Ali Məqamlı Rəhbərin informasiya bloku

Yeni istiftaat (donduran ay)

 
Səhv səcdəsini dəstəmazlı yerinə yetirmək
Sual 1. Səhv səcdəsini dəstəmazlı yerinə yetirmək vacibdirmi?
Cavab: Vacib deyil, amma ehtiyat-müstəhəbdir.
 
Hədiyyə verilən qızılları geri almaq
Sual 2. Əgər boşandıqdan sonra kişi evlilik müddətində öz həyat yoldaşına hədiyyə verdiyi qızıl zinət əşyalarını və başqa hədiyyələri geri istəyərsə, qadın onları qaytarmalıdırmı?
Cavab: Əgər qadın ilə kişi qan qohumu deyillərsə, hədiyyələr mövcud olduğu təqdirdə kişi onları geri ala bilər. Amma onları geri almamaq ehtiyat-müstəhəbdir.
 
“Təxyir məkanları”nda[1] bədənin bir hissəsinin həmin hüdudlardan kənarda olması
Sual 3. Əgər İmam Hüseynin (ə) hərəmində təşkil olunan camaat namazında iştirak etdiyimiz zaman bədənimizin bir hissəsi hərəmin hüdudlarından kənarda olarsa, namazı qəsr qıla bilərikmi?
Cavab: Sualda qeyd olunanlara əsasən, namazı tam və qəsr qılmaq arasında seçim etmək hökmü bura aid deyil və müsafir namazı qəsr qılmalıdır.
 
Alınla səcdə yeri arasında maneənin olması
Sual 4. Əgər səcdə edərkən çadra və ya papaq üzə düşərsə və alının möhürə dəyməsinə maneə yaradarsa, yaxud alın üzərinə səcdə edilməsi düzgün olmayan bir şeyin üzərinə qoyularsa, namaz qılan şəxs nə etməlidir?
Cavab: Başını səcdədən qaldırmadan maneəni, məsələn, çadranı kənara çəkməli və alnını möhürə qoymalıdır, yaxud da başı qaldırmadan alnını üzərinə səcdə edilməsi düzgün olan bir şeyin üzərinə qoymalıdır.
 
Sübh namazının vaxtının bitdiyinə şəkk etdikdə sübh namazının niyyəti
Sual 5. Əgər sübh namazını qılmaq istəyərkən günəşin doğub-doğmadığını dəqiq bilməsək, namazı hansı niyyətlə qılmalıyıq?
Cavab: Günəşin doğduğuna yəqin etməyənədək namazı əda niyyəti ilə qıla bilərsiniz. Hər bir halda, həmin günün sübh namazı niyyəti ilə – əda və ya qəza niyyəti etmədən – namazı qıla bilərsiniz.
 
Unudulan qunut
Sual 6. Əgər namazın qunutunu unutsaq, hansısa bir yolla onun əvəzini verə bilərikmi?
Cavab: Əgər qunut tutmadığınızı rükuda ikən başa düşsəniz, rükudan sonra qunut tutmağınız müstəhəbdir. Əgər səcdədə ikən bunu başa düşsəniz, namazın salamından sonra qunut tutmağınız müstəhəbdir.
 
İstifadə edilməyən paltar və əşyaların xümsü
Sual 7. Mükəlləfin şəninə uyğun olan, amma xüms ilinin sonunadək istifadə edilməyən paltarların və bu kimi əşyaların xümsünü vermək vacibdirmi?
Cavab: Əgər bu paltarlar və əşyalar alındığı zaman onlara ehtiyac olubsa, yəni həmin zamanda – hətta ehtiyac duyulduqda istifadə olunması üçün – alınmalı idisə, onlara xüms düşmür, baxmayaraq ki, xüms ilinin sonunadək istifadə edilməyibdir.
 
Məhsul yığımı zamanı bağın barını almaq
Sual 8. Məhsul yığımı zamanı meyvə bağının barını topdan almağın hökmü nədir? (Qeyd edək ki, meyvələrin dəqiq çəkisi bilinmir və adətən, təxmini və həqiqi çəkisindən aşağı çəki götürülüb qiymət təyin edilir).
Cavab: Əgər meyvələr ağacdan dərilməmişdən öncə tərəflərin razılaşması ilə alğı-satqı baş tutarsa, bunun maneəsi yoxdur.
 
Müalicəvi bitkiləri yığıb istifadə etmək
Sual 9. Çöllüklərdə bitən müalicəvi və yeməli bitkiləri yığıb istifadə etməyin hökmü nədir?
Cavab: Əgər həmin torpaq sahəsi şəxsi mülk olmazsa, qanunlara riayət edərək bu işi görməyin maneəsi yoxdur.
 
İqtida edən şəxsin imam-camaata tabeliyi
Sual 10. Camaat namazında iqtida edən şəxs imam-camaata hansı şəkildə tabe olmalıdır?
Cavab: İqtida edən şəxs namazın hərəkətlərində imam-camaata tabe olmalıdır, yəni namazın hərəkətlərini imam-camaatdan tez yerinə yetirməməlidir, həmçinin imam-camaatdan sonra yerinə yetirdikdə də çox yubanmamalıdır. Amma namazın sözlərinə və zikrlərinə gəlincə, təkbirətul-ehram istisna olmaqla, imam-camaata tabe olması vacib deyildir. Təkbirətul-ehramı isə imam-camaatdan qabaq və ya onunla birlikdə deməməlidir. Ehtiyat-vacibə görə, imam-camaat təkbirətul-ehramı deyib qurtarmamış iqtida edən şəxs onu deməyə başlamamalıdır.
 

[1] Namazın tam və qəsr qılınması arasında seçim etməyin icazəli olduğu məkanlar
700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər