Ali Məqamlı Rəhbərin informasiya bloku

Şəri nikah

Sual: Əgər bir oğlan bir qız ilə evlənmək istəsə, şəri izdivac əqdinin (kəbinin) oxunması vacibdirmi?
Cavab: Əgər evlənmək istəyən oğlan ilə qızın lazımi şərtlər daxilində şəri izdivac əqdi oxunmasa, onlar ər-arvad hesab olunmurlar.

Sual: Qohumlar qız və oğlan iştirak etmədən, amma onların razılığı ilə axundun yanına gedib, onların kəbinini oxutdururlar. Bu kəbin düzgündürmü?
Cavab: Nikah əqdi (kəbin) oxunarkən oğlanın və qızın iştirakı şərt deyildir, onların razılığı şərtdir.

Sual: İzdivac əqdi (istər daimi izdivac, istərsə də müvəqqəti izdivac əqdi) oxunarkən tərəflərin adını dilə gətirmək vacibdirmi? Yoxsa tərəfləri sadəcə niyyətimizdə tutsaq, kifayətdir?
Cavab: İzdivac əqdinin düzgün olması üçün tərəflərin müəyyən edilməsi, məsələn, adının çəkilməsi, yaxud işarə ilə göstərilməsi, yaxud da onları təyin edən hansısa bir xüsusiyyətin vurğulanması şərtdir.

Sual: Kəbinin telefon vasitəsilə oxunması icazəlidirmi?
Cavab: İzdivacın şərtlərinə riayət edərək telefon vasitəsilə izdivac əqdini oxumağın maneəsi yoxdur. İzdivacın (istər daimi, istərsə də müvəqqəti izdivacın) şərtlərindən biri budur ki, qadının əri olmamalı və başqa bir kişinin iddəsində də olmamalıdır. Başqa bir şərti isə budur ki, qız bakirə olduğu təqdirdə, ehtiyat-vacibə görə, onun başçısından (yəni atası və ya ata babasından) icazə alınmalıdır. Onların icazəsi olmadan, ehtiyata görə, izdivac əqdi düzgün deyildir. İzdivac əqdinin cümlələri tələffüz edilməlidir və onu sadəcə yazmaq kifayət etmir.

Sual: Nikah əqdi oxunarkən hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Müxtəlif məsələlər vardır. O cümlədən izdivacın (istər daimi, istərsə də müvəqqəti izdivacın) şərtlərindən biri budur ki, qadının əri olmamalı və başqa bir kişinin iddəsində də olmamalıdır. Başqa bir şərti isə budur ki, qız bakirə olduğu təqdirdə, ehtiyat-vacibə görə, onun başçısından (yəni atası və ya ata babasından) icazə alınmalıdır.
Ehtiyat-vacibə görə, izdivac əqdinin cümlələri ərəbcə düzgün oxunmalıdır. Amma əgər kişi və qadın əqdin cümlələrini özləri ərəbcə düzgün oxuya bilməsələr, onun tərcüməsini hər hansı bir dildə oxusalar, əqd düzgündür.

Sual: 1) Kəbin kəsmək hansı günlərdə müstəhəb və hansı günlərdə məkruhdur?
2) Deyilir ki, Ay “Əqrəb bürcü”ndə olanda kəbin kəsmək məkruhdur. Bu, miladi təqvimilə hesablanır, yoxsa hicri-qəməri təqvimilə? Xahiş edirəm ki, izah edəsiniz.
Cavab: 1) Nikah əqdini gecə vaxtı bağlamaq müstəhəbdir. Amma Ay “Əqrəb bürcü”ndə olduqda, həmçinin qəməri ayının son günündə və el arasında “kəvamil” adlanan nəhs günlərin birində nikah əqdinin bağlanması məkruhdur. “Kəvamil” adlanan günlər yeddi gündür: qəməri ayının 3-cü, 5-ci, 13-cü, 16-cı, 21-ci, 24-cü və 25-ci günləri.
2) Burada Ayın “Əqrəb bürcü”ndə olması nəzərdə tutulur və bu hadisə hər qəməri ayında bir neçə gün baş verir. Bunu müəyyən etmək üçün astronomik təqvimlərə müraciət edə bilərsiniz.

Sual: Başqa atadan və eyni anadan dünyaya gələn oğlan və qız bir-birilə izdivac edə bilərmi?
Cavab: Ataları ayrı olsa belə, anaları eyni olan qız və oğlan bacı-qardaş hesab olunurlar və onların izdivacı haramdır.

Sual: Qadın izdivac əqdində kişinin qarşısında başqa qadınla evlənməməyi şərt qoya bilərmi? Əgər şərt qoya bilərsə, bu şərt pozulduqda qadın nə etməlidir?
Cavab: Qadının izdivac əqdində kişinin başqa qadınla evlənməməsini şərt qoymağa haqqı yoxdur.

Sual: Əgər bir qadınla daimi nikahda olan bir kişi başqa bir qadınla daimi nikah bağlayıb evlənmək istəsə, bunun üçün həyat yoldaşı olan qadından icazə almalıdırmı? Əqd üçün qadının icazəsini almaq vacibdirmi?
Cavab: Ümumiyyətlə, kişinin yenidən izdivac etməsi (istər daimi izdivac, istərsə də müvəqqəti izdivac etməsi) üçün həyat yoldaşının icazəsi şərt deyildir.

Sual: Xristian qadın ilə ailə qurmaq olarmı?
Cavab: Müsəlman kişinin kitab-əhli olan bir qadınla, yəni yəhudi, xristian, zərdüşt və sabi`i bir qadınla müvəqqəti izdivac etməsinin maneəsi yoxdur, əlbəttə, izdivacın şərtlərinə riayət olunmalıdır. Amma kitab-əhli olmayan kafir bir qadınla, hətta müvəqqəti izdivac etməyə belə, icazə verilmir. Müsəlman kişinin kitab-əhli olan qadınla, o cümlədən xristian qadınla daimi izdivacına, ehtiyat-vacibə görə, icazə verilmir.
İzdivacın (istər daimi, istərsə də müvəqqəti izdivacın) şərtlərindən biri budur ki, qadının əri olmamalı və başqa bir kişinin iddəsində də olmamalıdır. Başqa bir şərti isə budur ki, qız bakirə olduğu təqdirdə, ehtiyat-vacibə görə, onun başçısından (yəni atası və ya ata babasından) icazə alınmalıdır.

Sual: Bir müsəlman kişi bilmədən bir xristian qadın ilə izdivac edib və daimi kəbin oxunub. İndi səhv etdiyini başa düşüb. Onların iki övladı var. Bu qadınla müvəqqəti kəbin oxunmalıdırmı? Qadın və kişinin hazırda vəzifələri nədir?
Cavab: Birgə yaşamaq üçün onlar ehtiyat-vacibə görə, müvəqqəti nikah bağlamalıdırlar.

Sual: Əgər oğlan və qız bir-birini sevirsə, amma valideynləri onların izdivacına razı deyildirsə, onlar ailə qura bilərlərmi?
Cavab: Ehtiyat-vacibə görə, bakirə qız ilə izdivac etmək üçün qızın atasının və ya ata babasının icazəsi lazımdır. Onların icazəsi olmadan, ehtiyat-vacibə görə, nikah əqdi düzgün deyildir.

Sual: Əgər bir oğlan bir qızla ailə qurmaq istəyirsə, amma oğlanın atası və ya anası şəri baxımdan heç bir üzrlü səbəb olmadan oğlunun bu qızla evlənməsinə razı deyildirlərsə, oğlan o qızla evləndiyi təqdirdə, ağvalideyn sayılırmı?
Cavab: Onun izdivacı düzgündür. Oğlanın valideyninin icazəsi vacib deyildir. Amma əgər valideyn bu izdivacı öz oğlunun xeyrinə görmürsə və övladını istədiyinə görə onun bu addımına narahat olursa, övlad öz valideynini narahat etməməyə çalışmalıdır.

Sual: Oğlan və qız nişanlıdırlar, lakin qızın ailəsi hələ kəbinin oxunmasına icazə vermir. Nişanlı olduqlarına rəğmən, kəbinin oxunması üçün atanın razılığı mütləqdirmi?
Cavab: Ehtiyat-vacibə görə, bakirə qız ilə izdivac etmək üçün qızın atasının və ya ata babasının icazəsi lazımdır. Onların icazəsi olmadan, ehtiyat-vacibə görə, nikah əqdi düzgün deyildir.

Sual: Bakirə qızın izdivac əqdi oxunanda atadan icazə alınmayıb. Əgər ata sonradan icazə versə və kəbinə razı olsa, oxunan izdivac əqdi düzgündürmü? Yoxsa yenidən əqd oxunmalıdır?
Cavab: Ata icazə verdikdə, oxunan izdivac əqdi (yəni kəbin) düzgündür və onu yenidən oxumağa ehtiyac yoxdur.

Sual: Bakirəliyi aradan gedən bir qız ilə izdivac etmək üçün onun valideynlərindən icazə almaq lazımdırmı?
Cavab: Əgər qızın bakirəliyi şəri izdivac nəticəsində aradan gedibsə, yenidən izdivac etməsi üçün atanın icazəsi lazım deyildir. Yox əgər şəri izdivac nəticəsində deyil, zina nəticəsində aradan gedibsə, ehtiyata görə, o, atanın və ya ata babanın icazəsi ilə izdivac etməlidir.

Sual: Subay oğlan və qız zina etdikdən sonra kəbin kəsdirib, ailə həyatı qura bilərlərmi?
Cavab: Onlar böyük günah ediblər və tövbə edib Allahdan bağışlanma diləməlidirlər. Amma izdivac etmələrinin maneəsi yoxdur.

Sual: Subay oğlan bir zamanlar zina etdiyi qadınla indi kəbin bağlamaq istəyir. Onunla daimi və ya müvəqqəti evliliyə icazə verilirmi?
Cavab: Maneəsi yoxdur.

Sual: Əri olmayan bir qadınla və ya bakirə bir qızla zina edən oğlan daha sonra tövbə edib, onunla ailə qura bilərmi?
Cavab: Zina böyük günahlardandır. Bu günaha görə tövbə etmək və Allahdan bağışlanma diləmək lazımdır. Amma sualda qeyd olunanlara əsasən, onlar izdivac edə bilərlər.

Sual: Bir kişi bir qadınla zina etdikdən sonra tövbə edib, o qadınla ailə qura bilərmi?
Cavab: Müxtəlif hallar ola bilər. Amma ərli qadınla zina etmək əbədi haramlığa səbəb olur və bu kişi və qadın heç vaxt izdivac edə bilməzlər.

Sual: Tərəflər bəzən nikah əqdini oxumaq üçün bir şəxsi vəkil təyin edirlər. Vəkil təyin edilən şəxsi yaxından tanımaq və onun ədalətli olduğuna yəqin etmək vacibdirmi?
Cavab: Həmin şəxsi yaxından tanımaq, həmçinin onun ədalətli olması lazım deyildir.

Sual: Öz aramızda daimi nikah əqdi oxumaq istəyirik. Şahid olmadan nikah bağlamaq düzgündürmü? Çünki bəzi yerlərdə yazılıbdır ki, nikah ücün iki şahid olmalıdır.
Cavab: İzdivacda şahidə ehtiyac yoxdur.

Sual: Əhli-sünnə məzhəbli bir qadın ilə ailə həyatı qurmaq olarmı?
Cavab: Əgər şiə şəxs məzhəbinin təhlükəyə düşəcəyindən qorxarsa, bu izdivaca icazə verilmir. Yəni bu izdivac haqq məzhəb olan şiəlikdən çıxmağa səbəb olmamalıdır.

Sual: Şiə məzhəbli bir xanım ilə əhli-sünnə məzhəbli bir kişinin evlənməyi uyğundurmu? Uyğundursa, hansı şərt daxilində uyğundur?
Cavab: Əgər şiə qadının əhli-sünnə kişi ilə izdivacı qadının məzhəbini təhlükə qarşısında qoyarsa, bu izdivaca icazə verilmir.

Sual: Şiə bir xanım əhli-sünnə bir kişi ilə ailə qurmaq istəyir. Kişi onun məzhəbinə qarışmayacağına söz verib. Amma kəbin əhli-sünnə qaydasında kəsiləcəkdir. Şiə qadının əhli-sünnə qaydasında kəbini oxunsa, bu kəbin düzgün sayılırmı?
Cavab: Əgər şiə qadının əhli-sünnə kişi ilə izdivac etməsi qadının məzhəbi üçün təhlükə yaradarsa, bu izdivaca icazə verilmir. İzdivac əqdinə gəlincə, əgər əqdin şiə fəqihlərinin rəyi əsasında olan şərtlərinə riayət olunarsa, əqd düzgündür.

Sual: Müvəqqəti nikahda olan kişi və qadın bir-birilə daimi nikah bağlaya bilərlərmi?
Cavab: Əgər daimi nikah bağlamazdan qabaq onların müvəqqəti nikahının müddəti başa çatıbsa və ya kişi nikahın qalan müddətini bağışlayarsa, daha sonra daimi nikah bağlanarsa, daimi nikah düzgündür.

Sual: Aşura günü kəbin kəsməyin məkruhluğu varmı?
Cavab: Əhli-beytin (ə) əza günlərində izdivac əqdi bağlamağın öz-özlüyündə maneəsi yoxdur, amma elə etmək lazımdır ki, bu günlərin hörməti qorunsun.

Sual: İmamın (ə) qırxı çıxmamış ailələrin tanış olmasına icazə verilirmi? Yəni qızın ailəsi ilə oğlanın ailəsi tanış olacaqlar; elçilik və ya nişan deyildir. Sadəcə oğlanın ailəsi Bakıdan uzaqda qalır və müəyyən tarixdə gələ bilirlər.
Cavab: Bu işin öz-özlüyündə maneəsi yoxdur.

Sual: Qadın nikah əqdini oxuya bilərmi? Yoxsa nikah əqdini yalnız kişi din xadimi oxusa düzgün sayılır?
Cavab: Əgər şəri izdivac əqdinin şərtlərinə riayət edərək əqdi düzgün oxusa, qadının nikah əqdini oxumasının maneəsi yoxdur.

Sual: Əgər kəbinləri kəsilən cütlük bir neçə müddət sonra kəbinlərini yeniləmək istəsələr, yeniləyə bilərlərmi? Buna icazə varmı?
Cavab: İzdivac əqdinin yenidən oxunması mənasızdır və bir təsiri yoxdur.

Sual: Əgər qız rəşidədirsə, digər tərəfdən də qızın atası evlilik üçün dəqiq bir söz demirsə və qızla oğlanın evlənməmələri üçün əsaslı bir səbəb gətirə bilmirsə, qızla oğlan kəbin kəsdirə bilərmi?
Cavab: Ehtiyat-vacibə görə, bakirə qız ilə izdivac etmək üçün qızın atasının və ya ata babasının icazəsi lazımdır. Onların icazəsi olmadan, ehtiyat-vacibə görə, nikah əqdi düzgün deyildir. Bu hökm baxımından rəşidə qız ilə qeyri-rəşidə qız arasında fərq yoxdur.

Sual: Rəşidə qız kimə deyilir?
Cavab: Rəşidə qız – öz xeyir və ziyanını ayırd edə bilən, qərarlarını ağıla əsaslanaraq alan qıza deyilir. Hər halda, ehtiyat-vacibə görə, bakirə qız ilə izdivac etmək üçün qızın atasının və ya ata babasının icazəsi lazımdır. Onların icazəsi olmadan, ehtiyat-vacibə görə, nikah əqdi düzgün deyildir. Bu hökm baxımından rəşidə qız ilə qeyri-rəşidə qız arasında fərq yoxdur.

Sual: Evli qadın başqa bir kişi ilə müvəqqəti kəbin kəsib, cinsi əlaqədə ola bilərmi? Yaxud da bunun başqa bir yolu vardırmı?
Cavab: Qadın öz ərindən şəri talaq almayanadək və talaq iddəsi saxlamayanadək başqa bir kişi ilə nə daimi nikah, nə də müvəqqəti nikah bağlaya bilməz. Əks halda, həmin kişi ona əbədi haram olur.

Sual: Uşaqlıqdan qızını atıb gedən və indiyədək onunla maraqlanmayan (onu nə evlə, nə geyimlə, nə də yemək-içmək ilə təmin etməyən və qızı ilə əsla hal-əhval tutmayan) atadan qızının izdivac əqdi üçün izn alınmalıdırmı?
Cavab: Ehtiyat-vacibə görə, bakirə qız ilə izdivac etmək üçün qızın atasının və ya ata babasının icazəsi lazımdır. Hətta sualda qeyd edilən halda belə, onların icazəsi olmadan, ehtiyat-vacibə görə, nikah əqdi düzgün deyildir.

Sual: Əgər bir evli qadın başqa bir kişi ilə zina etsə, bu qadın öz ərindən boşanıb zina etdiyi kişi ilə kəbin kəsdirə bilərmi?
Cavab: Suala əsasən, qadın ikinci kişiyə əbədi haram olur və onunla əsla izdivac edə bilməz.

Sual: Əgər qadın bir dəfə ailə qurub boşanıbsa və ikinci dəfə ailə qurmaq istəyirsə, valideynlərindən icazə almalıdırmı? Yoxsa qadın bu məsələdə ixtiyar sahibidir?
Cavab: Əgər qadın bakirə olarsa (yəni izdivac etdikdən sonra cinsi əlaqə baş verməyibsə), ehtiyat-vacibə görə, onun izdivacı üçün atasının və ya ata babasının icazəsi lazımdır. Onların icazəsi olmadan ehtiyat-vacibə görə, izdivac əqdi düzgün deyildir. Amma əgər bakirə deyildirsə, onun izdivacı üçün xüsusi bir şəxsin icazəsi lazım deyildir.

Sual: Əgər qız ailə qurmayıbsa, onun üzərində söz sahibi kimdir? Əgər ata dünyadan köçübdürsə, qızın üzərində söz sahibi anadır, yoxsa qardaş? Yəni ata-ananın halallığı və razılığı tələb olunan bir məsələdə ata dünyada olmadığı təqdirdə, təkcə ananın razılığı yetərlidirmi, yoxsa qardaşın da razılığı olmalıdır? Məsələn, subay bacı qardaşının razılığı ilə evdən çıxmalı və ya müəyyən işləri görməlidirmi? Başqa sözlə, dini baxımdan qardaşın öz subay bacısı üzərində söz haqqı vardırmı? Həmçinin əgər ata və ananın heç biri həyatda yoxdursa, hökm nədir? Qeyd edək ki, qız həddi-büluğ yaşından böyükdür.
Cavab: Sualda qeyd olunanları nəzərə alaraq, əgər qızın ata babası da həyatda deyildirsə, onun başçılığı heç kimin öhdəsində deyildir.

Sual: Bakirə qızın atası və ata babası dünyasını dəyişiblər. Bu qızın kəbininin kəsilməsi və ərə getməsi üçün kimdən icazə almaq lazımdır? Yəni qardaşından, dayısından, əmisindən və s. icazə alınmalıdırmı?
Cavab: Sualda qeyd olunanlara əsasən, kimdənsə icazə almaq vacib deyildir. Amma qardaşından icazə alması tövsiyə olunur, hətta müstəhəbdir. Əgər qızın bir neçə qardaşı vardırsa, böyük qardaşından icazə alsın.

Sual: Əgər bakirə qızın atası dünyasını dəyişibsə və ata babası sağdırsa, amma qız ata babasının himayəsində deyildirsə (yəni onun evində yaşamır və onun malından istifadə etmirsə) və anasının himayəsindədirsə, bu halda qız təkcə anasının razılığı ilə istədiyi oğlanla daimi izdivac edə bilərmi?
Cavab: Əgər qızın ata babası həyatdadırsa, ehtiyat-vacibə görə, ata babanın icazəsi vacibdir. Onun icazəsi olmadan, ehtiyata görə, izdivac əqdi düzgün deyildir.

Sual: Xaçpərəst bakirə qızın kəbinində atasının razılığı vacibdirmi?
Cavab: Əgər qız bakirədirsə, ehtiyat-vacibə görə, onun başçısından (yəni atası və ya ata babasından) icazə alınmalıdır. Amma əgər onların dininə görə bu icazəyə ehtiyac yoxdursa, icazə almaq lazım deyildir.

Sual: Kişi daimi nikahda olan həyat yoldaşının bacısı ilə müvəqqəti nikah bağlaya bilərmi?
Cavab: Düzgün deyildir.

Sual: Qız müsəlmandır; namaz qılmasa və başqa ibadətləri yerinə yetirməsə də, dinə inanır. Onun “həri”si verilib, amma oğlan deistdir. Onların evlənməyi düzgündürmü?
Cavab: Müsəlman qadının qeyri-müsəlman kişi ilə izdivacına icazə verilmir.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər