Ali Məqamlı Rəhbərin informasiya bloku

Ailədə hüquqlar və vəzifələr

Sual: Bir mömin oğlanın 24 yaşı var və o, ailə qurmaq istəyir. Oğlan uşaqlıqdan namaz qılır və oruc tutur, ziyarətlərdə olubdur. Amma seçdiyi xanım hicabsızdır. Belə bir izdivaca dair Ağanın nəzəri nədir? Belə bir izdivacda Allahın razılığı vardırmı? Yoxsa günah hesab edilir? Xanımın hicabsız olması bu möminə günah gətirirmi?
Cavab: Onun bu qız ilə izdivac etməsinin maneəsi yoxdur. Əgər ailə qurduqdan sonra ər ehtimal etsə ki, “yaxşı işlərə dəvət etmək” və “pis işlərdən çəkindirməy”in zövcəsinə təsiri olacaqdır, ər bu şəri vəzifəni yerinə yetirməlidir və onun bundan başqa vəzifəsi yoxdur.

Sual: Bildiyimiz kimi, bir çox müsəlman ölkələrində qadınlar geyimdə sərbəstdirlər. Belə ölkələrdə ailə həyatı qurmaq istədikdə, hicabsız bir xanımla ailə həyatı qurmaq olarmı? Ümumiyyətlə, bu cür məsələlərdə şəri cəhətdən necə davranmaq lazımdır?
Cavab: Hicabsız bir xanımla ailə qurmağın öz-özlüyündə maneəsi yoxdur və bu izdivaca görə kişi günah etmir. Amma “yaxşı işlərə dəvət etmək” və “pis işlərdən çəkindirmək” şəri vəzifəsinin şərtləri mövcud olduğu təqdirdə, kişi bu şəri vəzifəni yerinə yetirməlidir. Bu vəzifəni tərk etməsi günah sayılır. Yaxşı olar ki, insan müsbət keyfiyyətlərə sahib olan və ləyaqətli bir şəxsi özünə həyat yoldaşı seçsin. Əks halda, bir çox çətinliklərlə üzləşə bilər.

Sual: Mən hicablı bir qadınla ailə qurmaq istəyirəm. Amma evdən təkid edirlər ki, onların tanıdıqları hicabsız bir qızla görüşüm. Belə olan halda, mənim vəzifəm nədir? Əgər o qızla görüşsəm, ondan hicablanmasını tələb edə bilərəmmi?
Cavab: O qızla izdivac etməyinizin öz-özlüyündə maneəsi yoxdur. Amma “pis işlərdən çəkindirmək” şəri vəzifəsinin şərtləri mövcud olduğu təqdirdə, onu hicabsızlıq kimi haram bir işdən çəkindirməlisiniz.

Sual: Nişanlanarkən nişanlım ilə mənim daimi kəbinimiz kəsilib. Amma qız hazırda atasının himayəsindədir. Mənim icazəm olmadan o, harasa gedə bilərmi?
Cavab: Daimi izdivac əqdi oxunan qız öz atasının evində olduğu və ər evinə köçmədiyi müddətdə, onun evdən çıxması üçün oğlanın icazəsi lazım deyildir.

Sual: Bildiyim qədər, xanım həyat yoldaşının icazəsi olmadan evdən çölə çıxıb harasa gedə bilməz və həyat yoldaşının dediyi vaxtdan da gec evə qayıda bilməz. Kişi xanımın evdən çölə çıxıb harasa getməsini və istənilən vaxt evə gəlməsini xanımın ixtiyarına buraxa bilərmi? Yəni xanım istədiyi vaxt evdən çıxsın və istədiyi vaxt evə gəlsin. Bu, istər dərs, istər gəzmək, istərsə də sileyi-rəhm olsun, burada hökm fərq edirmi? 
Cavab: Ərin icazəsi olmadan qadın evdən xaric ola bilməz. Yalnız izdivac əqdində bu məsələ şərt qoyulduğu təqdirdə, yaxud da vacib bir işi yerinə yetirmək üçün (məsələn, həcc ziyarəti və ya zəruri olan müalicə üçün) qadın evdən ərin icazəsi olmadan xaric ola bilər.

Sual: 1) Nişanlı qızı təmin etmək, o cümlədən ona geyim, telefon və s. almaq oğlanın vəzifəsi və borcudurmu?
2) Nişanlı qız evdən cıxarkən nişanlısından icazə almalıdırmı?
Cavab: 1) Əgər nişanlı qızın kəbini kəsilibsə, oğlan və qız şəri baxımdan ər-arvad sayılırlar. Qız öz ərinin şəri istəklərinə tabe olduğu təqdirdə, onun xərclərini təmin etmək ərin öhdəsindədir, baxmayaraq ki, oğlan onu öz evinə aparmayıbdır. Amma əgər belə bir durumda ərin şəri istəklərinə tabe olmamaq adi hal sayılırsa və nikah əqdi oxunarkən bu məsələ aydın idisə, bu halda qız öz ərinin şəri istəklərinə tabe olmasa belə, onun xərcləri ərin öhdəsindədir.
2) Ümumiyyətlə, nişanlı və kəbini kəsilən qız öz atasının evində qaldığı müddətdə, yəni ər evinə köçməyənədək evdən xaric olması üçün ərin icazəsi lazım deyildir.

Sual: Əgər ər qadına öz ata-anasını görməyə icazə vermirsə və onların evinə getməsinə qarşı çıxırsa, bu halda qadın nə etməlidir?
Cavab: Hər halda, qadın evdən ərin icazəsi ilə çıxmalıdır. Qadın yalnız o halda evdən icazəsiz çıxa bilər ki, bu məsələ izdivac əqdində şərt qoyulubdur.

Sual: Əgər ər və arvad bir evdə yaşayırlarsa və dörd ay müddətində cinsi əlaqədə olmayıblarsa, onların kəbini pozulurmu? Arada inciklik də yoxdur, sadəcə kişi qadına yaxın gəlmir, öpüb-qucaqlamır və qadının cinsi ehtiyacını təmin etmir. 
Cavab: Suala əsasən, onların nikahı pozulmur. Amma kişi öz vəzifəsinə əməl etməlidir.

Sual: Əgər qadın əri ilə cinsi əlaqədə olmaqdan imtina etsə, yaxud hər dəfə bir bəhanə gətirsə, dinimizdə bunun hökmü nədir? Belə bir qadını boşamaq lazımdırmı?
Cavab: Ümumiyyətlə, qadın şəri və ya ürfi bir üzr (məsələn, heyz və ya xəstəlik kimi bir üzr) olmadan ərinin normal cinsi istəklərini rədd edə bilməz. Əgər qadın heç bir şəri və ya ürfi üzr olmadan ərinin normal cinsi istəklərinə tabe olmazsa, “naşizə qadın” sayılır və ona “nəfəqə” düşmür. Yəni qadının dolanışıq xərclərini təmin etmək ərin öhdəsindən götürülür.

Sual: Qadın öz ərinə itaət etməlidirmi? Hansı məsələlərdə qadın öz ərinə itaət etməlidir?
Cavab: Qadın öz ərinin halal və normal cinsi istəklərini yerinə yetirməli və bu məsələdə ərinə itaət etməlidir. Bundan başqa məsələlərdə ərə itaət etmək qadına vacib deyildir.

Sual: Qadın nikah əqdində cinsi əlaqənin olmamasını kişinin qarşısında şərt qoya bilərmi?
Cavab: Əgər qadın nikah əqdində cinsi əlaqənin olmamasını kişinin qarşısında şərt qoysa, nikah əqdi də, şərt də düzgündür. Kişi yalnız digər cinsi ləzzətləri qadından ala bilər. Amma əgər qadın sonradan cinsi əlaqəyə razı olsa, kişi onunla cinsi əlaqədə ola bilər.

Sual: Evlənməyə pulum var. Amma yaxşı bir işçi olmadığıma görə, məni işdən çıxara bilərlər. Bu səbəbdən evlənməməyim günahdırmı? 
Cavab: İzdivac etmək öz-özlüyündə vacib deyildir, müstəhəbdir. Amma əgər bir şəxs izdivac etmədiyinə görə günaha və harama düşərsə, ona izdivac etmək vacibdir.

Sual: İzdivacda atanın başçılığı nə vaxt qızın üzərindən götürülür? Yəni istisna hallar hansılardır?
Cavab: Ehtiyat-vacibə görə, bakirə qızla izdivac etmək üçün onun başçısından (atasından və ya ata babasından) icazə almaq lazımdır. Ehtiyata əsasən, bu icazə olmadan nikah əqdi düzgün deyildir. Əlbəttə, əgər qızın ailə qurmağa ehtiyacı olarsa, digər tərəfdən elçi düşən şəxs də şəri və ictimai cəhətdən qıza tay və layiq olarsa, eləcə də hal-hazırda başçının (yəni qızın atasının və ya ata babasının) ailə qurmağa icazə verəcəyi şərtlərə malik olan başqa bir elçi mövcud olmazsa, bu halda başçının (yəni ata və ya ata babanın) icazəsi qüvvədən düşür.

Sual: İslam şəriəti çərçivəsində cinsi əlaqənin qaydalarını öyrənmək istərdim.
Cavab: Ümumiyyətlə, ər və arvad bir-birindən hər növ cinsi ləzzət ala bilərlər. Amma müəyyən hallarda, məsələn, qadın heyzli və ya nifaslı olduğu halda, yaxud Ramazan ayının orucunu tutduğu halda cinsi əlaqədə olmaq haramdır. Ehram halında isə ümumiyyətlə, cinsi ləzzət almaq haramdır.

Sual: Ər və arvad arasında intim əlaqənin dini baxımdan halal və haram, müstəhəb və məkruh məsələlərini izah edərdiniz.
Cavab: Ay tutulan gecə, Günəş tutulan gün, qara və sarı küləklərin əsdiyi gün, zəlzələ baş verdiyi gün, Günəş qürub edən zaman Günəşin qırmızılığı aradan gedənədək, sübh vaxtı Günəşin ilk şüası doğandan Günəş doğanadək (sübh namazının vaxtı), “muhaq” zamanı, Ramazan ayı istisna olmaqla hər ayın birinci gecəsi, hər ayın on beşinci gecəsi, çərşənbə gecəsi, Qurban və Fitr bayramları gecəsi cinsi əlaqədə olmaq məkruhdur.
Qadınla anal cinsi əlaqədə olmaq, xüsusilə də qadın razı olmadığı təqdirdə, şiddətli məkruhdur. Oral cinsi əlaqənin öz-özlüyündə maneəsi yoxdur, amma cinsiyyətdən gələn axıntıları və mənini udmaq olmaz.
Bəzi hallarda cinsi əlaqədə olmaq haramdır, o cümlədən:
1- Ehram halında;
2- Qadın nifaslı olduğu müddət;
3- Qadın heyzli olduğu müddət;
4- Mübarək Ramazan ayında oruc halında.
Bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı və cümə gecələrində, cümə axşamı günü zöhr vaxtı, cümə günü əsrdən sonra cinsi əlaqədə olmaq müstəhəbdir.

Sual: Mən sevdiyim qadın ilə nişanlandım və atasının icazəsi ilə kəbin də oxundu. Ailələr toy gününü bir az yubadırlar. Mən bu halda kəbinli xanımımı götürüb aparsam, bunun şəri baxımdan hökmü nədir? Mən öz nişanlımı qaçıra bilərəmmi?
Cavab: Əgər sizin aranızda izdivac əqdi oxunubdursa, siz ər-arvad sayılırsınız. Amma narahatçılığa və ixtilafa səbəb olan rəftarlardan çəkinmək tövsiyə olunur.

Sual: Mömin bir oğlan ailə qurmaq istəyir, amma qızın atası heç cür bu izdivaca razılıq vermir. Qız möminə olsa da, atası ateistdir. Əgər qızın atası heç cür bu izdivaca razı olmasa, amma qızın ata babası buna icazə versə, izdivac əqdi bağlana bilərmi, yoxsa yox?
Cavab: Qızın ata babasının icazəsi kifayət edir.

Sual: Oğlanla qız nişanlıdırlar, amma kəbinləri yoxdur. Bu halda oğlan öz nişanlısını qaçıra bilərmi? Bunun şəri baxımdan hökmü nədir?
Cavab: Bu işin fəsadı olduğuna görə, icazə verilmir.

Sual: Əgər qızın valideyni izdivaca razı deyilsə və qızını vermirsə, qız sevdiyi oğlanla qoşulub qaça bilərmi?
Cavab: Ehtiyat-vacibə görə, bakirə qızla izdivac etmək üçün onun atasından və ya ata babasından icazə alınmalıdır. Onların icazəsi olmadan, ehtiyata görə, izdivac əqdi düzgün deyildir. Hər halda, oğlan ilə qız arasında düzgün şəri qaydada izdivac əqdi oxunmayanadək, onlar bir-birinə naməhrəmdirlər. Buna görə də şəriətə zidd olan, yaxud fəsadı olan, yaxud da günah etmək qorxusu olan hər hansı bir əlaqə və ünsiyyət haramdır.

Sual: Zərəri olmadığı təqdirdə, hamilə qadınla cinsi əlaqədə olmaq olarmı?
Cavab: Bunun öz-özlüyündə maneəsi yoxdur.

Sual: Dinimizdə oğlanların tez evlənməsi buyurulur. Bu, qızlara da şamil olurmu?
Cavab: Ümumiyyətlə, istər oğlan olsun, istərsə də qız olsun, izdivacın şərtləri mövcud olduğu təqdirdə, o cümlədən əqli yetkinlik, iqtisadi yetkinlik, ailəni idarə etmək bacarığı və s. bu kimi şərtlər mövcud olduğu təqdirdə, oğlan və ya qız nə qədər tez izdivac etsə, daha yaxşıdır. Bunun dünya və axirət xeyirləri vardır.

Sual: Mən fiziki məhdudiyyətli bir gəncəm. Mənim evlənmək imkanım yoxdur. Bəzən məndə cinsi ehtiras hissi yaranır. Əgər müvəqqəti izdivac etmək üçün imkanım olmasa, harama düşməmək üçün nə etməliyəm?
Cavab: Cinsi ehtiyacı təmin etməyin yeganə şəri yolu izdivac etməkdir (istər daimi, istərsə də müvəqqəti izdivac olsun). İzdivac üçün şərait yarananadək siz pak olmağın və günaha bulaşmamağın əhəmiyyəti, habelə günahkarlara vəd olunan cəza, əzab və rüsvayçılıq barəsində düşünərək özünüzü idarə edə bilərsiniz.
Davamlı surətdə Quran oxumaq, moizə məclislərində iştirak etmək, Məsumlara (ə) təvəssül etmək, dini və dünyəvi elmləri öyrənməklə məşğul olmaq, xeyirli işlər görmək, ölümü və Qiyamət gününü unutmamaq kimi işlər sizə bu yolda kömək ola bilər. Həmçinin təkliyə və tənhalığa çəkilməyin və ehtirası həyəcanlandıran pis görüntüləri izləməkdən uzaq olun.

Sual: 1) Əgər ər və arvad boşansa, onlar yenidən bir-biri ilə evlənə bilərlərmi? 2) Onlar hansı müddət keçdikdən sonra evlənə bilərlər? 3) Onlar neçə dəfə evlənə bilərlər?
Cavab: 1) Ər və arvad boşandıqdan sonra onların yenidən izdivac etməsinin maneəsi yoxdur.
2) Onlar istədikləri zaman izdivac edə bilərlər və iddənin tamamlanmasını gözləmək lazım deyildir.
3) Əgər bir kişi öz arvadına iki dəfə talaq versə və sonra yenidən ona rücu etsə (ric`i talaq olduğu təqdirdə), yaxud ona iki dəfə talaq versə və hər talaqdan sonra onunla izdivac əqdi bağlasa, ona üçüncü dəfə talaq verdikdən sonra bu qadın bu kişiyə haram olur. Amma əgər bu qadın üçüncü talaqdan sonra başqa bir kişi ilə izdivac etsə, dörd şərt daxilində o, birinci ərinə halal olar, yəni birinci əri bu qadınla yenidən izdivac edə bilər:
1- Qadın ikinci dəfə daimi izdivac etməlidir. Odur ki, əgər bir aylıq və ya bir illik başqa bir kişi ilə müvəqqəti izdivac etsə, ondan ayrıldıqdan sonra birinci əri onunla izdivac edə bilməz.
2- İkinci ər həddi-büluğa çatmış olmalı və qadınla cinsi əlaqədə olmalıdır, hətta ehtiyat-vacibə görə, kişidən məni də xaric olmalıdır.
3- İkinci ər qadına talaq verməli və ya dünyasını dəyişməlidir.
4- İkinci ərin talaq iddəsi və ya vəfat iddəsi başa çatmalıdır.

Sual: Kişi heyz halında olan qadını ilə cinsi əlaqədə olub. Bunu həm kişi, həm də qadın istəyib. Belə olan halda, kişi və qadının vəzifəsi nədir? Əgər qadının da boynuna bir vəzifə gəlirsə, kişi onu icra edə bilərmi?
Сavab: Heyzli qadınla təbii yolla cinsi əlaqədə olmaq haramdır. Əgər kişi bu işin haram olduğunu və qadının heyzli olduğunu bildiyi halda onunla cinsi əlaqədə olarsa, ehtiyat-vacibə görə, kəffarə verməlidir. Ehtiyat-vacibə görə, kəffarə bundan ibarətdir:
Heyz günləri üç bərabər hissəyə bölünür. Əgər cinsi əlaqə heyz günlərinin birinci hissəsində baş veribsə, kəffarə bir dinardır. Əgər heyz günlərinin ikinci hissəsində baş veribsə, kəffarə yarım dinardır. Əgər üçüncü hissəsində baş veribsə, kəffarə dinarın dörddə biri miqdarındadır.
Bu kəffarə yalnız kişinin öhdəsindədir və fəqirə verilməlidir. Qeyd edək ki, bir şəri dinar 3,456 qram qızıla bərabərdir. Onun qiyməti isə bazar məzənnəsi ilə təyin olunur.

Sual: İki gənc bir müddət sonra ailə qurmağa hazırlaşırlar və onların hər ikisi ibadət əhlidir. Oğlanın edəcəyi toy İslami qaydalar çərçivəsində olacaq, amma xanımın valideyni qızına İslami qaydalardan kənar olan bir toy etmək istəyir. Xanım valideyninə toyunun belə edilməməsini desə də, valideyn qəbul etmir və içkili, musiqili və naməhrəmlərin bir yerdə olacağı şəkildə toy etmək istəyir. Burada xanımın şəri vəzifəsi nədir? 
Cavab: Əgər həmin məclisdə iştirak etmək günah etməyə səbəb olarsa, yaxud günahı dəstəkləmək hesab olunarsa, yaxud da “pis işlərdən çəkindirmək” şəri vəzifəsini yerinə yetirmək həmin məclisi tərk etməyə və ya orada iştirak etməməyə bağlı olarsa, siz bu məclisi tərk etməli və ya orada iştirak etməməlisiniz.

Sual: Quran olan otaqda zövcəm ilə cinsi əlaqədə olmağımın bir problemi və ya məkruhluğu vardırmı?
Cavab: Bunun öz-özlüyündə maneəsi yoxdur. Amma ürfə görə (insanların nəzərində) Qurana qarşı hörmətsizlik hesab ediləcək bir hərəkət olmamalıdır.

Sual: Zəhmət olmasa, ailədə qadının haqlarını açıqlayın.
Cavab: Qadının əri üzərində olan haqları bunlardır:
Ər qadını yemək və geyim ilə təmin etməlidir. Əgər qadın səhv edərsə, onu bağışlamalı və qaş-qabağını tökməməlidir, necə ki, bu məsələlər hədislərdə geniş açıqlanıb. Həmçinin ən azı dörd ayda bir dəfə qadın ilə cinsi əlaqədə olmalıdır. Əgər ehtiraslı olduğuna görə qadın dörd ay dözə bilməzsə və günah etmək qorxusu olarsa, kişi dörd aydan daha tez onunla cinsi əlaqədə olmalıdır. Yaxud da ehtiyata görə, qadına talaq verib, onu azad buraxmalıdır.

Sual: Günaha düşmədən və harama baxmadan cinsi mövzuları necə öyrənmək olar? Yəni gənclər evlilikdən öncə hansı yollarla bu məsələləri öyrənə bilərlər?
Cavab: Hər halda, haram səhnələri ehtiva edən filmlərə və görüntülərə baxmağa heç bir vəchlə icazə verilmir, çünki bu görüntülər şeytani nəfsi istəkləri artırır, iradə və imanı azaldır, fəsada və günahlara şərait yaradır.

Sual: Cəmiyyətimizdə gənclər evlilik baxımından çətinlik çəkirlər. Bəzən şərait, bəzən ailələrin narazı olması, bəzən işsizlik, bəzən münasib bir xanımın tapılmaması və s. səbəblərdən evlənə bilmirlər və şəhvət cəhətdən əziyyətə düşürlər. Uzun müddət cinsi hisslərini təmin edə bilmədiklərinə görə, müəyyən çətinliklər və xəstəliklərlə qarşılaşırlar. Həkim və mütəxəssislərə müraciət edildiyi zaman onlar ya zina etməyi, ya da istimnanı məsləhət görürlər. Müvəqqəti evlilik də bizim cəmiyyətdə normal qəbul edilmədiyindən müvəqqəti evliliyə razı olan xanım tapmaq çox çətindir. Belə bir şəraitdə zəruri miqdarda gənclərə izn varmı ki, istimna edərək öz cinsi ehtiyaclarını təmin etsinlər? Ümumiyyətlə, sizin nəzərinizə görə, istimna hansı hallarda icazəlidir?
Cavab: İstimna etmək (masturbasiya) haramdır və böyük günahlardan sayılır.
Cinsi ehtiyac yalnız izdivac ilə (istər daimi, istərsə də müvəqqəti izdivac ilə) təmin olunmalıdır və bunun başqa bir şəri yolu yoxdur. Bilməlisiniz ki, əgər izdivac etmədiyiniz təqdirdə günaha düşəcəksiniz, izdivac etmək sizə vacibdir. Camaat arasında izdivac üçün maneə sayılan işlərin əksəriyyəti, o cümlədən toyun ağır xərcləri, münasib tərəf müqabilinin tapılmaması, utanmaq və s. şəri vacib əməlin tərk edilməsi üçün şəri üzr hesab olunmur. Beləliklə, əgər izdivac etməyiniz heç bir vəchlə mümkün deyilsə, izdivac üçün şərait yarananadək siz pak olmağın və günaha bulaşmamağın əhəmiyyəti barədə düşünərək, habelə günah əhli üçün deyilən əzab və rüsvayçılığı nəzərə alaraq özünüzü idarə edə bilərsiniz.
Davamlı şəkildə Quran oxumaq, moizə məclislərində iştirak etmək, Məsumlara (ə) təvəssül etmək, elm və əxlaqa yiyələnmək üçün cidd-cəhdlə çalışmaq, faydalı işlərlə məşğul olmaq, ölümü və Qiyamət gününü unutmamaq bu yolda insana kömək ola bilər. Həmçinin xəlvət bir məkanda olmaqdan ciddi şəkildə çəkinin. Çalışın ki, sadə, sağlam və az xərci olan bir izdivac mərasimi ilə öz dininizi, ruhunuzu və cisminizi günahın acı təsirlərindən qoruyasınız.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər