Ali Məqamlı Rəhbərin informasiya bloku

Orucu bilərəkdən pozmağın kəffarəsi

Məsələ 887. Müqəddəs İslam şəriətində mübarək Ramazan ayının orucunu bilərəkdən pozmağın kəffarəsi aşağıdakı üç işdən biridir:
1- Bir qul azad etmək;
2- İki ay oruc tutmaq;
3- Altımış fəqirə yemək vermək.
Hazırkı dövrdə qul olmadığına görə, şəri vəzifə daşıyan şəxs digər iki işdən birini yerinə yetirməlidir.
Məsələ 888. Ramazan ayının orucunun iki ay kəffarə orucunu tutmaq istəyən şəxs tam bir ayı və ikinci aydan ən azı bir günü ara vermədən oruc tutmalıdır. İkinci ayın orucunu fasilələrlə tutmağın maneəsi yoxdur.
Məsələ 889. Ara vermədən oruc tutmalı olan şəxs əgər həmin müddətdə heç bir üzr olmadan bir gün oruc tutmasa, yaxud oruc tutmağa elə bir vaxt başlasa ki, həmin müddətdə oruc tutmağın haram olduğu bir gün (məsələn, Qurban bayramı) və ya oruc tutmağın vacib olduğu bir gün (məsələn, günü müəyyən olan nəzir orucu) vardır, oruc tutduğu günlər sayılmır və yenidən başdan oruc tutmağa başlamalıdır.
Məsələ 890. Altmış gün oruc tutmaq istəyən şəxs əgər həmin müddətdə müəyyən bir üzrə görə, məsələn, xəstəliklə və ya heyz ilə əlaqədar oruc tuta bilməsə, üzrü aradan qalxdıqdan sonra orucu davam etdirə bilər və yenidən başdan başlamaq lazım deyildir.
Məsələ 891. Fəqirə yemək vermək iki şəkildə yerinə yetirilə bilər:
1- Hazır yemək verib, onları doyuzdurmaq;
2- Hər bir fəqirə 750 qram buğda, un, çörək, düyü və bu kimi ərzaqlardan vermək.
Məsələ 892. Fəqir – o şəxsdir ki, özünün və ailəsinin illik xərcini təmin edə bilmir və qazanc da əldə edə bilmir.
Məsələ 893. Əgər bir şəxs orucu bilərəkdən pozmağın kəffarəsi olaraq qeyd edilən işlərin heç birini yerinə yetirə bilmirsə, imkanı çatdığı qədər fəqirə yemək versin və ehtiyata görə, Allahdan bağışlanma da diləsin. Əgər fəqirə heç bir vəchlə yemək verməyə maddi imkanı yoxdursa, Allahdan bağışlanma diləməsi kifayət edir. Yəni dili və qəlbi ilə desin: “Əstəğfirullahə” (Allahdan bağışlanma diləyirəm).
Məsələ 894. Oruc tutmağa və fəqirə yemək verməyə qadir olmadığına görə şəri vəzifəsi Allahdan bağışlanma diləmək olan bir şəxs əgər sonralar oruc tutmağa və ya fəqirlərə yemək verməyə qadir olsa, bu işi görmək ehtiyat-müstəhəbə müvafiqdir.
Məsələ 895. Orucu bilərəkdən pozmağın kəffarəsi olaraq altmış fəqirə yemək vermək istəyən şəxsin əgər altmış fəqirə əli çatırsa, iki və ya daha çox fəqirin payını bir fəqirə verə bilməz. Əksinə, altmış fəqirin hər birinə ona düşən pay miqdarında yemək verməlidir. Amma fəqir bir şəxsin ailə üzvlərinin payını ona həvalə edə bilər ki, aparıb ailə üzvlərinə çatdırsın. Fəqir şəxsin uşaq və ya böyük, yaxud kişi və ya qadın olmasının bir fərqi yoxdur.
Məsələ 896. Əgər oruc tutan şəxs gün ərzində orucu pozan bir işi bir dəfədən çox yerinə yetirsə, ona yalnız bir kəffarə vacib olur. Amma əgər cinsi əlaqə və ya istimna ilə orucu pozarsa, ehtiyat-vacibə görə, cinsi əlaqənin və ya istimnanın sayı qədər kəffarə verməlidir.
Məsələ 897. Əgər bir şəxs Ramazan ayında haram cinsi əlaqə və ya haram yemək-içmək ilə orucunu pozarsa, üç kəffarədən birini verməsi kifayət edir. Baxmayaraq ki, hər üç kəffarəni verməsi (bir qul azad etmək, altmış gün oruc tutmaq, altmış fəqirə yemək vermək) ehtiyat-müstəhəbə müvafiqdir.
Məsələ 898. Əgər bir şəxsə kəffarə vacib olubsa, onu dərhal yerinə yetirməsi vacib deyildir. Amma kəffarəni verməyi o qədər yubatmamalıdır ki, vacib əməli yerinə yetirməkdə səhlənkarlıq hesab olunsun.
Məsələ 899. Əgər bir neçə il keçsə və şəxs vacib kəffarəni verməsə, kəffarənin üstünə heç nə əlavə olunmur.
Məsələ 900. Orucun qəzasını və kəffarəsini yerinə yetirməkdə xüsusi bir ardıcıllıq gözlənilmir, yəni hansını istəsən, birinci yerinə yetirə bilərsən.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər