Ali Məqamlı Rəhbərin informasiya bloku

İddənin vacibliyi

Sual: Bir xanım ailə qurduqdan və bir uşağı olduqdan sonra həyat yoldaşı ilə yeddi il ayrı-ayrı evlərdə yaşayıblar. Bu müddətdə onların arasında heç bir cinsi əlaqə olmayıb. Yeddi ildən sonra xanım başqası ilə ailə qurmaq üçün kəbini pozdurub. Belə olan halda xanım iddə gözləməlidirmi?
Cavab: Şəri talaq oxunduqdan sonra qadın iddə saxlamalıdır.

Sual: Əgər qadının uşaqlığı cərrahiyyə əməliyyatı ilə çıxarılıbsa və o, daha hamilə ola bilmirsə, talaqdan sonra iddə saxlamalıdırmı? Yaxud əgər qadın öz əri ilə altı aydan çox cinsi əlaqədə olmayıbsa, talaqdan sonra iddə saxlamalıdırmı?
Cavab: Hər iki halda qadın talaqdan sonra iddə saxlamalıdır. Əgər qadın heyz olmursa, üç ay iddə saxlamalıdır.

Sual: Əgər bir qadın ərindən dövlət nikahı ilə ayrıldıqdan doqquz il sonra ərinin ona talaq vermədiyini öyrənsə, onun talaq almasına ehtiyac varmı? Əgər həmin qadın ərindən talaq alsa, üç ay iddə gözləməlidirmi?
Cavab: Talağın şərtlərinə riayət edərək talağın xüsusi cümləsi oxunmayanadək onlar ər-arvad olaraq qalırlar. Talağın xüsusi cümləsi oxunduqdan sonra qadın iddə saxlamalıdır. İddə başa çatdıqdan sonra qadın izdivac edə bilər.

Sual: Müvəqqəti evliliyin iddəsi ikinci heyz başlamaqla bitirmi? Müvəqqəti evliliyin iddəsi bitənədək kişi və qadın bir-birinə məhrəm sayılırlarmı?
Cavab: Müvəqqəti izdivacın iddəsi iki heyzin tam olaraq başa çatmasıdır. Əgər qadın heyz olmursa, qırx beş gün başa çatdıqda iddəsi tamamlanır. Qeyd edək ki, əgər onlar yenidən izdivac etsələr, bu halda iddə saxlamaq lazım deyildir. Müvəqqəti izdivacın iddəsi zamanı kişi və qadın bir-birinə naməhrəmdirlər.

Sual: Qadın hökmü bilmədiyinə görə, daimi evliliyin talağının iddəsi dönəmində başqa bir kişi ilə kəbin kəsdirib və cinsi əlaqədə olub. İndi digər bir şəxslə kəbin kəsdirmək istəyir. Bu qadın iddə saxlamalıdırmı? İddənin müddəti nə qədər olmalıdır?
Cavab: Qadın məsələnin hökmünü bilmədiyinə görə, daimi nikahın iddəsindən əlavə, ehtiyat-vacibə görə, “vəty be-şobhe” iddəsi də saxlamalıdır. Bu iddə eynilə talaq iddəsi kimidir, amma qadının ikinci kişi ilə axırıncı cinsi əlaqəsindən etibarən hesablanır. Bundan sonra qadının başqa bir kişi ilə izdivac etmək haqqı vardır.
Talaq iddəsi belədir: Qadına talaq verildikdən sonra qadın iki dəfə heyz olub paklanır və üçüncü dəfə heyz olanda onun iddəsi başa çatır. Əgər qadın heyz olmursa, üç ay iddə saxlamalıdır.

Sual: Əri olan bir qadın zina edib və zinadan hamilə qalıb. Əri ona hamilə ikən talaq verib. Zinadan hamilə qalan bu qadın talaqdan sonra nə qədər iddə gözləməlidir?
Cavab: Ümumiyyətlə, əgər qadın istər talaqdan öncə, istərsə də talaqdan sonra zinadan hamilə qalarsa, hamiləlik onu talaq iddəsindən xaric etmir. Onun talaq iddəsi hamilə olmayan qadınlarda olduğu kimidir, yəni aybaşının sayı və ya ay sayı ilə olacaqdır. Deməli, hamiləlik bu halda heç bir rol oynamır.

Sual: Əgər qadın iddə müddətində zina edərsə, iddədən sonra zina etdiyi kişi ilə ailə qura bilərmi?
Cavab: Əgər kişi “ric`i talaq” iddəsində olan bir qadınla zina etsə, bu qadın ona əbədi haram olur.

Sual: Bir qadın altı ildir ki, öz istəyi ilə dövlət nikahından ərindən boşanıbdır. Altı ildən sonra qadın boşandığı kişidən talağı oxutdurub-oxutdurmadığını soruşub, kişi də oxutdurduğunu deyib. Amma qadın ondan talağı nə vaxt oxutdurduğunu soruşmayıb. Sualım budur ki, boşanmadan altı il keçdiyini və onların bir yerdə yaşamadıqlarını nəzərə alaraq, kişinin qadına talaq oxutdurduğunu deməsi kifayət edirmi ki, qadın başqa bir kişi ilə müvəqqəti izdivac etsin? Yoxsa qadın üç aybaşının olmasını gözləməlidir?
Cavab: Hər halda, şəri talaq oxunduğu tarixdən etibarən “talaq iddəsi” keçməlidir. Əks halda, qadının başqa bir kişi ilə izdivac etməsinə icazə verilmir. Talaq iddəsi “üç paklıq”dır. Yəni qadın iki dəfə heyz olub paklanmalıdır və üçüncü dəfə heyz olanda qadının iddəsi başa çatır. Əgər qadın heyz olmursa, talaq icra olunduqdan sonra üç ay iddə saxlamalıdır.

Sual: Əgər bir qadın ərindən üç il ayrıdırsa və onların heç bir cinsi yaxınlığı olmayıbsa, talaq verildikdən sonra qadın yenə də üç ay gözləməlidirmi? İddə müddəti tam olaraq necə hesablanır?
Cavab: Talaq cümləsi oxunduqdan sonra qadın iddə saxlamalıdır. Bu hökm sualda qeyd olunan vəziyyətə də aiddir.
Əgər qadın heyz olursa və hər ay bir dəfə heyz qanı görürsə, bu qadının talaq iddəsi “üç paklıq”dır. Əgər qadın ay ərzində bir dəfədən çox heyz qanı görürsə, yaxud iki ayda bir dəfə heyz qanı görürsə, başqa sözlə, iki heyz arasındakı paklığın müddəti üç aydan azdırsa, bu hallarda da qadının talaq iddəsi “üç paklıq”dır.
Bunu da qeyd edək ki, “birinci paklıq” çox az bir müddət olsa belə, kifayət edir. Deməli, əgər qadına talaq verildikdən bir an sonra qadın heyz olsa, talağın verildiyi paklıq vəziyyəti “birinci paklıq” hesab olunacaq. Bundan sonra qadın tam iki paklıq gördükdən sonra onun iddəsi başa çatır. Yəni qadın həmin heyzdən paklanır və bu, ikinci paklıq olur. Yenidən heyz olur və paklanır və bu, üçüncü paklıq olur. Qadın üçüncü heyz qanını gördükdə, onun iddəsi başa çatır. Lakin əgər talaq cümləsi deyilib qurtardığı an qadın heyz olarsa, talaq düzgündür, baxmayaraq ki, “üç paklıq” tamamlanmalıdır. Bu halda qadın dördüncü dəfə heyz qanı gördüyü zaman onun iddəsi başa çatacaq.
Əgər yaisəlik yaşına çatmamasına rəğmən, qadın heyz qanı görmürsə, yaxud onun iki heyzi arasındakı paklıq üç ay və ya daha çoxdursa, bu hallarda qadın üç ay iddə saxlamalıdır.

Sual: Şəri məsələni bilmədiklərinə görə, kəbin kəsdirməyən və yalnız dövlət nikahına daxil olan şəxslər ayrıldıqları zaman talaq oxutdurmalıdırlarmı? Qeyd edək ki, onlar ailə qurublar və cinsi əlaqə də olub. Talaqdan sonra qadın iddə saxlamalıdırmı? Əgər iddə saxlamalıdırsa, müddəti nə qədərdir?
Cavab: Əgər dövlət nikahı bağlanarkən onların arasında şəri nikah əqdi oxunmayıbsa və onlar dövlət nikahı ilə ər-arvad olduqlarını düşünüblərsə, bu hal “vəty be şobhe” sayılır və talaq lazım deyildir. Əgər onlar ailə həyatı yaşamaq istəyirlərsə, onların arasında şəri nikah əqdi oxunmalıdır. Yox əgər ailə həyatı yaşamaq istəmirlərsə, qadın iddə saxladıqdan sonra yenidən şəri izdivac edə bilər. “Vəty be şobhe”nin iddəsi “üç tam paklıq”dır (eynilə talaq iddəsi kimidir) və iddənin başlanğıcı sonuncu cinsi əlaqədən etibarən hesablanır.

Sual: Bir qadın hamiləlik əleyhinə vasitədən (spiraldan) istifadə edərək hamilə qalmır. Bu qadın talaqdan sonra iddə saxlamalıdırmı? Belə ki, qadın hamilə olmadığına əmindir və hamilə qala da bilməz.
Cavab: Əgər əri ilə cinsi əlaqədə olubsa, hətta sualda qeyd edilən halda belə, qadın iddə saxlamalıdır.

Sual: Əgər talaqdan sonra şahidlərin ədalətli olmadığı məlum olarsa, talağın hökmü nədir?
Cavab: Əgər talaq zamanı onların ədalətli şəxs olduqlarına əminlik olubsa, bu, kifayət edir və talaq düzgündür. Məlum məsələdir ki, şahidlərin fasiqliyindən xəbərdar olan bir şəxs, ehtiyat-vacibə görə, düzgün talağın hökmlərini icra edə bilməz.

Sual: Bir qadın təqribən bir ildir ki, ərindən ayrılıb, amma ona talaq verilməyib. Bu qadın talaq verilən kimi başqa bir kişi ilə izdivac edə bilərmi, yoxsa iddə müddətini gözləməlidir?
Cavab: Əgər cinsi əlaqədə olublarsa, hətta sualda qeyd edilən halda belə, qadın talaq icra olunduğu vaxtdan etibarən talaq iddəsi gözləməlidir.

Sual: Bir kişi bir qadınla kəbinsiz ailə qurublar. Onlar bir-birindən ayrıldıqdan sonra həmin qadının başqa bir kişi ilə izdivac etməsi üçün ona mütləq talaq verilməlidirmi? Əgər verilməlidirsə, həmin qadın talaq verilən kimi başqa kişi ilə izdivac edə bilərmi, yoxsa iddə saxlayıb sonra izdivac etməlidir?
Cavab: Əgər onlar şəri nikah bağlamadan bu izdivac ilə ər-arvad olduqlarını düşünüblərsə, bu hal “vəty be-şobhe” hökmündədir. Onların arasında şəri izdivac əqdi bağlanmalıdır. Yaxud əgər onlar birlikdə yaşamaq istəmirlərsə, talağa ehtiyac yoxdur. Amma bununla belə, qadın eynilə talaq iddəsi kimi iddə gözləməlidir və bundan sonra başqa bir kişi ilə izdivac edə bilər. Bunu da qeyd edək ki, “vəty be-şobhe”nin iddəsi sonuncu cinsi əlaqədən etibarən hesablanır.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər