Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Qum Teoloji Mərkəzinin Müdərrislər Cəmiyyətinə həsr olunmuş konfransa müraciət ünvanladı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qum Teoloji Mərkəzinin Müdərrislər Cəmiyyətinin 50 illik elmi, mədəni və siyasi fəaliyyətini təqdir etmək məqsədilə “Yarım əsrlik iştirak” adı altında keçirilən konfransa ünvanladığı müraciətdə bu mübarək teoloji qurumun 50 il ərzində ixlasla göstərdiyi səyləri layiqincə dəyərləndirməyin vacibliyini vurğulayaraq dedi: “50 illik gərgin əmək və mücahidənin təcəssümü olan Müdərrislər Cəmiyyəti despot rejimə qarşı ağır mübarizə illərində Qum Teoloji Mərkəzinin qətiyyətli səsini və şücaətli fikirlərini heç nədən qorxub-çəkinmədən hamıya çatdırmışdır. Təhdidlər, təzyiqlər, həbslər və sürgünlər belə bu ruhani təşkilatın mücahid alimlərini qorxudub, geri çəkilməyə vadar edə bilməmişdir”.

Bu gün (cümə axşamı) səhər Qum şəhərində keçirilən konfransda Ali Məqamlı Rəhbərlik Baş İdarəsinin sədri Höccətül-İslam vəl-muslimin Məhəmmədi Qolpayqani tərəfindən oxunmuş müraciətin tam mətni aşağıdakından ibarətdir:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Qum Teoloji Mərkəzinin Müdərrislər Cəmiyyətinə həsr olunan konfransın keçirilməsi müdrik və uzaqgörən alimlərin təmsil olunduğu bu mübarək ruhani qurumun yarım əsrlik ixlaslı və gərgin fəaliyyətini yüksək dəyərləndirmək istiqamətində atılan layiqli bir addımdır. Müdərrislər Cəmiyyəti mötəbər bir qurum olan Qum Teoloji Mərkəzinin həyatının ən çətin dövrlərindən birində, buna duyulan kəskin ehtiyac nəticəsində təsis olunmuş və müxtəlif şəraitlərdə – istər əzab-əziyyətli repressiya dövründə, istərsə də İslam Respublikası dövlətinin qurulduğu mərhələdə öz müqəddəs və çətin mücahidəsini davam etdirmişdir.

50 illik gərgin əmək və mücahidənin təcəssümü olan Müdərrislər Cəmiyyəti despot rejimə qarşı ağır mübarizə illərində Qum Teoloji Mərkəzinin qətiyyətli səsini və şücaətli fikirlərini heç nədən qorxub-çəkinmədən hamıya çatdırmışdır. Təhdidlər, təzyiqlər, həbslər və sürgünlər belə bu ruhani təşkilatda təmsil olunaraq öz açıq imzası ilə bu müqəddəs qurumun maarifçi bəyanatlarına mötəbərlik bəxş edən mücahid alimləri qorxudub, geri çəkilməyə vadar edə bilməmişdir. İslam İnqilabı qələbə çaldıqdan, İslam Respublikası bərqərar olunduqdan sonra da  bu cəmiyyətin üzvlərinin müxtəlif siyasət, cihad, elm və tədqiqat sferalarında iştirakı Qum Teoloji Mərkəzinin həmin sferalarda oynadığı əhəmiyyətli rolu önə çəkmiş, bu bərəkətli qurumun görkəmli simaları yüksək bir məqam olan mərcəiyyət məqamında, eləcə də digər ruhani və siyasi postlarda parlaq fəaliyyət nümayiş etdirmişlər. İran xalqının böyük bir  hissəsi dini və siyasi məsələlərdə onların sözünü şəri hüccət və etimada layiq siyasi rəy kimi cani-dildən qəbul etmişdir.   

Yarım əsrlik siyasi və inqilabi təcrübəyə malik olan bu inanılmış təşkilat hazırda yeni ehtiyaclar və arenalarla üz-üzədir.

Müdərrislər Cəmiyyətinin bütün sferalarda daim ixlas və saf ilahi niyyətlə müşayiət olunan çalışqanlıq, təşəbbüskarlıq və cəsarətlə tədbir görmə əhval-ruhiyyəsi bu 50 illik yolda atılmış addımları bundan sonra daha da möhkəmləndirməyə müvəffəq olacaq.

Qum Teoloji Mərkəzi kimi müqəddəs bir ağacın meyvəsi olan gənc və fəzilətli ruhanilər uzaq və geniş üfüqlərə göz dikiblər. Onların qarşıya qoyduğu hədəflər əlçatan, əzmləri isə kifayət qədər yüksək və möhkəmdir.

Fürsət və ümid Allah tərəfindən bəxş olunan sərmayələrdir. Böyük İran xalqının həyata keçirdiyi ağır cihad Allahın feyzi sayəsində bu sərmayələri əldə etmək ləyaqətini ona əta etmişdir. Qum Teoloji Mərkəzində, o cümlədən çoxillik keçmişə malik, fundamental bir qurum olan Müdərrislər Cəmiyyətində təmsil olunan böyük din alimlərinin və ruhani liderlərin hünəri bundadır ki, onlar Allahın nəzəri olan vətənimizdə dini və inqilabi cərəyanın bu dəyərli sərmayədən mümkün qədər çox bəhrələnməsi üçün zəmin yaratsınlar, bu gün əllərində olanla daha aydın sabahlar üçün tədarük görsünlər və bu ilahi vədin gerçəkləşməsi üçün şərait yaratsınlar:

أَلَمْ تَرَ كَيْفَ ضَرَبَ اللّهُ مَثَلاً كَلِمَةً طَيِّبَةً كَشَجَرةٍ طَيِّبَةٍ أَصْلُهَا ثَابِتٌ وَفَرْعُهَا فِي السَّمَاء، تُؤْتِي أُكُلَهَا كُلَّ حِينٍ بِإِذْنِ رَبِّهَا

“Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz (la ilahə illallah, Muhəmmədun rəsulullah) kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac (xurma ağacı) kimidir. O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər.” (“İbrahim” surəsi, ayə 24, 25)

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun!

Seyid Əli Xamenei
25 bəhmən 1391
13 fevral 2013-¬cü il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /