Ali Məqamlı Rəhbərin informasiya bloku

“İddə”nin mənası və qisimləri

Sual: İddə nədir?
Cavab: İddə – müəyyən bir müddətdir ki, qadın ərindən ayrıldıqdan və ya əri vəfat etdikdən sonra bu müddət ərzində şəri baxımdan izdivac edə bilməz. İddənin qisimləri vardır və hər birinin müddəti fərqlidir. İddənin qisimləri aşağıdakılardır:
1- Talaq iddəsi; 2- Vəfat iddəsi; 3- Müvəqqəti izdivacın iddəsi; 4- “Vəty be-şobhe”nin iddəsi; 5- Əri itkin düşən qadının iddəsi; 6- Zina edən qadının iddəsi; 7- Mürtədliyin iddəsi.
Talaq iddəsi, yəni talaq və ya nikahın ləğv olması nəticəsində ərindən ayrılan qadının iddəsi “üç paklıq”dır (heyz qanından üç dəfə paklanmaqdır). Əlbəttə, əgər qadın hamilə olarsa, onun iddəsi uşağı dünyaya gətirənədəkdir. Heyz olmaq yaşında olan, amma heyz olmayan qadının talaq iddəsi “üç qəməri ayı”dır. “Vəty be-şobhe” iddəsi eynilə talaq iddəsi kimidir, amma axırıncı cinsi əlaqədən etibarən hesablanır.
Ərin vəfat iddəsi isə dörd ay, on gündür. Amma əgər doğuşadək olan müddət qeyd edilən bu müddətdən çox olarsa, bu halda əri vəfat edən qadının iddəsi doğuşadəkdir.
Müvəqqəti izdivacın iddəsi iki dəfə heyz görmək müddətindədir. Amma əgər qadın heyz olmursa, onun iddəsi qırx beş gündür.
İddənin bir sıra şəri hökmləri vardır. Vəfat iddəsi istisna olmaqla, iddənin digər qisimlərinin vacib olmasının şərti cinsi əlaqənin olmasıdır. İddədə olan qadınla izdivac etmək haramdır. Əgər kişi iddədə olan bir qadınla izdivac etsə, həmin qadın ona əbədi haram olur. Həmçinin “ric`i talaq” iddəsində olan qadından elçilik etmək haramdır. Vəfat iddəsində olan qadının bəzənməsi haramdır.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər