Ali Məqamlı Rəhbərin informasiya bloku

Yeni istiftaat (xəzəl ayı)

 
Binar opsion
Sual 1: Binar opsion vasitəsilə gəlir əldə etməyin hökmü nədir?
İzah: Bir şəxs ixtisası və iş təcrübəsi əsasında birjanı təhlil edir və təxmin edir ki, filan tarixdə filan valyutanın qiyməti müəyyən qədər artacaq. Əgər onun təhlili və təxmini düzgün olsa, binar opsionda açdığı əməliyyata yatırdığı sərmayənin 50-80 faizinədək gəlir əldə edəcək, əks halda isə ziyan edəcək.
Cavab: Bu şəxs əldə etdiyi gəlirin sahibi olmur.
 
Səhmlərin proqnozu yolu ilə gəlir əldə etmək
Sual 2: Bəzi saytlara müəyyən bir məbləğ pul qoyuruq və proqnozlaşdırırıq ki, səhmlərin qiymət göstəricisi bir və ya bir neçə dəqiqə sonra yüksələcək. Əgər bizim proqnozumuz düzgün olsa, bizə gəlir aid edilir, əks halda, ziyan edirik. Belə bir gəlir halaldırmı? (Qeyd edək ki, sövdələşmədə işlədilən pul dollar, avro və s. olur.)
Cavab: Siz həmin gəlirin sahibi olmursunuz.
 
Dərslik disklərini şərikli almaq
Sual 3: Bəzi müəssisələr dərslik disklərini baha qiymətə satır. Bu diskləri almağa pulum çatmadığına görə, onları dostumla şərikli ala bilərəmmi?
Cavab: Əgər satıcı satış zamanı bu barədə sizə xüsusi bir şərt qoymayıbsa, onları şərikli almağınızın maneəsi yoxdur.
 
Həcc əməllərini iki nəfər üçün yerinə yetirmək
Sual 4: Bir şəxs dünyasını dəyişmiş atası tərəfindən həccə getmişdir. O, özü üçün də həcc yerinə yetirə bilərmi? Yəni həmin səfərdə həm atası, həm də özü üçün həcc yerinə yetirə bilərmi?
Cavab: Özü üçün həcc niyyəti etməsi düzgün deyildir.
 
“Təqsir” üçün dırnağı qısaltmaq
Sual 5: Əl barmaqlarından birinin dırnağını qısaltmaq təqsir üçün kifayət edirmi?
Cavab: Kifayət edir, amma ehtiyat-müstəhəbə görə, bundan əlavə saçlardan da bir qədər qısaldılsın.
 
Müstəti qadın üçün ərin icazəsi
Sual 6: Həcc ziyarətini yerinə yetirməkdə müstəti qadın üçün ərin icazəsi lazımdırmı?
Cavab: Vacib həcci yerinə yetirmək üçün ərin icazəsi lazım deyildir.

 

Sual 7:
1) Əgər bir şəxs vacib həcc üçün müstəti olsa, başqa bir şəxsin tərəfindən həcc yerinə yetirə bilərmi?
2) Əgər bu şəxs həcc üçün növbəyə dayanıbsa, amma növbəsi hələ çatmayıbsa, başqa bir şəxs tərəfindən həcc yerinə yetirə bilərmi?
Cavab:
1) Yerinə yetirə bilməz.
2) Əgər istitaətin şərtlərinə malik olmazsa, maneəsi yoxdur.
 
Qızıl bəzək əşyalarına sahib olan qadının həcc üçün müstəti olması
Sual 8: Əgər qadının qızıl bəzək əşyalarından qeyri bir malı yoxdursa, həccə getmək üçün qızıllarını satmalıdırmı?
Cavab: Əgər qadının qızılları onun şənindədirsə və onlara ehtiyacı varsa, bu qadın müstəti deyil və onları satmaq vacib deyil.
 
Qızılın kağız üzərində alğı-satqısı
Sual 9: Son zamanlar qızılın kağız üzərində alğı-satqısı adlı bir alğı-satqı meydana çıxıb. Belə ki, bu alğı-satqıda qızıl fiziki olaraq alınıb-verilmir və yalnız sözdə müəyyən tarix üçün alğı-satqı edilir, həmin tarixdə də yalnız alğı-satqının gəliri və ya ziyanı günün məzənnəsi ilə hesablanır. Şəriət baxımından belə bir alğı-satqı düzgündürmü?
Cavab: Belə alğı-satqı keçərli deyil və şəriət baxımından etibarsızdır.
 
Nikah əqdindən sonra mehriyyənin bağışlanması şərti
Sual 10: Qız elçilik zamanı elçiliyin baş tutması üçün oğlana deyir ki, mehriyyənin 110 qızıl sikkə olması ilə razılaş, amma nikah əqdi oxunduqdan sonra mən mehriyyənin hamısını sənə bağışlayacağam. Bu qız ailə qurduqdan iki il sonra talaq almaq istəyir və mehriyyəsini hələ də bağışlamamışdır. Mehriyyəsini bağışlamaq ona vacibdirmi?
Cavab: Əgər əqd bu şərtlə bağlanıbsa, qadın bu şərtə əməl etməlidir. Amma əgər sırf vədə olubsa, ona əməl etmək vacib deyil.
 
Məscidin əşyalarından məsciddən kənarda istifadə etmək
Sual 11: Məscidə vəqf olunan əşyalardan, o cümlədən qab-qacaq, səs yayımlama və səs gücləndirmə aparatlarından dünyasını dəyişənlərin yas məclislərində istifadə etməyin (istər məscidin daxilində, istər məsciddən kənarda) hökmü nədir?
Cavab: Bu, vəqfin necəliyinə bağlıdır.
 
Müstəhəb qurbanlıq
Sual 12:
1) İllər öncə həccə gedən şəxsin Qurban bayramı günündə qurban kəsməsi vacibdirmi?
2) Müstəhəb qurban üçün bir gözü və ya bir qulağı olmayan qoyunu kəsmək olarmı?
Cavab:
1) Vacib deyildir.
2) Maneəsi yoxdur.
700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər