Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər hökumətin başlıca demoqrafik siyasətlərini elan etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Dövlətin Mənafeyini Müəyyənləşdirən Şura ilə məsləhətləşmələrdən sonra Konstitusiyanın 110-cu maddəsinin 1-ci bəndinə əsasən müəyyən edilmiş “Hökumətin başlıca demoqrafik siyasətləri”ni elan etdi.

Ali Məqamlı Rəhbər tərəfindən hökumətin üç qolunun başçılarına, habelə Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın sədrinə elan edilmiş siyasətlərin tam mətni aşağıdakından ibarətdir:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Milli iqtidarın təmin edilməsində demoqrafiya məsələsinin əhəmiyyətini, ölkə əhalisinin hazırkı simasında olan gənclik, dinamiklik və inkişafın münasib bir fürsət və üstünlük kimi qiymətləndirilməli olduğunu nəzərə alaraq ötən illər ərzində əhalinin artımı və doğum göstəricilərində müşahidə olunmuş azalmanı kompensasiya etmək məqsədilə hökumətin başlıca demoqrafik siyasətləri elan olunur. Demoqrafiya amilinin ölkənin inkişafındakı qaçılmaz rolunu nəzərə alaraq ölkənin iqtisadi, mədəni və sosial yüksəlişini təmin etmək üçün demoqrafik siyasətlərə müvafiq kompleks fəaliyyət proqramları həyata keçirilməlidir. Həmçinin bu sahədə başlıca hökumət strukturları və əlaqədar qurumlar arasında koordinasiya və iş bölgüsü aparılaraq lazımi tədbirlər diqqətli, sürətli və əsaslı şəkildə həyata keçirilməli, siyasətlərin icrasına ardıcıl nəzarətin nəticələri ilə bağlı məlumat verilməlidir.

Seyid Əli Xamenei
30 ordibeheşt 1390

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Başlıca demoqrafik siyasətlər

1. Doğum göstəricisinin əvvəlki nəsli əvəzetmə səviyyəsindən də yuxarı qaldırılması ilə ölkə əhalisinin simasında gənclik, dinamiklik və inkişafın artırılması;

2. Nikaha əngəl olan maneələrin aradan qaldırılması, ailə qurmanın təbliği və asanlaşdırılması, ailələrdə övladların sayının artırılması, nikah yaşının aşağı salınması, gənc ailələrin himayə edilməsi, yaşam xərclərinin ödənməsində, yaxşı və cəmiyyət üçün xeyirli övladların yetişdirilməsində onlara dəstək verilməsi;

3. Analar üçün, özəlliklə hamiləlik və südvermə dövründə münasib güzəşt və imtiyazların nəzərdə tutulması, doğum xərclərinin, habelə kişi və qadınlarda sonsuzluğun müalicəsi üçün çəkilən xərclərin sığortalanması, aidiyyəti olan himayəçi qurum və müəssisələrin gücləndirilməsi;

4. Ailə ocağının müqəddəsliyi, övlad sevgisi ilə bağlı sosial təlimlərdə islahatların aparılması və bu təlimlərin təkmilləşdirilməsi, həyati və kommunikativ bacarıqların mənimsənilməsinə xüsusi diqqət ayrılması, İran-İslam mədəniyyətinə və dəyərlərinə uyğun konsultasiya xidmətlərinin təqdim olunması, sağlam hamiləlik və doğum sahəsində sosial təminat, səhiyyə və tibbi xidmətlər sisteminin gücləndirilməsi və genişləndirilməsi yolu ilə ailələrin əsaslarının möhkəmləndirilməsi və uzunömürlülüyünün təmin olunması;

5. İran-İslam mədəniyyətinə uyğun həyat tərzinin təbliği və institutlaşdırılması, Qərbə xas həyat tərzinin arzuolunmaz aspektlərinə qarşı mübarizə aparılması;

6. İnsanlarda həyata olan ümidlərin və optimizmin artırılması, əhalinin sağlamlığının və sağlam qidasının təmin edilməsi, ictimai təhlükələrin, xüsusilə də narkomaniya, bədbəxt hadisələr, ekoloji problemlər və xəstəliklərin qarşısının alınması;

7. Ahıllara hörmət və qayğı mədəniyyətinin formalaşdırılması, ailələrdə ahıl insanların yaşayışının və sağlamlığının təmin edilməsi üçün lazımi şəraitin yaradılması, ahılların uyğun sferalardakı təcrübə və bacarığından faydalana bilmək üçün lazımi mexanizmin nəzərdə tutulması;

8. Effektiv və məhsuldar məşğulluğun təmin edilməsi məqsədilə əmək yaşlı əhalinin fəal vəziyyətə gətirilməsi üçün müvafiq mədəniyyətin formalaşdırılması və mövcud yanaşmanın islahı, ümumi təlim-tərbiyə, məşğulluq, peşə və ixtisas seçimi sistemlərinin gücləndirilməsi və cəmiyyətin ehtiyaclarına, istedad və maraqlarına uyğunlaşdırılması;

9. Demoqrafik təzyiqi azaltmaq və əhalinin balanslaşdırılmış yerləşdirilməsini təmin etmək məqsədilə bioloji imkanları nəzərə alınmaqla, habelə su təminatına xüsusi diqqət ayırmaqla əhalinin coğrafi məkan üzrə dislokasiyasına yenidən baxılması;

10. Seyrək formada məskunlaşmış sərhəd zonalarında yaşayan əhalinin orada saxlanması və insanların bu zonalarda yaşamağa cəlb edilməsi, özəlliklə də infrastruktur şəbəkələrin qurulması, investorların həvəsləndirilməsi və himayə edilməsi, kifayət qədər gəlirli məşğulluq sahələrinin yaradılması yolu ilə Fars Körfəzi və Oman dənizi sahillərində və adalarında yeni yaşayış mərkəzlərinin salınması;

11. Əlverişli mexanizmlərin işlənib hazırlanması və tətbiqi ilə demoqrafik siyasətlərə müvafiq olaraq ölkəyə və xaricə miqrasiyanın idarə edilməsi;

12. Ölkədən xaricdə yaşayan iranlıların ölkədə yaşamağa və investisiya qoyuluşuna təşviq edilməsi, onların imkan və potensialından istifadə olunması;

13. Milli heysiyyətə xidmət edən ideyaların (irançılıq, islamçılıq, inqilabçılıq) gücləndirilməsi, ölkənin müxtəlif regionları, özəlliklə də sərhəd bölgələri, habelə ölkədən xaricdə yaşayan iranlılar arasında sosial uyğunlaşma və koordinasiyanın yüksəldilməsi;

14. Əlverişli mexanizmlərin yaradılması ilə demoqrafik siyasətlərin kəmiyyət və keyfiyyət baxımından icrasına ardıcıl nəzarətin həyata keçirilməsi, yerli insan inkişafı meyarlarının işlənib hazırlanması, əhalinin artımı və demoqrafik problemlərin həlli sahəsində elmi-tədqiqat işlərinin aparılması.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /