Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Gənclərimizə orta əsrlər Avropasının qaranlıq dərinliklərindən örnək tapıb çıxarmağımıza lüzum yoxdur!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Əllamə Qütbəddin Şiraziyə həsr olunan beynəlxalq konfransa ünvanladığı müraciətdə ölkədəki elmi çiçəklənmə dövrünü geniş surətdə açıqlamağın, görkəmli şəxsiyyətləri bugünkü gənc nəslə bir örnək kimi tanıtmağın vacib olduğunu vurğulayaraq dedi: “Belə örnəklər olduğu halda, bizim orta əsrlər Avropasının qaranlıq dərinliklərindən kimlərisə tapıb çıxarmağımıza və onları görkəmli şəxsiyyətlər kimi təqdim etməyimizə heç bir lüzum yoxdur”.

Bu gün səhər konfransda vəli-fəqihin Fars ostanındakı nümayəndəsi və Şirazın imamcüməsi Ayətullah İmani tərəfindən oxunan müraciətin tam mətni aşağıdakından ibarətdir:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Əllamə Qütbəddin Şirazi kimi şəxsiyyətlərin xatirəsini anmaq olduqca faydalı bir işdir. Həkimlər zirəklik edib, Qütbəddin Şirazini tibb aləminə çəkiblər, amma o, ilk növbədə filosofdur; Xacə Nəsrəddin Tusinin şagirdi olmuş, “İşraq fəlsəfəsi” kitabına şərhlər yazmışdır və s.  Əlbəttə, həm də təbibdir – görkəmli bir təbibdir. Və həm də münəccimdir – məşhur Marağa rəsədxanasının tikilməsində payı olmuşdur. Bir sözlə, böyük bir insandır. Cənab Dr. Lənkərani çox gözəl bir fikir səsləndirdi. O, İslamın müxtəlif dövrlərində yaşamış böyük alimlərimizin cürbəcür sahələrdə dərin biliklərə malik olduqlarına diqqət çəkdi. Qütbəddin Şirazi də sırf bir tikə ordan, bir tikə burdan götürməyib. Tibb aləmində görkəmli bir həkim olub. Qeyd etdiyiniz kimi, İbn Sinanın “Qanun” əsərinə ən əhəmiyyətli şərhi o yazıb. Fəlsəfə sahəsində sözün əsl mənasında bir filosof olub. Nücum və heyət (astronomiya – red.) sahəsində əsaslı biliklərə malik bir mütəxəssis olub. Eyni zamanda bir ədibdir, şairdir; ərəb və fars dillərində şeirlər yazıb. Və ola bilsin, başqa elm sahələrinə də bələd imiş. Bir məqama diqqət yetirmək lazımdır ki, müəyyən sahədə ixtisaslaşma insanın intellektini və zehnini məhdudlaşdırmaq mənasında təqdirəlayiq bir şey deyil. İnsan elmin çoxsaylı sferaları içərisindən birinə meyllənir, konkret bir sahəni öyrənir və kiçik, məhdud miqyaslı bir ixtisasın mütəxəssisi olur. Müəyyən mənada insanın öz həyat və məişətini idarə edə bilməsi üçün konkret bir sahənin mütəxəssisi olması yaxşı bir şeydir. Lakin müəyyən mənada da bu, insanın zehnini, intellektini məhdudlaşdırmaqdır. İnsanın intellektual potensialı olduqca genişdir və o, çoxlu sayda elm sahəsinin mütəxəssisi olmağa qadirdir. Bir insan həkimdirsə, mütləq, din elmləri sahəsində, yaxud fəlsəfədə avam hesab olunmalıdırmı? Xeyr! Nə qədər gözəl olar ki, bir həkim digər elm sahələri: rasional elmlər, dəqiq elmlər, cürbəcür təbiət elmləri barədə də, ən azından, məlumatlı olsun?! Biz ölkəmizdə buna nail ola bilsək, nə qədər gözəl olar?! Əlbəttə, bu əsla o demək deyil ki, hər kəs öz ixtisasını buraxıb başqa sahələrlə məşğul olsun. Sözümün canı odur ki, mütəxəssislər öz ixtisaslarından daha geniş sferalardan bəhrələnsinlər.

Bəli, Şiraz, əlbəttə ki, mühüm bir mərkəzdir və burada görkəmli alimlər yetişib. Bu xüsusiyyət ölkəmizin müxtəlif diyarlarına aiddir. Mən bunu bir neçə il əvvəl Şiraza səfərimdə də qeyd etmişəm. Şiraz, doğrudan da, ölkəmizin hüdudsuz imkan və potensiala malik olan bölgələrindən biridir. Fars bölgəsində, Şirazda (Şiraz deyəndə, əlbəttə ki, biz bütövlükdə Fars ostanını nəzərdə tuturuq. Elə Qütbəddin Şirazi də Kazerundan olub) hara baxsan, görərsən ki, bu bölgə parlaq istedadlar yetişdirmək baxımından olduqca məhsuldar bir bölgədir – şairi, ədibi, filosofu, bu gün qəbul olunmuş mənada alimləri. Bu bölgədən elmin müxtəlif sahələrində – bütün sahələrdə – görkəmli şəxsiyyətlər yetişib. Bu, müəyyən mənada, bölgənin pasportudur; Fars bölgəsində təlim-tərbiyə ilə, istedad və intellektlər yetişdirməklə məşğul olan insanlar üçün diqqətəlayiq bir məqamdır ki, burada islami cəhətdən sonsuz istedad potensialı mövcuddur. Elə biri Qütbəddin Şirazi! O, Şirazdan çıxmış böyük bir alimdir. Müxtəlif elm sahələrində dərin biliklərə malik olduğuna görə əllamə kimi tanınıb. Hər halda, görkəmli şəxsiyyətləri bugünkü gənc nəslə tanıtmağa çalışın! Qoy gənclərimiz bilsinlər ki, onlar üçün nümunə ola biləcək belə alimlərimiz, şəxsiyyətlərimiz var. Orta əsrlər Avropasının qaranlıq dərinliklərindən kimlərisə tapıb çıxarmağımıza və onları gənclərimizə örnək, nümunə kimi tanıtmağımıza heç bir lüzum yoxdur. Əsl, örnək bunlardır!

İkincisi növbədə isə bu məqama diqqət yetirin ki, Qərb və Avropada elmi inkişafdan heç bir əsər-əlamət olmadığı bir dövrdə ölkəmizdə elm çiçəklənmiş, inkişaf etmişdir. Hicri tarixlə 7-ci əsrdə (Qütbəddin Şirazi 7-ci əsrin alimlərindəndir. O, təxminən, 8-ci əsrin əvvəllərində vəfat etdiyi üçün 7-ci əsrin alimlərindən hesab olunur) – yəni miladi tarixlə 13-14-cü əsrdə Avropada vəziyyət necə idi? Kimlər var idi? O zaman Avropada elmin nuru parlamamışdı. Burada isə Xacə Nəsrəddin Tusi, Katebi (onun müəllimlərindən biri də Katebidir – görkəmli filosof Katebi Qəzvini) və s. kimi şəxsiyyətlər, eləcə də Qütbəddin Şirazi kimi alimlər var idi.

Ümidvaram ki, Allah-Taala bu işi ən gözəl şəkildə yerinə yetirməkdə sizə yardımçı olacaq, inşallah!

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun!


Müraciətin mətni Ali Məqamlı Rəhbərin 13.09.1391-ci il tarixində Əllamə Qütbəddin Şiraziyə həsr olunan beynəlxalq konfransın təşkilatçı rəsmiləri ilə görüşü zamanı etdiyi çıxışdan götürülüb.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /