Ali Məqamlı Rəhbərin informasiya bloku

Yeni istiftaat (İyul ayı)

Dini elmlər hövzəsində təhsil alan tələbələrin və universitet tələbələrinin təhsil ilə bağlı səfəri
Sual 1. İlahiyyatçı, pedaqoq, hərbiçi və bu kimi “təhsili məşğulluqla yanaşı olan” bəzi tələbələrin təhsil ilə bağlı səfəri “təhsil səfəri” hökmündədir, yoxsa “iş səfəri” hökmündə?
Cavab: Təhsil müddətində artıq öz ixtisası üzrə işləyən tələbənin təhsil ilə bağlı səfəri “iş səfəri” hökmündədir. 

 

Namaz əsnasında möhürün əldən çıxması
Sual 2. Əgər namaz əsnasında möhür hansısa bir şəkildə əldən çıxarsa, məsələn, uşaq möhürü götürüb qaçarsa, namaz qılan şəxsin vəzifəsi nədir?
Cavab: Əgər üzərinə səcdə etdiyi şey namaz əsnasında insanın əlindən çıxarsa və əlinin altında “üzərinə səcdə etməyin düzgün olduğu” başqa bir şey olmazsa, namaz vaxtı geniş olduğu təqdirdə, namazı kəsməlidir. Namaz vaxtı dar olduğu təqdirdə isə, əgər paltarı kətan və ya pambıq paltar olarsa, həmin paltarın üzərinə səcdə etməlidir. Ehiyata görə, pambıq və kətan paltarın üzərinə səcdə etmək mümkün olduğu halda başqa bir şeyin üzərinə səcdə edilməməlidir. Əgər əynində belə bir paltar yoxdursa, ehtiyat-vacibə görə, öz əlinin üstünə səcdə etməlidir.

 

Maddi ziyan vuran şəxs ziyanı ödəməkdə xəcalət çəkdiyi halda onu ödəməyin yolu
Sual 3. Mən əvvəllər bir şəxsə maddi ziyan vurmuşam. İndi isə həmin şəxsin yanına gedib, ziyanı ödəməyə xəcalət çəkirəm. O pulu həmin şəxsin tərəfindən fəqirə sədəqə verə bilərəmmi?
Cavab: O pulu sədəqə vermək kifayət etmir və ziyanın məbləğini həmin şəxsin özünə verməlisiniz. Bu işi onun xəbərdar olmayacağı bir şəkildə edə bilərsiniz, məsələn, bir şəxsin vasitəçiliyi ilə pulu ona çatdıra və ya onun bank hesabına, kartına köçürə bilərsiniz.

 

Əcir namazı
Sual 4. Əgər bir şəxs dünyasını dəyişən bir şəxs tərəfindən Quranı xətm etməyə və ya onun bir illik namazlarını qılmağa əcir olsa, bu işdə başqasından kömək ala bilərmi?
Cavab: Əgər əcirlik müqaviləsində şərt qoyulsa və ya durumdan belə məlum olsa ki, əcir tutan şəxs həmin işi yalnız əcir olan şəxsin özünün görməsini nəzərdə tutubdur, əcir olan şəxs əcir tutan şəxsin icazəsi olmadan bu işdə başqasından kömək ala bilməz. Amma əgər belə bir şərt qoyulmayıbsa və ya durumdan belə bir şərtin olması məlum olmazsa, əcir olan şəxs eyni qiymətə və ya daha artıq qiymətə öz öhdəsinə götürdüyü işi bütünlüklə başqasına tapşıra bilər. Yaxud da işin bir hissəsini özü görə və qalan hissəsini isə qiymətdə razılaşma yolu ilə və ya havayı olaraq başqasına tapşıra bilər. 

 

Meyit namazı qılarkən meyitlə namaz qılan şəxs arasındakı məsafə
Sual 5. Meyit namazında meyitlə namaz qılan şəxs arasında ən çoxu nə qədər məsafə ola bilər?
Cavab: Məsafə o qədər olmalıdır ki, meyitin üstündə dayanıb namaz qılındığı deyilsin. Amma namaz cərgəsində dayananlar arasında məsafə əsas götürülmür.
 
Təmirə verdiyi əşyanı götürmək üçün müştərinin müraciət etməməsi
Sual 6. Bir şəxs bir əşyanı təmir etdirmək üçün usta yanına aparır. Onlar belə razılığa gəlirlər ki, müəyyən bir müddətdən (məsələn, bir aydan) sonra müştəri təmir olunmuş əşyanı götürmək üçün gəlməlidir. Əgər gəlməsə, usta həmin əşyanı çölə mağazanın qapısı ağzına qoyacaqdır və həmin əşya aradan getsə, usta zamin deyildir. Belə bir razılaşma düzgündürmü?
Cavab: Maneəsi yoxdur. Usta razılaşma əsasında hərəkət edə bilər.
 
“Aldanma” və “nöqsan” səbəbilə alğı-satqını pozmaq ixtiyarı
Sual 7. Mən bir nəfərdən torpaq sahəsi aldım. Alğı-satqı baş tutduqdan sonra bildim ki, Şəhər İcra Hakimiyyəti bu torpaq sahəsinin bir hissəsini ümumi işlər üçün dövlət balansına keçirib. Bu məsələni torpağı satan şəxsin özü də bilməyib. Bu halda alğı-satqını pozmaq ixtiyarlarından hansına əsaslanmaq olar? (Qeyd etməliyəm ki, torpaq sahəsinin böyük hissəsi dövlət balansına keçirildiyinə görə həmin torpaq sahəsinin qiyməti düşüb və aldığım qiymətdən aşağıdır.)
Cavab: Əgər sualda qeyd edilən səbəbə görə torpaq sahəsinin hazırkı qiyməti ilə sizin aldığınız qiymət arasında böyük fərq varsa, bu halda siz “aldanma ixtiyarı”na əsaslanıb alğı-satqını poza bilərsiniz. Həmçinin əgər torpaq sahəsinin bir hissəsinin itirilməsi ürfə görə nöqsan sayılarsa, “nöqsan ixtiyarı”na da əsaslana bilərsiniz. 

 

 Qəza orucu olan halda əcir orucu tutmaq
Sual 8. Əgər mənim qəza orucum varsa, əcir orucu tuta bilərəmmi?
Cavab: Maneəsi yoxdur.

 

Kəsim zamanı heyvan can verməmişdən qabaq onun başını bədənindən ayırmaq
Sual 9. Kəsim zamanı heyvan can verməmişdən qabaq onun başını bədənindən ayırmağın iradı varmı?
Cavab: Heyvanın canı tam çıxmamış onun başını bədənindən ayırmaq haramdır. Amma bu iş heyvanın ətinin haram olmasına səbəb olmur.
 
Dırnaqda lak olduqda dəstəmaz və qüslün hökmü
Sual 10. Əl və ayaq dırnaqlarında lak olduqda dəstəmaz və qüslün hökmü nədir?
Cavab: Dəstəmaz alarkən əl dırnaqlarında lak və ya başqa bir maneə olmamalıdır. Amma əgər ayaq dırnaqlarının birinə lak çəkməyib, onun üzərinə məsh çəkilərsə, dəstəmaz düzgündür.
Qüsl edərkən isə, əl və ayaq dırnaqlarının hamısı təmiz olmalıdır, yəni dırnaqlarda suyun dırnağa dəyməsinə mane olan heç bir şey olmamalıdır.
 
Qadının nikah əqdində ərdən icazəsiz evdən çıxmaq ixtiyarına malik olmasını şərt qoyması
Sual 11. Qadın nikah əqdində şərt qoya bilərmi ki, evdən çıxmaq icazəsi onun öz ixtiyarında olsun?
Cavab: Əgər qadın evdən çıxmaq icazəsinin ümumiyyətlə onun öz ixtiyarında olmasını şərt qoyarsa, bu şərt düzgün deyildir və qəbul olunmur. Amma əgər bəzi halal işlər, məsələn, işə getmək üçün ərdən icazəsiz evdən çıxmasını şərt qoyarsa, bunun maneəsi yoxdur.
 
Həcc ziyarətinə qeydiyyat aparılmadığı təqdirdə “müstəti şəxs”in vəzifəsi
Sual 12. Atam maddi imkan baxımından “müstəti şəxs” sayılır. Amma dövlət tərəfindən həccə qeydiyyat aparılmır. Bu halda onun vəzifəsi nədir? Bu il həccə qeydiyyat aparılmadığı üçün, o, öz pulunu başqa işlərə sərf edə bilərmi?
Cavab: Əgər başqa bir qanuni yolla həcc ziyarətinə gedə bilərsə, bu il həccə getməlidir. Yox əgər həcc ziyarətinə heç bir yolla getmək mümkün deyilsə, bu halda həcc ona vacib olmur. Amma əgər növbəti il həccə getmək mümkün olacaqsa, ehtiyat-vacibə görə, maddi baxımdan özünü müstətilikdən çıxarmamalıdır.
700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər