şəhərə od vurub. Belə bir vəziyyətdə olublar;

وَ الدُّنیا کاسِفَةُ النّورِ ظاهِرَةُ الغُرور

Deməli, bu təkcə Ərəbistan yarımadasına aid olmayıb; bütün dünya bu vəziyyətdə olub. İslamın günəşi məhz belə bir şəraitdə doğub.

İslam dini işığa, aydınlığa dəvət edir; yəni elmə, vicdana, sevgiyə, birliyə, ədalətə çağırır; bütün bunlar bəşər cəmiyyətinin həyatı üçün nurdur, aydınlıqdır. Mühüm olan odur ki, bu dəvət sözdə və kağız üzərində qalmayıb. Bu gün də siz BMT-nin, yaxud hətta bəzi imperialist dövlətlərin ali sənədlərinə nəzər salsanız, onlarda belə gözəl sözlərdən kifayət qədər olduğunu görərsiniz. İnsan Haqları Bəyannaməsinə və ya başqa bu tip sənədlərə baxsanız, görərsiniz ki, həmin sənədlərdə də belə gözəl sözlər var, intəhası dünyanın reallığında onlardan heç bir əsər-əlamət yoxdur.

İslamın əhəmiyyəti ondadır ki, bu din Peyğəmbərin ilk gün bəyan etdiyi, Quran ayələrinin Məkkədəki 13 illik ağır mübarizə dövründə insanlara durmadan öyrətdiyi prinsipləri daha sonra əməldə həyata keçirdi, reallaşdırdı, göstərdi. Peyğəmbər o ədaləti, o sevgini, o vicdanı, zülm və küfr qarşısında o müqaviməti, mübarizəni əməldə nümayiş etdirdi. O həzrətin insanları elmə, mərifətə səsləməyi; məhz Peyğəmbərin Mədinədə hakimiyyətdə olduğu 10 il ərzində yaratdığı o qayda-qanun, o infrastruktur 1-2 əsrdən sonra bəşəriyyətin ən böyük sivilizasiyasına çevrildi. Doğrudur, onun müxtəlif aspektlərinə riayət olunmadı – misal üçün ədalətə; hər şeyə rəğmən ədalətə riayət olunmadı – amma İslam hökumətinin təşkil olunduğu ilk illərdən bəri elm o qədər inkişaf etdi, elmi biliklərə, bəşər övladının istedad və potensialının inkişaf etdirilməsinə o qədər böyük önəm verilməyə başladı ki, qısa müddət ərzində – bir-iki əsrdən sonra bu nailiyyətlər ən böyük bəşər sivilizasiyasına çevrildi və bütün dünya onlardan faydalanmaq imkanı qazandı. Besət budur. 

Bu gün bizim besətə ehtiyacımız var. Əvvəlcə besəti tanıtmaq lazımdır; ilk növbədə dünya ictimaiyyəti İslam peyğəmbərinin besətinin mənasını, o həzrətin yer üzünə hansı missiya ilə göndərildiyini öyrənib bilməlidir; bu son dərəcə önəmli bir məqamdır. Şükürlər olsun ki, Peyğəmbərin hakimiyyətinin ümmanından bir damcı da ölkəmizə düşüb, ölkəmizdə İslam Respublikası qurulub və bunun özü böyük bir dəyişikliyin, möhtəşəm bir hərəkatın başlanğıcıdır; əlhəmdulillah, o hərəkat bu gün də davam edir və edəcək. Lakin İslam Respublikası qurulandan sonra bəşəriyyətin qlobal düşmənləri (onlara təkcə İslamın düşmənləri demək olmaz; bütün bəşəriyyətin düşmənləridir) bu hərəkatın əsasında duran və yer üzünün önəmli bir hissəsində bu tip hərəkatların yaranması üçün zəmin rolu oynaya biləcək amillə mübarizə aparmaq fikrinə düşdülər. O amil nədir? Bu, İslam dinidir. Bu gün İslam dini ilə mübarizə aparırlar. Nəyə görə? Çünki İslam dini toplumların inkişafına, insanların hərəkətə gəlməsinə, istedadların üzə çıxmasına, paralel olaraq həm maddi, həm də mənəvi bir sivilizasiyanın meydana gəlməsinə təkan verir; çünki İslam dini bugünkü zalım və maddiyyətçi sivilizasiyanın zülm və təzyiqlərinə son qoymağa qadirdir. Bu səbəbdən İslama qarşı mübarizə aparırlar və mübarizələrində cürbəcür metodlardan istifadə edirlər. İslam adı altında terror qruplaşmalarının təşkil edilməsi də onların məkrli planlarındandır. Eynilə müsəlman ölkələrinin öz aralarında müharibə və konfliktlərə sövq edilməsi də; bu da bir düşmən planıdır. Bu gün bu düşmənçilik kələfinin ucu Amerika və İsrailin əlindədir. Arxasında zalım və imperialist Amerika dövləti olmaqla murdar və qəsbkar İsrail rejimi Fələstində İslama qarşı mübarizə aparır. Bəli, bu gün başqa hər yerdən çox İslam Respublikası ilə mübarizə aparırlar. Bu o baxımdan və ona görədir ki, İslam Respublikası quruluşunda İslam dini özünü daha bariz şəkildə göstərir, daha çox reallaşıb və burada İslamın həyata keçməsi üçün daha münbit zəmin mövcuddur. İslam dini onların acgözlüyünün, imperializminin qarşısını aldığına görə İslam Respublikasının əleyhinədirlər. Deməli, əslində  İslamın əleyhinədirlər. 

Biz müsəlmanlar ilk növbədə bunu başa düşməliyik ki, bizim öhdəmizə iki vəzifə düşür: birincisi, qeyri-müsəlmanlar qarşısında daşıdığımız vəzifə, yəni İslam dinini onlara tanıtmaq, təqdim etmək, ikincisi isə öz içimizdə daşıdığımız vəzifə, yəni dünyanın hegemon, imperialist güclərinin İslam dini ilə nəyə görə, hansı səbəbdən düşmənçilik etdiyini dərk etmək. Bunu dərk etməliyik.  Bu gün müsəlman dövlətləri bir şeyi anlamalıdır ki, Amerikanın bir müsəlman ölkəsini dəstəkləyib, o birinə düşmən olmasının səbəbi bu dövlətlərin öz aralarında əl-ələ verib bir olmasını, öz ortaq mənafelərini müəyyənləşdirməsini istəməməyidir; buna görə belə edirlər. Təəssüflər olsun ki, Amerikanın regionumuzda yürütdüyü konflikt yaratma siyasəti uğurla irəliləyib. Bu, təəssüfləndirici bir faktdır! Bəzi dövlətlərin sərvətini qarət etmək üçün onların cibinə girirlər və bunu etmək daha da asan olsun deyə ortada düşmənçilik yaradırlar; onları qarət edə bilmək üçün ya İslam Respublikasını, ya İranı, ya da şiəliyi düşmən kimi təqdim edirlər. Bu gün başda Amerika olmaqla böyük güclərin siyasəti budur. Bunu hamımız dərk etməli, sezməli, buna qarşı mübarizə aparmalıyıq. Bu siyasətə qarşı mübarizə aparmağın yolu isə müsəlman ölkələri arasında birlik və həmrəylik yaratmaqdır.

Təəssüflər olsun ki, bu gün regionumuzda çox böyük problemlər yaşanır. Yəmən, Bəhreyn, Suriya, İraq – hər biri bir cür problem içində çabalayır. Bu problemlərə yol açmış əsas amili araşdırdıqda isə bunun imperializm olduğunu görürük. Bütün bu işləri törədən, davam etdirən, qüvvələri bir-birinin əleyhinə qaldıran məhz Amerika və İsrailin casus xidmətləri və təhlükəsizlik orqanlarıdır; bu şeylərə diqqət yetirmək lazımdır.

Allaha şükürlər olsun ki, İslam Respublikasının bu yolda iradə və əzmi sarsılmazdır. İslam Respublikasının iradəsi qəti və aydındır. Özü də bu təkcə dövlət rəsmilərinin yox, sadə xalqın nümayəndələrinin də iradəsidir. İslam Respublikasında müstəmləkəçilərin zorakılığına, hegemonluğuna qarşı çıxış edən bütün İran xalqıdır, bizim gənclərimizdir, inqilabçı və mömin camaatımızdır. Hansı ölkə, hansı xalq bir olub, həmrəy olub, bir yumruqda birləşib düşmən qarşısında dursa, düşmən ona heç bir təzyiq göstərə bilməz, heç bir qələt edə bilməz. İslam Respublikası məhz xalqın bu birlik və həmrəyliyi, ictimai-siyasi meydanlarda fəal iştirakı sayəsində şücaətlə müqavimət göstərə bilir. Bizim xalqımız mübarizə meydanlarında olmağı özünə borc bilir.

Burada seçki məsələsinə toxunuldu; seçkilər xalqın ictimai-siyasi proseslərdə iştirakının önəmli təzahürlərindən biridir; bunu sizə deyim. Əziz xalqımız seçkidə iştirak etməyi öz vəzifəsi hesab edir və elə etməlidir də. Bu bir vəzifədir; həm hüquqdur, həm də vəzifə. Seçkilər İslam Respublikası üçün çoxtəyinatlı bir vasitədir. Seçkilər həm hökumətin zirvəsinin formalaşdırılmasında, hakimiyyətin icraçı rəsmilərinin seçilməsində xalqın nüfuzunu, hüququnu və gücünü yeniləyir, xalqa seçim etmək hüququ və gücü verir, həm də düşməni ölkəyə və xalqa təzyiq göstərməkdən çəkindirir. Xalqın iştirakı düşmənin işğalçılıq cəhdlərinə əngəl olur və ölkəyə toxunulmazlıq qazandırır. Xalqın iştirakı o deməkdir ki, bu böyük xalq yumruq kimi birləşərək müqavimət göstərməyə hazırdır. Düşmən bunu görəndə cəsarətini, işğalçı niyyətlə hərəkətə keçmək gücünü itirir.

Əlbəttə, bunu da hamı bilməlidir və elə bilir də ki, İslam Respublikasının düşmənləri əllərindən gələn hər məqamda zərbə vurmaq imkanından istifadə edirlər. İndiyə qədər həmişə də bu cür olub; heç bir fərqi yoxdur, Amerikada hakimiyyətə hansı komanda gəlirsə-gəlsin. Əvvəlkilər də daim bizi hədələyirdilər, indi gələnlər də hədələyir; heç bir fərqi yoxdur. İran xalqına, ölkəmizə və İslam Respublikasına qarşı xəbis niyyətli olmaları baxımından hamısı eynidir, aralarında heç bir fərq yoxdur. Və buna da qətiyyən şübhə yoxdur ki, əsla işğalçılıq edə bilməyəcəklər, İran xalqı əleyhinə atacaqları istənilən addım, sözsüz ki, özlərinin ziyanına tamamlanacaq və xalqımızın sərt reaksiyası ilə üzləşəcək.

Allah-taala xalqımıza lütf göstərərək ona sayıqlıq və məlumatlılıq bəxş edib, qarşısında aydın bir yol açıb, bizə saysız-hesabsız təcrübələr göstərib. Bu 40 ilə yaxın vaxt ərzində düşmənçiliklər həmişə olub, düşmən tərəfindən xəbis niyyətlər həmişə olub, həmişə bacardıqlarını ediblər və həmişə də İran xalqı onların bütün səylərinə rəğmən və onlara göz dağı olaraq bu günə qədər inkişaf edib. Biz bundan sonra da inkişaf edəcəyik, bundan sonra da irəli gedəcəyik, bundan sonra da düşmənin varlığına rəğmən, Allahın lütfü və köməyi sayəsində vəziyyətimiz əvvəlkindən də yaxşı olacaq. Bu inkişaf xalqımızın imanının, mübarizliyinin nəticəsidir. Düşmən qarşısında, bu yola davam edərkən bu imanı qoruyun, bu birliyi qoruyun, ictimai-siyasi proseslərdəki bu iştirakınızı qoruyun, bu qətiyyətli və sarsılmaz əzmi qoruyun. Bu düşmənçiliklər düşmən tam məyus olub ümidini üzənə qədər davam edəcək; elə etməlisiniz ki, düşmən ümidini üzsün.

Və mən üzümü prezidentliyə namizəd olan möhtərəm cənabların hamısına tutaraq demək istəyirəm ki – bunu daim təkrarlayıram – ölkədə işlərin irəli getməsi, iqtisadiyyatımızın inkişafı, problemlərin həlli üçün gözlərini ölkə sərhədlərindən kənara yox, xalqın özünə dikəcəkləri barədə qəti qərar qəbul etsinlər; bunu xalqa da desinlər, öz platformalarında da təbliğ etsinlər. Bizim imkanlarımız çox, potensialımız böyükdür. Bu imkanlara diqqət yetirib onlardan istifadə etməklə, mövcud potensialdan lazımınca yararlanmaq üçün düşünülmüş fəaliyyət proqramları qurmaqla ölkəni daxildən möhkəmləndirmək, milli iqtidara nail olmaq mümkündür. Düşməni məyus edəcək, Allahın köməyi ilə, ölkəmizə, xalqımıza və İslam dövlətinə toxunulmazlıq qazandıracaq şey də elə budur.

Ümidvaram, Allah-taala ölkəmizə və xalqımıza bu lütfü göstərəcək, İmam Xomeyninin və şəhidlərimizin pak ruhlarına göstərdiyi lütf sayəsində Uca Yaradanın hidayəti və qoruyucu əli bu günə qədər olduğu kimi, bundan sonra da bu xalqın üzərində olacaq və xalqımız daim ilahi lütfün kölgəsi altında olacaq.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

_______________________

(1) Görüşün əvvəlində ölkə başçısı Höccətül-İslam vəl-muslimin Həsən Ruhani çıxış etmişdir.  
(2) “Nəhcül-bəlağə”, 89-cu xütbə