Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Seçkinin əsl qalibi böyük İran xalqıdır

Xalqın 11-ci prezident və 4-cü şəhər və kənd islami şuralarına seçkilərdə yaratdığı möhtəşəm və tarixi qəhrəmanlığın ardından İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İran xalqına rəsmi surətdə təşəkkür və qədirdanlıq müraciəti edib.

Həzrət Ayətullah Xamenei öz müraciətində bildirib ki, mömin və qeyrətli İran xalqı tarixi bir qəhrəmanlıq meydanı olan seçki arenasında diqqətəlayiq dərəcədə yüksək say göstəricisi  ilə iştirak edib və bu möhtəşəm iştirak ölkənin siyasi cəhətdən günü-gündən inkişaf etdiyini, iranlıların dinə əsaslanan demokratiyaya səmimi qəlbdən dəstək olduğunu göstərir, dargözlü düşmənlərin yalan və uydurma təbliğatının sehrini qıran bir həmayildir. O vurğulayıb: “Seçkinin əsl qalibi Allahın yardımı və dəstəyi ilə möhkəm bir addım ataraq özünün təsir altına düşməyən şəxsiyyətini, qətiyyətli və yüksək əhval-ruhiyyəli simasını, qəlbinin ümid və imanla dolub daşdığını nümayiş etdirməyi bacarmış böyük İran xalqıdır”.

Ali Məqamlı Rəhbərin müraciətinin tam mətni aşağıdakından ibarətdir:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Əziz İran xalqı!

24 xordad cümə günü qurulan, qəhrəmanlıq əzminin tələb olunduğu, həyəcan dolu seçki arenası müsəlman İranının optimist və qətiyyətli simasını dost-düşmənə nümayiş etdirən daha bir diqqətəlayiq sınaq idi. Artan siyasi inkişaf, xalqın dinə əsaslanan demokratiyanı səmimiyyətlə dəstəkləməsi sizin seçki məntəqələrində kütləvi iştirakınızla bir daha əməldə sübuta yetirildi və ölkəmizə tamah gözünü dikmiş dargöz düşmənlərin uydurma təbliğatının sehrini darmadağın edən bir həmayil oldu.

Sizin seçkidə iştirak etməklə imza atdığınız tarixi qəhrəmanlıq İran və İran insanı ilə İslam dövləti arasında olan möhkəm bağlılığı bu müqəddəs etimad və bağları min bir siyasi, iqtisadi, təhlükəsizlik planı ilə  qırmağa, yaxud zəiflətməyə çalışan bədxahların üzünə çırpdı.

Dünənki seçkidə mömin və qeyrətli İran insanı işğalçı və imperialist oyunçularla psixoloji müharibədə, ağıl və mətanətlə apardığı bu qarşıdurmada böyük potensiala malik olduğunu kifayət qədər gözəl surətdə və məharətlə nümayiş etdirdi, öz ölkəsini, milli mənafeyini, zəhmət və ümid dolu gələcəyini sığortaladı.

Dünənki seçkinin gerçək qalibi Allahın yardımı və dəstəyi ilə möhkəm bir addım ataraq özünün təsir altına düşməyən şəxsiyyətini, qətiyyətli və yüksək əhval-ruhiyyəli simasını, qəlbinin ümid və imanla dolub daşdığını nümayiş etdirməyi bacarmış böyük İran xalqıdır.

Elm və hikmət sahibi olan Uca Yaradanın lütf və mərhəməti qarşısında sonsuz itaət və təslimkarlıqla səcdə edir, özümü və sizi bu böyük nemətə görə şükür, zikr və qədirdanlıq etməyə çağırıram. Həzrət İmam Mehdi Sahibəzzamanı (ə.f) salamlayıb, hüzuruna ixlas ifadə edərək xalqı və yeni seçilmiş prezident Höccətül-İslam Hacı Şeyx Həsən Ruhanini təbrik edirəm. Yeni seçilmiş prezidentə və bütövlükdə xalqa bir neçə məqamı qeyd etmək istəyirəm:

1. Artıq xalqımızın siyasi qəhrəmanlıq sınağı və onun pik nöqtəsi olan 24 xordad seçkiləri İran xalqının və İslam Respublikasının qələbəsi ilə başa çatdı. Seçkiqabağı rəqabət həftələrinin həyəcan və gərginliyi indi yerini əməkdaşlığa və həmrəyliyə verməli, rəqib namizədlərin tərəfdarları səbir, mətanət və sağlam düşüncə sınağında da öz layiqli mövqelərini tutmalıdırlar. Heç bir emosiya – nə sevinc, nə də uğursuzluq – kimisə ziyalılıqdan, sağlam və məntiqli düşüncədən uzaq olan danışıq və ya davranışa sövq etməməlidir. Bədxahların xalqın emosiyalarını öz çirkin istəkləri üçün alətə çevirməsinə imkan verməyin. Milli birlik, həmrəylik və tolerantlıq ölkənin təhlükəsizliyinin dayağıdır və düşmənlərin məkrli planlarını puç edir.

2. Seçilmiş prezident bütün xalqın prezidentidir. Ölkə prezidentinin və onun hökumətdə təmsil olunan həmkarlarının məsuliyyət daşıdığı böyük amalların gerçəkləşməsi üçün hər kəs onlara kömək etməli və onlarla səmimi şəkildə əməkdaşlıq etməlidir.

3. Bir müddət davam etmiş müzakirə və debat həftələrindən sonra indi iş görmək, addım atmaq vaxtıdır. Seçilmiş prezidentin əlində vəzifə məsuliyyətini rəsmən qəbul edənə qədər dəyərli bir fürsət var və yaxşı olar ki, o, bu fürsətdən maksimum dərəcədə yaralansın, həssas bir vəzifə məsuliyyəti olan prezidentlik səlahiyyətlərinə start vermək üçün ehtiyac duyulan işlərə yubanmadan başlasın.

4. Seçki qəhrəmanlığının gerçəkləşməsi prezidentliyə namizədliyini irəli sürmüş digər insanların iştirakı, rəqabəti və səyləri olmadan mümkün deyildi. Bu marafona qoşulmuş, yorulmaq bilməyən səyləri ilə həyəcanlı bir müsabiqə arenası yaratmış bütün möhtərəm namizədlərə səmimi-qəlbdən təşəkkür etməyi, onları bir daha İslamın və inqilabın müxtəlif sferalarında mühüm rol oynamağa dəvət etməyi lazım bilirəm.

5. Həmçinin bu dəfə  də qalıcı bir hadisəyə imza atmış xalqımıza, xüsusilə də böyük mərcə-təqlidlərə, din alimlərinə, əhalinin seçkidə iştiraka rəğbətləndirilməsində dəyərli rol oynamış ali təhsil, siyasət və mədəniyyət xadimlərinə, eləcə də seçkinin keçirilməsi üçün məsuliyyət daşıyan qurumların rəsmilərinə, özəlliklə də Daxili İşlər Nazirliyinə, gərgin zəhmət tələb edən bu üzücü həftələrin əziyyətinə səbirlə dözmüş, tam əmanətdarlıqla bu ağır yükü mənzil başına çatdırmış möhtərəm Keşikçi Şuraya, bu qədər böyük bir ölkədə – hətta ən ucqar məntəqələrdə bu həssas hadisənin tam təhlükəsizlik şəraitində keçməsini qarant altına almış hüquq-mühafizə orqanlarının əməkdaşlarına, onlarla əməkdaşlıq etmiş bütün orqanlara səmimi təşəkkürümü bildirmək, onlar üçün Uca Yaradandan sonsuz əcr diləmək istəyirəm.

6. Öz təşəbbüskar və peşəkar səyləri ilə seçkinin yüksək seçici fəallığı şəraitində keçməsi üçün zəmin yaratmış, müxtəlif siyasi təmayüllərə, hədəf və düşüncələrə sahib olan namizədlərin fikirlərini qərəzsiz və açıq-aşkar şəkildə xalqa çatdırmış, İslam Respublikasında hakimiyyətin bir şəxsdən digərinə necə ötürüldüyünü dünya ictimaiyyətinin gözü önündə tam açıq şəkildə canlandırmış Dövlət Teleradiosuna və bu qurumun rəsmilərinə də xüsusi, layiqli və böyük təşəkkürümü bildirməyi lazım bilirəm, onlara Uca Yaradandan əcr və mənəvi dəstək diləyirəm.

Sonda bir daha böyük nemətlərinə görə sonsuz itaətkarlıq və acizliklə Allaha şükür edir, dahi liderimiz İmam Xomeyninin (r.ə), ali məqamlı şəhidlərimizin ruhunu ehtiramla yad edir, Uca Yaradandan bu ölkə və bu xalq üçün mümkün qədər daha yaxşı gələcək diləyirəm.

Allahın salamı və rəhməti nəsibiniz olsun!

Seyid Əli Xamenei
25 xordad 1392
15 iyun 2013-cü il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /