Ali Məqamlı Rəhbərin informasiya bloku

Ayın əvvəlinin sübuta yetməsi yolları

Məsələ 961. Ayın əvvəli beş yol ilə sübuta yetir:
1- İnsanın özü ayın hilalını görür;
2- İki ədalətli şəxs ayın hilalını gördüklərinə şahidlik edir, amma bu şərtlə ki, çoxsayda insan ayın göründüyünü inkar etməməli və o iki ədalətli şəxsin səhv etdiyinə güman artmamalıdır;
3- Bilik və ya əminliyə səbəb olan məşhur xəbər;
4- Əvvəlki ayın başlanmasından otuz günün keçməsi;
5- Şəri-hakimin hökmü.
Məsələ 962. Əsr çağı ayın hilalını görmək qəməri ayın çıxdığını sübuta yetirir və ayın hilalı göründükdən sonra həmin gecə ayın birinci gecəsidir.
Məsələ 963. Ayın hilalını istər hansısa bir vasitə ilə görsünlər, istərsə də heç bir vasitə olmadan və adi göz ilə görsünlər, fərqi yoxdur. Yəni əgər ayın hilalını heç bir vasitə olmadan və adi göz ilə görsələr, ayın əvvəli olduğu sübuta yetir. Həmçinin əgər eynəklə, yaxud binokl ilə, yaxud teleskop ilə görsələr, yenə də ayın əvvəli olduğu sübuta yetir. Amma işığın əks olunmasının kompyuterdə qeydə alınması və bu yolla ayın hilalının şəklini görmək məsələsinə gəlincə, bunun “görmək” adlanması məlum olmadığına görə, iradlıdır.
Məsələ 964. Sırf hilalın kiçik və aşağıda olması, ya böyük və yuxarıda olması, ya da enli və ya nazik olması və s. həmin gecənin birinci və ya ikinci gecə olmasına şəri dəlil deyildir. Amma əgər mükəlləf hilalın bu xüsusiyyətlərindən hansısa bir nəticəyə gələrsə və onda yəqinlik yaranarsa, bu barədə öz yəqinliyinə müvafiq əməl etməlidir.
Məsələ 965. Ayın əvvəli olduğu təqvimlər vasitəsilə və ya astroloqların elmi hesablamaları ilə sübuta yetmir. Amma əgər onların sözlərindən insanda yəqinlik yaranarsa, bu yəqinliyə müvafiq əməl etmək olar.
Məsələ 966. Əgər bir şəhərdə ayın əvvəli olduğu sübuta yetsə, bu, həmin şəhərlə eyni üfüqdə olan digər şəhərlər üçün kifayət edir. “Üfüqün eyni olması” dedikdə, hilalı görməyin mümkün olub-olmaması baxımından bir regionun başqa bir regionla eyni olması nəzərdə tutulur.
Məsələ 967. Əgər şəri-hakim şəxsən ayın hilalını görsə, amma hilalın göründüyünə dair hökm verməsə, sırf şəri-hakimin ayın hilalını görməsi başqalarının ona tabe olmaları üçün kifayət etmir. Amma əgər bu yolla insanda ayın hilalının göründüyünə dair əminlik yaranarsa, bu əminliyə müvafiq əməl etmək olar.
Məsələ 968. Əgər şəri-hakim hökm versə ki, sabahısı gün ayın birinci günüdür və bu hökm bütün ölkəyə şamil olsa, onun hökmü şəri baxımdan bu ölkənin bütün şəhərləri üçün qüvvədədir.
Məsələ 969. Əgər qeyri-islami və zalım bir dövlət ayın hilalının göründüyünü elan etsə və bu elan ayın əvvəli olduğuna dair insanda yəqinlik və ya əminlik yaratsa, kifayət edir.
Məsələ 970. Əgər bir şəhərdə ayın hilalını görməsələr, amma radio və televiziya vasitəsilə hilalın göründüyü xəbər verilsə, bu xəbər insanda hilalın göründüyünə dair yəqinlik və ya əminlik yaratdığı təqdirdə, kifayət edir və araşdırma aparmağa da ehtiyac yoxdur.
Məsələ 971. Əgər Ramazan ayının əvvəli olduğu sübuta yetməzsə, oruc tutmaq vacib deyildir. Amma əgər sonradan ayın əvvəli olduğu məlum olarsa, həmin günün orucunun qəzasını tutmaq lazımdır.
Məsələ 972. Əgər şəvval ayının əvvəli olduğu ayı görmək, hətta qonşu və üfüqü eyni olan şəhərlərdə ayı görmək yolu ilə, yaxud iki ədalətli şəxsin şəhadəti yolu ilə, yaxud da şəri-hakimin hökmü əsasında sübuta yetməzsə, həmin günü oruc tutmaq lazımdır.
Məsələ 973. Əgər mükəlləf Ramazan ayının axırı, yoxsa şəvval ayının əvvəli olduğuna şəkk etsə, həmin gün oruc tutmalıdır. Amma əgər gün əsnasında şəvval ayının əvvəli olduğu sübuta yetsə, orucunu açmalıdır. Hətta məğribə çox az vaxt qalsa belə, orucunu açmalıdır.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər