Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər yeni təyinatla bağlı sərəncam imzaladı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei imzaladığı yeni sərəncamda Höccətül-İslam Seyid Mehdi Qüreyşinin Urmiya şəhərinin imam-cüməsi və vəli-fəqihin Qərbi Azərbaycan ostanındakı nümayəndəsi təyin olunması barədə göstəriş verir, daha öncə həmin vəzifə postunu tutmuş Höccətül-İslam Həsəninin layiqli və inqilabi xidmətlərini, çəkdiyi zəhmətləri təqdir edir.

Sərəncamın tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Cənab Höccətül-İslam Seyid Mehdi Qüreyşi,

Tutduğu vəzifə postunda uzun illər boyu inqilab yolunda səmimi və layiqli xidmətlər göstərmiş, böyük zəhmətlər çəkmiş möhtərəm imam-cümə Höccətül-İslam Həsəninin hazırda istefaya getməsi ilə əlaqədar olaraq, Sizi Urmiya şəhərinin imam-cüməsi və Qərbi Azərbaycan ostanında öz nümayəndəm təyin edirəm.

Qərbi Azərbaycan ostanının şərafətli əhalisi inqilabdan sonrakı illərdə destruktiv fəaliyyət göstərən silahlı əks-inqilabçılara qarşı mübarizənin çətin sınağından müvəffəqiyyətlə çıxmış, cihadın ön sıralarında müdriklik və səmimiyyətlə əsl möminə layiq iştirak nümayiş etdirmişdir. Mömin əhalisinin birlik və həmrəyliyi, bütün bu illər ərzində göstərdiyi sayıqlıq və inqilabi uzaqgörənlik sərhəd zonasında yerləşən bu ostanda bu günə qədər asayiş və təhlükəsizliyin təmin olunmasına səbəb olmuşdur. Ümid edirəm ki, Siz dərin elminiz və müdrik səylərinizlə, saf qəlbli və enerji dolu gənc nəsillə əməkdaşlıq edərək, imam-cümə postunun geniş imkanlarından lazımınca bəhrələnib mədəniyyət sferasındakı xidmətlərinizi daha da artıraraq bu doğru yolda daha da möhkəm addımlar atacaqsınız. Böyük din alimləri, teoloji mərkəz və universitetlərin görkəmli simaları ilə sıx əlaqədə, xalqın müxtəlif təbəqələri ilə mehriban və səmimi münasibətdə olmağınız işinizdə uğur qazanmağınıza xeyli dərəcədə yardımçı olacaq, inşallah.

Uca Allahdan cənab Həsəniyə və Sizə  müvəffəqiyyət və gözəl həyat diləyirəm.

Allahın salamı və rəhməti nəsibiniz olsun.

Seyid Əli Xamenei
25 dey 1392-ci il
15 yanvar 2014-cü il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /