Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Mirzə Kiçik xan İslam dövlətinə miniatür bir nümunə yaratmışdı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Mirzə Kiçik xan Cəngəlinin xatirəsinə həsr edilmiş konqresə ünvanladığı müraciətdə Mirzə Kiçik xanın hərəkatının yüzdə-yüz dini-ideoloji bir hərəkat olduğunu qeyd edərək vurğuladı: “O, özünə aid hüdudlar içərisində – Gilanda – İslam dövlətinə miniatür bir nümunə yaratmışdı”.

Vəli-fəqihin Gilandakı nümayəndəsi və Rəştin imam-cüməsi Ayətullah Zeynülabidin Qurbani tərəfindən bu gün (şənbə günü) səhər oxunmuş müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Mərhum Mirzə Kiçik xan Cəngəlinin hərəkatı xüsusi önəm daşıyan bir hərəkatdır. Məşrutə inqilabı ilə Rza xanın hakimiyyətə gəlişi arasındakı o spesifik mərhələdə ölkədə müxtəlif hadisələr baş verib, Cəngəl (partizan – tərc.) hərəkatı ilə eyni dövrdə ölkənin müəyyən yerlərində bir neçə başqa irimiqyaslı işlər də həyata keçirilib. Misal üçün, Təbrizdə mərhum Şeyx Məhəmməd Xiyabani, Məşhəddə polkovnik Məhəmmədtəqi xan Püsyan qiyama qalxıb. Bu hərəkatların hamısı, təqribən, eyni vaxtda baş versə də, Cəngəl hərəkatı spesifik bir hadisədir. Düzdür, biz Təbriz hadisələri, Şeyx Məhəmməd Xiyabaninin və digərlərinin fəaliyyəti ilə yaxından tanışıq – tarixdən də oxumuşuq, konkret hadisələrdən də kifayət qədər məlumatımız var. Buna baxmayaraq, Mirzə Kiçik xan Cəngəlinin hərəkatında olan xalq ruhuna və nəcibliyə eyni mərhələdə İranın müxtəlif yerlərində baş vermiş digər iki-üç hərəkatın heç birində rast gəlmək olmur. Qeyd etdiyiniz kimi, Mirzə Kiçik bir ruhanidir, din tələbəsidir. O qədər də inandırıcı olmasa da, mən belə eşitmişəm – illər öncə bizə belə danışıblar ki – o, mərhum Mirzə Şirazinin dərslərini tam mənimsəyibmiş. Bunu mərhum atam bacısının əri, yəni Şeyx Məhəmməd Xiyabaninin bacanağı, Tehranda inzivaya çəkilmiş böyük din alimlərindən olan mərhum Asid Əliəkbər Mərəşiyə istinadən danışardı. O, Mirzə Kiçik xanın Mirzə Şirazinin dərslərini tam mənimsədiyini deyərmiş. Məncə, bu, o qədər də mötəbər bir fakt deyil. Çünki Mirzə Şirazi dünyadan getdiyi zaman Mirzə Kiçik xanın yaşı 14-15-dən çox olmayıb. Onun mərhum Mirzə Şirazinin fəlsəfəsini dərk etməsi inandırıcı görünmür. Lakin din tələbəsi olduğuna, ruhani olduğuna heç bir şübhə yoxdur. Rəştin öz teoloji mühitində, heç şübhəsiz, o zaman onun faydalana biləcəyi böyük dini şəxsiyyətlər olub. Odur ki Mirzə Kiçik xanın hərəkatı yüzdə-yüz dini-ideoloji bir hərəkatdır.

Onun davranışı da dinə, dini inanca tam uyğun olmuşdur. Öz təşkilatının daxilində müxalifləri olduğuna, xalqın cürbəcür yüksək təbəqələrindən olan bəzi insanların da onun əleyhinə çıxdıqlarına baxmayaraq, mərhum Mirzə Kiçik onlarla şəriətin hüdudlarına tam riayət edərək rəftar edirdi. Daxildəkilərlə münaqişəyə girənlərdən deyildi. Misal üçün, ona ideoloji cəhətdən müxalif olanlar vardı. Silahdaşları – ifratçı olanlar – “Bunları vurub yerlərinə oturtmaq lazımdır” deyirdilər. Mirzə Kiçik imkan vermir, onların qarşısını alır, bunu etmələrinə mane olurdu – yəni davranışı da dinə uyğun bir davranış idi.

Və hərəkatı da yüzdə-yüz İran ruhlu, islami bir hərəkatdır. Bəli, o zaman – özünüz bilirsiniz – marksizm cərəyanı, Sovet İttifaqının qurulması dünyada, xalqlar arasında səs-küy salmış, bəzi xalqlara cəlbedici görünmüş və təbii ki, bəzi insanları da özünə çəkmişdi. Mirzə Kiçik xanın ətrafındakılardan bəziləri də bu səbəbdən ona dönük çıxmışdılar. Bu insan isə İslam dininə bağlı olduğuna görə həm marksist təfəkkürə meyl etməmiş, bu nəzəriyyəni açıq-aşkar və qətiyyətli şəkildə rədd etmiş, ona qarşı çıxmışdır (Baxmayaraq ki, başlanğıcdan bəri onunla birgə olmuş ən yaxın silahdaşları marksizmə yönəlmişdilər. Əlbəttə ki, onlar da dünyadan arzularına çatmadan getdilər. Heç biri həyatdan bir xeyir görmədi. Bolşevik cərəyanından da heç bir xeyir, comərd qarşılıq görmədilər), həm də yadellilərə qarşı vuruşmuşdur. Yəni bolşevizm yadellilərin yürütdüyü bir siyasət olduğuna görə, Mirzə Kiçik xan İngiltərə, kazak Rusiyası və bu kimi rejimlərə qarşı mübarizə apardığına baxmayaraq, onlara qoşulmadı. Mirzə Kiçik xan olduqca parlaq bir nümunədir. İnşallah, Uca Yaradan ona ali dərəcələr nəsib etsin!

Sizin başlatdığınız bu iş – qeyd etdiyiniz məqsədlər və sistemliliklə – çox gözəldir. Əlbəttə ki, Mirzə Kiçik xan haqqında çox kitablar yazılıb. Xoşbəxtlikdən, bu insanın ixlası mübarizə yolunu tutan bir çoxlarından fərqli olaraq, adının dillər əzbəri olmasına, hamının onu tanımasına səbəb olub. Halbuki qeyd etdiyim insanlardan bir çoxunu camaat, ümumiyyətlə, tanımır, bəzilərinin heç adını da eşitməyib. Mirzə Kiçik xan isə xalq arasında tanınıb, haqqında kitablar yazılıb. Çalışmaq lazımdır, kompleks xarakterli, mühüm məqamları – Mirzə Kiçik xanın həyatının mühüm məqamlarını əhatə edən bir iş görülsün ki, inşallah, onun siması xalqımız, gənclərimiz arasında daha çox tanınsın.

Bəli, Mirzə Kiçik xan Rəştdə və özünə aid hüdudlar içərisində – Gilanda – İslam dövlətinə, İslam Respublikasına miniatür bir nümunə yaratmışdı. Bu sahədə hansısa işlər görən siz dostlarımıza təşəkkürümüzü bildirir və hökumətdə təmsil olunan həmkarlarımızın, media-təbliğat qurumlarının rəsmilərinin və s. sizinlə daha sıx əməkdaşlıq etməsini, inşallah, bu işin ən gözəl şəkildə başa çatdırılmasına yardımçı olmalarını istəyirik.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun!


Ali Rəhbərlik Məqamının Mirzə Kiçik xan Cəngəlinin xatirəsinə həsr olunan konqresə ünvanladığı, Ayətullah Qurbani tərəfindən oxunmuş müraciət onun Mirzə Kiçik xanın Anım Komitəsinin üzvləri ilə 29 aban 1391-ci ildə keçirdiyi görüşü zamanı etdiyi çıxışdan götürülüb.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /