Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər ölkədə keçirilən 22-ci Ümummilli Namaz Konfransına müraciət etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə keçirilən 22-ci Ümummilli Namaz Konfransına ünvanladığı müraciətdə qeyd edir ki, namaza mənəvi keyfiyyət bəxş etmək, onu əhali arasında yayaraq kütləviləşdirmək möminlərin başda duran vəzifəsidir. Ali Məqamlı Rəhbər həmçinin vurğulayır: “Bu böyük vəzifəni ziyalılar və qələm sahibləri danışmaq və yazmaqla, media təmsilçiləri, tribunalardan geniş auditoriyaya səslənmək imkanına malik olan şəxslər cəlbedici və peşəkar layihələri ilə, nəhayət hökumət strukturlarının rəsmiləri də rəhbərlik etdikləri strukturun fəaliyyət sferasına uyğun şəkildə yerinə yetirə bilərlər.

Ali Məqamlı Rəhbərin bu gün səhər Ümummilli Namaz Konfransında vəli-fəqihin Lorestandakı nümayəndəsi Höccətül-İslam vəl-muslimin Mirəmadi tərəfindən oxunmuş müraciətinin tam mətni aşağıdakından ibarətdir:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Qurani-Kərim qüdrət sahibi olan möminlərdən və onların öhdəsinə düşən başlıca vəzifədən danışarkən namazın qılınmasını qeyd edir:

... الذین ان مکنّاهم فی الارض اقاموا الصلاة

“O kəslər ki, əgər onları yer üzündə qüdrət və məqam sahibi etsək, namaz qılar(lar), ...” (“Həcc” surəsi, ayə 41)

Fərdi miqyasda bu vəzifə namazın mənəvi keyfiyyətlə qılınmasından, ictimai miqyasda isə onun xalq arasında təbliğ olunaraq yayılmasından ibarətdir.

Namazın keyfiyyətlə qılınması insanın bu ibadəti xüsusi mənəvi halətlə, bütün varlığı ilə Yaradana diqqət kəsilərək yerinə yetirməsi mənasındadır. Namaz qılan insan buna Uca Yaradanla vədələşdiyi görüş kimi baxmalı, namaz əsnasında öz Allahı ilə danışdığını bilməli, özünü Onun hüzurunda hiss etməlidir. Çalışıb, bacardığı qədər namazı məsciddə, mümkün qədər camaatla birgə qılmalıdır.

Namazı insanlar arasında yaymaq dedikdə isə namazın geniş yayılaraq kütləviləşdirilməsi, onun əhəmiyyətinin izah olunması, namaza başlamağa çətinlik çəkən insanlar üçün bu işin asanlaşdırılması istiqamətində olan hər bir hərəkət və səy nəzərdə tutulur.

Bu böyük vəzifəni ziyalılar və qələm sahibləri danışmaq və yazmaqla, media təmsilçiləri, tribunalardan geniş auditoriyaya səslənmək imkanına malik olan şəxslər maraqlı və peşəkar layihələri ilə, nəhayət hökumət strukturlarının rəsmiləri də rəhbərlik etdikləri strukturun fəaliyyət sferasına uyğun şəkildə yerinə yetirə bilərlər.

Kiçik şəhərlərdə və kəndlərdə məscidlərin azlığı, idman zalı, park, avtomobil dayanacaqları kimi ictimai yerlərdə namaz üçün ayrılmış xüsusi məkanların olmaması, uzaq yol qət edən nəqliyyat vasitələrində namaz vaxtlarına riayət edilməməsi, dərs kitablarında namaz mövzusunun lazımi səviyyədə işlənməməsi, məscidlərdə təmizlik və sanitariyaya diqqət yetirilməməsi, imam-cümələrin məscidə gələn insanlarla yaxından ünsiyyət qurmaması və bu qəbildən olan digər çatışmazlıqlar cəmiyyətimizin namaza münasibətdə zəif cəhətləridir. Onların aradan qaldırılması üçün əzm və ciddiyyət nümayiş olunmalı, müsəlman toplumunda nüfuz və iqtidar sahiblərinin iman nişanəsi – yəni namazın lazımınca yerinə yetirilməsi məsələsi, inşallah, günü-gündən daha da aşkar şəkildə təzahür etdirilməlidir.

Allahın salamı və mərhəməti nəsibiniz olsun!

Seyid Əli Xamenei
11 şəhrivər 1392
2 avqust 2013-cü il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /