Ali Məqamlı Rəhbərin informasiya bloku

Dünya müsəlmanlarının rəhbəri hacılara ünvanladığı müraciətində vurğuladı:

Qəzzadakı faciələri dayandırmaq üçün Həccin dərslərindən istifadə edilməlidir

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei builki Həcc mövsümü münasibətilə ünvanladığı müraciətində şüurlu şəkildə həyata keçirilən Həcc mərasimi və onun dərslərinin İslam dünyasının bugünkü dərdlərinin əlacı olduğunu dedi. O, sionist rejimin Qəzzada törətdiyi cinayət və vəhşiliklərə işarə edərək bildirdi ki, İslam ölkələrinin ən mühüm vəzifəsi Qəzzadakı insanlıq faciəsinin davam etdirilməsinin qarşısını almaq, yardımlarını və dəstəklərini dayandırması üçün bu rejimin əsas himayədarı olan ABŞ-yə təzyiq göstəməkdir. O, habelə xalqları da öz hökumətlərindən bu vəzifəni yerinə yetirməsini tələb etməyə çağırdı.

Bu müraciətində Həcc səfərinin adi həyatdan tövhid həyatına hicrət təmrini olduğunu deyən İnqilabın Rəhbəri tövhid həyatının əsas ünsürlərindən danışdı: “Tövhid həyatının simvolik nümunələrini özündə ehtiva edən Həcc ayini zəvvarı tövhid həyatı ilə tanış edərək bu həyatı yaşamağa dəvət edir. Bu dəvəti eşitmək, öyrənmək və onun dərslərini həyata keçirmək əzmini möhkəmləndirmək lazımdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İslam dünyasının Həccin dərslərindən heç vaxt olmadığı qədər istifadə etməyə ehtiyacı var.

O, builki Həccin sionist rejimin Qəzzada törətdiyi cinayətlərlə eyni vaxta təsadüf edən ikinci Həcc mövsümü olduğunu qeyd edərək belə bir sual ünvanladı: “Bu insanlıq faciəsinin qarşısında kim durmalıdır?” Sonra əlavə etdi: “Şübhəsiz ki, İslam ölkələrinin hökumətləri bu məsuliyyətlərin birinci dərəcəli ünvanlarıdır və xalqlar da hökumətlərindən bu vəzifənin yerinə yetirilməsini tələb etməlidirlər”.

O vurğuladı ki, ABŞ sionist rejimin Qəzzada törətdiyi cinayətlərə birmənalı olaraq şərikdir: “Müsəlman hökumətlər sionist rejimə yardım yollarını tamamilə bağlamalı və cinayətkarın Qəzzadakı vəhşiliklərini davam etdirməsinə son qoymalıdırlar. Bölgədə ABŞ ilə əlaqəsi olan ölkələr imperialist ABŞ hökumətini bu rejimə dəstəyi dayandırmağa məcbur etməlidirlər”.

İslam İnqilabının Rəhbəri Qəzza əhalisinin heyrətamiz müqavimətinin Fələstin məsələsini İslam dünyasının və dünyanın bütün azad insanlarının diqqət mərkəzinə gətirdiyini vurğulayaraq dedi: “Söz və ictimai nüfuz sahibləri xalqları bu mövzuda məlumatlandırmalı, həssaslıqlarını artırmalı və Fələstinlə bağlı tələbləri daha da genişləndirməlidirlər.

Həcc səadətinə müvəffəq olmuş hacılar isə uca Allahdan sionist zalımlar və onların havadarları üzərində qələbə əldə edilməsini diləməlidirlər”.

İslam İnqilabının Rəhbərinin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

و الحمد للّه ربّ العالمین و الصّلاة و السّلام علی خیر خلق اللّه محمّدٍ المصطفی و آله الطّیّبین و صحبه المنتجبین و من تبعهم باحسان الی یوم الدّین.

Həcc möminlərin arzusu, müştaqların bayramı və xoşbəxtlərin mənəvi ruzisidir.

Həcc sirli dərinliyinin qavranılması ilə müşayiət edilərsə, təkcə İslam ümmətinin deyil, bütün bəşəriyyətin əsas dərdlərinin dərmanıdır.

Həcc səfəri bəzən ibadət və yaxşı əməllərlə müşayiət olunan ticarət, turizm və ya başqa məqsədlərlə edilən digər səfərlər kimi deyil. Həcc səfəri adi həyatdan arzu olunan həyata hicrət təmrinidir. Arzu olunan həyat tövhid həyatıdır. Haqqın ətrafında daimi təvaf, çətin zirvələr arasında daimi səy, xəbis şeytanı daim daşlamaq, zikr və yalvarışla dolu vəqflər (dayanmalar), çarəsiz və yolda qalmış kasıblara yemək vermək, insanların rəngini, irqini, dilini və coğrafiyasını bərabər görmək, bütün hallarda xidmətə hazır olmaq, Allaha pənah aparmaq və haqqı müdafiə bayrağını ucaltmaq töhvid həyatının əsas və həmişəlik tərkib hissəsidir. Bu həyatın simvolik nümunələrini özündə ehtiva edən Həcc ayini zəvvarı sözügedən nümunələrlə tanış edərək bu həyatı yaşamağa dəvət edir. Bu dəvəti eşitmək, qəlbi, zahiri və batini gözü açmaq, öyrənmək və bu dərsləri həyata keçirmək əzmini möhkəmləndirmək lazımdır. Hər kəs gücü yetdiyi qədər bu yolda bir addım ata bilər. Alimlər, ziyalılar, siyasi vəzifə və ictimai nüfuz sahibləri isə bu yolda digərlərindən daha artıq məsuliyyət daşıyırlar. Bu gün İslam dünyasının bu dərslərdən istifadə etməyə hər zamankından daha çox ehtiyacı var. Bu, artıq Qəzza və Qərbi Asiyada baş verən faciələrlə eyni vaxta təsadüf edən ikinci Həcc mövsümüdür. Fələstinə hakim olan cinayətkar sionist bandası heyrətləndirici qəddarlıq, misilsiz vəhşilik və qəddarlıqla Qəzza faciəsini inanılmaz bir həddə çatdırmışdır. İndi fələstinli uşaqlar təkcə bomba, güllə və raketlə yox, susuzluq və aclıqla qətlə yetirilir. Əzizləri, gəncləri, ataları və analarını itirən ailələrin sayı günbəgün artır.

Bu insanlıq faciəsinin qarşısında kim dayanmalıdır?

Şübhəsiz ki, İslam ölkələrinin hökumətləri bu vəzifənin ilk ünvanlarıdır. Xalqlar da öz hökumətlərindən bu vəzifəni yerinə yetirməyi tələb etməlidirlər. Müsəlman ölkələrinin hökumətləri müxtəlif məsələlərdə siyasi fikir ayrılığına sahib ola bilərlər, amma bu, onları ağır Qəzza məsələsində birgə hərəkət etməkdən və bugünkü dünyanın ən məzlum xalqını müdafiə etməkdən saxlamamalıdır.

Müsəlman ölkələri sionist rejimə edilən bütün yardım yollarını kəsməli və cinayətkarın Qəzzadakı vəhşi əməllərini davam etdirməsinə son qoymalıdır. ABŞ sionist rejimin cinayətlərinin birmənalı şəkildə ortağıdır. Bu bölgədə və digər İslam regionlarında ABŞ ilə əlaqəsi olanlar Qurani-Kərimin məzlumu müdafiə çağırışına qulaq asmalı və imperialist ABŞ hökumətini bu qəddar davranışı dayandırmağa məcbur etməlidirlər. Həcc mərasimindəki "Bəraət ayini" bu yolda atılan mühüm bir addımdır.

Qəzza əhalisinin heyrətamiz müqaviməti Fələstin məsələsini İslam dünyası və bütün azad insanların diqqət mərkəzinə gətirdi. Bu fürsətdən istifadə etmək və bu məzlum millətin köməyinə tələsmək lazımdır.

İmperialistlər və sionist rejimin himayədarlarının Fələstin məsələsini unutdurmaq üçün göstərdiyi bütün səylərə baxmayaraq, bu rejimin rəhbərlərinin çirkin mahiyyətləri və axmaq siyasətləri elə bir vəziyyət yaradıb ki, bu gün Fələstin adı heç vaxt olmadığı qədər parlaq, sionistlərə və onların havadarlarına qarşı ümumi nifrət heç vaxt olmadığı qədər güclüdür. Bu, İslam dünyası üçün mühüm bir fürsətdir.

Söz və ictimai nüfuz sahibləri xalqları bu mövzuda maarifləndirməli, daha həssas etməli və Fələstinlə bağlı tələbləri daha da genişləndirməlidirlər.

Həcc səadətinə nail olmuş siz zəvvarlar da Həcc mərasimində Allah-taalaya dua etmək və yardım diləmək fürsətini əldən verməməli, Allah-taaladan sionist zalımlar və onların havadarları üzərində qələbə çalmaq zəfərini bəxş etməsini diləməlisiniz.

Allahın salavat və salamı İslamın əziz peyğəmbərinə (s) və onun pak əhli-beytinə olsun.

Həzrət Bəqiyyətüllah Məhdiyə (ə.f) salam olsun.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

Seyid Əli Xamenei
09.03.1404
30.05.2025

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /