Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər mərhum Ayətullah Hacı Seyid Haşim Nəcəfabadinin xatirəsinə həsr olunmuş konfransa müraciət etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei kompleks biliklərə malik, elminə əməl edən, özünə qarşı tələbkar bir alim olan mərhum Ayətullah Hacı Seyid Haşim Nəcəfabadinin (Həzrət Ayətullah Xameneinin ana babası) xatirəsinə həsr olunmuş konfransa ünvanladığı müraciətdə bu ruhani alimin xatirəsinin yad olunmasını gözəl bir addım adlandırır. O həmçinin bu pərhizkar fəqih və müfəssirin bəzi şəxsi keyfiyyətlərinə, Quran və hədis sahəsində gördüyü işlərə də toxunaraq aşağıdakıları vurğulayır: “Çətin və təhlükəli meydanlarda dini işlər aparması, o cümlədən Gövhərşad məscidində Məşhədin din alimləri ilə birgə etdiyi mücahidələr onun həyatının parlaq səhifələridir. Rza xan diktaturası tərəfindən həbs və sürgünlərə məruz qoyulması bütün bu fəaliyyətlərinin acı nəticəsi olmuşdur”.

Ali Məqamlı Rəhbərin müraciətinin mətni bu gün (cümə axşamı) səhər müqəddəs Məşhəddə keçirilən konfransda Ali Rəhbərlik Məqamı Baş İdarəsinin sədri Höccətül-İslam vəl-muslimin Məhəmmədi Qolpayqani tərəfindən oxundu.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

الحمدلله ربّ العالمين و صلّي الله علي محمّد و آله الاكرمين

Ruhani alim, pərhizkar fəqih və müfəssir mərhum Ayətullah Hacı Seyid Haşim Nəcəfabadinin xatirəsinin ehtiramla yad edilməsi Təbliğat İdarəsinin Allahın köməyi və dəstəyi ilə təşəbbüs göstərdiyi layiqli bir addımdır.

Elmi dərəcələrini Nəcəfdə, dövrün adlı-sanlı ustadlarından dərs almaqla əldə etmiş, elmi işlərində onların xeyir-duasını almaq şərəfinə nail olmuş bu aliməqam ruhani Məşhəddə yaşadığı 40 ilə yaxın müddət ərzində gücünü daha çox Quran təfsiri sahəsində gördüyü işlərə həsr etmiş, Gövhərşad məscidində (şimal-qərb şəbistanında) ardıcıl olaraq, səmimi bir atmosferdə keçən maraqlı təfsir məclisləri təşkil etmişdir. Hər gecə camaat namazından sonra sevənləri bu “alimi-amil”in (elminə əməl edən alimin – tərc.) dəbdəbədən uzaq, sadə minbərinin ətrafına toplaşır, onun ürəkaçan nitqindən, mehriban nəfəsindən Allahın kəlamını dinləyirdilər. Bu geniş hikmət və mərifət süfrəsi Quransevərlərə on illər boyunca ilahi ziyafət vermişdir. Bu ixlaslı Quran aliminin daha bir xidməti isə həmin gecə dərslərinin yazıya alınmasıdır ki, əlhəmdulillah, bu gün hər kəsin ixtiyarındadır(1). Məşhədin o dövrkü teoloji mühitində misli-bərabəri olmayan bu dəyərli Quran araşdırmaları ilə yanaşı, Əhli-Beytin (ə) kəlamlarının dərinliklərinə baş vuraraq hədis sahəsində apardığı tədqiqatlar da bu təqvalı və ibadətkar alimin diqqətəlayiq cəhətlərindəndir. O, hədis elmini o qədər sevir və gözəl bilirdi ki, istənilən məkanda və məclisdə, hətta ailə mühitində də – belə ki ilkin gənclik çağlarıma qədər, uşaqlıq və yeniyetməlik illərimdə ailədə onu görmək mənə nəsib olmuşdur – o nurlu kəlamlardan sitatlar gətirir, məclisi doğru yol göstərən imamların (ə) kəlamları ilə nurlandırırdı.

Şəxsi həyatında onun rəftar və davranışları elə idi ki, sözünü daha kəsərli və təsirli edirdi. Nəcəfdə seyri-süluk yolunu qət etmiş mərhum Seyid Əhməd Kərbəlayi kimi böyük əxlaq və ürfan alimlərindən bəhrələnməsi onun özünə qarşı daim tələbkar olan, Allah qarşısında təslimkarlıqla dua və yalvarış edən bir abid kimi yetişməsinə səbəb olmuşdur. Qida, geyim, sosial status və bu kimi gündəlim yaşam həzləri onun həyatında əhəmiyyət daşımırdı. Eyni zamanda çətin və təhlükəli meydanlarda apardığı dini işlər, o cümlədən 1341-ci şəmsi ilində Gövhərşad məscidində Məşhəd alimləri ilə birgə etdiyi mücahidələr onun həyatının parlaq səhifələridir. Rza xan diktaturası tərəfindən həbsə, Simnan və Rey şəhərlərində 6 illik sürgünə məruz qoyulması bütün bu fəaliyyətlərinin acı nəticələridir.

Mərhum Ayətullah Nəcəfabadi kompleks biliklərə malik, elminə əməl edən və özünə qarşı tələbkar bir alim idi və o dövrdə Məşhəddə onu səmimi-qəlbdən sevən insanlar çox idi. Hicri-qəməri 1380-cı ildə onun ölüm xəbəri Quma gəlib çatanda – o zaman mən Qumda yaşayırdım – mərhum Ayətullahül-üzma Burucerdi Feyziyyə mədrəsəsində onun üçün gözəl bir yas məclisi qurmuş, mənə və böyük qardaşıma başsağlığı vermişdi.

Mərhumun atasından sonra təfsir sahəsində tədqiqatları onun üslubu ilə davam etdirmiş layiqli oğlu mərhum Höccətül-İslam vəl-muslimin Hacı Seyid Həsən Mirdamadini də yad etmək yerinə düşər. O, atasının fəal təfsir məclislərini illər boyu davam etdirdi. Allah onların hamısına da, bizə də rəhmət etsin.

Seyid Əli Xamenei
25 fərvərdin 1394
16 aprel 2015

_________________
(1)“Xulasətül-bəyan fi təfsiril-Quran” kitabı nəzərdə tutulur


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /