Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bu gün İslam dünyasının 3 əsas prioriteti var: müsəlman birliyi, Fələstin məsələsi və əsl İslamla Amerikanın “İslam”ını fərqləndirmək

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei əzəmətli həcc toplumuna ünvanladığı müraciətdə qeyd edir ki, İslam dünyasının problemlərinə diqqət yetirmək, İslam ümməti ilə bağlı olan ən mühüm mövzulara bir qədər yüksəkdən və əhatəli şəkildə nəzər salmaq həcc ziyarətində olan zəvvarların başda duran vəzifələrindəndir. O vurğulayır: “Müsəlmanların birliyi, Fələstin məsələsi və Həzrət Muhəmmədin (s) gətirdiyi əsl, saf İslamla Amerikanın “İslam”ı arasındakı fərqə müdrik yanaşma İslam dünyasının 3 əsas prioritetidir. İslam ümməti hal-hazırda bu məsələlərə münasibətdə öhdəsinə düşən dini və ictimai vəzifələri dərin düşüncə və uzaqgörənliklə yerinə yetirməlidir”.

Vəli-fəqihin Məkkədəki nümayəndəsi, iranlı hacıların kuratoru Höccətül-İslam vəl-muslimin Qazi Əskər tərəfindən bu gün səhər Ərəfat çölündə oxunmuş müraciətin tam mətni aşağıdakı kimidir:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Həmd olsun aləmlərin Rəbbinə! Məhəmmədə və onun pak ailəsinə Allahın salamı olsun!

Quranın dəvətinə ləbbeyk deyib Allahın evinə qonaq olmağa tələsmiş siz bəxtəvərləri böyük şövq və ehtiramla salamlayıram. Sizə ilk sözüm budur ki, bu böyük nemətin qədrini bilin, dinimizdə vacib buyurulmuş bu misilsiz ayinin fərdi, ictimai, psixoloji və beynəlxalq aspektlərinə dərindən diqqət yetirərək onun hədəflərinə yaxınlaşmağa çalışın və bunun üçün süfrəsində qonaq olduğunuz Mərhəmətli və Qüdrətli Ev Sahibindən yardım istəyin. Mən də sizə qoşularaq verdiyi nemətlərlə bəndələrinin üzərində sonsuz minnət qoyan mərhəmətli Allaha dualar edirəm ki, sizə olan nemətini tamamlasın, sizi həcc səfərinə çıxmağa müvəffəq etdiyi kimi, bu ayini mükəmməl şəkildə yerinə yetirməyə də müvəffəq etsin, Öz Böyüklüyü ilə ziyarətinizi qəbul edərək sizi əlidolu, mənəvi cəhətdən tam sağlam şəkildə vətəninizə çatdırsın, inşallah.

Məna yükü ilə dolğun olan bu misilsiz ayinin yaratdığı dəyərli fürsətdə hacıların öhdəsinə düşən başlıca vəzifə həccin ən üstün və əsas nailiyyəti olan mənəvi-psixoloji saflaşma və özünütərbiyədən əlavə, İslam dünyasındakı problemlərə də diqqət yetirmək, İslam ümməti ilə bağlı ən mühüm, prioritet yer tutan mövzulara bir qədər yüksəkdən və əhatəli surətdə nəzər salmaqdır.

Bu gün belə mühüm və prioritet əhəmiyyətə malik mövzulardan biri də müsəlmanların birliyi, İslam ümmətinin təmsilçilərini bir-birindən uzaq salan düyünlərin açılması, problemlərin öz həllini tapmasıdır. Həcc ziyarəti vəhdət və birliyin təcəssümü, qardaşlıq və yardımlaşma ocağıdır. Bu ziyarətdə hamı ortaq məqamlara diqqət ayırmağı, ixtilaf və fikir ayrılıqlarına son qoymağı öyrənməlidir. İşğalçılıq siyasəti aparan murdar əllər məşum məqsədlərini təmin etmək üçün müsəlmanlar arasına konflikt salınmasını öz planları sırasına çoxdan daxil edib, lakin hazırda islami oyanışın bərəkəti sayəsində müsəlman xalqları imperializm və sionizm cəbhəsinin düşmənçiliyini düzgün şəkildə dərk edib buna qarşı mövqe tutduqları bir vəziyyətdə müsəlmanlar arasına konflikt salma siyasəti daha da kəskinləşib. Düşmənin bu məkrli planının məqsədi budur ki, müsəlmanlar arasına daxili müharibələr və qardaş qırğını salmaqla onlarda müqavimət və mücahidə ruhu yatırılsın, gerçək düşmən olan İsrail rejimi və imperializmin əlaltıları bu qırğınların fonunda arxayınçılıq və təhlükəsizlikdə qalsın. Qərbi Asiya regionu ölkələrində terrorçu təkfirçilərin və bu kimi digər qruplaşmaların işə salınması bu amansız siyasətdən qaynaqlanır. Bu, bizim hamımız üçün bir xəbərdarlıq olmalı və bu gün hamımız müsəlman birliyi məsələsini ən başlıca milli və beynəlxalq vəzifəmiz hesab etməliyik.

Digər bir mühüm mövzu isə Fələstin məsələsidir. Bu gün qəsbkar İsrail rejiminin yaradılmasından 65 il ötdüyü bir vaxtda bu mühüm və həssas məsələdə yaşanmış eniş-yoxuşlara, xüsusilə də son illərin qanlı olaylarına nəzər saldıqda hər kəsin gözləri önündə iki həqiqət canlanır: birincisi, İsrail rejimi və onun cinayətkar havadarları qəddarlıqda, daşürəklilikdə, bütün insani və etik normaları ayaqlamaqda heç bir sərhəd tanımırlar. Onlar hər cür cinayəti, qətli-amı, şəhər və kəndləri viran qoyub köməksiz qadın və uşaqları öldürməyi, əllərindən gələn istənilən zülm və zorakılığı özləri üçün mümkün hesab edir, hələ bununla fəxr də edirlər. Bu yaxınlarda Qəzzada baş vermiş 50 günlük müharibənin açdığı ürəkyandıran, faciəli səhnələr tarixin şahid olduğu və əlbəttə ki, son 50 ildə dəfələrlə təkrarlanmış cinayətlərin sonuncu nümunələrdir.

İkinci həqiqət isə budur ki, bu qəddarlıq və faciələr İsrail rejiminin başında duranları və onların havadarlarını öz məqsədlərinə çatdırmayıb. Xəbis siyasətbazların güclü və sarsılmaz bir İsrail rejimi ilə bağlı xəyallarında qurduqları səfeh arzuların tam əksinə olaraq, bu dövlət günü-gündən tənəzzül və məhvə daha da yaxınlaşır. Blokada şəraitində yaşayan, heç bir yerdən köməyi və pənahı olmayan Qəzzanın bütün güc və imkanlarını ortaya qoymuş İsrail rejiminə qarşı 50 gün ərzində müqavimət göstərməsi və sonda İsrailin geri çəkilərək müqavimətin qoyduğu şərtlərlə razılaşmağa məcbur olması bu dövlətin zəifliyinin, gücsüzlüyünün, çürük əsaslar üzərində durduğunun açıq-aydın göstəricisidir. Bu o deməkdir ki, Fələstin xalqı həmişəkindən daha da ümidli olmalı, Cihad və HƏMAS-ın mübariz döyüşçüləri öz səy və əzmlərini daha da artırmalı, İordan çayının qərb sahilində yaşayan əhali hər zaman tutduğu qürurverici yolu daha da qüdrətli və möhkəm addımlarla getməli, müsəlman xalqları öz dövlətlərindən Fələstinə ciddi və real şəkildə dəstək olmalarını tələb etməli,  müsəlman dövlətləri isə bu istiqamətdə sadiqliklə tədbirlər görməlidirlər.

Prioritet əhəmiyyətə malik üçüncü mühüm mövzu isə budur ki, İslam dünyasının canıyanan və fəal nümayəndələri Həzrət Muhəmmədin (s) gətirdiyi əsl, saf İslamla Amerikanın “İslam”ı arasındakı fərqə müdrik şəkildə yanaşmalı, bu ikisini bir-biri ilə qarışdırıb səhvə yol verməkdən çəkinməli, başqalarını da bundan çəkindirməlidirlər. Bu ikisinin bir-birindən fərqləndirilməsi məsələsinə ilk olaraq dahi liderimiz İmam Xomeyni (r.ə) diqqət çəkmiş və bu anlayışı İslam dünyasının siyasi leksikonuna daxil etmişdir. Əsl, saf İslam – saf mənəviyyata, günah və pisliklərdən çəkinməyə, xalq hakimiyyətinə dəvət edən İslam kafirlərə qarşı sərt, bir-birinə qarşı isə mülayim olan əsl möminlərin İslamıdır:

اَشِدّاءُ عَلَى الكُفّار رُحَماءُ بَينَهُم

“Onunla (Allahın Peyğəmbəri Muhəmməd əleyhissəlamla) birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər”. (“Fəth” surəsi, ayə 29)

Amerikanın “İslam”ı isə əcnəbilərə nökərçiliyə İslam donu geydirməkdən, İslam ümmətinə qarşı düşmənçilik etməkdən ibarətdir. Müsəlmanlar arasında konflikt alovunu körükləyən, ilahi vədlər əvəzinə, Allahın düşmənlərinə etimad edən, sionizm və imperializm əvəzinə, öz müsəlman qardaşı ilə döyüşən, öz xalqı və başqa xalqlar əleyhinə imperialist Amerika ilə əlbir olan İslam əsl İslam deyil; bu, hər bir həqiqi müsəlmanın mübarizə aparmalı olduğu təhlükəli və öldürücü bir nifaqdır.

Həqiqət axtarışında olan hər bir şəxs proseslərə dərindən və gözüaçıqlıqla nəzər salsa, İslam dünyasının reallığında bu kimi mühüm məsələləri çox aydın şəkildə müşahidə edə və bu gün öhdəsinə düşən dini və ictimai vəzifələri özü üçün tam konkretliklə müəyyənləşdirə bilər. Həcc ziyarəti, onun müxtəlif ayin və əməlləri bu gözüaçıqlığı qazanmaq üçün çox dəyərli bir fürsətdir. Ümidvaram ki, sizlər – bu gün həcc ziyarətində olan xoşbəxt insanlar bu ilahi nemətdən mükəmməl surətdə bəhrələnəcəksiniz. Hamınızı Uca Allaha əmanət edir, Allahdan bu səylərinizin qəbul edilməsini diləyirəm.

Allahın salamı və rəhməti nəsibiniz olsun.

Seyid Əli Xamenei
5 zilhiccə 1435
8 mehr 1393
30 sentyabr 2014


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /