Ali Məqamlı Rəhbərin informasiya bloku

Müsafir orucunun hökmləri

Məsələ 936. Ramazan ayında səfər etməyə, hətta orucdan yayınmaq məqsədilə olsa belə, icazə verilir. Amma səfər etməmək daha yaxşıdır. Yaxşı və ya lazımlı bir iş üçün səfər etmək isə istisna təşkil edir.
Məsələ 937. Mübarək Ramazan ayında səfərdə olan şəxs oruc tuta bilməz. Oruc tuta bilməkdən ötrü onun müəyyən bir yerdə on gün qalmağı qərara alması da vacib deyildir.
Məsələ 938. Əgər Ramazan ayında səfərdə olan şəxsin namazı qəsrdirsə, səfərdə oruc tuta bilməz. Amma əgər o, səfərdə namazı dörd rəkət olaraq qılırsa (məsələn, müəyyən bir yerdə on gün qalmağı qərara alıbsa, yaxud səfər etmək onun peşəsidirsə), orucunu tutmalıdır.
Məsələ 939. Əgər oruc tutan şəxs zöhrdən sonra səfər etsə, orucunu davam etdirməlidir. Amma əgər zöhrdən qabaq səfər etsə, burada iki hal yaranır:
Əgər o, səfərə getməyi əvvəlki gecədən qərara alıbdırsa, orucu düzgün deyildir.
Amma əgər gündüz vaxtı səfər etməyi qərara alıbdırsa, ehtiyat-vacibə görə, oruc tutmalı və Ramazan ayından sonra orucun qəzasını da tutmalıdır.
Məsələ 940. Səfərə getməyi əvvəlki gecədən qərara alan və zöhrdən qabaq səfər edən şəxs tərəxxüs-həddinə çatmamışdan qabaq orucunu iftar edə bilməz. Əgər tərəxxüs-həddinə çatmamışdan qabaq orucunu iftar etsə, ehtiyata görə, ona Ramazan ayının orucunu bilərəkdən iftar etməyin kəffarəsi vacib olur. Amma əgər məsələnin hökmünü bilməyibdirsə, kəffarə vacib olmur.
Məsələ 941. Əgər müsafir şəxs zöhrdən qabaq vətənə daxil olsa və ya on gün qalmağı qərara aldığı yerə çatsa, orucu pozan bir iş görmədiyi təqdirdə, orucu tutmalıdır. Orucu pozan bir iş gördüyü təqdirdə isə sonradan orucun qəzasını tutmalıdır. Amma əgər zöhrdən sonra vətənə daxil olsa və ya on gün qalmağı qərara aldığı yerə çatsa, oruc tuta bilməz.
Məsələ 942. Əgər bir şəxs müəyyən bir gündə (məsələn, rəcəb ayının birində) oruc tutacağını nəzir etsə və hətta səfərdə olsa belə, bu orucu tutacağını vurğulasa, həmin gün səfərdə olsa belə, nəzir orucunu tutmalıdır. Onun on gün bir yerdə qalmağı qərara alması vacib deyildir.
Məsələ 943. Əgər bir şəxs müəyyən bir gündə müstəhəb oruc tutacağını nəzir etsə, amma səfərdə olsa belə, bu nəzir orucunu tutacağını vurğulamasa və şərt etməsə, həmin gün səfərdə olduğu təqdirdə, o, oruc tuta bilməz. Onun on gün bir yerdə qalmağı qərara alması vacib deyildir. Amma sonradan bu orucun qəzasını tutmalıdır.
Məsələ 944. “Təxyir məkanları”nın hökmü oruca şamil olmur. Odur ki, müsafir şəxs bu dörd məkanda (Məkkə şəhəri, Mədinə şəhəri, İmam Hüseynin (ə) hairi və Kufə məscidi) namazı tam və ya qəsr qılmaqda seçim edə bilər, amma mübarək Ramazan ayının orucunu tuta bilməz.
Məsələ 945. Səfərdə müstəhəb oruc tutmaq olmaz.
Məsələ 946. Müsafir şəxs hacət və istəyinin həyata keçməsi üçün Mədinə şəhərində on gün qalmağı qərara almadan üç gün müstəhəb oruc tuta bilər.
Məsələ 947. Günah səfərində namaz tamdır və oruc – istər Ramazan ayının orucu kimi vacib oruc, istərsə də müstəhəb oruc – düzgündür.
Məsələ 948. Əgər bir şəxs günah səfərində zöhrdən qabaq günah niyyətindən dönsə və icazəli bir iş üçün səfəri davam etdirsə, qalan yol (hətta “təlfiqi məsafə” şəklində olsa belə) şəri məsafə ölçüsündə olduğu təqdirdə, bu şəxsin namazı qəsrdir və o, orucunu açmalıdır.
Məsələ 949. Əgər bir şəxs günah səfərində zöhrdən sonra günah niyyətindən dönsə, orucu düzgündür. Amma orucu tutmaq və sonradan onun qəzasını tutmaq ehtiyat-müstəhəbə müvafiqdir.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər