Ali Məqamlı Rəhbərin informasiya bloku

Yeni istiftaat (Bayram ayı)

 
Hərəkət edən vəziyyətdə nafilə namazının qılınma qaydası
Sual 1. Hərəkət edən vəziyyətdə nafilə namazı necə qılınır? Təkbirətul-ehram necə deyilir, rüku və səcdələr necə yerinə yetirilir?
Cavab: Qibləyə riayət etmək şərt deyil. Təkbirətul-ehramı dedikdən sonra Həmd və Surə oxunur. Rüku və səcdələr baş və ya göz işarəsi ilə yerinə yetirilir.
 
Hədiyyə verən şəxsin borclu qaldığını bilib, onun verdiyi hədiyyədən istifadə etmək
Sual 2. Bir şəxs başqa bir şəxsə xalça hədiyyə edir. Çox keçmədən hədiyyə verən şəxs dünyasını dəyişir. Hədiyyə alan şəxs bilir ki, mərhum hədiyyənin pulunu mağazaya ödəməyib. İndi onun vəzifəsi nədir?
Cavab: Əgər o, hədiyyə verən şəxs dünyasını dəyişməmişdən öncə hədiyyəni ondan alıbdırsa, onun üzərində heç bir vəzifə yoxdur və mərhumun hədiyyəyə görə olan borcu onun irsindən ödənilməlidir.
 
Allahdan qeyrisinə and içmək
Sual 3. Qurana, İmam Hüseynə (ə), Həzrət Abbasa (ə) and içmək Allaha and içmək hökmündədirmi?
Cavab: Mütəal Allahın adlarından qeyrisinə and içmək şəri and hesab edilmir və vəzifə yaratmır. Belə anddan çıxmağın kəffarəsi yoxdur. Amma hər bir halda, yalandan and içmək günahdır.
 
Mərhumun qəza namazlarını əyləşən halda qılmaq
Sual 4. Mən əlli yaşlı qadınam və dizlərim ağrıyır. Dünyasını dəyişmiş anamın qəza namazlarını əyləşən halda qıla bilərəmmi?
Cavab: Ehtiyat-vacibə görə, mərhumun qəza namazlarını əyləşən halda qılmaq kifayət etmir və ayaq üstə qılınmalıdır.
 
Meyitə toxunmaq
Sual 5. Əgər bir şəxs illər öncə bir meyitə toxunubsa və qüsl etməli olduğunu bilməyib, qüsl etməyibsə:
1) İndi qüsl etmək ona vacibdirmi?
2) Bu illər ərzində onun namazlarının hökmü nədir?
3) Onun oruclarının hökmü nədir?
Cavab: 1 və 2) Əgər meyitin bədəni soyumamışdan öncə ona toxunubsa, qüsl etmək vacib olmur. Amma əgər meyitin bütün bədəni soyuduqdan və meyit qüslü tamamlanmamışdan öncə ona toxunubsa, məssi-meyit qüslü etmək vacib olur. Məssi-meyit qüslü etmədən namaz düzgün deyildir. Qüslsüz qıldığı namazların qəzasını qılmalıdır. Amma əgər meyitə toxunduqdan sonra bu şəxs cənabətli olubsa və cənabət qüslü edibsə, məssi-meyit qüslü üçün kifayət edir və namaz düzgündür. Amma ehtiyat-vacibə görə, cənabət qüslündən qeyri qüsllər məssi-meyit qüslü üçün kifayət etmir.
3) Məssi-meyit qüslü etmədən oruc düzgündür.
 
Zöhr azanından sonra əcir orucunu iftar etmək
Sual 6. Əcir orucu tutan bir şəxs zöhr azanından sonra ixtiyari olaraq orucu iftar edə bilərmi?
Cavab: Ehtiyat-vacibə görə, orucu iftar edə bilməz.
 
Ağ izdivac
Sual 7. Ağ izdivac, yəni şəri izdivac əqdinin cümlələri oxunmadan kişi və qadının ər-arvad kimi bir yerdə yaşamalarının hökmü nədir?
Cavab: Şəri izdivac əqdinin cümlələri oxunmadan izdivac düzgün deyildir və kişi ilə qadının əlaqəsi haramdır.
 
İrsin əvəzinə verilən hədiyyə
Sual 8. Əgər bir şəxs öz əmlakından müəyyən miqdarı irs əvəzinə öz varislərindən birinə bağışlasa, bu hədiyyə və vəsiyyət düzgündürmü? Bu şəxsin ölümündən sonra həmin varis irs iddiası edə bilərmi?
Cavab: İnsan öz əmlakından müəyyən miqdarı öz varislərindən birinə həddiyə edib, onu təhvil verməklə vəsiyyət edə bilər ki, bu varisə onun əmlakından irs çatmayacaq və bu varisin payı başqa varislərə çatacaq. Əgər bu vəsiyyəti bütün varislər qəbul etsələr, ona əməl etmək vacibdir. Vəsiyyət edən şəxs dünyasını dəyişdikdən sonra varislərdən heç birinin onu danmaq haqqı yoxdur.
 
Şəri həddi-büluğa çatmamışdan öncə əldə edilən gəlirlər
Sual 9. Şəri həddi-büluğa çatmamışdan öncə gəlirləri olan bir şəxsin xüms ilinin başlanğıcı ilk gəlirini qazandığı gündür, yoxsa şəri həddi-büluğdan öncə əldə edilən gəlirlər əsas götürülmür?
Cavab: Xüms ilinin başlanğıcı ilk gəlirin – hətta şəri büluğa çatmamışdan öncə – qazanıldığı gündür.
 
Başa və ya ayağa yenidən məsh çəkmək
Sual 10. Əgər başa və ya ayağa məsh çəkərkən məshin, xüsusilə də başa çəkdiyimiz məshin düzgün və kamil olduğuna əmin olmasaq və yenidən məsh çəksək, dəstəmaz düzgündürmü?
Cavab: Əgər şəkkiniz vasvasılıqdan irəli gəlmirsə, yenidən məsh çəkin. Amma diqqət etməlisiniz ki, məsh yeri quru olmalıdır.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər