Ali Məqamlı Rəhbərin informasiya bloku

Məhərrəm ayı ilə əlaqədar verilən suallar

 
Mədhiyyə və növhələrdə zəbani-hal söyləmək
Sual 1. Mədhiyyə və növhələrdə Əhli-beyt (ə) barəsində istər nəzmlə, istərsə də nəsrlə zəbani-hal[1] söyləməyə icazə verilirmi?
Cavab: Əgər zəbani-hal söylənildiyi məlum olsa, həmçinin Əhli-beytin (ə) şəninə uyğun olsa, zəbani-hal söyləməyin maneəsi yoxdur.
 
Əzadarlıq və qanunlara riayət etmək
Sual 2. Ümumi gediş-gəliş yollarında əzadarlıq dəstələrinin hərəkət etməsinin maneəsi varmı? Belə ki, bu dəstələrin hərəkəti yolun bağlanmasına səbəb olur və piyadalara, nəqliyyat vasitələrinə çətinlik yaradır?
Cavab: Seyyidüş-şühəda (ə) və onun səhabələri üçün əzadarlıq dəstələrinin hərəkət etməsi və bu mərasimlərdə iştirak etmək olduqca bəyənilən bir iş olub, insanı Allaha yaxınlaşdıran ən böyük əməllərdəndir. Amma başqalarının əziyyətinə səbəb olan hər bir işdən, yaxud şəriət baxımından haram olan işlərdən çəkinmək lazımdır.
 
Əzadarlıqda təbil və sincdən istifadə edilməsi
Sual 3. Əzadarlıq mərasimində təbil, sinc və şeypurdan istifadə etməyin hökmü nədir?
Cavab: Əgər bəyənilən və əzadarlıq mərasiminə uyğun bir şəkildə çalınarsa, bu musiqi alətlərindən istifadə etməyin maneəsi yoxdur.
 
İş saatlarında dini mərasimlərin təşkil olunması
Sual 4. İdarə və müssisələrdə iş saatlarında həftəlik olaraq, yaxud məhərrəmliyin ongünlüyündə, yaxud Xanım Fatimə (s.ə) günlərində təvəssül duası, Aşura ziyarəti və s. bu kimi mərasimlərin təşkil olunmasının hökmü nədir?
Cavab: Əgər müraciətçilərin haqlarının tapdalanmasına səbəb olmazsa, bu işin maneəsi yoxdur. Həmçinin əgər bu barədə qanun-qaydalar mövcuddursa, onlara riayət olunmalıdır.
 
Əzadarlıqda kişilərin köynəyi çıxarmaları
Sual 5. Sinə vurarkən köynəyi çıxarmağın – əlbəttə, naməhrəm qadın olmadığı yerdə – maneəsi varmı?
Cavab: Yaxşı olar ki, əzadarlıq ənənəvi qaydada – yəni köynək çıxarılmadan – təşkil olunsun.
 
Əzadarlıqda bədənə xəsarət yetirmək
Sual 6. Əzadarlıqda bədənə xəsarət yetirməyə icazə verilirmi?
Cavab: Əgər ciddi xəsarət olarsa, yaxud məzhəbə və ya Məsumların (ə) əzadarlığına ləkə gətirərsə, bu işə icazə verilmir.
 
Əzadarlıqda hərvələ etmək
Sual 7. Hərvələ etmək (yeriş və qaçış arasında olan bir hərəkət), İmamların (ə) mərsiyəsini şur ilə demək olarmı?
Cavab: Əgər məzhəbə və ya Məsumların (ə) əzadarlıq mərasiminə ləkə gətirməzsə, bu işin öz-özlüyündə maneəsi yoxdur.
 
Əzadarlıqda iştirak etmək səbəbilə namazın qəzaya getməsi
Sual 8. Əgər mükəlləf əzadarlıq məclislərində iştirak etdiyinə görə bəzi vacib əməllərini yerinə yetirə bilməsə, məsələn, sübh namazını qəzaya versə, bundan sonra bu məclislərdə iştirak etməməsi daha yaxşı olar? Yoxsa bu məclislərdə iştirak etməmək onun Əhli-beytdən (ə) uzaq düşməsinə səbəb olar?
Cavab: Aydın məsələdir ki, vacib namaz Əhli-beytin (ə) əzadarlıq məclislərində iştirak etməyin savabından irəlidir və bu məclislərdə iştirak etmək səbəbilə namazı tərk etməyə icazə verilmir. Amma namaza maneəçilik yaratmayacaq bir şəkildə əzadarlıqda iştirak etmək təkid olunan müstəhəb əməllərdəndir.
 
Əzadarlıq dəstələrinin gecə saatlarında yollarda hərəkət etməsi
Sual 9. Məhərrəm ayının gecələrində əzadarlıq dəstələrinin təbil və neydən istifadə edərək gecə yarıyadək yollarda hərəkət etməsinin hökmü nədir?
Cavab: Seyyidüş-şühəda (ə) və onun səhabələri üçün əzadarlıq dəstələrinin hərəkət etməsi və bu mərasimlərdə iştirak etmək olduqca bəyənilən bir iş olub, insanı Allaha yaxınlaşdıran ən böyük əməllərdəndir. Amma başqalarının əziyyətinə səbəb olan hər bir işdən, yaxud şəriət baxımından haram olan işlərdən çəkinmək lazımdır.
 
Əzadarlıqda bədənə xəsarət yetirmək
Sual 10. İmamların (ə) hərəminə yerə uzanaraq sinəsi üstə daxil olmağın maneəsi varmı?
Cavab: Bu kimi əməllər kədərin izharı, ənənəvi əzadarlıq və İmamlara (ə) sevgi sayılmadığına görə, şəriət baxımından əsassızdır. Əksinə, əgər bədənə ciddi xəsarətin dəyməsi və ya məzhəbə ləkə gəlməsi ilə nəticələnərsə, bu işlərə icazə verilmir.
 
Əzadarlıqda zəncir vurmaq
Sual 11. Əzadarlıqda zəncir vurmağın hökmü nədir?
Cavab: Əgər bəyənilən şəkildə olarsa və ürfə görə (yəni, camaatın baxışında) əza məclisində kədərin izhar edilməsi hesab olunarsa, bu işin maneəsi yoxdur.
 
Əzadarlıqda tikanlı zəncirlərdən istifadə etmək
Sual 12. Bəzi məntəqələrdə Aşura günü tikanlı zəncirlərlə zəncir vururlar, ayaqyalın oda və közə daxil olurlar. Bu barədə sizin nəzəriniz nədir?
Cavab: İnsana ciddi ziyan vuran, yaxud din və məzhəbə ləkə gətirən hər bir iş haramdır, möminlər belə işlərdən uzaq olmalıdırlar. Gizlin deyil ki, belə işlərin çoxu Əhli-beyt (ə) məzhəbinə ləkə gətirir və bunun özü ən böyük ziyan və xəsarətdir.
 
Naməhrəmin ağlamaq səsini eşitmək
Sual 13. Naməhrəmin ağlamaq səsini, xüsusilə də Əhli-beytin (ə) əzadarlıq məclislərində eşitməyin hökmü nədir? Nəzərə almaq lazımdır ki, kişi və qadın məkanları bir-birinin kənarında yerləşir.
Cavab: Fəsadı olmadığı təqdirdə, bunun öz-özlüyündə maneəsi yoxdur.
 

[1] Zəbani-hal – məddah və ya xətibin Əhli-beyt (ə) tarixinə əsaslanaraq, onlara aid etdiyi sözlərdir. Başqa sözlə, o Həzrətlərin vəziyyəti bu sözləri deməyə əsas verir.
700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər