Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər demoqrafik dəyişikliklər mövzusuna həsr olunmuş milli foruma müraciət etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Demoqrafik dəyişikliklər və cəmiyyətdə gedən müxtəlif proseslərdə onların rolu” mövzusuna həsr edilmiş milli foruma ünvanladığı müraciətdə əhalinin sayı məsələsinin əhəmiyyətinə, eləcə də intellektual elitanın ölkədə demoqrafik artıma ehtiyac olması fikrini qəbul etməsi üçün mədəni iş aparmağın vacibliyinə toxunaraq deyir: “Əhalinin gənc simasının qorunması məsələsi bir ölkə üçün mühüm, başlıca və həlledici bir məsələdir. Dünyada əhalinin qocalması ilə üzləşmiş ölkələr bundan irəli gələn problemlərdən çox çətinliklə çıxış yolu tapıblar. Ölkəmizdə bu problemin öz həllini tapması üçün dərin və əsaslı elmi iş aparılmalıdır”.

Ali Məqamlı Rəhbərin foruma ünvanladığı müraciətin mətni onun 06.08.1392-ci ildə forumun təşkilatçıları ilə keçirdiyi görüş zamanı etdiyi çıxışdan götürülüb və bu gün (cümə axşamı) səhər Qum şəhərində baş tutan forumda oxunub.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Cəmiyyətdə ciddi müzakirələrə və fikir ayrılıqlarına yol açan demoqrafik artım məsələsi olduqca mühüm bir məsələdir. Sözsüz ki, məsələyə ölkənin ümumi siyasəti nöqteyi-nəzərindən yanaşılarsa, ölkəmiz əhalinin artımına meyllənməlidir. Və əlbəttə ki, bu proses məntiqi və balanslaşdırılmış formada getməlidir. Tutulan bütün irad və nöqsanların aradan qaldırılması, cavablandırılması mümkündür və qeyd edim ki, onlardan bəzilərinin biz də şahidi olmuşuq. Mühüm olan budur ki, zəngin təbii resurslara, özünəməxsus siyasi-coğrafi mövqeyə malik olan ölkəmiz daha çox sayda əhaliyə ehtiyac duyur. Bundan əlavə, daha öncə də qeyd etdiyimiz kimi, ölkə üçün əhalinin gənc simasının qorunub saxlanması məsələsi əsas, əhəmiyyətli və həlledici bir məsələdir. Alim və tədqiqatçılar məsələni hərtərəfli araşdırmış, statistik göstəriciləri dəqiqliklə nəzərdən keçirmişlər. Alınan nəticəyə baxsaq, görərik ki, əgər ölkəmiz demoqrafik artım baxımından eyni templə irəliləməkdə davam etsə, o qədər də uzaq olmayan gələcəkdə biz əhalisi qocalmış bir ölkəyə çevriləcəyik. Bu problemin çarəsi isə, əslində, əlçatan deyil. Nəinki bizim üçün, heç kəs üçün əlçatan deyil. Belə ki bu gün əhalisinin yaşlanması problemi ilə üzləşmiş, təbii artım qabiliyyətini itirmiş ölkələrin bu problemin həlli yolunu tapacaqlarını demək çox çətindir. Təbii ki, biz də eyni problemlə üzləşəcəyik və işin o yerə çatmasına imkan verməməliyik. Əlbəttə ki, dinimizin əsaslarının, İslam təfəkkürünün əhalinin sayı və demoqrafik artım məsələsinə yanaşması, özü də regionumuzun və İslam Respublikasının siyasi-coğrafi mövqeyi nəzərə alınmaqla yanaşması açıq-aydındır.

Düşünürəm ki, bu forum (1) olduqca yaxşı və faydalı işlərdən biridir. Biz bu məsələnin şüarçılığa çevrilməsini, yaxud formal xarakter almasını istəmirik. Biz problemin elmi və fundamental bir şəkildə həllini tapmasını, zehinlərdə mövcud olan şübhə və tərəddüdlərin cavablandırılmasını, məsələnin mahiyyətinin işıqlandırılmasını istəyirik və mən inanıram ki, biz bunu bacararıq. Mütəfəkkirlərimiz, demoqrafiya ilə bağlı istənilən sferada fəaliyyət göstərən mütəxəssislərimiz bu sahədə ortaya düzgün və məqbul sayıla biləcək bir məntiq qoya bilərlər. Əlbəttə ki, bu forum atılan ilk addımdır. Lakin ilk addım olmasına baxmayaraq, mənə elə gəlir ki, hansısa qanunların qəbulundan daha əhəmiyyətlidir (2). Çünki digər sosial problemlərin əksəriyyəti kimi, bu məsələdə də ilk sözü müvafiq mədəniyyətin formalaşdırılması deyir. Mədəniyyət formalaşdırmaq lazımdır; təəssüflər olsun ki, bu gün bu yoxdur, bu sahədə boşluq var. Dəfələrlə qeyd olunub – biz də qeyd etmişik, başqaları da deyiblər, parlamentdə də danışılıb, bəzi digər insanlar da müxtəlif tribunlardan az-çox fikirlər səsləndirirlər – buna baxmayaraq, sözügedən sahədə düzgün mənada mədəni iş aparılmayıb. Mənə belə gəlir ki, sizin gördüyünüz iş bu baxımdan çox müsbət, məqsədəuyğun bir işdir. İntəhası, təkcə dəyirmi masalar təşkil etmək, çıxışlar dinləmək, yaxud misal üçün, müəyyən qədər məqalə çap etdirməklə kifayətlənməyin. Bunlar lazımlı işlərdir, ancaq kifayət deyil. Ölkədə mövcud olan imkanlardan istifadə edib cəmiyyətdə bu ideyanı genişləndirmək lazımdır. Özü də cəmiyyət arasında təbliğ olunan bu ideya dərin, əsaslı, məntiqli və hər kəs üçün qaneedici olmalıdır. Odur ki bu məsələ üzərində işləmək lazımdır və yəqin ki, siz hörmətli cənablar da bunu etmisiniz. Adətən ayrı-ayrı şəxslər, yaxud qruplar, misal üçün, bir forum və ya konfrans təşkil etmək niyyətində olduqda mən həmişə onlara tapşırıram, deyirəm ki, siz başladığınız işi sona çatdırmağa can atmayın. İşləməyiniz üçün fürsət yaradın ki, həmin forumda qaldırılan məsələ ictimaiyyətə arzulanan, sanballı formada təqdim olunsun. Şübhə yox ki, elə siz də belə etmisiniz. Çünki sizlər, əlhəmdulillah, dəyərli tədqiqatçılarımızsınız və rəhbərliyi altında çalışdığınız müəssisə də bu sahədə gözəl təcrübəsi olan bir müəssisədir. Lakin bu etdiyinizlə işi yekunlaşdırmayın.

Məsələnin bütün tərəflərini araşdırın, baxın görün cəmiyyətimizi ailələrdə uşaqların az olmasına meylləndirən nələrdir. Ailələrdə övladların azlığına olan bu meyllilik bir bəladır, xəstəlikdir. Belə ki insan, təbiəti etibarilə, övlad sahibi olmağı sevir. Bəs nə üçün kimlərsə yalnız bir, yaxud iki övladı olmasına üstünlük verir? Nəyə görə qadınlar bir, kişilərsə digər bir formada övlad sahibi olmaqdan çəkinirlər? Bütün bunları nəzərdən keçirmək, buna hansı amillərin səbəb olduğunu aşkara çıxarmaq, elm adamlarını və mütəxəssisləri bu bəlalı amillərə – bəli, mən onların məhz bəlalı amillər olduğunu düşünürəm – necə əlac etmək lazım olduğu barədə düşünməyə çağırmaq lazımıdır. Tutalım, nikah yaşının yüksəlməsi. Heç şübhəsiz, doğumu məhdudlaşdıran amillərdən biri də nikah yaşının yüksəlməsidir. Bəli, bu, ölkə üçün üzərində düşünülməsi vacib olan problemlərdən biridir. Ölkəmizdə nikaha daxil olan cütlüklərin yaşı nəyə görə yüksəlib? Məgər 17, 18, 19 yaşlı gənclərimiz cinsi tələbatlarının, cinsi instinktlərinin təmin olunmasına ehtiyac duymurlar? Bu barədə düşünməliyik. Digər tərəfdən, deyirlər ki, bunların evi, işi-gücü, gəliri yoxdur. Biz baxmalıyıq ki, bütün bunları bir araya sığdırmaq üçün nə etmək olar. Biz belə düşünməməliyik ki, evlənmək üçün insanın hökmən şəxsi evi, gəlirli işi olmalıdır. Xeyr!

اِنَ یَکونوا فُقَراءَ یُغنِهمُ اللهُ مِن فَضلِه

“Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər”. (“Nur” surəsi, 32-ci ayənin bir hissəsi).

Quran bizə bunu deyir. Siz bu məsələdə insanlarımızın təfəkkürünə hakim kəsilmiş bütün qorxu və tərəddüdləri dağıtmalı, düyünləri açmalısınız. Sizin və bu qəbildən olan forumların missiyası bu elmi və fəlsəfi işi həyata keçirmək, reallaşdırmaqdır. Yəni sırf hansısa fikirləri, istəkləri ifadə etməklə, hətta bu sahədə hansısa şüarlar irəli sürməklə olmamalıdır. Həqiqətən iş görmək lazımdır – əqli iş. Əhalinin sayının azalmasına səbəb olmuş, eləcə də bu sayın artımına yol açacaq amillər arzu edilən formada, düzgün və balanslaşdırılmış şəkildə gözdən keçirilərək təqdim olunmalıdır ki, intellektual kəsimi qane etsin. Bu məsələdə adi camaat – dindarlar, ibadət edən insanlar – sadəcə sözdə deməklə, təbliğat işlərinin aparılması ilə daha yüksək doğuma maraq göstərə bilərlər. Cəmiyyətin intellektual elitasını təmsil edən insanları isə zehni cəhətdən qane etmək, onlara bu məsələni qəbul etdirmək lazımdır. İntellektual elita bunu qəbul etsə, iş yüngülləşər, mədəniyyət formalaşdırmaq işi asanlaşar. Siz cənablar bu istiqamətdə işləməlisiniz və ümidvaram ki, işinizdə uğur qazanacaqsınız. Mən həmçinin düşünürəm ki, bizim ölkəmiz 75 milyon yox, 150 milyon əhaliyə yurd-yuva ola biləcək bir ölkədir. Hələ mən minimum 150 milyon deyirəm, bundan daha artığını demək olar. Bu cür geniş əraziyə, zəngin iqlim şəraitinə və yeraltı sərvətlərə, potensial elmi istedada malik olan bir ölkə, heç şübhəsiz, əhalisinin sayı yüksək bir ölkə ola və inşallah özü bu əhalini dolandıra bilər. Bu gün biz bir ailənin öhdəsinə 4-5 uşaq düşdüyü zaman onların həyat şəraitinin necə olacağını düşünürük. Lakin gəlin bunu düşündüyümüz kimi, bu uşaqların böyüyüb iş güc-sahibi olduqları zaman ölkənin tərəqqisinə necə yardımçı olacaqlarını da düşünək. Yəni bunu da düşünmək lazımdır.

Bir vaxtlar Qərbə xas həyat tərzinə, Avropadakı yaşayışa təqlidçi bir yanaşmanın mövcud olması bu gün bizi bu yerə, bu nəticəyə gətirib çıxarıb; bugünkü vəziyyət o dövrün mirasıdır. Müəyyən etapda biz də məsələnin əhəmiyyətini diqqətdən qaçırmışıq, görməli olduğumuz işi görməmişik. Halbuki bu gün həmin Qərb ölkələrindən bəzilərində doğumun səviyyəsinin aşağı düşməsinin ziyanını çəkirlər, peşmandırlar. Bəzi Qərb ölkələrində isə doğumun azalması əsla müşahidə olunmur. Yəni ailələrdə uşaqların sayı çoxdur. Elə amerikan ailələri var ki, 10-12 uşaq sahibidirlər, bəs onları təqlid etmək istəyən iranlı ailəsinin nəyə görə mütləq 1-2 uşağı olmalıdır? Hal-hazırda bu var və bu reallıq haqqında bizə məlumatlar gəlib çatır. İnşallah, sizə işinizdə uğurlar arzu edirəm.

Allahın salamı və mərhəməti nəsibiniz olsun!



___________________________________
1) Forum İmam Xomeyni (r.ə) adına Təhsil və Tədqiqat Müəssisəsinin Elmi Tədqiqatlar üzrə Müavinliyinin təşəbbüsü ilə cari ilin 9 aban tarixində keçiriləcək;

2) Höccətül-İslam Tehraninin çıxışında elan olundu ki, demoqrafiya mövzusu ilə bağlı siyasət və strategiyalar Mədəni İnqilab Ali Şurası tərəfindən təsdiq olunduqdan sonra Parlamentin Mədəniyyət Komissiyası müvafiq qanun layihəsi üzərində işləməkdədir. Bu layihə parlamentdə oxunub müzakirə olunduqdan sonra yekun qanun qəbul ediləcək.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /