Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Mehdəvi-Kəninin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mücahid alim Həzrət Ayətullah Mehdəvi-Kəninin vəfatı ilə əlaqədar verdiyi rəsmi başsağlığı müraciətində İmam Xomeyninin (r.ə) bu sadiq dostu və silahdaşının ölkənin bütün mühüm sferalarında şücaətlə rol oynadığını qeyd edərək vurğulayır: “Bu böyük və pərhizkar insan hər zaman və hər yerdə bir din alimi, gerçək bir siyasətçi, qətiyyətli bir inqilabçı kimi təmsil olunmuş, bu illər ərzində baş vermiş müxtəlif hadisələrdə bütün güc və bacarığını haqq və həqiqət naminə sərf etmişdir”.

Ali Məqamlı Rəhbərin müraciətinin tam mətni aşağıdakından ibarətdir:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Mücahid alim Həzrət Ayətullah Hacı Şeyx Məhəmmədrza Mehdəvi-Kəninin bu fani dünya ilə vidalaşaraq dostlarının və yaxınlarının qəlbini dağladığı barədə xəbəri böyük təəssüf və kədər hissi ilə aldım. Bu böyük alim çətin bir yol olan inqilab yoluna çıxmış ilk mübarizlərdən, İslam Respublikasının nüfuzlu simalarından və səmimi dostlarından, dahi İmam Xomeyninin (r.ə) sadiq və qeyrətli silahdaşlarından biri idi. İnqilab dövründə o, ölkənin bütün mühüm sferalarında şücaət və tam qətiyyəti ilə özünəməxsus rol oynamışdı. İnqilabi Şurada üzvlüyündən, daha sonra – İslam dövlətinin qurulduğu ilk illərdə isə yenicə təşkil olunan inqilabi komitələrdə iştirakından tutmuş Daxili İşlər Naziri postunu tutmasına, ardınca İslam Respublikasının ən çətin vaxtlarından birində Baş Nazir vəzifəsinin məsuliyyətini qəbul etməsinə, elm meydanındakı fəaliyyətinə, əməlisaleh gənclər yetişdirməsinə və İmam Sadiq (ə) adına Universiteti təsis etməsinə, Tehranın imam-cüməsi kimi fəaliyyətinə və son olaraq Xubriqan Məclisinin sədri postunu tutmasına qədər hər zaman və hər yerdə bir din alimi, gerçək bir siyasətçi, qətiyyəti bir inqilabçı kimi təmsil olunmuş, şəxsi mənafeyinin, siyasi cinah və tayfa maraqlarının öz geniş və effektiv fəaliyyət dairəsinə təsir göstərməsinə heç bir zaman imkan verməmişdir.

Bu böyük və pərhizkar insan ötən onilliklər ərzində baş vermiş hadisələrdə bütün güc və imkanlarını haqq və həqiqət naminə sərf etmiş, İslam İnqilabı və İslam dövlətinin kurs və ideologiyasını müdafiə etmək yolunda əlindən gələni əsirgəməmişdir. Allah onun pak ruhuna rəhmət etsin.

Mən də öz növbəmdə mərhumun ailə üzvlərinə və möhtərəm qardaşına, bütövlükdə İran xalqına və onun çox dəyərli ruhani ictimaiyyətinə, Ayətullah Mehdəvi-Kəninin bütün dostlarına, şagirdlərinə və yetirmələrinə səmimi-qəlbdən başsağlığı verir, Uca Allahdan ona dərgahında ən ali dərəcələri nəsib etməsini diləyirəm.

Seyid Əli Xamenei
29 mehr 1393
21 oktyabr 2014



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /