Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər ölkədə keçirilən 23-cü Ümummilli Namaz Qurultayına müraciət etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə keçirilən 23-cü Ümummilli Namaz Qurultayına ünvanladığı müraciətdə İslam dinində vacib buyurulmuş bu əvəzsiz ibadətin cəmiyyətdə təbliği istiqamətində görülmüş dəyərli tədbirlərə toxunur. O, həyata keçirilmiş işlərin namaz qılan insanların, xüsusilə də gənclərin davranışına göstərdiyi təsiri real qiymətləndirmək, rəsmilərin namazqılanlara münasib imkan və şərait yaradılması, namazın təbliği üçün gördüyü işləri dəyərləndirmək lazım olduğunu vurğulayaraq deyir: “Dəyərli bir tədbir olan Namaz Qurultayının maksimum dərəcədə səmərəli olması üçün bu realist və rasional yanaşmanı rəhbər tutmaq lazımdır”.

Ali Məqamlı Rəhbərin müraciəti bu gün (çərşənbə günü) səhər Əhvazda açılmış 23-cü Namaz Qurultayında Namaz Komitəsinin sədri Höccətül-İslam vəl-muslimin Qiraəti tərəfindən oxundu. Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Uzun zamandır ki, hər il bu qurultayın keçirilməsi ilə göstərilən mübarək səylər ölkənin hər yerində insanları namaz haqqında düşünməyə sövq edir, İslam dininin bu əvəzsiz vacib ibadəti, dinin və dindarlığın bu möhkəm sütunu ilə bağlı xatırladılmalı olan mühüm məqamları cəmiyyətdə yayaraq insanlara aşılayır. Bu, qurultayın təşkilatçıları üçün böyük bir mənəvi uğur, biz dinləyicilər üçün isə Allah-Taala tərəfindən bir nemətdir.

İndi artıq bu qiymətli əməyin nəticəsini real yanaşma əsasında dəyərləndirmək vaxtıdır – istər bu qurultayın işi sayəsində namaz qılmaq, namaza səhlənkar yanaşmamaq lazım olduğunu bir daha eşidib xatırlayan insaların, özəlliklə də gənc və yeniyetmələrin davranışları baxımından, istər namazın keyfiyyətinə, bu saleh ilahi əməlin ruhu, cövhəri sayılan xuzu və xuşuya diqqət çəkilməsi baxımından, istərsə də bu sferada vəzifə məsuliyyəti daşıyan insanların həyata keçirdiyi tədbirlərə: məscidlərin tikintisi və abadlaşdırılması, məktəb və universitetlərdə namazların təşkili, qatar və təyyarələrdə namazqılanlar üçün şərait yaradılması, televiziya və radioda namazın təbliği üçün incəsənətin imkanlarından istifadə, yaxud bu qısa, lakin dolğun mənalı ibadətin gözəlliklərini açıqlamaq üçün kitab və məqalələrin çap edilməsi, eləcə də rəsmi qurumların öhdəsinə düşən sair bu kimi işlərə layiqli qiymət verilməsi baxımından.

Namaz Qurultayı mübarək, effektiv və  heç şübhəsiz, Tanrı dərgahında əcri olan bir tədbirdir, lakin bu dəyərli işin maksimum dərəcədə səmərəli olması üçün rasional və realist dəyərləndirmə yanaşmasını rəhbər tutmaq, nəticənin izlənməsini bu təşəbbüsün mühüm bir hissəsi bilmək lazımdır.

Uca Allahdan sizin hamınıza, xüsusilə də əziz və dəyərli ruhanimiz Höccətül-İslam vəl-muslimin Qiraətiyə uğurlar diləyirəm.

Seyid Əli Xamenei
9 dey 1393


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /