Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər elmi-texnoloji inkişafın başlıca siyasətlərini elan etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İİR Konstitusiyanın 110-cu maddəsinin 1-ci bəndinin icrasını rəhbər tutaraq, Dövlətin Mənafeyini Müəyyənləşdirən Şura ilə müvafiq məsləhətləşmələrdən sonra elmi-texnoloji inkişafın başlıca siyasətlərini elan etmişdir.

Elmi-texnoloji inkişafın başlıca siyasətlərini əks etdirən sənədin mətni hakimiyyətin 3 qolunun başçılarına, eləcə də Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın sədrinə göndərilmişdir. Həmin mətn aşağıdakından ibarətdir:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Elmi-texnoloji inkişafın başlıca siyasətləri (ali təhsil sistemi, elmi tədqiqatlar, texnologiyalar)

1. Dünya üzrə elmi-texnoloji inkişafın liderinə çevrilmək üçün aşağıda sadalanan məqamlara xüsusi diqqət ayırmaqla ardıcıl elmi cihadın həyata keçirilməsi:

1. 1. Elmin inkişafı, innovasiyaların və yeni ideyaların genişləndirilməsi;

1.2. Ölkənin elmi-texnoloji inkişaf baxımından dünya üzrə malik olduğu statusun yüksəldilməsi, İranın İslam dünyasının elm və texnologiya qütbünə çevrilməsi;

1.3. Fundamental elm sahələrinin və elmi tədqiqatların inkişaf etdirilməsi;

1.4. Humanitar elmlərdə dəyişikliklərin həyata keçirilməsi və sözügedən elm sahələrinin inkişafı, xüsusilə də dini biliklərin və İslam İnqilabı ilə bağlı maarifləndirmənin dərinləşdirilməsi. Bunun üçün: sözügedən elmlər gücləndirilməli və onlara yüksək status verilməli, istedadlı və stimullu insanlar işə cəlb olunmalı, bu elm sahələri üzrə yazılan elmi ədəbiyyata, tədris proqramlarına və tədris metodikalarına yenidən baxılmalı, zəruri dəyişikliklər edilməli, müvafiq elmi mərkəzlər və onların fəaliyyəti kəmiyyət və keyfiyyət baxımından artırılmalıdır;

1.5. Xüsusi fəaliyyət proqramlarının və siyasətlərin işlənib hazırlanması yolu ilə ən son elm və texnologiyalarda inkişafa nail olunması;

2. “20 illik perspektiv plan”da qarşıya qoyulmuş hədəflərə çatmaq üçün aşağıda sadalanan məqamlara xüsusi diqqət ayırmaqla ölkənin təhsil və elmi tədqiqat sistemində struktur və fəaliyyət baxımından islahatların həyata keçirilməsi:

2.1. Elmi tədqiqatların idarə edilməsi, icra olunan siyasətlərdə koordinasiyaya nail olunması, elm və texnologiya sahəsində strateji planlama və nəzarətin həyata keçirilməsi, meyarların daim yüksəldilməsi, dünya və regionda gedən elmi-texnoloji dəyişiklikləri nəzərə almaqla ölkənin kompleks elmi planının günün tələblərinə uyğunlaşdırılması;

2.2. Tələbə qəbulu sistemində islahatların aparılması, ixtisas seçimi zamanı tələbələrin istedad və marağına xüsusi diqqət yetirilməsi,  magistraturaya qəbul planının artırılması;

2.3. Elm və texnologiya sferasında nəzarət, qiymətləndirmə və akkreditasiya sistemlərinin təşkili və təkmilləşdirilməsi;

2.4. Elmi-texnoloji tədqiqat və yeniliklərlə bağlı kompleks və effektiv surətdə statistik məlumatlar təqdim edəcək milli sistemin qurulması;

2.5. Elm və texnologiya parklarının, şəhərciklərinin təsis edilməsi və genişləndirilməsi prosesinə dəstək verilməsi;

2.6. Ölkənin hər yerində ali təhsil və elmi tədqiqat imkanlarının ədalətli bölgüsü;

2.7. İntellektual elitanın tanınması, parlaq istedadların yetişdirilməsi, insan resurslarının cəlb edilməsi və qorunması;

2.8. Resurslardan daha optimal istifadə və məhsuldarlığın artırılmasına önəm verilməklə 1404-cü (2025) ilin sonuna qədər elmi tədqiqat işlərinə ayrılan büdcənin ümumdaxili məhsulun minimum 4 faizi həcmində artırılması;

3. Aşağıdakı məqamlara xüsusi önəm verilməklə ali təhsil sistemində, elmi-texnoloji tədqiqatlarda İslam dövlətinin dəyər və prinsiplərinin, İslam əxlaqının və dini qayda-qanunların aparıcı rola malik olması, İslam dininin tələblərinə cavab verən universitetlərin reallaşdırılması:

3.1. Elmi biliklərin mənimsənilməsi və tədqiqatların aparılması ilə yanaşı, islami təlim-tərbiyə sisteminin tətbiqinə də çalışılması, elmi işçilərin mənəvi-psixoloji sağlamlığının, siyasi məlumatlılığının və fəallığının artırılması;

3.2. İslama iman gətirmiş, yüksək əxlaqi keyfiyyətlərin daşıyıcısı olub dini hökmlərə əməl edən, İslam İnqilabı qarşısında vəzifə və məsuliyyətini dərk edən, ölkənin inkişaf və yüksəlişində maraqlı olan tələbə və müəllimlərin yetişdirilməsi;

3.3. Elm və texnologiyadan istifadədə dini qayda-qanunların, mədəni və ictimai dəyərlərin qorunub saxlanması;

4. Elmi-texnoloji inkişafın əhəmiyyətinə qarşı milli əzmin gücləndirilməsi və sosial dərkin artırılması:

4.1. Ölkədə elmi-nəzəri inkişaf hərəkatı ilə bağlı diskursun gücləndirilərək genişləndirilməsi;

4.2. Yüksək ruh, optimizm və özünəinamın, sistemli innovasiyaların, elmi işlərdə cəsarətliliyin, kollektiv əməyin və əmək vicdanının artırılması;

4.3. Yeni ideya klublarının təşkili, elmi əsaslı biznes, eləcə də fikir mübadiləsi aparmaq, fərqli fikirlərə sahib olmaq və elm sahəsində azad fikir ifadə etmək mədəniyyətinin gücləndirilməsi;

4.4. Alimlərin və elmi işçilərin sosial statusunun artırılması, məişət rifahının yaxşılaşdırılması, məzunların işlə təmin edilməsi;

4.5. İranın, eləcə də müsəlman dünyasının elmi-mədəni tarixinin dirçəldilməsi, elm və texnologiya sferasının qürurverici simalarının cəmiyyətə və dünyaya nümunə kimi təqdim olunması;

4.6. Elmi işçilər və novatorlar, elm və texnologiya sferasında fəaliyyət göstərən şəxslər üçün nəzərdə tutulan ünvanlı maddi müavinətlərin və mənəvi dəstək tədbirlərinin artırılması;

5. Aşağıdakı məqamlara xüsusi önəm verməklə ali təhsil və elmi-texnoloji tədqiqatlar sistemi ilə digər sferalar arasında qurulan əlaqələrdə dəyişiklərin həyata keçirilməsi:

5.1. İqtisadiyyatda və milli gəlirdə elm və texnologiyanın payının artırılması, milli potensialın və səmərəliliyin yüksəldilməsi;

5.2. İdeyaların son məhsula çevrilməsi prosesinə maddi və mənəvi dəstək verilməsi, ümumdaxili məhsulun istehsalında ən son elmi nailiyyətlərə və daxili texnologiyaya əsaslanan məhsul və xidmətlərin payının artırılması (bu göstəricini 50 faizə çatdırmağı qarşıya məqsəd qoymaqla);

5.3. Teoloji müəssisələrlə universitetlər arasındakı bağlılığın daha da möhkəmləndirilərək dərinləşdirilməsi, ardıcıl strateji əməkdaşlıqların gücləndirilməsi;

5.4. Təhsil və məşğulluq arasında qarşılıqlı əlaqənin tənzimlənməsi, təhsil pillələrinin və ixtisasların ölkənin kompleks elmi planı, istehsalat və əmək bazarının tələbələri ilə uyğunlaşdırılması;

5.5. Ölkənin məziyyətlərini, potensialını və ehtiyaclarını, habelə elmi-texniki inkişaf baxımından regionda liderliyi əldə etmək üçün zəruri olan şərtləri nəzərə almaqla təhsil sistemində və elmi tədqiqatlarda prioritetlərin müəyyən edilməsi;

5.6. Mənəvi-intellektual mülkiyyətin qorunması, bununla əlaqəli infrastruktur və hüquqi bazanın təkmilləşdirilməsi;

5.7. Elm və texnologiya sferasında özəl sektorun rolu və iştirakının artırılması, bu sferada vəqf və xeyriyyəçiliyin payının yüksəldilməsi;

5.8. Universitetlər, elmi mərkəzlər, alimlər, elmi işçilər, ölkə daxilində və xaricdə fəaliyyət göstərən innovativ və texnoloji inkişaf müəssisələri arasında milli və trans-milli əlaqə şəbəkələrinin genişləndirilərək möhkəmləndirilməsi, müsəlman dövlətlərinə üstünlük verməklə dövlət və QHT-lər səviyyəsində əməkdaşlıqların genişləndirilməsi;

6. Aşağıdakı məqamlara xüsusi diqqət yetirmək və ölkələrin suverenliyini dəstəkləməklə elm və texnologiya sferasında digər ölkələr, dünya və regionun, xüsusilə də İslam dünyasının mötəbər elmi-texnoloji mərkəzləri ilə fəal, konstruktiv və ilhamverici əməkdaşlığın genişləndirilməsi:

6.1. Yeni elm və texnologiyalara əsaslanan sənaye və xidmət sektorlarının inkişaf etdirilməsi, üstünlük və potensiala malik sferalar başda olmaqla, eyni zamanda ölkənin ixracat və idxalatında islahatların aparılması ilə elmi əsaslı, yerli texnologiya ilə hazırlanan məhsulların istehsalına və ixracına dəstək verilməsi;

6.2. Məhsulların ölkə daxilində istehsalı üçün yeni texnologiyaların gətirilməsinə, layihə və quraşdırma işləri ilə bağlı elmi biliklərin mənimsənilməsinə səy göstərilməsi, milli bazarın eksport malların istehlakı potensialından istifadə edilməsi;

6.3. Xaricdə yaşayan iranlıların elmi-texnoloji potensialından istifadə edilməsi, ehtiyac duyulduqda digər ölkələrdən, xüsusilə də müsəlman dövlətlərindən tanınmış alim və mütəxəssislərin cəlb olunması;

6.4. İranın elmi məqalələrin reyestri mərkəzinə çevrilməsi, digər ölkələrdə, xüsusilə də İslam dünyasında novator alimlərin apardığı elmi tədqiqatların nəticələrinin cəlb edilməsi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /