Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Ayətullah Qazinin xatirəsinə həsr olunmuş konfransa müraciət ünvanladı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Seyid Əli Qazinin xatirəsinə həsr olunmuş konfransın iştirakçılarına ünvanladığı müraciətdə mərhum Qazinin böyük elmi və əməli xidmətləri olan şəxsiyyətini, mənəvi-irfani məqamlarını yüksək dəyərləndirərək vurğuladı: “Mərhum cənab Qazi dünyadakı ilahi gözəlliklərdən, xeyirlərdən biridir. Böyük dini şəxsiyyətlər arasında onun kimi bir dühanın tayı-bərabərinə, doğrudan da, az-az rast gəlmək mümkündür”.

Höccətül-İslam vəl-muslimin Məhəmmədi Qolpayqaninin Təbriz Universitetinin “Vəhdət” zalında oxuduğu müraciətin tam mətni aşağıdakından ibarətdir:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Bəli, çox layiqli bir işdir; mərhum Hacı Mirzə Əli Qazinin xatirəsinin yad olunması, inşallah, olduqca faydalı və böyük işlərdən biri olacaqdır. Mərhum cənab Qazi – Mirzə Əli Qazi – dünyadakı ilahi gözəllik və xeyirlərdən biridir. Yəni bir sıra elmi və əməli xidmətlərə imza atmış mərhum cənab Qazinin şəxsiyyəti böyük dini şəxsiyyətlər içərisində misilsizdir deməsək də, onun kimi bir dühaya, doğrudan da, az-az rast gəlinir deyə bilərik.

Mərhum cənab Qazi özü yüksək mənəvi-irfani məqamlara malik olmaqdan əlavə, çoxlu şagirdlər də yetişdirmişdir ki, bu, olduqca dəyərlidir. Onların sırasında bizim şəxsən görüşdüyümüz, ziyarətinə getdiyimiz böyük din alimlərinin: mərhum cənab Təbatəbayinin, qardaşı mərhum cənab Asid Məhəmmədhəsən İlahinin, kürəkəni, Zabildə yaşayan və cənab Qazinin istedadlı tələbələrindən biri olan mərhum Mirzə İbrahim Şərifinin, mərhum Hacı Şeyx Abbas Quçaninin və bu son zamanlarda mərhum cənab Behcətinin adlarını qeyd etmək olar. Cənab Qazinin tələbələri sırasında mərhum cənab Hacı Şeyx Məhəmmədtəqi Amoli, mərhum Hacı Şeyx Məhəmmədəli Burucerdi kimi böyük din alimlərinin və digər çoxsaylı şəxsiyyətlərin də adlarını çəkmək mümkündür.

Bu məsələdə ən mühüm olan odur ki, elmi-teoloji mərkəzlərdəki fiqhi-fəlsəfi elmi silsilə içərisində  – bu sirati-müstəqimdə  –  bizim özümüzün hər kəsə: həm böyük və kiçik din alimlərinə, həm də sadə xalqa, gənclərə örnək ola biləcək bir cığırımız var. Onu seçilənlər, böyük və dahi şəxsiyyətlər açmış, cızmışlar. Onlar, doğrudan da, örnək, nümunə ola biləcək şəxsiyyətlərdir. Bu insanlar təkcə zahiri şərtlərə əməl etməklə kifayətlənməmişlər, mərifət, mənəvi-ilahi yüksəliş, tövhid yolunda çalışıb-vuruşmuş, riyazətlərə qatlaşmış, işləmiş və ali məqamlara yetişmişlər. Və mühüm olan odur ki, onlar bu böyük mənəvi-ilahi yüksəliş, riyazət yolunu, bəzi təsəvvüf və irfan cərəyanları və s. kimi,  şəxsi təxəyyüllərinin məhsulu olan yollar, metodlarla deyil, sırf müqəddəs şəriətin göstərdiyi yolla, özü də yüksək professionallıqla qət etmişlər. Elə mərhum cənab Qazinin silsiləsi  –  mərhum Hacı Seyid Əli Şüştəridən başlayan bu böyük dini şəxsiyyətlər toplusu da birinci dərəcəli müctəhidlərdən ibarətdir. Yəni Şeyxin şagirdi, eyni zamanda əxlaq və suluk ustadı mərhum Asid Əli Şüştəri (fiqh və üsuli-dində Şeyxin şagirdi, suluk və əxlaqda isə ustadı idi; Şeyx dərslərində iştirak edib ondan faydalanırdı) onun ölümündən sonra, həyatda olduğu çox az müddət ərzində Şeyxin dərslərini qaldığı yerdən davam etdirmişdir. Mərhum Hacı Seyid Əli Şüştərinin dərslərində iştirak edən şagirdlər deyirmişlər ki, biz onunla Şeyx arasında heç bir fərq görmədik; yəni elmi və fiqhi cəhətdən o səviyyədə imiş. Onun görkəmli şagirdlərindən biri də mərhum Axund Molla Hüseynqulu Həmədanidir. Bu adam irfan, mənəviyyat və süluk baxımından, həqiqətən də, ərşdədir- yəni məqamının əzəmətini sözlə vəsf etmək qeyri-mümkündür. Bu insan fiqh və üsuli-dində də Şeyxin bir nömrəli şagirdlərindən olmuşdur. Lakin mənəviyyat, suluk, irfan və tövhid onun həyatında ön plana keçdiyi üçün bu yolda irəliləmişdir. Onun şagirdləri – mərhum cənab Qazinin ustadları olmuş mərhum Hacı Seyid Əhməd Kərbəlayi, mərhum Hacı Şeyx Məhəmməd Bəhari və bu qəbildən olan digər şəxsiyyətlərin hamısı fiqhi cəhətdən yüksək səviyyədə olmuşlar. Mərhum Hacı Seyid Əhməd Kərbəlayinin elmi elə bir səviyyədə olmuşdur ki, mərhum Mirzə Məhəmmədtəqi Şirazi ehtiyat bildiyi məsələlərdə ona müraciət etməyi tövsiyə edərmiş; tam surətdə mərcəiyyət mərtəbəsində imiş. Amma özü imtina edər, gileylənərmiş ki, ehtiyat etdiyiniz məsələləri nə üçün mənə ünvanlandırırsınız; çəkinərmiş. Mənəviyyat aləmində olarmış. Mərhum cəddimiz cənab Asid Haşim Nəcəfabadi mərhum Asid Əhmədi görmüş, şəxsiyyəti ilə tanış olmuşdu. Deyərdi ki, biz səhər-axşam Səhlə məscidinə gedəndə, yaxud oradan qayıdanda bu kişinin – Asid Əhmədin – yol üstə olan evindən ağlamaq səsini eşidərdik. Bu insanların belə halətləri olub.

Bəli, mərhum cənab Qazi də onların tələbəsidir. O, əlbəttə ki, həm atası mərhum cənab Asid Hüseynin, həm sonralar  –  Nəcəfə gələndən sonra mərhum Asid Əhmədin, 10-12 il ərzində də mərhum Seyid Mürtəza Kəşmirinin şagirdi olub. Əlbəttə, cənab Qazinin oğlu mərhum cənab Asid Məhəmmədhəsənin yazdığı kitabda yazılıb ki, o, mərhum Asid Mürtəza Kəşmirinin yanında şagird olmayıb, onun söhbətlərindən istifadə edib. Lakin elə həmin kitabda, yaxud mərhum cənab Asid Məhəmmədhüseyn Tehraninin yazılarında (harada gördüyüm indi dəqiq yadımda deyil) mən belə bir qeydə rast gəlmişəm ki,  mərhum cənab Qazi namaz qılmağı Asid Mürtəza Kəşmiridən öyrəndiyini deyərmiş. Görün bu sözlərin nə qədər dərin mənası var. Bizlər də namaz qılırıq və yaxşı namaz qıldığımızı güman edirik. İllərlə Təbrizdə atasının yanında tərbiyə alıb inkişaf etmiş bu böyük arif Nəcəfə gəlib 10 il mərhum Asid Mürtəza Kəşmirinin yanında qalandan sonra: “Mən namaz qılmağı ondan öyrəndim” – deyir. Mərhum cənab Hacı Mirzə Əli Qazinin şagirdləri danışırlar ki, bu insan bütün problem və çətinliklərinə baxmayaraq (həyatda çətinlikləri çox olub; böyük ailə, yoxsulluq, problemlər ...), namaza başlayanda dünyanı unudardı. Yəni namazda zikr, təvəssül və xuşuya o qədər qərq olardı ki, bütün aləmlə əlaqəsi kəsilərdi. Bu, qeyri-adi bir cığırdır – seçilənlərin, Allahın xüsusi bəndələrinin cığırı. Bu, bizlər üçün bir höccətdir  –  anlayaq ki, bu da var. Belə məqamlar, belə mənəvi yüksəlişlər, Allah yolunda bu cür ixlaslı olmaq da var.

Mükaşifələrini və sairəni büruzə verənlərdən də olmayıb. Onun haqqında çox şeylər danışırlar: mərhum cənab Qazinin həyatındakı qəribəliklər (bunlar bizlərə qəribə görünür) haqda danışılan mötəbər əhvalatlar bir-iki deyil. Hamısı da etibarlı mənbələrə aiddir. Onları eşidəndə adam tutduğu yolun doğruluğuna tam əmin olur. Lakin o böyük insanların həyatında bu şeylərin heç bir əhəmiyyəti, rolu olmayıb. O, özü də şagirdlərinə deyərmiş ki, qeyri-adi bir halla – mükaşifə ilə qarşılaşsanız, fikir verməyin, işinizdə olun. Zikrinizi edin, xuşu vəziyyətindən çıxmayın. Bu insanların məqamı budur. Belə şəxsiyyətlərin xatırlanması, tanıdılması, təbliği çox mühümdür. Lakin onları tanıtmaq üçün professional insanlardan istifadə etmək lazımdır. Yəni o şəxsiyyətlər haqqında elə insanlar danışmalıdırlar ki, onların məqamını - ən azından sözdə, dildə - bizə izah edə bilsinlər və biz bundan istifadə edək, bəhrələnək.

Mərhum cənab Hacı Mirzə Əli Qazi kimi şəxsiyyətləri tanıtmaq üçün onların sırf elmi, fiqhi məqamının (bu baxımdan ən ali həddə olsalar belə) izah olunması kifayət deyil.

Əlhəmdulillah, o, uzun ömür yaşayıb, çoxlu uğurlu işlər həyata keçirib, bir çox tələbələr yetişdirib, suluk, irfan və bu qəbildən olan məsələlər baxımından da, qeyd etdiyim kimi, ən azından deməliyik ki, tayı-bərabərinə az-az rast gəlinən insanlardan olub. Yəni doğrudan da, böyük bir şəxsiyyət olub. Oğlu mərhum Asid Məhəmmədhəsənin yazdığı kitabda (illər öncə əlimə düşmüşdü; dəfələrlə baxdım) ondan bir neçə məktub var, lakin o kitabda haşiyələr elə yazılıb ki, hansı hissənin mətnə, hansının isə haşiyələrə aid olduğunu müəyyənləşdirmək olmur. Bacarsanız, o yazının mətnini tapın (qohumlarında, hökmən, olacaq). 4-5 məktubdur; biri, böyük ehtimalla, cənab Təbatəbayiyə ünvanlanıb. Kimə ünvanlandığı qeyd olunmayıb, lakin mətnindən belə güman etmək olur ki, cənab Təbatəbayiyədir. Biri, ehtimalla, mərhum cənab Asid Məhəmmədhəsən İlahiyədir. Bir-ikisi kürəkəni mərhum Aşeyx İbrahim Şərifi Zabiliyədir. Biri ümumilikdə şagirdlərinə ünvanlanıb. Həmin məktub rəcəb, yaxud ziqədə ayının doğması münasibətilə yazılıb. Belə ki, orada haram ayın başladığı deyilir və haram ayların əhəmiyyəti barədə müəyyən şeylər qeyd olunur. Ola bilsin, bəziləri də başqalarınadır. O məktubları ayrılıqda nəşr etdirsəniz, məncə, çox gözəl bir yadigar olar. Hər halda, bu işə təşəbbüs göstərən cənablara təşəkkür edirik və ümidvarıq ki, işiniz ən gözəl şəkildə irəliləyəcək.


*Ali Məqamlı Rəhbərin Ayətullah Seyid Əli Qazinin xatirəsinə həsr olunmuş konfransa ünvanladığı müraciətin mətni onun mərhum Qazinin xatirəsinin anılması məqsədilə təşkil olunmuş komitənin üzvləri qarşısında 26.04.1391-ci (16.07.2012) ildə etdiyi çıxışdan götürülüb.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /