Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərlik Baş İdarəsi Şimali Xorasan əhalisini təqdir üçün elamnamə yaydı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Şimali Xorasan vilayətinə 8 günlük səfərinin başa çatması ilə Ali Məqamlı Rəhbərlik Baş İdarəsi vilayətin imanlı və cəsur əhalisinə təşəkkür və qədirdanlıq etmək məqsədilə elamnamə yaydı.

Elamnamənin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Ətrək diyarı, mərifətlər xəzinəsinin yatdığı torpaq, cəsur sərhədçilərin şəhidlər yetirən məmləkəti bir olub ayağa qalxdı və Babülrza (ə) İslam İnqilabının Müdrik Rəhbərinə qucaq açdı. Türk, fars və kürdlərdən tutmuş türkmən və tatlara qədər – müxtəlif etnosların birlik və həmrəyliyi xalqla Ali Məqamlı Rəhbərlik arasındakı sıx ünsiyyət və bağlılığı əks etdirən unudulmaz mənzərələr yaratdı.

Bu möhtəşəm iştirak, bütövlükdə İran xalqını təmsil edən Şimali Xorasan əhalisinin aşıb-daşan və səmimi duyğuları bir yandan milli birliyi və optimizm əhval-ruhiyyəsini, sevinc və canlanma atmosferini gücləndirərək bunu dünya ictimaiyyətinə nümayiş etdirdi, digər yandan isə ölkədəki siyasi sabitliyi pozmaq və ümumi inkişaf tempinə zərbə vurmaq üçün sanksiya və təhdidlərin köməyi ilə xalqa pessimizm və məyusluq hislərini, yorğunluq və ixtilafı aşılamağa ümid edən hiyləgər düşmənin xam xəyallarını və fantaziyalarını bir daha puç etdi.

Bu bərəkətli səfər nəticəsində bir daha dəqiqləşdi ki, yeni İslam sivilizasiyasının gerçəkləşməsi naminə ölkənin hərtərəfli inkişafını təmin etmək kimi uca bir hədəfə aparan yol mənəviyyat, Allaha itaət, güclü iradə və əzm, yüksək intellekt və mübarizlikdən keçir, qarşıya qoyulan hədəfə inam və etiqad, daxildəki konstruktiv güc və potensiala arxalanma, təqlidçilikdən çəkinmə tarixin hazırkı dolayından keçməyin qızıl qaydasıdır.

Ali Məqamlı Rəhbərin səfər əsnasında müxtəlif görüşlər zamanı etdiyi çıxışlar ölkəni inkişaf zirvələrinə aparan yolda irəliləyərkən rəsmilərin, üzdə olan tanınmış insanların, ziyalıların və xalqın düşünüb əməl etmələri, həmçinin Şimali Xorasan vilayətindəki problemlərin həlli üçün mühüm  başlıqları müəyyən etdi. Ümidvarıq ki, möhtərəm hökumət nümayəndələrimizin ardıcıl səyləri, səfər çərçivəsində qəbul edilmiş qərarların həyata keçirilməsi ilə vilayətin inkişafı, regionun mömin və cəsur əhalisinin layiqli mövqeyə çatması istiqamətində böyük və əsaslı bir addım atılacaq.

Ali Məqamlı Rəhbərlik Baş İdarəsi Uca Yaradanın dərgahına sonsuz şükürlər edərək Şimali Xorasan vilayətinin mehriban və istiqanlı əhalisinin müxtəlif təbəqələrinə, imam-cümələrə, uzaqgörən sünni və şiə alimlərinə və ruhanilərə, möhtərəm şəhid ailələrinə, əlil və veteranlara, universitet müəllimlərinə, tanınmış şəxslərə, mədəniyyət xadimlərinə, enerji dolu gənclərə, tələbə və şagirdlərə, Keşikçi Korpus, Ordu, Bəsic, Polis və Təhlükəsizlik Qüvvələri daxil olmaqla bu regionda xidmət edən qüdrətli və fədakar silahlı qüvvələrə, Xubriqan Məclisinin möhtərəm nümayəndəsinə, valiyə və yerli strukturlarda çalışan digər zəhmətsevər rəsmilərə Həzrət Ayətullah Xameninin dərin və səmimi təşəkkürünü bildirir.

Ali Məqamlı Rəhbərlik Baş İdarəsi
18 oktyabr 2012-ci il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /