Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Müsəlman İran qadınının həyata keçirdiyi böyük cihadı dünyaya çatdırmaq lazımdır!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Ölkənin yeddi min şəhid qadını” adı altında keçirilən konfransa ünvanladığı müraciətdə qeyd edir ki, müsəlman İran qadını dünyaya yeni qadın nümunəsi təqdim etməkdə tarixi rola malikdir. O, İslam İnqilabı və Müqəddəs Müdafiə meydanlarında minlərlə Kərbəla ruhiyyəli qadının iştirak etdiyinə toxunaraq deyir: “Bu mücahid qadınların qanının bərəkəti sayəsində müasir dövrdə yeni bir güc və nüfuz ortaya çıxıb ki, bu, gec-tez dünya qadınlarının mövqeyinə və müqəddəratına öz təsirini göstərəcək”.

Ali Məqamlı Rəhbərin müraciəti konfransda bu gün (çərşənbə günü) günortadan sonra vəli-fəqihin Şəhid Ailələri və Veteranlarla İş üzrə Fonddakı nümayəndəsi Höccətül-İslam vəl-muslimin Rəhimiyan tərəfindən oxundu. Müraciətdə Həzrət Ayətullah Xamenei müsəlman İranının İslam tarixinin kursunun dəyişilməsində layiqli rol oynamış şəhid qadınlarını yad edərək deyir: “Bu mələklər ordusu İslam yolunda öz müqəddəs canından keçmiş, əməl meydanına atılmış və yeni İranın memarları rolunda çıxış etmişdir”.

Dünyanın şərq və qərbindəki ictimai quruluşlarda qadına ikinci dərəcəli, yardımçı bir element, kişilər üçün seksual vasitə kimi yanaşıldığını qeyd edən Ali Məqamlı Rəhbər İranın dişi aslanlarının İslam İnqilabı və Müqəddəs Müdafiədə “Nə Şərqə, nə də Qərbə aid olmayan”, özünəməxsus keyfiyyətlərə malik, yeni bir qadın nümunəsi kimi oynadıqları rolu açıqlayır.

Bu nümunənin spesifik xüsusiyyətləri haqda danışan Həzrət Ayətullah Xamenei deyir: “Müsəlman İran qadını dünya qadınlarının gözləri önündə tarixin yeni bir səhifəsini açdı və sübut etdi ki, qadın olmaq, ismətli olmaq, hicablı və nəcib olmaq, eyni zamanda ictimai-siyasi proseslərin tam mərkəzində həlledici rol oynamaq, cəmiyyətə böyük fəthlər ərməğan etmək mümkündür”.

Ali Məqamlı Rəhbər İslam İnqilabı və Müqəddəs Müdafiəni qadına xas ən yüksək lütf, mərhəmət və incə duyğuları cihad, şəhadət və müqavimət ruhu ilə çulğalaşdıran, ən qabarıq kişi meydanlarını öz şücaəti, ixlası və fədakarlığı ilə fəth edən, ən böyük çıxmazların düzənini pozmaq iqtidarında olan qadınların fəal iştirak etdiyi arenalar adlandırır.

Şəhid qadınların mücahidəsinin geniş əhatəli təsirlərə malik olduğunu bildirən Ali Məqamlı Rəhbər deyir: “Bu mücahid qadınların qanının bərəkəti sayəsində müasir dövrdə yeni bir güc və nüfuz aşkara çıxıb. Bu güc və nüfuz öncə İslam dünyasının qadınlarını təsiri altına alıb və gec-tez bütün dünya qadınlarının mövqeyində və müqəddəratında öz rolunu oynayacaq!”

Ali Məqamlı Rəhbər İslam tarixindəki böyük qadınların rolunu xatırladaraq deyir: “Nə qədər ki Həzrət Xədiceyi-Kübranın, Həzrət Fatimeyi-Zəhranın və Həzrət Zeynəbi-Kübranın günəşi parlayır, qadın əleyhinə cızılan köhnə və yeni planlar heç bir nəticə verməyəcək!”

O həmçinin əlavə edir: “Bizim minlərlə Kərbəla əzmli qadınımız nəinki təkcə zahiri zülmün qara sərhədlərini darmadağın etdi, həm də qadına müasir zülm metodlarını da ifşa və rüsvay edərək göstərdi ki, Allahın qadına bəxş etdiyi böyüklük və ehtiram haqqı onun “müasir” adlanan dünyada  heç vaxt tanınmamış ən yüksək haqqıdır və bu gün o haqqı tanımağın vaxtı gəlib çatıb”.

Müsəlman İran qadınının həyata keçirdiyi böyük cihadı dünyaya göstərmək lazım olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei deyir: “Ümidvaram ki, bu mücahid və şərəfli qadınların qanının bərəkəti sayəsində media, sənət adamları, ziyalılar və kino xadimləri müsəlman İran qadınının böyük cihadını dünyaya göstərə biləcəklər!”


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /