Ali Məqamlı Rəhbərin informasiya bloku

Orucu pozan işlər

Məsələ 817. Doqquz iş orucu pozur:
1- Yemək və içmək;
2- Cinsi əlaqədə olmaq;
3- Məninin xaric olmasına səbəb olan bir iş görmək (masturbasiya);
4- Sübh azanınadək cənabət, heyz və ya nifas qüslünü etməmək;
5- Maye bir şey ilə imalə etmək;
6- Qusmaq;
7- Mütəal Allahın, Həzrət Peyğəmbərin (s) və Məsum İmamların (ə) adından yalan demək (ehtiyat-vacibə görə);
8- Qatı tozu boğaza çatdırmaq (ehtiyat-vacibə görə);
9- Başı bütünlüklə suya salmaq (ehtiyat-vacibə görə).

1- Yemək və içmək
Məsələ 818. Əgər oruc tutan şəxs bilərəkdən və şüurlu şəkildə bir şey yesə və ya içsə, onun orucu pozulur. Onun yeyib-içdiyi şey istər adi qidalardan biri olsun, istərsə də qeyri-qida (məsələn, kağız, parça və bu kimi bir şey) olsun, yaxud da istər çox olsun, istərsə də az olsun (məsələn, bir damcı su və ya bir çörək qırıntısı), bunun fərqi yoxdur.
Məsələ 819. Əgər oruc tutan şəxs səhvən bir şey yesə və ya içsə, onun orucu – istər vacib oruc olsun, istərsə də müstəhəb oruc olsun – pozulmur.
Məsələ 820. Əgər oruc tutan şəxs dişinin arasında qalan yemək qırıntısını bilərəkdən udsa, onun orucu pozulur. Amma əgər dişinin arasında yemək qırıntısı qaldığını bilməsə və ya onu bilərəkdən udmasa, orucu pozulmur.
Məsələ 821. Ağız suyunu udmaq orucu pozmur.
Məsələ 822. Əgər baş və sinədən gələn bəlğəm ağız boşluğuna daxil olmayıbsa, onu udmaq orucu pozmur. Amma əgər ağız boşluğuna daxil olubsa, ehtiyat-vacibə görə, onu udmaq olmaz.
Məsələ 823. Ehtiyat-vacibə görə, oruc tutan şəxs qidalandırıcı və qüvvətləndirici əzələ iynələrindən, damara vurulan iynələrdən, həmçinin hər növ sistemdən istifadə etməməlidir. Amma qidalandırıcı və qüvvətləndirici olmayan əzələ iynələrindən, məsələn, antibiotiklərdən, ağrıkəsicilərdən, keyidicilərdən, həmçinin yaranın üstünə qoyulan  dərmanlardan istifadə edə bilər.
Məsələ 824. Ehtiyat-vacibə görə, oruc tutan şəxs hər növ tütün məhsulunun tüstüsündən, həmçinin burun yolu ilə və ya dilin altına qoymaqla istifadə edilən narkotik maddələrdən çəkinməlidir.
Məsələ 825. Əgər xəstəliyin müalicəsi üçün dərman içmək və ya bu kimi bir işi görmək zəruri olarsa, dərman içməyin və s. maneəsi yoxdur. Amma oruc pozulur və sonradan onun qəzasını tutmaq lazımdır.
Məsələ 826. Əgər dil altına qoyulan dərmanlardan istifadə edərkən ağız suyu dərmanla qarışarsa, bu ağız suyunu tüpükdükdə oruc düzgündür.
Məsələ 827. Əgər oruc tutmaq niyyətində olan şəxs yemək yediyi zaman sübh namazının vaxtının daxil olduğunu başa düşsə, ağzındakı yeməyi çıxarmalıdır. Əgər onu bilərəkdən udsa, orucu pozulur.
Məsələ 828. Ağız daxilinin qanaması orucu pozmur. Amma qanın boğaza çatmasının qarşısını almaq lazımdır.
Məsələ 829. Əgər damaq və ya dişdən gələn qan ağız suyuna qarışıb tamamilə aradan getsə, ağız suyu pak hökmündədir və onu udmaq orucu pozmur. Həmçinin əgər ağız suyunda qanın olduğuna şəkk olunarsa, onu udmağın maneəsi yoxdur və oruc düzgündür.
Məsələ 830. Uşaq üçün yeməyi ağızda çeynəmək, yeməyin dadına baxmaq və bu kimi işlər – belə ki, bu hallarda yemək adətən boğaza çatmır – orucu pozmur. Hətta əgər yemək qeyri-ixtiyari olaraq boğaza çatsa və boğazdan keçsə, yenə də oruc pozulmur. Amma əgər şəxs yeməyin boğaza çatacağını əvvəlcədən bilərsə, yemək boğazdan keçdiyi halda oruc pozulur.
Məsələ 831. Halsızlıq və zəifliyə görə orucu pozmağa icazə verilmir. Amma əgər halsızlıq və zəiflik elə bir həddə olsa ki, adətən ona dözmək olmur, bu halda orucu pozmağa icazə verilir. Sonradan isə orucun qəzasını tutmaq lazımdır.
 
2- Cinsi əlaqədə olmaq
Məsələ 832. Cinsi əlaqədə olmaq, hətta məni xaric olmasa belə, orucu pozur.
Məsələ 833. Əgər oruc tutan şəxs oruc olduğunu unudarsa və cinsi əlaqədə olarsa, onun orucu pozulmur. Amma bunu xatırladığı an dərhal cinsi əlaqəni kəsməlidir. Əks halda, orucu pozulur. 

3- İstimna (masturbasiya)
Məsələ 834. Əgər oruc tutan şəxs ondan məni xaric olmasına səbəb olan bir işi bilərəkdən görsə, orucu pozulur.
Məsələ 835. Əgər oruc tutan şəxs özündən məni xaric etmək məqsədilə bir iş görsə, məni xaric olmadığı təqdirdə, ehtiyat-vacibə görə, orucunu tamamlamalı və sonradan orucun qəzasını tutmalıdır.
Məsələ 836. Əgər oruc tutan şəxsdən yuxuda ikən və ya oyaqlıqda qeyri-ixtiyari olaraq məni xaric olsa, onun orucu pozulmur.
Məsələ 837. Gündüz vaxtı möhtəlim olmaq  orucu pozmur. Əgər oruc tutan şəxs bilsə ki, yatdığı təqdirdə möhtəlim olacaqdır, o, yata bilər.
Məsələ 838. Əgər oruc tutan şəxs məni xaric olmaqda ikən yuxudan ayılsa, məninin xaric olmasının qarşısını alması vacib deyildir.
Məsələ 839. Əgər oruc tutan şəxs Ramazan ayının gündüzündə və ya oruc tutduğu digər günlərdə yuxuda ikən cənabətli olsa, ayıldıqdan sonra dərhal qüsl etməsi vacib deyildir.
 
4- Sübh azanınadək cənabət, heyz və ya nifas qüslünü etməmək
Məsələ 840. Əgər bir şəxs Ramazan ayının gecəsində cənabətli olsa, sübh namazının vaxtı daxil olmamışdan qabaq (yəni fəcr doğanadək) qüsl etməlidir. Əgər o, fəcr doğanadək bilərəkdən qüsl etməsə, orucu düzgün deyildir. Amma məğribədək orucu pozan işləri yerinə yetirməməlidir.
Məsələ 841. Əgər bir şəxs Ramazan ayının gecəsində cənabətli olsa və qeyri-ixtiyari olaraq sübh namazının vaxtı daxil olanadək qüsl etməsə, məsələn, yuxuda ikən cənabətli olsa və sübh namazının vaxtı daxil olduqdan sonra yuxudan ayılsa, onun orucu düzgündür.
Məsələ 842. Əgər qəza orucu tutmaq istəyən şəxs bilərəkdən sübh azanının vaxtı daxil olanadək cənabət qüslü etməsə, orucu düzgün deyildir. Əgər səhvən qüsl etməsə, ehtiyata görə, orucu düzgün deyildir.
Məsələ 843. Ramazan ayının gecəsində cənabətli olan bir şəxs bilir ki, yatdığı təqdirdə sübh azanından qabaq oyanacaqdır. Amma o, oyandıqdan sonra qüsl etmək istəmir və ya qüsl edib-etməyəcəyinə tərəddüd edir. Əgər bu şəxs yatsa və yuxudan oyanmasa, orucu düzgün deyildir.
Məsələ 844. Əgər oyaqlıqda cənabətli olan və ya yuxuda ikən cənabətli olduqdan sonra oyanan bir şəxs bilsə ki, yatdığı təqdirdə sübh azanınadək qüsl üçün oyana bilməyəcəkdir, o, qüsl etmədən yata bilməz. Əgər yatsa və sübh azanınadək qüsl edə bilməsə, orucu düzgün deyildir. Amma əgər sübh azanınadək qüsl üçün oyanacağını ehtimal etsə və qüsl etmək niyyətində də olsa, lakin oyana bilməsə, orucu düzgündür. Amma əgər o, oyandıqdan sonra yenidən yatsa və sübh azanınadək oyanmasa, həmin günün orucunun qəzasını tutmalıdır.
Məsələ 845. Əgər bir şəxs Ramazan ayında cənabət qüslünü unutsa və sübh namazının vaxtı daxil olduğu zaman o, cənabətli halda olsa, həmin gün onun orucu düzgündür. Amma əgər bu unutqanlıq bir neçə gün davam etsə, bu günlərin orucunun qəzasını tutmalıdır. Namazlar isə istənilən halda düzgün deyildir.
Məsələ 846. Əgər bir şəxs cənabətli halda qalmağın orucu pozub-pozmadığına şəkk etsə və cənabətli halda oruc tutsa, ehtiyat-vacibə görə, onun orucu düzgün deyildir  və orucun qəzasını da tutmalıdır. Amma cənabətli halda qalmağın orucu pozmadığına yəqinliyi olsa və buna görə də oruc tutsa, orucu düzgündür. Baxmayaraq ki, ehtiyat üzrə orucun qəzasını tutmaq yaxşı olar.
Məsələ 847. Ramazan ayının gecəsində qüsl etməli olan şəxs əgər vaxt dar olduğuna və ya suyun ona ziyanı olduğuna və ya bu kimi başqa səbəblərə görə qüsl edə bilməsə, fəcr doğanadək qüsl əvəzinə təyəmmüm etməlidir.
Məsələ 848. Əgər Ramazan ayının gecəsində qüsl və təyəmmüm etmək üçün vaxt olmadığı bir halda oruc tutan şəxs özünü cənabətli etsə, onun orucu düzgün deyildir. Ona orucun həm qəzası, həm də orucu bilərəkdən açmağın kəffarəsi vacib olur. Amma əgər yalnız təyəmmüm etmək üçün vaxt olarsa və bu şəxs cənabətli olduqdan sonra fəcr doğanadək təyəmmüm edərsə, orucu düzgündür.
Məsələ 849. Vəzifəsi təyəmmüm etmək olan bir şəxs mübarək Ramazan ayının gecələrində cənabətə səbəb olan işi görə bilər. Amma bu şərtlə ki, cənabətli olduqdan sonra təyəmmüm etmək üçün kifayət qədər vaxt olmalıdır.
Məsələ 850. Əgər qadın heyz və ya nifas qanından paklanarsa, sübh namazının vaxtı daxil olanadək qüsl etməlidir. Əgər o, bilərəkdən qüsl etməzsə, orucu düzgün deyildir.
Məsələ 851. Əgər qadın oruc ikən heyz olsa və ya uşağı doğulsa, orucu pozulur.
Məsələ 852. Əgər qadın sübh azanından sonra heyz və ya nifas qanından paklansa, həmin gün oruc tuta bilməz.
Məsələ 853. Əgər qadın heyz və ya nifas qüslünü etməyi unutsa və bunu sonradan xatırlasa, bu müddət ərzində tutduğu oruclar – istər Ramazan ayının orucu olsun, istərsə də başqa oruclar olsun – düzgündür.
 
5- Maye bir şey ilə imalə etmək
Məsələ 854. Maye bir şeylə imalə etmək, hətta çarəsizlik üzündən və müalicə üçün olsa belə, orucu pozur. Amma bərk şamlardan istifadə etməyin maneəsi yoxdur və orucu pozmur.
 
6- Qusmaq
Məsələ 855. Əgər oruc tutan şəxs bilərəkdən qussa, orucu pozulur. Baxmayaraq ki, xəstəliklə əlaqədar olaraq və ya başqa bir səbəbə görə qusmaq məcburiyyətində olmuşdur. Amma əgər səhvən və ya qeyri-ixtiyari olaraq qussa, orucu pozulmur.
Məsələ 856. Əgər gəyirərkən oruc tutan şəxsin ağzına bir şey gəlsə, onu ağzından çıxarmalıdır. Amma əgər onu qeyri-ixtiyari olaraq udsa, orucu düzgündür. 
 
7- Mütəal Allahın, Həzrət Peyğəmbərin (s) və Məsum İmamların (ə) adından yalan demək
Məsələ 857. Mütəal Allahın, Həzrət Peyğəmbərin (s) və Məsum İmamların (ə) adından yalan demək – hətta insan sonradan tövbə etsə və onların adından yalan dediyini etiraf etsə belə – ehtiyat-vacibə görə, orucu pozur.
Məsələ 858. Əgər insan kitablarda yazılan hədislərin yalan olduğunu bilməsə və onları nəql etsə, iradı yoxdur. Amma hədisləri həmin kitablara istinadən nəql etməsi ehtiyat-müstəhəbə müvafiqdir.
Məsələ 859. Əgər bir şəxs bir sözün düzgün olduğunu bilib, onu Mütəal Allahın, ya Həzrət Peyğəmbərin (s) və ya Məsum İmamların (ə) adından desə, amma sonradan bu sözün səhv olduğunu başa düşsə, orucu pozulmur.
Məsələ 860. Əgər oruc tutan şəxs bilsə ki, Mütəal Allahın və Həzrət Peyğəmbərin (s) adından yalan demək orucu pozur, amma buna baxmayaraq, yalan söz olduğunu bildiyi bir sözü onların adından desə, sonradan isə bu sözün düzgün olduğu məlum olsa, ehtiyata görə, bu şəxs orucunu tamamlamalı və sonradan orucun qəzasını tutmalıdır.
Məsələ 861. Əgər oruc tutan şəxsdən soruşsalar ki, “Həzrət Peyğəmbər (s) belə bir söz buyurmuşdurmu?” və o, bilərəkdən həqiqətə zidd olan cavab versə, ehtiyata görə, onun orucu pozulur.
 
8- Qatı tozu boğaza çatdırmaq
Məsələ 862. Ehtiyat-vacibə görə, oruc tutan şəxs qatı tozu (məsələn, torpaqlı yeri süpürərkən qalxan tozu), həmçinin siqaretin və digər tütün məhsullarının tüstüsünü udmamalıdır. Əgər onları udarsa, ehtiyata görə, orucu pozulur.
Məsələ 863. Oruc tutan şəxs təngnəfəsliyə qarşı aerozol şəklində olan dərmandan istifadə edə bilər və onun orucu pozulmur.
Məsələ 864. Ağız və ya buruna daxil olan toz və tüstü boğaza çatmadığı təqdirdə, oruc pozulmur. 
Məsələ 865. Əgər güclü külək qalxdığına görə havaya qatı toz-torpaq qalxsa və şəxs oruc olduğunu bildiyi halda özünü qorumasa, buna görə də toz-torpaq onun boğazına çatsa, ehtiyat-vacibə görə, onun orucu pozulur.
Məsələ 866. Əgər bir şəxs oruc olduğunu unutsa və toz-torpaq və ya bu kimi bir şey onun boğazına çatsa, orucu pozulmur. Həmçinin əgər toz-torpaq qeyri-ixtiyari olaraq insanın boğazına çatsa, orucu düzgündür.
 
9- Başı bütünlüklə suya salmaq
Məsələ 867. Əgər oruc tutan şəxs bilərəkdən başını bütünlüklə suya salsa, ehtiyat-vacibə görə, onun orucu pozulur və həmin günün orucunun qəzasını tutmalıdır.
Məsələ 868. Əvvəlki məsələni nəzərə alaraq, başı bütünlüklə suya salarkən bədənin də suda olmasının, yaxud təkcə başı suya salmağın fərqi yoxdur və hökm eynidir.
Məsələ 869. Əgər bir şəxs başının yarısını suya salsa və çıxarsa, sonra başın digər yarısını suya salsa, onun orucu pozulmur.
Məsələ 870. Əgər oruc tutan şəxs bilərəkdən başını bütünlüklə suya salsa, amma saçların bir hissəsi sudan xaricdə olsa, ehtiyat-vacibə görə, orucu pozulur.
Məsələ 871. Əgər oruc tutan şəxs başının bütünlüklə suya daxil olub-olmadığına şəkk etsə, orucu düzgündür.
Məsələ 872. Əgər oruc tutan şəxs qeyri-ixtiyari olaraq suya düşsə və onun başı bütünlüklə suya daxil olsa, yaxud onun başını məcburi şəkildə suya salsalar, orucu pozulmur. Amma o, başını sudan dərhal çıxarmalıdır. Həmçinin əgər oruc olduğunu unutsa və başını suya salsa, orucu pozulmur. Amma oruc olduğunu xatırladığı an başını sudan dərhal çıxarmalıdır.
Məsələ 873. Başa su tökmək və ya hamamda duşun altında dayanmaq orucu pozmur.
 
Orucu pozan işlərin bir sıra hökmləri
Məsələ 874. Orucu pozan işlər (yemək, içmək və s.) bilərəkdən və ixtiyari şəkildə yerinə yetirildikdə oruc pozulur. Amma əgər bilərəkdən olmasa, məsələn, oruc tutan şəxsin ayağı sürüşüb dənizə düşsə və suda batsa, yaxud oruc olduğunu unudaraq yemək yesə, yaxud da onun boğazına zorla bir şey töksələr, orucu pozulmur.
Məsələ 875. Əgər oruc tutan şəxs orucu pozan bir işi səhvən yerinə yetirsə, sonra orucunun pozulduğunu düşünüb, yenidən bu işi bilərəkdən yerinə yetirsə, onun orucu pozulur.
Məsələ 876. Əgər oruc tutan şəxsi məcbur etsələr ki, orucu pozan bir işi yerinə yetirsin, məsələn, ona: “Əgər yemək yeməsən, sənin canına və ya malına ziyan vuracağıq” – desələr, o da ziyanı dəf etmək üçün özü yemək yesə, orucu pozulur.
Məsələ 877. Əgər oruc tutan şəxs orucu pozan bir işi yerinə yetirib-yetirmədiyinə şəkk etsə, məsələn, ağzına aldığı suyu udub-udmadığına şəkk etsə, onun orucu düzgündür.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər