Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Yüksək iştirak və güclü İran üçün güclü prezidentin seçilməsi

İslam İnqilabının Ali Rəhbəri yeni ilin ilk günü televiziya vasitəsilə etdiyi canlı çıxışı zamanı şərəfli İran xalqına müraciət ünvanladı. O, müraciətində ilin şüarının gerçəkləşdirilməsi, istehsala dəstək verilməsi və maneələrin aradan qaldırılması istiqamətində xalq və dövlət qurumlarının qarşısında duran vəzifələrə aydınlıq gətirərək HBFP ilə bağlı elan edilmiş siyasətin həyata keçirilməsinin, yəni sanksiyaların ləğv edilməsi və İranın HBFP –nın öhdəliklərinə qayıtmasından əvvəl sınaq müddətinin həyata keçirilməsi istəyinin dəyişilməz olduğunu dedi. Ali Rəhbər çıxışının davamında 1400-cü ilin xordad ayında keçiriləcək prezident seçkilərinin daxili və xarici yönlərdən çox mühüm əhəmiyyət daşıdığını bildirdi və düşmənlərin İran xalqını seçkilərdə iştirakdan məyus etmək üçün plan qurub, genişmiqyaslı fəaliyyət göstərdiyini qeyd etdi: “Prezident ixtiyarında olan çox geniş səlahiyyətlərlə ölkənin idarə edilməsində ən mühüm və nüfuzlu rola malikdir. Xalq düşməni məyus etmək və icra qurumunu yeniləmək üçün prezident seçkilərində xalqdan olmaq, səriştəlilik, idarəetmə gücü, iman, ədalətpərvərlik, korrupsiyaya qarşı olmaq, inqilabçı və cihadçı davranmaq, daxili imkanlara etimad, gələcəyə ümidli olmaq və gənclərə inanmaq kimi xüsusiyyətləri diqqət mərkəzində saxlamalıdır”.

İnqilabın Rəhbəri çıxışının əvvəlində ənənəvi baxış bucağına əsasən, yeni əsrə keçid edilməsinə işarə edərək İranın 1300-cü və 1400-cü illərdəki vəziyyətləri arasında kiçik bir müqayisə apardı: “1300-cü il Rzaxanın əli ilə yaradılmış ingilis böhranının, asılı və diktatura hakimiyyətinin mövcud olduğu il idi. Lakin 1400-cü il seçkilər, yəni müstəqilliyə, xalqın səsinə, milli özgüvən və özünə inama əsaslanan hökumət ilidir”.

O, keçən ilin şüarı olan istehsal sıçrayışının tam şəkildə gerçəkləşməməsinə işarə edərək əlavə etdi: “Əlbəttə, mühüm istehsal sahələrində nailiyyətlər əldə edildi. Bəzi məqamlarda bunu istehsal sıçrayışına şamil etmək olar. Bu proses böyük bir güclə davam etdirilməlidir”.

Həzrət Ayətullah Xamenei istehsal maneələrinin aradan qaldırılmasının zəruriliyi məsələsindən danışarkən qanundan kənar idxalat, qaçaqmalçılıq və əlavə qanunların ləğv edilməsi kimi məqamlara işarə edərək əlavə etdi: “İstehsala mane olan amillər həddən artıq çoxdur. Bunlar televiziya və radio vasitəsilə çatdırılmalı, idarələr və xalqın köməyi ilə ortadan qaldırılmalıdır”.

O, istehsal üçün lazım olan xam malın və ya ehtiyac duyulan malların təchiz edilməsinin zəruri olduğunu dedi: “Xalqın alıcılıq gücünün artırılması, vasitəçilərin əlinin qısaldılması, korrupsiya ilə mübarizə, bank və gömrük sisteminin islahı ilin şüarının gerçəkləşdirilməsi üçün lazım olan addımlardandır. Əgər bu işlər ciddiyyətlə izlənsə, bu il ölkə iqtisadiyyatında mütləq dəyişiklik yaranacaq”.

İnqilabın Rəhbəri bəzilərinin sui-istifadəsinə və mövcud prolmeləri, xüsusilə virtual məkanda və düşmənlərin xarici təbliğat vasitələrində şişirtməklə yaratdıqları mənfi rəyə işarə edərək dedi: “Bəziləri məyusluq ayəsi oxuyur və yolun dalana dirəndiyini göstərirlər. Halbuki qətiyyən belə deyil, İran ölkə daxilində mövcud olan müxtəlif imkanlardan istifadə edərək regionun, hətta dünyanın ən inkişaf etmiş iqtisadiyyatına sahib ola bilər”.

O əlavə etdi: “Bu imkanlardan istifadə üçün möcüzəyə ehtiyac yoxdur. Güclü, məsuliyyətli, korrupsiyaya qarşı və əhatəli iqtisadi proqrama malik olan rəhbərliyin olması yetər”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Dünya Bankının mütəxəssisləri 200 ölkə arasında İran iqtisadiyyatının 18-ci pillədə qərarlaşmasını etiraf ediblər: “Bu mütəxəssislər hesab edirlər ki, İranda çox böyük ərazi imkanları və insan resursları var. Bunlardan istifadə ediləcəyi təqdirdə İranın iqtisadiyyatı 12-ci pilləyə yüksələr. Bu, çox mühüm bir məsələdir”.

İnqilabın Rəhbəri ərazi imkanlarından danışarkən ölkə ərazisinin böyüklüyü, müxtəlif qonşuların olması, Şərq-Qərb və Şimal-Cənub tranzit xəttinin üzərində yerləşməsini, insan resurslarından danışarkən isə gənc, təhsilli və işə hazır nəslin olmasının gerçəkliklərdən olduğunu dedi. Zəngin təbii sərvətlərlə yanaşı, Allahın bəxş etdiyi yeraltı sərvətlər və son otuz ildə yaradılmış mühüm infrastrukturlar İranı heç bir sanksiyanın təsir göstərə bilməyəcəyi inkişaf etmiş bir ölkəyə çevirə bilər.

O qeyd etdi ki, mövcud problemlərin ortadan qaldırılması üçün həmrəyliyə ehtiyac var: “Lazımi sərmayəsi olan adamlar və istehsala mömincəsinə kömək etmək istəyən insanlar bu sahədə aktiv ola bilərlər. Xalqın xeyriyyə fondları, inqilabçı fondlar və fəal məscid xidmətçiləri bu mühüm məsələni nizama salmaq üçün proqram işləyib hazırlamalıdırlar”.

İnqilabın Rəhbəri nəzərdə tutulan məsələyə, yəni ölkə iqtisadiyyatı ilə əlaqəsi olan sanksiyalarla bağlı bir neçə nüansa da toxundu.

O, iqtisadi mühasirə, xalqlara qarşı sanksiya, onların dərman və qida məhsulları əldə etməsinə maneələr yaradılmasının ABŞ-ın həqiqi cinayəti olduğunu dedi: “İran xalqı Allahın lütfü ilə çulunu bu sudan çıxarmışdır. Lakin bəzi xalqlar mübarizə apara bilmirlər”.

İqnilabın Rəhbəri sanksiyalarla mübarizə aparmaq üçün iki mümkün yol olduğunu dedi: “Bir yol sanksiya tətbiq edəndən sanksiyanı azaltmaq və ya bu işdən çəkinməsi üçün xahiş etmək. Təbii ki, o da bunun qarşılığında öz imperialist istəklərini masanın üzərinə qoyacaq və onların həyata keçirilməsini istəyəcək. Bu, zillət, tənəzzül və gerilik yoludur. İkinci yol isə sanksiya məhsullarını istehsal etmək üçün daxili imkanlar və qüvvələrdən istifadə, sanksiyaları azaltmaq və ya təsirini ortadan qaldırmaqdır. İran xalqı ikinci yolu seçib davam etdirir”.

Həzrət Ayətullah Xamenei sanksiyanı fürsətə çevirmək üçün İran xalqının göstərdiyi səyin gözəl nəticələrinin olduğunu dedi və ölkə daxilində korona ilə mübarizə aparmaq üçün ölkənin tibbi ləvazimatlarla təmin edilməsinə, ölkənin elmi inkişafı və müdafiə gücünün heyrətamiz şəkildə artırılmasına işarə edərək dedi: “Bu gerçəklik göstərir ki, sanksiyanı fürsətə çevirmək olar”.

İnqilabın Rəhbəri vurğuladı ki, ölkənin indiki və gələcək rəhbərliyi bu məsələyə ciddi yanaşmalıdır: “İran iqtisadiyyatını sanksiyaya düyünləməyin. Fərz edin ki, sanksiyalar qalacaq”.

O əlavə etdi: “Bu bir neçə ildə dəfələrlə deyilib ki, əgər sanksiya götürülsə, ya xarici investisiya yatırımı olsa, elə olacaq, belə olacaq. Halbuki bu əgərlər ölkə iqtisadiyyatını fəaliyyətdən saxlayır. Qeyri-müəyyənlik və fəaliyyətsizlik isə iqtisadiyyat üçün böyük bir zərərdir”.

İnqilabın Rəhbəri çıxışının başqa bir yerində çox mühüm əhəmiyyəti olan prezident seçkilərinə, şuraların seçkilərinə toxundu və seçkilərin həm daxili, həm də beynəlxalq yöndən böyük əhəmiyyət daşıdığını dedi: “Seçkilər daxili yöndən icra sahəsi üçün bir yenilənmə və yeni nəfəsdir. Çünki yeni nəfəsli və motivasiyalı şəxslər iş başına keçirlər ki, bu da çox mübarək bir məsələdir”.

Həzrət Ayətullah Xamenei xalqın seçkilərdəki iştirakını beynəlxalq cəhətdən milli iqtidarın göstəricisi olduğunu dedi: “Ölkə iqtidarına müdafiə və diplomatiya gücündən çox zəmin yaradan amil xalqın özü, onun ayıq, istəkli və qətiyyətli olmasıdır. Bu iştirak və iqtidarın özünü büruzə verdiyi yerlərdən ən mühümü seçkilərdir”.

O qeyd etdi ki, xalqın seçkilərdəki iştirakı, habelə iştirak əmsalı milli iqtidara təsir göstərən amillərdəndir: “Hər kəs, hətta rəhbərliyi qəbul etməyənlər də güclü İranı düşmənlərə qarşı mübarizə yolu kimi qəbul edirlər. İranın güclənməsinin mühüm yollarından biri seçkilərdə iştirakdır”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Bəzi ölkələrin, hamısından da pis olan ABŞ və sionist rejimin casus şəbəkələri inqilabı sönük göstərməyə çalışırlar. Bu səbəbdən də ya təşkilatçıları, ya da Keşikçilər Şurasını seçkiləri tənzimləməkdə ittiham edirlər. Ya da ölkənin vəziyyətinin yaxşılaşmasında xalqın səsinin təsirsiz olması fikirini təlqin etməklə xalqı seçkidən soyutmağa çalışırlar”.

Həzrət Ayətullah Xamenei insanları həvəsdən və seçkiləri gözdən salmaq üçün virtual məkandan maksimum dərəcədə istifadə edilməsi məsələsinə işarə edərək ölkədə virtual məkanın idarə edilməsi formasını tənqid etdi: “Dünyanın bütün ölkələri virtual məkanın idarəçiliyinə nəzarət edirlər. Ancaq bizdə bəziləri virtual məkanın nəzarətsiz olması ilə fəxr edirlər. Halbuki bu yanşmanın heç bir fəxr ediləsi tərəfi yoxdur”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “İnsanlar azadlıq vasitəsi olan virtual məkandan istifadə etməlidirlər, lakin bu məkan düşmənin ixtiyarına keçməməlidir”.

O dedi: “Düşmən psixoloji üsullardan istifadə edərək xalqın seçkilərdəki iştirakını azaltmağa çalışır. Xalqın rədd cavabı ilə düşmənin məyus olacağına ümidvarıq”.

İslam İnqilabının Rəhbəri prezident vəzifəsinin əhəmiyyətinə işarə edərək dedi: “Prezident vəzifəsi ölkənin ən mühüm və nüfuzlu vəzifəsidir. Prezidentin heç bir ixtiyar sahibi olmaması və ya tədarükçü olması kimi fikirlər həqiqəti əks etdirmir, bu, məsuliyyətsizlik, məlumatsızlıq və ya qərəzdən irəli gəlir”.

O vurğuladı ki, prezidentlik ölkə idarəçiliyində ən məsuliyyətli və çox zəhmət tələb edən bir vəzifədir: “Təqribən bütün idarəetmə mərkəzləri, daha çox hökumət imkanları prezidentin ixtiyarındadır. Məhkəmə və hərbi sahələrə rəhbərlik prezidentliklə müqayisə olunmazdır”.

İslam İnqilabının Rəhbəri dedi: “Səs verərkən hər kəs prezidentin üzərinə düşən böyük və ağır məsuliyyəti nəzərə almalıdır”.

Həzrət Ayətullah Xamenei seçkilərdə könüllü olmaq istəyənlərə səslənərək dedi: “Ümidvarıq ki, işin ağırlığını nəzərə alacaq və üzərinizə hansı ağır məsuliyyəti götürdüyünüzü biləcəksiniz. Əgər görsəniz ki, bu məsuliyyəti üzərinizə götürə bilirsiniz, o zaman seçki meydanına daxil olun”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Ölkənin əsas problemlərini bilin, hətta ümumi də olsa, onlarla bağlı proqramınız, həll yolunuz olsun. Ölkə iqtisadiyyatı, onun milli istehsal, investisiya qoyuluşunun artırılması, milli valyutanın gücləndirilməsi, inflyasiya, ölkənin təhlükəsizliyi məsələsi, ictimai zərərlər kimi problemlərini, dünyanın mürəkkəb siyasətləri ilə qarşılaşmaq və çox mühüm əhəmiyyət daşıyan mədəniyyət məsələlərini öyrənin”.

O, hər kəsin öz seçimində diqqətli olmasının zəruriliyini vurğulayaraq arzuolunan bir prezidentin hansı xüsusiyyətlərə malik olmasına aydınlıq gətirdi: “Arzuolunan prezident səriştəli, imanlı, ədaləttələb, korrupsiyaya qarşı, inqilabçı, cihadçı, daxili imkanlara inanan, ölkənin ümumi hərəkətinin aparıcısı kimi gənclərə inanan və gələcəyə ümidli bir adam olmalıdır”.

Həzrət Ayətulah Xamenei vurğuladı: “Əgər belə bir adam iş başına gəlsə, ölkəni arzuolunan nöqtəyə çatdıracaq. Xalq bu xüsusiyyətlərə malik olan bir adamı tapmalıdır. Əlbəttə, bu cür adamı tapmaq ümumi kütlə üçün asan olmaya bilər. Buna görə də məlumatlı və inanılmış adamlara müraciət etsinlər”.

İslam İnqilabının Rəhbəri çıxışının seçkilərlə bağlı hissəsini yekunlaşdırarkən milli vəhdət və birliyin qorunmasının vacibliyini qeyd etdi: “Seçkilər ikitirəlik, təfriqə və iki qütblülük yox, milli vəhdət simvolu olmalıdır”.

O vurğuladı ki, sağ və sol bölgüləri bir kənara qoyulmalı, yalnız ölkənin gələcəyi və İslam dövləti diqqət mərkəzində olmalıdır: “Siyasi baxış və yanaşma, etnik və məzhəb fərqliliyinin olmasının problemi yoxdur. Lakin bu məsələlər milli vəhdəti bir-birinə vurmamalıdır”.

İslam İnqilabının Rəhbərinin çıxışının son hissəsi HBFP və region məsələləri ilə bağlı oldu.

Həzrət Ayətullah Xamenei ABŞ-ın maksimum təzyiq siyasətinin iflasa uğramasına işarə edərək dedi: “Əvvəlki axmaq İranı zəiflətmək üçün maksimum təzyiq planı hazırlayıb icra etdi ki, zəifləmiş İranı müzakirə masasına çəksin və özünün imperialist tələblərini ona təlqin etsin. Ancaq həm özü o cür biabırçılıqla iqtidardan getdi, həm də ABŞ-ı biabır etdi. İslam Respublikası isə qüdrət və izzətlə ayaqda durmağa davam edir”.

O vurğuladı: “Maksimum təzyiq iflasa uğradı. Əgər ABŞ-ın yeni hökuməti həmin siyasəti davam etdirmək istəsə, o da məğlubiyyətlə üzləşəcək. İran günü gündən daha da güclənir”.

İslam İnqilabının Rəhbəri İranın HBFP və HBFP-nın tərəfləri ilə qarşılıqlı əlaqənin pozulmaz və hər kəsin fikir birliyində olduğu bir məsələ olduğunu dedi: “ABŞ bütün sanksiyaları ləğv etməlidir, sonra İran sınaq həyata keçirəcək. Sanksiyalar, həqiqətən, ləğv ediləcəyi təqdirdə o, heç bir problem olmadan özünün HBFP ilə bağlı öhdəliklərinə qayıdacaq”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Sanksiyaları kağız üzərində ləğv etmək istəyən amerikalıların sözünə etibar etmək olmaz. Onlar sanksiyaları əməldə götürməlidirlər, İslam Respublikası da onu sınaqdan keçirməlidir”.

O, şəraitin dəyişməsini əsas gətirərək HBFP-nin dəyişdirilməsinin zəruriliyini qeyd edən ABŞ rəsmilərinin açıqlamalarına işarə edərək dedi: “Bəli, 1394-cü illə müqayisədə şərait dəyişib. Ancaq bu dəyişmə ABŞ-ın yox, İranın xeyrinə olub”.

O həmin günlə müqayisədə bu günün İranının çox güclü və daha çox öz ayaqları üzərində dayanan bir dövlət olduğunu dedi: “Qarşılığında ABŞ daha da zəifləyib. Çünki elə bir komanda hakimiyyət başına gəldi ki, öz danışığı, əməli və kənarlaşması ilə ABŞ-ı birabır etdi. Ölkəni iqtisadi problemlər bürüdü. Əlbəttə, bu gün də ABŞ prezidentinin taleyinin necə olacağı bəlli deyil”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Buna görə də dəyişdiriləcəyi təqdirdə HBFP İranın xeyrinə dəyişdirilməlidir”.

Həzrət Ayətullah Xamenei dedi: “Əlbəttə, biz gənclərin və elm əsaslı şirkətlərin təşəbbüsləri sayəsində sanksiyaları təsirdən salmışıq və bu yolu qüdrətlə davam etdirəcəyik”.

O İranın HBFP üçün təqdim edilmiş həll yolu ilə bağlı heç bir tələskənliyinin olmamasını vurğulayaraq dedi: “Bəziləri deyirlər ki, fürsəti əldən vermək olmaz. Bu fikir doğrudur, ancaq tələsmək də olmaz”.

O bildirdi ki, bəzi məqamlarda tələsməyin zərəri fürsəti əldən verməkdən daha çoxdur: “Məsələn, HBFP-də tələskənliyə yol verildi. Halbuki biz bütün öhdəliklərimizə əməl etdik. Qarşı tərəflər özlərinin kağız üzərindəki öhdəliklərini yerinə yetirmədilər”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “İranın səbir və hövsələsi çoxdur. Əgər onlar bizim elan etdiyimiz siyasəti qəbul etsələr, iş düzələr. Əgər qəbul etməsələr, şərait eyni şəkildə davam edəcək”.

Həzrət Ayətullah Xamenei bəzi siyasətçilərin öhdəliklərin yerinə yetirilməsində önə düşməyin heç bir fərqinin olmaması ilə bağlı açıqlamalarına işarə edərək amerikalıların pis keçmişləri səbəbindən bunun qəbuledilməz olduğunu dedi: “Problem “birinci mən, birinci sən”də deyil. Sadəcə, bizim onların öhdəliyinə inanmımız yoxdur. Çünki Obamanın vaxtında onlara etimad edib öz öhdəliklərimizə əməl etdik. Ancaq onlar sanksiyaların götürüldüyünü kağız üzərində qeyd edib öz öhdəliklərinə əməl etmədilər, əlaltıları İranla iş görmək istəyən şirkətləri təhdid edərək investisya qoymaq fikrindən daşındırdılar”.

ABŞ-ın İran və regionla bağlı siyasətinin, o cümlədən sionist rejimə dəstəyinin, Suriyaya qəsbkarcasına soxulmasının, məzlum Yəmən xalqına hücum edən Səudiyyə dövlətinin yanında yer alması və Fələstinlə bağlı mövqeyinin yanlış olduğunu dedi: “İslam ümməti Fələstin məsələsini heç vaxt unutmayacaq. İşğalçı rejimin bir neçə cılız dövlətlə olan əlaqələrinin adiləşdirilməsinə ümid bəsləmək çox əhəmiyyətsiz və yanlışdır”.

İslam İnqilabının Rəhbəri Obama dövlətinin Yəmən müharibəsinə başlamaq üçün Səudiyyə dövlətinə yaşıl işıq yandırması və insanların bombardman edilməsinə təchizat dəstəyi verməsinə işarə edərək dedi: “Altı il keçməsinə baxmayaraq, onlar Yəmən xalqını təslim edə bilmədilər. Bu gün amerikalılara belə bir sual ünvanlanır: Səudiyyə dövlətini hansı bataqlığa sürüklədiyinizi ilk gündən bilirdinizmi? Bu gün həm döyüşü saxlamaq onun üçün zərərlidir, həm də davam etdirmək”.

O, Yəmən hadisəsi və Səudiyyə dövlətinin çıxılmazlığının müttəfiqlərinin ABŞ-a güvənməsinin nəticələrinin bir nümunəsi olduğunu dedi: “Amerikalılar bu regionu və xalqları tanımırlar və daim səhvə yol verirlər”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /