Sual: Qayınana kürəkənə məhrəmdir, yoxsa naməhrəmdir?
Cavab: İzdivac əqdi bağlandıqdan sonra qayınana kürəkənə məhrəmdir. Hətta qadın ərindən ayrıldıqdan sonra belə, qayınana kürəkənə məhrəm qalır.
Sual: Qayın (yəni ərin qardaşı) arvada məhrəmdirmi? Baldız (yəni arvadın bacısı) kişiyə məhrəmdirmi?
Cavab: Qayın, yəni ərin qardaşı arvada naməhrəmdir. Həmçinin baldız, yəni arvadın bacısı kişiyə naməhrəmdir.
Sual: Bacımın əri mənə məhrəmdir, yoxsa naməhrəmdir? Mən bacımın ərinin qarşısında hicabsız gəzə bilərəmmi?
Cavab: Bacının əri naməhrəmdir və onun qarşısında kamil hicaba riayət olunmalıdır.
Sual: Bir qadın ərə gedib. Ərə getdiyi oğlanın atası ögey atadır. Belə olan halda qadın ərinin ögey atasına məhrəmdir, yoxsa naməhrəmdir?
Cavab: Qadın ərinin atalığına, yəni ərinin ögey atasına naməhrəmdir.
Sual: Bir ailə uşaq evindən övladlığa uşaq götürüb böyüdüblər. Əgər uşaq qız olarsa və həddi-büluğa çatarsa, onu saxlayan atalığına naməhrəmdirmi? Həmçinin əgər uşaq oğlan olarsa, analığına naməhrəmdirmi?
Cavab: Bəli, naməhrəmdir.
Sual: Qadın ikinci dəfə ərə gedir, onun birinci izdivacdan bir qızı var. Qadının ikinci əri onun qızına məhrəmdirmi? Qız bu kişinin qarşısında baş örtüyü olmadan gəzə bilərmi? Həmçinin qadının indiki qayınatası onun qızına məhrəmdirmi?
Cavab: Əgər bu kişi və qadın arasında cinsi əlaqə olubsa, qadının qızı bu kişiyə məhrəm olur və kişinin qarşısında qızın hicaba riayət etməsi lazım deyildir. Amma qız bir qadının məhrəm kişilərin qarşısında örtünməli olduğu həddə örtünməlidir. Qadının indiki qayınatası isə onun qızına naməhrəmdir.
Sual: Bir qadının əvvəlki ərindən bir oğlu var və ərə getdiyi kişinin də başqa qadından bir qızı var. Bu qız və oğlan bacı-qardaş sayılırmı, yəni bir-birinə məhrəmdirmi?
Cavab: Bu uşaqlar bacı-qardaş sayılmır və bir-birinə naməhrəmdirlər.
Sual: Bacımın nəvəsi və ya qardaşımın nəvəsi mənə məhrəmdirmi?
Cavab: Bacının və qardaşın nəvəsi məhrəmdir.
Sual: Mənim nənəmin ilk övladı dünyaya gəldiyi zaman o, bir qız uşağına ən azı üç ay süd verib. Nənəmin özünün doğma dörd övladı var. Nənəm ilk övladı olan qızına, yəni mənim xalama süd verdiyi dövrdə başqa bir qız uşağına da süd analığı edib. Mən isə nənəmin son övladının (yəni dördüncü övladının) övladıyam. Bilmək istəyirəm ki, nənəmin süd verdiyi həmin qadın mənə məhrəmdir, yoxsa naməhrəm?
Cavab: Əgər nənəniz südvermənin şəri şərtləri əsasında o uşağa süd veribsə, həmin qadın sizə məhrəmdir.
Sual: Əgər bir oğlan uşağı bir qadından südvermənin şəri şərtləri əsasında süd əmsə, qadının qızı bu oğlana məhrəm olurmu? Bəs süd əmən oğlanın bacısı süd anasının oğluna məhrəm olurmu?
Cavab: Suala əsasən, süd əmən oğlanın bacısı onun süd anasının oğluna məhrəm olmur. Amma süd əmən oğlan süd anasının qızına məhrəm olur.